Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Bəzi insanlar vardır, şam kimidirlər. Başqalarının qaranlığına işıq saçarkən öz ömürlərini əridirlər.
Allahın bəxş etdiyi ömür payında sadəcə özləri üçün deyil, mənsubu olduqları xalqın ümumi mənafey üçün çalışır, sadəcə özləri üçün deyil, insanlığın ümumi ideyaları üçün yaşayırlar.
Deyir, bir gün Abbas Səhhətdən soruşurlar ki: - Mirzə, siz həkimsiniz, niyə uzun illərdir ki, müəllimlik edirsiniz?
O isə cavabında belə deyir: - Mən müəllimlik etməklə öz xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm.
Qənirə xanım da dövrümüzün Abbas Səhhəti idi deyəsən.
O da ixtisasca həkim olsa da, millətin vəkili olmağ missiyasını götürmüşdü öz üzərinə və layiqincə də daşıyırdı bu statusu.
Daim xalqının rifahı üçün çalışırdı. Əlindən gəldiyi qədər hər sahədə dəstəyini yurdunun insanından əsirgəmirdi.
İkinci Qarabağ müharinəsi dövründə də qızğın döyüşlərin getdiyi bölgələrdə olur, hərbiçilərə mənəvi cəhətdən dayaq olurdu.
Hətta təəssüf ki, mənfur düşmənin gülləsi ondan da yan keçməmiş, müharibə dövründə o da qolundan yaralanmışdı.
Onun xeyirxahlığı sadəcə ölkəmizlə çərçivələnmirdi. Onun xeyirxahlıq əli sərhədlər, kilometrlər aşıb Somalidəki xəstə uşaqların belə başını sığallaya bilirdi.
Təhsilli, güclü, öz ayaqları üzərində duran qadınları sevir, onlarla fəxr edirdi. Bütün şəhidlər haqqında məlumatı olur, hamısı haqqında fərəhlə danışırdı.
Təkcə özünün deyil, bütöv bir millətin dərdini, həsrətini, ağrısını, acısını, gətirməyən bəxtinin, yetişmədiyi xəyalının kədərini, təssüfünü daşıyırdı zərif çiyinlərində.
1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olan Qənirə xanım Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmiş, müxtəlif illərdə müxtəlif sahələrdə fəaliyyətlər göstərmişdi.
1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır.
2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.
Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olmuşdur.
2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir.
“Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Səndən sonra”, “Təbriz”, “Türk ruhunun söz bayrağı Əhməd Cavad” kimi kitabların və “Apreldən əvvəl may”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Erməni soyqırımı. Türkün sözü” kimi filmlərin müəllifi olmuşdur.
Gürcüstanın fəxri vətəndaşı, Gürcüstanın "Şərəf" ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı, "Aşıq Ələsgər – 200" yubiley medalı (29 dekabr 2021) kimi mükafatlara layiq görülmüşdür.
24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir.
Qənirə xanım ailə həyatı qurmayıb, Firuzə adında bir mənəvi qızı var.
Sən söykənə biləcəyim
Tək varlıqsan...
Sevincimi bölüşdüm səninlə,
Amma üzülməyəsən deyə
Kədərimi bölüşmədim, ana.
Kədərimdən əzilməyəsən, deyə.
Əslində kədərimi tək sən gördün,
İlk sevdam daşa dəyəndə,
Məni təkcə sən anladın.
Mən səndə gördüm insanı anlamağın
necə səssiz olduğunu...
Sevdiyim mənə
- Sən mənim heç nəyimsən! -
Deyəndən beşcə dəqiqə sonra,
Sən mənə
- Sən mənim hər şeyimsən! – demişdin.
Sən mənə bunu deyəndə,
Mən sənin deyil,
onun hər şeyi olmaq istəyirdim.
Amma həmişə belə oldu,
Yanımda həmişə sən oldun, ana...
Sənin gözlərində
Qəzəblərin ən gözəli olurdu,
Kimlərsə məni ağladanda.
Gözlərində alovların ən qaynarı olurdu,
Kimlərsə məni aldadanda...
Qaçqınların yurd həsrətini,
Atılmış körpələrin göz yaşlarını
İçimdə hiss elədim.
Taledən yarımayanların ürkək baxışlarını
İçimdə hiss elədim.
Savaşda itirdiyim dostlarımın,
Gözlərini, arzularını, xəyallarını
Heç unutmadım, ana..
Məni ağrılar büyütdü,
Daha güclü oldum, ana!
Gəncliyin, eşqin, sevdanın dadı,
ağrılarda, savaşlarda itib getdi.
Sonra sevgini tanıyanda
O artıq məndən qaçırdı...
37 yaşıma çatdım, ana,
Tonqala atılan Jannadan,
Vətən ugrunda Kirin başını kəsən Tomrisdən,
İsgəndərə ədalət dərsi keçən Nüşabədən,
Sevgi şəhidi Leylidən
Daha çox yaşadım, ana!
Amma nə Tomris ola bildim,
Nə Nüşabə, nə Janna,
Leyli də ola bilmədim, ana...
Əvəzində sənin hər şeyin oldum,
Məni uşaqlığıma apar, ana,
Sonu xoşbəxtliklə qurtaran nağıllar danış.
"Biri var”ları çox olsun,
37 yaşımın ilk sabahını
Sənin nağıllarına inanaraq açmaq istəyirəm.
Janna da Ark, Tomris, Nüşabə, Leyli olmaq istəyən Qənirə xanım onların hansısa biri olmadı bəlkə, amma elə onlardan biri oldu, xəbəri olmadı.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)