ÜÇÜNCÜ GÜNÜN ADAMI – Orxan Fikrətoğlunun kinossenarisi Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

 

ÜÇÜNCÜ GÜNÜN ADAMI

 

 

 1.

Şüşəli eyvanında dayanıb siqaret çəkən kişi zavod borularından buludlara doğru qalxan qara tüstüyə baxdıqca özü də boru kimi tüstülənir. Tüstü şıdırğı yağan yağışın altından burum-burum göyə qalxır. Eyvandan yağışlı küçələrdə harasa tələsən çətirli adamlar da görünür. Kişi əllərində rəngbərəng çətirlər tutmuş adamlara bir müddət nəzər saldıqdan sonra içəri keçir.

Mənzilin içi zülmət qaranlıqdır. Haradansa inilti eşidilir.

Kişi siqaretini ovcuna basıb söndürür.

Siqaret kötüyünü cibinə qoyub uzun dəhlizi keçdikdən sonra yataq otağına girir.

Döşəmədə qan içində orta yaşlı qadın çabalayır. İnildəyən də odur. Kişi sakitcə qadına yaxınlaşıb aşağı çöməlir. Can verən qadının çiyinlərindən tutub üzünü işığa doğru çevirir. Qəribə bir maraqla dinməzcə qadının gözlərinin içinə baxır.

Sonra əlindəki bıçaqla qadının qarnına zərbələr endirir.

Nəhayət, qadın son dəfə dərindən nəfəs alıb gözlərini yumur.

Kişi onun öldüyünü anlayıb sakitcə ayağa qalxanda qolu yataq otağındakı köhnə paltar dolabının qapısına toxunur.

Qapı cırıltıyla açılır.

Kişi səsdən üşənib qorxa-qorxa ətrafına boylanır.

Dolabın içində indicə öldürdüyü qadının səliqə ilə ütüləyib dolabın rəflərinə düzdüyü ağ mələfələr, süfrələr görünür.

Kişi ütülü, ağ mələfələrə qəribə bir heyranlıqla baxır.

Sonra ayağa qalxıb dolabdakı mələfələrdən birini rəfdən götürür.

Mələfəni öldürdüyü qadının üstünə örtür.

O biri mələfələrlə isə kişi divar şəkillərinin, televizorun və güzgülərin üzünü bağlayır. Evi yas komasına çevirir.

Mənzildən eşiyə çıxanda mələfəni qaldırıb bir dəfə də indicə öldürdüyü qadının gözlərinə baxır.

Qadının gözlərində gülüş ifadəsi donub qalıb...

Kişi qadını öldürdüyü qanlı bıçağı qatlayıb cibinə qoyur. Qara çətirini açıb mənzildən eşiyə çıxır...

Yolu keçib onu gözləyən maşına əyləşir.

Maşında daha iki nəfər var. Onlardan biri sükan arxasında oturmuş gənc və olduqca gözəl qadındır. O birisi isə qabaq oturacaqda oturmuş orta yaşlı kişi. Orta yaşlı kişi çox sinirlidir. Bir müddət araya sükut çökür. Nəhayət, sükutu sükan arxasında oturmuş qadın pozur: – Rəqs edirdiz?

Kişi maşının yağış damcıları süzülən şüşəsindən çölə baxa-baxa: – Ölmək istəmirdi. Az qalmışdı siftəmi korlasın, – deyir.

Qabaq oturacaqda oturmuş kişinin üzündə əsəbi gülüş əmələ gəlir. O, cibindən kiçik pul bağlamasını çıxarıb arxa oturacağa atır.

Orta yaşlı kişi: – Pulunu götür, düş aşağı!

İndicə qətl törətmiş kişi pulları cibinə qoyub maşının qapısını açır.

O, maşından düşəndə sükan arxasında oturmuş qadın: – Arif, axşam evə tez gəl, səninçün xəngəl bişirmişəm! – deyir.

Kişi maşından düşüb bozumtul göy üzünə baxır. Heç nə dəyişməyib. Həmin dünyadır. Maşın mühərrikinin uzaqlaşan səsi eşidilir.

Yağış kəsib.

Kişi başını qaldırıb öldürdüyü qadının evinin eyvanına baxır.

Eyvandan da ağ mələfələr asılıb.

Kişi nə fikirləşirsə, yenidən öldürdüyü qadının mənzilinə doğru qaçır.

O, birnəfəsə pillələri qalxıb öldürdüyü qadının mənzilinin açıq qapısından içəri keçir.

İşıqları yandırır.

Yataq otağının döşəməsinə çökür. Mələfəni əliylə qadının üzündən çəkib onun açıq gözlərinə baxır. Qadının gözlərindəki gülüş ifadəsi ona daha aydın görünür.

Kişi əlləri əsə-əsə qadının gözlərini qapayır.

Qapananda qadının gözündən sinəsinə doğru bir damcı yaş axır...

Qəfil çilçırağın şüşə şamı partlayır. Mənzilin işıqları sönür...

Kişi qorxa-qorxa dolabın içinə girir.

Cibindən alışqan çıxarıb alışdırır.

Kişi dolabın içində oturub alışqanın oduna baxır...

 

2.

Orta çağ dövr.

Haradansa uzaqlardan səhra ilə qala-şəhərə doğru gələn karvan görünür.

İri gözlü gənc sarvan uzaqdan tonqalları və alaçıqları görüb köçünü əyləyir.

Karvanın içindən çıxan bir dəvə şəhər qapılarına doğru gedir.

Tonqal başında oturmuş şəhər adamları onlara doğru gələn dəvəni uzaqdan görürlər.

Dəvə tonqala çatan kimi dayanır.

Bir-iki köçəri ərəb dəvənin oyur-oyur oynayan baxışlarından qorxub ayağa qalxır. Dəvə tonqalın başına çatan kimi insan kimi bardaş qurub qumun üstünə oturur.

Onun hürgücü altında adamlar və alaçıqlar çox kiçik görünürlər.

Bu qəribə dəvəni uzaqdan görmüş qəbilə başçısı el keşikçilərindən birinə üzünü tutub: “Bu kimin dəvəsidir?” – soruşur.

Keşikçi: “Bu dəvə özünün dəvəsidir!” – cavab verir.

Başcı heyrətlə: “O, böyüdücü şüşə kimidir, harda dayanır, ora böyük görünür!” – söyləyir.

Keşikçi: “Adamın nə edəcəyini, nə deyəcəyini elə bil qabaqcadan bilir!” – deyir.

Başçı: “Onu mənim sarayıma gətirin görüm mən bilmədiyim nəyi bilir?” – qışqırır.

Haradansa yuxarılardan qəfil Qərib ağanın səsi eşidilir: “Mənim sənə sözüm yoxdur. Sözüm o dəvədir. Başqa heç nə bilmirəm!”

Qəribin səsi eşidilən kimi dəvə dikəlib ayağa qalxır.

Başçı sağa-sola boylansa da, Qəribin üzünü görə bilmir.

Birdən-birə hamı Qərib ağanın dəvənin belində oturduğunu görür. Onun üzü niqabla örtülüdür.

Başcı: “Sən kimsən? Hardan gəlib, hara gedirsən, qərib ağa?”

Qərib: “Mən heç kiməm! Məna dəvədədir!”

Başçı: “Necə yəni məna dəvədədir?”

Qərib: “Sənin köçün o dəvəni öldürdükdən sonra sizə üç gün vaxt veriləcək!”

Başçı: “Sonra nə olacaq?”

Qərib: “Sonra dünya dağılacaq!”

Başçı: “Mən o dəvəni öldürməsəm necə?”

Qərib: “Sən o dəvəni istəməsən də, öldürəcəksən. Bu əməlinlə də insanlara günahı öyrədəcəksən. Sən bunun üçün doğulmusan. Günah səndən başlanacaq. Sən də bu cür seçilmisən. Sənin də mənan, tapşırığın budur”.

Başçı: “Məna nədir?”

Qərib: “Mənanın nə olduğunu mən də bilmirəm. Mənim görəvim o dəvəni bura gətirmək idi”.

Başçı ayağa qalxıb qışqırır: “Ey qövmüm. Məni istəyən bu dəvəyə bir ox atsın. Bu məlun dəvəni öldürməsəniz, köçə bədbəxtlik gələcək. Öldürün o dəvəni. Və sonra bu işin sonunu gözləyin!”

Köçərilər bir-bir yayı çəkib iri dəvəyə ox atırlar. Onu nizə ilə, daşla yaralayıb yerə yıxırlar. Dəvə yerdə çabalaya-çabalaya can verir.

Başçı qorxa-qorxa: “Nə qədər zamanımız var?” – soruşur.

Qəribin səsi bu dəfə lap yaxından gəlir: “Üçüncü günün adamı gələnə qədər. Üç gün!”

 

3.

Qadını öldürmüş kişi çarpayısında uzanıb dinməzcə tavana baxır. Gözləri hədəqəsindən çıxıb.

Arvadı onun uzandığı dəmir nikelli çarpayıda oturub ərinin dünən törətdiyi qətlə görə aldığı dollarları sayır.

Otaqda çarpayıdan savayı heç nə yoxdur.

Arvad pulları sayıb qurtarandan sonra ərinin alnından öpür:

– Mənim ağıllı ərim. Axır ki, özünə iş tapdın. Qalx çörəyini ye, sənə qurban olum!

Arvad qaşına-qaşına ayağa qalxır.

Kişi elə bil onu görmür.

Kişinin arvadı mətbəxdəki miz arxasında oturmuş ailə üzvlərinin qarşısına dəmir konservləri boşqab kimi düzür. Süfrə arxasında saçları ağappaq ağarmış ata, üzündə qorxu ifadəsi donmuş ana və kişinin ekiz qızları oturub. Arvadı dolabdan çıxardığı küt bıçaqları bir-bir miz arxasında oturmuş doğmalarına verir. Ana bıçağı əlində tərs tutub. Ana konservin necə açıldığını bilmədiyindən maddım-maddım ərinin üzünə baxır. Kişi mətbəxə daxil olub mizin arxasına əyləşir. Arvadı onun da qarşısına konserv qutusu qoyur.

Kişi cibindən çıxartdığı qatlama bıçağını açır. Bıçağın tiyəsi hələ də qanlıdır. O, bıçağın qanına baxmadan qarşısına qoyulmuş konserv qutusunu açır. Bunu görən atası da öz konserv qutusunu kişiyə uzadır. Kişi əlindəki bıçaqla atasının da konserv qutusunu açır.

O, bütün ailə üzvlərinin konserv qutularını bıçaqla açır. Sonuncu qutunu açanda gözü bıçağın tiyəsindəki qana sataşır. Dünən öldürdüyü qadının üzü ani olaraq gözünün qarşısından keçir.

Kişi qorxa-qorxa atasının üzünə baxıb: – Ata, – pıçıldayır...

Atası onu eşitmir. Ləzzətlə konserv qutusundakı balıq tikələrini yeyir.

Kişi əlindəki konserv qutusunu mizin üstünə atıb ayağa qalxır.

Əlindəki bıçağı mətbəxdəki su kranının altına tutur.

Anası ağzını marçıldada-marçıldada: – Arif, sən zəhmət çəkmə. Mən özüm indi durub qabları bir bir salavatlayacam! – deyir.

Kişi bıçağı cibinə soxub mətbəxdən çıxır.

 

4.

Ağ mebelli mənzil. Pəncərədən pərdə əvəzinə ağ mələfələr asılıb. Qətl zamanı maşının sükanı arxasında oturmuş qadın ikrah dolu baxışlarla yorğanı başına çəkmiş kişini qucaqlayıb.

Kişi yorğanın altından danışır.

Kişi: – Döyüşdən qorxub qaçandan bu qədər əziyyət çəkməmişdim. Sən məndən soruşanda ki, adam öldürə bilərsən, o dəqiqə hə dedim, yadındadır? Xatırlayırsan? Üç ildir işləmirəm də. Nə deməliydim?! Düşündüm ki, bir arvaddır da. Nədi ki, öldürəcəm. Pulumu alacam. Sonra da unudacam. Pulum olsa, dirçələcəm. Zarafat deyil e. Atam tutulandan evə pul gəlmir. İyirmi ildir. Az bilmə.

Qadın dartıb yorğanı kişinin üstündən çəkir ki, üzünü görsün.

Qadın: – İndi heç kimin heç kimdən xoşu gəlmir. İnsanlar vəhşiləşib. Sənə nə var e? Başa düşmürəm. Allahsan sən? Öldürdüyün hər adama görə Səfərov sənə pul verir. Əlindən alayı iş də gəlmir. Sənədin, işin yox, özün də dezertir! Müharibədən qaçandan sənə mən baxmışam. Ancaq sənədlərini təzələməyə on min dollar pul lazımdır. Pul cibini yırtmır ki... Qazan da!

Kişi ayağa qalxıb qadının qarşısında dayanır.

Kişi: – Onun gözləri niyə elə doğma idi, bilmirsən? – soruşur.

Qadın: – Kimin? – xəbər alır.

Kişi: – Öldürdüyüm o qadının!

Qadın ayağa qalxıb kişini qucaqlayır: – Sənə deməmişdim gözlərinə baxma?! Sən ancaq mənim gözlərimə bax. Səni sevən və qayğına qalan mənim. Pulları neynədin, sən Allah? Aparıb o qəhbə arvadına verdin?

Qadın kişini danışmağa qoymur. Onun dodaqlarından öpür.

 

5.

Kişinin mənzili.

Kişinin atası köhnə dəbdə olsa da, əyninə bahalı məmur kostyumu geyinib. Demis çəkə-çəkə təzəcə aldığı rəngli jurnalları oxuyur.

Anası ilə arvadı mətbəxdə yağlı kökə bişirirlər.

Əkiz qızları saqqız çeynəyə-çeynəyə videoötürücüdə yeni amerikan filminə baxırlar...

Kişi vanna otağında geyimli-kecimli, bahalı kostyumda çiləyin altında dayanıb...

Çiləkdən axan su başından aşağı süzülür.

Kişinin üzündə qorxu ifadəsi donub.

O, kranın puçunu burur.

Suyun şırıltısı kəsilir.

Kişi vanna otağının qapısını açıb qorxa-qorxa otağa tərəf boylanır.

 İçəri otaqda köhnə patefon səslənir. Atası ilə anası indi də həzin musiqi altında vals oynayırlar.

 

Kişi meşin qapını yumruqlayır.

İçəridən gülüş səsləri eşidilsə də, qapını açmırlar.

Kişi qapını döyməkdədir.

Nəhayət, qapı açılır.

Qətl zamanı sükan arxasında oturmuş qadın xumar gözləri ilə kişiyə baxıb: – Bu vaxt niyə gəlmisən? – soruşur.

Kişi qadını itələyib içəri keçir. Və gözləmədiyi halda çarpayıda uzanıb siqaret çəkən Səfərovu görür. Səfərov bizə filmin əvvəlində maşında gördüyümüz üçün artıq tanışdır.

Kişi təəccüblə Səfərovun əzələli qollarına baxır.

Kişi: – Siz burda neynirsiz? – soruşur.

Qadın yanını bura-bura keçib çarpayıya yayxanır.

Qadın: – Səninlə elədiyimdən eləyirdik də. Görmürsən? – deyir.

Kişi çarpayıya atılıb qadının üzünə şillə vurur.

Səfərov tapançasını çıxarıb kişinin gicgahına sıxır.

Səfərov tətiyi çəkəndə kişi çarpayının qarşısında dizi üstə yerə çöküb qorxa-qorxa: – Öldürmə! – deyə yalvarır.

Səfərov gülə-gülə əlini aşağı salır.

Kişi qadını qucaqlayıb ayaqlarından öpür.

Səfərov qadına: – Sənə dedim qorxma! – deyir.

Kişi ayağa qalxıb yazıq-yazıq dəhlizə çıxır.

Mətbəxdə oturub çay içir.

İçəri otaqdan Səfərovla qadının sevişmə nidaları eşidilir. Onlar çarpayıda sevişirlər.

 

6.

Boş fəhlə yeməkxanası.

Kişi təkcənə oturub şorba içir.

Yeməyini yeyib ayağa qalxır.

Döşəməni yuyan xadimə ilə sağollaşıb eşiyə çıxır.

Küçə boyu harasa gedən adamlara qoşulur.

Sonra nə fikirləşirsə, geri qayıdır.

Yeməkxananın qapıları bağlıdır.

Kişi qapını döyür.

Bayaq onunla sağollşan xadimə qapını açıb maddım-maddım onun üzünə baxır.

Kişi: – Siqaretim mizin üstündə qalıb! Zəhmət olmasa, onu mənə verin! – deyir.

Xadimə: – Nə siqaret? Biz iki gündür işləmirik! – deyir.

Kişi: – Siz məni xatırlamırsız? İndicə sizinlə sağollaşdım ki...

Xadimə: – Ay oğul, get başqa yerdə öz tay-tuşunla zarafat elə! – deyir.

Qapını hirslə bağlayıb içəri keçir.

Kişi çaşqın halda əlini üzünə çəkir. Əli üzünə dəymir. Kişinin üzü yoxdur.

Kişi yeməkxana qapısının aynalı şüşəsinə baxır. Onun aynadakı əksi də görünmür.

 

7.

Səfərovla qadın yataq otağında yenə sevişirlər.

Kişi ayaqyoluna girib polisə zəng vurur: “Silsilə qətllər törətmiş cinayətkar dəstəni zərərsizləşdirmək istəyirsinizsə, Məhəmməd Hadi, on doqquz ünvanına gəlin! Sizi gözləyirəm!”

Çox keçmir ki, polislər qapını sındırıb mənzilə girirlər.

Atışma zamanı Səfərovla qadın öldürülür.

Kişini ayaqyoludan çıxarıb polis maşınına basırlar.

Onu müvəqqəti təcridxanaya gətirirlər.

 

8.

Kişi həbsxana pəncərəsindən təcridxananın həyətinə baxır.

Həyətdə iki polis gəzişir.

Onları səsləmək üçün fit çalır. Sonra nə fikirləşirsə, aşağı əyilir.

Polislər onun çaldığı fit səsini eşitmirlər.

Kişi pəncərəyə çıxıb ucadan bağırır.

Yenə onun səsi eşidilmir.

 

9.

Qəbilə adamları sıra ilə düzülüb dəvəyə ox atırlar.

Qəbilə başçısı: “Artıq bizimlə dünyanın arasına pərdə çəkildi! Kimin günahı dərk etməyə ağlı varsa, o dəvəyə ox atsın. Günah qanla övladlarımıza da keçəcək”.

Dəvə bədəninə sancılmış oxlara məhəl qoymadan çöl boyu qaçır...

Qəbilə adamları kor-peşman evlərinə qayıdırlar.

 

Qərib qəbilə başçısı ilə qabaq-qənşər oturub.

Qərib: “Sən o qadını niyə öldürdün?”

Başçı: “Dərinə getsən, heç özüm də bilmirəm! Atam o balıq konservini iştahla yeyəndə həm sevinirdim, həm də tənhalığımı dərk edirdim. Əslində günahkar öldürdüyüm o qadındır. Günahı olmasaydı, sifarişçi mənə onu öldürmək sifarişini verməzdi ki... Mən o qadının cəzasını verdim, həm də evə çiyələk aldım!”

Qərib: “Çiyələyi kiminçün aldın?”

Başçı: “Əkiz qızlarımçün!”

Qərib: “Bəs dəvə?”

Başçı: “Mən dəvə-zad görməmişəm. Dəvə nədir?”

Qərib: “Mən sənə üç gün vaxt vermişdim! Üç günə dünya dağılacaqdı! Bəs qorxmadın?”

Başçı müstəntiqin otağından eşiyə çıxanda onun bizim qəhrəman olduğu görünür.

 

10.

Müstəntiq mizin altındakı düyməni basıb gözətçini çağırır.

Gözətçi gələnə qədər müstəntiq kişiyə deyir: “Üç günlüyə kəndə gedirəm. Təklifimi yaxşı-yaxşı fikirləş. Onsuz da şahidlərin hamısı ölüb. Səni aç burax edə bilərəm. Bəlkə razılaşasan? Səninçün bir adamı da öldürmək nədi ki?”

Kişi ayağa qalxır.

O, gözətçinin müşayiəti ilə dəhlizlə gedir.

Qəfil gözətçi arxadan: “Yaxşı yadımdadır, dəvəyə sən də ox atmışdın!” – deyir.

 

11.

Dustaqxananın görüş otağı. Kişi anası ilə qabaq-qənşər oturub.

Kişi: – Uşaqlar necədir?

Ana: – Yenə acından ölürük!

Kişi: – Bəs atam?

Ana: – Atan da elə elədir. Əlindən iş gələn deyil. Bilmirsən onu?!

Kişi: – Mənə gətirdiyin pul hardandır?

Ana: – Nəbidən borc almışam!

Kişi: – Çıxıb qaytararam!

Ana: – O qancığı da öldürərsən!

Kişi: – Yenə nə olub?

Ana: – Nə olacaq? Sən tutulandan evə gəlmir. Bütün günü barlardadır!

Kişi: – Ayın neçəsidir?

Ana: – Bilmirəm. Sən tutulandan atan televizoru açmır!

Kişi ayağa qalxıb otaqdan eşiyə çıxanda üzünü anasına çevirir.

Kişi: – Ana, sənə söz verirəm. Onu öldürəcəm! Pulu ancaq dəvəni öldürməklə qazanmaq mümkün imiş!

 

12.

Qəbilə adamlarının üzləri niqabla bağlıdır. Heç kəsin üzü görünmür.

Öldürülmüş dəvə dağın başına qaldırılıb.

Qəbilə adamları dağın ayağında dayanıblar. Dağın döşündə tonqallar qalanıb.

Qadınlı-kişili bütün qəbilə dizə kimi palçığa batıb.

Başçı təəccüblə Qərib ağanın üzünə baxıb soruşur: “Bu dəvəyə kim qıyıb belə, qərib ağa?”

Qərib: “Çoxdanın işidir. Kim eləyibsə, cəzasını çəkir!”

Başçı: “Nədir onun cəzası?”

Qərib: “Mənanı anlamamaq!”

Başçı: “Məna nədir?”

Qərib: “Dəvə öldürüləndən siz həqiqətin ölüsünü görürsünüz! Haqqın dirisi pərdə arxasındadır!”

 

13.

Kişi həbsxana çarpayısında gözüaçıq uzanıb. Əlində iri ox var.

Kameranın ortasında xıx yatmış dəvə də görünür.

Dəvənin beli oxlanıb...

 

14.

Müstəntiqin otağı.

Müstəntiq: – Dünya onsuz da cəzasız qalmış cinayətlər yuvasıdır. Sən cəzanı çəksən də, daha düzələn deyilsən. Bundan qəddar olmağın isə nə mənə, nə də dünyaya gərək deyil. Səni burdan bir şərtlə buraxa bilərəm!

Kişi: – Nə şərt?

Müstəntiq: – Yenə adam öldürməlisən!

Kişi: – Razıyam!

Kişi nəfəslikdən qorxa-qorxa həbsxana həyətinə boylanır.

Polislər yenə həyətdə dayanıb siqaret çəkirlər.

Dustaqlar həyətin bir qırağında zibil boşaldırlar.

O, yenə nəfəslikdən çölə fit çalıb aşağı yatır.

Kişini onsuz da eşidən yoxdur.

Qəfil zibildaşıyan qoca dustaqlardan biri yerə yıxılır.

Polislər onu qaldırıb içəri aparırlar.

 

15.

Müstəntiq: – Öldürəcəyin adam keçmiş zabitdir. Yetmiş yaşı olar. Birinci güllədən onu öldürə bilməsən, o səni vuracaq!

Kişi ayağa qalxıb müstəntiqin ona verdiyi tapançanı əlinə alır.

Tapançanı əlinə alan kimi başına dayayır.

Müstəntiq gülüb: – Gülləni boşa xərcləmə. Onsuz da ölüsən! –deyir.

 

Kişi zabitlə üz-üzə dayanıb.

Zabit: – Silahla oynama, bala!

Kişi əlindəki tapançadan atəş açıb zabiti öldürür.

Zabitin üzündəki ifadə Arifə tanışdır.

Qəfil dəvə kadra girir.

Kişi əlindəki tapançadan atəş açıb dəvəni də yerə sərir.

 

16.

Səhər.

Kişi Dağüstü parkda dayanıb şəhərə baxır.

Qəfil arxadan fit səsi eşidilir.

Kişi çevrilib arxasına baxır.

Heç kəs yoxdur.

Kişi yenə dayanıb maraqla şəhərə baxır.

Yenə arxadan fit səsi eşidilir.

Kişi bu dəfə geri çönəndə Qəribi görür.

Qəribin görüntüsü üstündə biz son kadrları görürük.



 “Ədəbiyyat və incəsənət”

(05.07.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.