Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) və Təhsilin İnkişafı
Fondunun birgə təşkilatçılığı ilə sentyabrın 30-da “Kitabqurdu” I Yay Oxu Marafonunun əyani formatda yarımfinal və final mərhələsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə başlamazdan əvvəl ANAİB sədri Şəmil Sadiq, marafonun layihə rəhbəri və ideya müəllifi Səbuhi Şahmursoy, “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, Təhsilin İnkişafı Fondunun Layihələr və biznesin inkişafı departamentinin əməkdaşı İlyas Cəfərli, münsiflər heyətinin üzvlərindən “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq, ANAİB-in koordinatoru Fizzə Məmmədova çıxış edərək layihənin önəmindən bəhs ediblər, bu kimi addımların bütövlükdə kitab bazarına, oxucu-nəşriyyat münasibətlərinə müsbət mənada ciddi təsir edəcəyini bildiriblər.
Bundan başqa, növbəti – “Kitabqurdu” I Payız Oxu Marafonunun müjdəsi verilib. Müsabiqənin aparıcısı isə “Hədəf Nəşrləri”nin direktoru Nizami Hüseynov olub.
Əyani şəkildə keçirilən mərhələdə yarımfinalın qalibi olan dörd nəfər finala adlayıb. Məryəm Salmanlı, Ləman İsrafilova, Emiliya Əliyeva və Dəniz Şıxəliyevanın iştirakı ilə keçirilən finalın qalibi Məryəm Salmanlı olub. Ləman İsrafilova ikinci, Emiliya Əliyeva isə üçüncü yerə layiq görülüblər.
Qaliblər müvafiq olaraq 1000, 500 və 300 AZN dəyərində mükafat qazanıblar. Qeyd edək ki, marafonun mükafatlandırma mərasimi oktyabrın 13-ü - III Sumqayıt Kitab Sərgisinin açılışında baş tutacaq.
Əlavə məlumat üçün bildirək ki, marafon çərçivəsində 12-16 yaşlı məktəblilər 3 ay ərzində 7 kitab oxuyaraq ikimərhələli imtahanda iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)