
Super User
Liderlik nədir? - AKTUAL
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bəşər tarixindəki liderlər, beynəlxalq təşkilatların liderləri, ölkələrin liderləri, idarə və müəssisələrin liderləri, partiyaların liderləri, dini qurumların liderləri, idmanda komanda liderləri, media liderləri, incəsənətdə truppa, ansambl liderləri və s. və i.
Bizim qulaqlarımız «lider» kəlməsini addımbaşı eşitməyə alışıb. Bəs nədir bu liderlik? Liderliyin ən bəsit tərifi budur ki, liderlik – qrupda işin təşkilinin elə bir prosesidir ki, bu prosesdə hamının qulaq asdığı, hamının etibar etdiyi şəxs lider kimi çıxış edə bilir. Amma məsələnin mürəkkəb tərəfi də var: «Hamının qulaq asdığı şəxs», «hamının etibar etdiyi şəxs» statusunu necə qazanmaq olar? Bu statusu qazanmaq yolu necədir?
«Liderlik» anlayışı «uğurqazanma» anlayışının həmişə məntiqi davamı hesab olunur. Yəqin ki, yalnız həyatda müəyyən dərəcədə uğur qazana bilən insanlar lider olurlar. Amma bir məsələ də var ki, hər bir uğur qazanan insan da lider ola bilmir. Yəni, qazanılan keyfiyyətlər və vurulan hədəflər həmişə lider olmaq zərurətinə gətirib çıxarmır. Bu mənada, «lider» anlayışı «uğurlu insan» anlayışından daha mükəmməl anlayışdır. «Uğurlu insan» çoxluq təşkil edə bilər, ancaq «lider» məhdud sayda olur.
Adətən, liderlər 2 cür olur: formal və qeyri-formal. Burada birincilər təyin olunurlar, ikinciləri isə qruplar seçir.
Liderlik təlimləri, konsepsiyaları öz əsaslarını XX əsrin əvvəllərindən götürür, növbəti hissədə mən bu barədə ətraflı danışacağam. Hələlik isə onu söyləmək istəyirəm ki, XX əsrin əvvəllərində tədqiqatçılar bəşər tarixini dəyişən ən böyük dühaların, ən böyük liderlərin həyatlarını tədqiq edərək onların ümumi aparıcı xüsusiyyətlərini (məsələn, məqsədyönlülük, qətiyyət, səbirlilik, dözümlülük, güclü iradə, yaxşı hafizə, inandıra bilmək bacarığı, natiqlik istedadı, intellektuallıq, qılığa girmək məharəti, bir qədər hiyləgərlik, lazım olanda sərtlik və s. və i.) müəyyənləşdirməklə «Dahi insanların təlimi»ni yaratmışlar. Ancaq liderliyi liderin şəxsi keyfiyyətlərində axtaran bu təlim uğursuzluğa məruz qalmışdır, belə ki, liderin ümumi portretini yaratmaq mümkün olmamışdır, bu və ya digər liderlərdən hər hansı birinin spesifik aparıcı xüsusiyyətləri digərlərində eyni ilə olmamışdır. Üstəlik, bir liderin digərlərindən daban dabana zidd özəl xüsusiyyətləri də bu ümumiləşməyə mane olmuşdur.
Bax bundan sonra «liderlik» anlayışının konkret şəraitdən doğması tezisi ilə barışmışlar. Zaman, məkan, iqtisadi və siyasi vəziyyət kimi faktorların «liderin» yaranması prosesindəki həlledici rolu fikir süzgəcinə düşmüşdür.
Və bu həlledici rol oynayan faktorlar bir lideri eyni zamanda həm ucaltmağa, şəninə alqışlar dedirtməyə xidmət etmişdir, həm də yeri gələndə, onu kürsüdən aşağı yuvarlatmış, çirkaba batırmışdır. Bu səbəbdən, liderlik şərəfli olduğu qədər də riskli, təhlükəli bir missiya hesab oluna bilər.
«Liderlik» sahəsindəki tədqiqatların növbəti mərhələsi isə liderliyin sistemlilik nəzəriyyəsi olmuşdur. Burada artıq həm şəxsi keyfiyyətlər, həm şərait anlayışının liderliyin mahiyyətini açmağa tam müvəffəq ola bilməməsi təsdiqlənmiş, lider olmağın qrupdan, əhatədəki insanlardan bilavasitə asılılığı üzə çıxarılmışdır. Burada liderlik və lider qrup dinamikası çərçivəsində nəzərdən keçirilmiş, qrup bir sistem – liderlik isə bu sistemdə münasibətlərin təşkilatçısı hesab edilmişdir.
Sosialist sisteminin dünya üzrə demək olar ki, bütün tanınmış liderlərinin Vladimir Lenindən, İosif Stalindən tutmuş Fidel Kastroya, Mao Tze Duna qədər hamısı tarixin ayrı-ayrı dönəmlərində müxtəlif zitddiyyətli qiymətlər almışlar. Bir tərəfdən onlar işıqlı cəmiyyət qurucuları, digər tərəfdən ən qatı diktatorlar hesab olunmuşlar, bu da onların münasibətlər təşkilatçısı olduqları qrup sisteminin ikili xarakterindən irəli gəlib.
Oxucularıma mən cəmi bircə misal çəkmək istəyəcəyəm. Ötən əsrin 30-40-cı illəri Sovet imperiyası tarixinin ən acınacaqlı, ən qara illəri hesab olunur. İosif Stalinin rəhbərliyi dövrünə təsadüf edən və stalinizm repressiyaları adını almış, insanların, əsasən, ziyalıların xalq düşməni damğası vurularaq güllələnməsi, həbs edilməsi, sürgün olunması ilə təşəkkül tapan bir prsesdə milyonlarla insan hədəf olmuşdu. Təsəvvür edin ki, təkcə tarixə «böyük terror illəri» kimi düşən 1937-38-ci illərdə SSRİ-də 681692 nəfər güllələnmişdir.
Bu terrordan mənim xalqım da böyük əziyyət çəkmiş, çoxsaylı qurbanlar vermişdir. Xalqın qaymağı məhv edilmişdir. Bura həm dövlət xadimləri, ictimai xadimlər, həm alimlər, pedaqoqlar, həm ədəbiyyat, incəsənət xadimləri daxildir. Haqlarında ayrıca danışmaq mümkün olmasa da mən onlardan bir neçəsinin adını mütləq çəkəcəyəm: Bəkir Çobanzadə, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Ruhulla Axundov, Salman Mümtaz...
Həmin dövrdə Azərbaycana əslən Qubadan olan Mircəfər Bağırov rəhbərlik edirdi. Və sonradan bütün bu qanlı terrorun müəllifi olaraq tarixə məhz bu şəxsin adı düşdü, yeni gələn nəsillər onu lənətlədilər.
Liderliyin riski və təhlükəsi barədə danışmışdım öncə, bünü öz üzərində hiss etməyin ən bariz nümunəsi Mir Cəfər Bağırov sayıla bilər. Təsəvvür edin ki, digər qonşu Qafqaz Respublikaları Gürcüstan və Ermənistandan fərqli olaraq SSRİ rəhbərliyi Azərbaycana o dövrdə etimad göstərmişdi, bu respublikaya yerli insanı rəhbər təyin etmirdilər. Ona görə də, şəxsi keyfiyyətləri, siyasi liderlik plyusları hesabına bu posta yiyələnməyə müvəffəq olan Mir Cəfər Bağırov çox böyük təzyiq altında çalışmağa məhkum idi. Üstəlik, repressiyaların rejissoru SSRİ rəhbərliyi idi, o isə sadəcə icraçı rolundaydı. Bununla belə, xalqına sevgisini bu lider bir neçə olduqca tanınmış ziyalını həbsdən qurtarmaqla, respublikanın iqtisadiyyatına hədsiz xeyir verən çox vacib qərar və direktivlərlə hər halda göstərə bilmişdi, tarix gərək bunu unutmasın. Və bir də, mən əvvəlki hissələrdə Azərbaycanın XIX əsrdə Rusiya imperiyası və İran şahlığı arasında ikiyə bölünməsi barədə sizə danışmışdım. Azərbaycan xalqının iki ən böyük yarası var, bunlardan birincisi, şübhəsiz bu ikiyə bölünmədir (İkincisi isə Dağlıq Qarabağın işğalı). Bax həmin Mircəfər Bağırov 1945-ci ildə Cənubi Azərbaycanda Pişəvərinin başçılığı altında hərəkat yaradaraq qısa müddətdə İranın tərkibində Azərbaycan Demokratik Respublikasını qurmağa müvəffəq oldu. Əfsus ki, SSRİ rəhbərliyindən – Stalindən lazımi dəstək ala bilməyərək, BMT-dən xeyir-dua ala bilməyərək Mircəfər Bağırov öz böyük ideyasını sonadək həyata keçirə bilmədi. Böyük Britaniya və ABŞ-ın dəstəyi ilə İran 1946-cı ilin aprelində Cənubi Azərbaycana 20 diviziya yeridərək Azərbaycan hökumətini devirdi.
Bax budur böyük liderliyin taleyi. Və bu tale, həmişə yeni dövrün, yeni liderlərin, yeni tarixçilərin baxış bucağından asılı olur. Bayaq qeyd etdiyim kimi, istəsələr səni zirvəyə ucaldır, istəsələr isə çirkaba bulayırlar.
Biz liderlik təlimlərinə ümumilikdə toxunduq, növbəti hissələrdə onlar barədə konkret olaraq da danışacağıq. Hələlik isə mütləq onu da qeyd etmək istəyirəm ki, mənim liderlik anlayışına fərqli bir baxış bucağım da var. Düzdür, liderlik üçün müəyyən şəxsi xüsusiyyətlər lazımdır, düzdür, liderlik üçün şərait anlayışının böyük əhəmiyyəti var, düzdür, liderlik üçün qrup, komanda həlledici mahiyyət daşıyır. Amma, məncə, heç bir lider sonradan liderə çevrilmir, lider kimi doğulmaq lazımdır. Elə liderliyə xas intuisiya qabiliyyətini götürək. Bir şeyi intuitiv hiss etmək fitri istedaddır, əksərən, insan ona doğuluşdan malik olur. Məncə, liderlik daha çox bioloji xüsusiyyətdir, insanda anadangəlmə olur. Sonradan bu anadangəlmə xüsusiyyət liderlik konsepsiyasına aid olan yuxarıda sadaladıqlarımız şəxsi xüsusiyyətlərlə, şərait və sistemlilik faktorları ilə birləşəndə, yəni istedad toxumu sağlam və münbit torpağa düşəndə cücərir, liderlər yaranırlar.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
“Düşünün, çünki hələ qadağan olunmayıbdı” – Corc Oruell
“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Corc Oruellin aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.
Corc ORUELL:
Düşünmək, düşünmək, bircə saniyə qalmış olsa belə, düşünmək yeganə ümiddir.
***
Əgər düşüncələr dili pozarsa, dil də dönüb düşüncələri pozar.
***
Sadə bir dilin ən böyük düşməni qeyri-səmimilikdir.
***
“Qorxu! Biz onun içində üzürük. Vücudumuzun ayrılmaz parçasıdır o...”
***
“Bizim hamımızı satın alıblar, ən dəhşətlisi də odur ki, bizi öz pulumuzla satın alıblar”
***
Vətənpərvərlər vergidən söhbət gedən yerlərdə olmur.
***
Azadlıq – iki dəfə ikinin dörd etdiyini söyləyə bilməkdir.
***
Düşünün, çünki hələ qadağan olunmayıbdı.
***
“Yaxşı bildiyi bir işi yerinə yetirən insanı seyr etməyin xüsusi gözəlliyi var”.
***
Bir cəmiyyət həqiqətdən nə qədər çox uzaqlaşarsa, həqiqəti deyənlərə də bir o qədər çox nifrət bəsləyər.
***
Bəşər övladı özündən başqa heç bir varlığın çıxarını güdməz.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Səhra kimi yaşadım...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Səhra kimi yaşadım...”
şeiri ilə.
Yenə də təəccübləndirir, heyrətləndirir şair.
“Qoy, özümə daş atım,
Qurumaz bu yaş adım.
...Səhra ömrü yaşadım-
İndi də qum-qum ölüm...”
Gözəl poetik bənzətmədir, deyilmi?
Xoş mütaliələr!
Gətirdiyin havadan,
Son dəfə udum, ölüm.
Sən baxınca ölmərəm-
Gözlərini yum, ölüm.
O nəğməni oxuma-
Qar yağacaq yuxuma...
Mən boyda bir toxuma
Olarsanmı şum, ölüm?
Sinəm tutmur ahları,
Çağır o sabahları.
Soyundum günahları-
Özümü yudum... ölüm.
Uçmağa bir qanad qoy,
Mənə güc qoy, inad qoy.
Bu dərdimə bir ad qoy-
Ölüm, Qorqudum, ölüm...
Qoy, özümə daş atım,
Qurumaz bu yaş adım.
...Səhra ömrü yaşadım-
İndi də qum-qum ölüm...
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
Praqmatizm nədir? - DƏRSLƏR
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
İndi kim özünü ağıllı göstərmək istəyirsə kreativ, nonsens, subyektiv, konseptual qəlibli sözləri yanaşı düzür. Eynən bu sayaq sözlərdən biri də praqmatizmdir.
Bu gündən DƏRSLƏR rubrikasında praqmatizm barədə danışacağıq.
Praqmatizm XIX əsrin 70-ci illərində ABŞ-da, Kembricdə toplaşan və Pirs tərəfindən "Metafizik klub" adlandırılan kiçik bir elmi işçilər qrupunun fəaliyyəti nəticəsində meydana gəlmişdir. Daha dəqiq desək,
Praqmatizm təliminin əsasları ABŞ filosofu Çarlz Pirs (1839-1914) tərəfindən qoyulmuşdur.
O, bu cərəyanın proqramını formulə edib onun adını təklif etmişdir. Pirsə görə, praqmatizm real həyatla bağlı olan alim, tədqiqatçı üçün səciyyəvi olan "laboratoriya ruhu"nun ifadəsinə xidmət göstərməlidir. Onun başlıca məqalələrinin ("Əqidənin möhkəmləndirilməsi" və "Əqidələrimizi necə aydın edək") əsas mövzusu bilik, əqidə və hərəkətlərin bir-biri ilə qarşılıqlı münasibətləridir.
Pirsin praqmatizmi
Praqmatizm yarandığı andan özündən əvvəlki fəlsəfənin bir sıra başlıca ideyalarından imtina edib fəlsəfi təfəkkürün tamamilə yeni tipini təklif etmişdi. Fəlsəfi təfəkkürün bu yeni tipi insanın hərəkətlərinə yeni tərzdə yanaşır. Bu fəlsəfədə insanın hərəkətləri ətrafında bütün anlayışlar və konsepsiyaların hərlənib formalaşdığı ox kəsb edir. Əsasən reflektor yox, şüurlu və məqsədyönlü xarakterə daşıyan hərəkət bu və ya digər formada insan həyatının (həyat fəaliyyətinin) əsas formasını təşkil etdiyinidən məhsuldar hərəkəti təmin edən şüur mexanizmləri, təfəkkür strukturları haqqında məsələ qalxır. Praqmatizmin banisi olan Pirsdə məsələ bu müstəvidə qoyulur. Onun fərqli cəhəti isə onda idi ki, o, idraki fəaliyyəti xarici (obyektiv) aləmə aid etməyib diqqəti sırf daxili , əsas psixoloji proseslərə yönəldirdi. İnam dedikdə Pirs bilik yox, bu və ya digər üsulla davranmağa adət etdiyimiz vərdiş kimi anladığı inamdan bəhs edir. Biliyə əks olan anlayış xəbərsizlik, bilməmədirsə, Pirs inama qarşı hərəkətlərin müntəzəmliyini pozan şübhəni qoyur. Artıq (hərəkət nöqteyi-nəzərdən) idrak prosesi bilməmədən biliyə yox, şübhədən inama, özü də subyektiv yox, kollektiv və ya sosial inama keçid mənasını verməyə başlayır. Obyektiv bilik cəmiyyət tərəfindən qəbul olunmuş inam anlayışı ilə əvəz olunur. Həqiqətə gəlincə, o, Pirs tərəfindən hamı üçün əhəmiyyətli olan məcburi inam kimi şərh olunur. Əgər tədqiqat prosesi sonsuz şəkildə davam etsəydi, onda öyrənilən hər məsələ üzrə sonsuz sayda tədqiqatçılar birliyi yaranardı. Pirs həmçinin elmi anlayışların əhəmiyyətinin yeni şərhini verir. Hər bir hərəkət gələcəyə yönəldiyindən və gələcəyi nəzərdə tutduğundan, Pirs anlayışı keçmiş yox, bu anlayışdan istifadədən meydana gələcək nəticələr baxımından nəzərdən keçirməyin lazım olduğunu bildirirdi. Pirs öz məşhur "prinsipi"ni və ya "praqmatik maksima"sını da aşağıdakı kimi formulə etmişdi: anlayış obyektinin tədqiqatçının fikrincə törədə biləcəyi praktiki nəticələri nəzərdən keçirmiş olsaq, onda bütün bu nəticələr haqqında təsəvvürlər elə məhz obyekt haqqında tam anlayış olacaqdır.
Şəkildə: Çarlz Pirs
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
Taleh Mansurun sevdiyi şeir Vaqif Səmədoğludandır
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Sevdiyin şeiri, gəl, mənə söylə" rubrikasının qonağı
“Ən böyük sualam mən öz kölgəmə,
Qoşulub gedirəm nəyinə, bilmir",
“Dünən elə getdi bu gün də belə,
Yaman tələsirəm sabahımgilə.
Yəqin ki, ölməyə bir az var hələ,
Yaşamaq növbəmiz nə vaxt çatacaq?" misralarının müəllifi Taleh Mansurdur.
ÜLVİYYƏ ƏBÜLFƏZQIZI
-Xoş gördük, Taleh bəy. Bildiyiniz kimi, rubrikamızda sevdiyiniz şairlərdən birinin şeirini oxucularınız üçün söyləməlisiniz. Bir az qəribə görünə bilər, çünki yaradıcı adam bir şeiri yox, sonsuz sayda şeir sevə bilər. Bu üzdən sualımızı şərti olaraq qəbul edin və elə bu dəqiqə "ovqat otağınızın" mənzərəsini bizə şeirlə təsvir etməyinizi istəyirik. Poeziya sehrli aləmdə dodaqların pıçıltısıdır, deyilmi?! Elə isə "ovqat otağınızı" bizə şeirlə ifadə edin.
"Sevdiyin şeiri gəl mənə söylə." - deyirik.
TALEH MANSUR
Namərd qayğıların irili-xırdalı sınaqlarından asılı olmayaraq, mənim düşüncəm, ovqatım hər zaman mərdi-mərdanə şeirə köklənir. Şeir yazmadığım, şeir oxumadığım, hətta şeirdən usandığım günlərdə belə şeirlə nəfəs alıram. Bilənlər bilir, Vaqif Səmədoğlu mənim ən sevdiyim şairdi. Zaman-zaman ürəyim, düşüncəm, Vaqif şeir Günəşindən süzülən şəfəqlərlə nura qərq olur. Fəqət bu qızmar yay günlərində Vaqif Səmədoğlu Günəşindən bir yasəmən şeirin kölgəsi düşür ruhuma. O şeirə köklənmişəm bu günlərdə:
Yavaş yeri,
hürkütmə o uşağın baxdığı
yasəmən kölgəsini.
Üzü dönməsin bizdən kölgələrin də...
Ağac kölgəsi
ağacdan düşə bilər yerə,
ancaq hürkütmə,
çıxıb getməsin burdan
ağaclar, kölgələr...
Sonra bir körpə gözünə
bir yasəmən kölgəsi dəyməz,
yox olar sərinlik.
Yer də kasadlaşar, söhbətlərimiz də.
Onsuz da üç nöqtəyə yazılır
dilimizin neçə sözü.
Odur ki, asta yeri, yavaş gəz,
Basdalama
yasəmən kölgəsinə baxan
körpə gözlərini...
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
“Qadınım” tamaşası növbəti dəfə nümayiş olunacaq
İyulun 12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matroşka” pyesi əsasında hazırlanan “Qadınım” tamaşası yenidən nümayiş olunacaq.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı teatrın məlumatına istinadən xəbər verir. Məlumata görə, musiqili melodram janrında qurulan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.
“Qadınım”da teatrın gənc aktyorları Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak edirlər.
Türk retro musiqilərinin canlı ifa olunduğu tamaşanın süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur. İlk baxışdan sadə görünən tamaşanın əslində dərin mənaları var. İnsanların ailə və cəmiyyət içərisində özlərini tənha hiss etmələri, ömrü boyu ideal sevgi və xoşbəxtlik axtarışında olmaları çox vaxt onlara xəyal qırıqlığı yaşadır.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
Konyada “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” keçiriləcək, Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunacaq
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkənin Konya bölgəsi üzrə Mədəniyyət və Turizm müdiri Mehmet Yündenlə görüşüb.
Mərkəzdən AzərTAC-a verilən məlumata əsasən, görüşdə dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələr qeyd olunub, mədəniyyət üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Toplantıda müzakirə edilən məsələlər arasında eyni tarixə malik mədəniyyətimizin beşiyi olan Konya şəhəri ilə Azərbaycanın bölgələri arasında əməkdaşlıq, “Qardaşlaşmış şəhərlər”ə dair müqavilənin imzalanması, Konyada Azərbaycan mədəniyyətinə dair tanıtım layihələrinin reallaşdırılması, cari ilin payız aylarında “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirlərinin təşkili, Konya Selcuq Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə beynəlxalq konfransın təşkili, miniatür müsabiqəsi və sərgisinin keçirilməsi, eləcə də digər birgə layihələr, o cümlədən bu istiqamətdə görüləcək fəaliyyətlər yer alıb.
Mərkəzinin direktoru Samir Abbasov Konyada Mövlana Muzeyinin müdiri Naci Bakırcı ilə də görüşüb.
Görüşdə Konyada Mövlana Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığı, muzeyin əlyazmalara dair kitabxanasında saxlanılan Azərbaycana dair qiymətli əsərlər müzakirə olunub, gələcəkdə bu unikal əlyazmalara dair araşdırmaların aparılması, onların kataloqunun hazırlanması razılaşdırılıb.
Tərəflər cari ilin payız aylarında Konyada keçiriləcək “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirləri çərçivəsində sözügedən qədim və nadir əlyazmaların muzeydə sərgisinin açılmasına dair razılıq əldə ediblər.
Sonra Mövlana Muzey Kompleksinə baxış keçirilib. Naci Bakırcı Samir Abbasova muzey kompleksində aparılmış yenidənqurma işi haqqında məlumat verib, Türkiyənin qabaqcıl restavrasiya sahəsində təcrübəsinin Azərbaycanla bölüşülməsi və bu sahədə əməkdaşlıq müzakirə olunub. Naci Bakırcı ildə 4 milyondan artıq turistin Mövlana Muzey Kompleksini ziyarət etdiyini vurğulayaraq, burada görülən işlər və guşələri təqdim edib.
Ziyarət zamanı Mövlana Muzeyinin qədim və nadir nüsxəsi sayılan, daimi sərgidə nümayiş etdirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Osmanlı dövrünə aid xüsusi işləmələrlə hazırlanmış “Hədiqətüs-süəda” əsərinə baxış keçirilib.
Görüşdə eləcə də gələcək birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
İtaliyada ilk dəfə "Məhəbbət əfsanəsi" baleti nümayiş olunub
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə İtaliyanın Genuya şəhərində keçirilən “Nervi Rozza Music Ballet Festival”ında iştirak edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletini açıq səma altında, möhtəşəm səhnədə nümayiş etdirib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan mədəniyyətində, klassik balet tarixində böyük mədəni hadisəni seyr edənlər arasında Genuya Opera Teatrının baş direktoru Kladuio Orazi, bədii rəhbəri Pierancelo Konte, Genuya şəhərinin meri Karlo Bucci, regionun mədəniyyət kuratoru Cesika Nikkolini və digər mötəbər qonaqlar yer alıblar.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının İtaliyada növbəti çıxışı avqust ayında Arena de Veronanın səhnəsində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)
ALAGÖZLÜM… - Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Alagözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neynəyim.
Baxçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neynəyim.
Bu gün bu ölməz misraların müəllifi, Xalq şairi Nigar Rəfibəylinin vəfatından 43 il ötür.
Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Fəhlə-gənclər məktəbində, 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. O, əvvəlcə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışıb.
N.Rəfibəyli ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. Elə ilk şeirindən ədəbi mühitdə rəğbətlə qarşılanan gənc şairin şeirlər kitabı 1934-cü ildə nəşr olunub. Kitabda toplanmış yaradıcılıq nümunələrində Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edilib.
O, hələ gənclik illərindən başqa xalqların inqilabi mübarizəsini, həyatlarında baş verən ictimai-siyasi prosesləri bir ziyalı vətəndaş olaraq izləyib, öz əsərlərində bu hadisələrdən bəhs edib. Onun “Dolores İbarriru” (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. Şairin “Cəmilə” şeirində isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsi, gələcəklə bağlı arzu və istəkləri böyük məhəbbətlə tərənnüm edilib.
Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşayıb. Sözündə və əməlində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatına gözəl, ibrətamiz əsərlər bəxş edib. Yaşadığı dövrün gerçəklikləri müxtəlif mövzularda yazdığı poetik əsərlərinin mövzusu olub. Belə ki, təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları Nigar xanımın əsərlərinin leytmotivini təşkil edib. Onların arasında “İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974), “Həzin bir axşamda düşərsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” (1982), “Zəfər nəğməsi” (1943), “Yol xatirələri”, “Avropa ətrafında səyahət gündəliyindən” kitabları (1957) nəşr olunduğu vaxtlardan böyük oxucu marağı və sevgisi ilə qarşılanıb.
Nigar Rəfibəyli öz yaradıcılığında uşaqları da unutmayıb, onlar üçün də poetik ilhamla, böyük sevgi ilə əsərlər yazıb. Şairin müxtəlif illərdə çap olunmuş “Balaca qəhrəman” (1942), “Günəşin cavabı” (1966), “Məstanın balaları” (1968), “Bizə bahar yaraşır” (1978) kitabları balaca oxucularının sevdiyi kitablardan olub.
Onun bir çox şeirlərinə musiqi bəstələnib, tanınmış müğənnilər tərəfindən ifa olunub. Həyat yoldaşı Azərbaycanın Xalq şairi R.Rzaya həsr etdiyi və görkəmli müğənni Akif İslamzadənin ifasında filmotekamızın qızıl fonduna daxil edilmiş “Alagözlüm” mahnısı bu gün də hamının sevərək dinlədiyi ən gözəl əsərlərdən biridir.
Nigar Rəfibəylinin ədəbi yaradıcılığında tərcümə ədəbiyyatı da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, şair həyatı boyu ədəbi yaradıcılığını poeziya ilə yanaşı, tərcümə sahəsində də aparıb, hər ikisində böyük sənətkarlıq nümunələri yaradıb. Onun tərcümə əsərlərinin sadəcə adlarına diqqət edəndə yaradıcılığının bu qolunda da necə bir mükəmməllik yaratdığının şahidi oluruq.
Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Pavloviç Çexovun “Vanya dayı”, “Albalı bağı” dramları, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri məhz Nigar xanım Rəfibəylinin tərcüməsində Azərbaycan oxucularına təqdim olunub.
Nigar Rəfibəyli 1981-ci il iyulun 9-da Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
Göylərin adamı... – İsa Muğannanın nəvəsi Səma Muğannanın hekayəsi
Maqsud babanın əziz xatirəsinə ithaf edirəm!
Yenə soyuq küçələrə sükut çökmüşdü. Gecə saat 2 - 3 olardı, artıq insanlar evlərinə toplanmışdılar. Bu sərt rüzgarın baxışları simama elə bil şillə vurmuşdu. Qarşımda uzun yol vardı, ancaq hansı küçədən gedəcəyimi bilmirdim. Şimşək də çaxırdı. Ah! Mən nə edəcəkdim? Kimsəsiz bir uşağın fəryadını kim duyacaqdı bu saatda? Kim mənə kömək edəcəkdi?
Dözə bilmirdim. Qəflətən diz çöküb hönkürtü çəkdim. O qədər dərindən çəkdim ki, sanki bu dəqiqə ürəyim qopub düşəcəkdi.
Hamı məni uşaq bilir. Elə düşünürlər ki, mənim ürəyim yoxdu. Bu necə insafsızlıqdır?! Nolsun yaşım azdır? Mənim duyğularım ola bilməz?
Sualıma cavab verin, insanlar niyə bu qədər əclafdırlar, kinlidirlər?
Sualıma cavab verəcəksiniz? Yox. Ya bu sualların cavabını bilmirsiniz, ya da “Kimi kimsəsi yoxdur.Yenə boş-boş danışır”, -deyib keçəcəksiniz.
Hönkür-hönkür ağlayarkən küçənin ortasında diz çöküb qalmışdım. Yaralanan əllərimlə dizlərimin ağrısını belə ağlamaqdan hiss etmirdim. Demək, insan ağrını ürəyində də hiss edərmiş. Mən indi qəlbən hiss edirəm. Bir insan çevrilib heç soruşmurdu ki, “Qızım, nəsə istəyirsən?” Bu fikri almaq qalsın bir yana, üzümə baxan belə yox idi.
Şimşəyin çaxması yağış yağacağına işarə edirdi. Yenə həmişə olduğu kimi sərt rüzgar mənə əzab verəcək, yağışın damlaları da isladıb üşüdəcəkdi. Kaş... Kaş ki, səsimi duyan olsaydı. Tanrım, ya al yanına, ya da məni bir mərhəmətli insanla qarşılaşdır!
Qəfildən arxadan kişi səsi eşitdim.
-Qızım, niyə küçədəsən? Atan, anan yoxdur?
Arxama dönüb baxmağa qorxdum. Məndən daha da dərindən, hətta hayqırış səsi ilə dolu hönkürtü qopdu.
Yanıma yaxınlaşdığını hiss etdim. Mən qorxub divarın küncünə tərəf qaçdım.
-Məndən qorxma, qızım. Adım Maqsuddur. Bəs sənin adın nədir? Bu saatda niyə küçədəsən?
-Adım Fəridədir. Mən... Mənim kimsəm yoxdur...
“Kimsəm yoxdur” sözünü söylədikdə ürəyimdən bir parçamın qopub düşdüyünü hiss etdim. Deyirlər ki, “İnsan uzun müddət ağrılarıyla yalnız yaşadıqda alışır”. Deyəsən, mən də alışmışdım...
-Atan, anan səni qoyub gedibmi? Yoxsa?
-Yox, getməyiblər. Qohumlardan eşitdiyimə görə mən doğulduqda anam dünyasını dəyişib. Atam da anamın itkisinə dözə bilməyib, ürəyi partlayıb. Atam ilə anamı, hətta “Dəli sevdalılar” adlandırardılar. Bir-birini uzun illər seviblər. Sonra taleləri onları məndən ayırıb...
-Fəridə, qızım, çox üzüldüm. Söz tapa bilmirəm. Gəl belə edək. Sən mənimlə gedəcəksən. Səni həyat yoldaşım Səkinəylə tanış edəcəm. Bundan sonra bizim yanımızda qalacaqsan.
-Yox, yox! Elə şey olmaz. Mən kimsəyə yük olmaq istəmirəm.
-Bir də belə danışdığını eşitməyim. Nə yük? Sən də nəvəm yaşındasan. Maqsud baban səni hamıdan qoruyacaq!
Maqsud babayla söhbət etməmişdən qabaq çox qorxmuşdum. Bu gözəl insanın simasında qəribə bir ifadə vardı. Kənardan çox zəhmli görünən Maqsud kişi, əslində, bir körpənin ürəyi kimi ürəyə malikdir, mərhəmətlidir. Demək, insanları tanımaq üçün onlarla ünsiyyətdə olmaq lazımdır. Mən hər şeydən məhrum imişəm...
-Əlini mənə ver, gedək, Fəridə qızım.
Maqsud babanın əlindən tutdum. Öz evinə aparırdı məni. Araya dərin sükut çökmüşdü. Deyəsən, mənim simamdakı narahatlığı duyub bu sükutu pozdu:
-Fəridə, sənin neçə yaşın var, qızım?
-Beş yaşım var, Maqsud baba.
-Sən həmişə burda olmusan, yoxsa kiminləsə gəlmisən?
-Yox ,Gülzar adında xalam vardı. Onunla gələrdim həmişə. Ancaq o...
Bir anlıq duruxdum. Qorxdum ki, xalam xəbər tutar danışdıqlarımdan. Əlindən zorla qaçıb gəlmişdim buraya. Maqsud baba mənim susduğumu görüb başımı sığallayaraq dedi:
-Qorxma, qızım. Maqsud babandan da heç nəyi gizlətmə. Artıq bundan sonra sən bizimlə yaşayacaqsan.
-Gülzar xala, əslində, mənim doğma xalam deyil. Məni himayəsinə almışdı. Sadəcə çox incidirdi. Məni həmişə döyər, söyərdi.
Donumun qolunu qaldırıb o qadının etdiklərini göstərdim.
-Əclaf qızı! Uşağa da əl qaldırarlar? Bəs sən necə qaçıb gəldin?
-Biz Bakıda yaşayırıq. Bir neçə gün bundan qabaq telefonla danışdığını eşitdim. Məni uşaq evinə qoyaçağını duydum. Necə və hara gedəcəkdim deyə heç bir fikrim yox idi. Qərara gəldim ki, Gülzar xala yatanda telefonu alıb həmin gün qaçım.
-Bəs bura – Qazaxa necə gəldin?
-Maqsud baba, qorxa-qorxa yolda tanımadığım qadından kömək istədim. O da təsadüfən Qazaxa gəlirmiş. Məni də avtobusa mindirdi. Sağ olsun, məni yedizdirdi, içizdirdi. Qazaxa gəldikdə yalandan dedim ki, məni qarşılayacaqlar, buraya qoyub gedin. O da elə etdi. O vaxtdan bu soyuq, tənha küçələrdə mən də kimsəsiz bir uşaq kimi dolaşıram.
-Sənin bu kiçik ürəyində nə böyük dərd varmış, qızım...
Maqsud babanın kövrəldiyini hiss etdim. Mövzunu tez dəyişdim:
-Maqsud baba, Qazax necə bir yerdir?
-Fəridə, qızım, Qazax cənnətdir cənnət! Yurdu, havası, suyu, torpağı canım-ciyərimdir mənim! Mən uşaqlıqdan ta bu yaşıma kimi Qazaxın havasını içimə çəkib, suyunu içmişəm. Qazax bütün ellərdən doğmadır!
-Mən də gəzib görmək istəyərdim.
-Gəzəcəksən, görəcəksən! Maqsud baban hər səhər saat 6-da durub işə gedir. Bir gün boş olanda səni çoxluca gəzdirərəm! Hə, bax, gəldik çatdıq.
Darvazanı açdıqda özümü başqa bir dünyada hiss etdim.Maqsud babanın ocağı mənim doğma yurdum, evim idi. Bu ocağın hələ doğma insanları da vardı.
-Səkinə, mənəm! Aç qapını.
-Ay xoş gəlmisən, Maqsud! Bu balaca qızımız kimdir?
-Səkinə, bir dayan. Evə girim nəfəs alım, sonra danışaram. Sən de görüm, pürrəngi çayın varmı?
-Hə, əlbəttə! Gəl, gəl!
-Fəridə qızımı götür. Paltarını dəyiş, rahatlat, mən sənə hər şeyi danışacam.
Səkinə nənə məni o qədər gözəl qarşıladı ki, arada bir gözlərimdən yaş damladığını hiss etdim. Mənə yemək, çay verdi. O qədər gözəl qarşıladı ki, özüm belə təəccübləndim, çünki heç vaxt bu sevgini hiss etməmişdim. Məni qucaqlayıb dedi:
-Saat çox gecdir, Fəridə, qızım. Gəl aparım yatırdım səni.
-Səkinə nənə...
-Ay can! De, balam, ürəyin nə istəyir?
-Olarmı ki əvvəlcə Maqsud babaya təşəkkür edim, sonra siz mən yatana kimi yanımda qalasınız? Bir az qaranlıqdan qorxuram.
Əslində, qaranlıqdan qorxmurdum. Kimsəsiz bir uşağın istəyi nə ola bilərdi? İsti qucaq, sevgi, qayğı. Tanrım bunu mənə çox görməsin!
-Əlbəttə, gözəl balam. Mən sənə gözüm kimi baxacam, amma əvvəlcə nə etmək lazımdır? Təbii ki, səni qəşəngcə çimizdirmək lazımdır! Heç narahat olma!
Səkinə nənə məni hamama salıb yaxşıca yuyundurdu. Hamamdan çıxanda qaça-qaça Maqsud babanın yanına gəldim. Boynuna atlanıb bərk-bərk sarılıb dedim:
-Maqsud baba, hər şey üçün təşəkkürlər!
-Qızım, şükürlər olsun ki,Tanrım səni mənim qarşıma çıxartdı! İndi get yat. Hələ qabaqda gözəl günlərimiz olacaq.
Qaçıb Səkinə nənənin əlindən tutub otağa getdim. Yatağa uzandıqda ürəyimin qopan parçalarının bir-birinə bağlandığını hiss etdim. Deyəsən, qopub düşən parçalar geri dönürdü, ya da məni tərk etməmişdilər. Çox şey istəmirdim ki. Az da olsa sevgi istəyirdim...
****
Hər gün səhər tezdən qalxar, Səkinə nənəmin yanında dolaşardım, həm də oynayardıq. Bəzən olardı ki, məni də özü ilə aparıb surpriz hədiyyələrlə sevindirərdi. Hər gün xoşbəxtliklə oyanardım ki, Səkinə nənəmlə gəzintiyə çıxacağıq! Maqsud babanın çox işi olurdu deyə məni tez-tez gəzintiyə çıxara bilmirdi. Demək olar, bütün günümü Səkinə nənəmlə keçirər, əylənərdim. Günlərin necə tez keçdiyini bilməzdim. Sanki zaman əllərimdən qaçıb gedirdi. Axşamları Səkinə nənə samovar çayı hazırlayardı. Maqsud babanın tez-tez qonaqları gələrdi. Bu dadlı söhbətin havasında Aşıq Kamandarın səsi gələrdi. Bəzən olardı ki, səhərə kimi Aşıq Kamandar çalar, Maqsud baba qonaqları ilə şənlənərdi. Mən uşaq olduğumdan çox vaxt məclisin gedişatını görə bilmirdim, çünki tez yatırdım. Siz bilirsinizmi, hüzuru hiss etmək necə böyük xoşbəxtlikdir? Mən ən böyük xoşbəxtliyimi tapa bilmişdim. Artıq yalnız deyildim, çiyinlərimdə özümdən ağır yük daşımırdım. Maqsud baba və Səkinə nənənin şirin, dadlı-duzlu söhbətlərini dinləyib bəzən yuxuya dalardım eləcə.
***
Bu böyük xoşbəxtlik bir neçə il davam etdi. Həyatımda ən dərin boşluğu Maqsud baba ilə Səkinə nənə doldurdu. Bu ocağa sığındığım gündən bəri mən ən böyük xoşbəxtliyimi yaşayırdım. Bəzən qorxurdum ki, bu xoşbəxtlik əllərimdən qaçıb gedəcək...
Elə qaçıb getdi də...
Yenə bir yay axşamı idi. Səkinə nənə ilə həyətda gəzişirdik. Maqsud baba bir neçə günlük Bakıya gedəcəkdi. Artıq yola çıxmışdı. Ancaq nədənsə ürəyimdə böyük bir narahatçılıq vardı. Həmişə getməmişdən qabaq alnımdan öpüb, başıma sığal çəkib deyərdi ki, “Özünə yaxşı bax, Fəridə qızım. Bir gün mən yanında olmaya bilərəm. Məndən sonra çox göz yaşı tökmə. Bax, Səkinəyə də, sənə də bərk-bərk tapşırıram!” Mən isə üzümü turşudar, hətta küsərdim. Bu gün də bir neçə il bundan qabaq Maqsud babanın məni tapmamışdan öncəki halımda idim. O dərin boşluğu hiss edirdim. Səkinə nənə süfrəni yığışdırırdı. Yaxınlaşıb söylədim:
-Səkinə nənə, gəl, mən də sənə kömək edim.
-Yox, balam, sən otur. Mən özüm edəcəyəm, -dedi.
Deyəsən, Səkinə nənə simamdakı narahatlığı hiss etmişdi. Əlindəkiləri yerə qoyub mənə yaxınlaşdı.
-Qızım, nolub? Nəsə narahatçılığın var?
Nə qədər gizlətməyə çalışsam da alınmadı. Göz yaşlarımı gizlədə bilmədim.
-Bir az hə. Maqsud baba çatıbmı görəsən?
-Gözəl qızım, bir neçə saatdan sonra çatacaq Bakıya. Zəng vuracaq. Sən niyə ağlayırsan?
-Bilmirəm. Səkinə nənə, olarmı sizə sarılsam?
-Can! Əlbəttə olar. Gəl!
Səkinə nənəni bərk-bərk qucaqlayanda bir az rahatladığımı hiss etdim, ancaq o boşluq keçməmişdi. Yenə yağış yağacaqdı, çünki göy üzünü qara buludlar almışdı.
-Gəl, qızım, keçək içəri. Mən də süfrəni yığışdırdım artıq. Əlini ver mənə, Fəridə, keçək içəri.
Səkinə nənə ilə əl-ələ tutub içəri keçdik. Divana uzandım. Sadəcə dincəlim deyə uzanmışdım, ancaq elə də yuxu aparmışdı məni.
Bir neçə saat sonra qəflətən qışqırıq səsinə oyandım. Səkinə nənənin hayqırtısını eşitdim. Otaqdan çıxıb, qaça-qaça həyətə düşdüm. Səkinə nənə dizlərinə döyə-döyə “Maqsuuud! Maqsud,bizi niyə qoyub getdin!” -deyə hayqırırdı. Qaça-qaça yanına gəlib Səkinə nənənin boynuna atlayıb həyəcanla soruşdum:
-Səkinə nənə, Maqsud babama nolub?
-Maqsud babanı itirdik, qızım! İtirdik!!!!, -deyə fəryad etdi.
... “İtirdik” kəlməsi qulaqlarımdan hələ də getməyib. Gözlərimdəki yaş bir anlıq qurudu.
-Necə yəni itirdik? Səkinə nənə?
Bu sözü dedikdən sonra huşumu itirdim. Çox yaşanan hadisəni xatırlamıram, ancaq xatırladığım tək şey var. O da Səkinə nənənin “Maqsud babanı itirdik” sözünü söyləməsi idi. Oyananda başımın üstündə Səkinə nənənin saçlarıma sığal çəkərkən hönkür-hönkür ağladığını gördüm. Yataqdan qalxıb Səkinə nənənin göz yaşlarını kiçik barmaqlarımla silməyə çalışıb dedim:
-Səkinə nənə, Maqsud babam cənnətəmi getdi?
-Hə, qızım. Tanrı evinə getdi...
-Bəs biz? Bizi niyə tək qoyub getdi?
-Gözəl qızım, Maqsud baban bizim yanımızdan cismani olaraq ayrılıb. Onun ruhu yenə səninlədir, mənimlədir.
-Bəs mən indi kimə səhər oyanıb “Sağ-salamat, Maqsud baba” deyəcəm? Kimdən o dadlı-duzlu söhbətləri dinləyəcəm?
Bu sözləri dedikdən sonra dərindən hönkürtü çəkdim. Artıq taqətim qalmamışdı. Başımı Səkinə nənənin çiyinlərinə söykəyib daha da bərkdən ağladım. Bu ağır itkinin ağrısını indi çiyinlərimdə deyil, bütün vücudumda hiss edirdim...
İllər, aylar keçdi. Artıq Maqsud babasız tam 5 il keçirdi. Mənim 15 yaşım vardı. Gənc qız olmuşdum. Artıq kimsəsiz Fəridə böyüyüb boya-başa çatmışdı. Bu 15 il ərzində çiyinlərimdə nə yük daşımışam ki? Mənim ən böyük yüküm Maqsud babanın itgisi oldu.
Məzarına gəlib yaxınlaşdım. “Məzar daşı” sözünü belə deməyə dilim gəlmir! Axı o ölməyib! Deyəsən, çox danışa bilməyəcəyəm. Bir az ruhu ilə söhbətləşdikdən sonra qayıdıb evə gəldim. Evə gəldikdə Səkinə nənə evdə yox idi. Nədənsə qəlbim səslədi ki, Maqsud babanın otağına keçim. Otağa keçdikdə stolunun yanındakı siyirməni açıb şəkillərə baxaram deyə düşündüm. Şəkillərin altında saralmış köhnə bir məktub parçası gördüm. Məktubun üstündə “qızım Fəridəyə” yazılmışdı. Bu Maqsud babanın məktubu idi. Məktubu açıb oxumağa başladım:
“Fəridə, qızım, sən bu məktubu yəqin ki, mən bu dünyadan köçdükdən sonra oxuyacaqsan. Məni bağışla, ancaq Tanrı artıq vaxtımın çatdığını deyir. Getməliyəm. Mən də getməmişdən öncə düşündüm ki, bu kiçik məktubu yazıb elə gedim. Bir azdan yola çıxacam. Başıma nə gələcək? Nə olacaq? Bilmirəm. İnsan ağır fikirlərlə yaşadıqda daha tez qocalar. Bunu unutma ki, özünü ağır fikirlərlə yükləmə. Bu sənə Maqsud babanın tapşırığıdır!
Səni heç vaxt kimsənin əlinə qoymayım, qoruyum, boya-başa çatdırım deyə düşünürdüm. İndi isə Səkinə nənənlə birlikdə qalacaqsan. Bəlkə də bu məktubu oxuduqda sən artıq həddi-büluğa çatmış bir qız olacaqsan. Səni nə qədər də qorusam, kədərdən, acıdan qoruya bilmərəm. Qızım, zaman elə qəddardır ki, bizim bütün sevdiklərimizi əlimizdən alıb aparır. Səndən yeganə xahişim var ki, güclü ol! Səkinə nənəni incitməcəyindən tam əminəm, ancaq xahiş edirəm ki, mənim qara xəbərim gəldikdə ağlamayın. Bu ağrını yaşamağa artıq dözə bilmərəm...
Əziz övladım, Maqsud baban səni həmişədən çox sevib. Həmişə səni göz bəbəyim kimi qoruyacağıma söz vermişdim! Əgər bir gün yanında olmasam nə edəcəksən, necə bu insanlarla başa çıxacaqsan deyə düşündükdə dərd məni alıb aparır, amma sonra deyirəm ki, mənim qızım əzmkardır!
Bir azdan qatar gələcək. Cəfalı Səkinəmlə özünə yaxşı bax! Yadından çıxartma ki, Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!”
Məktubda son cümləni oxuyub bitirdikdə göz yaşlarımın Maqsud babanın son yazdığı cümləni islatdığını gördüm.
“Maqsud baban səni heç vaxt unutmur və unutmayacaq da!”
Bir gün göylərdə görüşərik, Maqsud baba!
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)