Super User
“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də
Ölkəmizdə səfərdə olan “Alibaba Qrup”un Qlobal Strateji Tərəfdaşlıq bölməsinin direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə stinadən xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə tanış olublar.
Tərəflər arasında dövlət xidmətlərində innovasiyaların tətbiqi sahəsində təlim proqramlarının təşkili, startapla dəstək istiqamətində potensial əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Eyni zamanda “ABAD” məhsullarının satışının beynəlxalq istiqamətdə genişləndirilməsi ilə əlaqədar fikir mübadiləsi həyata keçirilib.
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)
Bir sual, bir cavab - Əlizadə Nuri
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
" Həyat cavanların gözündə sonsuz gələcək, yaşlıların gözündə qısa keçmişdir." ( Artur Şopenhaur)
Əlizadə bəyin keçmişə boylananda: "Kaş ki, bunu edərdim" - söylədiyi məqam varsa, oxucuları ilə bölüşə bilərmi?
CAVAB
Şopenhauerin fəlsəfi frazalarını mən də sevirəm...
Söhbət şair kontekstinə gəlirsə, şairi danışdıqlarına görə yox, susduqlarına görə mühakimə edərlər. Necə deyərlər, ya sus, ya da susmaqdan üstün bir şey danış.
Şair demişkən, etmədiklərim hərdən məni elə yandırır ki...
İnsanlar bu həyat nərdivanında tez-tez yıxılırlar. Niyə? Bəlkə ayaqlarına etibar etmirlər- ona görə?!
Həyat amansızdır. Eko demişkən: “Bu zalım dünyanın, hələ bir, cəhənnəmi də varmış...
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
REDAKSİYANIN POÇTUNDAN - Sakit İlkinin şeiri
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında bu gün sizlərə Sakit İlkinin “Gördüm kimin dünyasıymış bu dünya” adlı şeirini təqdim edirik. Düzü, şeiri çox bəyəndik və oxucularımızın da oxumasını istədik. Aşıq şeiri üslübunda indi çox az yazanımız qalıb. Hamı sərbəst şeirə qaçır. Busa poeziya ənənələrimizin üstündən xətt çəkməkdir.
Sakit İlkinlərin ppeziyasına ehtiyac var.
Gördüm kimin dünyasıymış bu dünya
Sapand atdım, o daş dağa dəymədi,
Dil qurudu, yaş damağa dəymədi...
Ha çarpışdım,yaşamağa dəymədi,
Gördüm kimin dünyasıymış bu dünya...
Ölüm çıxır yaxşıların ovuna,
Mənim könlüm çətin bir də ovuna.
Çox çalışdım, yenə düşdüm toruna,
Gördüm kimin dünyasıymış bu dünya...
Bu dünyanın qışı qar yox, dərd yağır,
Ömrə sevinc dost dolanır, dərd... yağı...
Qəgəh-qədəh ürək içir dərd yağı.
Gördüm kimin dünyasıymış bu dünya...
Allah bilir bu dünyada tək, nədi...
Mən doldurdum, o boşaltdı təknəmi,
Tək atanı, tək oğulu təklədi,
Ğördüm kimin dünyasıymış bu dünya....
Gecə keçir, ulduz səssiz, Ay sakit,
Ömrün keçir ahu-vayla, say... sakit...
Bu dünyaya bel bağlama, ay Sakit,
Gördün kimin dünyasıymış, bu dünya.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
SORUŞUN, CAVAB VERƏK - Azərbaycanda ilk abidə hansıdır?
Bu dəfə oxucumuz Z. Talıbova “Azərbaycanda ilk abidə hansıdır?” sualı ilə “Ədəbiyyat və incəsənət”ə müraciət edib. Deyir, internetdən 3 müxtəlif versiyada cavab tapmışam. Bilmirəm, hansına inanım.
Azərbaycanda insana ucaldılan ilk abidə hansıdır? Bu abidə 1922-ci ildə Bakıda heykəltaraş Yakov Keylixis tərəfindən böyük şair Mirzə Ələkbər Sabirin şətəfinə ucaldılmışdır.
1958-ci ildə bu heykəl dəyişdirilir və həmin ərazidə Sabirin çağdaş dövrümüzdəki heykəli ucaldılır. Əvvəlki heykəldə Sabir ayaq üstə təsvir olunmuşdusa, sonrakı heykəldə oturaq vəziyyətdə təsvir olunub. Bu heykəlin müəllifi isə heykəltaraş Cəlal Qaryağdıdır.
Maraqlıdır, Yakov Keylixisin Sabir heykəli hardasa qorunurmu?
Çünki bu müsəlman dünyasında insana ucaldılan ilk abidə sayılır.
Suala cavab almaq üçün əlaqədar qurumlara müraciət etsək də cavab ala bilmədik. Araşdırmanı davam etdirəcəyik.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
Xəzərdən “çıxarılan” çaxır, yaxud bir blok siqaret- YUNUS OĞUZUN FELYETONU
“Ədəbiyyat və incəsənət” portalı Yunus Oğuzun yeni felyetonunu təqdim edir. Siyasət və məişətin miksi. Trillersayağı bir əhvalat.
Bir tədbirdən işə yeni qayıtmışdım ki, mobil telefonuma zəng gəldi. Zəng edənin ekranda adını görəndə təəccübləndim. Hələm-hələm telefon açmazdı. Onu "ideya generatoru" adlandırırdım. Dünyanın bu başından vurub o başından çıxardı. Ağlagəlməz ideyaları ilə kimi deyirsən inandırır, həyata keçirir, faizini alır, sonra ağlına başqa ideya gəlir, yenə də kimisə inandırıb işə başlayırdı. Hətta Ayda amerikalılara torpaq satmaq da onun ideyası idi. Bu biznesi də bir müddət pis getmirdi. Həmişə deyirəm ki, bizim xalq çox istedadlıdır. Heç nədən pul qazanmağı bacarır, amma havadan qazandıqlarını havaya xərcləyir, yeyib-içib kef eləyir, pulu qurtaranda yenə yeni ideyalar işə düşür... Maraqlıdır ki, xalqım belə işlərdə heç bir çətinlik də çəkmir. Telefonun o biri başından səs gəldi:
-Salam Mirzə, Bakıdayam.
Səsində kədər duyduğumdan soruşdum:
-Əleykə, səsin niyə belə kədərlidir? Yoxsa ölüb-itənin var? Bir şey olmayıb?
-Yox Mirzə, ailədə hər şey normaldır.
-Bəs niyə beləsən?
Telefonda ah çəkdi. Hiss etdim ki, bir anlığa aranı dağa, dağı arana daşıdı. Handan-hana dilləndi:
-Azərbaycana sürğün olunmuşam, Mirzə.
Dərhal fikirləşdim ki, burada nəsə var.
-Bura bax, ideya generatoru, yenə nə fikirləşmisən? - Gülməyimi eşitdi, amma dinmədi. - Yoxsa ideya paçkaların qurtarıb? "Azərbaycana sürğün olunmusan" nə deməkdir? Adam da öz vətəninə sürgün olunar? Sən cənnətə gəlmisən, cənnətə! Qarabağdan çıxıb gedən ermənilərdi e, buraların və bizim qədrimizi bilmədilər.
Telefonda yenə onun qəmli səsini eşitdim:
-Yox Mirzə, bu dəfə məsələ çox ciddidir. Uzun söhbətdir, dur gəl, Yasamal parkındakı çayxanaya, həm səni görüm, həm də dərdimi danışım.
-Yaxşı, - dedim, - gəlirəm...
Yasamal parkının çayxanasında tanışım əməlli dəstgah düzəltmişdi. Əslində dəstgahı çayxana yiyəsi özü düzəldir ki, babat pul qazansın. Hələ get İçərişəhərdə çay iç, gör başına nə gətirəcəklər. Bir dəfə Özbəkistandan gələn qonağımla orada oturub çay içdik. Bir qara, bir kəklikotundan dəmlənmiş çay, bir də qoz mürəbbəsi sifariş verdik. Duranda qırx üç manat oxudular. Biz də elə "Çay" mahnısını oxuya-oxuya oradan çıxdıq. Bu çayxana bulvara, İçərişəhərə baxanda şükürdü. İnsafən, zorla çayın yanına çox şey dürtüşdürmürlər.
Əlqərəz, tanışımla xoş-beş edib əyləşdik. O bilir ki, mən siqaret çəkənəm, odur ki, yeri çayxananın siqaret çəkənlər tərəfindən götürmüşdü. Masanın üstündə də bir blok "Marlboro" siqareti. Dərhal soruşdum:
-Bu siqaret nədir, axı, sən siqaret çəkən deyilsən?
-Bu sənin üçündür, - dedi, - o gün bir status yazmışdın ki, bəs buradakı siqaretlərdən tütün iyi gəlmir. Fikirləşdim ki, bizim aeroportdan sənə siqaret, həm də yaxşı çay alım. Çay alınmadı. Aeroportdakı "Duty freec"lərdə ancaq "Azərçay" satılır. Qızdan soruşuram ki, başqa çay növləri niyə yoxdur? Deyir ki, bizə belə tapşırıq verilib, yalnız "Azərçay". Bu əsl monopoliyadır.
Çay da gəldi. Mən armudu stəkana çay süzə-süzə soruşdum:
-De görüm, Azərbaycana niyə sürgün olunmusan, yoxsa mənimlə məzələnirsən?
O yenə ah çəkib dilləndi:
-Nə məzələnmək, canım, aeroportdan keçəndə mənə dedilər ki, sənə "Stop" qoyublar. Bundan sonra ölkədən çıxa bilməzsən.
-Nədir, vergi borcun var?
-Yox, əşşi, nə borc? - Əlindəki çay qaşığı ilə ağ gilası kiçik nəlbəkiyə yığıb qarşıma qoydu. - Vergi sarıdan yaxşıyam, çünki adım heç harda getmir...
Bu dəfə daha dözmədim.
-Sən Allah, ürəyimizi üzmə, söylə nə olub?
Tanışım çaydan bir qurtum içib stəkanı yerə qoymadan dilləndi:
-Fransada bərkgedən bir azərbaycanlı biznesmen var. Çaxır alveri ilə məşğuldur. Bir gün mənə zəng etdi ki, hardasan? Dedim Parisdə. Dur, gəl, bura dedi. Getdim, görüşdük. Hal-əhval tutdum. Dedi, işlər yaxşı getmir. Çaxırımızın brendi aşağı düşüb. Sən, - düzəliş etdi, yəni mən, - "ideya generatoru"san. De görək, nə etmək lazımdır ki, buradan milyonlar qazanaq, sənə də yaxşı olsun, mənə də.
Bu dəfə dözə bilmədim:
-Maraqlıdır, sən nə təklif etdin? -Ağ gilasdan çay qaşığı ilə birini götürüb ağzıma qoyaraq soruşdum.
O əlindəki stəkanı nəlbəkiyə qoyaraq söhbətə davam etdi:
-Elə hər şey də bundan sonra başladı. Səhərisi gün onunla ofisdə görüşdüm. İdeya ağlasığmaz idi, amma həyata keçirtmək mümkün idi. Dedim ki, gəl Bakıdan gətirilən çaxırları on səkkizinci əsrin məhsulu kimi sataq. Gördüm, kişinin gözləri böyüdü. Soruşdu ki, bu necə olacaq, hanı bizdə o əsrin çaxırı? Cavab verdim ki, Xəzər dənizində.
Məni fikir götürdü ki, "ideya generatoru" olan tanışım bu ideyanın altından necə çıxacaq? Dərhal məzə ilə soruşdum:
-Hə də, dənizdən kürümüzü Avropaya daşıyırdıq, bundan sonra da çaxırımızı daşı...
O sözümü kəsdi:
-Qulaq as, - dedi. Avropalılar belə şeylərdə safdılar, tez inanırlar. Xülasə, biznesmen dostuma dedim ki, dənizin dibində köhnə bir gəmi taparıq, dalğıclar onun videosunu çəkərlər, sonra montaj edib yüzə yaxın yüz litrlik küpləri guya dənizin altından çıxardıb gəmidə sıraya düzərik. Mən də gələrəm, elə gəmidəcə bu küplərdən birini açaram, içindəki çaxırdan bir litrlik parçla götürüb dequstator kimi içərəm.
Yenə dözəmmədim:
-Bəs küplərin təzəliyi, yəni indi düzəldildiyi bilinməyəcək?
Əlini havada yellədi:
-Mirzə, nə qoyub, nə axtarırsan? Küplərə elə yön verirsən ki, elə bil iki min il bundan qabaq düzəldiblər. Ermənilər öz daşlarını, xaçkarlarını belə düzəldirlər. Nə isə, o biznesmen dostumu inandırdım ki, bu mümkündür. Onun bir elit restoranı var. Ora ancaq varlı insanlar gəlirlər. Dedim ki, restoranın zalından böyük bir monitor asırıq, çəkdiyimiz videonu da orada hər iki saatdan bir nümayiş etdiririk və Bakıdan gətirdiyimiz çaxırların da yeddi yüz qramını on min avroya satırıq. Razılaşdı. Bir az da piarını apardıq. Hesabıma da 100 min köçürdü ki, get işə başla.
Bundan sonra, bah, gəl görəsən. Qaz vurub qazan doldururduq. Hətta İspaniyadan gəlib bu çaxırın dadına baxmaq istəyənlər oldu.
Soruşdum:
-Yaxşı, bəs elə isə Azərbaycana niyə sürgün olundun?
Tanışım iki əlini də dizinə çırpıb ağlamsınmış kimi dilləndi:
- Evim elə o gün yıxıldı da. Parisdə dövlətlərarası bir forum keçirilirdi. Bu biznesmen dostum da forumun təşkilatçıları ilə danışıb ki, bir şam yeməyini onun restoranında keçirsələr, çaxırın qiymətini beş minə salacaq. Onların arasında nə alış-veriş olub bilmirəm, amma razılaşıblar. Bizdən də - baş barmağını yuxarı qaldırdı - orada bərk gedən məmur vardı. O da gəlir. Görür ki, bizdə dənizdən tapılan çaxırın monitorda tappatap reklamı gedir. Tez Bakıya ora-bura zəng edib soruşur ki, dənizdə belə bir tapıntı olubmu? Hamısı eyni cavabı verir ki, xeyr, belə bir şey olmayıb. O da biznesmen dostumu cağırır, onu xeyli danlayır, axırda da soruşur ki, ideyanın müəllifi kimdir. O da, gözünə döndüyüm, barmağını mənə tuşlayır. Evim də onda yıxılır. Qısası, o məmur göstəriş verir ki, Azərbaycanın adına ləkə gətirməyin, yığışdırın bunları. Məni də Azərbaycandan çıxmamaq şərtilə Bakıya göndərir.
-Bəs dostunun restoranı necə oldu? Axı, imicinə zərər dəydi. - Öz siqaretimdən birini yandırdım.
Bu dəfə sağ əlini havada yellədi:
-Nə qoyub, nə axtarırsan, a Mirzə? Restoran da durur, imic də öz yerində, amma gəlirlər azalıb. İndi həmin çaxırın guya müasirini altı yüz avroya satırıq. Deyirik ki, dənizdən tapılan çaxır qurtardı. Ancaq həmin texnologiya ilə eynisini hazırlayırıq. Razı da qalırlar.
Siqaretin tüstüsünü içimə alıb, sonra çölə buraxdım.
-Yaxşı, bütün bunları mənə niyə danışdın?
O əyilib pıçıltı ilə dedi:
-Mirzə, kömək elə o "Stop"u aradan qaldıraq. Avropada işim-gücüm tökülüb qalıb. Burdakılara belə ideyaları həzm etdirə bilməzsən.
Siqaretin kötüyünü külqabıda söndürüb cavab verdim:
-Belə həlləm-qəlləm işlər mənlik deyil. Sən bunu həll etmək üçün başqa adam axtar. Gördüm, tanışımın üzü çöndü. Masanın üstündəki bir blok siqareti götürüb ayağa durdu.
-Hə yaxşı! Vacib bir görüşüm də var, - əlilə çay dəstgahını göstərdi, - bunun da pulunu verərsən. Di, sağ ol!
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
Çalışın özünüzü göynən aparın - AKTUAL
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Cəmi bircə dəfə yaşama şansımız olan həyatı, sözün əsl mənasında, yaşamaq lazımdır. Yediyiniz yeməyi, geyindiyiniz paltarları, oxuduğunuz kitabları, eləcə də, həyatınızdakı insanları seçməyə çalışın. İmtina etmək, bəyənməmək sizin ən təbii haqqınızdır.
Əgər yediyiniz alma sizin mədənizə ziyan verirsə, onu əkib-becərməyə sərf etdiyiniz əməyi zibilə atmağı bacarmalısınız. Əgər, oxuduğunuz kitab sıxıcıdırsa, onu oxuduğunuz hissədən qatlayıb rəfə yerləşdirin, ancaq oxuduğunuz sonuncu səhifəni əsla unutmayın, çünki həmən səhifə sizin vaz keçiş səbəbinizdir. Əgər hamı eyni markadan geyinirsə, sizin də brendə ayaqlaşmaq kimi məcburiyyətinizin olmadığını unutmayın. Və ən önəmlisi, əsla xəyallarınıza sərhəd qoymayın. Qurduğunuz xəyalın reallaşması sizin ölümsüz olma ehtimalınızdan daha mümkünsüz olsa belə o xəyalı qurun, ən azından, beyninizdə o anı yaşayaraq qəlbinizi xoşbəxt etməyi bacarın. Hədəfləriniz və disiplininiz həyatınızın mərkəzində olsun. Əmin olun, siz bu həyatı hər özünüzə görə yaşadıqda, insanlar sizin risk alıb sınamağa cəsarət etdiyiniz həyatı daim qınayacaq. Sərhədləri yıxın, ancaq sərhədlərinizi yıxdırmayın. Özünüzü göydən aparın, göydən aparın ki, xoşbəxtlikdən ayaqlarınız yerə çatmasın. Sizin bir dəfə dünyaya gəldiyiniz həyatı sonuna qədər yaşamağa haqqınız var. Siz yaşayın ki, onlara deyinməyə söz olsun.
"Bu da özünü tutdu, yamam qudurdu. Bax indi göynən gedir”.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
“Bir direktor, bir şagird” layihəsində Sitarə Abbasova və Əkbər Qorodayev
“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə reallaşdırdığı “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 247 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Bakı şəhəri A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Uğurlu qızı Abbasova 10.12.1978 –ci ildə Qərbi Azərbaycanda Ağbaba mahalında anadan olmuşdur. Tam orta təhsilini 1995-cı ildə Bakı şəhərində bitirmişdir və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili-ədəbiyyat” fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin 2000-ci ildə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini bitirmişdir.
2001-ci ildən Bakı şəhərində pedaqoji fəaliyyətə başlamış, Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 2016-cı ildən məktəb direktoru vəzifəsində çalışır. İşlədiyi dövrdə bir sıra nailliyyətlər əldə etmişdir. 2011-ci ildə “100 ən yaxşı müəllim” müsabiqəsinin, 2018-ci ildə “İnteraktiv əlifba” layihəsi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə II Qrant müsabiqənin, 2019-cu ildə “Məktəbdə sağlam mənəvi-psixoloji mühit” mövzusu ilə Pedaqoji mühazirələr müsabiqəsinin qalibi olmuşdur. Rəhbərlik etdiyi məktəbin şagirdlərinin olimpiada və müsabiqələrdə uğur qazanmasına görə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir neçə dəfə Fəxri fərmanla təltif olunmuşdur.
ŞAGİRD
Mən, Qorodayev Əkbər Azər oğlu 31 iyul 2015-ci ildə Bakı şəhərində anadan olmuşam. 2021-ci ildə 247 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuşam və hazırda həmin məktəbin III sinfində oxuyuram. Dərs əlaçısıyam. Məktəbin ictimai işlərində hər zaman fəal iştirak edirəm. Kitab oxumağı çox sevirəm və mütaliə mənim ən faydalı vərdişimə çevrilib.
ESSE
"Kitab aşiqi"
Kitab nədir? Mənim üçün kitab ən dəyərli dost, əzizimdir. Hələ hərfləri tanımadığım, oxuya bilmədiyim vaxtlarımda anam mənə nağıllar, hekayələr oxuyar, şeirlər əzbərlədərdi. Anama qulaq asdıqca o cansız səhifələrdən çıxan məzmunun sehrinə düşərdim. Beynimdə obrazı canlandırar, onun xarakterinin mənə nə qədər yaxın olub-olmadığını müqayisə edərdim. Hətta oyuncaqlarımla oynayanda belə obrazla bağlı səhnə qurardım. Bunu heç kimə, hətta anama belə söyləməzdim.
Zaman keçdi. Məktəb yaşım çatdı. Birinci sinfə gedəndə artıq özümün oxuduğum kitablar var idi. Onlar kitab rəfimin “Mənim ilk kitablarım” seriyası olan yerdədir. Hazırda 3-cü sinifdə oxuyuram. Bu üç ildə sinfimizdə kitab mütaliəsi ilə bağlı bir sıra layihələr keçirilib. Onların hər birində iştirak etmiş, çox şeylər əldə etmişəm. Dərsdən sonra boş vaxtlarımda kitab oxumağa vərdiş etmişəm. İnsanın suya, havaya necə ehtiyacı varsa, kitab oxumağa da məndə belə bir tələbat yarandığını hiss etmişəm. Hər kitab oxuyub bitirəndə yeni bir və ya bir neçə insan həyatı ilə tanış olursan. Bir az da böyüyürsən, oxuduğun mətndən çıxardığın ideyaya doğru addımlayırsan, pis vərdişlərin yaratdığı sonluqlardan nəticə çıxarır, yaxşı əməlləri özündə cəmləyirsən.
Oxuduğum kitablar çoxdur. S.S.Axundovun “Qorxulu nağıllar” seriyasından “Əhməd və Məleykə”, “ Nurəddin”, Reyhan Yusifqızının
“Pəncərəni kim sındırdı“, “Qapı arxasında o “,“Diribaş qızlar klubu”, Mürşid İsmayılzadə “Zəfəri yaşayanlar və yaşadanlar”, Elgün Eyyubov “Gizli şahid “, Luis Kerroll “Alisa Möcüzələr Diyarında”, Redyard Kiplinq “Mauqli” ,“Heraklın on iki qoçaqlığı”, Daniel Defo “Robinzon Kruzo” çox sevdiyim kitablardır. Hər kitab oxuduqca dostlarımla, sinif yoldaşlarımla daha gözəl anlaşır, ünsiyyət qurur, maraqlı müzakirələr edirik. Hətta oxuduğumuz kitabların qəhrəmanlarından sitatlar gətirir, epizodlar danışırıq.
Bu yazımda son oxuduğum Reyhan Yusifqızının “Yaşıl gözlü qız” əsəri haqqında təəssüratlarımı yazacağam. Əsər mənim kainat, Günəş sistemi, planetlər haqqında olan biliklərimi, lüğət ehtiyatımı daha da zənginləşdirdi.
Kitab kosmik qəza nəticəsində Yer planetinə düşmüş on iki yaşlı yadplanetli qızın – Leminin Yerdə sərgüzəştlərindən bəhs edir. Leminin dostları Kainatın sirlərini açmağa, ona kömək etməyə çalışırlar. Yadplanetli qızın Yerdəki insanlardan fərqini, onun üzləşdiyi çətinlikləri oxuduqca insan hadisələrin içərisinə daxil olur, özünü qəhrəmanlardan biri sanır hətta.
Əsər bədii mətn olsa da, elmi məlumatlarla zəngindir. Bu elmi məlumatlar – planetlərin fərqi, Günəşə ən yaxını, uzağı, ən parlağı, planetlərin tərkibi və s. haqqındadır. Əsəri oxuduqca iki planet arasında fərqi aydın görürsən. Bunlardan biri yadplanetlilərin planeti, digəri isə biz insanların yaşadığı Yer planetidir. Yadplanetli qızın bizim planetin sakinlərinin Kainatın qanunlarına əməl etməməsi haqqında çıxışı biz insanlardan çox diqqətli olmağı, təbiəti ciddi şəkildə qorumağı, təbii sərvətləri talan etməməyi, ətraf aləmi korlamamaği tələb edir. Sən demə, Yer insanları planetin flora və faunasını məhv edir, məişət tullantıları ilə ekologiyanı korlayır, təbii sərvətləri dağıdırlar. Əsəri oxuyandan sonra başa düşdüm ki, Yer planetinə kosmik fəzadan baxanda Yerin atmosferində nə üçün qara ləkələr görünürmüş. Bunlar havaya buraxılmış zəhərli qazlar imiş. Onların sıxlaşmasından yaranan yağışlar bu zəhəri torpağa hopdurur. Beləliklə də, ekologiya yavaş-yavaş məhv olur, Yer planeti fəlakətə sürüklənir. Planetimizin məhv olması Kainatda tarazlığın pozulmasına, nəticədə isə dəhşətli partlayışların, hadisələrın baş verməsinə gətirər. Əsər məndə “Planetimizi necə xilas etmək olar?” sualı ətrafında düşünməyə, araşdırma axtarmağa yönəltdi.
Yazıçı əsərdə Yer insanlarının mənəvi keyfiyyətlərinə də toxunur. Planetimizin sakinlərinin ailə münasibətləri, dostluq, bir-birinə kömək, diqqət, yardımsevərlik, hörmət və s. kimi müsbət keyfiyyətləri məndə xoş təəssüratlar yaratdı.
İstərdim ki, bütün uşaqlar bu maraqlı əsəri oxusunlar. Oxusunlar ki, daha da böyüsünlər, zənginləşsinlər, gələcək addımlarını atanda düşünüb hərəkət etsinlər.
Nə vaxtsa haradansa oxuduğum bu fikirlə yazımı tamamlayıram: “10 yaşına qədər həftədə ən azı 1 kitab oxuyan uşaqda 16 yaşına çatdıqda həftədə 1-dən az kitab oxuyan uşağa nisbətdə təlim nailiyyətlərinin daha yüksək olduğu müşahidə edilmişdir.” Yoldaşlarımın da təhsildə nailiyyətlərinin, danışma, ünsiyyət bacarıqlarının, dünyagörüşünün yüksəlməsi üçün daha çox kitab oxumasını tövsiyə edirəm. Oxuduğumuz kitablar haqqında qısa məlumat verir, digərlərini də oxumağa sövq edirik, hətta aramızda “Mən oxudum, sən də oxu” şüarı altında kitablarımızı bir-birimizə ötürürük.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
Bu gün Gəncədə “Muğam gecələri” başlaycaq
Bu gün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə “Muğam gecələri” adlı layihə həyata keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbət verir ki, bu, Ramil Qasımovun Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilməsindən sonra təqdim edilən növbəti maraqdoğuran layihədir. Gəncənin mədəniyyət həyatı, musiqi həyatı əməlli-başlı zənginləşib və bunu duymamaq mümkün deyil.
Layihə çərçivəsində Xalq artisti Mənsum İbrahimov Gəncədə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcək.
Xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edəcək.
Möhtərəm gəncəli oxucularımızı bu möhtəşəm konserti izləməyə dəvət ediril.
Biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından, eləcə də iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
Şərabçılıq turizmimiz İtaliyada təbliğ olunub
Azərbaycanın qastroturizm və enoturizm imkanlarının təbliğatının bir hissəsi olaraq icma əsaslı şərabçılıq ənənələri İtaliyanın Bolonya şəhərində keçirilən “Slow Wine” yarmarkasında təmsil olunur. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, “Slow Food” hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir.
Mindən çox şərabçı və şərab zavodu nümayəndəsinin, o cümlədən on mindən çox ziyarətçinin iştirak etdiyi yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən “F.A. Valley” və “Meyvi Spirits” şərab istehsalçıları təmsil edirlər.
Yarmarka zamanı şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliflik məhsulları qonaqlara təqdim edilir.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov milli stendi ziyarət edib və təqdim edilən məhsullarla yaxından tanış olub.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Rəşad Əliyev “İcma üzümləri: yerli üzüm sortlarının gücləndirilməsi və şərab turizmi” mövzusunda olan panel müzakirələrdə çıxış edərək Mədrəsə üzüm sortunun timsalında unikal yerli üzüm sortları üzərində aparılan işlər barədə danışıb.
Tədbir çərçivəsində, həmçinin “Slow Wine” şəbəkəsinin rəhbəri Ludoviko Rokatello ilə işgüzar görüş keçirilərək beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə bu sahədə həyata keçirilməsi planlaşdırılan işlər haqqında fikir mübadilə aparılıb.
Təbii ki, Şirvan bölgəmiz, Şamaxı rayonu, “Meysəri” şərabının vətəni şərab turizmi həvəskarları üçün maraq doğuracaq bir məkandır. Orada qurulan infrastruktur isə heç də Fransanın Bordo, Türkiyənin İzmir şərab turizmi məkanlarından geri qalmır.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
Azərbaycan su çərşənbəsini qeyd etdi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Uzun illərin ayrılığından sonra Azərbaycan ilk dəfə Novruz çərşənbəsini bütöv halda keçirdi. Düşmən istilası altında olan sərhəd rayonları və Qarabağ azad edildi. İnşallah, növbəti dəfələrdə quzeyli güneyli Azərbaycanın tam birləşmiş halda bayram qeyd etməsini görək.
Yurdumuza bayramlarımızın şahı sayılan Novruz gəlir. Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. 21 mart günündə gələn Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir.
Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə böyük önəm verir. Hətta sovetin qadağaları belə xalqımızın Novruz qabağı 4 çərşənbəni qeyd etməsinə mane ola bilməyib.
Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, burdan su çərşənbəsi yaranıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, od çərşənbəsi yaranıb, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. Yel çərşənbəsi yaranıb. Sonra da torpaqdan ilk bitki cücərtiləri çıxıb, bu da torpaq çərşənbəsi.
Dünən Novruzun ilk çərşənbəsi – Su çərşənbəsində ilk tonqallar qalandı, qapılara ilk papaqlar atıldı.
Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə”, “gözəl çərşənbə”, “Gül çərşənbə” kimi də tanınır.
Kim deyir ki, Novruzun, çərşənbələrin mənşəyi farslarla bağlıdır, yanılır. Qədim türklər yaradılışın əsası olan 4 ünsürə tapınmış, onların hər birini bayram kimi qeyd edərək, 4 çərşənbə yaradıblar. Həmin çərşənbələrin birincisi isə Su çərşənbəsi adlanır. Yaradılışın əsası olan 4 ünsürdən (Su, Od, Yel, Torpaq) biri olan su qədim zamanlardan bu günə kimi insanlara həyat bəxş edir, yaşamın, təbiətin məhv olmasının qarşısını alır. Buna görə də su müqəddəs sayılır. Su həyat mənbəyidir. Susuz yaşam olmaz. İnsanlar gündəlik ehtiyaclarını, təmizliklərini, yeməklərini, məişətdəki hər bir işini su vasitəsilə edir. Gəlin köçən qızların, səfərə, ziyarətə gedənlərin arxasınca su atmaq, su ilə yola salmaq da xalqımızın ənənəsidir.
Ölkəmizdə Su çərşənbəsi “Kiçik çillə” bitəndən sonra, Boz ayın ilk həftəsinin çərşənbə axşamı günü qeyd edilir. Qədim el adətlərinə və inanclara görə, Su çərşənbəsində gün çıxmamış su üstündən atlanar, tonqal yandırarlar. Kənd yerlərində Su çərşənbəsi günü dan ağaranda insanlar yuxudan qalxıb axar su kənarına gedirlər. Su kənarında tonqal yandırıb, bir-birinin üzərinə su ataraq təbrik edirlər.
Su çərşənbəsi ilə bağlı su falları da var. Bunlar aşağıdakılardır:
Subay qızların su çərşənbəsi günü əyləncələrindən biri də “su falı”na baxmaqdır. Fala baxmaq üçün sudan istifadə olunduğuna görə bu fala “su falı” deyilir. Bunun üçün gecə subay qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan, bulaqdan, yaxud çaydan əvvəlcədən “lal su” gətirilir. Su şər qarışandan sonra gətirilir və onu gətirən şəxs bir neçə adam tərəfindən müşayət oluna bilər. Falda istifadə olunan suya ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənəcən danışmamalıdır. Yoxsa həmin su fal üçün yaramaz.
Üzüklə su falı üçün- yeri gəlmişkən bu, Abşeronda geniş yayılıb - bir fincan (stəkan), nişan üzüyü və bir saç teli lazımdır. “Lal su” fincanın yarısına kimi tökülür. Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri saçından ayırdığı telə keçirib, içi su ilə dolu qaba salır. Ürəyində niyyət tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır və fincanın divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say neçə olursa, niyyət tutan subay qız o yaşda da gəlin köçəcək deyirlər.
İynə ilə su falına iki iynə, bir kasa və biraz pambıqla baxılır. “Lal su” kasaya tökülür. Sonra iki iynənin arxa tərəfinə bir azca pambıq dolanır. İynənin birini falına baxılacaq subay qızın, digərini o qızın istəklisi olan oğlanın adına niyyət edirlər və iynələrin hərəsini bir tərəfdən kasadakı suya salırlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Falın qaydalarına görə, iynələr müxtəlif tərəflərə hərəkət etsə də, axırda bir-birinə yaxınlaşıb bitişirsə, inanırlar ki, niyyət yerinə yetəcək, adları çəkilən oğlanla qız gələcəkdə qovuşacaq. Əgər iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə yaxınlaşmırsa, onda deyirlər ki, bu niyyət baş tutmayacaq. İynələr suyun dibinə çökürsə, deyirlər ki, su “lal su” deyilmiş, suyu gətirən adam suyun üstündə kiminləsə danışıb.
Bəzək əşyaları ilə su falı üçün üzük, sırğa, sancaq, qolbaq kimi əşyalar və bir böyük kasa lazımdır. “Lal su” kasaya tökülür. Falına baxılacaq hər bir subay qız özünün bir bəzək əşyasını (üzük, sırğa, sancaq, qolbaq) kasanın içinə atır. Kasanın üstü kəlayağı və ya bir parça ilə örtülür. Hamıdan böyük olan bir xanım vəsfi-hal (bayatı) söyləyərək bir-bir bəzək əşyalarından birini sudan çıxarır.
Bəli, biz su çərşənbəsini arxada qoyduq. Qarşıda bizi daha 3 çərşənbə gözləyir, martın 5-də Od çərşənbəsi, martın 12-də Yel çərşənbəsi, martın 19-da isə Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd ediləcək.
Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)