Super User
Dörd komponent növbədənkənar prezident seçkilərini zəruri edir- AKTUAL
Yunus Oğuz yazır
"Yeni geosiyasətdə hər kəs maraqlıdır ki, Azərbaycanda etibarlı geosiyasət, etibarlı məkan, təhlükəsiz məkan, eləcə də etibarlı lider olsun"
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi zəruri idi. Çünki dünyada və regionda yeni geosiyasi vəziyyət yaranıb. Təbii ki, bu yenilik seçkiləri zəruri edir. Artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam təmin edib. Yeni dönəmdə isə xalqdan yeni mandat almaq lazımdır. Prezident sadəcə seçkinin vaxtını tezləşdirməklə seçkiləri sürətləndirib. Bu onunla əlaqəlidir ki, artıq geosiyasi vəziyyət elə bir dönəmə çatıb ki, Azərbaycan etibarlı geosiyasi məkandadır. Bunu isə təsdiq etmək lazımdır. Bu gün Azərbaycan etibarlı geosiyasət, etibarlı məkan, təhlükəsiz məkan və etibarlı lider kimi komponenti özündə birləşdirir.
Hələ 2018-ci ildə seçkilərin vaxtı dəyişdirilərək noyabr ayından aprel ayına keçirildi. Bunun səbəbi o idi ki, yay aylarında Azərbaycana qarşı kifayət qədər təxribatlar başlayacaqdı. Sonradan Mingəçevir Su Elekrtik Stansiyası partladıldı, Gəncədə polis polkovniki güllələndi, Sumqayıtda dini məsələlərlə bağlı aksiyalar keçirildi və sair. Bunların hamısı hazırlanmışdı ki, noyabr ayında prezident seçkiləri ərəfəsində narazılıq yaratsınlar. İndi də daxili və xarıcı prosesləri təhlil etdikdə görürsən ki, bu gün Azərbaycan saydığım dörd komponentdə birləşərək yeni dönəmə qədəm qoyur. Nəzərə alaq ki, bizim həm də müəyyən hədəflərimiz var. Əvvəl yaxın hədəfimiz Qarabağ idi, indi yaxın hədəfimiz Zəngəzurdur. Belə demək mümkündürsə, hədəflərimiz artıq dəyişib. Yeni geosiyasətdə isə hər kəs maraqlıdır ki, Azərbaycan etibarlı, təhlükəsiz məkan olsun. Etibarlı lider olsun ki, Avrasiya məkanında "Bir kəmər, bir yol" məsələsində Azərbaycandan rahat keçə bilsinlər. Əminəm ki, buna nail olacağıq. O baxımdan növbədənkənar prezident seçkilərin keçirilməsi düz vaxtına düşüb. Hələ demirəm ki, əgər seçkilər 2025-ci ilin aprel ayında keçirilsəydi, antiAzərbaycan qüvvələr ölkəni qarışdırmaq üçün hansı təxribatları hazırlamışdılar.
Azərbaycanın əsas hədəfi Güney Qafqazda liderliyi boynuna götürməkdir. Artıq bu istiqamətdə proses gedir və təsdiqini də tapır. Məsələn, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu o deməkdir ki, təhlükəsiz məkan və etibarlı məkan öz təsdiqini tapır. Artıq dünya bütün beynəlxalq tədbiri Azərbaycanda keçirmək istəyir. Amma daxildə vəziyyət tamamilə başqadır. Məsələ ondan ibarətdir ki, Azərbaycanın daxilində prezidentliyə namizəd olmaq istəyənlər buna hazırdırlarmı? Hələ ki, bir siyasi partiya cəsarət edib öz namizədini irəli sürməyib. Yadıma bir lətifə düşdü: "Biri hallanaraq küçəyə çıxır və görür ki, uzun növbədir, quru balıq satırlar. Növbəyə dayanır və növbəsi çatanda bunun üçün tərəziyə bir əyri balıq atırlar. Həmin şəxs bunu görüb deyir ki, "nə oldu, əyri balıq elə mənə qaldı?". Satıcı da deyir ki, "bunu döngədə tutublar". İndi prezident seçkiləri elan etməklə prezidentlyə namizədlərı də döngədə tutublar. Özləri də bilmirlər nə etsinlər, namizədliklərini versinlər, ya verməsinlər. Onu də nəzərə alaq ki, hazırda İlham Əliyevin reytinqinin ən pik səviyyəsidir. Niyə də seçkilərə getməsin?
Qarabağ əhalisinin bir qismi əvvəllər İlham Əliyevə səs vermirdi. İndi İlham Əliyevin ən böyük elektoratı oradadır. İnsanları doğma yurduna köçürür, ev tikir, təmir-bərpa işləri həyata keçirilir, insanlara əkib-becərmək üçün torpaq verir, iş yerləri yaradır. O vaxt Qarabağdan təxminən 700 minə qədər vətəndaş qaçqın kimi gəlmişdisə, indi ötən otuz ildə iki nəsil dəyişib. İndi hesablamalara görə, orada haradasa bir milyon iki yüz min əhali olmalıdır. Bu baxımdan İlham Əliyev üçün ən böyük elektorat qarabağlılardır. Təbii ki, problemlər hələ də var. Yadıma gəlir ki, ötən əsrin 60-cı illərində İkinci Dünya müharibəsindən 20 il keçmişdi, lakin müharibənin fəsadları bitib-tükənmək bilmirdi. Lakin Azərbaycan cəmi üç ilə görün nələr edib.
Və normalda prezident seçkilərinə hələ 16-17 ay qalıb, dünya isə çalxalanır. Azərbaycana isə hədəflərinə çatmaq üçün stabillik lazımdır. Ona görə də düşünürəm ki, ən yaxşı vəziyyət seçkilərin indi keçirilməsidir. Həm də 2024-cü ilin dekabrında bələdiyyə, 2025-ci ilin fevralında parlament, apreldə isə prezident seçkiləri nəzərdə tutulur. Bu baxımdan prezident seçkilərinin irəli çəkilməsi ən düzgün seçimdir. Həm də bizim 7 illik hədəfimiz də bəllidir. Bu hədəflərə çatmaq üçün ilk növbədə Zəngəzurdan başlamaq lazımdır. Çünki Qarabağ məsələsi artıq hədəfimizdən çıxıb. Bir Rusiya sülhməramlıları məsələsi qalıb ki, onlar da 5 il tamam olan kimi çıxıb gedəcəklər. Əslində indi də gedə bilərlər, çünki qorumağa heç kim yoxdur, onlar da Xocalıda öz şəhərciklərində oturublar. Qarabağı tərk edən ermənilərin də əksəriyyəti xarici ölkələrdən gələnlər idi. Onlar da gözəl bilirlər ki, 1990-cı ilə qədər kim burada yaşayıbsa, ona vətəndaşlıq veriləcək. Ermənilərin öz xisləti var, onlar qorxularından deyil, ianə almaq üçün Qarabağı tərk ediblər. Məlumdur ki, Qarabağ ermənilərinə ildə bir milyarda qədər ianə gəlirdi. Onun 367 milyonu elə İrəvandan gəlirdi. İndi də təzə qrantlar üçün şərait yaranıb, ona görə Qarabağı tərk ediblər. Ermənistanın özünün məlumatına görə Qarabağı tərk edən ermənilərin 17 mini başqa ölkələrə gedib. Ermənilərin vətəni yoxdur, hardan qrant alacaqlarsa, ora da gedəcəklər. Rusiya Təhlükəsizlik Komitəsinin sədr müavini elan etdi ki, "Ermənistan çox atılıb düşməsin, bilirik ki, Ermənistanda milyon yarımdan artıq erməni yoxdur". Nə olsun ki, 120 min Qarabağda, 3 milyon isə Ermənistanda erməninin olduğunu qeyd edirlər. Bunu yalnız qrant almaq üçün qabardırdılar. Faktdır ki, Qarabağda 25-30 mindən artıq erməni yox idi. Onların da əksəriyyəti xaricdən gələnlər idi. Hamısı da Ermənistan vətəndaşı pasportunu gəzdirirdi. Onlar qaçqın sayılmır, çünki Ermənistan vətəndaşı öz ölkəsinə qayıdıb. Odur ki, həm daxili, həm də xarici siyasət bir daha bizə belə qənaətə gəlmək imkanı yaradır ki, bütün kataklizmlərdən, sosial katastroflardan qaçmaq üçün seçkilərin fevral ayında keçirilməsi daha məqsədəuyğundur.
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)
Oğlum, ayaq saxla, bir az asta gəz...
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Oğlum, ayaq saxla, bir az asta gəz,
Burda şəhid adlı bir oğul yatır.
Həyata doymamış, dünya gəzməmiş,
Arzusu qəlbində bir cavan yatır.
Oğlum, ayaq saxla, bir az asta gəz,
Burda şəhid adlı bir oğul yatır.
Toyda oynamamış, körpə görməmiş,
Leylisi qəlbində bir məcnun yatır.
Oğlum, ayaq saxla, bir az asta gəz,
Burda şəhid adlı bir oğul yatır.
Övladdan doymamış, onu öpməmiş,
Həsrəti qəlbində bir ata yatır.
Oğlum, ayaq saxla, bir az asta gəz,
Burda şəhid adlı bir oğul yatır.
Səni tanımamış, məni görməmiş,
Bizim üçün ölən bir igid yatır.
Soyuq düşünməmiş, qorxu bilməmiş,
Vətən üçün ölən qəhrəman yatır.
(Nəzrin Hacıyeva)
Bəli bir çoxumuzu görməmiş, bir çoxumuzu heç tanımamış, amma yenə də bizim üçün, bizim əmin-amanlığımız üçün soyuq düşünmədən, qorxu bilmədən, bəlkə bir an belə tərəddüd etmədən öz arzularından, öz xəyallarından, canından, ömür payından keçən minlərlə həyata doymamış, dünya gəzməmiş, övladdan doymamış, onu öpməmiş, arzusu, Leylisi qəlbində igid uyuyur bu yurdun topaqlarında.
Bu igidlərdən biri də Yevlax rayonunun Xaldan kəndindən olan gənc qəhrəman Bəhruz Məmmədovdur. Gəlin Bəhruzu birlikdə tanıyaq.
Bəhruz Məmmədov 1991-ci il sentyabrın 7-də Yevlax rayonunun Xaldan kəndində dünyaya gəlib. Kiçik yaşlarında valideynlərini itirən Bəhruz əvvəl nənə-babasının, onlar da vəfat etdikdən sonra isə bibisinin himayəsində böyüyüb. Orta təhsilini Xaldan kənd tam orta məktəbində alıb. Təhsil aldığı dövrdə dərslərində yüksək nəticələr göstərdiyinə görə imtahan verərək 2-ci sinifdən 4-cü sinifə keçib.
O, həmçinin bu dövrlərdə fənn üzrə olimpiadalarda iştirak edib, Respublika üzrə gənc rəssamlar müsabiqəsində 1-ci yerə layiq görülüb.
2009-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Bəhruz imtahanda 571 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əmtəəşünaslıq fakultəsinin "İstehlak mallarının ekspertizası və marketinqi" ixtisasına qəbul olub.
Bəhruz Məmmədov 2013- cü ildə bakalavriat təhsilini bitirib, təhsilini magistranturada davam etdirib.
Qeyd edək ki, şəhidimiz informasiya texnologiyaları sahəsini və eləcə də rus, inglis, alman və polyak dillərini də mükəmməl bilirmiş.
O, 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub və xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən "Təşəkkür" məktubu ilə təltif edilib.
2020-ci il sentyabrın 28-də Yevlax rayon hərbi komissarlığından qismən səfərbərliyə çağrılan Bəhruz Məmmədov Füzuli, Xocavənd, Hadrut və Qubadlıda gedən döyüşlərdə iştirak edib.
Bəhruz Məmmədov 5 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı Daşaltı kəndində qəhrəmanlıqla şəhid olub və Yevlax rayonunun Xaldan kəndində torpağa tapşırılıb.
Və sonda onu da qeyd edək ki, Bəhruz Məmmədov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)
Onların Heydər Əliyevi yoxdur...
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Ümummilli lider Heydər Əliyevin əbədiyyətə uğurlanmasından 20 ili tamam oldu.
Builki anım günü öncəkilərdən yalnız 20-ci ildönümü olduğuna görə fərqlənmir; 2023-cü ilin 12 dekabrı Ümummilli liderin əziz xatirəsini Xankəndidə, Xocalıda... da dərin sayğılarla yad edə bilməmizlə əlamətdardır.
Gəlin, üç il öncə - 2020-ci il noyabrın 8-də deyilmiş o möhtəşəm sözləri bir daha xatırlayaq:
“Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”! – Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev əziz Şuşanın qurtuluşunu belə müjdələmişdi!
Prezident bu il may ayının 10-da – Ümummilli liderin anadan olmasının 100-cü ildönümündə məhz Şuşadan, 30 ilə yaxın müddətdə işğalçıların yuvalandığı inzibati binanın önündəki meydandan Xalqa müraciət edərkən isə belə deyirdi:
“Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi”.
Və nəhayət 15 sentyabr 2023-cü il! – Xankəndi şəhərinin mərkəzində üçrəngli müqəddəs bayrağımızı ucaldan Müzəffər Ali Baş Komandan dedi:
“Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq”!..
Bəli, 100 il boyunca, özəlliklə son üç onillik boyunca çox faciələr yaşadıq, dəfələrlə tək qaldıq, bir mənəvi dəstək görüncə onu hadisə olaraq qəbul etdik... Çünki beynəlxalq ictimaiyyətə güclü təsir imkanları olan dövlətlər işğalçının arxasındaydı... Rusiyası da, Fransası da, ABŞ-ı da, bir sürü o biriləri də...
“Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində”...
Böyük faciələrlə üz-üzə qalmış xalqımız, 1 milyon evsiz-eşiksiz soydaşı, həmvətəni, vətəndaşı ölkə üzrə bağrına basdı, dağıdılmış torpaqlarımızın ağrı-acısına dəyanətlə sinə gərdi... Çətin idi ancaq bacardıq! Son illər bizim 90-cı illərdəki kimi hadisələrlə üzləşən dövlətlər haqqında tez-tez belə deyildiyinin şahidi oluruq: “Onların Heydər Əliyevi yoxdur”... 90-cı illərdəki girdabdan Heydər Əliyev dühası sayəsində çıxan ölkəmiz, sonrakı illərdə qarşılaşdığımız mürəkkəb durumlardan da Heydər Əliyev irsi və Heydər Əliyev məktəbinin ən yaxşı yetirməsi sayəsində çıxa bildi. Bütün qardaşlara, dostlara məhəbbət və ən xoş diləklərimizi əsirgəmədən, etiraf edək: Gürcüstan, Ukrayna, Moldava – GUAM (və dərd!) ortaqlarımız hələ girdabdan çıxa bilməzkən, biz nəhayət tarixi uğura imza atmanın qürurunu yaşayırıq. Sağ əlimiz başlarına!
Bəli, xalqımız müdrik xalqdır. Məhz bu müdriklikdir ki, 30 il öncə Heydər Əliyevə, 20 il öncə onun ən layiqli davamçısına güvəndi və bu il əlamətdar yubileyləri ərazi bütövlüyü bərpa edilmiş, suverenliyi təmin olunmuş dövlət olaraq qeyd etdik.
Bundan sonra isə inkişafımız daha da dərin məzmunlu, daha üfüqügeniş olacaq. – İtirdiyimiz onilliklərə görə sürətli və bütün sahələri özündə ehtiva edən bir inkişafdan danışırıq. Danışmırıq, daha artıq dərəcədə inanırıq!
Doğrudur, ömür vəfa etmədi, o böyük insan bu günləri görmədi, lakin heç şübhəmiz yox ki, şanlı Ordumuzun möcüzəvi uğurları, Xocalıda, Xankəndidə qutsal bayrağımızın ucaldılması (və əbədi dalğalanacağına sarsılmaz inamla dalğalanması!) onun ruhuna əyandır.
“Bu günləri görmədi” deyirik, ancaq bu günləri görürdü... bu günlərə inam içində çalışır, yaradır-qururdu.
Bu sözlər O böyük şəxsiyyətə aiddir:
“Azərbaycan mənim ürəyimdir,
Azərbaycan mənim nəfəsimdir,
Azərbaycan mənim həyatımdır”!
Ümummilli liderimizi əbədiyyətə qovuşmasının 20-ci ildönümündə dərin sayğılarla anırıq.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)
“Məncə, kitabın bədəni var və o, kağızdan ibarətdir” - Esra Gür Karagülle ilə müsahibə
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Çağdaş türk ədəbiyyatında xüsusən tineycerlərin sevə-sevə oxuduqları bir yazardır Esra Gül Karagülle. Onunla əlaqə saxlayıb portalımız üçün müsahibə istədik, o da TÜRKSOY tərəfindən İlin media ödülünü almış bir portala məmnuniyyətlə müsahibə verəcəyini bildirdi.
-Salam Esra xanım! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqda azərbaycanlı oxuculara məlumat verərdiniz.
-Salam mən yaxşıyam, təşəkkürlər. Siz də yaxşı olun. İstanbulda anadan olmuşam. İbtidai məktəb illərində Dövlət Konservatoriyasının qiyabi tələbəsi kimi balet hazırlığına başlamışam. Klassik baletlə yanaşı, piano, teatr kimi kursları yan kurs kimi görürdüm. Peşəkar karyerama orta məktəbdə oxuyarkən İzmir Dövlət Teatrında tamaşaya qoyulan “Oğlan Dost” adlı musiqili teatrda iştirak etməklə başlamışam.
Biznes təhsilimi bitirdikdən sonra özəl bir şirkətdə işləməyə başladım və hələ də biznes həyatımı davam etdirirəm.
Qarışıq rəsm sərgilərim olub. Mən təsviri sənətin hər bir hissəsini sevirəm və yaradıcılıq həyatımın mərkəzində yer alır.
Ən böyük maraq sahələrimdən biri də Psixologiyadır. Əsas, yeniyetmə, ailə... kimi bir çox təlimlərdə iştirak etdim.
Güc mənbəyim könüllü fədakarlıqdır. “Müasir Həyatı Dəstəkləmə Dərnəyi”nin Zekeriyaköy Şöbəsinin Layihə Koordinatoru və eyni zamanda dərnəyin mentorları arasındayam. Yeniköy Rotary Klubunun müddətli katibi və gələcək prezidentiyəm. Son vaxtlar təhsilimi ədəbiyyata yönəltmişəm.
-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.
-Ədəbiyyata marağım gənc yaşlarımda müxtəlif mədəniyyətlərin əsərlərini oxumaqla başladı. Orta məktəb illərində ədəbiyyat, incəsənət tarixi və fəlsəfə sahələrində dərinləşmək mənə həmişə zəngin intellektual təcrübə təklif edirdi.
-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?
-İlk kitabımı “Yok Artık Çıp Çıp’ın Bale Pabucu”nu qızım Serra və on beş ildir birlikdə yaşadığımız tısbağamız Çıp Çıpdan ilhamlanaraq yazdım. Daha sonra kitabın bütün müəllif hüquqlarını “Müasir Həyatı Dəstəkləmə Dərnəyi”nin “Anadoluda bir qızım var, müəllim olacağam” layihəsinə bağışladım. Daha sonra Türkan Saylanın bütün uşaqları, hətta böyükləri də ruhlandırmaq üçün yazdığım “Bubu Türkan Saylan’ı Anlatıyor” adlı kitabımda onun həyata baxışını, həyat fəlsəfəsini, yaradıcılığını izah etdim. Bu kitabın müəllif hüquqlarını da yenə eyni layihəyə bağışladım. Qızların təhsili mənim üçün ən vacib məsələlərdən biridir.
Mənim “Kış Gündönümü” adlı böyüklər üçün hekayəm var. Dəyərlərlə bağlı yazdığım 10 kitabdan ibarət “Serra və Çıp Çıp” adlı seriyam çap olunmaq üzrədir.
-Xəyallarınızın genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?
-Həyatımda hər şeydə ehtiras və maraq var. Həyatınızda heç bir həyəcan yoxdursa, bu, ehtirasınızın olmadığını göstərir. Körpə olanda anam məni həmişə klassik musiqi ilə yatırırdı. Uşaqlıqdan təsviri sənətlə məşğul olduğum üçün təxəyyülüm, yaradıcılığım mənimlə iç-içədir. Qəza məni balet karyeramı bitirməyə məcbur edəndə düşündüm ki, bu işıqlı dünyadan uzaqlaşa bilərəm. Ancaq bu, müvəqqəti bir müddət idi. Sənətkar insan nəticədə öz yaradıcılığını əks etdirir, onu daxilində saxlaya bilməz. Bu bəzən, rəqs ayaqqabısı geyinməklə, bəzən fırça ilə, bəzən piano düymələri və ya qələmlə...
-Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?
-Təəssüf ki, mücərrəd bir anlayış olan zaman qeyri-maddi və görünməzdir. Bildiyiniz kimi, zaman anlayışını tarixdə ilk dəfə misirlilər (qum saatı) işlətmişlər. Vaxtın idarə edilməsi çox əhəmiyyət verdiyim bir şeydir. Mən prioritetlərimi çox yaxşı bilirəm. Kitab yazdığım dövrlərdə xarici dünya ilə əlaqəm minimuma enir. Çox intizamlıyam. Səhər saat 5-6 radələrində personajlar beynimdə danışmağa başlayanda mən kompüter qarşısında oluram. Gündə 9-10 saat işləyirəm. Bəzən bazar günləri də daxil olmaqla hər gün növbə ilə işləyirəm.
- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Məktəbəqədər yaşda kitab oxumağı sevən uşaqların ədəbiyyat oxucusu olmaq ehtimalı həmişə daha yüksəkdir. Ona görə də bu dövrdə uşaqlar üçün hazırlanan şəkilli kitabların çox təsirli olduğunu düşünürəm. Uşaq sizi aural olaraq dinləyərkən şəkillərə baxaraq vizual olaraq da oxuyur.
Orta məktəbdə və liseydə buna alışmaq bir az daha çətin və uzaq bir ehtimaldır. Bu baş vermir, olur, amma məktəbəqədər təhsildə bir səylə qurulursa, digər tərəfdən zəhmət tələb olunur. Müşahidə edirəm ki, kitab oxuyan anaların övladları da kitab oxumağı sevirlər. Bütün ailənin iştirakı ilə mütaliə vaxtının təşkili və oxunan kitablar haqqında danışılması gərəkdir. Uşaqlar üçün evdə kiçik kitabxananın yaradılmasını səmərəli hesab edirəm. Həmçinin, dağınıqlığa yol vermək, seçimlərinə hörmətlə yanaşmaq lazımdır...
Bunlardan başqa, mütəmadi olaraq kitab mağazalarına, kitab sərgilərinə baş çəkmək, orada müsahibələrdə iştirak etmək, müəlliflərlə ünsiyyət qurmaq balaca oxuculara müsbət təsir edir, onları həvəsləndirir. Bunu yarmarkalarda müşahidə edirəm. Uşaq jurnallarına abunə olmağın da təsirli olacağını düşünürəm.
-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi?
-Təəssüf ki, Türkiyədə cəmiyyətin müntəzəm kitab oxuma səviyyəsi aşağıdır. Uşaqlara kitab hədiyyə etmək vərdişi də unudulub. Təəssüflər olsun ki, son illər kitab oxumaq üçün maliyyə imkanlarına çata bilməyənlərin sayı kifayət qədər çoxdur.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Azərbaycan ədəbiyyatı, incəsənəti məni maraqlandırır. Biz artıq eyni coğrafiyada yaşayırıq və dillərimiz çox oxşardır. Azərbaycan yazıçıları sözündə qətiyyətlidirlər. Məncə, onlar çox aydındır. Ağlıma gələn adlardan biri də Azərbaycanın ən önəmli qadın şairlərindən Xurşidbanu Natəvandır. Yadımda qalan odur ki, o, şeirlə yanaşı, xəttatlıq, aydınlandırma, rəssamlıq kimi sənətin bir çox sahələrinə maraq göstərirdi və çoxşaxəli idi.
-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi?
-Planlarımda yazmaq istədiyim çoxlu hekayələr var. Hələlik diqqətimi uşaq ədəbiyyatına yönəldirəm. Böyüklər üçün kitablar, ssenarilər və reklamlar kimi mövzular da məni maraqlandırır. Görək zaman nə göstərəcək.
-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz?
-Məncə, kitabın bədəni var və o, kağızdan ibarətdir. Kitaba toxunmaq mənim üçün önəmlidir. Kitab; görmə, qoxu, toxunma, eşitmə və dad beş duyğunun ilk üçünə müraciət etdiyi halda, elektron kitab yalnız görmə və eşitmə duyğumuza müraciət edir. Bəzən bir kitabı açıb vərəqləmək belə məni xoşbəxt edir.
- Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?
-Oxumaq yazı səyahətinin vacib hissəsidir. Hətta, bu, müxtəlif dünyalara qapıları açmağın ən yaxşı yoludur. Fərqli perspektivlər təqdim edir. Düşünürəm ki, müxtəlif dövrlərə, müxtəlif mədəniyyətlərə mənsub olan müəlliflərin əsərlərini oxumaq dil biliklərimizi, söz ehtiyatımızı, yaradıcılığımızı və hətta dünya haqqında anlayışımızı zənginləşdirə bilər. Bir yazıçı kimi özünü daim təkmilləşdirmək, daha geniş auditoriya ilə ünsiyyət qurmaq istəyirsinizsə, ədəbiyyat dünyası ilə əlaqədə yaşamaq vacibdir.
-Dəyərli vaxtınızdan bizlər üçün zaman ayırdığınız üçün minnətdaram, Esra xanım!
-Xoşdur Habil bəy! Mən də sizə və bütün əməkdaşlara təşəkkür edirəm!
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)
TOĞRUL ABBASOV Elşad Baratın “Şəhidlər” silsiləsində
“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.
Toğrul Bayram oğlu Abbasov
Toğrul Bayram oğlu Abbasov 1990-cı il, dekabrın 31-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. Anasını kiçik yaşlarında itirib. Vətən ona hər iki mənada ana olub. Vətənə, torpağa olan sevgisi onu hərbçi peşəsinə bağlayıb. N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günündə şəhid olub.
Şəhidin atası Bayram Abbasov bildirib ki, Toğrulun ən böyük arzusu işğalda olan torpaqlarımızın azad edilməsi idi: "Öz arzusuna çatdı. Onu heç kəs məcbur etmədi. Torpaqları yağı düşməndən azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyirdi. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid oldu".
Toğrul Abbasov şəhadətə ucalmasından 7 ay əvvəl ailə həyatı qurmuşdu. Ata olmağa hazırlaşırdı. Bu barədə şəhidin bibisi Asya Şəmmədova danışıb: “Övladını görmək nəsib olmadı. Arzusu var idi, əgər qızı olarsa, adını Yağmur qoyacaqdı. Biz onun arzusunu yerinə yetirdik. Vətən sağ olsun".
Şəhidin qardaşı Cavad Abbasov Toğrulun mərd, cəsarətli, vətənpərvər olmaqla yanaşı, həm də ailəcanlı olduğunu qeyd edib: "Axırıncı dəfə atamla danışanda deyib ki, hər şey yaxşıdır. Narahat olmayın. Vətən müharibəsinin ilk günündə şəhid oldu. Mən qardaşımla fəxr edirəm", - deyə Cavad bildirib.
Toğrul Abbasov doğulub boya-başa çatdığı doğma kəndində dəfn olunub. Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Kiçik yaşda öz ananı itirdin,
Bu vətəni ana bildin, şəhidim.
Anaların otuz illik həsrətin
Göz yaşını özün sildin, şəhidim.
Hamı bilir, qəhrəmanlıq etmisən,
Şəhid olub ürəklərdə bitmisən.
Savaşların ilk günündə getmisən,
Allahamı tələsirdin, şəhidim?
Necə olur şəhidliyin dünyası?
Şəhidlikdir bu dünyanın mənası.
Arzun olub torpaqların xilası,
Bu zəfəri özün yazdın, şəhidim.
Öz ömrü var çiçəyin də, yazın da.
Çiçək bitməz boranında, buzunda.
O üzünü görmədiyin qızın da
Sənin ilə fəxr eləyir, şəhidim.
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
10-cu hissə
Ailə həyatı
Bəmbəyaz rəngli “Audi Q-7” avtomobilində (o vaxt dəb idi, ən bərkgedənlər gəlini kirayəyə götürülən “Hammer”lərlə gətirərdilər, amma Q-7 Madarın öz avtomobili idi, qiyməti heç də “Hammer”dən əskik olmadığından bəy-gəlin maşını kimi onu seçmişdilər) Ülkərlə Madar şadlıq evindən Madargilin Neftçilər prospektindəki mənzilinə yollandılar. Şadlıq evinə Q-7-sini özü sürən Madarı indi az qala sürüyüb arxa oturacağa atmışdılar, avtomobili sürücü idarə edirdi.
O qədər özündə deyildi ki, yaxasındakı “baboçka”sını da haradasa salmışdı.
Ülkəri yengə otağa salıb soyundurub zifaf gecəsinə hazırlayanda bircə anlıq da gözünün yaşı qurumadı. Hey ağlayır, ağlayırdı. O, bu anlarını Rüfəti ilə təsəvvür etmişdi həmişə. Həsrətlilər təki bir-birinə sarmanıb sevişməkdən doymamış, kam verib, kam almışdılar. İndisə bu köntöy, yonulmamış, öz toyunda “bəsdir” demədən, ar etmədən bir şüşə araq boşaldan nanəcibin qisməti olurdu…
Bu da Madar.
Madar içəri girən kimi soyunmağa başladı, şalvarını çıxaranda müvazinətini saxlaya bilməyib yıxıldı da. Ülkər pıq eləyib gülümsədi, amma bu gülüş tezcə ikrah hissinə keçdi. Birtəhər soyunub Madar özünü Ülkərin üstünə atdı.
Spirt və tütün qoxuyan nəfəsi ilə Ülkərin üzünü qarsırdı, ruhunu, iç dünyasını basıb əzməkdəydi bu həmlələri ilə.
Hayqıra-hayqıra, tövşüyə-tövşüyə nələrsə eləməyə çalışsa da, edə bilmirdi, əsəbiləşirdi, söyüş söyürdü. Yenidən cəhdlər edir, yenə də alınmırdı. Ülkəri acılayırdı, onu təşəbbüs göstərməyə məcbur edir, kobudluq göstərirdi.
Bir qədər sonra Madar tam yorulub əldən düşdü, üzüqoylu yatağa uzanıb balışı qucaqladı, xorultuyla yatmağa başladı.
Ülkər hönkürərək ağladı. Budurmu onun ailə həyatının başlanğıcı?
Həmin gün Ülkərin göz yaşları səhərəcən qurumamışdı. Vəziyyətdən agah olan qayınanası Nazəndə xanım onu səhərədək ovuda bilməmişdi. Ülkər ağlayıb-sısqayıb söyləmişdi:
-- Adam toyunda sərxoş olarmı?
-- Adam həyat yoldaşının yanında murdar söyüşlər söyərmi?
-- Adam həyat yoldaşı ilə bu qədər qaba, sərt rəftar edərmi?
-- Elə bil, siz də məni bağışlayın, bir fahişə ilə rəftar edirdi.
Növbəti günlərdə də Ülkər bakirə qalmışdı, Madar gah içkili, gah yorğun, gah da tam fərqli bir durumda, gözü-başı şişmiş gələrdi (sonradan Ülkər biləcəkdi ki, həyat yoldaşı nəşə çəkirmiş),bəzən də heç nədən Ülkərlə sözləşər, onu acılayardı, zifaf gecələri yenə də alınmazdı.
Madarın anası Nazəndə xanım olduqca yaxşı qadın idi, mehriban, xoşsima. Oğlu ilə baş verənlərdən çox üzülər, nə yollasa məsələni yoluna qoymağa çalışardı. Qadın göz yaşları içində Ülkərə yalvarardı ki, bu çağa kimi bakirə qaldığını, Madarın hələ də “öz işini görə bilmədiyini” heç kəsin yanında danışmasın. Əlbəttə ki, hamı Madarın gücsüz, zəif, hətta üzdəniraq olmasını təxmin edəcəkdi, haqqında şayiələr, söz-söhbət dolaşacaqdı, aləmdə biabır olacaqdılar. Axı Madar elə birisi deyildi.
Yazıq qadın, Madarı qabağına qoyub danlayırdı, öyüd-nəsihət verirdi, amma bir xeyri olmurdu.
Ülkər dərdini özü çəkir, anasına, bacısına belə demirdi. Əlbəttə, ata-anasına “bir görün məni necə bədbəxt elədiniz” deməsinə, onların üstünə getməsinə əlinə əla bir girəvə düşmüşdü, bununla belə, Nazəndə xanımın insanlığını, Ülkərə ilk gündən necə dəyər verdiyini, ona qızı kimi yanaşdığını əsas tutub bu qadının göz yaşlarına qıymırdı, onun “heç kəs bilməsin” xahişinə axıracan əməl etməkdə israrlı idi.
Yazıq Nazəndə xanım, özü dünyəvi bir insan olsa da, əlacsızlıqdan, çarəsizlikdən mövhumata da əl atmalı olmuşdu, oğlunun “bağlandığını” zənn edib falçıya, cadugərə də pənah aparmışdı.
Yalnız toylarından iyirmi iki gün keçəndən sonra həmin o zifaf gecəsi baş tutdu. İki gün evdən çıxmayan, içib-çəkməyən, canına qulluq edən Madar həmin gecə işinin öhdəsindən, axır ki, gəldi.
Oraya kimi isə Ülkər tərəddüdlər içində qalmışdı, hətta bakirə qalmasına sevindiyi də olurdu, deyirdi, yəqin, Allahın qisməti beləymiş, mən bakirə qalıb hər halda öz Rüfətimə qismət olacağam.
Ailə həyatı çox cansıxıcı keçirdi, qayınanasının və qayınatasının mehribançılığı Madarın kobudluğu, vecsizliyini heç də sığorta eləyə bilmirdi. Bu adam həyat yoldaşını bir dəfə küçə-bayıra çıxarmır, kinoya-konsertə aparmırdı. Yalnız ailəvi toya, nişana, ad günlərinə gedəndə Ülkər bəzənib-düzənib Mərdanzadə ailəsinin bir üzvünə çevrilirdi.
Madar universiteti bitirib prokurorluqda vəzifə alandan sonra bir az da sərtləşdi, qabalaşdı. Bəzən evə gecəyarısı gəlir, yenə spirt və tütün qoxusu ondan əskik olmur, üzün-gözün şişməsi halları da təkrarlanırdı. Bəzən Ülkər onun ağ köynəyində qadın pomadası izləri görür, ondan qadın ətrinin qoxusunu duyurdu. Bir neçə dəfə bunu ona irad tutmuş, bir dəfəsində ərinin gecə bir qadınla intim danışığına belə şahid olmuş, özünü təhqir edilmiş sanaraq çıxıb Gənclikdəki evlərinə qayıtmışdı. Qardaşı dərhal rayona zəng edib ata-anasını çağırtdırmış, onlar da zorla Ülkəri ər evinə qaytarmışdılar.
Qələndərov sərt şəkildə qızına demişdi:
-- Qulaqlarını aç, yaxşı-yaxşı eşit. Sənin ər evindən ancaq meyidin çıxa bilər!
O dönəmlərdə Ülkərin yeganə təsəllisi universitet idi. Dərslərə gedib-gəlir, eyni xeyli açılırdı. Yenə də ümidliydi ki, bəlkə təsadüfən Rüfətini görə biləcək, yenə də ümidliydi ki, bəlkə tale onu cəzalandırdıqdan sonra, bu qədər bədəl ödədikdən sonra bəlkə necəsə bəxti açılacaq. Hətta bir dəfə küçədə ürəyi döyünərək birinin dalınca qaçıb “Rüfət” deyə çağırmış, həmin şəxs geri qanrılanda səhv etdiyini görüb məyus olmuşdu.
Amma daha pisi baş verdi. Bir dəfə dərsdən qayıdanda Madarevdəydi, kefliydi, onun üzərinə şığıdı. Qışqırdı:
-- Harda sülənirdin?
Madarın ata-anası evdə yox idi deyə Ülkər onun sərtliyinin qabağında əsla dinməz qalmadı:
-- Əvvəla ağzının danışığını bil, mən küçə qadını deyiləm ki, sülənəm. İkincisi də, guya bilmirsən hardaydım? Universitetdən başqa harda olasıyam ki?
Ülkər daha artıqlarını dedi, həyat yoldaşını tərbiyələndirməyin qeydinə qaldı:
-- Kişi öz həyat yoldaşına kölə kimi baxmaz, xanım kimi, dost kimi baxar, lap elə şahzadəsi kimi baxar, ona güvənər, inanar, arxalanar. Onunla məsləhətləşər, gələcəyi birgə qurarlar.
Amma Madarın tərbiyələnmək fikri yox idi, çox azğındı həmin gün. Ülkərə əl qaldırdı, dedi, bu gündən daha universitet-filan yoxdur.
Ülkər bu sözləri ciddiyə almadı, düşündü, yəqin, Madar sərxoşdur deyə deyir, sabah unudacaq bu dediklərini. Amma belə olmadı. Madar ertəsi gün universitetə gedibÜlkərin əyani təhsilini qiyabiyə çevirtdirdi.
Ülkər dörd divar arasında dustaq oldu. Üzü gülmədi, hey fikir çəkdi, xəlvətə düşəndə ağladı.
Oğullarının bivecliyini duyan valideynlər onunla danışır, onu düz yola qaytarmaq istəyirdilər, di gəl, nə illah eləsələr də, buna nail ola bilmirdilər.
Bir dəfə Ülkər ailəvi şam yeməyi zamanı belə bir söhbətin də şahidi oldu. Əflatun müəllim oğluna dedi:
-- Madar, sənə daha demədiyimiz söz qalmadı. Heç inanmazdım ki, sən gəlib bu cür olacaqsan. Bir bax, Rüfət də bir kişinin oğludur, biz atalar uşaq vaxtı onlar rayondan bura gələndə sizi güləşdirərdik, sizə müxtəlif suallar verərdik, öz aramızda mübahisə edərdik ki, kimin oğlu güclüdür. Onda ağlıma belə gəlməzdi ki, Rüfətin axırı hara gedib çıxacaq, sənin axırın hara. Madar Mərdanzadə gərək belə olmayaydı. Sənin haqqın yoxdu belə olmağa.
Söhbət Ülkərin Rüfətindən gedirdi, onun adını eşidəndə Ülkər hıçqıraraq ağladı, Nazəndə xanımla Əflatun müəllim də elə bildilər, ərinin danlanması, valideynlərini yarıtmaması səbəbindəndir onun ağlaması.
Oğullarını tərbiyələndirə bilmədikcə valideynlər tamam ruhdan düşürdülər. Belədə xoş sözlərlə, təsəllilərlə, hədiyyələrlə Ülkərin qəlbini almaq istəyirdilər. Hərdən oğlunun etmədiyini etməyə çalışan Nazəndə xanım Ülkəri bulvara çıxarar, gəlin-qayınana yorulunca gəzər, həyat barədə fikir mübadiləsi aparardılar.
Ülkər bu ali təhsilli, son dərəcə savadlı və mədəni qadınla öz yaşantılarını birəbir bölüşərdi, ailə, kişi-qadın münasibətləri barədə bildiklərini, oxuduqlarını, təxmin etdiklərini danışardı. Onu “Madarı çox ərköyün böyütdük, çox sərbəst böyüdü, indi yığıb-yığışdıra bilmirik, amma bir balanız oldumu, bala şirin şeydir, hər şey yoluna düşəcək” sözləri ilə azacıq da olsa ümidləndirən qayınanasına qız vaxtı özünün düşündüyü “xoşbəxtlik əmsalı”nı da açıqlayırdı:
-- Həmişə toyumu, “Vağzalı” sədaları ilə evdən uzaqlaşmağımı təsəvvür edirdim. Atamla qardaşım mənə göz verib, işıq vermirdilər, hər addımım izlənilirdi, heç bir azadlığım, sərbəstliyim yox idi. Həmin o qadağaların içində yeganə ümidim ağ atlı bir oğlana idi, düşünürdüm ki, həmin ağ atlı oğlan məni zülmün, istibdadın əlindən götürüb aparacaq, xoşbəxt edəcək. Toy günümüzü hər bir xırdalığına kimi təsəvvür edirdim. Toy insan ömrünün ən xoşbəxt günü olsun deyə bəylə gəlin gərək bir çox detalları nəzərə alsınlar. Xoşbəxtliyə atılan addımlar var ki, ondan xəbərdar olmaq vacibdir. Dəbdəbəli toy, yoxsa sadə? Minlərlə insan üçün toy, yoxsa yalnız iki sevən üçün? Hiss-həyəcanlı toy, yoxsa tam təmkinli, sadə? İnanın, mən ən təmtəraqsız, ən sadə toyu seçərdim, o toyu ki, sadəcə mənə xoşbəxtlik gətirsin. Mən kabab, qara kürü yeyən dedi-qodulu ailəni yox, şor-çörəklimehribançılığı seçərdim. Nə yazıq ki, bu mənə qismət olmadı.
Nazəndə xanım Neftçilər prospektində sıralanan brend butiklərdən Ülkərə bahalı geyim-kecim almağı da xoşlayırdı. Bu libaslarda Ülkər özünü tam dəyişilmiş, gözəllikləri bir az da qabardılmış hiss edərdi, di gəl, aldığı həzzin yerini tezcə də Madarın ona qarşı münasibətlərini xatırlamaq tuturdu, səmasının ağ rəngini qara buludlarla qaraldırdı.
Nazəndə xanım fikirlərini açıq-aşkar ifadə edirdi, sanki Madarın deyil, Ülkərin anasıydı, daim ona qahmar çıxırdı, üstəlik, bəzən Ülkərə görə hətta onun günahkar valideynlərini də, öz həyat yoldaşını da suçlayırdı:
-- On altı-on səkkiz yaşlı qızları ərə vermək olmaz. Həyat filmlərdəki kimi deyil. Elə iyirmi-iyirmi iki yaşlı oğlanları da evləndirmək olmaz. Valideynlər toplantı edirlər, uşaqlarının əvəzinə qərar verirlər, öz planlarını reallaşdırırlar, birinin hədəfi özünə arxa tapmaq, birinin hədəfi nəsil-qohum çevrəsindən kənara çıxmamağı təmin etmək, birininki varlanmaq, birininki də, bizimkilərdəki kimi, dostluqlarını qohumluğa çevirmək olur. Nəticədə onlar öz bəsit istəkləri sayəsində övladlarını bədbəxt edirlər. Əksərən bir-biri ilə tanış belə olmayan, bir-birinə heç bir hiss bəsləməyən uşaqları zorla bir-birinə pərçimləyib bədbəxt edirlər. Bilirsən, qızım, indi əlli-altmış il əvvəlki zəmanə deyil. Bəlkə də bu prinsip haçansa məqbul olub, amma indi məqbul ola bilməz. İndiki kompüter, internet əsrində uşaqlar ovaxtkı uşaqlar deyillər. Təfəkkür, məfkurə, bilik, savad, elm – hər şey dəyişib, di gəl, mental qanunlar dəyişməyib ki, dəyişməyib.
Bir ara Madar lap azğınlaşdı, bəzən günlərlə evə gəlmirdi, sorağı gah İstanbuldan, “Reyna” diskotekasından, gah Batumidən, “İveriya” kazinosundan gəlirdi. Valideynləri də Ülkərlə birlikdə kədərə batmışdılar.
Hamiləlik dönəmində Ülkər Madardan hər halda qayğı gözlədi, qışın oğlan çağında alça arzulayan, arzusunu həyat yoldaşına söyləyən, həyat yoldaşının da gedib yerin altından da olsa həmin alçanı tapıb gətirməsindən xoşhal olan bəxtəvər hamilə xanımlar barədə çox eşitmişdi, təəssüf ki, buna bənzər bir şeyi Madarda görə bilmədi. Yalnız hərdən onun günbəgün irilənməkdə olan qarnına baxıb “Hə, oğlum haçan dünyaya gələcək” sualını ünvanlamaqdan başqa Madarda bir dəyişiklik sezə bilmədi.
2005-ci ilin 11 aprelində qızı dünyaya gəldi.
Analıq hissi necə də təkrarsızdır, gözəldir. Körpə qığıltısı onu özündən alıb apardı. Körpənin qoxusu onu necə də məst elədi. Leyla Şıxlinskayanın Doğum evinə Madar yenə də sərxoş halda gəldi, böyük gül dəstəsi və bahalı şokoladla gəlmişdi, sevincək idi, Ülkər xəstəxanadan çıxanda da dostları üçün böyük bir ziyafət təşkil elədi.
Ata olmasının sevincini cəmi bir neçə gün yaşadı, sonra uşaq da onun üçün adiləşdi.
Hətta bir dəfə Ülkəri təhqir də elədi ki, ay ləçər, canın çıxardı oğlan doğsaydın?
Ülkər Rüfətlə sevişdiyi dönəmdə əhd eləmişdi ki, sevgi ilə doğulan oğluna Elvin, qızına Aylin adını qoysun. Əhdinə əməl elədi, Madarın uşağa hansı adın qoyulmasını vecinə belə almadığını görüb Nazəndə xanıma dedi ki, Aylin adından çox xoşum gəlir, istəyirəm qızıma Aylin adını qoyum.
İlk nəvə sevincindən qanad açıb uçmağa hazırlaşan Nazəndə xanımla Ərəstun müəllimin öz qərarları var idi, onlar da özlüklərində gələcək nəvələrinə adlar seçmişdilər, amma onsuz da talesiz olan gəlinlərinin ziddinə getməmək, onu bir az da əzməmək qərarı verib Aylin adıyla razılaşdılar.
Nəvəsini görməyə gələndə Qələndərov Zöhrəyə dedi ki, nəvəm kopya özümə oxşayır. Gör bir necə ciddi və qaraqabaqdır.
Həmin an evliliyindən bəri ilk dəfə Ülkər təklikdə qalanda atasına necə də bədbəxt olduğunu dilə gətirdi, onu əşya kimi satmaqda ittiham elədi. Dedi, dünyada ən gözəl dad sevginin dadıdır. Allah insanı sevgidən yaradıb.
Dedi, bax, sən ev alanda da, maşın alanda da, sevdiyin, bəyəndiyin evi, maşını alırsan. Amma daha önəmli şey ailə qurmaqdır. Sən ata olaraq məni sevgi ilə ailə qurmaqdan məhrum elədin.
Ülkər ilk dəfə ailə həyatının bütün acılarını ətraflı olaraq atasına danışdı, onu qızını bədbəxt eləməkdə ittiham etdi.
Qələndərov həmişə odlu-alovlu, hikkəli görünsə də, bu dəfə qızının üstünə getmədi, onu səbirlə dinlədi, sonda da “Sən daha anasan, balanın xatirinə hər şeyi yoluna qoymalısan, Madar da başı daşdan-daşa dəyəndən sonra sakitləşəcək, ailəcanlı olacaq” deyib qızı ilə xudahafizləşdi.
Bir dəfə isə lap dəhşətlisi oldu. Gecə Ülkərin yuxusu qaçmışdı, Rüfətin verdiyi kitabı götürüb vərəqləyirdi, şeirlərlə baş-başa idi.
Başımda tufan var, könlümdə çovğun,
Arzu da, fikir də qaldı yarıda,
Gör necə güclüsən,
sənin yoxluğun
Mənə ögey etdi doğmaları da.
Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
Yoxluğun gör necə qələbə çaldı,
Bugünüm ölüdür,
yaşar dünənim!
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.
Kitabı oxuyub sinəsinə sıxır, göz yaşı axıdırdı. Birdən başının üstündə ərini gördü, Madar onun əlindən kitabı qapdı, açıb Ülkər oxuyan şeirə göz gəzdirdi:
Fərəhim, sevincim dünəndə qaldı,
Dərdimdə, qəmimdə yaşarsan mənim.
Yoxluğun gör necə qələbə çaldı,
Bugünüm ölüdür, yaşar dünənim!
Gecənin bir aləmi necə çığırdısa, səsi dərin sükutda əks-səda verdi:
-- Demək, eşqə düşmüsən? Keçmiş sevgilini unuda bilmirsən?! Fahişəymişsən sən, xəbərimiz yox imiş!
Madarın valideynləri də gözlərini ovuşduraraq qaçıb gəldilər. Bu boyda həngaməyə səbəb yalnız Madarın Ülkəri bir kişi ilə tutması ola bilərdi, görəndə ki, Ülkərin kitab oxuması səbəbindən Madar bu cür oyun çıxarır, valideynləri ona dişlərinin dibindən çıxanı dedilər. Amma Madar sərxoşdu, hallı idi, özündə deyildi. Kitabı cırdı, pəncərəni açıb oradan küçəyə vızıldatdı.
Ülkər ərinin çıxardığı bu oyundan daha da əzildi, daha da sındı. Sanki kitabı yox, ürəyini cırdılar, pəncərədən çölə vızıldatdılar.
O arada Ülkərin yeganə təsəllisi balasını sinəsinə sıxıb ağlamaq idi. Bəzən fərqinə varırdı ki, körpənin üst-başını da yamyaş edib gözünün yaşları ilə.
Aylin günlə, ayla yox, sanki saatla, dəqiqə ilə böyüyürdü. Dil açması, yeriməsi də özünü çox gözlətmədi. Baba-nənə, bir də ana sevgisi ilə tam əhatə olunmuş uşağın çarpayısı, kolyaskası, paltarı ən bahalılarından idi. Onun əmziyi belə Amerikadan gətizdirilmişdi, qiyməti iki yüz qırx dollar idi.
Amma nə olsun?! Zahiri xoşbəxtlik arxasında böyük bir daxili nigarançılıq vardı, bu da atanın balaya diqqətsizliyi idi.
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)
BİR DİREKTOR, BİR ŞAGİRD - Zaur Yusifov və Arzu Eminli
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bol izləyicisi olan rubrikamız yenidən Bakıya qayıdıb. Xəzər rayonundakı 121 nömrəli tam orta məktəbdəyik. Direktor Zaur Yusifov və öncül şagird Arzu Eminli ilə görüşürük.
DİREKTOR
Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Yusifov Zaur Rəfail oğlu 20.02.1979-cü ildə Lerik rayonu Monidigah kəndində anadan olmuşdur. 1985-ci ildə Sabir Əliyev adına Monidiga kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1996-cı ildə ADPU-nin fizika fakultəsinə qəbul olmuş, 2000-ci ildə Universiteti bitirmişdir. 2002-ci ildə Lerikdəki İ.Nuriyev adına Qosmalian kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. 2004-cü ildən pedaqoji fəaliyyətini Lerik qəsəbə M. Bağışov adına 3 nömrəli tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. 2008-ci ildə Bakı şəhəri F.Bayramov adına 22 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam elətdirir.
ŞAGİRD:
Mən Eminli Arzu Zahid qızı 28 fevral 2008-ci ildə dünyaya göz açmışam . Bakı şəhəri Xəzər rayonu Əmirəhməd Quliyev adına 121 saylı tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Arzum ibtidai sinif müəllimi olmaqdır. Bədii kitab oxumağı çox sevirəm.
ESSE
“Unudulmaz tarix”
27 sentyabr 2020-ci il tarixində başlanan və Azərbaycanın qələbəsi ilə bitən «II Qarabağ müharibəsi» heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir. Azərbaycan xalqının igid əsgərləri tarix yazırdılar. Prezidentimizin müdrik siyasəti nəticəsində xalqımız "Dəmir yumruq" kimi birləşib düşmənə meydan oxudu. Üstündən illər , əsrlər keçsə belə, bu tarixi yazan qəhrəmanlarımız unudulmaz. Vətən uğrunda düşünmədən canını fəda edən igid əsgərlərimiz hər zaman Azərbaycan xalqı üçün var olacaq. Onlar ən müqəddəs və şərəfli olan Şəhidlik zirvəsinə yüksəlmişlər. Şəhidlik zirvəsinə qalxmaq hər
kəsə nəsib olmur. Bu zirvəyə təkcə cəsarətli, qeyrətli, şərəfli və müqəddəs insanlar yüksəlir. Şəhidlik zirvəsinə yüksələn insanlar ölməzdirlər və onlar ölümləri ilə tarix yazırlar. Şəhidlər bizim fəxrimizdir, qürurumuzdur.
Ümummilli Liderimiz Heydər Əliyevin unudulmaz ifadəsində söylədiyi kimi:
“Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlaycağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün çox gözəl örnək olub. Bundan sonra da örnək
olacaqdır. Mən tam əminəm ki, Azərbaycanın bugünlük nəsli də, gələcək nəsilləri də, bu şəhidlərin
qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, Respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq
nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər.”
Bizim igid, cəsarətli əsgərlərimiz Vətən Topaqlarını işğaldan azad edib döyüş meydanında tarixi ədaləti bərpa etdi. Azərbaycana qələbə yaraşır. Biz, azərbaycanlılar bütün dünyaya gücümüzü göstərdik!
Yaşasın, Azərbaycan, Qarabağ Azərbaycandır!
“Ədəbiyyat və incəsənət”
(13.13.2023)
Cavanşır Quliyev: “Bizim nəsil bəstəkarlar – Eldar Mansurov, Faiq Sücəddinov, mən Qara Qarayevin avanqardizm cərəyanının həvəsinə düşüb sənətə gəlmişik”
Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib bəstəkar Cavanşir Quliyevdir. Ondan müsahibə1998-ci ilin martında götürülüb.
“AZƏRBAYCAN ƏSGƏRİ” MARŞI BİR NEÇƏ DƏQİQƏYƏ YARANDI
Azərbaycan mədəniyyəti tarixində iki möcüzə var, birini yeddidən yetmişə hamı əzbərdən deyir, ikincisini isə yeddidən yetmişə hamı oxuyur. Birincisi Səməd Vurğunun “Azərbaycan” şeiri, ikincisi isə Cavanşir Quliyevin “Azərbaycan əsgəri” marşıdır. Müsahibimiz öz orjinal bəstələri ilə Azərbaycan musiqi mədəniyyətinə yeni üslub gətirmiş, onu mövzu və məzmunca zənginləşdirmiş, istedadlı bəstəkar Cavanşir Quliyevdir.
-Cavanşir müəllim, çoxları sizi qarabağlı bilir. Bu, sənətlə məşğul olmağınızdanmı irəli gəlir?
-Atam, doğrudan da, qarabağlıdır. O, Şəkidə işləyəndə anamla tanış olub və mən Şəkidə doğulmuşam.
-Amma, deyəsən, ana yox, ata tərəfə çəkmisiniz.
-Niyə elə düşünürsünüz?
- Yumora da o qədər də meylli deyilsiniz.
-Bəlkə də, bu mənim şəxsi həyatım yox, xalqımızın, vətənimizin indiki durumu ilə bağlıdır.
-İlk bəstəniz yadınızdadırmı?
-İlk dəfə musiqi məktəbində oxuyanda tar üçün pyes yazmışdım. Bir müddətdən sonra gördüm ki, əhəmiyyətsiz bir şeydi, cırıb atdım.
-Çoxmu əsərlərinizi cırıb atmısınız?
-Uşaqlıqda yazdıqlarımın bəzilərini.
-Peşman deyilsiniz ki?
-Yox.
-Hərdən mahnı da oxuyursunuz, bu, hansı istəkdən irəli gəlir?
-Mənim müğənnilik səsim yoxdur. Özümü müğənni hesab etmirəm. Hərdən elə-belə , özüm üçün oxuyuram.
-Şöhrət sizi niyə belə gec gəlib tapdı?
-Şöhrət geniş anlayışdır, siz onu nə mənada işlədirsiniz?
-O mənada ki, uşaqdan-böyüyə hamı mahnılarınızı zümzümə eləsin.
-Bu mənada sizinlə razıyam, şöhrət məni bir az gec tapıb. Amma mən hələ konservatoriyanın üçüncü kursunda oxuyanda əsərlərimdən biri SSRİ Mədəniyyət Nazirliyi tərəfindən alınmışdı. Moskvanın adi bir tələbəni tanıması o vaxt üçün balaca məsələ deyildi. 1980-ci ildə SSRİ Bəstəkarlar İttifaqı tərkibində keçmiş sosialist ölkələri və ABŞ-da oldum. O vaxtlar məni xaricdə daha yaxşı tanıyırdılar, nəinki Azərbaycanda. Bəstəkar yalnız populyar əsər yazandan sonra sizin dediyiniz mənada məşhurlaşır. Qara Qarayev kimi böyük bəstəkarın çoxları yalnız adını bilir, amma bir əsərinin belə musiqisini bilmirlər.
-Fərdi üslubunuzun əsas cəhətini nədə görürsünüz?
-Ənənə ilə müasirliyin vəhdətində. Ənənə deyəndə milli xalq musiqisi, aşıq havalarını, müasirlik deyəndə isə dünya musiqi standartlarını nəzərdə tuturam.
-Sənətdə idealınız olubmu?
-Mən heç kimə pərəstiş etməmişəm. Sadəcə, sevdiyim sənətkarlar olub. Bunlar istər Azərbaycan, istərsə də dünyanın bütün böyük, istedadlı bəstəkarlarıdır. Mən onlardan öyrənmişəm və öyrənirəm. Dinləyicilərin idealı ola bilər. Amma sənətkar üçün bu ola bilmz. Əgər mən desəm ki, Çaykovski idealımdır, onda deyərlər ki, bəs, Rimski, Korsakov, bəs, Bethoven, bəs Bax, bəs Motsart...
-Özünüzü hansı sənət cərəyanının üzvü hesab edirsiniz?
-Bizim nəsil bəstəkarlar – İsmayıl Hacıbəyov, Eldar Mansurov, Faiq Sücəddinov, Elnara Dadaşova və eləcə də mən əsası Qara Qarayev tərəfindən qoyulan avanqardizm cərəyanının həvəsinə düşüb sənətə gəlmişik. Qarayev bu cərəyanın təkcə Azərbaycanda deyil, həm də bütün SSRİ-də banisi idi. Ona görə də Kommunist ideoloqları tərəfindən kəskin tənqid olunurdu. Onun vaxtsız ölümündə, yəqin ki, bu haqsız tənqidlərin də payı var.
-Bir müddət “Azkonsertbirlik”in bədii rəhbəri işlədiniz. Sonra niyə oradan uzaqlaşdınız?
-Üç il işlədim – 1990-93-cü illərdə. Sonra özümü o vəzifədə görə bilmədim və oradan çıxmalı oldum.
-Əbülfəz Elçibəyə həsr etdiyiniz mahnı niyə heç yerdə ifa olunmadı?
-Onu məndən niyə soruşursunuz? Oxuyanlardan soruşun.
-Bu əsəri kimin oxumasını istərdiniz?
-Bu, xor üçün yazılmış əsərdir. Arada bircə sətir qadın səsi üçün yazılmış solo musiqisi var.
-Qadın demişkən, zərif cinsə münasibətiniz necədir?
-Çox gözəl, bizi dünyaya qadın gətirir.
-Bu anaya münasibət oldu.
-Qadın bizə qız bəxş edib.
-Yəqin ki, siz əsil azərbaycanlı kimi onun adını çəkmək istəmirsiniz.
-Bu, avamlıq olardı, qızımın adı Aytəkindir.
-Deyilənə görə, müğənni qadınlar sizi çox sevirlər.
-Mən müğənni qadınlardan özümə qarşı xüsusi sevgi hiss etməmişəm. Əgər belədirsə, onlara ancaq çox sağ olun deyə bilərəm. Bunlar bir müğənninin bəstəkara simpatiyası kimi yozulımalıdır.
-Niyə mahnılarınızı ən çox Aygün Kazımovaya verirsiniz?
-Azərbaycanın qadın müğənniləri içərisində ilk dəfə olaraq əyləncəli ifa üslubunu səhnəyə gətirən Aygün olub. Buna görə onunla işləmək maraqlı idi. Ancaq Aygünün repertuarı zəif olduğuna görə il yarım ərzində onun üçün 10-15 mahnı bəstələdim. İstədim ki, öz repertuarı olsun. Bunu özümə borc bildim. Aygün həm səhnə davranışı, həm də ifa baxımından əsil estrada müğənnisidir.
-Estrada müğənnisi səhnədə quş kimi uçmalıdır. Maykl Cekson, Valeri Leontiev, Anjelika Varum, Tarkan, Zəfər Pekər, heç olmasa Faiq Ağayev və ya Brilyant Dadaşova kimi müğənnilər bu baxımdan estrada standartlarına daha çox uyğun gəlir. Aygünün getdikcə artan çəkisi onu səhnədə çox ləng göstərir.
-Elə görünür. Çünki operatorun necə çəkməsindən çox şey asılıdır. Bir də ki, Azərbaycan kişiləri köklüyü sevirlər. Dünya standartları ilə biz heç vaxt hesablaşmamışıq. Rəşid Behbudov və Zeynəb Xanlarovadan başqa heç kəs dünya səhnəsinə çıxa bilmədi. Amma iradınızla mən də müəyyən qədər razıyam. Hərdən deyirəm, ay qız, hara belə kökəlirsən?
-Siz siyasi mövqeyi olan sənətçisiniz. Bu maraq nədən doğur?
-Hamı kimi mən də Azərbaycan vətəndaşıyam. Yeddi milyon vətəndaşın hər hansı biri kimi mənim də buna haqqım çatır. Amma heç bir partiyaya üzv olmamışam və olmayacam. Məm Məhəmməd Əmin Rəsulzadənin ideologiyasını yeganə ideoligiya, Azərbaycan Demokratik Respublikasını isə ideal dövlət quruluşu hesab edirəm. Hakimiyyətdə kim olur-olsun, fəqri yoxdur.
-Siz Azərbaycan Demokrat Partiyasına marş yazmış və sonra onu geri almısınız. Bu nədən irəli gəldi?
-Mən bu marşı sifarişlə yazdım, niyə geri aldığımı deməyəcəm. Çünki bu olacaq Qurban Məmmədov və Sərdar Cəlaloğluya qarşı kampaniyaya qoşulmaq.
-Sifarişlə yazdığınız əsərlər müqabilində nə qədər haqq alırsınız?
-Bu kommersiya sirridir. Bəyəm, mən sizdən nə qədər qonorar aldığınızı soruşuram?
-Lazımdırsa, deyə bilərəm.
-Mən də sizə dövlət tərəfindən verilən maaşı deyə bilərəm: Milli teatrın musiqi hissəsinin müdiri, Konservatoriyada müəllim, İncəsənət Universitetində müəllim, “YUĞ” teatrında repetitor. Hamısı ilə bir yerdə 150 min manat maaş alıram.
-“Azərbaycan əsgəri” marşı necə yarandı?
-Şuşa və Laçında əsgərlərlə görüşdüm. Ona qədər mən əsgərlərə Bakı küçələrində rast gəlmişdim. Və həmişə fikirləşirdim ki, görəsən, bunlar vətəni necə qoruyacaqlar? Cəbhədəki əsgərləri görəndə məndə ordumuza inam oyandı, marş yazmaq qərarına gəldim. Əhliyyət Süleymanov adlı bir əsgər mənə bir mətn verdi və xahiş etdi ki, marşı bu mətnə yazım. Bakıya gələndə gördüm ki, marş yazmaq həvəsi məni içəridən dağıdır. Marş vur-tut bir neçə dəqiqəyə yarandı.
-Marşın mətni Mehmet Əmin Yurdakul adlı türk şairinə məxsusdur. Siz isə müəllif kimi Əhliyyət Süleymanovu göstərirsiniz.
-Mən bunu bilməmişdim, tələsik oldu, elə verdim. Sonra bunu mənə Akademiyadan bir oğlan dedi. Amma o dedi ki, guya bu şeir əsrin əvvəllərində yaşayan Əli Kami adlı Azərbaycan şairinə məxsusdur.
-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
-Anamı...
-Bəs, niyə ana haqqında mahnınız yoxdur?
-Musiqi ana haqqında hisslərimi ifadə etməkdə acizdir.
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)
BİRİ İKİSİNDƏdə Günel Balakişi Ağayevanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yenə şeir vaxtıdır, sizlərə Günel Balakişi Ağayevanın şeirlərini təqdim edirik.
ANAMDAN SONRA…
Çantasını açdım
İçindən bir kağız parçası tapdım.
Alacaqları varmış,
Baxdım ki, siyahı yazmış…
1. Corab
2.Ayaqqabı…
”Gülüm”ə dəri
Õzümə adi….
Səndən sonra …
aldım, anam,
Corab da, dəri ayaqqabı da…
Amma həmişə üşüdü ayaqlarım
İyulda da, avqustda da.
Həyatımı soruşsan,
Səndən sonra …
mənim həyatım
Sənin ayaqqabın kimidir,
Hər şey adi!..
***
Səni ağladanları ağlada bilmərəm,
Öldürə bilmərəm, döyə bilmərəm,
Mən heç qarışqaya qıya bilmirəm,
Baxma ürəyimin böyüklüyünə,
Əllərim balacadır,
Divə gücüm çatmaz.
Amma öpərəm...
Acı göz yaşından elə, öpərəm,
Çəkərəm qəmini, elə çəkərəm,
Gözlərinin qarasına qurban olaram,
Göz yaşın da gözəldir,
Gülüşünə çatmaz.
Ağardaram saçlarımı, ağardaram,
Ölərəm səninçün, elə ölərəm,
Səni yasa boğan, küsdürən mənəm?
Gedərəm ömründən, elə gedərəm..
Bir də əlin çatmaz.
***
Günah səslərindən qulaq batardı,
Yaxşı ki, kölgələr laldı.
Yaxşı ki, kölgələr danışa bilmir,
Kölgə ayaq altda qalıb uzandı
Yerin qulağı var, adamlar bilmir.
Kimin kölgəsisən, divardan baxan?
De, hansı günahdan bəslənib boyun?
Özünə ev tikib ümidlər yıxan,
Kimin ölüsünə çalınıb toyun?
Sən mənim deyilsən, sən mən deyilsən,
Allah, utanıram mən öz kölgəmdən.
Mən iblis deyildim, mən adam idim,
Bəs o ucalıqdan necə kiçildim?
Allah, bu nə zülmət, bu nə haraydı?
Yerdən də aşağı bir yermi vardı?
Burda dil-dil ötür dilsiz şahidim, kölgəm...
"Cəhənnəm"ə çağırır...gedim!
***
Mənə sənsizliyi öyrətdin, adam,
Gözümə görünmə, gözdən düşmüsən.
İlk günlər sənsizlik zülm idi, zülm.
İndisə sıradan, adi birisən.
Çoxmu dəyər verdim? Dəyməzmi idin?
Mən səndə yanıldım, inandım, yandım.
Yəni sən bu qədər dəyərsiz idin?
Səni sevdiyimə özüm utandım!
Gülüb yan keçəcəm, qarşıma çıxsan,
Ayaq səslərindən tanırdım hətta.
Xatırlayırsanmı? Sən indi yadsan!
İnsan yaşatdığın yaşar həyatda!
***
Mən elə bir məmləkətdə doğuldum ki,
Gənc ömürlər yarpaqlardan öncə solur.
Köçəri quşlardan öncə şəhidlər uçur cənnətə,
Belə gəlir payız fəsli bu yerlərə.
Bahardan doymayan pöhrələr,
Atadan doymayan körpələr...
Xəzan anaların saçından başlayır burda,
Torpaq ataların ürəyindən başlayır çürüməyə.
Mən elə bir məmləkətdə doğuldum ki,
Şəhid evləri UÇUQ-SÖKÜK damlardan asılmış
TƏZƏ bayraqlardan bəlli olur.
Mən elə bir məmləkətdə doğuldum ki,
Kişilər ya şəhid olur ölür,
Ya da utandığından ölür.
***
Bu qədər sevməzki adam adamı,
Səndə nə görmüşəm, bilmirəm axı.
Lap deyək, yaxşısan, yaxşı adamsan,
Dünyada səndən də yaxşı var axı.
Saatı soruşur, bayaq bir qadın,
Deyirəm, səkkizdir, oevdən çıxır.
Qorxdum, sərsəriyə çıxacaq adım,
Hamı mənə dəli gözüylə baxır.
Bu vaxt işə gedir, bu vaxt qayıdır,
Necə də əzbərdən bilirəm, ah, ah...
İkinin yarısı nahar edəcək,
Günümə-saatıma bax, Allah, Allah.
Çayını süzəndə ehmalca süzün,
Bardağı sonadək dolmamalıdır.
Mənim ömrüm-günüm, özüm,
Onunsa...
Yeməyi acısız olmamalıdır.
Bu qədər sevməz ki adam adamı,
Yenə ətirinlə ətirlənmişəm.
Adın batsın, unutmuşam adımı,
Sən gedəli yox olmuşam, itmişəm!
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)
Uğur üçün 15 keyfiyyət - Bir neçə planla hərəkət edə bilmək
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
14) Bir neçə planla hərəkət edə bilmək.
Uğur qazanmaq yolunda çoxplanlılıq da ən vacib faktorlardandır. Həyatda uğur qazanmış əksər liderlərin tərcümeyi-halına baxanda mütləq onların fəaliyyət yollarında A, B və hətta C planlarının olması aydın sezilir. Bir planla irəliləmək ilk məğlubiyyətdəcə mübarizəni dayandırmaq deməkdir. Amma yardımçı planlar mübarizəni davam etdirmək, son nəticədə nəyin bahasına olursa olsun qalibiyyətə qovuşmaq üçün əlavə şanslar deməkdir.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
6). Yaxşı əhatə dairəsinə malik olma.
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.
Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.
Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.
Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.
8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.
İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.
Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
9) Peşəkarlıq.
Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.
Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.
Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.
Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.
10. Öz xarakterini idarə etmək.
Uğur qazanmaq istəyən şəxs öz eqosunun fövqündə dayana bilən, onu istədiyi səmtə yönəldə bilən şəxs olmalıdır. Sən uğur marafonuna çıxmısan, amma tənbəlsən. Zəhmət çək, tənbəlliyin daşını at. Qətiyyətsizsən? Özünü dəyiş. Utancaqsan? Xilas ol bu xüsusiyyətdən. Qorxaqsan? Özündə güc aşıla.
İnsan xarakteri bir qatardır ki, bu qatar da ayrı-ayrı xüsusiyyət vaqonlarından ibarətdir. Son məntəqəyə getdiyin yolda hansı vaqon sənin sürətini azaldır, sənə hərəkətində maneçilik törədirsə ondan qurtulmalısan. Əks halda, mənzil başına yetişməyin mümkünsüz olacaq.
11) Məqsədyönlü olmaq.
Məqsədinə çatmaq üçün mütləq mücadilə etməli, adi çətinlikdən, uğursuzluqdan sınmamalısan. Həyatda heç nəyə insan asan nail ola bilməz. Uğur yolu daş-kəsəkli, eniş-yoxuşludur, onu minbir əziyyətə qatlaşaraq dəf etməlisən. Qarşına çıxan barılar, hasarlar yolundan sapınmağına səbəb olmamalıdır. Yalnız son nəticəyə hesablanmış inamla məqsədyönlü şəkildə uğura nail olmaq mümkündür.
12) Nikbin olmaq.
Nikbinlik – həyatda ancaq yaxşı cəhətlərə diqqət etmək, uğura, müvəffəqiyyətə, gözəl gələcəyə inanmaq, şən və gümrah olmaq dünyagörüşüdür. Sinonimi optimizm (optimus – latın dilində «ən yaxşı») olan «nikbinlik» həyat baxışı olaraq iddia edir ki, dünya gözəldir, istənilən çətin şəraitdən çıxmaq mümkündür, hər şeyin axırı yaxşı olacaq! Bir özünüz düşünün, uğura doğru yolda nikbin olmaq necə böyük əlavə dividendlər gətirir insana. İndi «nikbinlik» sözünün antonimi olan «bədbinlik» sözünə diqqət edin. İnamsızlığı, hər şeyin pis olmasını ifadə edən, qara rənglərə tapınan bu həyat baxışı insana necə uğur gətirə bilər axı?
Nikbinliklə bədbinliyin qarşıdurmasının ən məşhur misalı yarım stəkan suyun vəziyyətinin şərhidir. Nikbin deyir ki, stəkan yarıyacan doludur. Bədbin deyir ki, stəkan yarıyacan boşdur.
Fəlsəfədə alman filosofu Qotfrid Leybnitsin «Biz ən mümkün dünyaların ən yaxşısında yaşayırıq» sözləri ilə fəlsəfi təlim səviyyəsinədək yüksələn nikbinlik tək uğur qazanmaqçün yox, ümumən insan həyatı üçün faydalıdır. Belə ki, elmi tədqiqatlar sübut ediblər ki, nikbinlik insan sağlamlığına hədsiz fayda verir:
- köməksizlik və çarəsizlik halının yaranmasını aradan qaldırmaqla immunitetin möhkəmlənməsinə dəlalət edir;
- Sağlam həyat tərzinə, istənilən narahatlıq duyan kimi həkimə müraciətə sövq edir;
- dostluq, yoldaşlıq münasibətlərinə daha rahat nail olmaqla insanlar özlərinə sosial dəstək yaradırlar ki, bu da sağlamlığın qorunması şərtlərindən biridir.
Əziz oxucularım, həyatda nikbin olun, uğursuzluqları müvəqqəti sayın, problemlərin hamısını keçəri hesab edin, bədbəxt hadisələri təsadüfi hadisə sanın, əksinə, yaxşı hadisələri qanunauyğun, təbii sanın. Nə qədər nikbin olsanız, uğura doğru yolunuz bir o qədər sürətli olacaq.
13) Planlaşdırılmış həyat yaşamaq.
Uğur qazanmanın daha bir parametrinin planlaşdırılmış, qayda-qanuna tabe bir həyatın olduğunu zənn edirəm. Məncə, kortəbii, biz azərbaycanlıların təbirincə desək, «harda qırıldı, qırıldı» devizi ilə yaşanan, zərurətlərə deyil, daha çox təsadüflərə hesablanmış həyatda uğur qazanmaq qeyri-mümkündür.
\Həyatınızı lokal (gündəlik rejim) və qlobal (nail olmaq istədiyiniz mərtəbə) şəklində planlaşdırıb dəqiq xətt üzrə hərəkət edin. Yuxudan durma, qidalanma, iş və istirahət vaxtları – hamısının dəqiq vaxtı bəlli olunsa yaxşıdır. Təhsil alırsınızsa hansı sahədə çalışıb hansı mərtəbəyə yüksələcəyinizi, işləyirsinizsə dünyada hansı izləri qoymaq istədiyinizi, kimlərlə eyni mərtəbədə dayanmaq istəyinizi özlüyünüzdə planlaşdırmağınız yalnız sizə fayda verə bilər. Planlaşdırılmış həyatda təsadüfi nəsnələr, süni əngəllər, bağlı şlaqbaumlar az olur, xaotik, kortəbii həyatda isə addımbaşı gözlənilməzliklərlə, anlaşılmaz situasiyalarla üzbəüz qalmalı olursan.
Uğurunuza doğru planlı şəkildə irəliləyin, dostlar.
“Ədəbiyyat və incəsənət”
(13.12.2023)