Varis yazır
Mənimçün bu, onun ən gözəl fotosudur: Qüsursuz türk gözəli, içində xeyirxahlıq tonqalı qalamış Qənirə Paşayeva.
Yoxluğu hamımızın ürəyini dağladıqca dağlamayacaqmı?
O yandan türk qardaşlarımız deyir ki, zəlzələ vaxtı Qənirə xanım ayrıca bir yardım platforması yaradıb minlərlə insana kömək etdi, bu yandan Qori Müəllimlər Seminariyasından açıqlama gəlir ki, binanın təmiri üçün Qənirə xanım neçə rəsmi ünvana ağız açıb məsələni həll elədi, ordan oğlu Oksfordda oxuyan qadın deyir ki, ona bir ömür borcluyuq, uşağın təhsilhaqqını o təşkil etdi, burdan qazilər söyləyir ki, Qənirə xanım bizə səngərdə mənəvi dayaq oldu…
Yanında olanda telefonu bir dəqiqə susmurdu, dara düşən hər kəs ondan kömək umurdu, birini polisdən qurtarır, birinin müalicəsini təşkil edir, birinin kreditini ödəyir, birinə qaz çəkdirirdi… Vallah, küsənləri də o barışdırırdı.
Hər bir kəsə əsəb, güc, ürək hərarəti, maddiyyat və mənəviyyat xərcləyirdi, hər kəs üçün özünü tükəndirirdi.
İndi hamı və hər kəs var, təkcə o yoxdur.
Deyirdiniz, həyatda altruistlər - başqaları üçün yaşayanlar olmur. Etiraf edin ki, səhfsiniz.
P.S. Ən gözəl fotodakı bu xoş təbəssüm də boşuna deyil. Bu fotoyla bizlərə “Həmişə təbəssümə, xoş ovqata əmanət olun” ismarıcı göndərib.
Allah sənə rəhmət eləsin, qısa ömürlü BÖYÜK QADIN!
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)