Super User

Super User

Çərşənbə axşamı, 27 Fevral 2024 12:00

UĞUR QAZANDIRAN KİTABLAR – Robin Şarma, «Titulsuz lider»

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Robin Şarma «Titulsuz lider»

Uğur qazanmağın, lider olmağın sirlərini motivasiya, liderlik və şəxsiyyətin inkişafı üzrə ən məşhür Amerika mütəxəssisi, əslən Kanadadan olan Robin Şarmadan, onun bu kitabından öyrənmək çox effektiv hesab olunur. Təsəvvür edin ki, bu şəxs Microsoft, IBM kimi dünyanın ən nüfuzlu və gəlirli şirkətlərinin, Yel Universitetinin, ABŞ-ın Qırmızı Xaç Cəmiyyətinin məsləhətçisidir.

Hazırda, xüsusən, gənclik Robin Şarmanı sevə-sevə oxuyur. Mən şəxsən Bakı şəhərində ən müxtəlif auditoriyalarda, ictimai nəqliyyatda əlində bu müasirimiz olan motivasiya spikerinin kitablarını tutmuş gənclərlə mütəmadi rastlaşıram.

Növbəti hissələrdən birinə mütləq Robin Şarmanın insanlığa xitabən yönələn qiymətli kəlamlarından seçdiyim 30-luğu təqdim edəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

 

 

Çərşənbə axşamı, 27 Fevral 2024 11:45

Kitabın kitabı bağlanmasın deyə…

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“İnsan özü özünün həkimi olmasa dünyanın bütün həkimləri yığışsa, onun dərdinə əlac edə bilməz..."

Bilal Alarlı

 

*

Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı ölkənin fədakar alimlərindən biridir. Əlindən yaxşılıq etməkdən başqa heç nə gəlmir. Çox işlər görüb, cənubla bağlı sanballı əsərlər ortaya qoyub. Onlardan ikisi də Yardımlı rayonu ilə bağlıdır. "Viləş çayı boyunca" kitabında müxtəlif yaradıcı yardımlılar barəsində qələmə aldığı yazıları bir yerə toplayıbsa, "Yardımlı rayonunun folklor örnəkləri" kitabında isə, həmin bölgəyə xas olan folklor nümunələri öz əksini tapıb...

 

Sözüm Yardımlının nüfuz sahiblərinə, iş adamlarına, imkanlı şəxslərinədir. Bu kişi, artıq rayonumuzla bağlı təmənnasız olaraq iki kitab ərsəyə gətirib. Hazırda "Yardımlı rayonunun folklor nümunələri" kitabının ikinci  cildi çapa hazırdır. Maddi yardıma ehtiyac var. Yığışıb kitabın çap xərclərini ödəmək lazımdır... 

O vaxt mən müəllifin "Viləş çayı boyunca" kitabı təzə-təzə çıxanda çox adama müraciət elədim, heç kim yaxın durmadı. Axır əlacsız qalıb rayonun sabiq rəhbəri Sevindik Hətəmova ağız açdım ki, kitabdan heç olmasa 20-30-nu alsın ki, rayonda da olsun. Sağ olsun, təkcə o tutdu müəllifin əlindən. 

Cənablar, imkansızlara payladığınız ərzaqlar yeyilib qurtarır, hələ üstündən su da içilir, amma kitablar gələcək nəsillərə miras qalacaq...

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 11:30

Hər halda, nədir axı əsl sevgi? - AKTUAL

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Qayğısızlıq, sevgisizliklə böyümək bu dünyadakı ən ağır və aciz hissdir bəlkə də. Bayaq rastıma "Susan Qadın" kitabından bu parça çıxdı və sanki birdən-birə içimdə bir boşluq yarandı.

Dünya sevgi üzərinə qurulub, amma insanlar sevgisizliklə böyüyür. Valideynlər övladları  olacağını eşidəndə qurbanlar deyir, bayramlar keçirir, lakin sonra hər kəsə güvənsiz, özünə yetməyi bacarmayan şəxslər yetişdirir. Niyə?

Bəzən sual vermək mənasız gəlir. Çünki cavab tapa bilmirik. Bəzi "niyə?"lərin cavabı yoxdur, çünki bunlara qəbul edilə biləcək, doğru və əsaslı sayıla biləcək cavablar tapmaq mümkünsüzdür. Övladı sevgisiz böyütmək, şiddət göstərmək üçün keçərli səbəb ola bilməz. Xəyanət etmək üçün əsaslı səbəb tapıla bilməz. Biz insanlar olaraq öz xarakterimizdəki aciz qüsurları bəhanələrə sığışdırmağa o qədər meyilliyik ki. Bir qadın intahar edəndə, "əşi, yəqin nəsə bir pis işi var imiş" demək rahat gəlir, məsələn. Ya da kimsə ağlayanda "artistlik edir, diqqət istəyir" deyib yola veririk. Hə, diqqət istəyir. Niyə istəyir? Hansı diqqəti? Kimdən istəyir? Bəs sizcə, bir insanın ağlaması, diqqət istəməsi anormaldır? Əgər anormaldırsa, onda niyə ona lazım olan diqqəti öncədən verib normanı gözləmirik? 

Hə, bir də, "qudurtma" ifadəsi var dilimizdə. Nə deməkdir bu "qudurtma"? 

Hər cür bolluğun, nemətin içində ac yetişən nəsilik biz. Sevgiyə, qayğıya, "ailə" anlayışına ac yetişirik. İnsanların sevgisi mənfəətləri, əldə etmə istəkləri qədərdir. Bir telefon üçün canını verənlər sonra o telefonu orada-burada unudub gedir. "Evim olsun" deyə dualar edənlər bəlkə gündə 2 saatı evlərinə ayırmırlar. "Sevirəm, məcnunam  sənə" deyənlər isə nəinki Məcnun, heç çöllərdə gəzən küçə itləri qədər belə sadiq qala bilmir. 

Biz sadəcə acizik. Hisslərdən, özümüzü ifadə etməkdən, duyğuları yaşamaqdan. Biz insan olmaqdan acizik. Bir dilək haqqınız olsa nə diləyərdiniz? Mən insanların bir-birini əsl sevgi ilə sevməyi və sevilməsini. Çünki deyəsən, ancaq o zaman öyrənə bilərdim ki, məni kim həqiqətən sevir və əsl sevgi nədir. Mənə maraqlıdır. 

Əsl sevgi nədir?

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 11:15

Səbinə Zülalovanın yeni layihəsinin təqdimatı olub

Azərbaycan Milli Xalça Muzeyində Səbinə Zülalovanın “Upcycle Twenty” adlı layihəsinin təqdimatı olub. Bu tədbir çərçivəsində, həmçinin “Swan-Maiden” Moda Evinin 20 illiyi qeyd olunub, ekologiya, habelə fiziki imkanları məhdud şəxslərin dəstəklənməsi mövzularının önə çıxarıldığı qurama elementlərini ehtiva edən moda kolleksiyasının nümayişi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, layihə xüsusilə tullantı materiallarından necə istifadə olunacağına həsr olunub. Dizayner Səbinə Zülalova əvvəlki kolleksiyalarından bəzi geyimlərə yeni nəfəs verib, onları qurama elementləri ilə zənginləşdirib, digər dizaynerlərə örnək olub. Yeni kolleksiyalar yaratmaq üçün qalan parça hissələrindən istifadə olunması ekoloji riskləri azaldır, çünki fabriklər atmosferi çirkləndirir və poliqonlar tullantılarla doldurulur ki, bu da istər-istəməz iqlim dəyişikliyinə təsir göstərir. Təqdimatda nümayiş olunan videoçarx da bu mövzuya həsr olunub. Tədbirdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Xanım Cənnətova da çıxış edib. Səbinə Zülalova həm də “Aqıllı cəmiyyətə ekoloji dəstək” qeyri-hökumət təşkilatının təsisçisi olduğu üçün ətraf mühitin mühafizəsi tədbirlərinin dəstəklənməsi onun layihəsinin əsas istiqamətlərindən biridir.

Fiziki imkanları məhdud şəxslər də layihədə iştirak etməyə dəvət olunublar. Tədbir zamanı təşkil edilən yarmarkada onların əl işləri təqdim edilib. Bu şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Peşə Reabilitasiyası Mərkəzinin dəstəyi ilə qədim qurama sənətinin öyrənilməsi üzrə iki aylıq kurs keçirilib. Dərslər İçərişəhər Muzey Mərkəzinə daxil olan Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində baş tutub. Layihənin sponsorları tərəfindən əsərləri podiumda nümayiş etdirilən müəlliflərə hədiyyələr təqdim olunub.

“Swan-Maiden” Moda Evinin 20 illiyinin qeyd olunması çərçivəsində modelyer Saima Mədətova tərəfindən son iyirmi il ərzində yaradılan müxtəlif geyim nümunələrindən ibarət “Vintaj” kolleksiyası təqdim edilib. Moda axşamının kulminasiya nöqtəsi modelyerin qızının podiuma çıxması olub. Məhz o, anasının yaratdığı brendin ilham pərisidir və modelyer özünün ilk kolleksiyasını övladının dünyaya gəlməsini gözlədiyi vaxt – 2023-cü ildə tamaşaçılara təqdim edib.

Tədbirdə müğənni və bəstəkar Sivva “Şuşa, sabahın xeyir!” mahnısını ifa edib. O, səhnəyə Səbinə Zülalovanın məxsusi olaraq bu nəğmə üçün hazırladığı geyimdə çıxıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 11:00

Mövlud Süleymanlıya rekviyem - ESSE

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Mövlud Süleymanlı dedikdə, bilmirəm nədən, ilk yadıma düşən əsəri "Kökdən düşmüş piano" olur. O zaman bu əsəri İncəsənət Universitetinin bir diplomantı televiziya tamaşası kimi isləmişdi. Yaşar Nuri də çox gözəl oynamışdı. Orda bir söz var: "... bəzən yazıçılar görürsən insan haqqında yazıb, amma onun səsini yaza bilməyib. Bir də görürsən obrazı ayrı adamın səsiylə danışdırır". Nə qədər doğru məntiq! İndi Azərbaycan Ədəbiyyatında ayrı səslə danışan obrazlar bir yana, ayrı adamın səsiylə danışan yazıçılar da meydana gəlib. Əsil Yazıçılar isə köç edib bir-bir gedir bu dünyadan. Mövlud Süleymanlını itirdik. Allahın işidir ki, onun nəvəsinə dərs deyirəm. Balaca yazarlar birliyimin üzvüdür Selcan. İlk gündən çox doğma bildiyim uşaq bir gün mənə dedi ki, mən Mövlud Süıeymanlının nəvəsiyəm. Bu,  şagirdimin "Yasəməm çiçəyi" hekayəsini oxuduğum gün idi. Bir anlıq dedim ki, odur da, “Yasəmən çiçəyi" adında hekayə yazmısan, bunu yalnız Mövlud müəllimin nəvəsi yaza bilərdi. 

Bir neçə vaxt babası xəstə olduğundan nəvəsinin də üzü solmuşdu. Həmişə durmadan gülən uşaq bu dəfə susub oturmuşdu. 

Mövlud Süleymanlı həmişə hər an evimizdə adı çəkilən əziz doğma bir kəs idi mənim üçün. Onu gec-gec görsəm belə bu, heç nəyi dəyişmirdi.

Ötən gün isə onu itirdik. 

Mövlud Süleymanlı mediayla ünsiyyəti sevməzdi, müsahibə aparmaq istəyənlərdən qaçardı, uzun uzadı özü haqqında danışmaqdan uzaq idi. Bir müsahibəsini oxumuşdum. Orda ondan soruşurlar: "Sizdən sonra nə qalacaq?" Deyir: "Belə sual gözləmirdim". Qəribədir, nəyə görə mediadan uzaq olmaq istəməsini əslində anlayıram. Bu, get-gedə yalanlaşan dünyanın ondan belə bixəbər olmağını istəyib. Bir-bir bu dünyadan Ədəbiyyat sütünları gedir və bu, məni hədsiz qorxudur. Mövlud Süleymanlı Azərbaycan Mədəniyyətinə İncəsənətinə, kinosuna, radiosuna gərəkli bir yazıçı idi.

Dilimizin, folklorumuzun keşiyində duranlardan idi. Onun "Bulaq" verilişinın adını çəkmək kifayətdir.

Əsərlərində böyüklə böyük, kiçiklə kiçik olmağı bacarırdı. Onun hekayətləri isti idi doğma idi. Onun romanlarının içində daldalanmaq olurdu. Özü də doğma idi. Sonuncu dəfə onu Yazıçılar Bİrliyinin 85 illiyində görmüşdüm. Elə eyni sırada oturmuşduq. Yalnız onunla danışmağa utandım. Sadəcə salam verdim. Bəlkə də özümü tanıtsam, söhbət də edəcəkdik, bilmirəm... Yalnız mehriban doğma üzü həmişə xatirimdə qalan yazıçılardan idi Mövlud Süleymanlı. Mən onu oxuduğum əsərlərindən tanıyırdım. Özü demişkən, obrazların səslərindən tanıyırdım. Əslində özüm atasız qaldığım günün acısının ətrini belə xatırlayıram. Ona görə doğmalarına bir kəlmə söz deyə bilmədim. Qızına təsəlli vermək istəsəm də alınmadı. Çünki ata itirməyin təskinliyi yoxdur. Mövlud Süleymanlı çox gözəl yazıçı idi, vəssalam. Özündən sonra nə qalacaq sualinin cavabı da budir ki, özündən sonra əsərləri, romanları qaldı. Onu oxuduqca yenidən obrazların ruhunda diriləcək və biz onun səsini eşidəcəyik. "Köç", "Ceviz qurdu", "Günah duası", "Şeytan", "Dəyirman" və bundan qat-qat çox əsərləri bu dünyada qaldı. Biz isə doğma kəsləri itirməklə sınanırıq. Və bir gün ümid işığı kimi hər kəs bir-biriylə görüşəcək. Bunu düşünməsək onda yaşamaq çətinləşər. 

Yerin behişt olsun, bu dünyadan köç edən adam.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 10:30

“Bacarsan, bir gün məni bağışlayarsan” - HEKAYƏ

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Gözlərimi yumub yuxuya getməyə çalışsam da, onun ovsunlayıcı gözləri hafizəmdən silinməmişdi. Tanrı sanki onun gözlərini mənim vicdanıma çevirmişdi və bir cüt qara göz məni hər yerdə təqib edirdi. Qəribədir ki, o mənim ilk sevgim olmuşdu, ancaq mən nə ilk sevginin, nə də son sevginin qədrini bilirdim. Əslində, başlanğıcda hər şey çox yaxşı idi, biz bir-birimizi sevirdik, birlikdə filmlər izləyir, musiqi dinləyir, eyni kitabları oxuyub fikirlərimizi bölüşür, sahildə gündəlik yürüyüşlər edirdik. Ancaq biz evlənəndən sonra hər şey mənim çiyinlərimə yük olmuşdur. Düzdür, o məndən çox şey tələb etmirdi, biraz təbəssüm , biraz anlayış və bir qədər isti nəvaziş xaricində məndən heç nə tələb etməyən ceyran gözlümün qədrini o zamanlar bilə bilməmişdim. İşlərim düz gətirmirdi, ailəmlə aramda problemlər yaranırdı və təzə evli olduğum üçün çoxlu maddi sıxıntılarım var idi. O mənə nə qədər dəstək olmağa çalışsa da, mən öz əllərimlə onu ümidsizliyə və çarəsizliyə itələmiş, hətta onun ən saf arzusu olan qız övladına sahib olmağı belə ona çox görmüş, indiki zəmanədə evlənməkdən daha ağılsız bir şey varsa o da, bu dünyaya övlad gətirməkdir deyib onun bütün ümidlərini qırmışdım. Son aylarda başım o qədər qarışmışdı ki, ümumiyyətlə ona vaxt ayırmağı belə bir qırağa qoyub evə gecənin bir aləmi gəlməyə başlamışdım. Və ilk dəfə ona başqa bir qadınla xəyanət etmişdim. Hərçənd ki, mən xəyanətimi gizlətməyə və üstünü ört-basdır etməyə çalışsam da, o məni gözlərimdən oxuyan yeganə qadın idi.

Mən isə onun qəlbinə artıq çox uzaq düşmüşdüm, eşqini söndürdüyümün belə fərqində deyildim. Bir gün işdə olanda telefonuma ondan bir zəng gəldi və mən zəngi nəçə dəfə ertələsəm də, telefon susmurdu. Əsəbi halda zəngi açarkən telefonun digər ucundan həkimin boğuq səsi gəldi:

 -Başınız sağ olsun, iki aylıq hamilə həyat yoldaşınız maşın qəzasında həyatını itirib.

Həkimin o sözlərindən sonra dünya sanki başıma yıxıldı. Axı, bu necə ola bilərdi? Axı, mənə ata olacağımı niyə deməmişdi?

 

“Və bu gün tam üç il sonra mən yenə yuxudan sənin gözlərinlə oyandım, ceyran gözlüm. Bu gün ilk dəfə səni xoşbəxt görürdüm. Yanındakı mənim atalıq etməyə belə cəsarətim olmayan qızımız necə də, sənə oxşayır.

Həyat belədir, bizim yanımızda olub bizdən sadəcə şəfqət gözləyən insanları qırdığımız qədər heç kəsi incitmirik. Ən çox qəlbini yaraladığımız insanlar məhz bizim yaralarımızı sarğılayıb sağaldan, şərtlər nə olursa olsun, yanımızda qalan və sevgisindən bir an belə şübhə etməyən insanlar olur. 

Mən səndən və sənin sevgindən əsla şübhə etmədim, ancaq, gözlərində özümün yoxa çıxdığımın belə fərqində olmadığımdan, ata olduğum xəbərinin müjdəsini almadan övladımı və səni torpağa tapşırdım, ala gözlüm.

Bacarsan, bir gün məni bağışlayarsan ancaq, xahiş edirəm gözlərini ruhumdan ayırma.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 10:45

Bir sual, bir cavab - Qəşəm Nəcəfzadə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Qəşəm bəy, müsahibələrinizin  birində Ədəbiyyat aləmindəki gözəl yazan şairləri  əla futbol oynayanlarla müqayisə etmisiniz.

Hal-hazırda möhtəşəm "qol vuran" şairlərin adını çəkməyinizi rica etsəm, çəkərsinizmi?

 

 CAVAB

Bəli, futbol poeziyaya yaxındır. Bəlkə, mən də ən güclü futbolçuyam. Qol vuranda boş sahəni seçirəm ki, top adamlara toxunub geri qayıtmasın. Şeirdə də boş yer gəzirəm ki, orada heç kəs olmasın, ən yaxşı misra ən dəqiq vurulan qoldur.

Bəzən də qəsdən oxucuya pas ötürürəm ki, etiraz etsin və bu etiraza növbəti şeirim cavab olsun.

Yaxşı "qol vuran" şairlər çoxdur, amma ad çəkmək istəmirəm. Yadımdan çıxarlar və sonra məndən inciyərlər. Poeziya futbola, kinoya yaxındır, poeziya rejissor işidir. Şairin işi həm də rejissor işidir. 

 

Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qazaxıstan Respublikasına səfəri çərçivəsində Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüşdə Fond ilə təşkilatın qurucu üzv ölkəsi Qazaxıstan arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən söz açılıb. Tərəflər Fondun Qazaxıstanın zəngin mədəni irsinin qorunması, tanıdılması yönündə cari və növbəti il üzrə fəaliyyətinin istiqamətlərinə dair müzakirələr ediblər.

Görüşdə, həmçinin “Türk Vizyonu 2040” strateji proqramı çərçivəsində “Türk dünyasının mədəni irsinin qorunması haqqında” Konvensiyanın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fondun Şurasının yaradılmasından, eləcə də təşkilata üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə keçiriləcək Şura iclası üçün görülən hazırlıq işlərindən bəhs olunub.

Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva Fond tərəfindən hazırlanan Konvensiyanın Türk dünyası üçün əhəmiyyətini qeyd edərək, bu sahədə tərəfdaşlığa tam dəstək ifadə edib. O, həmçinin Fondun Şurasının yaradılması istiqamətində təşkilatın səylərini yüksək qiymətləndirərək, Şuranın mart ayında keçiriləcək iclasında iştirakını təsdiqləyib.

Görüş Fond ilə Qazaxıstan arasında əlaqələrin perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələrlə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ədəbiyyat Fondu və  Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə təşkilatçılığı, “Ədəbiyyat və incəsənət”  portalının informasiya dəstəyi ilə “Xocalı mövzusu bədii ədəbiyyatda” başlıqlı dinləmə təşkil edilib. 

 

Tədbirdə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis, AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri,  tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhrəmov, millət vəkilləri Məlahət İbrahimqızı və filologiya elmləri doktoru, professor Jalə Əliyeva, yazıçı, tarixi romanların müəllifi Yunus Oğuz, AMEA Rəyasət Heyəti aparatı vitse-prezidentlərin xidmətinin elmi katibi, biologiya elmlər doktoru, dosent Tubuxanım Qasımzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı- publisist Şərəf Cəlilli, AR Prezidentinin İşlər İdarəsi yanında İctimai - Siyasi Sənədlər Arxivinin şöbə müdiri Lamiyə Həsənova, BDU-nun müəlliməsi Fəxriyyə İsayeva, BDU-nun “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verərək, 200 il ərzində Azərbaycan xalqının erməni qəsbkarları tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qaldığını bildirib. On illiklərlə davam edən Xocalı soyqımının xatirəsini bu gün qalib xalqın nümayəndəsi, qələbə qazanmış Azərbaycan vətəndaşı kimi böyük ehtiramla yad etdiyini və bundan böyük qürur hissi keçirdiyini dilə gətirib.

 

 

Yazıçı Varis öz çıxışında Azərbaycan xalqının Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin qalibiyyətindən bəhs edən ədəbiyyat nümunələrinin yaradılması əhəmiyyətindən danışaraq, bu sahədə ədəbiyyat nümayəndələrinə göstərilən dövlət qayğısından və dəstəyindən danışıb. Bu ağlasığmaz faciənin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının danılmaz əhəmiyyətini vurğulayaraq, bu kampaniya çərçivəsində işıq üzü görən və Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən “Qırmızı ləçəklər” romanının yazılma tarixindən danışıb. 

 

 

Professor Cəbi Bəhrəmov bu faciənin 30 il müddətində xalqımız tərəfindən unudulmadığını, aparılan elmi tədqiqatlar nəticəsində üzə çıxarılan həqiqətlər və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından danışıb. Xocalı və digər soyqırımı cinayəti faktlarının orta və ali məktəb dərsliklərində olduğu kimi verilməsi, gələcək nəsillərə onların olduğu kimi çatdırılması əhəmiyyətindən danışaraq, mənfur düşmənlər tərəfindən tarixi gerçəkliklərin bu gün təhrif olunduğunu, gizlədildiyini bildirib.

 

 

Milli Məclisin üzvü Məlahət İbrahimqızı Xocalı həqiqətlərini, mənfur düşmənin torpağımızda törətdikləri qanun pozuntularını, terror siyasətini dünyaya tanıdılması istiqamətində ədəbiyyatın, mədəniyyətin müstəsna əhəmiyyətindən danışıb. Min illiklərlə davam edən erməni terrorunun, soyqırım siyasətinin müəlliflərinin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində qazanılan qələbənin nəticəsi olaraq Azərbaycan xalqı qarşısında cavab verəcəklərini və ədalət yolu ilə öz cəzalarına çatacaqlarını bildirib.

 

 

Millət vəkili, professor Jalə Əliyeva iki əsrlik tarixə malik olan bu savaşda erməni vandallarının dövlətimizin ərazi bütövlüyünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı təcavüzkar siyasət yürütdüklərini söyləyib. Əliyalın, köməksiz, silahsız insanların, yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsinin Xocalıda soyqırım aktının törədildiyinin əyani sübutu olduğunu dilə gətirib. Anası, şairə Nürəngiz Günün müəllifi olduğu “Xocalı simfoniyası” əsərinin Xocalıda şəhid olmuş insanların xatirəsinə həsr edilən sənət abidəsi olduğunu söyləyərək, poemadan parçalar səsləndirib. 

 

 

Yazıçı Yunus Oğuz iki əsrlik tarixə malik olan bu savaşda erməni vandallarının dövlətimizin ərazi bütövlüyünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı təcavüzkar siyasət yürütdüklərini söylədi. Xocalı qurbanlarının sayının, erməni qəsbkarları tərəfindən törədilən vəhşiliklərin, etnik təmizləmə aktlarının bu gün də gizlədildiyini bildirib. 

 

 

Tubuxanım Qasımzadə 1997-ci il 25 fevral tarixində ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” imzaladığı Sərəncam haqqında məlumat verərək, Xocalı soyqırımına ilk siyasi qiymətin məhz ümummilli lider tərəfindən verildiyini bildirb. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün həyata keçirilən layihələrdən danışıb, qısa müddət ərzində Xocalı hadisəsinin bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi qəbul edildiyini bildirərək, bu istiqamətdə müasir, savadlı, vətənpərvər Azərbaycan gəncliyinin müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. 

Şərəf Cəlilli öz çıxışında Azərbaycanın xilaskarı missiyasını həyata keçirən ölkə prezidenti İlham Əliyevin dünyaşöhrətli siyasətçi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin oğlu olmasıyla bərabər, ana tərəfdən də böyük siyasi xadim Əziz Əliyevin nəvəsi olduğuna diqqət çəkərək onun qətiyyətinin və əzmkarlığının nəticə verməsi səbəblərinə diqqət yönəldib, əldə edən uğurun növbəti qolunun Zəngəzurla bağlılığını da dilə gətirib. 

 

 

Lamiyə Həsənova çıxışında tarixi faktların araşdırılması, həqiqətlərin beynəlxalq müstəvidə təbliği yönümündə dövlət arxivlərinin əhəmiyyətindən danışaraq, “Unutmayaq, unutdurmayaq” fikrini rəhbər tutaraq, Xocalı soyqırımının əsrlər keçsə belə yaddaşlardan silinməyəcəyini, faciə qurbanlarının xatirəsinin daim uca tutulacağını bildirib.

Fəxriyyə İsayeva isə Xocalı barədə, ümümən Qarabağ barədə tarixi həqiqətlərin ayrıca televiziya proqramlarında oxucunun qavrayacağı tərzdə vaxtaşırı verilməsinin vacibliyinə toxunub, eləcə də YouTube kimi platformalarda qısa formatda tezislərin çəkilib paylaşılmasını olduqca böyük auditoriya üçün əlçatanlığını dilə gətirib.

 

 

Tədbirdə kitabxana əməkdaşlarının Xocalı Soyqırımının 32-ci ildönümü ilə əlaqədar hazırladıqları elektron məlumat bazası və videomaterial da nümayiş etdirilib. Tədbirin ruhuna uyğun olaraq, videomateriallarda Xocalı faciəsinə həsr edilmiş ədəbiyyat nümunələrinə ayrıca yer ayrılıb. 

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 09:30

Yanan təkcə Xocalımı?

Ali Yurtseven (Türkiyə), “Ədəbiyyat və incəsənət” üçün

 

Dilimizə uyğunlaşdırdı: Habil Yaşar

 

Soyqırım, Qırğın və ya adı nə olursa-olsun, günahsız yaşamağa çalışan saf bəşəriyyətə qarşı eyni növ çirkli bəşəriyyətin törətdiyi kütləvi qətllər dünyamızın həyati dövrü qədər köhnədir.

Cəmiyyətimizin hər bir təbəqəsinə dolayısı ilə təsir edən, dərin emosional gərginlik izləri buraxan belə nəzarətsiz hadisələr qarşısında “Susmaq, Lal İblis kimi qalmaq” daha böyük faciədir.

Dünya tarixinə nəzər salsaq, Habil və Qabil Adəmlə Həvvanın ilk iki oğludur. İlk doğulan Qabil əkinçi, qardaşı Habil isə çobandır. Qabil qardaşı Habili qısqandığı üçün ona qarşı kin və nifrət bəsləmiş və nəticədə qardaşını öldürərək bəşər tarixində ilk qətli törətmişdir.

Beləliklə, bəşəriyyətin taleyüklü və həyati taleyinə qətl, qırğın, soyqırım törətmək kimi nəzarətsiz duyğular əlavə olunmuşdur.

1828-1832-ci illər arasında Avstraliyanın Tasmaniya adasında baş vermiş Tasmaniya Soyqırımı soyqırımın qeydə alınmış ilk müasir nümunəsidir.

Həyatımız inkişaf etdikcə, modernləşmə sürətləndikcə, gəlirdəki tarazlıq və hüquqi ədalət yox olduqca, mənəvi quruluş dağıldıqca, müstəmləkəçilik artdıqca, kapitalizmə, onun sonsuz pul qazanmaq arzusuna qarşı aciz və müdafiəsiz qalan zəif cəmiyyətlər alçaldılır, yoxsullaşır. Və nəticədə daha güclü cəmiyyətlər tərəfindən soyqırıma məruz qalmış, onların məhv edilməsinə çalışılmışdır.

Müstəqillik uğrunda mübarizə aparan cəmiyyətlərə, azad və müstəqil qalmağı, müstəmləkələşməməyi, bərabər hüquqlu yaşana bilən gəlir əldə etməyi seçən cəmiyyətlərə, ədalətli idarəçiliyə, Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə işğal altındakı Anadoluda qalib gələn, Qurtuluş Savaşından sonra qurulan yeni parlayan ulduz Türkiyə Cumhuriyəti yeganə nümunə kimi göstərilməkdədir.

Yaxın dünya tarixinə nəzər saldıqda, xüsusilə faşistlər dövründə Almaniyadan başlayaraq bəşəriyyətə qarşı törədilən ən böyük günah və cinayət olan soyqırım Balkanlarda, Bosniyada, Kiprdə, Orta Asiyada, Şərqi Türküstanda, Yaxın Şərqdə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı qəsəbəsində və dünyanın müxtəlif yerlərində müşahidə olunur.

Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ən mühüm yaşayış məntəqəsidir.

Ağdam, Şuşa, Xankəndi və Əsgəran yollarının üzərində yerləşir və Qarabağ üçün mühüm strateji mövqeyə malikdir. Xocalı sadəcə bir şəhər deyil, çoxəsrlik Türk Tarixinin və Türk Mədəniyyətinin canlandığı bir yerdir.

Xocalı Soyqırımı — Qarabağ müharibəsi zamanı 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsidir.

Human Rights Watch təşkilatı (İnsan Hüquqları Müşahidəçisi) Xocalı qətliamını Dağlıq Qarabağın işğalından sonra dinc əhalinin ən əhatəli qətliamı kimi qiymətləndirmişdir. Azərbaycan rəsmi mənbələrinin məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin 366-cı alayının dəstəyi ilə ilk olaraq giriş-çıxışını bağladığı Xocalı şəhərində 83-ü uşaq, 106-sı qadın və 70-dən çox qoca olmaqla ümumilikdə 613 nəfər öldürülmüş, 487 nəfər ağır yaralanmışdır.

1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşmüşdür. Meyitlərə baxış zamanı məlum olub ki, meyitlərin çoxu yandırılıb, gözləri çıxarılıb, başları kəsilib. Qırğına hamilə qadınların və uşaqların da məruz qaldığı müəyyən edilib.

Human Rights Watch təşkilatı hadisəni Dağlıq Qarabağ müharibəsində ən böyük qırğın kimi qiymətləndirmişdir. Azərbaycan parlamenti 1994-cü ildə Xocalıda törədilən qətliamı “soyqırım” kimi tanıyıb.

Avropa Şurası Parlament Assambleyasının 31 üzvünün imzaladığı 324 saylı Bəyannamədə ermənilərin bütün Xocalı əhalisini qətlə yetirdiyi, bütün şəhəri viran qoyduğu bildirilmiş və bütün parlament üzvlərinə  Ermənistanın 19-cu əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı törətdiyi soyqırımını tanımaq  üçün addım atılmasının qəbul edilməsi üçün bəyanat yaymışdır.

2009-cu ilin fevralında Kaliforniya Ştatı Alt Senatının üzvü Felipe Fuentes Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda Xocalı hadisəsini azərbaycanlıların qətliamı kimi qiymətləndirib və həlak olanların ailələrinə başsağlığı vermişdir.

2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs sazişi çərçivəsində Dağlıq Qarabağ müharibəsinə son qoyuldu. Müharibə zamanı Azərbaycanın erməni işğalından azad etdiyi yerlərlə yanaşı, daha üç rayon (Ağdam, Kəlbəcər və Laçın) Azərbaycanın nəzarətinə keçdi.

Ermənistan silahlı qüvvələri ləğv edilərək bölgə faktiki olaraq Azərbaycanın nəzarəti altında saxlanıldı. Beləliklə, 30 ildən sonra Azərbaycanın bütün Dağlıq Qarabağ üzərində suverenliyi bərpa olundu.

 

“Nahçıvan Türk kapısıdır.”

 

“Azerbaycan’ın sevinci bizim sevincimiz, gamı (üzüntüsü, kederi), bizim gamımız (üzüntümüz, kederimiz) dır.”

Bu sözlər Ulu Öndər Mustafa Kamal Atatürkə məxsusdur.

Bundan sonra atılacaq ikinci addım Naxçıvanı Azərbaycanla ərazicə  birləşdirmək, beləliklə də Türkiyənin Azərbaycan və digər qardaş Türk Cümhuriyyətləri ilə əlaqəsini təmin etmək olacaq və bu, Atatürkün nəzərdə tutduğu plandır.

Bütün bu addımları atan və aldığı torpaq parçası ilə Naxçıvanla Türkiyə arasında fiziki əlaqə yaradan Atatürk bir növ Naxçıvanla Azərbaycan arasında bir yol çəkərək Türkiyə Cümhuriyyətini digər Türk Dövlətləri ilə qonşu edəcək və birliyi təmin edəcəkdi.

Dinindən, rəngindən, irqindən asılı olmayaraq insanlara qarşı törədilən soyqırımı, qətliamları, o cümlədən insanlığa qarşı böyük cinayət olan Xocalı qətliamını pisləyirəm və ümid edirəm ki, belə dəhşətli hadisələr bir daha təkrarlanmayacaq.

 

Kaynakça:  Wikimedia Vakfı, Vikipedi Özgür Ansiklopedi, Health World News kaynakları.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.