Super User

Super User

Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə elan olunmuş qrant müsabiqəsi ilə bağlı açıq infosessiya keçiriləcək.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirıiyinə istinadən məlumat verir. 

 

Məlumata görə, infosessiya iyulun 10-da saat 16:00-da Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində təşkil olunacaq.

İnfosessiya çərçivəsində nazirlik nümayəndələri və Müsabiqə komissiyasının üzvləri tərəfindən iştirak şərtləri, prioritet istiqamətlər və alt mövzular, layihə təklifi ilə bağlı tələblər barədə ətraflı məlumat veriləcək. Tədbirdə müsabiqə ilə maraqlanan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edə bilərlər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən iyulun 4-də qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan olunub. Müsabiqəyə müraciət üçün son tarix avqustun 2-sidir.

Sənədlərin qəbulu grants.culture.az internet resursu üzərindən elektron formada həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”də təcrübə keçən Birləşmiş Krallığın Oksford Universitetinin tələbələri ilə görüşüb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Tələbələr ölkəmizdə olmaqdan məmnunluqlarını ifadə edərək yaradılmış şəraitə görə Dövlət Agentliyinin sədrinə təşəkkürlərini bildiriblər.

 

Tələbələr dövlət xidmətləri və dövlət idarəetməsi sahəsində “ASAN xidmət” təcrübəsini öyrənərək elmi işlərini yazacaqlar. 

 

Təcrübəçilər 6 həftə müddətində “ASAN xidmət”də və Dövlət Agentliyinin müxtəlif şöbələrində təcrübə keçəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

 

İyulun 8-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən edilməsi üzrə Ekspert Şurasının iclası keçirilib.

 

AzərTAC xəbər verir ki, Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova iclas çərçivəsində Şura tərəfindən həyata keçirilmiş işlərə və qarşıda duran məsələlərə dair məlumat verib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva gündəlikdə duran digər məsələləri diqqətə çatdırıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Abidələrin qorunmasına nəzarət sektorunun müdiri Pərviz Nəcəfov müzakirə üçün təqdim olunan materiallara baxılma müddətləri və bu istiqamətdə operativliyin artırılması məsələsi barədə danışıb.

O, müvafiq siyahıya daxil edilməsi üçün müzakirəyə çıxarılan mədəni irs dəyərinə malik obyektlərin işğaldan azad olunmuş ərazilərdə və Bakı şəhərində yerləşdiyini deyib.

P.Nəcəfov bildirib ki, 3 mərhələdə cəmi 145 abidə və tarixi, memarlıq və arxeoloji əhəmiyyətli obyekt daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün müvafiq addımların atılması məqsədilə şura üzvlərinin müzakirəsinə təqdim olunub.

"Bakı şəhəri üzrə 6 və işğaldan azad edilmiş ərazilər üzrə 51 obyektlə bağlı şura üzvləri tərəfindən verilən təkliflər ümumiləşdirilərək Azərbaycan Milli Elmlər Akademiyasına göndərilib. Akademiya tərəfindən 48 obyektin siyahıya daxil edilməsinə müsbət rəy verilib. Abidələr siyahısına daxil edilməsi üçün Qərar layihəsi hazırlanıb və razılaşdırılması üçün müvafiq orqanlara göndərilmə mərhələsindədir", - deyə P.Nəcəfov diqqətə çatdırıb.

O qeyd edib ki, dövlət qeydiyyatında olan 9 abidənin adı, tarixi və ünvanlarında dəqiqləşdirmə aparılaraq siyahıda düzəliş olunması təklif olunub, 12 tarixi-memarlıq əhəmiyyətli tikiliyə dair məlumatlar hazırlanaraq Şura üzvləri tərəfindən baxılıb. 8 obyektin abidələr siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunub. Şura üzvləri tərəfindən verilən təkliflər ümumiləşdirilərək Azərbaycan Milli Elmlər Akademiyasına göndərilib.

P.Nəcəfov, həmçinin 63 binaya dair hazırlanmış materiallara da Şura üzvləri tərəfindən baxıldığını bildirib. Qeyd edib ki, onlardan 49-nun abidələr siyahısına daxil edilməsi məqsədəuyğun sayılıb. Beləliklə, Şura üzvləri tərəfindən verilən təkliflər ümumiləşdirilərək Azərbaycan Milli Elmlər Akademiyasına məktub hazırlanıb.

Sonra şura üzvlərinin həyata keçirilən işlərlə bağlı irad və təklifləri dinlənilib.

Qeyd edək ki, Ekspert Şurası “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub. Şurada Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

 

 

İtaliyanın “Ansa” və “Rai” informasiya agentlikləri Azərbaycanın Ağstafa rayonundakı “Tava təpə” abidəsində aşkarlanan 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri haqqında məqalə dərc edib.

 

AzərTAC xəbər verir ki, yazılarda ritual ibadətgah yerinin Azərbaycan-İtaliya arxeoloji ekspedisiyasının üç ildir apardığı arxeoloji tədqiqat işləri nəticəsində tapıldığı bildirilib. Qeyd edilir ki, araşdırmalar zamanı son tunc, ilk dəmir dövrünə aid abidədəki ibtidai ritual tikili qalığı olan ibadətgah öz unikallığına görə təkcə Azərbaycanda deyil, bütövlükdə Qafqazda ilk tapıntı hesab olunur.

 

İtaliyanın Kataniya Universitetinin arxeoloqlar qrupunun fikrincə, bura Qafqazda hələlik aşkar edilən ilk ibadətgah yeridir. Ritual ibadətgah yerindən Cənubi Qafqazın köçəri əhalisi istifadə edib.

 

Kataniya Universitetinin və Florensiyadakı Qədim Aralıq dənizi və Yaxın Şərq Araşdırmaları Mərkəzinin (CAMNES) mütəxəssislərinin fəaliyyət göstərdiyi İtaliyadan olan arxeoloji ekspedisiyaya Nikola Laneri rəhbərlik edir. Onun fikrincə, abidə öz unikallığı ilə fərqlənir və bu maraqlı tapıntı ritual xarakterlidir.

 

“İnsanlar 3500 il əvvəl bura gəlib, yemək yeyiblər. Bura bir növ yeməkxana kimi fəaliyyət göstərib. Amma bütün Qafqaza xidmət edib”, - deyə arxeoloq bildirib.

 

Qeyd edək ki, 3500 illik yaşı olan “Tava təpə” abidəsi Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində, Kür çayından 1,5 kilometr aralıda yerləşir. Son tunc, ilk dəmir dövrünə aid abidə Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların məskunlaşdığı ərazi olub.

 

“Tava təpə” abidəsi unikal coğrafi yerləşmə mövqeyinə görə də diqqəti cəlb edir. Strateji əhəmiyyətli abidənin Kür çayına yaxın olması bura insanların daha çox gəliş-gedişi üçün səbəblərdən biri olub.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 5-də başlanan Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.

 

Üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Rusiya, İndoneziya, Hindistan, TÜRKSOY ölkələrindən gəlmiş rəqs və musiqi qruplarının, ifaçıların, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivlərinin, musiqiçilərin çıxışlarını izləyiblər.

 

AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 7-də axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəliyinin rəsmiləri, şəhərin qonaqları, musiqisevərlər iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Bazar ertəsi, 08 İyul 2024 18:11

ÇOPUR – Çağdaş hekayələr

 “Ədəbiyyat və incəsənət” portalında sizlərə İlhamə Nasirin hekayələri təqdim olunur. Bu dəfə”Çopur”” adlı hekayə ilə tanış olacaqsınız.

 

 

Kökünün üşüməsinə, gövdəsindəki  sıyrıntıların göynəməsinə ayılıb gözlərini açdı. Nə baş verdiyini anlaya bilmirdi. Harada olduğunu da kəsdirəmmədi. Yenidən gözlərini yumub yavaş-yavaş sakitləşməyini gözlədi. Qulaqlarına cızıltı kimi dolan pıçıltı səslərini indi açıq-aydın eşidə bildi. Diksindi, ürkək-ürkək ətrafına boylandı. Yaxşı ki, günün günorta çağıydı, bağı rahat gördü, yoxsa gecə olsaydı, bəlkə də, kökü quruyardı qorxudan. Ha boylandı, bir tanış ağac gözünə dəymədi. Həndəvərindəki yad, nabələd ağacların nəzəri ona tuşlandığını hiss edincə vahimələnirdi.  Bağın başı ilə ilan kimi qıvrıla-qıvrıla, düz böyründən axıb keçən arxı görüncə başqa bağa köçürüldüyünü anladı. Kövrəlsə də, ağlamadı, özünü tutdu. Çünki çoxlu gözlər zillənmişdi ona.

Bağdakı ağacların ən gənciydi qovaq. Əvvəl-əvvəl heç cür uyğunlaşa bilmirdi təzə bağa, darıxırdı. İllah da boranda, küləkdə sığındığı anası üçün. Gövdəsinin ucu göynəyirdi ondan ötəri. Yetim görkəmi almışdı, utancaqlığı da bir tərəfdən əziyyət verirdi ona. Başını qaldırıb ətrafındakılara doğru-düzgün baxammırdı. Amma hiss edirdi ki, bağdakı ağaclar bir-birlərinə ondan pıçıldaşırlar.  Tez-tez “yaraşıqlıdır” sözü  qulağına dəyəndə  lap utanırdı. Yaxşı ki, arx yanından axırdı. Gecələr cırcıramalar, gündüzlər də şitəngi qurbağalar eybəcər səsləriylə tullanıb-düşüb bir az onun eynini aça bilirdilər.

          Vaxt keçdikcə bu darıxma, utancaqlıq sovrulub getdi. Artıq burdakı ağaclarla qaynayıb qovuşmuşdu. Yeri də rahat – düz bağın girəcəyində,  arxın qırağında. Gündən-günə boy atan şux qəddi-qaməti bağdakı bütün ağacların, tinglərin, pöhrələrin, şivlərin gözünü onda qoymuşdu. Bunu özü də bilirdi. İxtiyarsız qımışırdı. Hələ qonşu bağdakı hündür, az qala boyu buludlara çatan yaşlı qovağa baxanda daha da qürrələnirdi. Bilirdi ki, bir-iki ilə onun da boyu elə olacaq.

          Fəsillər əvəzlənə-əvəzlənə yaza çatanda bağda əməlli-başlı canlanma baş verdi. Qış yuxusundan yenicə oyanmış ağacların başı qol-budaqlarına qızılca kimi tökmüş tumurcuqlarına qarışmışdı. Qovaq bir az da boy atıb yaraşığını artırmışdı. Hamıdan əvvəl sarı çiçəklərlə bəzənən bəstəboy zoğal gözlərini bir an ondan ayırammırdı. Onu qısqanan cavan ağaclar tələsik çiçək açmağa can atır,  özlərini qovağa göstərməyə çalışırdılar.

         Qovaq ilə üzbəüz, arxın qırağında sıra ilə düzülən iydə ağaclarının salxım çiçəkləri bağın bütün havasını dəyişmişdi. Xoş ətri və yağışdan sonra işıldayan parlaq gövdələri ilə qovağı əməlli-başlı bihuş edə bilmişdilər.  Amma qəfil gözləri düz yanındakı əyri, qara, çopur  üzüm tinginə sataşanda qanı qaralırdı, kefi pozulurdu. “Bunun burada nə işi var?” əsəbiləşirdi. Yaraşıqlı iydə ağaclarına qoşulub onu məsxərəyə qoyurdu, gülürdü. Çopur ting bu məsxərədən heç cür canını qurtara bilmirdi. Neyləsin, yaradılışı bu cür çopurdu, əyridi, qaradı. Məkanını da özü seçməyib. Fikirdən daha da əyilirdi, daha da çopurlaşırdı, daha da qaralırdı. Əlacı olsaydı, ya quruyardı, ya da bağın kimsəsiz bir yerinə çəkilərdi.  Dəfələrlə qovaqdan “sənin yerin qara kolların arasıdır, bura yox” tənələrini eşitmişdi.

Boyu uca olduğundan hamını rahat görə bilən qovaq arada küləyi bəhanə edib silkələnərək ağ pambıq öpüşləri bütün ağaclara göndərərdi. Onun bu hərəkəti gövdəsini sarı şirə basmış, heç bir ağacın marağında olmayan qoca gilas ağacını çox əsəbiləşdirirdi. Ağ pambıqlar şirəli gövdəsinə yapışdıqda daha da eybəcər görkəm alırdı. Ağaclar şaqqanaq çəkib gülürdülər. Bir gün əsəbini cilovlaya bilmədi. “Ay cavan qovaq, çox da qürrələnmə, bala, artıq böyümüsən, az qalıb, kimə lazım olduğunu, nəyə lazım olduğunu biləcəksən, onda görüm necə qürrələnəcəksən?!” – dedi.

Yayın gəlişi bağda isti əhvali-ruhiyyə yaratmışdı. Ağaclardakı çiçəklər meyvələrlə əvəzlənmişdi. Bağın girəcəyində olduğundan gələni ilk qovaq qarşılayırdı. Amma bağa gələnlər ona məhəl qoymadan hərə bir meyvə ağacına tərəf qaçırdı. Səbətlərini meyvələrlə doldurub yenə onu görmürlər kimi yanından keçib gedirdilər. Deyəsən, qoca gilasın sözləri ona indi çatırdı. Payıza qədər bağda hər gün eyni ab-hava yaşandı. İnsanlar kimi, cavan ağacların da artıq marağında olmadığını anlayanda özünü gözdəndüşmüş kimi hiss edirdi.

         Yayın hay-həşirindən sonra elə bil ağaclar yorulub süst düşmüşdülər. Bağa qəribə bir sakitlik çökmüşdü. Aradabir iydə və heyva ağacının ətrafında adamlar görünürdü. Hava da get-gedə soyumağa başlayırdı. Bağ payızı qarşılamağa tam hazır idi. O biri ağaclar kimi, qovaq da yarpaqlarını tökməyə başladı. Onsuz da bir ağac kimi bacardığı təkcə bu idi: yarpaqlamaq və yarpaqlarını tökmək.

         Bir gün səhər-səhər iki nəfər düz gəlib qovağın yanında dayandı. İnsan dilini anlamasa da, diqqətlə dinşəyib, onları seyr etdi. Adamlar bir az çək-çevir etdikdən sonra ordan uzaqlaşıb qonşu bağa getdilər. Az keçmişdi ki, qəribə bir səs bütün bağı silkələdi. İlk dəfə idi o, belə bir səs eşidirdi. Bu vaxt qonşu bağdakı, həmişə fəxr etdiyi hündür, yaşlı qovağın böyürə-böyürə yerə yıxıldığını gördü. Bütün varlığıyla əsməyə başladı. Adamlar kəsilmiş iri gövdəni hissə-hissə  doğrayıb bir az aralıda görünən yarımçıq tikiliyə tərəf aparırdılar. Qəfil yaddaşında püskürən qoca gilasın sözləri onu kökünə qədər sarsıltdı. Qol-budağındakı tək-tük saralmış yarpağını belə qımıldatmadan donub qaldı. Gövdəsindən uçub gedən ruhu bir azdan özünə qayıdanda artıq nəyə lazım olduğunu anladı.

          Gecəydi, arxdakı qurbağaların qurultusu bütün bağı başına almışdı. O, bu səsli sükutu pozub var gücü ilə bağırmaq istədi. Özünü güclə tutub saxladı. Amma o bağırtını öz içində duya bilirdi.

Bağdakı ağacların hamısı rahat yatdığı halda, təkcə üzüm tingi yatmamışdı. Qara, çopur boynunu qovağa tərəf əyib üzgün baxışlarla onu seyr edirdi. Deyəsən, o da eşidilməyən bağırtının təsirindəydi.

Bütün gecə taleyi ilə savaşan qovaq səhərə yaxın təslim olub, onu gözləyən aqibətlə  razılaşmışdı. Daha bağa, ağaclara tərəf yox, özündən ixtiyarsız qonşu bağdakı kəsilən yaşlı qovağın boş yerinə baxırdı.

Soyuq qış hər yerdə olduğu kimi, bağda da özünü göstərməkdə idi. Ağaclar ağ qar yorğanı üstlərinə çəkib qış yuxusuna getmişdilər. Qovaq fikirdən dərin yuxuya gedə bilməsə də, arada mürgüləyirdi. Tez-tez səksəkəylə ayılıb ətrafına nəzər salırdı. Heç yazın gəlişini, fəsilllərin dəyişməsini istəmirdi. Dərin yuxuya getməyə çalışırdı. “Kəsəcəklərsə, məni yuxudaykən kəssinlər, nə ağrını hiss edim, nə də yerə sərildiyimi ağaclar görsün” düşünürdü.

Yaz gəlmişdi. Qışı tam yata bilmədiyindən gövdəsinə ağır yorğunluq çökmüşdü qovağın. Elə hey yuxulamaq istəyirdi.  Amma bağdakı canlanma, gövdəsini qıdıqlayan yaz günəşinin ilıq şüaları buna imkan vermirdi. Halsız-halsız başını qaldırıb bağa boylananda tam fərqli ab-hava onu qəfil oyatdı. Keçən yaz özlərini ona göstərməyə çalışan, “yaraşıqlıdır” deyib onu dillərindən düşürməyən gözəlçə ağaclar indi baxışlarını cavan armud ağacına dikmişdilər. O, varlığına nifrət etdi. Dərin ah çəkib, baxışlarını bağdan ayırdı. Bu vaxt canında qəribə bir hərarət hiss etdi. Çopur üzüm tinginin ona necə sarıldığından xəbəri olmamışdı. Daha bir söz  demədi, susdu. Onsuz da heç bir şeyin fərqi yoxuydu, həyat onun üçün artıq sönmüşdü. Bir müddət sonra gövdəsi boyunca ona sarılan üzüm tingi öz enli yarpaqlarıyla onu az qala görünməz hala saldı. Qovaq çopur tingin etdikləri anlamasa da, ona mane də olmadı.

         Onun kəsiləcəyindən duyuq düşən iydə ağacları öz aqibətlərindən qorxurdular, çünki kəsilsə, onların üstlərinə yıxılacaqdı. Qovağa olan əvvəlki sevgi indi nifrətə çönmüşdü. Bunu qovaq özü də hiss eləmişdi.

Bağdakı hay-küy səslərindən yayın gəlişini anlamışdı. Amma üzümün enli yarpaqları ona bağdan meyvə daşıyan adamları görməyə imkan vermirdi. Yaxşı da ki, heç görmürdü.

Bir müddət sonra bağda adamlar seyrəldilər. Görünür, yayın sonları idi. Amma birdən-birə səs-küy yenidən çoxaldı. Həm də düz qovağın ətrafında. Diksindi, cəld yarpaqların arasından macal tapıb ətrafına boylandı. Ətrafındakı, əlində səbət tutan adamların onun qol-budaqlarından sallanan iri, şirəli üzüm salxımlarını dərməyə çalışdıqlarını görüncə gözlərinə inanmadı. “Necə yəni, adamlar meyvə üçün ətrafıma yığılıb?”  Bəlkə, yuxu görür, ya da xəyal qurur, –  deyə, düşündü. Amma yox, bu, gerçək idi. İçində naməlum bir hiss baş qaldırdı. Heç vaxt duymadığı bir hiss. Hə, bu əsl ağac hissiydi.  Meyvələri toplanan ağac. Çönüb bağa, qoca gilasa, gözəlçə iydələrə baxdı. Onun hayqırtılı gülüşü bütün bağa yayıldı. Bağdakı ağaclar lal-dinməz ona baxırdılar. İstədi ona sarılan çopur tingi bağrına bassın, amma etmədi, buna üzü gəlmədi.

         Daha kəsilməkdən qorxmurdu. Həm ağac sevgisi qazanmışdı, həm də insan.

Bir gün sübh tezdən üzüm ona daha möhkəm sarılaraq əsməyə başladı. Bu əsmə qovağın da bütün gövdəsini titrətdi. Aşağıda iki nəfərin danışıq səsləri eşidilirdi. Onlardan biri əlində elektrik mişarı tutub qovağı kökündən başına qədər süzürdü,  o birisi isə taxta nərdivanı ağaca söykəyib üstünə çıxdı. Bu dəfə qovaq öz kəsilməyindən yox, ona sarılan, ona sevgi verən, onun başını uca edən çopurun aqibətindən qorxdu. Kəsiləcəyindən ona da xələl gələcəyini bilirdi. Öz ağac dilində qopardığı fəryadı –  “Nolar, əvvəl üzümü ehmalca məndən ayırın, sonra məni kəsin” sözlərini adamlara çatdıra bilmədi. Sadəcə, astadan çopura “bağışla” deyə pıçıldaya bildi. Bağdakı bütün ağaclar bu mənzərənin tamaşasındaydı. Çoxunun canına qorxu düşsə də, diqqətləri qovaqla tingdə qalmışdı.

Nərdivanın üstünə çıxan adam əlində iki salxım üzümlə aşağı düşüb, salxımın birini yerdə mişar tutan adama verdi. Onlar üzüm yeyə-yeyə, bir-birinə sarılmış olan bu ağaclara nəzər salaraq bir qədər söhbət etdilər. Sonra nə fikirləşdilərsə, mişarı da götürüb çıxıb getdilər. Sonralar onlar ora yenə qayıtsalar da, daha mişarla yox, səbətlə qayıtdılar.

Beləcə fəsillər bir-birini əvəz etdi. Onlar birlikdə qol-budaq ataraq yaşlandılar.  Qovaq çopuru düz başının üstünə – gövdəsinin ucuna qədər çıxartmışdı. Çünki onun yeri elə, həqiqətən də, ora idi.

Həmin o qara, çopur üzüm tingi nəinki qovağa, bağdakı bütün ağaclara sevgi dərsi, hörmət dərsi, həyatla mücadilə dərsi keçdi. O, qovağı tənədən, kəsilməkdən qurtarsa da, ona həyat, ucalıq bəxş etsə də, onu vicdan əzabından qurtara bilmədi.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün  ADPU-nin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru Leyla Cəlalovanın məqaləsi təqdim ediləcək.

 

 

Leyla CALALOVA

 

AZƏRBAYCAN SEVDALI, DÜNYA ŞÖHRƏTLİ JURNALİST - LEYLA VƏKİLLİ

 

Azərbaycan və türk xalqının ortaq dəyəri olan dünya şöhrətli Leyla Vəkillinin parlaq ruhuna ithaf etdiyim bu yazı onun geniş diapazonlu və çoxsahəli yaradıcılığının müəyyən çalarlarını ehtiva edir. İnşallah, gələcək tədqiqatlarda onun şəxsiyyətini və yaradıcılığını daha dərindən öyrənəcəyimizə ümid edirəm.

Leyla Vəkillinin duyğularını mənə doğmalaşdıran onun kimi mənim də uşaqlıq illərimin heç görmədiyim vətən haqqında xatirələr ilə bağlılığıdır. Həyatımda ən çox təəssüf etdiyim məqamlardan biridir Leyla Vəkilli ilə şəxsi tanışlığımın olmaması. Tək ona görə yox ki, dünya miqyasında tanınmış jurnalist idi. Jurnalist deyib keçməyək, Leyla xanım sıradan bir jurnalist deyil, eyni zamanda hərbi jurnalist, Afrika, Latın Amerikası, Yaxın Şərq Fələstində müharibə, Nikaraqua və Əlcəzairdə vətəndaş müharibələrinin içində yer alan bir jurnalist idi. Təəssüfüm, çox zəngin həyat yolu keçən, dünyagörüşlü bir insanla ünsiyyətlə bərabər, qohum kimi həmişə mənə maraqlı şəxsiyyət kimi görünən Leyla xanımın xarakterində, simasında fərqli coğrafiyalarda, fərqli rejimlərdə, fərqli mədəniyyətlər və fərqli təbəqələrdə yaşamalarına baxmayaraq, eyni soy-kökdən olan qohumlarla oxşarlığı, bir ocağın fərqli cəmiyyətlərə səpələnən övladlarının bənzərliyinin müqayisəsi idi. Müqayisə o qədər böyükdür ki!

Şərur-Dərələyəzin Çivə kəndindən Sarbonnoya qədər gedən yol və Çivədən sovet rejiminin amansız basqıları və Stalinin köçürülmə siyasətinin qurbanları kimi Bakıya, Bərdəyə gedən yolda ölüm-dirim, həyatda qalmaq savaşı! Bəzən fikirləşirəm, onunla görüşsəydim, söhbəti hardan başlayacaqdım? Ortaq yerimiz ata-babalarımızın yurd yeri Çivə idi, bəlkə də, ordan başlayacaqdıq, başlanğıcdan... Leyla xanımın atası Həsənalısultan bəy Vəkilov Azərbaycanın ilk ali təhsilli hüquqşünaslarındandır. O, 1887-ci ildə, Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvan gimnaziyasında aldıqdan sonra, Rusiyada Xarkov Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1930-cu illərə qədər Tiflis Dairə məhkəməsində çalışıb. Orada Mariya adlı bir gürcü xanımla evlənib.

Mühacirətə getmək məcburiyyətində qaldıqda Mariya xanım onunla getməkdən imtina edir. 1930-cu ilərdə Türkiyəyə mühacirət edir. Türkiyədə Krım türkü olan Safiyə adlı xanımla ailə quran Həsanalısultan bəy Vəkilov Parisə köçür və orada 21 fevral 1932-ci il tarixində ailənin yeganə övladı balaca Leyla dünyaya gəlir. Bir müddət sonra ailə yenidən İstanbula qayıdır.

İstanbulda uşaqlığı keçən Leyla Vəkilli 1 saylı Notre Dame fransız Gimnaziyasında təhsil alır. Daha sonra Fransanın ən qədim və ən məhşur ali təhsil müəssisəsi olan Sorbonne Universitetinin sosiologiya fakültəsini bitirir. Fransada jurnalist kimi fəaliyyətə başlayan Leyla Vəkilli həmçinin Sorbonno Universitetində dərs deyir. Dünyanın nəhəng media orqanlarından sayılan, 184 ölkədə bürosu olan Sipa-Press Agentliyində çalışır, jurnalist fəaliyyəti ilə bağlı dünyanın ən qaynar nöqtələrində yer alır. Əlcəzairdə ağır avtomobil qəzasına düşərək ölümlə üzləşir. Sınıq sümüklərinə məhəl qoymayaraq, elə oradaca 1965-ci ildə marksist-inqilabçı və siyasətçi Argentinalı Ernesto Çe Gevara ilə görüşü tam 3 saat davam edir. 1962- ci ildə Fransada türk inqilabçı poyeziyasının banisi, şeirləri vətən həsrətli Nazim Hikmətlə görüşür. Leyla xanım hərbi hadisələri siravi insanların gözü ilə yayımlayan, 20 min tirajla çap olunan "Defi" jurnalının baş redaktoru olur.

Eyni zamanda Fransada Türk Film Festivalının qurucularından biri kimi tarixə düşür. Leyla Vəkilli: "Mənim uşaqlığım vətən haqqında hekayələrlə keçib. Atamın Azərbaycandan çox sayda dostları var idi. Mən rus dilini bilirəm, atam belə istəyirdi, rus dili və ədəbiyyatı onun çox xoşuna gəlirdi. Hər cümə axşamı azərbaycanlı ailələr, eləcə də nənəm Şirin Səfiyevanın əmisi oğlu – Türkiyənin görkəmli rəssamı İbrahim Safibizim evimizə toplaşardılar. Beləliklə, Azərbaycanda baş verənlərlə bağlı uzun müzakirələr başlanırdı. Hətta nə baş verdiyini bilməsələr də, söhbət etməyə mövzu tapırdılar."

Hardansınız? – deyə soruşulduqda –"Mən azərbaycanlıyam!" – ömrünün bəlli bir yaşına qədər nə Azərbaycanı görən, nə də bütün qohumları ilə əlaqəsi olan Leyla xanım balə cavab verərdi. Onunla, 79 yaşında Bakıdan qohumları hüquqşünas Səməd Vəkilov və Aygün Vəkilovanın axtarışları nəticəsində əlaqə qurulur. Sonra S.Vəkilov ona əmiləri görkəmli dövlət xadimləri İlyas və Qəzənfər Vəkilovların şəkilini yollayır. Ömrü boyu qohumlarını axtaran, axtarış zamanı Hindistana qədər gedib çıxan, sadəcə, soyad bənzərliyi olduğunu bilib ümidləri boşa çıxan Leyla xanım əlindəki fotolara baxıb bir neçə gün ağlayır. Heç üzünü görmədiyi, şəkildə gördüyü əmisi Azərbaycanın görkəmli iqtisadçısı və dövlət xadimi, İlyas Vəkilov idi. İlyas Vəkilov Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri, Bakı Şəhər Soveti Plan Komissiyasının sədri kimi mühüm vəzifələrdə çalışmışdı. Fərqli rejimlər və cəmiyyətlər belə, bu insanların əsalətini əlindən ala bilmədi. 79 yaşında o, ata-baba yurdu Çivəyə gələ bilməsə də, Bakıya gəlir. "Bir qadın, 79 yaşında bundan böyük bir şey arzulayarmı?" – deyir Leyla xanım Vəkilli. 1996-cı ilə qədər Fransada yaşayan Leyla xanım, həmin il Türkiyəyə, Bodrumun Muğla şəhərinə köçür.

26 noyabr 2017-ci ildə 85 yaşında vəfat edən beynəlxalq hərbi jurnalistin, ssenaristin, rejissorun mirası Azərbaycanda yetərincə tanınmasada, tanıdılması ümidi ilə Allahdan ona rəhmət diləyirəm. Azərbaycan əsilli, dünya şöhrətli yurddaşımızın ruhu şad, məkanı cənnət olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

 

Bazar ertəsi, 08 İyul 2024 16:37

Hər şey rasionallar üçün! Bəs irrasionallar?

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Psixologiyada da, astrologiyada da, numerologiyada da, fizioqnomikada da insanların bir çox tiplərinə və alt tiplərinə rast gəlmək mümkündür. Ancaq onları bütövlükdə iki böyük kateqoriyalara bölürlər:

Rasionallar:

 - Bu insanlar ardıcıldırlar, planlaşdırılmış, təşkilatlandırılmış, öncədən düşünülmüş həyat sürürlər.

İrrasionallar:

 - Bunlarsa impulsiv, nizamsız, improvizəedilmiş, düşünülməmiş həyat sürürlər.

Demək olar ki, bütün zamanı idarə etmək, planlaşdırmaqla bağlı təlimlər rasionallara uyğun gəlir. Öz həyatlarını qrafiklə idarə edən bu adamların əksəriyyəti böyük kompaniya və korporasiyalarda idarəçilik bürokratiyası atmosferində, bəziləri isə öz şəxsi bizneslərinin monotonluq atmosferində məqsədə, uğura doğru addımlayırlar. Cari və perspektiv planlar, aylardan, rüblərdən, dekadalardan, illərdən ibarət zaman bölgüsü, qrafiklər, hesabatlar və s. və i. onların həyatlarının ayrılmaz hissəsidir.

Amma irrasionallar üçün bütün bunlar yad şeylərdir, tam azad mühit, yaradıcılıq atmosferi, sərt tələbkarlığın olmaması – onlarçün ən ideal variantdır.

Adətən sivil cəmiyyətlərdə rasionalları ciddi, irrasionalları isə qeyri-ciddi hesab edirlər. Yer kürəsində, hesablamalara görə, rasionalların irasionallara nisbəti 49%-in 51%-ədir.

Əziz oxucum, sən hansı insan tipindən olduğunu bilirsənmi?

Psixologiyada bu iki tip insanların əlamətlərinin dəqiq bölgüsünə rast gəlmək olur. Bu bölgülərə nəzər yetirsən sən də öz tipini müəyyənləşdirə bilərsən. Belə ki, rasionallar:

 - Qayda-qanunu sevirlər, hər şeyin öz yerində olmasını xoşlayırlar;

 - İşə ciddi yanaşır, nizam-intizama riayət edirlər;

 - Situasiyaya nəzarət varsa, hər şey müəyyənlik içindədirsə, onlarçün çox rahatdır;

 - Yekcins işə rahat alışırlar;

 - Dəqiq planlar qurub onlara əməl etməklə öz məqsədlərinə çatmağı sevirlər. Onların bir qlobal, əsas hədəfləri və bir neçə alt hədəfləri olur;

 - Dəqiq və punktual işləyirlər, keyfiyyətlə işləyirlər.

 - İşgörmə qabiliyyətləri, qarşıya qoyulan işlərin yerinə yetirilməsi onların əhval-ruhiyyəsindən olduqca az asılı olur;

 - Qənaətçil olur, vəsaitlərini növbəti günlərə bölürlər;

 - Rasionalların hədəfə çatmaq üçün həmişə bir neçə planları, vasitələri olur. Biri alınmayanda onlar digərlərinə keçirlər;

 - Daim mütaliə edir, yeni biliklər almağa çalışır, istifadə etdikləri ədəbiyyatı əvvəldən sonadək oxuyurlar;

 - Naharda və şamda nə yeyəcəklərini səhərdən bilirlər, həftənin ortasında şənbə və bazar günlərinin qrafikini cızırlar;

 - Gözlənilməzliklər, qeyri-stabilliklər və xaos onlara çox pis təsir göstərir, planlarının pozulması onları stress halına belə gətirir;

 - Seçdikləri hər hansı sahədə, adətən, onlar böyük peşəkar olur, öz işlərinin ağasına çevrilirlər.

İrrasionallar isə:

 - Bir neçə məqsədli olurlar, ən müxtəlif sahələrdə uğur qazanmağa çalışırlar;

 - Rasionallardan fərqli oalarq hədəfə çatmaq vasitələri keçərli olmayanda vasitəni yox, hədəfi dəyişirlər;

 - Yekcins işə alışa bilmirlər, hətta buna məcbur olsalar belə eyni işi görməyə müxtəlif formalar düşünüb tapırlar;

 - Monotonluq onların düşmənidir;

 - Tam gözlənilməz, proqnoza gəlməz olurlar;

 - Situasiyaya nəzarəti itirmək, qəfildən gözlənilməzliklərlə rastlaşmaq onları narahat etmir, cəld qərar qəbul edib situasiyaya uyğun hərəkət edə bilirlər;

 - Qayda-qanun, nizam-intizam onlarçün xoşagəlməzdir;

 - Səliqə-səhman yaratmırlar, dağınıq şəraitdə belə heç nə olmayıbmış kimi yaşaya bilirlər;

 - «Naharda nə yeyəcəksən?», «Bu işi neçə vaxta görə bilərsən?», «Qonaqlıqda neçə saat oturacaqsan?» kimi suallara cavab verməkdə çətinlik çəkirlər;

 - Kitab oxuyanda ardıcıllığa riayət etmir, daha maraqlı yerləri axtarır, maşın sürürlərsə tıxacla rastlaşanda gözləmir, cəld həmin küçədən çıxıb alternativ yolla hərəkət edirlər;

 - İş qabiliyyəti tam əhval-ruhiyyələrindən asılıdır. Kefləri yoxdursa, asanca bugünkü işlərini sabaha qoyurlar;

 - Qənaət nə olduğunu bilmir, əllərinə gələn vəsaiti elə həmin gün də xərcləyib qurtarmağa çalışırlar.

 - Həyatda daha çox uğursuzluqla rastlaşırlar. Sabaha doğru gözü bağlı getmək, «harada qırıldı, qırıldı» devizi ilə yaşamaq onlara, adətən, ziyan gətirir.

 - Uğurlu irrasionallar çox az olur. Amma belələri olursa da, artıq onlar düha olurlar, ətrafındakıları sözün həqiqi mənasında təəccübləndirirlər. Bu insanlar eyni zamanda bir neçə dil bilir, bir neçə biznes idarə edir, bir neçə idman növü ilə məşğul olur, səyahət edir, incəsənətə meyil göstərir, bir çox tədbirlərə qatılır, yeni-yeni insanlarla ünsiyyələ can atırlar.

Söhbətimizin əvvəlində mən qeyd etdim ki, uğurlu adam olmaq, lider olmaq üçün bütün təlimlər rasional adamlara yönəlib. Çünki uğurlu olmaq hədəfi vurmaq üçün nizam-intizamlı, planlı, vaxta nəzarət edən insan olmaq vacib sayılır. Demək, bizim bu kitabımızda yazılanların da böyük əksəriyyəti rasionallar üçündür. Bəs onda irrasionallar necə olsunlar? Məgər mənim oxucularım arasında belələri azdır?

Heç narahat olmağa dəyməz! Sən demə, psixologiyada irrasionallar üçün də effektiv, zəmanətli uğur düsturları var imiş.

Növbəti söhbətim bu barədə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

 

Bazar ertəsi, 08 İyul 2024 15:36

Şəhidlər barədə şeirlər - Aqşin Ənvərli

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Aqşin Ənvərli

 

Aqşin Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb. Subay idi.

Aqşin Ənvərli 2018-ci ildə tibbi xidmət leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi.

Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininQubadlınınŞuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsi alıb. Qəbələ rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Ənvərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Ənvərli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

 

 

Bir igid tanıyıram,

Arzusu, kamı boyda.

Bir igid tanıyıram,

Özü vətən boydadır,

Məzarı hamı boyda.

 

Bir igid tanıyıram,

Ölməzlik qalasıdır.

Məqsədindən, yolundan

Dönməzlik qalasıdır.

 

Tanıyıram, o igid,

Dava leytenantıdı.

Yaralı əsgərlərin,

Müharibə həkimi,

Şəfa leytenantıdı.

 

Bir çiynində çantası,

Bir çiynində silahı,

Savaşda şəfa verən,

Müharibə allahı.

 

Səninlə fəxr edirik,

Ey müqəddəs ruh təbib.

Dağlardan uca təbib,

Çaylardan duru təbib.

 

Bizimləsən, dəyişmir

Şəhid dünyanı, Aqşin.

Dayan, dayan, qoy baxım...

Barmağın hanı, Aqşin?

 

Səndən öncə barmağın

Qarışıbdı vətənə.

Neçə güllə sığırmış,

Görəsən, bir bədənə?

 

Görəsən, kim böyükdü,

Zəfər axşamı boyda?

Özün vətən boydasan,

Məzarın hamı boyda.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Şeir vaxtıdır, sizləri Aysel Nəsirzadənin şeirləri ilə tanış edəcəyik.                                           

 

 

QUM SAATI

 

Ömrümə şeir boylanır,

Kəm xoşbəxtlik misrası.

Yuxulu dəniz səhəri,

Boylanır son hecası.

 

İlk iki heca düşüb,

Qalıb gün batımında.

Ömür süzülüb gedir,

Bitir qum saatında.

 

Həyat mənasız gəlir,

Düşünürsən, keçmir vaxt.

Yel qanadlıdı illər,

Gənclikdən yoxdu soraq.

 

Göz dikilir göylərə,

Günəş çıxır, ay batır.

Göz göyə dikilsə də,

Son mənzil torpaqdadır.

 

Nə var-dövlət, nə mal-mülk.

Nəfsini tox tutana.

Əbədi heç nə yoxdur,

Borcluyuq quru cana.

 

 

SƏNSİZ UCALMAQ OLMAZ

 

Hər dərddə mübtəda sən, hər ağrıya xəbərəm,

Ayı doğmayan gecə, günəş gəzən səhərəm.

Sən məndən uzaqdasan, mən sənsiz birtəhərəm,

Belə öc almaq olmaz.

 

Qəlbindən eşqi aldım, səpdim şeirin sətrinə,

Şeirim çiçək açdı, büründü eşq ətrinə.

Bu qızın da mövludu düşüb təvəllüdünə,

Mənsiz qocalmaq olmaz.

 

İki başı yoxuymuş qarğış kimi alqışın,

Dua etdim, yazılsın qismətimə naxışın.

Ən yüksək zirvəmdir, bil, sevgi dolu baxışın –

Sənsiz ucalmaq olmaz.

 

 

MƏN SƏNƏ GƏLİRƏM…

 

Güzgüdə çiliklənir əksim,

İlahi, kimdir bunlar?!

Çilik-çilik olanların hanı bütöv bir “Mən”i ?

Kim qaraya sürmələdi yaşla dolu gözlərimi,

Kim soldurdu baxışımı?

Kim dəyişdi o sən yazan taleyimin naxışını?

Artdıqca artır alnımdakı ağrıların xəritə izi,

Beynimə agah olmur ürəyimin üsyan səsi.

Əksliklərin vəhdətidi

gerçəkliyin içində məhv olan Mən.

İlahi,

Mən Sənə gəlirəm, Sənə gəlirəm…

 

 

***

Bütün olmaz nə var, cəm olmuş məndə,

Bütün olmazlara oldu deyən mən.

Baxdım ki, ortada bir mən qalmamış

Bütün olmazlara oldu deyəndən.

 

Qırılmış ruhumun qolu, qanadı,

Məndə mənə aid arzu, dilək yox.

Əlimi qoydum sinəmin üstünə,

Duyğuyla yaşayan həzin ürək yox.

 

Hanı dünyanı qurtaran o qız?!

Xəyalı göylərdə pənbə buludlu.

Kim aldı qəlbimdən o qəhrəmanı,

Bu qız o saf qızı harda unutdu?

 

 

SUSQUNLAŞAN AĞRILAR

 

Dəniz yorğun ruhunu təslim edər sahilə,

Bəzən də dalğa-dalğa qayalara dağılar.

Ürəyim də dərdini açıb deyər qələmə,

Susqunlaşan ağrılar şeirlərə yıxılar.

 

Kağız üstə göynəyər kəlmələr, qafiyələr,

Ömrün yaşantıları heca-heca dil açar.

Fikirlər misra-misra havalanar göylərə,

Əlim çatmayanlara doğru uçar, hey uçar.

 

Bir uşaq saflığıyla bəndlər gələr yanaşı,

Boynubükük kəlmədə neçə tale görüşər.

Mən məndən yazdığımı düşünərkən yazanda

Bir həsrət şeirindən neçəsinə pay düşər.

 

Təkcə mən deyiləm ki kədəri başdan aşan,

Həyat asan olmayıb gəlib-keçən hər kəsə.

Betərindən saxlasın, Allah, budur təsəlli,

Onsuz da həyat qısa, onsuz da ömür kəsə.

 

 

İKİNDİ AZANIYLA...

 

İkindi azanıyla yol alır

Üfüqə doğru günəş.

Yol aldığı yerdən sarır buludları atəş rəngi.

Bəzəyir göy üzünü

Qırmızının sarıyla ahəngi.

Qıyıldıqca günün gözü

Zamanı xatırladır –

Dünəni xatirə,

Sabahı xəyal,

Bu günü acısıyla,

Şiriniylə gerçəkliyin bəmbəyaz üzü.

 

 

SƏN ÜMİDSƏN

 

Ən ağır itkilərdən sonra belə

İnsan tutunur həyata –

Zərrəcə bir ümiddən!

Çünki kimin üçünsə də sən

Yaşamaq üçün ümidsən.

 

 

HƏYATIN ÖLÜMƏ NİSBƏTİ

 

Axşamdan qalma yalanlar olur –

Sabaha satdığımız,

Özümüzü aldatdığımız.

Hər aldanış

Uğursuzluğumuza bir ümiddir.

Uğradığımız hər xəyal qırıqlığında

Ümid tutdu əlimizdən,

Həyat üçün böyütdü.

Odur yaşam səbəbi,

Həyatın ölümə nisbəti.

Ümidin hesabına həyat üzümüzə gülür,

Hər şeyə rəğmən, insan öləndə belə

Cənnətə düşmək ümidilə ölür.

 

 

***

 

Hilalın əksi düşür dənizə,

Zülmətin yarıb gecənin.

Sanki almış şəhəri qoynuna

layla çalır.

Göy üzü yaxın gəlir,

yerə ulduz səpilir,

Bir baxışdan min baxışa

özgə bir nəzər salır.

Sığal çəkir dalğalar

xəfifdən narın qumlara,

Dəniz coşub daşdığı sahilin

könlün alır.

 

 

ÖZÜ YIXILAN KƏSİN

 

Özü yıxılan kəsin

Gözündə yaşı olmaz.

Darıxmağın vədəsi,

Bəlkəsi, kaşı olmaz.

Xoşbəxtlik ilıq mehtək

Toxunar qəlbə, keçər.

Tale ölçü götürər,

Həsrəti ömrə biçər.

Keçər ömür qatarı

Arzuları aparar.

 

Xatirələr qoynunda

Xəyallardan qoparar.

Gündüzün fikirləri,

Gecənin dərd-ələmi.

Görən, xoşbəxt olaram…

Yerə qoysam qələmi?

 

 

HƏSRƏT YOLU

 

Sənsiz bu şəhərə

Nə gecənin qaranlığını yaran

Ay mavisi boylanır,

Nə gündüzünü aydınladan şəfəq sarısı.

Ala-toranlıqdı xəyallar,

Ümidsizdi arzular.

Hər şey kəm-kəsir,

Ürəyim qəfəsdə susqun, əsir.

Darıxmaq var, darıxmaq,

Ağlamaq var, gözü dolu.

Saxsıdakı çiçəkləri

Göz yaşıyla sulayaraq,

Pəncərə önündən başlayır həsrət yolu.

 

 

KÖLGƏ OYUNU

 

(Qızım Nilufər üçün)

 

Öz kölgəsiylə oynayır Nilufər,

O gedir, kölgə uçur qabaqda ürkək kəpənək kimi.

Tapdalamaq istəyir, tapdalaya bilmir,

Tutur, tuta bilmir,

Qaçır, çata bilmir.

Düşür kölgənin üstünə hünəri dəyənək kimi,

günəşin əksində günəşdən əzəmətli addımlayır.

Bir an fərqinə varır – yanında ananın nəhəng kölgəsi,

Nəvazişlə səslənən səsi,

Qaçıb öz kölgəsinə çata bilməyən balaca

yorğun vücudu.

Sığınır nəhəng kölgənin qucağına,

Günəşdən qıyılmır gözləri, dincini ala-ala

Rahat boylana bilir ətrafına,

Yolun elə ən başında fərqinə varır –

Sığındığı güvənilir,

 kölgənin içində öz kölgəsi qeyb olub,

Ana kölgəsində vücudu dincəlsə də,

ruhu sıxılmışdı öz kölgəsinin yoxluğuna.

Təlaşla çıxıb atılır günəşin qoynuna...

Günəş azadlıqdır …özgürlükdür …hürriyyətdir…

Onun işığıyla öz kölgəsinin izinə düşür –

İnamlı, cəsur, özgür.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.