Super User

Super User

Bazar ertəsi, 26 Fevral 2024 10:15

Sazlı, sözlü kəlağayı günləri davam edir

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “SAZLI, SÖZLÜ KƏLAĞAYI GÜNLƏRİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

 

Könül, “Ədəbiyyat və incəsənət”

     

Çağdaş ultradəblər, Avropa meyilli gənclər, texnologiyalar zamanında milli dəyərlərə - geyimə, etik münasibətlərə, mənəviyyata diqqətin, təbliğin azalmasına səbəb olmasının qarşısını almaq üçün müxtəlif tanıtım tədbirlərinin rolu danılmazdır. Xalqımızın zəngin adət-ənənələrinə, əsrlərdən süzülüb gələn digər dəyərlərə müsbət olmayan münasibət gələcəyimiz sayılan nəslə, adət-ənənələrə mənəvi zərbə ola bilər. Bunu nəzərə alaraq Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayı Ev Muzeyi” yarandığı gündən Respublikamızın müxtəlif bölgələrində eləcə də ali və orta ixtisas məktəblərində ədəbi-bədii gecələr keçirir. Bu tədbirlər barədə biz də müntəzəm məlumat veririk. 

 

2023-cü ildə İctimai Birliyin təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ərazilərində keçirilən “Sazlı Sözlü Kəlağayı G ünləri” milli-mənəvi dəyərlərin təbliği istiqamətində uğur kimi yadda qaldı. 2024 cü ildə də belə tədbirlər davam etməkdədir. Bu il Azərbaycanın təhsil ocaqlarında Elm və Təhsil Nazirliyinin dəstəyi ilə, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə  “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Yanvarın 29-da, Kəlağayı Muzeyindən başlayan  ''Sazlı Sözlü Kəlağayı Günləri'- nin davaml fevralın 22-də Bakı Dövlət Universitetində (BDU) “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Kəlağayı Muzeyi, Universitetin İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə baş tutdu. 

“Sazlı Sözlü Kəlağayı Günləri” adlı ədəbi-bədii tədbir tələbə və müəllim heyətinin böyük marağına səbəb oldu. Tələbə gənclərin qədim və heç vaxt dəbdən düşməyən milli baş örpəyimiz kəlağayıya diqqəti və ehtiramı bunu deməyə əsas verir.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, və “Sazlı Sözlü Kəlağayı günləri” layihəsinin rəhbəri şair, publisist  Güllü Eldar Tomarlı tədbirin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirildiyini qeyd etdi və bu gərəkli işə dəstək olan təşkilat və məsul şəxslərə təşəkkür etdi. Onun sözlərinə görə, silsilə tədbirlər digər təhsil ocaqlarında da davam edəcək (Yazının sonundakı şəkil qalereyasında tam siyahı verilibdir).

 

Güllü xanım tədbirin keçirilməsində məqsədin milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılması olduğunu qeyd etdi. Birlik sədri vurğuladı ki, milli dəyərlərin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur. 

Güllü Eldar Tomarlı tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, 2024- cü il Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin on illiyidir. Bu münasibətlə “Anam – kəlağaydı, kəlağay – anam” kitabı nəşr edilib. 

Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə geniş məlumat verən natiq diqqətə çatdırdı ki, onun təşəbbüsü və rəhbərliyi ilə 2022-ci ildə ölkəmizdə Kəlağayı Muzeyi yaradılıb: 

 

“Muzeydə müxtəlif dövrlərə aid kəlağayılar toplanıb. Eyni zamanda, muzeyin təşkilatçılığı ilə bölgələrdə ədəbi-bədii gecələr, konsert proqramları və maarifləndirici tədbirlər keçirilir, kitablar nəşr olunur”.

 

“Sazlı Sözlü Kəlağayı Günləri” çərçivəsində keçirilən tədbirdə BDU-nun kafedra müdiri Knyaz Aslan, BDU-nun dekanı Ələmdar Cabbarlı, Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, klassik aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli, şair Səadət Buta, BDU-nun baş müəllimi Leyla Abbasova, Rusiya Azərrbaycan Qadınları  İctimai Birliyinin Krım nümayəndəsi Qızqayıt Hüseynova və başqaları mövzu ilə bağlı çıxış etdilər. Çıxışlarda tələbələr arasında milli dəyərlərimizin təbliğinin əhəmiyyəti xüsusi vurğulandı.

Tədbir ədəbi-bədii hissə ilə davam etdi, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirildi. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini aşıq Gözəl Kəlbəcərlinin, aşıq Ləman Mübarizqızının, aşıq Ayşə Səyyadqızının, Rəhimə Quliyevanın və Məhəmməd Əliyevin (kamança) ifaları alqışlarla qarşılandı.

 

Bütün il boyu ''Sazlı Sözlü Kəlağayı Günləri' layihəsi çərçifəsində  ədəbi-bədii gecələr, kəlağayı sərgiləri davam edir. Layihənin  icrasının davamı 28 fevral, 2024-cü ildə  Mədəniyyət və İncəsənət Universitetində olacaq. Çətin, şərəfli və məsuliyyətli yolda təşkilata və layihəyə uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

Hürriyyət! O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor.

                                  (Əli bəy Hüseynzadə)

 

Bütün ömrü boyu məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə istedadının bütün gücü ilə çarpışmış Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda dindar bir ailədə doğulmuşdur. Əvvəlcə dini təhsil almış, daha sonra isə Tiflisdə altısinifli məktəbdə təhsilini davam etdirmişdir. O,Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadədən ilhamlanmış və onun söhbətləri sayəsində ədəbi çevrəsini tanımışdır. Sonrakı təhsil dövrü gimnaziyada keçmişdir. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə xüsusi önəm verməyə başlamışdır.

Ə.Hüseynzadənin yaradıcılıq həyatı geniş və bir o qədər də keşməkeşli olmuşdur. Özündən sonra türk millətinə böyük bir miras qoymuşdur.

Əli bəyin jurnalistik fəaliyyəti də xüsusi diqqət çəkmişdir. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi məhz 20-ci əsrin əvvəllərində baş tutmuşdur.

Əli bəyin jurnalistik fəaliyyətinin əsasını Füyuzat jurnalı təşkil edir. Füyuzat jurnalında məqalələrin birində belə yazılırdı:

“Bizə fədai lazımdır! Türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai!”

Kölgəsində nəfəs aldığımız, şəhidlərimizin başı üstündə dalğalanan üçrəngli bayrağımızın rənglərini simvolizə edən sözlər Əli bəy Hüseynzadənin səsləndirdiyi bu fikirdən qaynaqlanır.

Azadlıq eşqini daim yaşadan, azad ruhla yaşayan Əli bəy Hüseynzadə 17 mart 1940-cı ildə İstanbulda dəfn olunmuşdur.

Həyatı boyunca oxutdurdu, yazdı, yaratdı! Ruhun şad olsun, müəllim! Bütün jurnalistlər adından qarşında baş əyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

İstirahət günlərinə bir çox tanınmışların doğum günləri təsadüf etdi ki, onlardan da biri  də romantik şair, maarifçi, Mollanəsrəddinçi, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqdir. 

 

Fevralın 24-də anadan olmasının 143-cü ili tamam olan Abdulla Şaiq yaradıcılığa tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb.

Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır.

Abdulla Şaiq 1881-ci il fevralın 24-də Tbilisidə ruhani ailəsində dünyaya göz açıb. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işləri ilə məşğul olmuş, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapmışdır. Eyni zamanda o, “Əlifba” kitabı hazırlayıb, müxtəlif dərsliklər və dərs proqramları üzərində də işləyib.

“Laylay” adlı uşaq şeiri ilə imzası mətbuat səhifələrində görünməyə başlayan Abdulla Şaiqin uşaqlar üçün yazdığı bir sıra şeirlər dövrünün tanınmış “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb. A.Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoyub.

O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranmasından ilhamlanaraq “Tələbə və həyat” pyesini qələmə alıb. O, xalq ədəbiyyatının toplanmasında və araşdırılmasında, Azərbaycan klassiklərinin və dünya ədəbiyyatının nadir incilərinin oxuculara çatdırılmasında da böyük rol oynayıb. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Hadi kimi böyük ədəbi simalar haqqındakı fikirləri bu gün də öz dəyərini qoruyub saxlayıb.

Başqa millətlərin ziyalıları ilə dostluq edən Abdulla Şaiq Şekspirin “Maqbet” pyesini, Conatan Sviftin “Qulliverin səyahəti” romanını, Puşkinin, Lermontovun, Krılovun, Qorkinin, Nekrasovun əsərlərini dilimizə çevirib.

Yazıçının “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağılları bu gün də uşaqlar tərəfindən sevilərək oxunur. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazıb. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.

Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990–cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.

Uşaq ədəbiyyatımız heç də rəngarəng deyil, dəyərli nümunələr çox azdır. Və az-çox nəyimiz varsa, onun qədrini bilməliyik. Eləcə də Abdulla Şaiqin!

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)

Bu gün Xocalı soyqırımının 32-ci ildönümüdür. Və ilk dəfədir ki, faciənin ildönümünü azad Xocalıda keçiririk. Qətliam baş vermiş yurd yeri azad olunub, onun təşkilatçılarının bir çoxu cinayət məsuliyyətinə cəlb edilib. 

 

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana-sərbəst mütaliə bölməsində “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı tədbir və sərgi təşkil olunub.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin IV kurs tələbələrinin iştirakı ilə keçirilən tədbirdə ermənilərin Azərbaycan xalqına qarşı əsrlərdən bəri davam edən etnik təmizləmə siyasətinin dəhşətli nümunəsi olan Xocalı soyqırımı haqqında müzakirələr aparılıb. Gənclər əsrin qətliamı haqqında tarixi faktları əks etdirən kitablar, broşürlər və fotoşəkillərlə tanış olub, soyqırımı dəhşətləri, onun başvermə səbəbləri barədə fikirlərini bölüşüblər.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Xocalı soyqırımı” adlı virtual sərgidə kitab və dövri mətbuat materialları, fotoşəkillər, ingilis dilində təqdim edilən “Khojaly genocide” adlı virtual sərgidə kitablar və altyazılı fotoşəkillər ,“Khojaly tragedy – photo exhibition” adlı virtual sərgidə isə Xocalı ağrısını özündə əks etdirən fotolar nümayiş olunur.

“XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Xocalı rayonu”, “Xocalının Milli Qəhrəmanları”, “Soyqırımı haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Və ən böyük təsəllimiz odur ki, Xocalı azad olunub, Qarabağdan mənfur düşmən rədd edilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)

Bazar ertəsi, 26 Fevral 2024 09:00

BU GÜNÜN ADI XOCALI!

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Heç kəs unudulmayıb, heç nə yaddan çıxmayıb! Bu gün Xocalı Soyqırımının - bəşər tarixindəki ən dəhşətli qətliamlardan birinin növbəti - 32-ci ildönümüdür və ilk ildönümüdür ki, azad edilmiş Xocalıda qeyd ediləcək. 

 

Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərin işğal edilərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır. 

Bu əməllər mütəşəkkil formada həyata keçirilib. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanılmışdı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisi idi. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. 

Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.

Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. Bu isə qətliamın Kremllə bağlılığına dəlalət edir.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.

Və təbii ki, Xocalı aeroportumun komendantı olmuş Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev misilsiz qəhrəmanlıq nümayiş etdirərək erməni-rus vəhşiləri ilə vuruşmuş, əhalinin çıxarılmasını təmin etmiş, şəhid olmuşdur. 

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-nin 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Və bu qətliam Azərbaycan tarixinin ən faciəli hadisəsi hesab olunur. 

Yalnız 2020-ci ildə İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçib. 

19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə azad olunub. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Allah bütün şəhidlərimizə, o cümlədən Xocalı şəhidlərinə rəhmət eləsin.

 

Şəkildə: qapaq şəklində Bakıdakı, mətn sounda Haaqadakı Xocalı abidəsi. 

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)

Nigeriyanın Abuja şəhərində keçiriləcək Ümumdünya Yazıçılar Təşkilatının (WOW) birinci Konqresinə hazırlıq məqsədi ilə PAN -Afrika Yazıçılar Birliyinin baş katibi Dr. Ueyl Okediran ötən gün Nigeriyanın Oyo ştatının informasiya komissarı şahzadə Dotun Oyeladaya nəzakət səfəri edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Ümimdünya Yazıçılar Təşkilatının Baş qərargahından məlumat verilib. 

 

Müxtəlif beynəlxalq yazıçı təşkilatlarının dəstəyi ilə təşkil ediləcək Konqres 4-6 aprel 2024-cü il tarixlərində baş tutacaq və hazırda Qara qitənin ədəbiyyat cameəsinin diqqət mərkəzində dayanan başlıca hadisədir. 

Səfər zamanı təcrübəli jurnalist və yazıçı olan şahzadə Oyelade tədbirin müvəffəqiyyətini təmin etmək üçün Təşkilat komitəsinə tam dəstək verəcəyini vəd edib. 

Xatırıadaq ki, Nigeriyanın Abuja şəhərində keçiriləcək Ümumdünya Yazıçılar Təşkilatının birinci Konqresində Azərbaycan da geniş heyətlə təmsil olunacaq. Tədbirə yazarlarımızdan Varis, Adəm İsmayıl Bakuvi, İntiqam Yaşar və Ulucay Akif dəvət almışlar. 

Fotoda Dr. Okediran (sağda) şahzadə Oyeladaya WOW suvenirini təqdim edir.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)

 

Ölkəmizdə səfərdə olan Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın  rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət”portalına “ASAN xidmət”dən məlumat verilib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.

Həmçinin “ASAN xidmət” modelinin tətbiqi istiqamətində digər ölkələr ilə yanaşı Afrika qitəsi dövlətləri ilə də əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. 

Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” idarəçilik  marafonu başa çatıb.

2 ay boyunca davam edən marafon çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən 100 nəfərdən artıq işgüzar şəxsə ödənişsiz şəkildə idarəçilik təlimləri və ustad dərsləri keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

Məqsəd bütün sahələrdən olan gənc sahibkarlar və menecerləri Ulu öndərin zəngin idarəçilik təcrübəsinin çevik, strateji və innovativ tərəfləri barədə məlumatlandırmaq, onun uzaqgörən siyasətinin ən mühüm komponentlərindən biri olan Azərbaycanın yüksək idarəetmə qabiliyyətinə malik güclü kadr potensialının formalaşmasına dəstək olmaqdır. 

Marafonun açılış tədbiri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənovun iştirakı ilə baş tutub.

ASAN İnnovativ İnkişaf Mərkəzi Mərkəzi  "İnnovasiyalar Mərkəzi"nin təşkilatçılığı ilə yaradılıb. Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, eyni zamanda innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə gənclərin işsizlik problemlərinin həllinə, yüksək ixtisaslı kadrların hazırlanmasına, həmçinin müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

 

 

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Qasımov Cahan Xəqani oğlunun Bakı şəhərində doğulan övladı Zərifənin zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

Dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək, 1 000 AZN vəsait isə ananın hesabına köçürüləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

 

"Onlar bizə əmanət" layihəsi indiyədək 118 şəhid övladını əhatə edib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

Dost Moldovanın başağrısı qondarma “Dnestryanı Respublikası”nın “Deputatlar Konqresi” fevralın 28-də Kremldən “Dnestryanı”nı Rusiyaya birləşdirməyi xahiş edəcəkmiş.

Rusiya Federasiyası Prezident seçkiləri ərəfəsindəykən belə bir zamanlama, əlbəttə, təsadüfi deyil. Tanrı özü Moldovaya kömək olsun!

 

Moldova bizim GUAM ortağımızdır.

Bəli, Moldova GUAM-ın digər üzvləri kimi separatizmdən, qıraqdan qızışdırılan siyasi-hərbi, sosial-iqtisadi, mədəni, psixoloji və s. təxribatlardan uzun illər boyu əziyyət çəkib və bu əziyyət hələ də davam edir.

Moldova (Ukrayna və Gürcüstandan fərqli olaraq) AŞPA-da ötən ay uğradığımız haqsızlıq qarşısında bizi müdafiə etməsə də (yaxud hələ müdafiə etməsə də), biz Moldovanın haqlı mövqeyini, o cümlədən ərazi bütövlüyünü həmişə dəstəkləmişik, bugün də dəstəkləyirik. “Dnestryanı Respublikası”, “Krım Respublikası”, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”,  “Abxaziya Respublikası”, “Güney Osetiya Respublikası – Alaniya Dövləti” – hamısı bir zamanlar bizə sırınan buraxma “Arsax Respublikası” ilə eyni kod, eyni mənşə, eyni təyinatlıdır. Biz Moldova, Ukrayna və Gürcüstandan fərqli olaraq nəhayət separatizmin kökünü qazımış, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. Sağ əlimiz dostların başına!

Fikir verin:

Moldova, Ukrayna və Gürcüstanın üzləşdiyi problemlərin memarı biləvasitə Kreml olsa da, bizim başımıza gətirilən müsibətlər, işğalın ağır nəticələri Kremldən başqa güclü himəyadarlar tərəfindən də davamlı olaraq siyasi-hərbi, maddi dəstəklə möhkəmləndirilirdi. Üstəlik, GUAM ortaqlarımızın heç biri bizim qədər acımasız, ləyaqətsiz düşmənin elanolunmamış savaşına məruz qalmayıb. Son iki ildə Ukraynanın yaşadıqları bizim yaşadıqlarımıza çox bənzəsə də, ondan öncəki Ukrayna, özəlliklə Gürcüstanla Moldova bizim yaşadıqlarımızı yaşamayıb, bundan sonra da yaşamasınlar! Bizə qarşı işğalçı Ermənistanı, Xankəndidə və çevrəsində yuvalanmış separatçıları ciddi-cəhdlə müdafiə edən Paris, Vaşinqton,  Tehran... digər separatçıları müdafiə etməyib; əksinə hər üç GUAM ortağımız Qərbdən davamlı dəstək görüb, digər dövlətlərsə ya neytral qalıb ya da ən azı siyasi həmrəylik nümayiş etdirib. Bu anlamda, bizim 27 sentyabr 2020-ci ildə əks-hücuma keçərək 30 illik ağır işğala (44 gün içində) son verməyimiz, ötən il sentyabrın 20-də (23 saatlıq) lokal antiterror tədbiri keçirməyimiz (o tarixlər arasındakı digər zəruri hərbi-siyasi tədbirlərlə bir yerdə) qeyri-adi hünərdir. Biz, demək olar, mümkünsüzü mümkün etmişik! Çox xırdalamayaq, GUAM ortaqlarımızın yanında duran, onlara dəstək göstərən dövlətlərin bir çoxu bizə dəstək göstərməyiblər –  cəhənəmə, heç olmazsa, qarşımızda durmasaydılar, biz lap çoxdan işimizi tamam edərdik.

Bəli, xalqımızın dövlətcanlılığı, gənclərimizin vətəncanlılığı, şəhidlərimizin, qazilərimizin fədakarlığı, Dövlət-Xalq birliyi – Dəmir Yumruq Zəfərimizi şərtləndirdi. İlham Əliyevin cəsur liderliyi, uzaqgörən siyasəti, təmkini, prinsipiallığı, səmimiyyəti, sözünün imzası qədər keçərli olması, xalqımıza xas xeyirxahlığı, ləyaqəti,  müdrikliyi və digər yüksək keyfiyyətləri bizi yeni dünya düzəninə qalib ölkə olaraq götürür.

Sağ əlimiz, ərazi bütövlüyü pozulmuş dostlarımızın başına!

Yenidən Moldovaya qayıdaq.

Bəli, Moldovanın başağrısı – qondarma “Dnestryanı Respublikası”nın əhalisinin 30%-ə yaxını ruslardan ibarətdir. “Dnestryanı” 1990-cı ildə Moldovadan özbaşına “ayrılıb”. Rəsmi Kişineu hökuməti ərazi bütövlüyü və suverenlik məsələsini  çözmək, “Dnestryanı”nı yenidən Moldova bayrağı altına keçirməkçün addımlar atır; lakin bölgədəki Rusiya sülhməramsız kontingenti buna qarşı çıxmaqdadır. Bizim Qarabağda da sülhməramsızlar var – lakin onların ölkəmizi tərk etmə tarixi də bəllidir, keçici “status”ları da bəsbəlli. Artıq neçə aydır lap avaragor qalmış sülhməramsızlar hətta gələn ilin noyabrını gözləmədən (gecəykən gəldikləri kimi), gecənin-gündüzün birində çəkib getsə heç təəccüblənmərik. Tanrı necə haqdır!

Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10.10.1997-ci ildə Strasburqda Birgə Kommunike imzalaması ilə yaradılmış beynəlxalq işbirliyi platforması – GUAM suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına sayğı prinsiplərini əsas alır.  Avropada sabitliyin, təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli işbirliyinin inkişaf etdirilməsi öz güncəlliyini itirməyib. Və bu, daha çox digər üç GUAM üzvünə lazım olsa da, biz öz sözümüzə, imzamıza sayğılıyıq.  

GUAM-ın ilk Zirvə toplantısı Yaltada (07.06.2001-ci ildə) təşkil olunub; Yalta Zirvəsi GUAM-ın bir beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynayıb. Dövlət başçılarının imzaladığı “Yalta Xartiyası” iştirakçı dövlətlər arasında işbirliyinin məqsədlərini, prinsiplərini və yönlərini müəyyənləşdirib. İndi nə qəribədir, Ukrayna Yaltanın aid olduğu Krım yarmadası üzərində öz suverenliyini bərpa etməkçün o səmtə zərbələr endirmə məcburiyyətində qalır... Bu məqamda, 4 il öncənin yazında-yayında Bakıdan yüksələn “Şuşanı vur!” çağırışları yadıma düşür. Biz Şuşanı vurmadıq, məqam yetişdi, Şuşada yuvalanmış işğalçıları vurduq, Şuşanı uhulət-suhulətlə qurtardıq və qurtuluşdan bəri Şuşa sürətlə özünə dönür, gələcəyə boylanır. Şuşanın sağ əli Yaltanın, Krımın başına!  

GUAM-ın digər önəmli Zirvə toplantıları 22 may 2005-ci ildə Kişineuda, 22-23 may 2006-cı ildə Kiyevdə keçirilib.

Qalib Azərbaycanın paytaxtı Bakının sağ əli Kişineunun, Kiyevin, Tbilisinin başına!

Bəli, GUAM-a üzv dövlətlərin demokratik toplum, Avropaya inteqrasiya, iqtisadi inkişaf, bölgədə sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirməsi öz güncəlliyini itirməyib. Tanrıdan gizlin deyil, Tanrının gürcü, ukraynalı, moldovan bəndələrindən nə gizlin: ərazi bütövlüyü, suverenlik bərpa olunmasa, digərləri, nə yazıqlar ki, elə bil təfərrüat dərəcəsində qalır...

 

ƏRAZİ BÜTÖBLÜYÜNÜ, SUVERENLİYİNİ BƏRPA ETMİŞ

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.