ƏN YENİ ŞEİRLƏR - Əlizadə Nuri, “Hamı sol yanını sağ istəyirmiş...” Featured

“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:

 

Əlizadə Nuri

“Hamı sol yanını sağ istəyirmiş...”

 

Sevinc əkiləndə mən də varıydım,

Yada salmadılar biçində, qadın.

Tanrı bir "bağlama" göndərib mənə

Sənin adın yoxdu içində, qadın.

 

Sən hara çəkildin?- sən çəkiləndən,

Bir gün də nəşəm yox, min gün ahım var.

Mən sənə min dəfə ,,bağışla" dedim-

Sən elə bildin ki, min günahım var.

 

Bəlkə də bu dünya sənsiz başlayıb,

Amma bu dünyanın sonunda sənsən.

Hamı sol yanını sağ istəyirmiş-

Nə yaxşı, mənim də solumda sənsən.

 

Gəl, gedib oturaq öz küncümüzdə,

Bizim nə işimiz özgə masada?

Adam hərdən çıxıb getmək istəyir

Lap elə getməyə yer olmasa da...

 

...Sevinc əkiləndə mən də varıydım,

Yada salmadılar biçində, qadın.

Tanrı bir ,,bağlama" göndərib mənə-

Heyif, adın yoxdu içində, qadın...

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.