Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir. Poetik lövhələri gözəl yaradan şair xatirələrə qonaq gedir, qüssələnir, kədərlənir, amma həm də ümidlənir, öz lirik mənini bədbinlikdən çıxarmağı bacarır. 

 

 

UŞAQLIQ ŞƏKİLLƏRİMƏ

 

Hamı şəkillərdə köhnə vaxtdadı, 

Hamı gözlərində gülüş dayanıb.

Hamı  məhəbbətlə sığallanıbdı,

Hamı yanağında öpüş dayanıb.

 

Nimdaş paltarında,  təzə  donunda

Necə bəxtəvərdi şəkil uşaqlar.

Elə bil tərtəmiz göz ekranıyla

Sevincin rəsmini çəkir uşaqlar.

 

Heç kimin dünyadan xəbəri yoxdu,

Xoşbəxtdi çərçivə içində hamı.

Keçmiş zamandadı burda hər nə var,

Burda salamlayır illər adamı.

 

Hələ sabahından xəbərsiz baxır

Şəkildən üzümə gülən uşaqlar.

Hamısı  bir boyda ,bir biçimdədi--

Qaraşın uşaqlar, kürən uşaqlar.

 

Hələ  günahsızdı, hələ  qınaqsız, 

Hələ  ürəyimiz girov düşməyib.

Hələ bant bağlayıb saçına qızlar,

Hələ ki, oğlanlar kişiləşməyib.

 

Hələ yol gedirik sabaha sarı,

Hələ ki, aldadır nağıllar bizi.

Hələ ki, şeytanlar, cinlər  yol  gəlir,

Hələ ki, axtarır  paxıllar bizi.

 

Başımız qarışıb   qovub tutmağa,

Yoruruq yolları, qayalıqları.

Hələ keçməmişik  həsrət  içindən,

Hələ dadmamışıq ayrılıqları.

 

Hamı şəkillərdə köhnə vaxtdadı,

Hamı gözlərində gülüş dayanıb.

Hamı sevgi ilə sığallanıbdı,

Hamı yanağında öpüş dayanıb.

 

 

BU KƏND QOCALIB

 

Biz kənddən çıxanda bahardı hələ,

Hələ bu yerlərin çiçək çağıydı.

Hələ oğlanların dəli, havalı,

Qızların tərtəmiz mələk çağıydı.

 

Qayıdıb gələndə gördüm yaz hanı?

Bu kəndin çəməni, otu qocalıb.

Qocalıb böyürtkən kollarınacan,

Pişiyi qocalıb, iti qocalıb.

 

Mənim gəlişimə sevinmədi heç,

Yollar tanımadı məni deyəsən.

Yadından çıxmışam torpağın, daşın,

Dumanın, çiskinin, çənin deyəsən.

 

Suvağı tökülən köhnə evlərin 

Qapısı qocalıb, damı qocalıb.

Məni tanımadı təzə qonşular,

Məni tanıyanlar hamı qocalıb.

 

Üşüdüm buz kimi baxışın altda,

Yer tapa bilmədim özümə burda.

Düşdü baxışlarım fikir toruna,

Durdu xatirələr üzümə burda.

 

Bu kənddən çıxanda bahardı hələ,

Hələ bu yerlərin çiçək çağıydı.

Hələ oğlanların dəli, havalı,

Qızların tərtəmiz, mələk çağıydı.

 

 

BİZİMDİ

 

Bu günü təqvimdən oğurlamışıq,

Bu günəş bizimdi, bu səhər bizim.

Bu yol, bu ağaclar, bu daş, bu divar,

Bu küçə bizimdi, bu şəhər bizim.

 

Səni ovuduram baxışlarımla,

Həsrətin ağrısı canından çıxır.

Bu gün Yer də bizim, Göy də bizimdi,

Bu gün başımıza səadət yağır.

 

Bizi unutmayıb sahil deyəsən,

Bizi xatırlayır görüş yerimiz.

Bu gün od vurmuşuq xatirələrə,

Bu gün yandırmışıq ayrılığı biz.

 

Dalğalar sahilə çırpır özünü,

Bizi salamlayır dəniz beləcə.

...Hələ ki, sabaha bir ömür qalıb,

Gəl tut əllərimdən bu gündən keçək.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət” üçün

 

Həyatdakı missiyamın nə olduğunu bilmədən, sadəcə nəfəs alırdım. Dediyim kimi, nəfəs alırdım, yaşamırdım. Ölmək bəzən də nəfəs almaq idi...

 

Bəzən özümü ağaca bənzədirdim. Gülməli gələ bilər, amma mənim üçün acı həqiqət idi.

Ağac gün gəlir qışı, gün gəlir yazı yaşayır.

Bəzən yarpaqları solur, bəzən də "həyatın qanunu" bu olduğu üçün xəzəl olub yerə  tökülür.

Bəzən budaqları sınır, sındırılır. 

Bəzən isə, kənardan baxıb, sarsılmaz dediyimiz gövdəsi sarsılır, qəddi əyilir. 

Mən də belə idim. Ətrafım tərəfindən, üzümdəki gülüş yarpaqtək solur, göz yaşlarım gözümdən, yarpağın ağacdan ayrıldığıtək ayrılırdı. Hisslərimin ruhumdan budaqtək sındığını görürdüm.

Lakin ağacın başına nə gəlirsə gəlsin, kökü torpağın altındadırsa, o yenidən həyat tapa bilər.

Eynilə insan da hələ sağdırsa, nəfəs alırsa, demək ki, bu dünyadaki işi, ümidi bitməyib. 

 

Ağac tamamən bitmiş görünə bilər. Lakin kökü torpaqda olduğu müddətcə, zaman da alsa, günlər, aylar, illər də keçsə, bir gün o, yenidən həyat tapacaq. Eynilə insan da dənizin dərinliklərində qərq olduğunu, son olduğunu düşünə bilər. Amma oradan çıxmaq üçün üzməli, mübarizə aparmalı olduğunu da bilməlidir. 

Ümid hissi səhra ruhunu sulamaqdır.

İnsan heç vaxt hekayə bitdiyi üçün pis olmamalıdır. Çünki hər son, son deyil. 

Siz heç, bir kitabın hekayəsini oxudu, bitirdi deyə, digər kitabları, oxumağı tərgidən adam görmüsünüz? 

Xeyr, çünki bitən hekayədir, kitab deyil. Siz o kitabla bitdi desəniz, həmin müəllifin digər kitablarını oxumağa fürsətiniz var ikən, yox olacaq. 

Bir hekayə yazdı deyə yazıçılığına son qoyan yazar görmüsünüz? 

Eynilə biz də həyatda birdən çox, müxtəlif hekayələr yaza, bitirə və yenilərinə keçə bilərik. 

Ümid son nəfəs kimidir. 

İnsan öldüyü yerdə yox, ümid öldüyü yerdə insan ölür. 

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Hörmətli “Ədəbiyyat və incəsənət”. 

UNESCO  muğamımızı, kəlağayımızı, sədəf və şəbəkə sənətlərini öz qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edib. Təzəlikcə yeni bir fakt da oldu. Mümkünsə bu barədə daha ətraflı məlumat verərdiniz. Bir də, ümumən Azərbaycanın neçə elementini bu qurum öz siyahısına salıb? 

(Müjdə Talıblı, tələbə)

 

Hörmətli Müjdə xanım! 

UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 23-dür. Lap təzəlikcə - noyabr ayının 4-9-da Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Reprezentativ Siyahıya təqdim edilmiş nominasiyalar arasında Azərbaycanın Türkiyə ilə birgə təqdim etdiyi "Balaban sənətkarlığı və ifaçılıq sənəti", habelə ölkəmizin iştirakı ilə hazırlanan "Təzhib sənəti"(Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan), "İftar və onunla bağlı sosial-mədəni ənənələr" (Azərbaycan, İran, Türkiyə və Özbəkistan) və "Sədəf sənətkarlığı" (Azərbaycan və Türkiyə) çoxmillətli faylları vardır.
Qeyd edək ki, adıçəkilən nominasiya faylları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə AR Milli Komissiyası eləcə də qeyd olunan xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıqda ərsəyə gətirilmişdir.

Təbii ki, zəngin mədəniyyətimiz qiymətləndirilməyə, dəyər almağa layiqdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Cümə, 08 Dekabr 2023 11:00

Bu gün “Zamanla dialoq”a girəcəyik

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rəsmlər bəzən canlı bir mənzərəni, canlı insanı əks etdirir, bəzənsə yaddaşın hansısa bir lövhəsini ortaya qoyur. Mənim şəxsən çox bəyəndiyim rəssamlar içində 95 yaşı haqlamış, yüzün bir addımlğında  qərarlaşmış Tofiq Ağababayev də var. 

 

Rənglərlə möcüzə yaradan, hər bir rəsminə sanki bütün rəng qammasını ələyən bir rəssamdır Tofiq Ağababayev. Mən onun Abşeron lövhələrini xüsusən bəyənirəm. 

 

 

 

Bu gün saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Şöhrət” ordenli Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyi münasibətilə “Zamanla dialoq” adlı fərdi sərgi açılacaq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gətirdiyi 50-ə yaxın sənət əsəri nümayiş olunacaq. Və mən məmnuniyyətlə bu xəbəri sizinlə bölüşmək istəyirəm. 

Mənim çox bəyəndiyim bu rəssam axı tək kətan üzərində möcüzə yaratmır, ona görə də sərginin ekspozisiyasını Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xəzər Muzey Mərkəzinin kolleksiyasından təsviri sənətin rəngkarlıq, qrafika növünə aid əsərlər, dekorativ-tətbiqi sənətin şüşə, keramika sahələrində yaradılmış nümunələr təşkil edəcək.

 

 

 

Burada “Şah İsmayıl Xətai”, “General Əliağa Şıxlinski”, “Məhəmməd Füzuli”, “İlyas Əfəndiyev”, “Rasim Babayev”, “İzzət Orucova” kimi dövlət, ədəbiyyat, incəsənət və elm xadimlərinə həsr edilmiş portretlər, sevimli Abşeron mənzərələri, zəngin dekorativliyə və rəng həllinə malik folklor motivli tablolar, “Azərbaycan lirikası” keramik triptixi, plastik forma və təsvirin ahəng yaratdığı digər şüşə və keramika məmulatlar sənətkarın 1950-ci illərdə başlanan uzun, çoxşaxəli yaradıcılıq yolunun ayrı-ayrı mərhələlərini dolğun şəkildə izləməyə imkan verəcək.

Yeri gəlmişkən, rəssam avtoportret janrında da dəyərli nümunələr yarada bilibdir ki, sərgidə onun avtoportreti məxsusi nümayiş etdiriləcək.

 

 

Azərbaycan incəsənətinə böyük töhfələr verən,  yüksək bədii-emosional təsir qüvvəsinə malik portret, mənzərə, süjetli-tematik, natürmort janrlarında əsərlər yaradan görkəmli sənətkar Tofiq Ağababayevin sərgisi 2024-cü il 10 yanvar tarixinədək davam edəcək.  

Buyurun, gəlin, feyziyab olun! 

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Cümə, 08 Dekabr 2023 13:00

Bəyazlar içində - OXUMAĞA DƏYƏR

Leyla Ümid, "Ədəbiyyat və incəsənət".

 

Sükutlu gecələr, ürəyi dağlanmış ana təbiətin mürəkkəb yollarını boğan bir rayonda- Zaqatalada, nurlu gündüzün ardınca yaşanan dəhşətli hadisə görənləri sarsıtdı. Ən çox da qəlbi təmiz uşaqları.

 

Kafenin qarşısındakı yolun qırağında quyruğu kəsilmiş, ayağı sınmış və döyülüb vəhşicəsinə öldürülmüş bəyaz bir bala it var idi. Kimiləri bunu görüb dəhşətə düşmüşcəsinə qışqırır, kimiləri bunu edənə bəla oxuyur və kimisi də sadəcə üzünü turşudub səssizcə o yoldan keçib gedirdi. Bəs hansı bir səbəb bu vəhşiliyə bəhanə ola bilərdi ki? Bəşəriyyətin qarşısında onun olan bir can alındığı üçün kim, necə bir cavab verəcəkdi?  İnsanoğlunu insan edən və vəhşi cəngəllikdən fərqləndirən cəhətləri heçmi qalmamışdı? Yoxsa mərhəmət anlayışı lüğətlərindən silinmişdi? İnsan kim idi?

 

Qısa bir müddət sonra hadisənin üstü açıldı. Sən demə, qarşı tərəfdəki kafedən ac olduğu üçün bircə dənə qənd yeyən bu heyvanı kafe sahibi quyruğunu kəsib döyərək öldürüb. Bunu eşidən əhali həmin adamla dava-dalaş etməyə başladı. Yaşlı qadınlar belə bu vicdansızlığa görə onu qınadılar. Ancaq elədiyindən zərrə qədər belə peşman olmayan adam kinayəli gülüşləri ilə "Yenə olsa yenə edərəm. Mənə heç kim heç nə edə bilməz. Qəndə mən pul verib alıram eee.. İstəsəz şikayət edin. Pulumla onu da həll edərəm"-dedi. Çünki mərhəmətsiz insan övladı unutmuşdu ki, həmin işini-gücünü, ruzini, pulunu ona kim verib. Əlbəttə ki, həm insanı, həm də heyvanı eyni dünyada yaradan Allah. Doğrudan, çox çətin idi? Çoxmu? Bir tas yemək, bir tas su qoyub başına sığal çəkmək çətin idi? Bilirəm ki, çöl heyvanlarında əksər hallarda xəstəlik və ya bit-birə olsa belə, insanların vicdansız, ruhsuz bədənlərindəki çirkablığa çata bilməzlər. 

 

Uşaqlar və yerli əhali heyvanı bir bəyaz örtüyə büküb basdırmağa apardılar. Elə bu zaman göz yaşardan digər bir hadisə də baş verdi. Uşaqlar evlərindən torbalarda qənd gətirib itin yanına tökdülər. Bu balaca heyvanın ətrafı ağ kub şəklində qəndlərlə dolmuşdu. Bir deyil, bütün qəndlər heyvana bəxş edilmişdi. Fəqət nə fayda? O artıq ac deyildi.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

“Cümə günü Əbülfəzqızının 10 sualı" ilə rubrikasının budəfəki qonağı İqbal Nəhmət (Nəhmətov) 3 noyabr 1976-cı ildə Yardımlı rayonu Urakəran kəndində anadan olub. Bu günə qədər onun 4 şeir kitabı nəşr edilib. Şeirləri,  "Azərbaycan''  "Ulduz", "Sözün işığı'' "Məhsəti'', "Şəfəq" və.s jurnallarda, "Ədəbiyyat qəzeti”ndə, “Ədəbiyyat və incəsənət” portalında, Təbrizdə "Sancaq'' qəzetində və digər mətbuat orqanlarında dərc olunub. Bir neçə şeiri özbək dilinə tərcümə edilib. Sözlərinə bir neçə mahnı bəstələnib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.

 

-Xoş gördük, dəyərli İqbal bəy. Əminəm ki, bu dəfə də sual və cavablar maraqla oxunacaq və mənəm- mənəm" deyən sualımızı Sizə ünvanlayıram.

 

1) Mən heç nəyə bənzəmədim...

Külək kimi əsməyim yox,

Bulud kimi yağmağım yox,

Yerə- göyə sığmağım yox,

Bənzətdilər, biri gözə, biri yaşa,

ağlatdılar, demədilər yaşa! Yaşa!

Bənzərimi axtarmağa döndüm başa. 

( İqbal Nəhmət)

İqbal bəy,  biz öz bənzərimizi tapmaq üçün çoxmu əziyyət çəkməliyik, ümumiyyətlə, bənzərimiz varmı, yoxsa, hər vücuddakı ruhun heç kəsdə olmayan özünəməxsusluğu var?

 

-Bilirsiniz, bədən ruha geyindirilmiş bir paltara bənzəyir. Yəni bizim cismimiz sadəcə, bir göstəridir. Bu göstərinin rəngi oxşar ola bilər. Ancaq içimizdəki gözəgörünməzliyin oxşarı varsa da onu tapmaq, göstərmək - bu mümkünsüzdür.

 

2) "İnsan sanki güzgüdəki çoxüzlülər dünyasıdır. O həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir." ( Ömər Xəyyam)

 İqbal bəy, insanı əzəmətli və cılız edən hansı cəhətləridir?

 

-İnsan yalnız Allahı dərk edəndən sonra əzəmətli olur, çünki Allahı dərk etmək özünü dərkdir. İnsanı cılız edən cəhət isə yaltaq olmasıdır. Məncə, yaltaq insanlar ən cılız insanlardır.

 

3) Gəl sevgi qoymayaq bunun adını,

Eləcə biz- bizə vurğunuq deyək.

Daha savaşmayaq ayrılıq ilə,

Çəkilək kənara yorğunuq deyək.

(İqbal Nəhmət)

İqbal bəy, sevgiyə öz adı ilə müraciət edəndə ayrılıq onu məhv edir, ya da ki, etiraf edilmiş sevgilərin çoxunun mükafatı elə ayrılıq olur?

 

-Mən başqa bir şeirində yazmışam ki, 

Səni sevmək bir ağacı sən bilərək 

gövdəsinə sarılmaqır,

budaq -budaq qırılmaqdı,

yorulmaqdı, yox olmaqdı.

Səni sevmək 

bəlkə, bir az da ölməkdir...

 

4)" Həyat tamaşaya bənzəyir: bəziləri ona yarışmağa, bəziləri alış- verişə, ən xoşbəxtləri isə baxmağa gəlirlər." ( Pifaqor)

İqbal bəy üçün həyatın anlamı nədədir?

 

-Həyat,

gözündəki yaş qədər qısa imiş,

ağlarsan, ağlarsan,

sonra ağladığın şeyə gülərsən,

Sevdiyin günü xatırlarsan,

sevildiyin günü unudarsan,

tənhalaşarsan, bitərsən!

Anlam sadəcə yaşaya bilirsənsə, yaşamaqdır!

 

5) Bilmədiyin nə varsa,

Bilsəm, bağışla məni.

Sevgimizi yarıya, 

Bölsəm, bağışla məni.

Burnuna qoxu kimi,

Yuxuna yuxu kimi,

Ömrünə çoxu kimi,

Gəlsəm, bağışla məni. 

(İqbal Nəhmət)

 

6) Dəyərli Yazarımız, məhəbbət üçün hər şeyi qurban  vermək düzgündürmü?

 

-Xeyr, düzgün deyil Ülviyyə xanım, qurban tələb edən məhəbbət sonda səni də qurban edəcək. Əgər bir şey sənə darıxmaq öyrədirsə, onu dayandırmaq lazımdır, yoxsa bir ömür peşman yaşamaq qorxusu var.

 

7) Bu gün cümə, sabah şənbə,

Həftənin neçəsindəyəm?

Gecəni gündüz etmişəm.

Gündüzün gecəsindəyəm.

Mən necə darıxım sənsiz?

İlin, günün bu vaxtında.

Söylə necə yaşayırsan?

Həsrətimin paytaxtında?

İqbal bəy, şeirinizdən anladıq ki, darıxmağın zamanı yox..

İqbal bəy üçün  "darıxmaq" sözünün sinonimi nədir?

 

-Bunlar darıxmağın lügətimizdə olan sinonimləridir:  Bezikmək, sıxılmaq, əsəbiləşmək.

Mənim üçünsə darıxmaq, dağılmaqdır, parçalanmaqdır.

 

8) "Qüsur axtarırsan, bütün aynalar sənin." ( Mövlanə)

Dəyərli Yazarımız, yaxın dostumuzun  qüsurunu onu incitmədən necə söyləməliyik? Olub ki, qüsuru deyib peşman olmusunuz?

 

-Mən bütün dostlarıma əgər qüsurları varsa, birbaşa deməyi xoşlayıram və deyirəm də. Məni çox səmimi qəbul edirlər, çünki dostluqda çox etibarlı olduğumu yaxşı bilirlər.

Mən dostlarımı seçmirəm, onlar məni seçirlər.

 

9) İqbal bəy, 5 söz: " "Cənnət", " Sevgi", 

" Ürək", " Nakam", əYad" - bu sözlərdən istifadə edib poetik cümlə istəsək, İqbal bəyin təxəyyülü hansı cümləni yaradardı?

 

-Cənnət  sevginin özü olduğu üçün, nakam sevgililər yad bağçasında belə ürəkdən oxuyarlar!

 

10) Bu gün matəm saxlayım mən,

qara geyib ağlayım mən.

Qara külək götür məni,

o yerə ki,

Ədalətin dəmir, polad məngənəsi,

yıxsın, boğsun yaltaqlığı.

Silkələsin insanlardan qaçaq düşmüş insanlığı. 

(İqbal Nəhmət)

İqbal bəy, insanlığın birinci göstəricisi nədir?

 

-İnsan kimi yaşamaq! Sənə ağlamaq öyrətmək istəyən insanlara gülməyi öyrətməkdir!

 

-Dəyərli Yazarımız, ömrünüzdən rubrikamıza pay ayırdığınız üçün Sizə təşəkkür edirik. Yaradıcılıq uğurları arzulayırıq. Ən çox hansı sualımızı bəyəndiniz?

 

-Müsahibə üçün sizə çox təşəkkür edirəm. On sualın onu da gözəl, düşünməyə vadar etdi. Sonuncu sualınızı daha çox bəyəndim. İnsanlıq haqqında olan.

Uğurlar arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Əkbər Qoşalı yazır

 

Azərbaycan Prezidenti İlham Əliyevin dünən imzaladığı Sərəncam əsasında respublikamızda növbədənkənar Prezidenti seçkiləri elan edilib. Növbədənkənar seçkilər 2024-cü il fevralın 7-nə təyin olunub.

Bu Sərəncam ilk növbədə nələri ifadə edir, nələri yada salır, necə bir perspektiv vəd edir?

 

Birincisi,

Azərbaycan Respublikası öz ərazi bütövlüyü və suverenliyini artıq tam bərpa edib. Bu vəzifə Azərbaycan Prezidentinin rəsmi andında öz əksini tapmış müqəddəs vəzifədir!  2018-ci ildə Prezident seçildikdən sonra İlham Əliyev xalqımızın qarşısında duran ən önəmli talüyeklü problemin həllinə xidmət edən son tamamlayıcı mərhələni başlatdı. Bəli, qısa zaman içində ölkəmizin, xalqımızın bütün potensialını bir məqsəd uğruna səfərbər edən İlham Əliyev, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdi. Bu müqəddəs vəzifənin yerinə yetirilməsi əvəzolunmaz hadisədir; onu da etiraf etməliyik, olduqca çətin, hətta, bir çoxlarına görə həlli mümkünsüz sayılırdı. Öz Ordusuna, bütövlükdə xalqımıza arxalanan İlham Əliyev mümkünsüzü mümkün etdi.

 

2018-ci ilə, Cümhuriyyətimizin 100 illik əlamətdar yubiley ilinə - məhz “Cümhuriyyət İli”nə təvafüq edən Prezident seçkilərində İlham Əliyev növbəti dəfə qələbə çaldı. Və bundan cəmi iki il keçmiş - 2020-ci ilin sentyabrında II Qarabağ müharibəsi başladı - 30 illik işğala ayyarım kimi qısa müddətdə son qoyuldu! Şəhidlərimizin əziz ruhu qarşısında dərin sayğılarla baş əyib, qazilərimizə möhkəm cansağlığı dilərkən, etiraf edək: 44 günlük müharibənin nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul görməsi dövlət müstəqilliyimizin beynəlxalq birlik səviyyəsində qəbul görməsi qədər çətin idi. Sözü imzası qədər keçərli uğur Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz, dövlət-xalq birliyimiz mümkünsüzü mümkün qıldı. Bunun ardınca sürətli tikinti-quruculuq işləri başladı – Qarabağa, Gündoğar Zəngəzura mədəniyyət qayıtdı, insanlıq qayıtdı; ardınca təbiətin sərt soyuğundan, qar-qışından bir balaca imkan yaranan kimi Silahlı Qüvvələrimiz şərti dövlət sərhədinin əlçatmaz, ünyetməz sayılan məntəqlərinə çıxdı, bayraq sancdı, xidməti təşkil etdi. O soyuq və o qar-qış ki təbiətdən deyil, düşmən cəmiyyətdən və havadarlarından gəlirdi, onu da öz polad iradəmiz, Dəmir Yumruğumuzla ram etdik. Bu ram etmənin parlaq təcəssümü “Laçın dəhlizi” deyilən “dəhliz”in alternativi olaraq Laçın yolunun çəkilməsi və ardınca Laçın şəhəri, Sus və Zabux kəndlərinin qanunsuz erməni məskunlaşdırmasından arındırılması oldu. Sonra uğur uğur gətirdi – 2022-ci ilin sentyabrında olanlar oldu; bu ilin aprelində Ermənistan-Azərbaycan şərti dövlət sərhədində DSX postu qurduq, 20 sentyabr 2023-cü ildə isə bir sutkadan da az çəkən antiterror tədbirləri ilə keçmiş işğalçı ordunun tör-töküntülərini də ağ bayrağa vadar etdik. 15 oktyabrda Müzəffər Ali Baş Komandan Xankəndi, Xocalı və digər yaşayış məntəqələrimizdə də bayrağımızı ucaltdı! Cənab Əliyev 20 il öncə məhz həmin gün ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uçün ilk dəfə Prezident Andı içmişdi!

 

Beləliklə, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası həm bölgədə, həm də ölkəmizdə yeni gerçəkliklər yaradıb. Müstəqil Azərbaycan Respublikası tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bax, bu, ərazi bütövlüyümüzün, suverenliyimizin parlaq təsbitidir.

 

7 fevral 2024-cü il seçkilərinə alnıaçıq, bayrağı uca və qürurla gedirik!

Xalqımıza, ölkəmizə xeyirli-uğurlu olsun!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Cümə axşamı, 07 Dekabr 2023 17:04

Olmuş hadisə

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Bu səhərki hadisədir. 

Hamı həyətdə idi. Bu nədir? İnsanlar niyə həyacanlıdır? Nə baş verib ki, hamı həyətə düşür? -deyib, Reyhan öz-özünə sual etdi. Birdən anası səsləndi: -Bala, niyə elə sakit dayanmısan? Hiss etmirsən ki, zəlzələdir? Anasının səsinə sanki yuxudan ayıldı. 

-Nə zəlzələ, ana? 

-Tez geyin, düşək həyətə, - deyərək anası Reyhanı yenidən səslədi. 

-Ana, həyətdə nə də dəyişəcək ki? Mənim həyatımda illərdir zəlzələdir. Ancaq bundan heç kimin xəbəri yoxdur, -deyib Reyhan əhvalını pozmadan evlərdən həyacanla həyətə düşən insanları seyr etməyə davam etdi.

Ömür zəlzələsi ölüm zəlzələsindən daha dəhşətlidir!!!

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2023)

 

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2023-cü il

Cümə axşamı, 07 Dekabr 2023 16:30

Sevgisimi bu qədər saf idi onun? - ESSE

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Doğrudan nə çoxmuş dünyanın yükü?

Bəzən sevgisi yükmüş, bəzən nifrəti.

Bəzən nəfsi yükmüş, bəzən xisləti.

Görüşəndə söhbəti yükmüş, ayrılanda həsrəti.

Torpağına ağacı, səmasına buludu yük.

İnsanı dünyaya yükmüş, dünyası insana yük...

Bəlkə elə ona görə durmadan dönürdü bu dünya?

Bəlkə insanı atmaq istəyirdi o, çiynindən,  cazibə qüvvəsindən xəbərsiz.

Bəlkə də qaçmaq istəyirdi o, özündən eyniylə insan kimi.

Hansı ki, nə içinə sığırdı insan, nə içində olduğuna. 

Bacardıqca qaçırdı hər ikisindən, amma nə var ki, çıxa bilmirdi heç birinin içindən.

Cazibə qüvvəsi nə dünyaya, nə də insana macal vermirdi, ikisi də dönüb dolaşıb yenə eyni nöqtəyə gəlirdi.

Tısbağa kimi yükü hər daim onların belində idi. Getdiyi hər yerə özləriylə daşıyırdılar onu.

Nə qəribədir, insan elə özü də hər yola çiyninə yükünü atıb elə çıxırdı, lakin məsuliyyətlərini, vicdanını, məramını təəssüf ki, çox zaman bilərək unudurdu.

Və dünyanın yükünü öz çiynlərində daşıyanlara sanki öz yükləri azmış kimi bir də kimlərinsə bilərək çiynindən atdığı, unutduğu məsuliyyətin, vicdanın boşluğu yük olurdu.

Görəsən şığıyıb limanı yuyan bu dalğalar da yükdürmü dənizə? Ya bəlkə elə onlar da hər fürsətdə dənizdən qaçmağa can atırdı... 

Bu çisələyən yağış da hər halda buludlardan baş götürüb torpağa sarı qaçırdı.

Bəs yağışda islanan o balaca uşaq nə edirdi görəsən, heç qaçana oxşamırdı axı, yerimi rahatıydı?

Halbuki yağışı çox sevirəm deyib yağınca damlarının altına qaçmaq insanların adətidir.

Sevgisimi bu qədər saf idi onun? Yoxsa yağış günlərdir yumadığı çirkli, hisli əl-üzünü, aylardır dəyişmədiyi sökülmüş üst-başını yusun deyə qaçmırdı ondan?

Bir parça quru çörək də var idi əlində, hardan idi görən?

Tapmışdı, almışdı, bağışlanmışdı, ya bəlkə oğurlamışdı?

Bəs səma niyə öz başını bulamışdı?

Deyəsən yaxınlıqdakı dönərxanadan yüksələn isti qoxu ürəyini bulandırmışdı...

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.