Aytac Zeynalova, “Ədəbiyyat və incəsənət” üçün
-Hamınızı salamlayıram...
-Mən unudulmuş balaca qızam
-Tanımadınız məni, elə deyilmi?
-Xatırlamadınız da...
-Dayanın... Təşvişə düşməyin...
-Mənim adım Aysudur. İskəndərova Aysu Rövşən qızı. Cavan atasının bağrına həsrət toxumları əkən, gülərüz anasının gözlərini gözyaşına həbs edən qızam.
Mən arzuları hələ çiçək açmamış bir payız yelinə solan güləm, gülüstan bağından qovulmuş qanadı qırıq bülbüləm.
Bu günlə nə əlaqəm var, deyə düşünürsünüz. Səbrli olun, hamısını açıqlayacağam. Necə olsa, mənim sonsuzluğa qədər vaxtım var artıq.
Xalqımızın qanayan yarasının sağalmağa başladığı vaxtdan - 27 sentyabrdan tam bir ay ötürdü. Qızğın müharibə davam edir, cəbhədən həm sevindirici, həm də üzücü xəbərlər gəlirdi.
27 oktyabr mənim nəfəsimin dayandığı, işıqlı dünya ilə vidalaşdığm gün. Bəli, mən Bərdə terroru zamanı yelləncəyini boş qoyan həmin o 7 yaşlı qızam.
Həyətimizə düşən raket qəlpələri ruhumu cismimdən ayırana qədər həyat dolu, nəşəli, atasının gül qoxulu gözəl qızı idim.
Bəlkə gələcəyin həkimi, hakimi, müəllimi, mühəndisi və ya xalqımın layiqli övladı olacaqdım.
Mən arzularımı da balaca qucağıma yığıb, həyatın ətəyindən sürüşüb getdim.
Getmək mənim seçimim deyildi, mən istəməmişdim, bu taleyin hökmü, fələyin qərarı idi.
Artıq 3 ildir ki, sizinlə eyni dünyanı bölüşmürəm. Mənim müharibə soraqlı, zəfər müjdəli, balaca qaranlıq dünyam rəngarəng çiçəklərlə bəzədilib.
Yenilməz ordumuz qisasımı qiyamətə qoymadığı üçün ruhum çox şaddır.
Əziz atam, əziz anam, sizin balaca qızınız indi yanınızda olmaya bilər.
Mən bilirəm ki, mənim ən gözəl yerim sizin cənnət qəlbinizdir.
Yelləncəyi mənə sevdirib, məni yelləncəyə küsdürən həyatdan yaman gileyliyəm. Dünyanın ədaləti də bura qədərmiş. 7 il ömür sürdüyüm dünyada, 70 illik əzab bağışlamışam sevdiklərimə.
Xəritəmizin bütövlüyünü pozan qırmızı xətlər aradan qalxdı. Həmin xətlər indi şəhid analarının, yoldaşlarının, övladlarının, eləcə də valideynlərimin qəlbinə qazındı.
Ruhum şaddır. Öldümsə də dəydi.
Mən, mənimlə bərabər həmin terror qurbanlarının, həmyerlilərimin və həmvətənlərimin də iç səsiyəm. Onların da ruhları şaddır, onların da gözləri arxada, qanları yerdə qalmadı, arzuları ürəklərində qalsa da.
Susmayın, erməni vandalizminə susmayın, bu dəhşəti unutmayın. Körpələr, uşaqlar, arzular, ümidlər ölməsin, insanlar ölməsin, insanlıq ölməsin. Susmayın.
Başın uca olsun vətənim, Azərbaycanım. Canımız, qanımız bahasına oldu, ümidlərimiz, arzularımız bahasına oldu, amma bayrağın yerə enmədi, könlün candan ayrılmadı Azərbaycanım!
Kiçicik cismimdən ayrılan, böyük ruhumla hamıyla sağollaşıram.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)