
Super User
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Qoca...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Qoca” şeiri ilə.
“Mənim ümidlərim qocalıb daha,
Qoca adam kimi əsir əlləri...” -deyir şair.
Gözəl poetik bənzətmədir, deyilmi?
Xoş mütaliələr!
Mənim ümidlərim qocalıb daha,
Qoca adam kimi əsir əlləri...
Gözlərim qocalıb bəbəyiməcən,
Qocalıb gözümdə göz yaşlarım da.
Bəlkə göy üzü də qocalıb elə-
Min ildi göylərdən eyni ay baxır...
Qocalıb anamın nağılları da-
Alma ağacı da göydə qocalıb.
Qocalıb əynimdə bu qara pencək,
Şəklim də qocalıb ev albomunda.
Tutub əllərindən qoca arzumun,
“Qocalar evi”nə aparam gərək.
...Saqi, qədəhlərə qoca şərab süz
İçək sağlığına bu cavan qəmin...
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)
Əlibala Məhərrəmzadənin yeni kitabı - “Atabəylər: Şəmsəddin Eldəniz”
“XAN” nəşriyyatında yazıçı Əlibala Məhərrəmzadənin “Atabəylər: Şəmsəddin Eldəniz” kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalına müəllifin verdiyi açıqlamaya görə, kitabda XII əsrdə baş vermiş və indiyə kimi elə də işıqlandırılmamış tarixi hadisələrdən bəhs edilir.
Roman Atabəy Şəmsəddin Eldənizin uşaqlığından başlayaraq Naxçıvandakı idarəçilik dönəminə qədər başına gələnləri, eyni zamanda, həmin dövrün ictimai-siyasi mühitini işıqlandırır, tarixi şəxsiyyətlərin, o cümlədən də Möminə Xatunun görünən və görünməyən tərəflərini oxucuya çatdırır.
Əsərdə obrazlı dillə batinilər təriqətinin törətdiyi sui-qəsd və basqınlardan, bunların Azərbaycan tarixinə təsirindən də danışılır.
Bundan başqa, saray çəkişmələri, eləcə də Səlcuqlu dövlətinin zəifləməsi fonunda idarəçiliyin xaosa sürüklənməsindən, separatçılıqdan, yadelli basqınlarının intensivləşməsindən də söz açılır.
Elə bu məqamda tarix səhnəsinə Atabəy Şəmsəddin Eldəniz çıxır...
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş roman olduqca maraqlı və oxunaqlıdır.
Yazıçıya sualımız belə oldu:
-Bəs Atabəy Şəmsəddin Eldənizin həyatının növbəti dönəmləri, Azərbaycan tarixinin sonrakı hadisələri necə, onlar barədə bəhs etmək fikriniz varmı?
Bu isə onun cavabı:
-Əlbəttə, oxucuların romana maraq göstərəcəyinə inamım böyükdür, bu kitab 1-ci kitabdır və mütləq davamı olacaq.
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)
CAVİD ZEYNALLI: “Cari mövsümə “Ölülər” tamaşası ilə yekun vuruldu”
Akademik Milli Dram Teatrı ölkəmizi II Rusiya Milli Teatrları Konqresində və Rusiya Milli Teatrlarının Birinci Yay Festivalında fəxri qonaq qismində təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalı təəssüratlarıyla bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallıya müraciət edib və aşağıdakı məlumatları alıb:
Akademik Milli Dram Teatrının iştirak etdiyi Rusiya Milli Teatrları Konqresi və Rusiya Milli Teatrlarının Birinci Yay Festivalı Suzdal şəhərinin 1000 illik yubiley tədbirləri çərçivəsində, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Mədəniyyət Təşəbbüsləri Prezident Fondu, Vladimir vilayəti hökuməti, Suzdal Muzey-Qoruğu və Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) təşkilatçılığı ilə reallaşmışdı.
Tədbirdə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov “Maarif və təhsil: milli teatrlar yeni mənaların doğuş nöqtələri kimi”, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov isə “Milli teatrın gələcəyi: ənənə və innovasiyanın balansı” mövzusunda təşkil olunan panel-müzakirələrdə çıxış etdilər. Konqres çərçivəsində 20-yə yaxın Rusiya milli teatrlarının rəhbəri ilə, o cümlədən, Aleksandrinski Teatrının, Tatarıstan Dövlət Akademik Milli Teatrının, Başqırd Dövlət Akademik Milli Dram Teatrının, Kalmıkiya Milli Dram Teatrının rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, festivallarda iştirak və master-klasların təşkili haqqında müzakirələr aparıldı. Müzakirələr əsnasında ötən il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Aleksandrinski Teatrı arasında yaradıcılıq proqramı hazırlandı. Bu proqram çərçivəsində teatrımız Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunmuşdu.
Forum zamanı yaranan əlaqələrin nəticəsi olaraq Akademik Milli Dram Teatrı ilə Aleksandrinski Teatrı arasında əməkdaşlıq memorandumu imzalandı. Layihə çərçivəsində Akademik Milli Dram Teatrında “Rusiya səhnəsinin seçilmiş obrazları” adlı sərginin açılışı oldu.
Bu mövsümdə Milli Teatr IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizi təmsil etdi. Forum çərçivəsində teatr sənətinə həsr olunan xüsusi paneldə Rusiya, Belarus və Serbiya milli teatrlarının rəhbərləri ilə yanaşı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov çıxış edib, həmçinin Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanov, Belarus Akademik Milli Teatrının direktoru Aleksandr Şastakoyla görüşüb, qarışılıqlı əməkdaşlıq, qastrol səfərlərinin və festivalların təşkili haqqında müzakirələr apardı.
Digər uğurumuz isə Rusiyanın Aleksandrinski Teatrı ilə teatrımız arasında əməkdaşlıq Memorandumu imzalanmasıdır. Memorandumun imzalanması Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Memoranduma qastrol səfərlərinin, dəyirmi masaların, konfransların və ustad dərslərinin təşkili daxildir. Sankt-Peterburq Aleksandrinski və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində ustad dərsləri keçirildi.
Həmçinin teatrımız Qazaxıstanda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB), Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda ölkəmizi təmsil edib. Beynəlxalq tədbirdə iştirak Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə reallaşıb. Forum çərçivəsində Uyğur Respublikasının K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında teatrımızın “Sənsiz” tamaşası nümayiş olunub. Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayevdir.
Cari mövsümə isə “Ölülər” tamaşası ilə yekun vuruldu. 2016-cı ildə premyerası olan tamaşaya uzun illərdir böyük maraqla baxılır. Səhnə əsəri 100 dəfədən çox nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)
Azərbaycan Dövlət Yuğ Teatrında yeni tamaşa təqdim edilib
Azərbaycan Dövlət Yuğ Teatrında rumın yazıçısı və dramaturqu Matey Vişnekin pyesi əsasında səhnələşdirilmiş P.A.N.D.A. tamaşasının premyerası olub. Quruluşçu rejissor qismində teatrın baş rejissoru Mikayıl Mikayılov çıxış edib.
AzərTAC xəbər verir ki, tamaşanın premyerasına mədəniyyət və incəsənət xadimləri, bakılılar və paytaxtın qonaqları toplaşıblar. Rolları Günəş Tegin və Oqtay Mehdiyev ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Humay Həsənovadır.
Matey Vişnekin əsrarəngiz, romantik və eyni zamanda mistik pyesində hadisələr çətin qanunlar əsasında inkişaf edir və mətndə olduğu kimi, tamaşa da bir çox mənalarla doludur.
Rejissor Mikayıl Mikayılov tamaşaya hazırlıq prosesinin necə getdiyi barədə AzərTAC-ın müxbirinə danışıb.
“Mən bu tamaşanı Rusiyada, Novosibirskdə, “Krasnı fakel” teatrında səhnələşdirmişəm. Çoxdan istəyirdim ki, tamaşaçılarımız da ona baxsınlar. Ona görə də quruluş üçün bu tamaşanı seçdim. Pyes aktyorların xoşuna gəldi və biz onu deşifrə etməyə başladıq. Yanvarda mətni oxumağa başladıq, apreldə isə məşqlər daha intensiv hal aldı. Proses çox maraqlı keçdi!” – deyə rejissor qeyd edib.
P.A.N.D.A. tamaşası “21:15-də qatar” ilə birlikdə teatrın ümumi mövzunu birləşdirən tamaşalar silsiləsinə daxil edilib.
Quruluşçu rejissor qeyd edib: “Bu, sevgi və ölüm mövzusudur, Eros və Tanatosun vəhdətidir və yenidən doğuşa aparır. Silsilə çərçivəsində hələ hazır olmayan üçüncü tamaşa gözlənilir - bu, İvan Vırıpayevin “İllüziyalar” pyesidir.
P.A.N.D.A. tamaşasının nümayişi teatrın yeni mövsümündə - 2024-cü ilin sentyabr ayından etibarən davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)
İfaçılarımız Özbəkistanda muğam müsabiqəsində mükafatlandırılıb
Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə keçirilən II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumunda ölkəmiz də uğurla təmsil olunub.
AzərTAC xəbər verir ki, 80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə tanınmış incəsənət xadimləri, sənətşünas və gənc ifaçılardan ibarət nümayəndə heyəti təmsil ediblər.
Dörd gün davam edən II Beynəlxalq Maqom Sənəti Forumunun bağlanış mərasimində forum çərçivəsində təşkil edilən muğam müsabiqəsi qalibləri mükafatlandırılıb. Qalibləri Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov və Cizzax vilayətinin hakimi Erqaş Saliyev mükafatlandırıb.
Qeyd edək ki, muğam müsabiqəsinin beynəlxalq münsiflər heyətində Azərbaycanı Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi təmsil edib. Münsiflər heyətində Tacikistan, Misir, ABŞ, Hindistan, Türkiyə və Özbəkistandan mütəxəssislər yer alıb.
Müsabiqədə “Ən yaxşı muğam ifaçısı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı muğam sənəti müəllimi”, “Ən yaxşı muğam təbliğatçısı”, “Ən yaxşı gənc ifaçı”, “Ən yaxşı muğam bəstəkarı”, UNESCO, ICESCO və TÜRKSOY-un mükafatları təqdim olunub. Müsabiqənin Qran-Pri mükafatına İranın “Force” ansamblı, I yerə ansambl üzrə Özbəkistan Makom Milli İncəsənət Mərkəzinin Yunus Rəcəbi adına “Makom” ansamblı və solo ifa üzrə birinciliyə Tacikistan Milli Konservatoriyasının solisti Xurşid İroximzoda layiq görülüb.
Ölkəmizi təmsil edən “Vətən” muğam qrupu – Nisbət Sədrayeva, Səfalı Mirzəliyev (hər ikisi xanəndə), Ruslan Zərbəliyev (tar), Pərviz Fərhadov (kamança) və Səyavuş Kərimov (nağara) TÜRKSOY-un mükafatı ilə təltif olunub. Onlara festivalın diplomu, müxtəlif hədiyyələr və pul mükafatı təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)
Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir
Bu günlərdə “Azərbaycanfilm” kinostudiyasının həyətində hindistanlı aktyor Ajut Kumarın rol aldığı “Vidaamuyarchi” (Cəhd etmək) filminin çəkilişləri aparılıb.
AzərTAC xəbər verir ki, filmin çəkilişləri “Film Bridge Azerbaijan” şirkətinə həvalə olunub.
Filmin prodüseri Emin Quliyev deyib ki, filmin çəkilişləri ötən ilin oktyabr ayında başlayıb, dekabrda fasilə verilib və indi yenidən davam etdirilir. Filmin bəzi kadrları Xızı, Qobustan, Ələt, Şamaxı ərazisində aparılıb.
İndiyədək 30-dan çox hind film layihəsini Azərbaycana gətirdiklərini söyləyən E.Quliyev söyləyib ki, onlar, ilk növbədə, məkanlara gəlib baxıblar. “Layihəyə başlayanda seçimdə Birləşmiş Ərəb Əmirlikləri (Əbu-Dabi şəhəri), habelə Mərakeş və Azərbaycan var idi. Hər üç ölkəni gəzib Azərbaycanı seçdilər. Səhralığı Qobustanda və Xızıda lentə aldılar. Bədii filmin birinci hissəsində hadisələr bütünlüklə Azərbaycanı əks etdirir. Sonradan Gürcüstanda da çəkilişlər olmalı idi. Azərbaycana tam uyğunlaşdıqları üçün Gürcüstan səhnələrini də Azərbaycanda lentə aldılar. Filmi lentə alan şirkət Hindistanın cənubunda, Tamilnad ştatının Çennai şəhərində yerləşir”.
Azərbaycan Mədəniyyət Nazirliyinin ölkəmizin təbliği məqsədilə bu cür çəkilişlərin aparılmasına dəstək olduğunu söyləyən filmin prodüseri deyib ki, bu ekran əsərində bizim aktyorlardan Xalq artisti Vidadi Həsənov, həmçinin Cavanşir Hadıyev, Tural Əhməd, Vüsalə Ağayeva və Svetlana Bulaxın rol alıb.
Qeyd edim ki, “Vidaamuyarchi” filmi rejissor Magizh Thirumeni tərəfindən lentə alınan döyüş filmidir. “Lyca Productions” və “Subaskaran Allirajah” tərəfindən istehsal olunur. Filmin Hindistan premyerası 2024-cü ilin oktyabrında nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)
STATUS YAĞIŞI - Ulucay Akiflə
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını şair Ulucay Akif üçün açır. Buyurun.
“İndi onu xatırlayanda, sadəcə gülümsəyirəm…”
6 iyul günü atamın ölümündən iyirmi il ötdü. Nə az, nə çox, düz iyirmi il. Doqquz yaşım var idi onda, indi iyirmi doqquzdu.
Həmin günü, həmin ayları, həmin illəri nöqtə-vergülünə qədər xatırlayıram.
Onun məzarı başında hönkür-hönkür ağlamağımı, stol arxasında atamın boş qalan yerini, yeməyi iştahsız yeməyimizi, bəzən elə süfrədə bir-birimizə qoşulub ağlamağımızı, altı ay televizoru açmamağımızı, televizorumuzun xarab olmağını, anamın əziyyətlərini, anamın güclü olmağını, anamın sadiqliyini, anamın vəfasını, bir çətinliyə düşəndə bunu hamıdan gizlətməyimizi, təhsil haqqı ödəmək imkanımız olmadığı üçün ilk il universitetə getməməyimi, anama deyə bilmədiyim məsələləri bölüşməyə bir adam tapmamağımı, qardaşımın, bacılarımın toyunda atamı arzulamağımı, xoş günlərimi, uğurlarımı onunla bölüşmək istəyimi...
Hər şeyi xatırlayıram.
Yalan deməyəcəm, indi zərrə də kədər qalmayıb içimdə atamla bağlı.
Atamın ölümü, yoxluğu ömrümə o qədər hopub ki, heç hiss etmirəm o boşluğu.
İndi onu xatırlayanda, sadəcə gülümsəyirəm.
Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)
“Rəssam, mənim şəklimi çək”,- NƏZAKƏT MƏMMƏDLİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nəzakət Məmmədlinin şeirlərini təqdim edirik.
Bir xatirə qapısıdı
bu kitab
Heydər Əliyev Xatirə Kitabının
yaradıcısıdır
Bir xatirə qapısıdı bu kitab,
Kimlər döyür bu qapını ümidlə,
Kimlər bilir bu qapının yerini?!
Kimlər gəlir, varaqlaya yaddaşın,
Soraqlaya ümidlə yar-yoldaşın,
İtkin düşən, əsir düşən qardaşın...
Kimlər gəzir övladını, ərini, -
Ürəyinin qan axıdan yerini...
Bir xatirə qapısıdı bu kitab,
Nəsillərin əbədiyyət yoludu.
Tarixlərə yol açıbdı ürəklə,
Uzaq-uzaq şəhərlərə "köç edib".
İçi-çölü qəm-kədərlə doludu.
Qəmi Vətən sədlərinə yapıbdı.
Savaşlarda həlak olan şəxsləri
Axtarıbdı, arayıbdı, tapıbdı.
Böyük Vətən savaşına şahiddi,
O, minlərlə döyüşçünün sarvanı -
Qana batmış səltənətlər karvanı...
Bir xatirə qapısıdı bu kitab,
Sinəsində tarixlərə görk olan
Qırxdördgünlük müharibə əzmi var.
Bu kitabda kimlər yoxdu, İlahi.
Uşaq da var, cavan da var, qoca da,
Adi əsgər, gizir, zabit, general...
Yaxasına al-qırmızı rəng hopub,
Hər vərəqi bir şəhidə abidə,
Hər abidə bir şəhidin medalı.
Dayanıblar zirvələrdən ucada,
Aytək məğrur, bulud kimi ədalı.
Vətən adlı anamızdı bu kitab,
Gör, nə vaxtdı ərşə qalxıb yuxusu.
Gələcəyə zillənibdi baxışı...
Bu kitabda ürəklərə köz basır
Şəkil-şəkil oğulların baxışı.
Hər baxışda bir ananın qoxusu...
Ulu öndər, yaratdığın bu kitab
Tariximin məlumatlar yaddaşı...
"Heç kəs unudulmasın,
Heç kəs yaddan çıxmasın".
Nəsillərə zəmanətdi bu kitab.
Dahi Heydər sevdası var köksündə,
Nəsihətdi, nəsihətdi bu kitab!
Öndərimdən əmanətdi,
əmanətdi bu kitab!!!
Haçansa dünyada
mən olmayanda...
Haçansa dünyada mən olmayanda
Məndən sonra qalan gerçək olacaq,
Ruhum geyinəcək buluddan köynək
Hamıdan, hamıdan göyçək olacaq.
Dünyada onlardan sonra qalan mən,
Məndən də sonrası sizlər olacaq.
O vaxtsa övladın dilində "ana",
Nəvənin dilində "nənə" solacaq.
Keçdiyim küçədən, əkdiyim güldən
Küləklər sovuran ləçək qalacaq.
Məndən sonra sizə - yazdığım şeir,
Bir də xatirələr qonaq qalacaq.
Cisminə torpaq da qarışqa, böçək,
Ruhuma küləklər yiyə çıxacaq,
Kiminsə, haçansa yadına düşsəm,
Məzarım üstünə çiçək qoyacaq.
Haçansa dünyada mən olmayanda,
Məndən sonra qalan gerçək olacaq.
Ruhum geyinəcək buluddan köynək,
Hamıdan, hamıdan göyçək olacaq.
Azərbaycan
Dünyaya açılan qapımsan mənim,
Ruhumun gözüsən, sən, Azərbaycan!
Mayası səndədir müqəddəsliyin,
İlahi qüdrətim - can Azərbaycan!
Hünər dünyamıza güzgüdü torpaq,
Ömür kitabından ötüb neçə çağ...
Bayrağın şərəflə dalğalanır, bax,
Ey başdan-binadan xan Azərbaycan!
Qəlbimin işığı sənsən, ey Vətən!
Sarılım boynuna, xoşbəxt olum mən.
Uludan ulusan, müqəddəs Vətən,
Sevim misra-misra, yan, Azərbaycan.
Taledən keçibdi qərinələrin,
İmzan ər imzası, mənası dərin.
Dünya yaranandan başdadı yerin,
Sən şöhrət çələngi, şan, Azərbaycan!
Yoxdur gözlərində nə həsəd, nə kin,
Turan elindənsən, ucadır eşqin.
Ruhu gülümsəyir ulu Babəkin,
Əzəl Azərbaycan, son Azərbaycan!
Şah babam Xətai adın ilə tən,
Səni ana bildi bu yurddan ötən.
Hər duyğu - Vətəndi, hər ürək - Vətən,
Vətən də şəhiddi, an, Azərbaycan!
Qanlı səngərini balınc elədim,
İlahi sevgini bir tunc elədim,
Səninçün qələmi qılınc elədim,
Bir də görməyəsən qan, Azərbaycan!
Anam yuxuma gəldi
Bu payız gecəsi yuxuma gəldin,
Qəfil gəlişinə qurbanam, ana.
Köz düşüb üstünə xatirələrin,
Əllərin uzanıb neçə gümana...
Bu payız gecəsi yuxuma gəldin,
Payızım bələndi sənin ətrinə.
Yenə də səpildi layla qoxusu,
Ömür kitabımın hər bir sətrinə.
Sapsarı işığı yağır yuxuma,
Başına örtdüyün kəlağayının.
Əyninə geydiyin yaşıl donuna
Kölgəsi düşübdü bu ayrılığın.
Bu payız gecəsi yuxuma gəldin,
Ömrü çiçəkləndi yuxularımın.
Sənsizlik qapısı bağlandı, sanki,
Bağlandı üzünə qorxularımın.
Sən çıxıb gedəndə bahar çağıydı,
Könlü nazlanırdı gülün, çiçəyin.
Mənim arzularım qan ağlayırdı,
Sənin gedişinlə, ay ağbirçəyim.
Göz yaşım diksinir bəbəklərimdə,
Sükutun dilində danışan anam.
Göydə mələklərlə qoşa dayandın,
Tanrı dərgahına yaraşan anam.
Bu payız gecəsi yuxuma gəldin,
Ana, ətirlidir bu gecə yuxum.
Bir cənnət quşutək uçub da getdin,
Əbədi ruhuma hopubdu qoxun.
Payız ömrü
Açıb buludlara ovcunu torpaq
Saralmış bağçamın halını gör, bax.
Əl edir budaqda bir sarı yarpaq,
Gəl, payız ömrümün taleyini yaz.
Uzaqda qurulan əcəl taxtıdır,
Güllü günlərimin xəzan vaxtıdır,
Bəxtimin yollarda azan vaxtıdır,
Gəl, payız ömrümün taleyini yaz.
Ruhumda hələ də ar qoxusu var,
Könlümdə bir misra yar qoxusu var,
Daha qismətimin qar qoxusu var,
Gəl, payız ömrümün taleyini yaz.
Bəmbəyaz nəğmədir ağ çiçəklərim,
Saralıb, payızdı biçənəklərim.
Çəkir sinədolu ah, çiçəklərim,
Gəl, payız ömrümün taleyini yaz.
Bir sözün köksünə qoyub başını,
Kövrək duyğuların sil göz yaşını.
Qoy ayaq altına əlhəd daşını,
Gəl, payız ömrümün taleyini yaz.
Rəssam, mənim
şəklimi çək
Rəssam, mənim şəklimi çək,
Rəngli çəkmə, ağ-qara çək,
Atamı çək, anamı, çək,
Uzaqlardan sənə baxan uşağı çək,
Gözündəki işığı çək, qəlbindəki ümidi çək,
Məni çəkmə, uşağı çək,
Yaddaşında qalanları,
Ümidini qıranları,
Həyatın hər üzünü çək.
Orda gördüm bu dünyadan
çəkdiyimi,
Orda görsün yapa-yalnız
təkliyimi.
Unutma, çək yaddan-yadın
doğmalığın,
Damarında qanı axan doğmaların
yadlığını.
O, uşağın bu yaşadək axtardığı
Həqiqəti, ədaləti, tapmadığı,
Bugünədək itirdiyi varlıqları,
Axtardığı yoxluqları.
Sən məni çək, qoy kənara o uşağı,
Çək, rəngləri əlvan eylə,
Günləri çək, tərəziylə,
Naxış-naxış, ilmə-ilmə
60-ı hör ömrümə...
Qarabağa bahar gəlir,
İlahi!
Sevincə bax, bulaqların gözündə,
Qəlbi gülür dərənin də, düzün də,
Şəhid qanı çiçəkləyir üzündə,
Qarabağa bahar gəlir, İlahi!
Ötən çağlar indi üzübəridi,
Gələn günlər ömrün təzə-təridi,
Otuz illik yurd həsrəti əridi,
Qarabağa bahar gəlir, İlahi!
Dalğalanır arzuların bayrağı,
Hər təbəssüm bir ümidin yarpağı,
Zəfər ətri bürüyübdür torpağı,
Qarabağa bahar gəlir, İlahi!
Qulac-qulac açılıbdır qucaqlar,
Əl eləyir sevinc dolu o çağlar,
Alov-alov gülümsəyir ocaqlar,
Qarabağa bahar gəlir, İlahi!
Zəmilərdə daraqlanır sünbülün,
Ocağında ruhu gülür Bülbülün,
Cıdır düzü indi xarıbülbülün,
Qarabağa bahar gəlir, İlahi!
Ürəklərdə ümid naxış toxuyur,
Əllər zəfər nəğməsini oxuyur,
İndi vətən Şuşa ətri qoxuyur,
Qarabağa bahar gəlir, İlahi!
Gəlsin bahar, gülsün bahar elimdə,
Xudayarın nəğməsi var çölümdə,
Nəzakətəm, min alqış var dilimdə,
Qarabağa bahar gəlir, İlahi!
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)
Güney Azərbaycandan Aydın Arazın “Labirint”i
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Aydın Arazın “Labirint” şeiri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihənin koordinatoru Təbrizdə yaşayıb yaradan şair, yazar və tərcüməçi Əli Çağladır.
Aydın Araz
LABİRİNT
Mən biri-birinə qoşulmuş labirint qədər gicəlmişəm
Və seçəcəyim bu şəhərin dördyol ayrımlarıdır biri-birinə düyünlənmiş .
Yorğunluğu yük vurub avtobuslara, şəhəri dolandırırlar.
Yerin altında qəbiristan turu qoymuş qəbirlər arasından keçən dirilər
“Əziz müsafirlər, lütfən qırmızı cızığı cızıqlamayın”
Izdihamıdır bu dünya, dözülməz izdiham – Çəyirtkə kimi, siçan kimi çoxaldıq biz
O qədər çoxaldıq biz hamımıza çörək yox,
Biri-birimizi yeməliyik çəyirtkə kimi, qarışqa kimi.
Bu qalabalıqda, qalabalıq əzilib ölər, nə qalsın tərsə üzsün
Birisi üstdən mənə baxsın, labirintin harasındayam bu qədər gicəllənirəm
Dördyol ayrımlarından labirintə, labirintdən dördyol ayrımlarına
Bu yaşıl çıraqlar qamaşdırır seçəcəyimi
Təpil avtobusa, metroya, bu qəbiristan turuna hər saatı gecə yer altına təpil, yanmadan biletin əziz müsafirlər...
Hansı ölülərin yuxusunu pozur bu qıçını qucağında qolçaq müğənni qənaya çəkdi
Diləklərini segah, çargahın rastasını boğazında qışqırarkən
Yorğunluğu məhəllələrdə kompres elədi avtobuslar
Yorğunluğun lüləsi partladı, doldu evlərə.
Depress budlarla sallaq sinələr qanlı pipiklər jele kimi sərildi kanapelərə
Yaşıl çıraqlar, yaşıl çıraqlar yandı not alanının min yol ayrımlarında
Hərə girdi birinin evinə, birinin həyat yoldaşının tabletinə
Izdihamdır bu dünya, labirintlər qoşulur min yol ayrımlarına
Yaşıl çıraqlarda Chatləşir, şəhər çetləşir.
Izdihamdır qəlbim, beynim, ilişiklərimin bucaqlarında itmiş, gicəlmiş dincəlmək istəyirəm
Birisi məndən üstdən baxsın aşağılamadan
Yeraltında qəbiristan torunda turistlik edirəm.
Qucağında qıçını qolçaq etmiş müğənninin
Diləkləri dilənilir çargahın rastasını
Şişə çəkir, şişliyini şişidir, şişmişəm
Beyindən, ürəkdən gicəlirəm.
Min bir-birinə qoşulmuş, qırılmamış
Labirint içindəyəm seçəcəyim suçlardır
Yaşıllıqdır çıraqlar zəmisi
Mənə yasaq lazım
Depressiyanı əmir avtobuslar tüpürülmüş oturacaqların üstünə
Yapışmışam şişəyə, mığmığayla yan-yana
Buludlar evlənmirlər, buludlar boşanırlar yağış yağır şəhərə vələdüzzina yağış yağır
Min kilometr o yanlıq bir qız ürəyimi salıb paltar yuyan maşınında hövkələyir
Özümlə ucuz bir kafedə qərarım var, qərarımı alır əlimdən min kilometr o yanlıq bir qız
Ürəyimi balışının altında əzişdirir
Bir damla yağış yapışır saqqız kimi
Şalvarımdan pul istəyir saqqız-saqqız
Bir damla yağış, yağış kimi yağış, su kimi yağış, Hafizin falını soxur cibimə pul istəyir
Özümü əkirəm, qərar yerində əkilirəm
S...lirəm özümə ... vururam özümə
Birisi üstdən baxsın mənə bu labirintin harasındayam
Min yol ayrımlarında məni yağış tutur yaşıl çıraqlar arxasında
Qan gedir ruhumdan, ruhumun biləyindən
Hər ay aylıq adətdir, hər gün günlük adətdir,
ƏmirKəbiri fin elədilər qan açıldı
Burnumdan hamamda
Ah mənim Məhd Oliyam...
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)
AĞRI VADİSİ - “Qərbi Azərbaycan əfsanələri” silsiləsindən
Zahirə Cabbar, “Ədəbiyyat və incəsənət” üçün
Rəvanqulu xanın əzəmətli səltənəti, saysız-hesabsız var-dövləti vardı. Onun yaşamadığı sevinc və həzz qalmamışdı, təkcə bir şeydən başqa. Taxt-tacına sahib çıxacaq bir varisi yox idi. Nə qədər qurbanlar demişdi, amma heç bir faydası olmamışdı. Bir gün xanın üzü güldü, nəhayət bir oğlu dünyaya gəldi. Xan yaxın ölkələrdən dərvişləri, münəccimləri saraya dəvət etdi ki, şahzadənin taleyinin necə olacağını öyrənsin. Münəccimlər onun gələcəyini gizlədib heç bir söz demədilər. Yalnız tənha qoca dərviş şahzadənin taleyi ilə bağlı belə bir xəbər dedi: Şahzadə vadidə öləcək. Padşahın üzünü kədər bürüdü, uzun illər gözlədiyi varisinin gələcəyi ilə bağlı eşitdiyi xəbər onu çox sarsıtdı. Odur ki, şahzadənin adını Ağrı qoydu, çünki onun dünyaya gəlişi xanı ağrıtmaqdan başqa bir şey olmadı. Xan özlüyündə buna inanmaq istəmirdi, çünki onun yaşadığı ərazidə vadi yox idi.
Artıq varisindən bir gələcək görməyən xan böyük bir qala - Rəvanqulu qalasını inşa etmək üçün göstəriş verdi. Yeddi ilin tamamında qüdrətli, alınmaz bir qala ucaldı. Şahzadə böyüyür, amma nə döyüş sənətinə, nə də saray işlərinə maraq göstərmirdi. Bir gün o, padşahdan xahiş etdi ki, ona ölümlə heç vaxt rastlaşmayacağı uzaq ölkələri gəzib dolaşmağa icazə versin. Gəncin yalvarışları atasının ürəyini yumşaldır və şahzadənin taxtda heç bir faydası olmayacağı fikrilə ona icazə verir.
Az keçmir ki, xanın əmri ilə şahzadə üçün zəngin bir karvan hazırlanır və bir çox atlı şahzadəni qorumaq üçün onunla birgə gedirlər. Ağrı hər dəfə gələcəyi ilə bağlı bildiyi, ürəyini deşən xəbəri bərkdən, qəzəblə deyir, sonra gülərək lənətlənmiş vadiyə heç vaxt ayaq basmayacağına özünü inandırırdı. Hərdən söylənib yanındakılara deyirdi ki, o ölümdən qorxmur. Amma hər an ölüm təhlükəsi onun xəyallarını alt-üst edirdi. Başa düşürdü ki, belə mənasız, bədbəxt bir həyat nə qədər uzanırsa ölümdən də pisdir.
Uzun illər keçdi, xan öldü. Taxt-taca qardaşı oğlu hökmranlıq etməyə başladı. Lakin şahzadənin sağ olduğu haqda bir xəbər gəlmədi. Şahzadə bu illər ərzində bütün dünyanı dolaşdı. Amma hər gün dogma yurd həsrəti ilə qovrulub, dağlar, onların kölgə saldığı yaşıl dərələr, kölgəli bağların həsrətindən hönkür-hönkür ağladı. Yaşadığı illər ərzində çoxlu möcüzələr gördü, çoxlarını yaşadı və o yerin insanlarını sevdi. Amma heç bir yerdə və heç kimlə qalmaq istəmədi. Və bir gün yenidən vətəninə dönmək qərarıyla yola düzəldi, karvanı yurduna tərəf çevirdi.
Öz yurdlarına yaxınlaşanda dağlarda dəhşətli tufan qopdu, üç gün, üç gecə davam etdi. Yol bələdçisi tufanda uçuruma düşərək dünyasını dəyişdi, səyyahlar yollarını azdılar. Ətraflarında heç nə görmədilər: nə ayaqlarının altındakı cığırı, nə də başlarının üstündəki səmanı. Özləri, darısqal mağarada çətinliklə sığınacaq tapıb səhərə qədər orada qaldılar. Səhər Ağrı mağaradan çıxdı və donub qaldı, danışa bilməyib nəfəs almağı belə unutdu. Qarşısında ömründə görmədiyi gözəl bir vadi uzanırdı. Göyün işıqlı tağının altındakı tünd mavi və parıldayan zirvələr vadinin dairəsini əhatə edirdi. Yamyaşıl otlar meh vurduqca dəniz kimi dalğalanırdı. Şahzadə təəccüblə yoldaşlarından vadinin adını soruşdu. Heç kim bilmədi. Bu vaxt əynində nimdaş, boz paltar geymiş bir qoca dərədən cığırla qalxıb şahzadəyə tərəf gəldi, baş əyib dedi:
— Budur ölüm vadisi.
Qoca dərviş şahzadəyə əli ilə yolu göstərərək yoxa çıxdı.
Şahzadə aşağıya doğru qaçdı. Bu vaxt nökərlər şahzadənin yıxılacağından və ölümünün dəhşətli olacağından qorxaraq donub qaldılar. Lakin tale şahzadəni vadidə gözləyirdi. O, ehmallıca vadiyə tərəf endi və arxasınca qaçan nökərləri saxlayıb dedi:
- Bütün ömrüm boyu qaçdım, nəhayət ki, son mənzilimə gəlib çatdım.
Ağrı vadidə görünməz oldu, əbədiyyətə qovuşdu.
Şahzadənin öldüyü vadi onun adına Ağrı vadisi, yanındakı dağ Ağrı dağı adlandırılmışdır. Rəvanqulu xanın böyük səltənəti, xanlıq İrəvan xanlığı adlandırılmış, Azərbaycanın ən qədim və tarixi şəhərlərindən biri olmuşdur. Araz çayının sol qolu olan Zəngi çayının sahilində, dəniz səviyyəsindən 850-1300 metr yüksəklikdə yerləşən şəhər tarix boyu Azərbaycan-Türk yurdu olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)