“Ədəbiyyat və incəsənət” portalı xalqın sevimlisi, vaxtsız itirdiyimiz Qənirə Paşayevadan yadigar qalmış yazıları dərc edəcək. Bu gün sizlərə Azərbaycanın ilk maarifçi qadınlarından olan Hənifə Məlikovaya həsr olunmuş “Adı kimi: həqiqi, əsl, xalis, təmiz” məqaləsini təqdim edirik.
Hənifə Məlikova Azərbaycanın ilk maarifçi qadınlarından olan, xeyriyyə cəmiyyətinin yaradıcısı kimi milli mədəniyyət tariximizdə ehtiramla yad edilən xanım aydınımızdır. Azərbaycanda 1908-ci ildə yaradılan ilk qadın xeyriyyə cəmiyyətinin xətti ilə gördüyü işlər, qadınlarımızın maariflənməsi, maddi və mənəvi qayğı ilə əhatə olunması, onların hüquqlarının müdafiəsi, cəmiyyətdə layiqli yer qazanmaları üçün Hənifə xanımın xidmətləri danılmazdır. O, həmçinin XX yüzilin ictimai qurumları içərisində ünlü olan – xalqımıza mədəni xidmət göstərən “Nicat” cəmiyyətinin yaradıcılarından biri olub.
Hənifə xanım Həsən bəy Zərdabinin – Rusiya çarından ana dilimizdə qəzet çapı üçün icazə almağı bacaran, Azərbaycan mədəniyyətini ilk mətbu orqanı ilə taclandıran, millətimizin maariflənməsi yolunda böyük fədakarlıqlar göstərən, “Əkinçi” qəzeti ilə mədəniyyət və ədəbiyyatımızın yolunda mayak olan görkəmli bir ictimai xadimin həyat yoldaşı idi. “Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır”,- deyən Həsən bəy Zərdabinin bütün bu çətinliklərin öhdəsindən gəlməsində Hənifə xanımın böyük mənəvi dəstəyi olub. O, 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrinə bütün gücü ilə əmək sərf etmiş, maddi-mənəvi sıxıntılara, ictimai təzyiqlərə qarşı ömür-gün yoldaşı ilə birgə mübarizə aparıb.
Bu üfüqügeniş aydınlar ailəsi 1880-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açmış, dönəmin cəhalət mühitinə, təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara savad vermiş, elm yolu göstəriblər.
Gözəl, nəcib, sədaqətli və dəyanətli Hənifə xanım millətimizin və ailəsinin yolunda böyük fədakarlıqlar göstərib. O, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də əqidə, məslək, düşüncə, mübarizə yoldaşı olub. Hənifə xanım 16 il Həsən bəylə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşadığı illərdə belə öz əqidəsindən, milli-mədəni inkişafımız uğrunda inadla mübarizə yolundan dönməyib.
Tələbələrin təhsil xərclərini ödəmək üçün həyat yoldaşının yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti uğurlu alınmasa da, Həsən bəyin çətinliklə 1600 manata qədər pul toplayıb bu vəsaitin faizi ilə ildə bir-iki nəfərin təhsil haqqını ödəməsi Hənifə xanımı fədakar aydınlar sayəsində millətinin gələcək rifahına inandırmışdı. Həsən bəy öz mənzilində pansionat açıb hər il on nəfər azərbaycanlı uşağa təhsil verərək, onları gimnaziyaya hazırladığı vaxtlarda Hənifə xanım ona ən böyük dayaq olmuşdu. Bu uşaqların qayğısına qalan Hənifə xanım təlim-tərbiyə işlərində həyat yoldaşının ən yaxın köməkçisi idi. Bütün bunlar millətin inkişafı üçün böyük vətənpərvərlikdən, işıqlı amallardan irəli gəlirdi.
Hənifə Məlikovanın adı Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşüb. O, 1909-1919-cu illərdə Bakı şəhər dövlət birinci Rus-Tatar, yəni Rus-Azərbaycan Qız Məktəbinin müdiri vəzifəsində çalışaraq Azərbaycan qadının inkişafında önəmli rol oynayıb. Bir pedaqoq, maarifçi ziyalı kimi böyük hörmət və nüfuz qazanmış Hənifə xanım dövrünün sayılıb-seçilən şəxsiyyətlərindən idi.
Hənifə xanım xatirələrində yazır ki, 1872-ci ildə Tiflisdə Müqəddəs Nina Qız Məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunduqdan sonra onun adını burada görən Həsən bəy Zərdabi təhsilli bir qızla ailə qurmaq istəyi ilə dərhal Tiflisə yola düşür. Hənifə xanımla tanışlıqdan sonra onunla həmfikir olduğunu başa düşən Həsən bəy onunla birgə həyat yoluna çıxmağa qərar verir. Evlənmək qərarı verən gənclər valideynləri uzaqda olduğu üçün evlilik xeyir-duasını da Müqəddəs Nina Qız Məktəbinin himayədarı, knyagina Olqa Fedorovnadan alırlar..
Çətinliklərlə dolu birgə ömür yolunda Hənifə xanım Həsən bəy Zərdabinin ən yaxın dostu, məsləkdaşı olur, bütün həyat məsələlərində, eləcə də ictimai vəzifələrin həllində həmfikir və mübarizə yoldaşı kimi birlikdə qərar veriblər. 1872-ci ildə qurulan ailə bağları əqidə, fikir dostluğu, çətin günün həmdəmliyi ilə daha da möhkəmlənib. Pəri, Qəribsoltan adlı iki qızı və Midhət, Səffət adlı iki oğlu olan ailə, bütün Azərbaycan övladlarını öz doğması bilib, onların təhsilinə və təlim-tərbiyəsinə himayədarlıq etməkdən zövq alıb.
XIX yüzilin əvvəllərində Bakıda yaradılan onlarca xeyriyyə cəmiyyəti, maarif-mədəniyyət ocaqları məhz belə aydınların milli tərəqqi uğrunda mübarizəsinin nəticəsi kimi meydana çıxıb. Hənifə Məlikovanın böyük səyi və zəhməti ilə yaradılan “Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti” də bunun bariz örnəyi kimi diqqəti cəlb edib. Bu kimi xidmətləri Hənifə xanımın adını, onun maarifçilik fəaliyyətini Güney Qafqazın demokratik dairələrində geniş şəkildə məşhurlaşdırmış, adını rəsmi hökumət idarələrində tanıtmışdı.
Onun həyatı bir-birindən çətin sınaqlar, hətta bəzən təqiblər, təzyiqlərlə keçsə də, bir an belə öz missiyasını unutmamış, xalqı cəhalətdən xilas etmək, təhsilli insanların sayını artırmaq yolunda inadlı mübarizəsindən çəkinməyib. O, özü bu haqda yazırdı: “Həyatımın məqsədi – bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır”.
Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işlədiyi vaxtlarda da bu məqsədi həyata keçirmək üçün bütün qüvvəsi ilə çalışır, daha çox türk-müsəlman qadını təhsilə cəlb etmək istəyib. Həyat yoldaşı və məsləkdaşı Həsən bəy Zərdabi haqqında yazdığı memuarda isə bu yolun nə qədər məşəqqətli olduğunu, çar Rusiyasının təbəəsi olan müsəlman xalqların inkişafına hər cür maneələr yaradıldığı bir vaxtda maarifçilik uğrunda mübarizənin çətinliyini görürük. Hənifə xanım ömrünün sonunadək bu çətinlikləri dəf etmək yolunda Həsən bəylə yanaşı addımlayıb. 1929-cu ildə Vətəninə, millətinə həsr etdiyi mənalı ömrü başa çatan Hənifə xanım Bakı şəhər qəbiristanlığında dəfn edilib, lakin ömür yolunda qoşa addımlayan bu iki böyük insanı vəfatından sonra zaman yenə birləşdirib, Hənifə xanımın cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yanına, Fəxri xiyabana köçürülüb.
Professor Abbas Zamanov universitetdə tələbələrinə iki xanımın milli maarif və mədəniyyətimizin inkişafında unudulmaz xidmətlərindən bəhs edərdi. Onlardan biri Həsən bəy Zərdabinin xanımı Hənifə Abayeva- Məlikova, digəri Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadə idi. Professor xüsusi vurğulayıb ki, bu xanım aydınlardan birinin “Əkinçi” qəzetinin formalaşmasında, digərinin “Molla Nəsrəddin” jurnalının davamlı nəşrində əvəzsiz xidmətləri olub.
Qaynaqlarda göstərilir ki, Hənifə xanımla Həsən bəy övladlarının dördünə də yüksək təlim-tərbiyə verilib – bu aydınlar ocağının uşaqları Almaniyada, Rusiyada ali təhsil almış, Azərbaycanın layiqli aydınları olaraq yetişmiş, vətənə xidmət ediblər. Ailənin böyük qızı Pəri xanım ailəsi ilə birlikdə Vətəndən uzaqlarda mühacir ömrü yaşamaq məcburiyyətində qalıb. Pəri xanım mühacirətdə olduğu Fransada 1947-ci ildə dünyasını dəyişib, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı dostu və həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn edilib. Hənifə xanımın digər qızı Qəribsoltan ailə həyatı qurmamış, ömrünü maarifə, elmə həsr etmiş, Azərbaycanın Əməkdar müəllimi kimi ata-anasının yolunu şərəflə davam etdirib. Ailənin böyük oğlu Midhət bəy Məlikov Lənkəranda öz hesabına Xanbulançay üzərində su elektrik stansiyası qurmaq istəyində olub, elə buradaca iş başında ikən qolları qandallı Bakıya gətirilib güllələnib. Kiçik oğul Səffət bəy ixtisasca memar olub, Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı kimi Türkiyədə siyasi fəaliyyət göstərib və ömrünün sonunadək də qardaş ölkədə yaşayıb.
Hənifə xanım Bakıda tək-tək görünən çadrasız müsəlman qadınlarından biri idi. Bakıya özü ilə maarifçilik işığı gətirən bu qadının cəsarəti, mənəvi gücü çoxlarını hərəkətə gətirmiş, təhsil alan qadınlarımızın sayını artırmışdı. Zadəgan ailəsində böyüyən, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım başladığı maarifçilik yolunda böyük əzab-əziyyətlərlə qarşılaşsa da, həmişə öz kübarlığı, nəcib dəyanəti, mətanəti ilə seçilib. Birdən-birə ağır təzyiqlər mühitinə düşən xanım aydına, eləcə də həyat yoldaşı Həsən bəyə qarşı qəddar hücumlar günbəgün artsa da, bu parlaq şəxsiyyətlər sarsılmayıb. Sanki bu fədakarlığa özlərini öncədən hazırlamış kimi qətiyyətli duruşları vardı. Bədxahlarının hücumu isə əsla ara verməyib. Çünki yaxşı bilirdilər ki, Hənifə xanımın öz evindəki kiçik pansionunda tərbiyə etdiyi, təhsil verdiyi, yetişdirib ərsəyə çatdırmaq istədiyi uşaqların hər biri gələcəyin, özü də lap yaxın gələcəyin maarif işığını yandıracaqlar. Həsən bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova xatirələrində yazırdı: “Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Uşaqlar onun ümid və iftixarı idi”.
Gənc azərbaycanlı aydınların yetişməsindən imperiya hakimiyyətinin, çar rejiminin rahatsız olduğu bir dönəmdə hər hansı bir maarifpərvər cəhdin qarşısı alınmaqdaydı. Təsadüfi deyil ki, hakimiyyət orqanları Həsən bəyin xeyriyyə cəmiyyəti yaratmaq, habelə “Əkinçi” qəzetinin nəşri ilə bağlı müraciətinə uzun illər boyu müsbət cavab verməyib. Hənifə xanım bu münasibətlə yazırdı: “Cəmiyyətin təşkilinə icazəni almaq çox çətin idi. Dövlət müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu... Hökumət adamlarının Həsən bəydən xoşu gəlmirdi, ondan çəkinirdilər, ehtiyat edirdilər”.
Hənifə xanım öz evində uşaqlara dərs deməklə yanaşı, kənd-kənd, ev-ev gəzib qadınlara dərzilik, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, qadın məsləhətxanaları təşkil edirdi. Onun vaxtında tibbi müdaxiləsi Zərdab camaatından 132 nəfəri ömürlük kor olmaqdan xilas edib.
Həsən bəyin ən böyük arzularından biri Bakıda müsəlman qız məktəbinin açılması olub. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yatırımı ilə qız məktəbinin binası tikilib başa çatanda buna ən çox sevinən aydınlardan birincisi Həsən bəy idi. Amma bu məktəbdə müdir və müəllim kadrlarının təyin olunması böyük bir çətinlik kimi ortaya çıxıb. Savadlı müsəlman qadın demək olar, yox idi. Eyni zamanda, bu məktəbə şagirdlərin cəlb edilməsi də çətin məsələ idi. Ailələr öz qızlarını məktəbə göndərməyə cəsarət etmirdi. Hətta buna cəsarət edən tək-tək adamları da qaragüruh bildiyi kimi cəzalandırırdı. İçərişəhərdə Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz qıldığı yerdə öldürüblər. Belə bir cəhalət ortamında Hənifə xanım kimi aydınların işə başlaması xüsusi cəsarət tələb edirdi. Hənifə xanım ürəklə qız məktəbində müdir işləməyə razı olur və fəaliyyəti dövründə burada təhsil alan qızların mənəvi anasına çevrilib. Onun sayəsində Bakı Müsəlman Qız Məktəbi savadlı, istedadlı qadınların yetişdiyi bir maarif ocağı olub. Beləliklə, nəinki Azərbaycanda, eləcə də bütün İslam aləmində ilk dünyəvi qız məktəbinin açılması Həsən bəy Zərdabinin təşəbbüsü və Hacı Zeynalabdin Tağıyevin yatırımı ilə baş tutursa, onun inkişafı, layiqli qadın aydınlar yetirməsi Hənifə xanımın zəhməti hesabına gerçəkləşib.
1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı”nın yaradılması da qadının cəmiyyətdə rolunu artırmaq məqsədi daşıyırdı. Xeyriyyəçi Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın başçılıq etdiyi bu təşkilat az bir zamanda böyüyüb “Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti”nə çevrilib. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin və Rus-Türk (Azərbaycan) Qız Məktəbinin müdiri vəzifəsində çalışaraq, Azərbaycana mədəniyyət tariximizdə önəmli yer tutan aydın qadınlar qazandırıb. Beləliklə, Hənifə xanım Məlikova ömrünü Vətəninin, millətinin ömrünə bağlayan, ümummilli maraqları şəxsi taleyindən öndə görən fədakar bir aydın ömrü yaşayıb.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)