Super User
UĞUR QAZANDIRAN KİTABLAR – Entoni Robbins. «Özündə nəhəngi oyat»
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Entoni Robbins. «Özündə nəhəngi oyat»
Dünyanın ən tanınmış motivasiya spikerlərindən olan, layf-kouçinqin (mütəxəssislə ondan bilgi almaq zərurəti duyan insanın lazımi nəticə alanadək peşəkar münasibətləri) banilərindən biri hesab olunan Entoni Robbins özü həyatda hər şeyi sıfırdan başlayıb, motivasiya kitablarını öz həyat təcrübəsinə əsasən yazıb. Entoni Robbinsə görə hər bir insan içində yatan enerjini oyatmalı, arzularını, hətta ən fantastik olanları belə reallaşdırmalıdır. Entoni Robbins tövsiyyə edir ki, böyük hədəfləri vurun, heç nəylə kifayətlənməyin. Ən vacibi – özünüzə güvənin, deyin ki, mən bunu bacaracağam!
«Hər gün öz üzərinizdə səylə çalışın, zərərli vərdişlərdən, səhv qənaətlərdən qorunun», - deyir spiker.
Entoni Robbins belə bir deviz də təklif edir: «Öz emosiyalarınızı özünüzə müttəfiq edin». Onun təklif etdiyi digər deviz isə belədir: «Arzulamaqdan dərhal real işə keçin!»
Oxucularıma onu da söyləyim ki, Entoni Robbinsin kouçinq seanslarının (konsaltinq və treninq metodudur ki, kouç öz tələbəsinə konkret hədəfi vurmağı öyrədir) astronomik qiyməti var: 1 milyon dollar!!! Və bu prosedura arzulayanlar 2 il öncədən yazılırlar. Onun müştəriləri arasında isə bir görün kimlərə rast gələcəksiniz: Bill Klintona, Andre Aqasiyə, Opra Uinfriyə... Prezidentliyədək yüksələn siyasətçi, ən yüksək kürsülərdən düşməyən dünyaşöhrətli idmançı, dünyanın ən nüfuzlu qadınları reytinqində yer alan ən məşhur televiziya aparıcısı və şoumen...
Bu sırada tarixdə SSRİ dövlətinin, kommunizmin süqutunun memarı hesab edilən sonuncu SSRİ prezidenti Mixail Qorbaçovu da görmək olar, əziz oxucularım.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
Bağışla, gecikdiyim üçün… - ESSE
Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət”
- Salam, necəsən? Mən dünən səni gördüm, gedirdin. Tək deyildin özü də, çox xoşbəxt görünürdün, səmimi gülüşün kənardan çox aydın hiss olunurdu. Sənin yerinə sevindim.
- Hə… xoşbəxtəm, həm də heç vaxt olmadığım kimi. Məni anlayan, dəyər verən, istəklərimə hörmətlə yaxınlaşan birinin yanında necə xoşbəxt olmaya bilərəm ki.
Bilirsən, bəzən həyatda insan sevgidən daha çox anlaşılmağa ehtiyac duyur.
Bağışla ki "bilirsən" dedim, axı sən hardan biləsən, deyilmi?
-Bilirsən, sən də heç dəyişməmisən. İllərin nifrəti hələ də gözlərindədi, sanki bir zamanlar bir-biri üçün ölməyi belə gözə alan insanlar biz deyildik. Bəlkə də sən məni bağışlasaydın, indi xəyalını qurduğumuz evin həyətində üz-üzə oturub sevgi dolu söhbət edirdik ötənlərdən.
- Bağışlamaq? İncimə, amma xəyanəti bağışlamaq özümə edə biləcəyim ən böyük cəza olardı. Unutma, hər kəs bağışlanılmağa layiq olacaq qədər şanslı deyil…
"İlahi bu nə yuxu idi belə? Onun ölümündən artıq 3 ildi keçir, amma mən hələ də onun məni bağışlamağına ümid edirəm. Necə də aciz biriyəm, yanımdaykən onu xoşbəxt edib bir dəfə də olsun, “sevirəm” sözünü dilə gətirə bilmədim. Anlamağı, dinləməyi heç zaman düşünmədim, onu başqasına dəyişmək isə nə qəlbimi, nə də ruhumu incitdi. İndi isə.....
Bağışla məni, bağışla məni, sənə gecikdiyim üçün…”
Necə də qəribə bir həyatdı, deyilmi, Əzizim?
Biz insanlar yanımızda olarkən heç kimin dəyərini bilmirik. Sevsək belə dilə gətirməyə gücümüz yetmir təəsüff ki.
Və bir gün tək həqiqət peşmanlıq olur. Etdiklərin və etmədiklərin üçün peşmanlıq.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
“Bir payız islanır yağışın altda” - Təranə Dəmirin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir.
YERİ, ŞƏHƏRİM
Qış donunda necə
yeknəsək görünür şəhər, İlahi,
Hər yandan qorxu, iztirab, kədər,
ayrılıq boylanır,
həsrət yağır üzü Xəzərə.
Ağaclar qollarını qucaqlayıb
oturub küçə boyu,
Xəzəlləşən yarpaqlarından,
lüt-üryan budaqlarından
utanıb başını aşağı dikir
məlul-məlul.
Çılın -çılpaq vücudunu şaxta döyür,
Külək başına uçurur yaz arzularını.
Adamın yazığı gəlir şəhərə.
Tufan qabağına qatıb gedir
küçələri, dalanları,
Binaları, adamları.
Amma qəribə bir əminlik də var
baxışlarında şəhərin,
Nə küləyin dəli uğultusunu,
nə göy üzünün haray-həşirini,
nə də buludların şaqqıltısını vecinə alır.
Ayaqlarını bir az da möhkəm basır torpağa,
Bir az da möhkəm sarılır öz qoca tarixinə.
Soyuna sarılır,
kökünə, divarına, daşına sarılır,
Qışına sarılır.
Dəniz-dəniz ulayır külək şəhərin üstünə,
Adamın zəhri yarılır,
Şəhərsə öz yerindədi.
Külək dalğaları sahilə çırpdıqca
sahil bir az da bərk yapışır
dənizin ayaqlarından.
Şəhər dənizdən, dəniz dalğadan,
dalğa sahildən,
Sahilsə ləpirlərdən tutur.
Beləcə tuta-tuta addımlayır
dəniz-dəniz, bina-bina,
küçə-küçə, dalan-dalan şəhər,
Anam şəhər, yuvam şəhər, qalam şəhər.
Burdan batıb ordan çıxır külək.
İçərişəhərin dolanbac küçələrindən
burula-burula keçir,
Qapılara, pəncərələrə sarıla-sarıla keçir,
Dünyanı şəhərin başına yıxır külək..
Qumla dolur gözləri şəhərin,
Bu masal, bu mələk, bu pəri şəhərin.
Amma yenə saat-saat, addım-addım yeriyir
bahara sarı, dəli şəhərim.
Yeri, yeri, yeri, şəhərim!
YAĞIŞ
Nə yaman ağlayır buludlar bu gün,
Saçlarım yağışdı, yanağım yağış.
Mən kirpik çaldıqca səssiz, səmirsiz
Döyür pəncərəmi qonağım yağış.
Tökür hikkəsini qara buludlar,
Ocağa ağlayır, külə ağlayır.
Göylərin qəribə darıxmağı var,
Demək, buludlar da belə ağlayır.
Kimin ürəyindən su içib axı,
Kimin göz yaşıdı görən bu yağış?
Gözümü açmağa macalım yoxdu,
Qoymur nəfəsimi dərəm bu yağış.
Buludlar ağlayır, torpaq dirçəlir,
Min həsrət cücərir hər daşın altda.
Bir bahar yol gedir payıza sarı,
Bir payız islanır yağışın altda.
KİMDİ YUXUMU QORXUDAN?
Bambaşqa vüsaldı bu,
Bambaşqa görüş.
Ayrılğı özündən qabaq gəlib deyəsən,
Təpə-dırnaq həsrət qoxuyur üst-başımız,
Yarıoyaq, yarısərxoş
Dolanırıq gecənin başına dəlisayaq
Sən və Mən!
Bir az küskünük, bir az qorxaq.
Addımlayırıq səhərə sarı ağır-ağır,
Yox, yox, yerimirik,
Elə ayaqlarımızı sürüyürük arxamızca.
Qaranlıq gözümüzün içində yol gedir ,
Fikirlərimiz gecəyə dağılır,
Üstünü ot basır.
Danışırsan,
Dodaqların havanı ölçür,
Səsini udur gecə,
Heç nə eşitmirəm,
Sözlər havada uçur .
Üzünü görmürəm,
Ürəyinin pıçıltısını eşidirəm sadəcə.
Əllərim özümdən aralı yeriyir ,
İtirirəm yolun ağını,
Gecə yavaş-yavaş, asta-asta əriyir.
…Birdən kimsə güllə atır üzü alatorana,
Diksinib oyanıram bu yarı vüsal,
yarı həsrət yuxudan,
Bilmirəm, qaranlıqla işığın ortasında
kimdi yuxumu qorxudan…
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
Şəhidlər barədə şeirlər – Nicat Şükürlü
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Nicat Şükürlüyə həsr edilmiş şeirlə tanış olacaqsını
NİCAT AYAZ OĞLU ŞÜKÜRLÜ
(23.10.1991.-11.10.2020.)
Əslən Kürdəmirdən olan, Bakının Badamdar qəsəbəsində anadan olmuş, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
BAŞINI DİK TUT, AY ANA
Şəhid Nicat anası Yeganə xanıma müraciətlə:
Başını dik tut, ay ana, Nicat kimi övladın var,
Ağlama, qəmgin dayanma, “Şəhid Anası” adın var.
Sən elə oğul böyütdün, adı düşübdü dillərə,
Elə hünər göstərib ki, müjdə verib səhərlərə.
Uşaqlıqdan zirək idi, çox xoşlayırdı zəhməti,
Məktəbdə əlaçı idi, yalnız “beş” idi qiyməti.
İnsanı şəxsiyyət edən saf əqidə, saf amaldı,
Müəlimlər deyirdilər Nicata əhsən, halaldı.
Nicat həm də idmançıydı, qazanmışdı diplom, medal,
Üz-gözündən tökülürdü mərifət, qanacaq, kamal.
Orta məktəbi bitirib, yollandı hərbi xidmətə,
Əsgəri borcunu verdi bu vətənə, bu dövlətə.
Amma rahat deyildi o, qəlbi elə göynəyirdi,
“Faşistlər qovulmalıdır, yurdumuzdan” - söyləyirdi.
Bir an boş dayanmazdı, oxuyurdu, çalışırdı,
İntiqam, qisas hissiylə o, yanırdı, alışırdı.
İnsan necə xoşbəxt olur halallıqla ucalanda,
Ali təhsil diplomunu çox sevinmişdi alanda.
Polad bəyin şəhidliyi onu sarsıtmışdı yaman,
Dua edirdi Allaha: - Baş Komandan versin fərman.
Atılaraq döyüşlərə, məhv edəyin ermənini,
Bizim bircə əsgərimiz şil-küt eyləyər minini.
Könüllütək yazılmışdı döyüşlərə getmək üçün,
O müqəddəs savaşlarda qələbəyə yetmək üçün.
Arzusuna çatan zaman, necə sevinirdi Nicat:
-Bu savaş bizə qələbə, torpağa qurtuluş, nicat.
Manqa komandiri oldu, Vətən ona arxalandı,
Düşmənə sübut eylədi erməni, mifdi, yalandı.
Füzulidə döyüşərkən göstərdi nə qədər hünər,
Əsgərlərinə deyirdi bizimdir qələbə, zəfər.
Hadrut uğrunda döyüşdə Nicat əsil cəngavərdi,
Elə burda o, cənnətdən, solmayan gül-çiçək dərdi.
Doğma torpaq, haqq yolunda candan keçənlər ölməzdir,
Şəhidlərin xatirəsi xalq qəlbindən silinməzdir.
Başını dik tut, ay ana, Nicat kimi övladın var,
Ağlama, qəmgin dayanma, “Şəhid Anası” adın var.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
TABUTMU, TAXTMI… - Çikaqoda sürgünlük həyatı yaşayan güneyli şair Məmmədrza Ləvayinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi, təbrizli şair Əli Çağla sizə növbəti Güney Azərbaycan şairinin yaradıcılığını təqdim edir. Məhəmmədrza bəy Ləvayinin şeirlərini. Əli Çağla qeydlərində yazır: “Bu şair mənim ən çox sevdiyim şairlərdən biridir. Məhəmmədrza Ləvayi Təbrizdən olsa da, indi sürgündə - Çikaqoda yaşayır. Portalımızın oxucularının şairi sevəcəklərini ümid edirəm”.
RÖYALAR CALANAR, SEVGİLİM
Röyalar Atlantikdən acı çay çıxarar
Təbrizliyim tökülər bütün şəhərlərin üstünə
Balı qaymağa qatdığını düşün, elə bir şey
Sən Təbrizdə Batını ək Eynalıya.
Burda qızların çənəsindəki Urmu dərələrinə göm məni
Hə
Röyalar calanar baş-gözümüzdən, sevgilim.
Dəniz quşlarının boğazında cırılan gecədən düşər röyalar
Sənə baharın Atlantikini Qaradağ yapacağam istədiyin an
Gəmilər ala dağlarda çapdırdığın atlar olacaq
Təbrizi dərələrdən yığışdırıb dağlıq sinənə uzadacağam
Əmzik-əmzik əməcəyəm dağlarını, sonra yenə əməcəyəm
Bu uşaq böyüməz ki, böyüməz.
Bu gün üzünün iki min on altıncı ilinin
Otuzuncu gününü öpüb divara asıram yenə
Üç şey qalıb bütün o həyəcanlardan;
Bu güneyli rəsmin
O qaradərili çantam
Bu, ya da o Məmmədİrza çağırdığın dodaqlarının Batısı.
Röyalar calanır, sevgilim
Röyalar üşüdür, isladır, yatağa salır adamı
Uzaqlaşdığımız yaxınlıqdan yenə uzaqlaşmaq gərək
Yenə sən vətəni basdır qırx qapılı sirlərdə, sükutlarda
Yenə mən vətəni çiynimə alıb düşüm Batılara
Biz röyalarımızı calaya-calaya yaşadıq
Yenə yığıb-yığışdırması arxamızdakılara qaldı, gözəlim!
QORXURAM
Qorxumdan tez-tez içirəm
Vətəni içib qusuram tez-tez qürbətdə
Şəhər keflənir
Ayaqqabılarımın ürəyi bulanır
Dörd yanım yaman boşalıb
Yoldaşlarımı öldürdülər
Və məzarlarını mənim şeirlərimdə qazdılar...
Yamandan yaman qorxuram
Hər külüng səsini eşitdiyimdə Fərhad oluram
Hər körpü gördüyümdə Domrul oluram
Adım səsləndiyində əllərimi qaldırıb təslim oluram
Polislər xalqımdan daha çox məni səslədilər...
Yatmaqdan qorxuram
Yatarsam səni sevməkdən qırıla bilərəm
Heç bir evdə rahat deyiləm
Hər bir ev bir iqtidar müxalifət savaşıdır
Pəncərələr ziyalı, divarlar diktator...
Yatarsam dağları itirə bilərəm, ceyranlığını itirə bilərəm
İkimiz də dağları yaxşı bilirik
Ovçuları atlamaq üçün
Çox ceyran olmalısan o dağlarda...
Nə yazıq ki, o dağların ətəyində
Toplum
Başını baltanın sinəsinə qoyub yatan meşə...
Qorxuram
Oturub-durduğumuz yerlərdən qorxuram
Cəhalət ilə cəsarəti ayırd edə bilmədiyimiz dönəmdəyik
Kəpənək qurbağanın dilini çiçək sanar...
ATLANTİKDƏ URMU GÖLÜNÜ AXTARIRAM
Uçurtdular, uçdurdular, qaçırtdılar Urmu gölünü
Azərbaycanın boğazını qurutdular
Kərbəlaya ağlayanlar, Kərbəlaya çevirdilər torpağımızı.
Bir də belə sansınlar, yansıtsınlar bizi
Ağladıqları Əliəsğər boğazım
Sızladıqları Hüseyin, başımız
Çağırın bağırdıqları Əbilfəzl, qollarımız.
Həm o səbəbdən əmmamələri Yezid
Əbaları Şümür
Həm o səbəbdən minbərləri Hərmələ.
Sonu bəlli idi
Zindanda o tutuqlanan şairin üzünə işədiklərində
Flaminqolar dimdiklərinə alıb Urmu gölünü uçdular
Sonu bəlli idi
Təbriz Müsəllasında sazları yandırdıqları gün
Urmu gölü qəlb krizi keçirdi.
Dostlarım "Urmu gölünə şeir yaz" - deyir
Yazdığım şeir quruyur, duz fırtınası olur.
Soyqırım edir dinləyənləri, dinləməyənləri
Yazdığım şeir Urmunu, Ərdəbili, Təbrizi görmür tarixə
Yazdığım şeir Azərbaycanı məhv edib dağıdır.
Düşmən torpağımızı bizə qarşı düşmən etməyi bacardı
Bunu cəhalətimin hansı divarına yazım unudulmasın deyə?
Cəhalət, amma unutdurar hər şeyi.
Urmu gölünü də...
ZAMAN
Zaman alnında, üzündə qırışa dönür yavaş-yavaş
Bir zamanlar söykəndiyin o ağacın indi nə olduğunu hardan bilə bilərsən ki?
Tabutmu? Taxtmı? Qələmmi? Baltamı?
Zaman yavaş-yavaş diş tökür sənin üzündə
Çikaqodan uzanıb ayaqlarını Azərbaycana sallayırsan
Başını Uilles Tauerin şominəsi qızışdırır
Ayaqlarını Azərbaycan kəndlərindəki kürsülər.
Bu qış da belə keçəcək sürgünüm...
ÖZGÜRLÜYƏ DARIXAN VAR
Artıq parklar səndə hava alır Ortadoğuda
Hakimlər insanı ümumi tualetə dönüşdürmüş
Çirkinliklərini insana boşaldıb dincəlirlər.
O zamanlar açıq kitablar idik gənclər əllərində
Bizi də, kitablarımız kimi yığışdırdılar xiyabanlardan.
O zamanlar binalar balıq olub sıçrayardı üstümüzə
Şəhərlər qurudu, balıqlar qurudu, sevgi qurudu.
Mən sürgün edildiyim gün gözlərin yalnız Təbriz idi
İndi isə gözlərində Azərbaycan atışıb-tutuşur bu ayrılığı, bu sevdanı
Eşqimizi zorlaşdıran sınırları hələ də sındıranmıram.
Gözəlim, Çikaqodakı qucağıma yaxınlaş Təbrizdə
Bu fantastik filmə biraz od qoyaq öpüşlərimizlə
Baxan var, axan var, yaxan var
Özgürlüyə darıxan var...
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
“Qəlbin simi” - Arif Məhərrəmov barədə etüd
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Dünyaya Söz axtarmağa gəlirik.
Kim bilir, görəsən, biz dünyaya səs axtarmağa gəlirik, yoxsa söz? Mənim Yazımın öz qəhrəmanı deyir ki, O, bu dünyaya səs axtarmağa gəlib. İlk gündən bir obraz kimi və insan kimi o məni düşündürdü. Söhbət çox gözəl insan, şəxsiyyət, istedadlı pedaqoq Arif Məhərrəmovdan gedir.
Arif müəllim haqqında yazmaq həvəsi məndə demək olar ki, onu ilk gördüyüm andan yarandı. Onun tələbələrə qayğısı, sevgisi tükənməzdir. İlk görünüşdə çox sərt təsir bağışlayan Arif Məhərrəmov Azərbaycan Milli Konservatoriyasının ən gözəl müəllimlərindən biridir. Xalq çalğı orkestrinin bədii rəhbəri olan bu qocaman pedaqoqu müşahidə edirəm. Hərdən tələbələrin üstünə acıqlanır, hərdən gülümsünür, hərdən susur. Mən ona yaxınlaşıb söz deməyə ehtiyat edirəm. Nə qədər ehtiyat etsəm də bu qəribə adamın dərs keçmək tərzi, sözləri, musiqi duyumu məni valeh edir. Arif müəllimi burda hamı sevir. Onu müəllimlər müəllimi də adlandırmaq olar. Çünki o, musiqi dünyasına bir çox tanınmış, şöhrətli, fəxri adlı sənətkarlar bəxş edib.
Tağı Tağıyev - Əməkdar müəllimi, Tariyel Abbasov - Əməkdar artisti, Zeynalabdin Babayev - Əməkdar artisti, Hüseyn Qafarov-Əməkdar mədəniyyət işçisi, Elman Əliyev - Əməkdar artisti, Yusif Babayev - Əməkdar mədəniyyət işçisi, İmanqulu Əhmədov - Əməkdar artisti, Azər Məmmədov - Tərəqqi medalı ilə təltif olunmuş sənətkar və nəhayət bizim Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının müdiri Malik Mansurov - Xalq artisti. Mən bunu yeni bildim və indi Malik müəllimin Arif müəllimə olan xüsusi ehtiramının səbəbini anladım. Demək olar ki, Azərbaycan Milli Konservatoriyasının bütün yaradıcı, istedadlı kollektivi, Rektorumuz Siyavuş Kərimi başda olmaqla hamı onu sevir. Arif müəllim elə bir insandır ki, onun haqqında yalnız gördüyün an düşünmək olmur.
Tez- tez media işçiləri qonağımız olur. Onu orkesrtrlə iş zamanı görüb maraqla izləyirlər. 75 yaşı haqlamış qocaman müəllimin bir amalı var, bir istəyi - o da musiqi, səs. Daima axtarışdadır Arif müəllim. Həmsöhbət olduğum andan ilk sualım bu oldu:
"Gənc olduğunuz vaxtlarda müəllim olmaq haqqında düşünürdünuzmi?"
"Bəli" - qətiyyətlə dedi, - "Mən bilirdim müəllim olacam. Mən tələbələrimi çox sevirəm, onları danlayıram, zarafat edirəm. Amma onlar mənim ürəyimdir".
-Sizin vaxtınızda olan təhsillə indiki arasında nə çatmır? -
-Tələbələr istedadlıdır indi də, sadəcə, nə çatmır desəm, mən deyərəm, bu tələbələrin təyinatı. Axı biz əvvəllər təyinatla gedib işləyərdik. Bu, indiki gənclər üçün təyinatsız çox çətin olacaq.
O, Naxçıvana təyinatını aldığı günlərdən bəhs edir. Gözlərində böyük bir sevinc, həyat eşqi hiss olunur. Söhbət əsnasında qəzəldən, əruzdan, muğamdan, Xalq çalğı alətləri orkestri üçün yazdığı işləmələrdən söhbət etdik. Təhsil aldığı illərə dönür. -Nümunəvi şagird idim. İki sahə üzrə təhsilim var, bir tar, bir də dirijorluq. Arif Hüseynov Gəncədə dərs dedi mənə, sonra Adil Gəray Məmmədbəyli, Oqtay Quliyev dərs dedi, dirijorluqdan isə Süleyman Ələsgərov. Səid Rüstəmov isə 22 yaşımda məni xalq çalğı alətləri ansamblına işə götürdü. Mənə inamı böyük idi. Orda Əhsən Dadaşovla tanış oldum. Çox uğurlu təhsil illərim olub.
Danışığımızda bir dəfə də olsun şikayət etmir. Sadəcə narahatdı. -"Muğamı indi çox dəyişiblər, bundan nigaranam, axı biz ta qədimdən ustadlarımızdan Muğamı öz rəngində eşitmişik. Onun üçün də klassik formanı Musiqini öz rəngində tədris edirik". Sonra fikrə gedir.
Arif müəllim burdakı musiqi təhsilindən danışır.
-Siyavuş Kərimi bilirsən də, qızım, necə adamdır.
-Bilirəm, -dedim.
-Düzü düz deyəcəm. Həqiqəti deyim ki, Siyavuş Kərimi olmasa Milli Konservatoriya olmayacaqdı. O, yoxdan belə gözəl aləm yaradıb.
Gülümsünür.
-Arif müəllim, çox sevirsiz işinizi?"
-Çox.
Gülümsünür.
-Mən musiqiylə yaşayram. Elə ki, görürəm, Konservatoriyada hər sey qaydasındadır, o zaman həyat gedir, nə keçmiş, nə indi düşündürür məni. Bu an, yalnız bu an, burda, bu yaşda belə böyük xoşbəxtliyi yaşayıram.
Rauf Hacıyev, Əhsən Dadaşov, Səid Rüstəmov əmanəti olan bu qeyri adi təbiətli sənətkarın qarşısında söz adamı olsam belə söz deməyə aciz qaldım. Arif Məhərrəmov Milli Musiqimizin inkşafında əvəzsiz xidmətləri olan bir insandır, bir əsgərdir. Mədəniyyət uğruna mübarizə aparan bir əsgər. Çox istərdim ki, Arif Məhərrəmov kimi Azərbaycan Musiqisinin inkşafında əvəzsiz xidmətləri olan sənətkarı çoxları görüb tanısın, onun misiqi dünyasına səfər etsin. Maqistr imtahanlarında “Xalq qəzeti”nin müxbiri Rizvan Fikrətoğlu qonağımız idi. Yarım saatlıq süjet hazırlamağa gələn müxbirlər musiqi abu-havasından ayrıla bilmirdilər. Onlar nə qədər çalıssalar da bədii rəhbər Arif Məhərrəmovdan müsahibə götürə bilmədlər. Mən ona yaxınlaşıb: - "Arif müəllim, axı bu cür gözəl, konsert kimi imtahan nümayiş olundu. Bir iki kəlmə deyin", - söylədim.
-Qızım, mən düşüncələrimi sözlə ifadə edə bilmirəm, musiqi ilə çatdırıram. Mən istəyirəm ki, orkestrdə hər ifa olunan sim qəlblərə toxunan sim olsun. Qəlbin simi. Başa düşürsən?
Düşüncələrini söz ilə ifadə edə bilməyən bu qocaman sənətkar danışmaq istəməməyini bu cür, bu sayaq gözəl başa salır. Və onun deyə bilmədiyi söz unudulmur.
Arif müəllim haqqında düşüncələrini eşitmək üçün Kafedra müdiri Leyla Zalıyevaya yaxınlaşıram.
-Arif müəllim qızıldır. Mən də, kofedrada hər kəs onu evdə olan böyüklərindən ayırmır, onu çox sevirik.
Xalq artsti, rektor Siyavuş Kərimi də Arif müəllimdən sevgi ilə danışır.
-Bilirsən, Arif sanki Orkestrlə nəfəs alır. Sanki orkestr Arifın damarlarında axan qan kimi vacibdir. O bununla nəfəs alır. Gözəl müəllimdir.
Tələbələrdən ibarət xalq çalğı orkestrinin adı "Ariflərdir". Gözəl ad düşünüb.
-Mən hər açılan gün sanki səs axtarışındayam. Bəzən Milli alətlərin yerini dəyişirəm, simli alətləri bir-biri ilə əvəz edirəm. Bəzi əsərləri bir neçə versiyada dinləyib, o səsi o, mükəmməlliyi tapmağa çalışıram. O səsi tapınca dünya mənim olur.
Belə deyir o.
Bütün həyat səs və sözdü. Arif müəllim, tükənməyəsiz!
Arif müəllimdən gülümsünüb, ayrıldım. Arif müəllim, var olun. Siz bu dünyanın unikal insanlarındansınız. Müəllimlər yanan şam kimi simvolizə olunur. Bu şam simvolu sizin kimi sənətkarlar üçündür.
Əziz oxucularım, bu gün mən sizə neçə aylardır yaradıcılığımın bir hissəsi olan musiqi məbədi, sənət ocağının daha bir dahisindən danışdım. Arif Məhərrəmovdan. Artıq çox gec saatlar olsa da, dəhlizdə Xalq Çalğı Alətləri orkestrı yerləşib, düz iş otağımala yanaşı, bu yazı bitincə, onların məşqinin səsi gəlir. Arif müəllim tələbələri ilə yorğunluq hiss edən kimi zarafat edir, sonra birdən səsini qaldırır. Bəyəndiyi yerlərdə sevincini bildirir.
Bu həyat və sənət dolu məkandan silsilə yazılarımdan birini bitirirəm. Qulaqlarımda əsl Azərbaycan Musiqisi korifeylərinin imza atdığı yol və üslubla gedən sənətkar Arif Məhhərəmovun - Azərbaycan Milli musiqisinin keşiyində duran insanın səsi.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
Günel Mehri, “Hər şeyin fövqündə” - HEKAYƏ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Nəsr vaxtıdır, sizlərə Günel Mehrinin “Hər şeyin fövqündə” hekayəsi təqdim edilir.
İçində iki fikir nadinc uşaqlar kimi bir– biriylə didişirdi: “Get, yeməyini bişir, qızım.” “Yox, yox, təcili beynindəki yazını yazmalısan. Daha nə qədər ertələyəcəksən...” Və birinci fikir yenə qabağa düşmüşdü. Qadın yazar olmağın şanssızlığına yazırdı bütün olanları. Qazanları dadlı– dadlı yeməklərlə qaynadıqca neçə– neçə yazı bətnindəcə boğulurdu. Ondan olsa, heç nə yemədən, içmədən ancaq yazardı. Amma yazıyla kimin qarnını doydura bilərdi ki. Beynindəki ideyalar svetafor işıqları kimi yanıb– sönür, yerini dəyişirdi. Və bu yerdəyişmə zamanı içi şişirdi günbəgün. Yalan olamasın, özünü lap hamilə vaxtlardakı kimi hiss edirdi. Ağır, narahat. Doğuş vaxtını səbirsizliklə gözləyən və heç cür doğub qurtara bilməyən bir qadının tanış yaşantıları idi bunlar. Heç cür yaxınlarına izah edə bilmirdi ki, yazı yazmaq elə doğuş sancısı çəkmək kimi bir şeydir. Günlərdir, bətni– bənizi ağarmış, dadı– duzu qaçmışdı. Çünki çoxdandır heç nə yazmırdı. Daha doğrusu, bu qaçaqaçda yazmağa macal tapmırdı. Hər gün eyni ritm, eyni mexaniki hərəkətlər. Zəngli saatın əsəbləri dik qaldıran çağırışı səslənər– səslənməz robot kimi ayaq üstə qalxar və bir də gecə başını yerə qoyana kimi onu götür, bunu qoy, onu sakitləşdir, buna cavab ver. Yanğınsöndürən kimi ancaq hay– haraya qaçırdı. Bir yanğını söndürməmiş o biri başlayırdı. Və bütün bu qarma– qarışığın içində hələ bir dostlarına da bir zənglik, bir mesajlıq da olsa, pəncərə açırdı. Elə bu anlıq açılan pəncərələrdən birindən içinə elə bir soyuq dolmuşdu ki, bütün günü nə illah eləsə də, o soyuğu iliklərində hiss edirdi. Xəttin o biri başından eşidilən qılınc kimi sözlər əvvəl qulağının dəliyini, sonra da ürəyinin bütün hissiyyatlı nöqtələrini doğram-doğram etmişdi:
– İncimə e. Vallah, tam səmimi sözümdür. Yaxşı yazırsan. Xoş yazırsan, amma bu sən deyilsən. Gizlənirsən həmişə.
– Neyniyim e. Bacardığım budur. Bir də mənim problemlərim kimə maraqlı olacaq ki?
– Nə danışırsan? Yazıda diqqəti çəkən onun həqiqi olmasıdır, çılpaq, dibəcən səmimi.
– İndi deyirsən, məndə səmimiyyət yoxdur?
– Var. Amma öz portretin yoxdur yazılarında. Sən yoxsan. Ya da qaytardığın portretdəki həqiqi sən deyilsən.
“Həqiqi sən” sözləri beynini qarışqa kimi eşələdikcə dejavü yaşadı. Dumanlı xatirələrin arasından hündür və kobud simalı müəlliminin bir əli ilə başının ortasını qaşıya– qaşıya gözlərini bərəltməsi bir anlıq şimşək kimi canlanıb söndü:
– Öz problemindən yazanda şəxsən mənə maraqlı olacaqsan. Hələ ki yazılarındakı sən deyilsən!
Offf. Zibil. Bircə bu çatışmırdı. Necə fikrə gedibsə, səhərdən buladığı dovğa daşmışdı. Hələ, üstəlik, bonus olaraq əlinin üstünə də tökülüb yandırmışdı. Yanığın ağrısından qışqırmamaq üçün dişi ilə dodaqlarını sıxdı. Dovğa çürüməsin deyə, buraxıb gedə də bilmirdi əlinə məlhəm qoymağa. Gözlərinin qarşısında əlinin dərisi qızarıb şişirdi. Qulaqlıqlardan gələn kişi səsi isə heç nə olmamış kimi mükəmməl rus diksiyası ilə nitqinə davam edirdi. “Ay da. Son abzasda nə deyildiyinin fərqinə belə varmadım axı. O şarları alıb havaya buraxandan sonra nə oldu kişinin aqibəti? Gərək bir az əvvələ verim”.
Qoluna toxunan təmasdan dik atıldı. Tez telefonu söndürdü:
– Nə dedin, qızım?
– Səhərdən danışıram, eşitmirsən?
– Yox. Əsərə qulaq asırdım.
– Nə əsər?
– Stefan Sveyqin novelları. Nə deyirdin ki?
– Təzə prezentasiya hazırlayıram Puşkin haqqında. Bir azdan göstərəcəm, gör necə alınıb?
– Yaxşı. Uğurlar. Mən də elə yazı yazmaq istəyirəm.
– Yenə yazı?
– Hə...
Qazın altını söndürüb vanna otağına keçdi. Diş məcununu götürüb suluqlamış əlinə sıxdı. Məcun yaranı sərinlədib yandıranda gözləri yaşardı. Amma bu ağrı ləzzət verirdi.
“Yaxşı, qızım. Bəsdir, oynadın. Yazmaq vaxtıdır. Əla bir musiqi və getdik e öz dünyamıza”. Ürəyindən keçirdiyi bu fikirlərin ləzzətindən üzü işıqlandı. Yataq otağına keçib gecə lampasını yandırdı. Telefonu caz dalğasına köklədi. Sonra notbuku qucaqlayıb cazın ritminə uyğun güzgünün qarşısında fırlandı. Fırlanıb- fırlanıb arxası üstdə özünü üstü örtüklü yatağa atdı. Notbuku qoşmağa cəhd etdi. Amma nə illah elədisə, notbukun qara sifəti mısmırığını sallayıb işıqlamaq istəmirdi ki, istəmirdi. Tərsliyə bir bax. Elektrik enerjisi bitmişdi. Tələsik notbuku elektrik cərəyanına qoşdu. “Aha. Axır ki, açıldı. Yüklən də. Həmişə belə olur da. Yazmaq havası gəldimi, min dənə bəhanə çıxır ortaya. Bu da ağ səhifə”.
Həmişə yazdığı ilk cümləni yazdı: "Allah, Məhəmməd, ya Əli! Hekayə".
Bir cüt toppuş əl ətəyini dartışdırdı:
– Mam!
– Ay can, mama qurban?
– Mam, tualetə istəyirəm.
– Özün`get. Böyük oğlansan. Əlimdə işim var axı.
– Yox. Orda tək qorxuram. Gəl.
– Yaxşı. Sən get, gəlirəm.
– Qoy hələ burda bir az yazım.
– Yox, yox, yox... neynədin? Burda yazmaq olmaz axı...
– Çoxlu “A-lar” yazdım da. Gör nə qəşəngdir.
– Ay səni...
– Ayyy, mam, tez gedək tualetə.
Tez notbuku kənara qoyub oğluyla vanna otağına keçdi. Oğlu unitazda yerini rahatlayıb işini görənə kimi beynində planını qurmağa başladı: “Deməli, birinci məkanı təsvir edim, sonra...”
– Mam. Məni yu.
Əllərini yuyub otağa qayıtdı və notbuku qucaqlamışdı ki, telefonuna mesajlar gəldi. İşdən idi. Təcili ssenariyə düzəliş edib göndərməliydi. Tez bu səhifədən çıxıb elektron ünvanına girdi və sürətlə ssenaridə düzəlişlər edib göndərdi. “Bu da belə. Hə, qızım. Başla görək. Allah, Məhəmməd...”
Qızı gəldi:
– Sürpriz! Prezentasiya hazırdır. Bax, gör necə alınıb.
– Qızım, qoy yazımı qurtarım.
– Mama, başlama da yenə. Müəlliməmə göndərməliyəm. Tez bax, yoxsa çatmayacam.
– Ok. Ver görüm notbuku. Rəngləri Puşkinsayağı seçməmisən. Klassik rənglərlə dəyiş. Faktlar nə maraqlıdır. Heç mən bilmirdim ki, Puşkinin 100-dən çox sevgilisi olub.
– Mam, belə olmaz. Qoy başdan oxuyum.
– Amma..
– Oxuyuram. Aleksandr Sergeyeviç Puşkin...
“İlahi, bu nə zibildir, mən düşmüşəm. Ürəyim partlayacaq. Səhərdən bir cümlə də yaza bilməmişəm. Bircə Puşkinim çatmırdı bu dar macalda”.
– Yaxşıdır?
– Hə. Əla. Tez göndər. İndidən 5 verdim.
– Ən çox nə xoşuna gəldi bəs?
– Puşkinin sevgililəri.
– Ha-ha-ha.
– Qardaşını yatmağa qoy amma. Özün də tez yat. Sabah səhər durmalısan.
Birdən telefonu cükküldəyir. Küncdəki xırda nöqtə yanıb-sönürdü. Messencerə mesaj gəlmişdi. Ailəsiylə xaricdə yaşayan feysbuk rəfiqəsindən. Çox nadir yazışdıqlarından gözucu baxdı: “Həyatıma son verməyə hazırlaşıram. Dostlara yazırdım. Səninlə də sağollaşmaq istədim. Bilirəm, mənim ölümümə pis olanlardan biri də sən olacaqsan. Yoldaşımla ayrıldıq. Evdən getdi. Mən çox axmaq adamam. Məni bu qədər sevən insanı özümdən uzaqlaşdıra bildim. Özümü çox günahkar sayıram. İndən sonra yaşamağın mənası yoxxx...”
Tez göndərilmə saatına baxdı. 20 dəqiqə keçmişdi göndərilmə vaxtından. Zəng etdi. Dəstəyi qaldırmırdı və messencerdə də aktiv deyildi.
“Ay Allah. Mən neynim indi? Hə, yazım. Bəlkə, hələ gec deyil. Tez, qızım, tez, tez, çatmalısan!”
– Burdasansa, cavab ver. Xahiş edirəm, bir dəlilik eləmə. Hələ gec deyil hər şeyi düzəltməyə. Sən onu qaytara bilərsən, inan mənə.
Səhifənin başındakı yaşıl işıq yanır. Xəttin o biri başında nəsə yazılır. “Yesss. Çatdım. Şükür”.
– Yaxşı deyiləm mən. Elə bilirən dünya qaralıb. Necə toparlanacam?
– Yazdıqlarım qəribə görünə bilər, amma effekti olacaq. Ağlamaq istəyirsənsə, doyunca ağla, sonra soyuq suyla sakitləşdirici içib yat. Sabah günəş çıxanda pəncərədən baxarsan. Həyat sənə daha başqa görünəcək. Yoldaşın qayıdacaq, əminəm. İndi o da əzab çəkir. Bir yerdə keçirəcəyiniz gözəl günlərin planını qur yatmazdan öncə...
– Bilirsən, yayda Azərbaycana gəlmək istəyirdik...
– İnşallah, gələcəksiz. Hələ bir yerdə fotolar da çəkdirəcəyik. Hər şey düzələcək. Özünə bu şansı ver.
– Haqlısan. Sənin də vaxtını aldım...
– Gecən xeyrə. Narahat olma. Sabah daha gözəl olacaq...
Yaşıl işıq itir. Dərindən köks ötürür: “Dəlixana gündür e. Dəvə oynayanda qar yağar. İndi işıqlar da sönsə, lap tam olar”. Telefonu əlindən qoymaq istəyir ki, zəng gəlir.
– Alo. Mam, necəsən?
– Sən soruşandan yaxşıyam. Niyə səsin çıxmır bayaqdan?
– Yazı yazıram.
– Ay bala, bəsdir də yazdın. Nə vaxt zəng edirəm, elə yazırsan. Bu yazılar səni dəli edəcək. Nəyə lazımdır axı? Niyə özünü bu qədər yorursan?
– Mama, başa düş. Yazmasam, olmaz. Bu yazını neçə gündür beynimdə gəzdirirəm.
– Gəzdirmə. Burax hamısını. Aç televizoru, deyib-gülənlərə bax, bir az eynin açılsın. Bəsdir notbuku qucaqlayıb şüa udduğun...
– Yaxşı. Gecən xeyrə. Sabah danışarıq.
– Gecən xeyrə.
“Offf. İnana bilmirəm. Nə sirdirsə, əlimi notbuka uzadan kimi dünya dağılır da".
Yerinə uzanır. Yazmağa başlayır və notbuk qucağında gözləri xumarlanır. Evin qapısı bayırdan açarla açılır. Yoldaşı sakit səslə otağa girir. Onun yuxuda barmaqları ilə sığalladığı notbuka, bir də yorğunluqdan saralmış simasına baxır. Notbuku üstündən götürmək istəyir. Qadın yerində mızıldanır:
– Burax notbuku. Yazıram. Nolar, qoy yazım da.
– Ay bala, yatıb qalmısan e. Gecdir. Dur notbuku söndür, yat. Sabah yazarsan.
PS. Saatın əqrəbləri: 2:00. Səs: "Kaş saatın əqrəblərini artırmaq mümkün olaydı. Qızım, sabah, sabah mütləq... Ekran qaralır".
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
Baba Vəziroğlu Sabirabadda oxucularla görüşüb
Sabirabadda nəğməkar şair Baba Vəziroğlu ilə görüş keçirilib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın rəhbərlik etdiyi “Günlərdən şeir” layihəsi çərçivəsində gerçəkləşən tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Azərbaycan Yazıçılar Birliyi, Regional Təhsil İdarəsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Mil-Muğan Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Hophopnamə” Kitab Mərkəzində baş tutan tədbirdə mədəniyyət işçiləri, region ictimaiyyətinin nümayəndələri, gənclər və məktəblilər iştirak ediblər.
Tədbirin moderatoru Ağalar Ağammədov şair B.Vəziroğlunun həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib.
Daha sonra görüşdən məmnunluğunu bildirən Baba Vəziroğlu 44 günlük Vətən müharibəsi zamanı yazdığı şeirlərindən bəhs edərək Canab Prezidentə həsr etdiyi “Cənab Ali Baş komandan” şeirini söylədikdən sonra, yaradıcılığı ilə bağlı sualları cavablandırıb.
Görüş zamanı iştirakçıları maraqlandıran sualları cavablandıran şair eyni zamanda oxucuların xahişi ilə öz sevilən şeirlərini səsləndirib.
Şairin öz şeirlərini səsləndirməsini iştirakçılar həvəslə dinləyiblər, tədbirdə nəğməkar şairin şeirlərinə bəstələnmiş mahnılar da ifa edilib.
Sabirabad rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza çıxış edərək, görüşlə bağlı xoş təəssüratlarını bölüşüblər, dəvəti qəbul edib oxucularla görüşə gəldiyi üçün şairə təşəkkürlərini bildiriblər.
Görüş qonaqlar tərəfidən böyük maraqla qarşılanaraq yüksək əhval-ruhiyyə ilə başa çatıb.
Sonda Baba Vəziroğlu ilə sevənlərinin xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırıldı
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Buktreyler kinofestivalı ilə diqqətləri çəkən tanınmış kino aktyoru və prodüsser Ruslan Sabirlinin dəvəti ilə Nizami Kino Mərkəzində “CINEMO” Mobil Film Festivalının mükafatlandırma və bağlanış mərasimində iştirak etdik.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Yaradıcı Həftə” çərçivəsində start götürmüş “CINEMO” Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə baş tuturdu. Devizi “Fikir çəkmə, telefona çək” olan festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulması, ümumən isə gənclərin asudə vaxtlarının təşkilinə dəyər qatmaq istəyi idi.
Mükafatlandırma mərasimində çıxış edən layihənin təsisçisi və rəhbəri Ruslan Sabirli festivala seçilən filmlərin onu çox təəccübləndirdiyini söyləyib. O, festivala 150 nəfərin film təqdim etdiyini və onlardan yalnız 70-nin seçildiyini diqqətə çatdırıb.
Qalinləri təqdim edirik:
“CINEMO” Mobil Film Festivalının “Sosial çarx” nominasiyası:
1-ci yer Məmmədəli Əbilovun "Qismət" filmi;
2-ci yer Fikrət Gündüzlünün "Gəlincik" filmi;
3-cü yer Azər Kazımovun “Mənim adım autizmdir” filmi.
“CINEMO” Mobil Film Festivalının “Sənədli film” nominasiyası:
Taleh Urfansoyun "Alovla savaşanlar"
Sabir Nurullayevin "Şərqiyyə",
Emin Həsənovun "Daşların sirri" filmləri -
1-3-cü yerləri bölüşüblər
“CINEMO” Mobil Film Festivalının “Bədii film” nominasiyası:
1-ci yer “44 ölçü" Dilavər Manafovun filmi;
2-ci yer "Bayram hədiyyəsi" Şirin Əhmədovun fiımi;
3-cü yer “Bağlıdır-açıqdır" Aydan Qafarovanın filmi.
Sonra festivalın qalibləri mükafatlandırıldı. Ruslan Sabirli onlara Fərqlənmə Plaketləri təqdim etdi. Və əminlik bildirdi ki, bu sıradan gələcəyin tanınmış kinorejissorunun, ssenaristinin çıxacağına şübhə etmir.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)
“Əsir qadın” təkrar nəşr olundu
Cəlilabadda yaşayıb yaradan yazıçı Meyxoş Abdullanın “Əsir qadın" romanı "Xocalı faciəsi"nin 32-ci ildönümü ərəfəsində üçüncü dəfə təkrar nəşr olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına yazar özü məlumat verib.
Meyxoş Abdulla deyib: “Əsir qadın” romanı 2015-ci ildə, Qarabağ Qazisi, igid bacımız, mayor Aida Şirinovanın maddi və mənəvi dəstəyi ilə türkcə, 2020-ci ildə yazıçı Təranə xanım Məmmədin tərcüməsində və tərcüməçi-ssenarist Leyla Qədirzadənin redaktorluğu ilə rus dilində nəşr olunmuşdur. Kitabın rus dilində nəşr olunmasına maddi və mənəvi dəstəyi Cəlilabad rayon DAİM-in direktoru, dostum Rahib Kərimov göstərmişdir.
2019- cu ildə “Əsir qadın” romanı əsasında hazırlanmış tamaşa Qusar Dövlət Ləzgi Dram Teatrında üç dəfə tamaşaya qoyulmuşdur. Əsəri tamaşaya teatrın baş rejissoru Laləzər xanım Hüseynova hazırlamışdı.
Kitab, həmçinin, 2020-ci ildə, dostum Giya Paçxataşvilinin mənəvi köməkliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə, Görmə imkanları məhdud olan insanlar üçün Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzi MMS-də nəşr olunmuşdur.
Bundan əlavə, “Əsir qadın” əsəri yeddi bölümdən ibarət “Səsli roman” kimi internet səhifələrində də yerləşdirilmişdir.
Rus dilinə tərcümə olunan “Əsir qadın”romanı Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən ölkəmizin xarici dövlətlərdə yerləşən 54 səfirliyinin kitabxanalarına paylanılmışdır.
Və sonda onu da deyim ki, "Əsir qadın" romanımın 3-cü dəfə nəşr olunmasına maddi və mənəvi dəstək göstərən, Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısı, hörmətli və xeyirxah insan, Rafiq müəllim Cəlilova öz dərin təşəkkürümü bildirirəm.”
Qeyd edək ki, kitab satış üçün nəzərdə tutulmayıb, o, oxuculara pulsuz paylanılacaqdır.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)