
Super User
Şəhidlər barədə şeirlər - Nail Abakarov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Nail Abakarov
Nail Abakarov 2001-ci il iyulun 24-də Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009-2011-ci illərdə Kazan şəhərində 79 saylı İnternat Liseyində, 2011-2018-ci illərdə Zaqatala şəhərində İnternat Liseyində, 2018-2020-ci illərdə isə Zaqatala şəhərində N. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Nail Abakarov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Nail Abakarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Abakarov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
O gecə, Günəşin də
Qəfil söndüyü gecə...
O gecə, mələklərin
Yerə endiyi gecə.
O gecə yaddaşında,
Susub fəryad saxladı.
Küləklər uçdu getdi,
Quşlar qanad saxladı.
Bir xəbər bir atanın
Ürəyini geyinib,
Əynində aparırdı.
Bir ata ovucunda
Böyütdüyü balasın
Çiynində aparırdı.
Aparırdı adamlar
Bir körpə beşiyini,
Bir ananın qəlbini,
Həyəti, bacasını,
Evini, eşiyini.
Bir qız boynunu büküb
Dayanmışdı kənarda.
Sevənlər ayrılanda
Alışar da, yanar da.
Yox, bu ayrılıq deyil,
Evinə dönməkdi bu...
Ana, vətən, qohumlar,
Dost, tanış, qardaş, bacı -
Hamını sevməkdir bu.
Şəhidlik əbədiyyət,
Sevilməkdi, sevməkdi.
Mələklərə qoşulmaq,
Günəşə can verməkdi.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
İntizar ədəbiyyatı - Hökumə Billuri, "Mən də"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən də bir şairəm sinəsi dağlı,
Ayrılıq nəfəsli, hicran soraqlı
Vətənin qapısı üzümə bağlı,
Hər axşam bu dərddən alışır sinəm,
Vətən həsrətliyəm, el həsrətliyəm.
Həyatın öz səsi, gur səsiyəm mən,
Varlığın bir səhər nəfəsiyəm mən.
Haçandır azadlıq təşnəsiyəm mən,
Qəlbimdə məhəbbət bulağı çağlar,
Bir gözüm güləndə, bir gözüm ağlar
Səhər oyanmamış, günəş gəlməmiş,
Arzular üfüqün özütək geniş.
Torpağa, insana, günəşə alqış.
İnsan arzulan günəşdən uca,
Baxdım dan yerinə, baxdıın doyunca,
Dəniz ovsunlayıb ayı da alır,
Çəkir sinəsinə, sular qaralır,
Qızılı bir şəfəq sularda qalır,
Açır gözlərini oyanır səhər,
Başlayır uğurlu bir aydın səhər.
Budur, nəfəs alır küçə, xiyaban,
Dəniz lap birinci qalxır yuxudan.
Həyatın zinəti ey ulu insan,
Dənizə, günəşə, sənə vurğunam,
Vurğunam, vurğunam, yenə vurğunam.
Məşəltək alışan bir ürəyəm mən,
Səhərə nur verən bir diləyəm mən.
Bir ölməz arzuyam, bir istəyəm mən.
Dağlardan möhkəməm, zirvədən uca,
Qalsın arzularım dünya durunca.
O tayda, bu tayda məşəl yandıran,
Səhərin yolunu işıqlandıran,
Göylərdə günəşdir, həyatda insan,
İnsan arzuları, günəşdən uca,
Baxım dan yerinə ömrüm boyunca.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
BİR SUAL, BİR CAVAB Habil Yaşar ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
"Uçub gedən hər bir şey geri dönər, amma tam da onlarsız yaşamağı öyrəndiyiniz zaman” (Jose Saramago)
Habil bəy, vaxtsız qəlb evini tərk edənləri məyus halda geri dönərkən gördükdə diliniz nə söyləyir?
"Demişdim qayıdacaqsan, amma gözlərim artıq sənə bağlı", yoxsa, "Sən heç getmədin ki"?
Öncə qeyd edim ki, Jose Saramaqo ən çox sevdiyim, ruhuma ən yaxın yazıçılardan biridir. O ki qaldı cavaba, hər nə qədər çətin olsa da, bütün iradəmi toplayaraq "Demişdim qayıdacaqsan, amma gözlərim artıq sənə bağlı" söyləməyi üstün tutaram. Ürəyimdə yeri olmayan birini gözlərim görsə, nəyə yarar…
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
ƏN YENİ ŞEİRLƏR - Rəfail İncəyurd, “Bu ömür deyilən...”
“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:
Bu ömür deyilən bineyi-başdan
Köklənə bildiyin haldı beləcə.
Qocalıq saçlarda çiçəklədikcə
Cavanlıq saçını yoldu beləcə.
Dərkə dartınanın biri də mənəm,
Öncə düşüncədi taleyə önəm.
Əməlinə binəm, işinə binəm
Hamı özü boyda yoldu beləcə.
İçin göyündədi Göyün Tanrısı,
Odu bu tərəfi, odu anrısı.
Cilvəli xəyalı, zalım ağrısı
Boldu məqam-məqam, boldu beləcə.
Bir ali MƏNin var: ya boş ver, ya bul...
Ya göllən yerində, ya da ax, durul.
Qazandığın hörmət, qazandığın pul
Belə olmalıydı,.. oldu beləcə.
Haqqın körpüsündən keçirib bir-bir,
Son sözü yaradıb-aparan deyir.
70-in tinində bu kövrək şeir
Gəlib ürəyimə doldu beləcə...
Ədəbiyyat və incəsənət”
(09.07.2024)
ALAGÖZ DAĞI - “Qərbi Azərbaycan əfsanələri” silsiləsindən
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Çox-çox əvvəllər, Qafqaz dağ silsilələrinin indiki yerində münbit düzənliklərin uzandığı torpaqlarda türk tayfaları məskən salmışdı. Bu mahalın əfsanəvi igidləri, qəhrəmanları öz şüçaətləri ilə ad çıxarmışdılar. Onların başçısı qüdrətli şahzadə Səlim idi. O, qorxmaz atlı və döyüşçü idi. Onun həyatı yad qəbilələrə qarşı basqınlarda və dostlarla şən ziyafətlərdə qayğısız keçirdi. Səlim heyvanların dilini başa düşürdü və həmişə dərələrdə, meşələrdə, döyüşlərdə şahini və dözümlü atı onu müşayiət edirdi.
Bir gün Səlim qonşu kənddə Alağöz adlı gözəl bir qız gördü və onların arasında odlu sevgi yarandı. O, atasının yanına gəlib toy üçün icazə istədi. Lakin şah bu xəbəri eşidəndə üzünün rəngi dəyişdi, tutqunlaşdı, oğlunu bu sevdadan yayındırmaq üçün onu vəhşi qəbiləyə qarşı döyüşə getməyi əmr etdi. Oğul atasının sözündən çıxmağa cəsarət etmədi, atlıları başına yığıb uzaq döyüşə getdi. Uzun müddət geri qayıtmadı və ata oğlunun məğlub olub ölməsi xəbərini şayiə olaraq məmləkətə yaydı.
Lakin Səlim ölmədi, düşmən üzərində qələbə çalıb, zəngin qənimətlə yoldaşları ilə birlikdə doğma yurduna qayıtdı. Onunla ilk görüşən vəfalı insanlar atasının xainliyindən danışdılar. Səlim əvvəlcə öz sevgilisini görmək istədi. Artıq atası ilə görüşmək, onu eşitmək istəmədi. Hər iki sevgili biruzaq bir diyara qaçmağa qərar verdilər. Gecənin yarısında sadiq dostlarının köməyi ilə dərin meşələrin uzandığı doğru yola düşdülər. Ata oğlunun qayıtdığı xəbərini eşitdi, əsgərlərini topladı və qaçanların arxasınca getdi. Uca dağlar qoynunda ata və oğul arasında döyüş başladı. Gənc atlılar cəsarətlə vuruşdular. Səlimin şahini və vəfalı atı ona vuruşda kömək etdi. Şahinin iti gözləri və ülgüc kimi caynaqları, vəfalı atının qulaq batıran kişnərtisi ilə şahın əsgərləri məğlub oldu. Şah döyüşdə tək qaldı, öz səhvini başa düşdü. Amma, yenə xəyanətə əl atdı. Oğluna onu əhv etməsini xahiş etdi. Səlim atasına yaxınlaşıb dəbilqəsini başından çıxartdı. Elə bu an şah əlindəki qılıncla oğlunun başını iki böldü. Səlim öldü, Alagöz göz yaşları içində sevgilisinin cəsədinə əyilib kəmərindən xəncərini çıxardıb ürəyinə sancdı, sonra onu kənara atdı. Belə bir dəhşətli hadisədən yer titrədi, göy guruldadı. Alagözün göz yaşlarından çay əmələ gəldi, öldüyü yer isə daşlaşdı, uca zirvəli, başı qarlı dağa döndü. Sonralar bu yer gənc atlıların döyüşdüyü, vuruşduğu dağlar oldu. Dağın başı üstündə isə hələ də Səlimin sadiq dostu şahin dövrə vurur. İnsanlar bu dağı sonradan Alagöz dağı adlandırdılar.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
Gəncədə “Azərbaycan kəlağayılarının təbliği" adlı konsert keçirildi
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən konsertlərə start verilib.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlıya müraciət edərək ondan layihənin icrası ilə bağlı aşağıdakı məlumatı aldıq:
-Layihə əsasında rellaşan ilk konsert 7 iyul 2024-cü ildə Gəncə şəhərindən start götürüb. Layihə çərçivəsində “Azərbaycan kəlağayılarının təbliği" adlı konsert tamaşaçılara təqdim olunub.
Konserti giriş sözü ilə İctimai Birliyin sədri və layihə rəhbəri olaraq açaraq qonaqları salamladım. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra mən layihənin mahiyyəti haqqında ətraflı məlumat verərək Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə təşəkkür etdim. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ' Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində Bakı, Gəncə, Qazax, Şəki və Şamaxı rayonlarında kəlağayıdan bəhs edən konsertlərin keçiriləcəyini bildirdim.
Qeyd etdim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri, yorulmaz səyləri nəticəsində ölkəmizin 23 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixdə Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu siyahısında Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Bu münasibətilə 26 Noyabr – Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunur. Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır! Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır. ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin təşkil olunmasında da əsas məqsəd milli atributlarımızdan olan, analarımızın ismət rəmzi sayılan kəlağayını, kəlağayı sənətini yaşatmaq, təbliğ etməkdir.
Azərbaycanın müqəddəs atributlarından biri olan, analarımızın, nənələrimizin yaraşığı olan kəlağayı haqqında keçirilən tədbirlərin sevgilərlə, heyranlıqla, alqışlarla qarşılandığından qürur duyduğumu qeyd etdim. Çıxışımda kəlağayımıza Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində qiymət verildiyini, dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğuladım.
Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrimizdən olan kəlağayının əvvəlki şan şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac vardır. Belə təbliğ formalarından ədəbi-bədii gecələrin, konsertlərin, festivalların təşkilidir. Təklif etdiyimiz layihə çərçivəsində Bakıda və dörd regonda Azərbaycan kəlağayısının beynəlxalq səviyyədə tanınmasının 10 illiyi münasibətilə konsert proqramları və qədimi kəlağayıların sərgisi keçiriləcək. Hesab edirik ki, belə təbliğat vasitəsi kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında istifadəsini daha da artıracaqdır.
Sonra isə söz, Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayevaya verildi. O, kəlağayının təbliği, yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün bu layihənin çox önəmli və vacib olduğunu bildirdi. Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri- şair Brilyant Atəş, Mələk İsmayıl, Gəncə şəhər 10 saylı məktəbin müəllimi Aybəniz Murğuzova kəlağayı haqqında yazdııqları şeirləri söylədilər.
Aşıq Elbrus Hüseynov, aşıq Firəddin Mehdiyev, balabançı Yaşar Abbasov, Gəncə İncəsənət məktəbinin şagirdləri İlahə Əliyeva, Nicat Abişov, Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsinin Gəncə Uşaq İncəsənət məktəbinin ''Gəncə Qönçələri'' rəqs ansamblının üzvləri Amin Əliyev və Ümid Məmmədli çıxışları ilə tamaşaçılara xoş ovqat bəxş etdilər. Kəlağayıdan bəhs edən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi tərəfindən hazırlanmış “Azərbaycan kəlağayısının təbliği” adlı konsert tamaşaçılar tərəfindən sevgilərlə, alqışlarla qarşılandı.
"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu çıxış edərək, tədbir iştirakçılarını salamlayaraq, Gəncədə olmaqdan məmnunluq hissi duyduğunu söylədi. Vüsal Sehranoğlu kəlağayı sənətinin yaranma tarixindən söz açaraq bu sənətin qədim sənət olduğunu söylədi. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi olaraq kəlağayının yaşadılması, tanıdılması, gələcək nəsillərə ötürülməsi üçün təqdirəlayiq işlər həyata keçirildiyini bildirdi. “Azərbaycan kəlağayısının təbliği” adlı layihənin də həmin silsilə tədbirlərin davamı olduğunu qeyd etdi və maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi.
Bir-birindən rəngarəng musiqi töhfələri, saz havaları, kəlağayı haqqında şeirlər, rəqslər alqışlarla qarşılandı.
Sonda Azərbayycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maddi dəstək üçün, Gəncə şəhəri İcra Hakimiyyətinə, Gəncə- Daşkəsən Regional Mədəniyyət idarəsinə, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayevə təşkilati dəstək üçün təşəkkürümüzü bildirdik.
Növbəti aəfərimiz Qazağadır.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında
Avstriyanın “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin alman dilinə tərcümə edilmiş “Poçt qutusu” hekayəsinin yayımına başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Tərcümə Mərkəzi məlumat yayıb. Məlumata görə, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış Avstriya tərcüməçisi, filoloq Andreas Kriber və alman dili mütəxəssisi Cəfər Cəfərovdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Yohann Volfqanq Höte, Fridrix Şiller, Fyodor Dostoyevski, Frans Kafka, Erix Kestner, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
Elza Seyidcahan bu dəfə uşaqlar üçün
İyulun 9-da Azərbaycan Dövlət Kukla Teatrında Əməkdar artist, bəstəkar və ifaçı Elza Seyidcahanın 55 illiyinə həsr olunmuş “Elza və kuklalar” adlı tədbir keçiriləcək.
Teatrdan AzərTAC-a bildirilib ki, bəstəkarın yubiley görüşündə onun uşaq və yeniyetmələr üçün yazdığı mahnılar səslənəcək.
Populyar estrada mahnıları səhnəmizin tanınan simaları ilə yanaşı “Oyuq” Sənət Məktəbi yetirmələrinin ifasında solo və xor nömrələri kimi təqdim olunacaq.
Yubiley gecəsi E. Seyidcahanın bəstəkarı olduğu “Şəngülüm, Məngülüm” tamaşasının nümayişi ilə bitəcək.
Xatırladaq ki, Mikayıl Müşfiqin yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poema əsasında hazırlanan tamaşa yeni səhnələşdirmədə “Şəngülüm, Məngülüm” kimi (2017) təqdim olunub. Teatrın baş rejissoru Anar Məmmədovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Ümumilikdə 12 mahnının yer aldığı tamaşanın ifaçısı Akademik Musiqili Teatrın aktrisası Ülviyyə Əliyevadır.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
Tovuzda kitab təqdimatı
İyulun 8-də Tovuz rayonunda, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazax-Tovuz Regional Mədəniyyət idarəsi və Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin birgə təşkilatçılığı ilə AJB-nin üzvü, şair, publisist Brilyant Atəşin ''Nənəmin kəlağayısı'' kitabının təqdimatı keçirildi.
“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisi İB-dən verilən məlumata görə, kitab Mirvarid Dilbazi Poeziya Məclisinin mənəvi dəstəyi ilə işıq üzü görüb. Kitabın redaktoru Güllü Eldar Tomarlı, məsləhətçi Barat Vüsal, rəyçilər- Xatirə Dilbazi, Vüsal Sehranoğludu.
Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı açdı , vətənimizin azadlığı, suverinliyi, bütövlü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndirildi.
Söz AYB-nin Qazax filialının sədri, ictimai xadim, şair, publisist Barat Vüsala verildi. O, şairin şeirlərinin milli, mənəvi dəyərlərə söykəndiyindən, vətənpərvərlik ruhunda yazmağından danışdı və şeirlərdən nümunələr səsləndirdi.
Tədbirdə şairlərdən- Nazim Əhmədli, Bilal Qoca, Tamam Yaralı, Telman Akınçı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin bələdçisi Pakizə Abbasova, Novruz Mizani, aşıq Novruz Kamiloğlu və müəllifin ailə üzvləri çıxış etdilər.
Sonda xatirə şəkili çəkildi.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
“Biz keçə bilmədik bu imtahandan…” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir.
ALDATDI MƏNİ
İtirdi dumanda, çəndə,
Yollarım aldatdı məni.
Qucaq açdı hər yetənə,
Qollarım aldatdı məni.
Düşdüm zamanın dalınca,
Kaşın, gümanın dalınca,
Baş qoymadım gül balınca,
Kollarım aldatdı məni.
Ruhumu görən olmadı,
Könlümü dərən olmadı,
Dərdimdən ölən olmadı,
Ollarım aldatdı məni.
Adam çıxmadı rastıma,
Qəlb qızdırmadım “dost"uma,
Duam qayıtdı üstümə,
Əllərim aldatdı məni.
Sevdim, həsrətə tuş oldum,
Çiçəkdim, döndüm daş oldum,
Nə tez payıza qoşuldum,
İllərim aldatdı məni.
BU AXŞAM DƏYMƏYİB HƏLƏ
Bu axşam dəyməyib hələ,
Ulduzu kal, ayı kaldı.
Buludu kal, yağışı kal,
Sükutu kal, hayı kaldı.
Hər tərəf həsrət içində,
Hər yan töhmətin altında.
Yuxu da qaçıb gizlənib
Göyün yeddinci qatında.
Yarı işıq, yarı zülmət,
Bilmirsən hardan baxasan.
Yoxdu qapısı, bacası
Durub gecədən çıxasan.
SEVGİLİLƏR GÜNÜNƏ
Sevməyin yüz yolu, bərəsi varmış,
Qaydası, qanunu, törəsi varmış,
Alçağı, çökəyi, dərəsi varmış,
Biz keçə bilmədik bu imtahandan.
Gah qaçıb gizləndik, gah üzə çıxdıq,
Gah sükut axtardıq, gah səsə çıxdıq,
Bütün qaranlıqlar gündüzə çıxdı,
Biz keçə bilmədik bu imtahandan.
Qınaqdan qaçdıqca günaha düşdük,
Yaxına gəldikcə uzağa düşdük,
Yalan həqiqətdən qabağa düşdü,
Biz keçə bilmədik bu imtahandan.
Yordu sazaq bizi, yordu qar bizi,
Yordu abır bizi, yordu ar bizi,
İtirib batırdı qorxular bizi,
Biz keçə bilmədik bu imtahandan.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)