Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Cümə, şənbə və bazar. Ardıcıl 3 gözəl gün. Nə edək? Bəlkə teatra gedək? Bu dəfə də Rus Dram Teatrına. 

Afişaya baxaq. 

 

23 fevral – “Kapitan qızı”

 

Dərhal yada bu adda məşhur əsər yazmış rus şairi A.S.Puşkin düşür. 

Elə düz də düşür. A.S.Puşkinin eyniadlı povesti əsasında səhnəyə qoyulan tamaşa imperatriça Yekaterinanın hökmranlığı dövründə Yemelyan Puqaçovun üsyan hadisələrini əks etdirir, zabit Pyotr Qrinev ilə qalanın komendantının qızı Maşa Mironovanın zərif sevgisindən söhbət açır.

Tamaşanın premyerası 2023-cü il iyunun 9-da olub və dahi rus yazıçısı A.S.Puşkinin anadan olmasının 225 illiyinə həsr edilib. Quruluşçu rejissor İqor Konyayevdir (Rusiya).

 

24 fevral – “Qürur və qərəz”

 

Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanı 2013-cü il aprelin 14-də tamaşaçılara təqdim olunub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır.

 

25 fevral – “Artistin taleyi”

Azərbaycan dramaturqu Elçinin pyesi əsasında hazırlanan tamaşanın premyerası 2016-cı il mayın 20-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti İranə Tağızadədir.

Azərbaycan teatr sənəti tarixinə adı qızıl hərflərlə yazılan aktyor Ərəblinskinin faciəli və sirli taleyi dramaturq və rejissor İranə Tağızadə tərəfindən ətraflı tədqiq olunur. Onun müəmmalı şəraitdə ölümünün səbəblərinin üstü hələ də açılmayıb. Lakin bununla bağlı şayiələr, əfsanələr, variantlar çoxdur.

Çox maraqlıdır! 

 

Buyurun, gəlin, tamaşa edin!

Sizlərə xoş izləmələr! 

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

“ZİYALI FİKRİ”NDƏ FUAD ƏSƏDOV

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Cəmiyyətimizi sarsıdan məlum qətl hadisəsi, məktəblərdə baş vermiş zorakılıqlar, mənəviyyatın aşılanması faktları və deqradasiyanın dəhşətli həddi. Hara gedirik? Problemlərin kökü nədədir? 

“Ziyalı fikri” rubrikasında bu gün sizlərə Fuad Əsədovun fikirlərini təqdim edirəm. 

 

Valideynlərin ali təhsil yönümlü olması yaxşı bir hal deyil. Bu, o deməkdir ki, uşaq istəmədiyi bir həyata doğru itələnir bəzən və bütün ömrü boyu sevmədiyi işlə məşğul olacaq. Hər kəs universitet oxumalı deyil. Kimsə musiqiçi, ya da rəssam olmaq istəyirsə, ora yönlənə bilər. Yeri gələndə, bu gün bir illik kurslarla çox peşəkar İT mütəxəssisi yetişdirilir və ən hörmətli və gəlirli sahədir bu sahə. Amma, "hamının uşağı universitet oxuyur, mənim uşağımın nəyi əskikdir onlardan" düşüncəsi ağlın eqoya uduzmasını təmin edir. Ümumiyyətlə, insanlar axmaq görünməkdən çox, əskik görünməkdən qorxurlar. 

Burda ikinci bir yan təsir də var. Hər şeydən daha çox təhsilə fokuslanmaq. Valideynlər bir çox hallarda uşaqların təhsilinə daha çox fokuslanırlar, nəinki tərbiyəsinə. Az valideyn övladı ilə vicdan, mənəviyyat və empatiya haqqında mütəmadi danışır. Amma təhsillə bağlı hər gün məsləhət verirlər. Buna görə də, Bakının küçələri təhsilli, amma özlərini apara bilməyən insanlarla doludur. Bütün bu yerə zibil atanların, küçədə qışqıraraq danışanların, yol hərəkəti qaydaları pozanların, sinemada və teatrda telefonun işığını gözümüzə soxaraq çəkiliş edənlərin, növbəni pozanların əksəriyyəti təhsilli insanlardı. Bir çox şeyi də bilirlər. Mədəniyyət və etika xaricində. 

Üçüncü bir amil isə valideynlərin uşaqları telefon və planşetlərin qoynunda sevgisiz qoymasıdır. İndiki uşaqların əksəriyyəti sevgisiz böyüyür. Ya ərköyün böyüdürlər, ya da diqqətdən kənar. Həqiqətən, sevgi hiss edilmir. Ona görə də empatiya qura bilmirlər. Başqalarını hiss edə bilmirlər. Bir uşağın ağlayaraq "nolar, saçlarıma dəymə" deməsindən sonra digər uşaq onun saçlarını kəsirsə, bu çox böyük problemdir. Bilirsiniz, Əhmədlər elə belə yetişmir. Əhmədlər adam öldürməzdən əvvəl kimisə təhqir edirlər. Sonra vururlar...sonra yaralayırlar... Və sonra bir gün bütün ölkə sarsılır. 

 

ZF sizlərin də fikirlərinə açıqdır. Buyurun, yazın! 

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə  Mustafa Şeyxpurun şeirlərindən ən yaxşı nümunələri təqdim edir.

 

Evimin içində bir ev var

Orda mən yoxam

Qapımızı döyəcəklər biriləri

Olmayınca dönəcəklər evlərinə.

 

Olduğum şəhərdə bir şəhər var

Bu şəhərdə mən yoxam

Gəlib gəzəcəklər turistlər

Çəkib gedəcəklər öz şəhərlərinə

Yoxluğumu hiss etmədən

Biri çantasında, biri isə quşların qanadında

Götürəcəklər məni evlərinə

Kimsə bilmədən, özləri bilə.

 

Sonra bütün evlərin içində bir ev olacaq

O evlərdə kimsə yox

Bütün qapılar döyüləcək

Kimsə açmayacaq qapıları

Sonra hər kəs dönəcək kölgəsinə.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Dəniz elə həmənkidir

gah mülayim, üzə gülər,

gah da dönüb ölüm olar

bizi güdər.

Dənizçidə dözüm gərək

ölümünə baxa bilsin,

ölümünə qalib gəlsin,

yıxa bilsin.

Dənizçinin yuxusuna

Torpaq ətri girər hər gün

Yanıb-sönən mayaklarda

“ümid” adlı bir közərti

görər hər gün. 

 

Dənizçiyə dalğaların arasından

əl eləyər su pərisi,

dənizçiyə ad qoyarlar –

su dəlisi. 

 

Mavi sular mavi gözlü gözəl olar

naz eləyər dənizçiyə

Mənim üçün əziz olub,

heç bilmirəm, dəniz niyə?! 

 

Bu gün dənizçi-kapitan, şair-publisist, öz təbirincə desək, dənizə oxşayan, söz kapitanı, şair Faiq Balabəylinin doğum günü, 60 illik yubileyidir. "Ədəbiyyat və incəsənət" portalı olaraq şairi doğum günü münsibəti ilə təbrik edir, ona səmimi qəlbdən möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

Və yeni yaşında da şairdən bol-bol dəniz ətirli, qağayı avazlı şeir payı, ədəbiyyatımıza yeni-yeni töhvələr gözləyirik 

 

Faiq Balabəyli (Səfərov Faiq Ağaş oğlu) 1964-cü il, fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub.

AXDG QSC XDND idarəsində gəmi kapitanı olaraq çalışır. "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyinin təsisçisi və idarə heyyətinin sədridir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü və eyni zamanda, "Müstəqil.Az" saytının həm yaradıcısı, həm də baş redaktorudur. O, Azərbaycanın, Türkiyənin, Rusiyanın, Tatarıstanın, İraq-Türkmən elinin, Özbəkistanın ədəbi ödülləri və baş ofisi Bişkekdə yerləşən "Yangi Ovoz” Orta Asiya Yazarlar və Tarixçilər Birliyinin təsis etdiyi "Turan Birliyi" medalı ilə təltif edilib. Əsərləri türk, özbək, tatar, qırğız, rus, ingilis, fransız, alman, gürcü, ivrit dillərinə tərcümə edilib. 

 

Faiq Balabəyli "Eh, ayrılıq, nə yamansan", "Kəsilməyən həyacan fiti", "Sənə yazılan şeirlər", "Burda darıxmaq olmaz", "Yaşıl yuxulu dəniz", "Bayıldan bayıra", "Yağışdan sonra", "Dənizçilərimiz Vətən müharibəsində", "Bakı buxtası - 20 yanvar", "Onlar qəhrəmandır" və tərtib etdiyi "Qarabağ müharibəsinin ilk qalib generalı", "Mən sizə darıxmaq öyrədəcəyəm", "Sən Vətənə bənzəyirsən", "Gəmilərin əmniyyətli idarə olunması", "Peşə təhsilindən dünya sularına qədər", nəvəsi Dənizin adına tərtib etdiyi "Dəniz" və  2023-cü ildə “Qanun” nəşriyyatında çap olunan və Azərbaycan gəmiçiliyinin 165 illiyinə sədri olduğu "DSD"İB-nin layihələrindən biri olan "Dənizçi həyatı" adlı ümumilikdə 17 kitabın müəllifidir. 

Gəlin şairin kapitanı olduğu söz gəmisi ilə onun yaradıcılıq ümmanına kiçik bir səfər edək. 

 

Yelkəni küləklə dolan gəmi 

 

Yelkəni küləklə dolan ağ gəmi,

yapışıb gövdənə yosunlar sənin.

Yosunlar beləcə ovsunlar səni

Ləpələr istəyir qovsunlar səni

doğma sahillərdən yad sahillərə...

Yelkəni küləklə dolan ağ gəmi,

Yelkənin yellənir dor ağacında,

yelkənin asılıb “dar ağacından”

cavan dənizçilər həyəcanından

itirib özünü, demir sözünü... 

 

Yelkəni küləklə dolan ağ gəmi,

başının üstündə bir əlçim bulud,

açar qanadını göyərçin bulud

göyərtə ovcunda bir içim bulud

dönər ağ yağışa isladar səni... 

 

Yelkəni küləklə dolan ağ gəmi

tufanda qadaya-bəlaya gələr

gümanı tənha bir adaya gələr

təkcə qağayılar haraya gələr

yetişə bilmərik hayına sənin...

 

 

Bir azdan qağayılar 

 

Bir azdan qağayılar

yuxusundan yarımçıq

oyanan uşaq kimi

hay salıb “qışqıracaq”.

Bu qışqırığa “yatağından”

qalxacaq dəniz də

görəcəksən,

ləpələr şahə qalxıb

at oynadır dənizdə. 

 

Kədəriylə, ahıyla

tər-təmiz günahıyla

dönük taleyi ilə

sahilə qaçan ləpə

itirəcək özünü.

Geriyə qayıdıb

gətirəcək özünü

yaşayacaq dənizdə. 

 

Üzməyi bacarmayan

uşaq kimi ləpələr

əl-qol atıb, axırda

batacaq bu dənizdə.

Sonra da qağayılar

sakit olub bir qədər

ruh kimi uçub gedib

yatacaq bu dənizdə...

 

 

Daha bəsdir... 

 

Daha bəsdi, bəsdi, Xəzər, 

 

sularının dadı gedib,

duzu qalıb.

İllər ötüb, sularına sinə gərən

Sahillərin çat-çat olub,

quzulayıb. 

 

Yosunların yaşıl-yaşıl, boyu qısa,

Balıqların yem axtarır,

tapa bilmir.

Qağayılar dövrə vurub ağı deyir

Dalğaların qəzəbindən

yata bilmir. 

 

Ulduzların əksi düşür sularına

Dalğaların ulduzlara

əli çatmır.

Dənizçilər nəğmə qoşur sularına

Dalğaların bu nəğməyə

dili yatmır. 

 

Daha bəsdi, bəsdi Xəzər,

Qurtar ölüm yaymağını

heç bilmirəm görəcəyik

Can almaqdan doymağını?

 

 

Dənizə nə olub, görəsən, yenə 

 

Qağayılar dövrə vurub qışqırır,

Nə olubdur, söylə sənə, dənizim.

Külək əsir, dalğaların hayqırır

tutqun olur yavaş-yavaş bənizim

Nə olubdur, söylə sənə, dənizim. 

 

Bir-birini qovur müdhiş dalğalar

Dor ağacı sağa, sola yellənir.

Bir gözəl qız sahilində dayanıb

külək əsir ala gözü nəmlənir

Ürək dözmür, yada salır, qəmlənir. 

 

Gücünə bax uğuldayan xəzrinin

Nəhəng buruq ləngər vurur, dayanır.

Radist oğlan tez aparır əlini

“Sos” yazılmış düyməsində saxlayır,

düşünürsən; ölüm səni haqlayır. 

 

Lap uzaqda yanır-sönür bir işıq

bütün gecə yol göstərir o bizə.

Yanıb sönür, dönüb olur yaraşıq

bu dalğalı, sərt küləkli dənizə

bütün gecə yol göstərir o bizə. 

 

Qaçan dalğa, apar-apar sahilə

o gözələ demədiyim sözləri.

Yəqin gəlib yenə qumlu sahilə

yol gözləyir indi ala gözləri

çatdır ona demədiyim sözləri. 

 

Bir qağayı özün çırpır dalğaya

elə bil ki qucaqlayır dənizi.

Qorxur, dəniz ala onu qoynuna

qanad açıb qucaqlayır dənizi

elə bil ki qucaqlayır dənizi. 

 

Bilmirik, nə zaman dönə bilərik

o qumlu sahilə, nəmli sahilə.

Hələ ki uzaqdan, çox-çox uzaqdan

baxırıq kədərlə, qəmlə sahilə

o qumlu sahilə, nəmli sahilə...

 

 

Bu axşam lövbərsiz gəmi kimiyəm 

 

Nə torpaq qoxusu, nə də gül ətri

Hiss edə bilmirəm, hər tərəf sudur

Hədəfə çevrilmiş sahil kimiyəm

rəqibim dalğadır, hədəfim sudur. 

 

Bu nədir, qorxumu bürüyür məni,

gəlir qulağıma dalğa nərəsi.

Ulaya-ulaya əsən küləklər

Yayır hər tərəfə ölüm nəğməsi. 

 

Üzür uzaqlara tənha gəmimiz

Baxmayır bu haya, haraya, küyə.

Dağılır saçlarım, yaşarır gözüm

Nə isə, dözməyir bu sərt küləyə. 

 

Yoxdur uzaqlarda bir mayak da ki,

Bir ümid, bir pənah gətirsin mənə.

Gərək görüşəndə bircə kəlməlik

sözümü deyəydim ala gözlümə. 

 

Hardasa-hardasa lap uzaqlarda

Bir ana yuxsunu yozmaq istəyir.

Fikrimi, hissimi, duyğularımı

Bu ölüm nəğməsi pozmaq istəyir. 

 

Yoxdur yaxınlıqda bir qağayı da

Deyim ki dayanma, tez uç sahilə.

Yəqin əllərində çiçək dəstəsi

Bir gözəl tələsir qumlu sahilə.

O gözəl əlində çiçək dəstəsi

Dikər gözlərini coşqun dənizə.

Dağılar saçları dalğalar kimi

səpər çiçəkləri, səpər dənizə. 

 

Fikirlər gör hara aparır məni

Qaralır gözlərim, dəli kimiyəm.

Çəkib uzaqlara aparır məni,

Bu gecə sahilsiz gəmi kimiyəm.

 

 

Mənim nənəm 

 

Mənim nənəm ipək kimi qarıydı

Dərdlə dolu bayatısı varıydı

Namazını ötürməzdi heç zaman

O, Tanrıya, Tanrı ona yarıydı. 

 

O, Allaha kişi kimi baxırdı

O, Allaha "Tarı kişi" deyirdi

Alqışına heç bir sözüm yox mənim,

Qarğışı da alqış idi, şeyirdi. 

 

Qurşağnda qəlet-konfet olardı

Belində şal... yaşmağını demirəm

Hərdən mənə qəzəblənib ardımca

Tövşüyərək qaçmağını demirəm...

Yazıq nənəm ilk gəlinlik günündən

Ayrılığın qədərini bilirmiş.

İçindəki həsrətini duymadıq

Üzündəki gülüşünü görürdük-

O, yalandan danışırmış, gülürmüş... 

 

Mənim nənəm nənələrin ən gözəl,

Ağı deyən, ağlamağı bacaran

İpək kimi bir qarıydı,  nənəydi.

Ürəyində, ömrü boyu çəkdiyi

Dərdlərini saxlamağı bacaran

Noğul idi, nağıl idi, nə idi? 

 

Mənim nənəm qərib idi, çox qərib,

Masallıda bir bacısı qalırdı,

Anasının, atasının qəbiri,

Ürəyində düyün vurmuş kədəri,

Sevinməyi ona yasaq eləyən

Bir nisgili, min acısı qalırdı...  

 

Mənim nənəm ipək kimi qarıydı

Mənim nənəm nənələrin tacıydı

O, anama görmədiyi atası

O, anama qardaş idi, bacıydı...

 

 

Gəl gedək 

 

Ay bağrıma sıxmadığım

Təkim, göyçəyim, gəl gedək

Gözlərini nə gizlədib

Telin, birçəyin, gəl gedək

Qar yağmadı bu qış yenə

Yağır qarğış-yağış yenə

Özün dedin yığış yenə

Gəldim, çiçəyim, gəl gedək...  

 

 

Unutmusan, gör nə qədər vaxt keçib

Mən də elə sən dediyin fəhmli

Yaddaşında çox şeyləri saxlayan

O deyiləm - gah sakit, gah zəhmli...

Biz tərəfdən siz tərəfə gəlməyə 

 

ürək gedər, ayaqlarsa qalardı

Unutmusan siz tərəfdə uşaqlar 

Fit verərdi, bizi  daşa  basardı...

Az qalardım siz tərəfin itlərin

Qucaqlayam, sğallayam, öpəydim

Təki bircə siz tərəfdən küləyin

Biz tərəfə əsməyini görəydim...

Mən nə qədər yaddaşıma qəsd edim

Ötənləri xatırlayım nə qədər

O günlərdən  biz nələri qazandıq

O günlərdən  hədər oldu, de, nələr...

Hardan axı sən yadına salasan

Banınıza daş atmağa gəlməyim

Məni hər gün öldürməyə çıxmağın

Səni hər gün yaşatmağa gəlməyim...

İndi artıq yaş üstünə gələn yaş

Ömrümüzə selbələnən daşdı, qız

Unutmusan, sən ömrümə gələndən

Nə yaz, payız, nə də ki yay, qışdı, qız.

 

 

Bilirəm darıxırsan 

 

Bilirəm darıxırsan,

Gözlərin də yol çəkir.

Dərd, sevincin üstünə

İmza atır, qol çəkir. 

 

Kəndimizdə ağaclar

Tökür yarpaqlarını.

Şəklimi bas bağrına,

İslat yanaqlarını.

Külək əssə, çıx çölə,

Gətirəcək qoxumu.

Sənsizlik ərşə çəkib,

Gözlərimdən yuxumu. 

 

Kövşən ətri gəlir, bax

Mənim şeirlərimdən.

Zülmət düşəcək sabah,

Gəl yapış əllərimdən. 

 

Şəklimi gözlərinə

Nə tutub bağlayırsan

Yaman islandı şəklim

Bu nədir ağlayırsan?..

 

 

Sən getdin 

 

Sən getdin, özünlə apardın,

Gətirdiyin bir udumluq sevinci.

Zülmətə döndü hər tərəf,

Yağmura düşdüm elə bil.

Batdı limanda gəmilər,

Söndü bütün işıqlar,

Sən gedəndən sonra. 

 

Bir vaxtlar barmaqarası

Baxdığım həyata

Barmaqlıqlar arasından

Baxmağımı indi dərk etdim.

İndi özümə görk etdim;

Necə də gözəlmiş həyat,

Və sənli günlər. 

 

Sən getdin,

Və başa düşdüm ki,

Bu andan məhbəs həyatı yaşayıram,

İçimdə sənsizliyi daşıyıram.

 

 

Və bir gün 

 

....Və bir görərsən qayıtmışam mən,

Həminki adamam, dəyişməmişəm.

O şirin anları oyatmışam mən,

Həminki adamam, dəyişməmişəm. 

 

Nə boyun–buxunum, nə də ki, səsim,

Saçını oxşayan əlim, nəfəsim.

Tükənməz heç zaman arzum, həvəsim,

Həminki adamam, dəyişməmişəm. 

 

Göydə göy buludam, dağlarda çayam,

Çağırsan gələrəm, harayam, hayam.

Necə görursən də eləcə buyam,

Həminki adamam, dəyişməmişəm.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)

ASAN könüllüləri tərəfindən “Yaşıl dünya naminə” həmrəylik məqsədilə müsabiqəyə start verilir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət” istinadən məlumat verir. 

Müsabiqə çərçivəsində təqdimatlar əsasında  qaliblər müəyyən olunacaqlar.

İştirakçılar təqdimatlarını aşağıdakı mövzular çərçivəsində, problemin qoyuluşu və həll yolu kontekstində hazırlaya bilərlər:

 

- ️İqlim dəyişikliyinə adaptasiya;

- Alternativ və bərpaolunan enerji;

- Tullantı idarəetməsi və təkrar emal;

- Yaşıl texnologiya və innovasiya;

- Təbiəti mühafizə və biomüxtəliflilik;

- Dayanıqlı təsərrüfat və qida istehsalı;

- Təmiz su ehtiyatlarının müdafiəsi;

- Çevrə dostu nəqliyyat;

 

Müsabiqənin şərtləri:

 

- Müsabiqədə 16-35 yaş aralığında olan hər kəs iştirak edə bilər;

- Təqdimatdakı məlumatlar dəqiq, düzgün və qısa şəkildə yerləşdirilməlidir;

- Məlumatların faydalı, əhatəli, yaradıcı olması arzuolunandır;

- Təqdimatdakı fikri izah etmək üçün audiovizual dəstəkləyici elementlərin (video, rəsm və s.) yerləşdirilməsi arzuolunandır;

- Layihə növbəti mərhələyə keçərsə təqdimatda məlumatların daha ətraflı izahatları tələb oluna bilər;

- Təqdimat "Powerpoint" proqramı və ya "Canva" qrafik dizayn platformasında həm Azərbaycan dili, həm də ingilis dilində hazırlana bilər.

 

Müsabiqə 3 mərhələli qiymətləndirmə çərçivəsində aparılacaq.  10 ən yaxşı təqdimat final mərhələsinə keçmək şansı qazanacaq.

Finalda məsuliyyətli çevrə dostu, innovativ çevrə dostu, texnoloji çevrə dostu nominasiyaları üzrə qaliblər müəyyənləşdiriləcəklər.

İştirakçı özü haqqında zəruri məlumatları (ad, soyad, ata adı), əlaqə nömrəsini və şəxsiyyət vəsiqəsinin nüsxəsini daxil etməklə müsabiqə şərtlərinə uyğun hazırlanmış təqdimatı 01.03.2024-cü il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməlidir.

“Ən yaxşı təqdimat” müsabiqəsinin ənənəsinə sadiq qalaraq qaliblər beynəlxalq səfərlərdə iştirak şansı və pul mükafatı qazanacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Cümə axşamı, 22 Fevral 2024 16:57

Sultan Raevin “Pusqu”su Türkiyədə çıxdı

 

Qırğız ədəbiyyatının görkəmli xadimi, xalq yazıçısı Sultan Raevin “Pusqu” romanı Türkiyədə, "Bengü” yayın evində çap olunub. Romanı türk dilinə Kamal Gez çevirib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu məlumat verib. 

 

“Pusqu” tənhalıq və cəmiyyətin təzyiqi, decks xəstəliyi ilə mübarizə aparan bir qadının necə tələyə düşdüyünü izah edən maraqlı tale dramıdır. Bu, qadını qaranlıqda saxlayan zülmü, anidən keçən işıqla cəmiyyət arasındakı əlaqəni izah etməyğ çalışır. Cəmiyyətin qaranlıq tərəfində kibritlə İşıqlandırılan işıqları niyə yandıra bilməyəcəyimizi biz insanlardan soruşur.

Raev sual edir: "Niyə qadın təkdir?"

Qadının cəmiyyətdəki rolunu və kişilərin bu tənhalıqdakı təsirini nəzərə alaraq sualına cavab axtarır. O, əsərində tənha qadının düşdüyü psixoloji dilemmanı böyük ustalıqla əks etdirir.

Romandan bir fraqmentə baxaq: 

"Mən nə etdim? Nə edə bilərdim? Yaşadığım vaxtdan mənə nə qalıb? Yəqin ki, bu suallara cavab tapa bilməyəcəyəm. İndi kənddəki evimdə sonuncu dəfə nə vaxt olduğumu xatırlamıram. Tək səyahət etməkdən narahatam. Niyə "hələ evli deyilsən?" sayaq suallarınızı eşitməli oluram hər zaman. 

“Yazıq qız, həyatında heç bir şansı yoxdur, amma çox yaxşı bir qız idi” - haqqımda deyiləcək. Amma indi insanlar məni kədərləndirərək məni aşağılayırlar, bu da mənə pis hiss edir və özümü hara qoyacağımı bilmirəm. 

Xeyr! Xeyr! Mənə yazığı gələn insanlara nifrət edirəm. Bu mərhəmət ürəyimi deşir, ruhumun ən ucqar guşələrinə nüfuz edir... Xeyr! Xeyr! Xeyr! Xeyr! Xeyr! Xeyr! 

Həmişə qürurlu olmaq istəyirəm, amma bəzən özümü niyə və necə aşağı endirməyimi anlamıram...”

 

Azərbaycanlı oxucuların kitabı əldə etmək və əlavə məlumat almaları üçün:

Bengü Kitabevi

Hacettepe Mahallesi Hamamönü Sokak No:8/A Altındağ/Ankara

İletişim: (0312) 311 70 62

(0312) 311 70 52

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

https://www.instagram.com/bengukitabevi/

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

 

Kulis.az Ülvi Bahadırın Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimindən reportajını dərc edib. “Ədəbiyyat və incəsənət” həmin reportajı Daycest bölümündə sizlərə təqdim edir. 

 

 

Yadımdadı...

Nənəm ustufca çəliyini pəncərədən çıxarıb bərkdən hayladı məni:

- Pal-paltarı teldən götür, bir azdan bir leysan yağacaq ki, Babadağı yuyub aparacaq.

Kitabı qoltuğuma vurub həyətə düşdüm.

Bir-bir atırdı...

“Bura belədisə, gör indi Babadağda necədi...”

*
Kubinkanın yazılı-şəkilli divarlarının müşayiəti ilə gedirik.

Bu küçələr də bizim kimi qəribdir.

Tək-tək adamlar gözə dəyir.

Ayaqların altında söndürülmüş siqaret kötükləri bir-bir atan yağış damcılarının ilığında uyuyur...

Maşından düşüb asta addımlarla irəliləyirəm.

Qərib-qəribə qoxu evlərin pəncələrindən boylanır.

*

Qanadın yorulmasın, 
Məndən sonra uçan Quş, 
Sağlığa uçasan səni. 
Məndən sonra gələn Qış, 
Soyuğun sünbülə dönsün, 
Gül kimi açasan səni.

*

Mövlud Süleymanlının evinin qarşısındayam.

Təkəmseyrək adamlar göz dəyir.

İrəlilədikcə yaddaşımın tozlu rəfindəki əsərlərini vərəqləyirəm…

Səmti bilinməyən sazaq var.

Ağ yeldənmi?

Qara yeldənmi?

*
Çingiz Abdullayevlə Sayman Aruz yanaşı dayanıb nədənsə danışırlar.

Salam verib cənazə yerinə yaxınlaşıram.

*

Yadımdadı...

Paltarlar əlimdə darvazaya qaçdığım...

Qapı açılan kimi qonşumuz teylənmiş qaranquş kimi özünü həyətə atdı.

Dalınca da qızı...

İçəri girən kimi qapını bərk bağlayıb cəftəsini keçirdi:

- Gəlir.

Darvazadan boylandım. Əri səndələyə-səndələyə qapımıza tərəf gəlirdi.

“İçki girən evdən bərəkət qaçar” demişdi nənəm.

Yağış ulduz kimi axırdı onda…

*

Xatırlamağa çalışıram:

“Mənə axırıncı dəfə hansı ölüm, hansı itki bu qədər təsir eləmişdi?”

“Hansı ölüm, hansı itki yaddaşımın yad küçələrində azdırmışdı məni?”

*

Mövlud Süleymanlı…

Bu böyük yazıçı “bütün canı ilə görə-görə dünyanın üstüylə addımlayıb” köçünü sürdü bu fanilikdən…

Onu son mənzilə isə bir ovuc adam yola salır.

*

Məndən sonra axan Su, 
ruhumdan keç. 
Beləcə bütöv, sağlam, duru, 
Aranımdan, Dağımdan keç... 
Məndən sonra gedən Yol, 
Mən sənə vardım getdim... 
səni başa varasan. 
Məndən sonra gələn Söz, 
səni aradım, getdim, 
həmişə uca durasan!...


*
Fotolar…

Mikrofonlar…

Kameralar…

Gözüm ustad yazıçının qələm yoldaşlarını axtarır.

Haman anda əvvəlcə Rəşad Məcidi, sonra da Xalq yazıçısı Anarı görürəm.

Sakit, təmkinlə bizə doğru yaxınlaşırlar. Daha sonra kənara çəkilib yazıçı ilə xatirələrini bölüşürlər.

*

Yadımdadı...

Həyətin ortasındakı o kitab...

“Dəyirman”...

Zoğal ağacının çətirlənib qoruduğu “Dəyirman”...

Onu ildırım sürətilə götürüb paltarımın altına salmağım...

Həyəcanla ora-burasına baxmağım...

*

İllərini ədəbiyyata, sözə həsr eləyən bir yazıçıya beləmi vida edəcəkdik?

Belə səssiz-səmirsiz?

Heç nə olmamış kimi…

*

Sabir Rüstəmxanlı gəlir.

Rəşad Məcid ona yaxınlaşıb jurnalistlərlə danışmağını istəyir.

O da asta səslə jurnalistlərin suallarını cavablayır.

Qarşı tərəfdə isə Orxan Fikrətoğlu Mövlud Süleymanlı ilə bağlı fikirlərini bölüşür.

*

“Aramızda yalan olmadı... 
Biri üzündən aldı, 
Biri tozundan aldı, 
Özündən alan olmadı... “

*

Tədirgincə ətrafda dolaşıram.

Haqqında yazılar yazan adamların heç biri gözümə dəymir.

Alik Əlioğludan savayı…

O, özünün də dediyi kimi, dostunu fanidən əbədiyə yola salmağa gəlib.

*

Yadımdadı...

Mövlud Süleymanlı adı hələ taaa o vaxtlardan...

Evimizin qabağından rəngbərəng atların keçdiyi simli-mizrablı zamanlardan...

Fəqət mən, sən, o...

Bəs başqaları?..

Digərləri...

Ədəbiyyatın sərin mehinin insanımızdan uzaq düşməsidirmi yaşadıqlarımızın səbəbi...

*
Bir hönkürtü ayırır məni keçmişdən.

Orta yaşlı bir qadının hönkürtüsü.

Qapıdan çıxarırlar cənazəni…

“O yamacın o gülünnən, bu yamacın bu gülünə sevgi gətirən yellərin” laylasında…

Cənazəni çiyinlərdə gətirib yerə qoyurlar.

*

Yadımdadı...

Unudulmuş adamların gözləri...

Zəncirotunun sovrulan tükləri...

Yadımdadır...

Unudulmuş adamların əlləri...

Nimdaş paltarda əriyən qar dənələri...

Dərə ağaclarının çəhrayı yuxusu...

Yadımdadı...

Don Kixotun küt qılıncı...

Darvazamızı bərk-bərk bağlayıb ürkək-ürkək pəncərəmizdən baxan gəlinin quluncu...

*

Molla hamımızı qibləyə doğru dayanmağa çağırır.

Hamımız bir nəfər kimi qibləyə dayanıb sonuncu duanı edirik.

Dua oxunduqca fikrimda sıra dağlar…

Kələ-kötür yol-yolaclar…

Dua bitir. Gözlərimi açıram.

Şəhərin daş, beton çığırtısı qulaqlarımı batırır, amma özümü o yerə qoymuram.

Karlığımı ələ verməyib salamlaşıram hamı ilə…

*

Mən heç nəyi unuda bilmədim...

Yadımdadır rəngini itirmiş saçlar və ağaclar...

Tel paltarları...

Babadağ...

Paslanmış cəftə...

Spirt qoxusu...

Çatlamış pəncərədən görünən zoğal ağacları...

Nəm “Dəyirman”

Süleymanlı Mövlud...

Mən heç nəyi unuda bilmədim...

Bəs başqaları?..

Digərləri?..

*

Yavaş-yavaş dağılır hamı…

Yavaş-yavaş uzaqlaşır keçmiş…

Yavaş-yavaş “iri-iri açılan göyümsov gözləri”ni ovuşdurur indi …

Üç yüz ilin başından çıxan köç Mövluddan da keçib gələcəyə gedir.

“Məndən sonra gələnlər, 
Sağlıqla yaşayın, 
Amma bilin ki, 
Doğulan kimi vaxtın oğlu olur Adam, 
Bilin ki, gedənlər də elə-belə getmir, 
Gedəndə də qalır Adam...”

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Cümə axşamı, 22 Fevral 2024 16:55

Bu dünyada Ağabəy adlı bir alim vardı...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Elə adamlar var ki, özlərini bu dünyada qonaq kimi yox, ev sahibi kimi aparırlar. Paxıllıq, xəbislik, kin-küdurət, hərislik imkan vermir ki, əsl insan kimi ömür sürsünlər. Hamı nə vaxtsa öləcəyini yaxşı bilir, amma yenə də mərdiməzarlığından, nakəsliyindən, alçaqlığından, acgözlüyündən, hərisliyindən, təkəbbüründən əl çəkməyən adamlar var...

Ağabəy Sultanovu bütün ölkə tanıyırdı. Uşaq kimi sadə, şən və mehriban adam idi. O qədər "sehirli qutuda" görünürdü ki, artıq hər bir evdə onun hörməti vardı, öz sahəsinin ən böyük alimi kimi sevilirdi. Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının, Psixiatrların Dünya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru idi. "Şöhrət" ordeninə layiq görülmüşdü...

Hanı indi Ağəbəy Sultanov? İslamın buyurduğu kimi, Bərzəxdə Axirət Gününü gözləyir ki, sorğu-suala cavab versin. 

Bir halda ki, bütün qazandıqlarını və hətta qamarladıqlarını bu dünyada qoyub Ağabəy müəllimin yanına gedəcəksə, insanlar niyə bir-birinə "can" deyib, "can" eşitməyə səy göstərmirlər?..

Bu yazını niyə belə başladım, bilmirəm. Yəqin ki, hardasa bir səbəb var. Axı mən 1936-cı ilin bu günündə- fevralın 22-də dünyaya gələn, unudulmaz psixiatrdan söhbət açmalıydım. Amma düşünürəm ki, nə mənası var? Bir yaşanmış ömürə insanların verdiyi son qiymət- Allah rəhmət etsin və ya Allah lənət etsindirsə, mən də söhbətimi müxtəsər edib Ağabəy Sultanova Allahdan rəhmət diləyirəm. Rəhmətlik doğrudan da yaxşı adam idi. Yaşasaydı, bu gün 88 yaşı tamam olacaqdı...

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Cümə axşamı, 22 Fevral 2024 13:48

Türk İnteqrasiya Olimpiadası keçiriləcək

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki,  türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında ilk dəfə Türk İnteqrasiya Olimpiadası keçiriləcək.

 

 Türk İnteqrasiya Olimpiadası(TİO) türk xalqlarının “Dildə, fikirdə, işdə birlik” şüarının fərqində olmaları və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu ilə birləşməyi hədəfləyib.

Olimpiada Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Nəşrləri tərəfindən təsis edilib. 13 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır. Belə ki, bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqında olacaq.

Olimpiadanın dörd əsas məqsədi var:

1. Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;

2. Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

3. Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

4. Türk xalqlarının “İşdə, dildə, əməldə birliy”in fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.

Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauzya, Çuvaşıstan, Özbəkistan, Balqariya, Başqurdustan, Altay, Tuva, Saxa Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Güney Azərbaycan, Kərkük türkləri.

 

Olimpiadada bu şərtlərlə iştirak mümkündür:

1. Hər bir türkdilli ölkə öz seçim mərhələsini təşkil edəcək;

2. Seçim mərhələsində 40 %-dən çox nəticə göstərən şagirdlər finalda iştirak haqqı qazanacaq;

3. Hər komandanın rəhbəri olacaq;

4. TİO-nun son qeydiyyat günü 13 yaşı tamam olmuş və yaşı 16-dan çox olmayan məktəblilər iştirak edə biləcəklər.

 

TİO iki mərhələdə baş tutacaq:

1. Seçim mərhələsi (milli raund) – fevral – aprel ayları;

2. Final mərhələsi (qlobal raund) – may ayı.

Olimpiada 20 sualdan ibarətdir. Qiymətləndirmə isə sualların çətinlik dərəcəsinə aparılacaq:

1) 5 asan sual 4 bal;

2) 10 orta sual 5 bal;

3) 5 çətin sual 6 bal.

Maksimum bal 100-dür. İmtahan müddəti 60 dəqiqədir.

Əlavə məlumat üçün:  

(+994) 77 220 03 02

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə  Mustafa Şeyxpurun şeirlərini təqdim edir.

 

1.

Gözlərinin göy məscidini unutdum

Əllərini qaldıran minarə idi xiyabanda

Yaşasın...

Küçələrdə oynayan uşaqlar

Və Saat qabağında unudulan Mustafa.

 

Adını bu adaların birinə qoyacaqdım

Olmadı

Səsini sonra eşitdim

İlk adaya verdim səsini

Quşlar və balıqlar sənin səsinə gəlir

Günəş sənin səsində batır

Ay sənin səsində doğur

Mən hər gün səsinlə oyanıram

Və işlədiyim hər an səsin gözümdən ayrılmayır

Sənin səsində yaşayıram.

 

Gəl birlikdə oxuyaq o sevdiyimiz mahnını

"Özüm özünə qurban, gözüm gözlərinə..."

Bu dağlarda maral gəzməyir xanım

Nə dağları, nə qəbiləsi, nə şəhəri

Heç biri gözümdə deyil.

 

Əli boş gəlməyəcəkdim

Qız qalası baqajıma sığmadı

Səni yanımda gətirə bilmədim

Dünya bir adaya sığmaz ki,

Ən son bir gəmi gördü məni

Və ən son mən o gəmini gördüm

Qalan hər şey mavi

Qalan hər şey boş

Sonra mən də itdi, bu mavi də

Sənin səsin qaldı fəqət...

 

Ədəbiyyat və incəsənət”

(22.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.