Super User
“Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri” - Nadir MƏMMƏDLİ
AMEA Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli türk dünyasının bir incisi olan Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri barədə dəyərli bir tədqiq işi ortaya qoyub.
Mahmud Kaşğarinin bu ensiklopediyasında türksoylu xalqların dil özəllikləri, ləhcələri, milli-mədəni varlıqları toplanıb, dövrünə uyğun qrammatika və yazı qaydaları müəyyənləşdirilib.
Nadir Məmmədlinin “Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri” adlı tədqiqat işini diqqətinizə çatdırırıq.
V
"Divan" Xalid Səidin tərcüməsində
Dilçilik İnstitutunda "Divan"ı bəzilərinin nə vaxtsa gördüyünü iddia etməsi inandırıcı deyildir. Heç ola bilməzdi ki, türkologiya tarixi üçün çox qiymətli olan bu əsərin tapılmasına dəfələrlə istər mətbuatda illərlə göstərilən səylər, istərsə də hətta Xalid Səidin qızı Bəhicə xanımın xahişi ilə dövlət başçısının akademiyanın keçmiş rəhbərinə verdiyi tapışırıqlar nəticəsiz qalsın. Lakin bu kitabın axtarışına çıxan bütün ziyalıların fikri yekdil idi, hamı əlyazmanın Dilçilik İnstitutunda olduğunu təxmin edirdi. "Divan"ın axtarışına başlayanda məlum oldu ki, Dilçilik İnstitutunun kitabxanasına məxsus xeyli kitab, içində əlyazma olan qovluqlar aktlaşdırılıb arxivə göndərilmiş, müəyyən vaxtdan sonra makulaturaya veriləcək və ya yandırılacaqmış. Xalid Səid dünyasını dəyişəndən sonra artıq heç kimi bu "lazımsız" bağlamalar maraqlandırmamışdır.
Ümid yalnız bu bağlamalara qalırdı. Sonuncu ölən ümidlərdir! Bəli, "Divan"ının Dilçilik İnstitutunda olması ehtimalları düz çıxdı 2021-ci ildə Dilçilik İnstitutuna direktor təyin edildiyim ilk vaxtdan akademik İsa Həbibbəylinin təşəbbüsü ilə kitabın axtarışı uğurla nəticələndi. Düz 86 ildən sonra kəm taleli kitabın bəxti açıldı. "Şəhid bir alimin sahibsiz qalmış elmi mirası"nın tapılma tarixi məhz o gündən başlandı - 19 yanvar 2022-ci il. Qəzet məqalələrində, çıxışlarında "Divan"ın məhz Dilçilik İnstitutunda olduğunu söyləyən və ciddi axtarış aparmağı dəfələrlə məndən xahiş edən Azər Turana da dərin təşəkkürümü bildirirəm.
"Divan", sadəcə olaraq, köhnə latın qrafikalı əlifbada solğun sarı vərəqlərdə makinada yazıldığı və qarışıq şəkildə müxtəlif üslublarda, fərqli qələmlərlə redaktə olunduğu üçün ciddi bir əsər hesab olunmamış, kitabxana kartotekasına salınmamış, qaydalardan kənar olaraq, formulyar belə qoyulmamış, elə ona görə də heç kimin diqqətini çəkməmişdir. 2016-cı ildə Dilçilik İnstitutunun kitabxanasına yeni direktor təyin olunmuş Sevil Zülfüqarova yandırılacaq və makulaturaya veriləcək son günlərini gözləyən bu bağlamaları instituta qaytarmışdır.
Xalid Səidin Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərini Azərbaycan dilinə tərcümə etməsi dilçilik tariximizdə böyük bir hadisə kimi əbədi yaşayacağı deyilsə də, nədənsə bəzi mənbələrdə məşhur ərəbşünas alim P.Juze də ona bu işdə şərik qoşulur. Yerusəlim şəhərində, yoxsul pravoslav ərəb ailəsində doğulan Juze Rusiyaya gəldikdən sonra əsasən ruslar üçün səciyyəvi olan ad, ata adı və soyadını təhsil almaq üçün qəbul etmişdi. Vətənində isə o, Bəndəli ibn Səlib əl Cəuzi kimi doğulmuşdu. Rəsmən Osmanlı imperiyasının təbəəsi sayılan Juze 1899-cu ildə imperator II Nikolaya sədaqət andı içərək Rusiya vətəndaşı olmuşdu. 1920-ci ilin sentyabrında Qazandan Bakıya köçmək və Şərq fakültəsinin qurulmasında iştirakla bağlı dəvət almışdı. Bakıya gəldikdən az sonra P.Juze universitetin tarix-filologiya fakültəsinin Şərq şöbəsində işə başlamışdır. Universitet elmi şurası xidmətlərini nəzərə alaraq 1921-ci ildə onu ərəb filologiyası kafedrasının professoru təyin etmişdi. Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin açılması professor P.Juzenin adı ilə bağlıdır. Professor Juze Şərqşünaslıq fakültəsinin ilk dekanı seçilmiş və 1926-cı ilə qədər həmin vəzifədə çalışmışdı. Sovet Azərbaycanında genişlənən elmi-mədəni quruculuq prosesinin fəal iştirakçılarından biri məhz o olmuşdur. 1921-ci ildə Yeni əlifba komitəsinin üzvü seçilmiş, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin tarix-etnoqrafiya bölməsində fəal iştirak etmişdir. Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərinə Azərbaycanda birincilər sırasında diqqət yetirmiş, ədəbi abidə barəsində "Maarif və mədəniyyət" jurnalında ayrıca məqalə dərc etdirmişdi (1925, № 3, səh.32-38). X.S.Xocayev onun ardınca "Divan"ın ilk Azərbaycan nəşrini hazırlamışdı. Sovet rejimi onun konkret ölkənin kəşfiyyat şəbəkəsi ilə əlaqələrini də yaddan çıxarmamış, Fələstinə səfərləri nəzərə alınaraq 1940-cıı il fevralın 23-də ingilis casusu kimi həbs edilmişdir. İstintaq üçün xüsusi maraq doğurmadığı, qocalığı və ağır xəstəliyi nəzərə alınaraq, cinayət işi yarımçıq dayandırılmış, məhbus evinə buraxılmışdı. Lakin zindanda keçirdiyi vaxt, üzləşdiyi fiziki və mənəvi sarsıntılar təsirsiz qalmamış, P.K.Juze 1942-ci il yanvarın 20-də Bakıda vəfat etmişdi. (Bax: Vilayət Quliyev, https://old.525.az/view.php?lang=az&menu=7&id=44461#gsc.tab=0)
A.N.Kononov 1972-ci ildə Ankarada keçirilən Türkoloji qurultaydakı məruzəsində görkəmli ərəbşünas alim P.K.Juzenin Mahmud Kaşğarinin "Divan"ını ətraflı araşdırmaya cəlb etməsi, 30-cu illərin sonlarında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı X.S.Xocayevin sədrliyi ilə Mahmud Kaşğari "Divan"ının Azərbaycan dilinə etdiyi tərcüməsi ilə bağlı komissiya yaradılması, 1939-cu ildə tərcümənin özü və S.E.Malov tərəfindən redaktə olunması haqqında ətraflı məlumat verir. (Bax: AN.Kononov. İzuçenie "Divanu Luqat-it-turk" Maxmuda Kaşqarskoqo v Sovetskom Soöze. Tekst dokla da, proçitannoqo na Törkoloqiçeskom scezde v Ankare (sentəbrğ, 1972 q.). 1972-ci ilin sentyabrında Ankarada keçirilən Türkologiya Qurultayındakı məruzənin mətnindən "Sov türk" j.,.....) Bu barədə əlyazmanın 1-ci cildinin 1-ci qovluğunda da qeyd vardır.
Birinci cildin 315 səhifəlik birinci qovluğunun sonunda prof. S.E.Malov və A.N.Kononovun 16 may 1939-cu il tarixli redaktə qeydi (rusca): "Vse 315 str. otredaktirovali nauçn.redaktorı çl-kor. An SSSR prof.Ser. Malov, A.Kononov".
Hətta burada başqa görkəmli Azərbaycan alimlərinin adı tərcüməçilər siyahısında verilir, bircə "xalq düşməni" elan olunmuş Xalid Səiddən başqa.
Çox güman ki, tərcüməçilərin siyahısı A.N.Konov və S.E.Malovun əlavəsidir. F.D.Aşnin bu yanlışlığa aydınlıq gətirir: "1939-cu ildə artıq əsər tərcümə edilmiş və S.E.Malov, A.N.Kononov tərəfindən redaktə olunmuşdur. Lakin təqdim edəcəyimiz sonrakı materiallar bu məlumatın dəqiq olduğunu göstərmir. Etibarlı mənbələrə əsasən Xocayevin 1936-cı ilə kimi həyatda olması təsdiqlənir; bu kitab redaktə olunan zaman Xocayevin sağ qalması mümkün deyildi. Daha doğrusu, alimin faciəvi həyatı barədə məlumat yox idi." (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. Repressirovannaə törkoloqiə. Moskva, İzdatelğskaə firma "Vostoçnaə literatura" RAN, 2002, s.106.) Azərbaycan dilçilik tarixinə çox qiymətli töhfələr verən yuxarıda adları çəkilən bu alimlərin nə şəxsi işlərində, nə də elmi işlərinin siyahısında "Divan"ı tərcümə etmələri ilə bağlı kiçik bir qeyd və ya ipucu işarə verilir. Məsələn, əlyazmanın 1-ci cildinin 1-ci qovluğu, yenə səhifə 316-da tərcüməçi kimi iddia olunan Mirzə Əskərli" və P.K.Juzenin əlyazmanı məhz redaktə etməsi barədə qeydləri verilib (315 səhifədən ibarət azərbaycanca tərcüməsini ərəbcəsilə müqayisə edərək redaktə etdik. Redaktorlar M.Əskərli və Jüze. 25.IV.1940):
Ziya Bünyadov "Qırmızı terror" kitabında yazırdı: "Lakin onun (Xalid Səid - N.M.) ən böyük əsəri Mahmud Kaşğarinin məşhur lüğətinin tərcüməsi idi. Təəssüf ki, Xocayevin minnətdar şagirdləri öz müəllimlərinin əsərini elə adamlara aid edirlər ki, onlar 30-cu illərdə Mahmud Kaşğarinin varlığı barədə belə heç nə bilmirdilər. Bu zaman Xalid Səidi xoş bir sözlə xatırlamağı belə ona çox görürdülər." (Ziya Bünyadov. Qırmızı terror. Bakı, "Qanun", 2017, səh. 154.) Bəhicə xanımın söylədiklərindən: "İndi Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərinin tərcüməsinin atama aid olmadığını iddia edən adamlar var. Bilmirəm niyə belə deyirlər? Hətta "Divan"ın min səhifəlik əlyazmasını gördüm deyən yoxdur." (Azər Turan. "Divanü lüğat-it-türk"ün ilk tərcüməçisi Xalid Səid Xocayevin qızı Bəhicə xanımla söhbət". "Ədəbiyyat qəzeti", 14 noyabr, 2008.)
"Divan" Xalid Səid tərəfindən tərcümə olunduqdan sonra onun üzərində müxtəlif vaxtlarda ayrı-ayrı redaktorlar, "redaktə və tərcümə briqadaları" işləmişdir.
Onların adı və hansı səhifəyədək redaktə etdikləri barədə qovluqların sonlarında rus və Azərbaycan dillərində məlumat verilir.
İkinci qovluğun sonundakı qeyd:
315-630 str. otredaktirovali nauçn.redaktorı prof.Ser. Malov, A.Kononov. Baku, 1 avq., 1939.
Əsasən tərcümənin keyfiyyətini yoxlayan redaktorların (M.Əskərli və P.Jüze) 2-ci qovluqda qeydləri:
"316 səhifədən 630-cu səhifəyə qədər azərbaycanca tekstini ərəbcəsilə yoxlayıb redaktə etdik. Redaktorlar M.Əskərli və imza."
Üçüncü qovluğun sonundakı qeyd:
"Str. 631-861 otredaktirovali prof. Ser.Malov, A.Kononov. 16.VIII.39"
Üçüncü qovluğun sonundakı azərbaycanlı redaktorların qeydləri:
"631-861-ci səhifəyə qədər ərəbcə teksti ilə tərcüməsi və leksikoqrafik cəhətdən redaktə edildi. Redaktorlar: N.Əskərli və digər redaktorun sadəcə imzası. 20. V. 1940. Gecə saat 10."
Həmin material mütərcimlər tərəfindən axırıncı dəfə yoxlanılıb təshih olundu. S.Nizami və bir imza. 19.X.1940.
Üçüncü qovluğun son redaktəsi:
"1-861 səhifələri ərəbcə mətnilə birlikdə həmin lüğəti redaktə etdik. 27.XII.1946-cı il. Redaktorlar: Əsk M.R. (Əskərli M.R), Əfəndiyev C., Xəlifəzadə M."
Qeydlərdən də göründüyü kimi, kitab üzərində bir neçə redaktor heyəti işləmişdir, həm tərcüməyə müqayisəli şəkildə baxılmış, həm də lüğəvi vahidlərin düzgün yazılışı yoxlanılmışdır.
Redaktorların qeydlərindən məlum olur ki, müqayisələrdə ərəbcə mətnin "Mahmud bin əl-Hüseyn bin Məhəmməd əl-Kaşğari. Kitabu divanü lüğat-it-türk"ün (Alaaddin Kral mətbəəsi, İstanbul, 1941) fotofaksimile nəşri əsas götürülmüşdür. (Əlyazmanın I cildi, I qovluğu, səh.22) Kitabın çap mətninin üstündəki düzəlişlər gah əski əlifba, gah da latın qrafikasında qara və rəngli sadə qrafit qələmlərlə yazılmışdır.
Bütün bunlar 1939-cu ildən sonra baş vermişdi. Kabardin-Balkar Vilayət komitəsinin katibi Kumukova yazdığı məktubdan məlum olur ki, Xalid Səid "Divan"ın tərcüməsinə 1935-ci ildə başlamış və 1936-cı ildə bitirmişdir.
“Ədəbiyyat və incəsənət”
(23.02.2024)
POETİK QİRAƏTdə Rəfail İncəyurdun “Qorxu” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə əslən Qazax mahalından, məşhur İncə Dərəsindən olan şair Rəfail İncəyurd öz şeiri ilə görüşür.
Şair kimdən və nədən qorxur, niyə qorxur? Əlbəttə ki, bu qorxu dünyəvi qorxudur.
Əminik ki, onun bu şeirini bəyənəcəksiniz.
Şah Abbasın nağılından bu yana
Hökmü olan ağlı kəmdən qorxuram.
Bu dünyanın gedişatı bilinmir,
Heç bilmirəm kiməm, kimdən qorxuram.
Düşünürəm, könül açan nə yazım,
Hara getdi şən havalar, a sazım?
Heç xoşluğa yaxın gəlmir, ha yozum –
Mən özümün öz “bəlkə”mdən qorxuram.
Haqq olanı saxlayar kim, atar kim?
Sevgi bitsə o boşluğu tutar kin.
Dərdliyə ad uydurmağa nə var ki –
Bu urvatdan, bu görkəmdən qorxuram.
Qədərimdi qəbahətim, a qadam,
Bu hirsimdi, bu hikkəmdi, bu – qəbam.
Bu gün-sabah çartlayacaq bir qabam,
İçimdəki tünd sirkəmdən qorxuram.
Qorxa-qorxa qoruyuram ədamı,
Gizləyirəm dil altında nidamı...
Gör, nə günə qoydular ki, adamı –
Mən özümün öz kölgəmdən qorxuram.
Ədəbiyyat və incəsənət”
(23.02.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Ayranaşı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Ayranaşının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Ayran – 200 qr
§ Əvəlik – 20 qr
§ Yarpız – 22 qr
§ Pazı yarpağı – 40 qr
§ Yumru düyü – 15 qr
§ Buğda – 20 qr
§ Un – 8 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Irəvan mətbəxində sulu xörəklər – şorbalar “aş” adlanır. Digər mətbəxlərdə “dovğa” kimi tanınan bu yemək növünə Irəvan mətbəxində ayran aşı deyirlər. Ayran aşını hazırla- maq üçün əvvəlcədən qazanın dibinə düyü və ya bişmiş buğda, yumurta, un, duz, ayran əlavə edilib yaxşıca çalınır, daha sonra yerdə qalan ayran da əlavə edilib, ocağın üzərinə qoyulur və “oxləvi” (oxlov) ilə bulanır. Ayran asta-asta bulanır, qaynara düşdükdə isə əvvəlcədən yuyulub doğranmış göyərtilər əlavə edilir. Bir qədər də bu- layıb, qazanı ocaqdan götürür və şirli (emallı) ləyənlərə süzürlər. Göyərtilər üzərinə çıxmasın və çürüməsin deyə kənarda bir qədər də bulanır.
İradə Rizazadə (İrəvan şəhəri) eyni nüsxədə göyərtilərdən yarpız, qıjı, qoyunqulağı, qazayağı, çimən və ya unnuca, əvəlik istifadə etmişdir.
Ədəbiyyat və incəsənət”
(23.02.2024)
Qarayar çayımı böyükdür, Xəzər dənizimi?
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onu həyatda cəmi iki dəfə görmüşəm- Bir dəfə Şuşada, bir dəfə də Bakıda, salam-əleykum salam, bitdi! Cəhd edib iki dəfə gözlərinin içinə baxa bildim. Adama yovuşmasa da, necə deyərlər, gözlərindən mahiyyətinin surətini götürdüm. Oradan oxuduqlarımı sizə şərh etmək istəyirəm. Danışmağa mövzu var...
Kimdir o? Həddibuluğa çatana kimi, doğulduğu kəndin yaxınlığından axan "Qarayar" çayını dünyanın ən böyük çayı bilib sularında fəxrlə üzən, sonradan həyatını Xəzərə bağlayan, çox fırtınalardan keçən gəmi kapitanı, dəryalar cəngavəri, dalğalar fatehi, yenilməz dənizçi, dəmir qələmli müzəffər şair, sayt rəhbəri- Faiq Balabəyli!..
“Xəzər maraqlı dənizdir. Onun qoynunda işləmək, dənizçi olmaq çox şərəflidir. Xəzərlə dostluq etmək çətindir, gərək onunla dil tapmağı bacarasan. Elə ki, coşdu dözülməz olur, amma susanda adamın pıçıltılarını da eşidir. Dünyanın bir çox dənizində üzmüşəm, amma heç biri mənə Xəzərin yerini verməyib. Xəzər daha canlıdır, daha çılğındır. Əbəs yerə deməyiblər ki, Xəzərdə üzən dənizçi dünyanın bütün sularında sərbəst hərəkət edə bilər...”- söyləyir...
O, 1964-cü ildə Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra Bakıya üz tutub. Üç il 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. Məktəbi bitirən kimi əsgərliyə yollanıb, Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra isə təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində çalışıb. O, eyni zamanda iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib. Hazırda İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır. O cümlədən "müstəqil. az" saytına rəhbərlik edir...
İtedadlı adamdır, gözəl poeziya nümunələri, publisistik yazıları var. İndiyədək ondan yuxarı kitabı nəşr olunub...
Deyir ki,- "İlk dəfə 8-ci sinifdə oxuyarkən ədəbiyyat müəllimim Haqverdi müəllimə bir şeir göstərdim. Oxudu, “sən şair olacaqsan”, – dedi. Görürdüm ki, mənə qarşı daha həssasdır, istiqamət verir. Sonra şeirlərimi Böyükxan Bağırlı rayon qəzetində dərc etməyə başladı. Beləiklə, mən qələmə sarıldım. İndiyədək ürəyimdən nə keçibsə onu yazmışam. Nəsr, nəzm, publisistika və s.. Jurnalist fəaliyyətimlə bağlı da çox sayda yazılarım, reportajlarım və müsahibələrim olub. Dənizçi olsam da, bütün ömrüm boyu bədii yaradıcılıqla da məşğul olmuşam. Bu, bir növ mənim hobbimdir. Heç vaxt hansısa yazıma görə ədəbiyyat tarixində qalmağımı düşünməmişəm. Elə buna görə də yaradıcılığıma bələd olanlar yazılarımda səmimiyyət olduğunu qeyd edirlər...”
Görüşə bilməsək də hərdən zəngləşib dərdləşirik. İncə yumor hissi var, zarafat etməyi bacarır. Səsinin ahəngi gəmi kapitanının əmiranə səsindən daha çox, şair səsinə bənzəyir, yumşaqdır. Sosial şəbəkədə paylaşdığı yazılarından hiss edirəm ki, insanlar arasında olmağı xoşlayır. Necə deyərlər, insapərvər adamdır. O gün yubileyi olacağından xəbər tutub, mən də bu xəbəri əvvəlcədən sosial şəbəkədə paylaşdım ki, qələm yoldaşlarının da məlumatı olsun. Kim istəsə, ona yubiley hədiyyəsi kimi, bir yazı ərmağan etsin. Hər ikimizin dostu Rövşən Kəbirli altdan rəy yazıb bildirdi ki, onun haqqnda ən maraqlı yazını sən, ya da Aydın Can yaza bilər. Cavab yazdım ki, əgər publisistikanı səmaya bənzətsək, mən orada uzaqdan, lap uzaqdan közərən ulduzlardan biriyəmsə, Aydın Can o səmanı nura bələyən günəşdir...
Adətən, gəmi kapitanları qəlyan çəkən olurlar. Amma Faiq Balabəyli qəlyan yox, qəm-qüssə, necə deyərlər, millətin, xalqın dərdini çəkir. Şeirlər elə-belə yaranmır axı. Bəli, hər şeir, ağrı-acının, qəm-qüssənin məhsuludur. Öz aramızdır, şairlər də elə kapitandırlar, “SÖZ” dəryasında üzən gəmilərin kapitanları…
Bu səhərki yazıda artıq əməkdaşımız Heyran xanım qeyd edib, bu gün Faiq bəyin 60 yaşı tamam olur. Bu yaş ola bilər ki, gəmi kapitanları üçün çoxdur, amma şair ilhamının müdriklik dövrünün başlanğıcından xəbər verir. Faiq Balabəyliyə tükənməz ilham, uzun ömür arzulayırıq.
60 yaşın mübarək, şair!
“Ədəbiyyat və incəsənət”
(23.02.2024)
Böyük Mirzə Cəlilə sayğı ilə
Könül, “Ədəbiyyat və incəsənət”
Respublika Gənclər Kitabxanasında görkəmli dramaturq Cəlil Məmmədquluzadənin 155 illik yubileyi ilə əlaqədar silsilə materiallar hazırlanıb
Bu il Azərbaycan yazıçısı, dramaturq, jurnalist, maarifçi-publisist, naşir, ictimai xadim, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadənin 155 illik yubileyi tamam olur. Bu münasibətlə ölkənin ədəbi və elmi cameəsi müxtəlif tədbirlər planlaşdırıb. Bəs daim gəncləri maarifləndirən, oxucular üçün biliklər əxz etməyə münbit şərait yaradan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu münasibətlə nə kimi işlər görəcək? Sualıma cavab tapmaq üçün kitabxanaya üz tutdum. Və öyrəndim ki, görkəmli dramaturqun yubileyi ilə əlaqədar kitabxanada virtual kitab sərgisi və metodiki vəsait hazırlanıb.
Materiallarda Cəlil Məmmədquluzadənin 155 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tam mətni, yazıçının həyat və yaradıcılığı, elmi və pedaqoji fəaliyyəti haqqında geniş məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda Cəlil Məmmədquluzadənin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasının qoyulması, cəmiyyətin maariflənməsi, məktəb tərbiyəsi, milli şüurun inkişafı yönümündə əzmkarlıqla çalışmasından bəhs edilir. Virtual sərgi və metodiki vəsaitdə Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti, seçilmiş fikirləri, imzaları, görkəmli şəxslərin ədib haqqında söylədikləri dəyərli fikirlər, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar, əsərlərinin motivləri əsasında səhnələşdirilən filmlərdən fraqmentlər təqdim edilir. Yazıçının ədibi irsinin kitabxanalarda geniş təbliği məqsədiləhazırlanan metodiki vəsaitdə Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunan müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, müəllifi olduğu və haqqında yazılan kitab və məqalələrin biblioqrafik təsviri yer alır.
Görkəmli dramaturq Cəlil Məmmədquluzadənin 155 illik yubileyi ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında
https://ryl.az/multimedia/celil-memmedquluzade-155 yerləşdirilib.
Aşağıda təqdim etdiyim linklə daxil olub materiallarla tanış olmaq mümkündür.
https://ryl.az/funds/metodiki-vesaitler .
Bir sözlə, böyük Mirzə Cəlilin adına layiq bir iş ortaya qoyulub.
“Ədəbiyyat və incəsənət”
(23.02.2024)
MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”
Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Qaranlıqda şəhər qəbiristanlığının yanına çatan, sentyabr havasına uyğun nazik dəri gödəkçə geyinmiş adam oğrun-oğrun ətrafa boylanıb sonra gözətçi otağına baxdı. Otağın işığı yanmırdı. Heç kimin görmədiyinə arxayın olduqdan sonra sakitcə girişdən keçib qorxa-qorxa qəbirlərin arası ilə getməyə başladı. Bir qədər gedib üstündə hündür çardaq tikilmiş, iri qara mərmərdən başdaşı olan qəbirin yanında dayanıb ətrafı dinlədi. Sonra bir daha ətrafı gözdən keçirib üç dəfə astadan, daha çox fışıltını xatırladan fit çalıb gözləməyə başladı. Qorxudan bütün bədəninin əsdiyini hiss edirdi. Bir azdan həmin qaydada fitlə ona cavab verildi. Fit səsi gələn tərəfə baxanda yaxınlıqdakı qəbirlərdən birinin başdaşının arxasından çıxıb ay işığında kölgə kimi ona tərəf gələn başdan ayağa qara geyinmiş adamı görəndə dərindən nəfəs aldı. Ən azı indi bu vahiməli məkanda tək olmaması onu bir qədər sakitləşdirdi.
Adam yaxınlaşıb heç nə demədən qəbirin yaxınlığındakı ayaqları yerə bərkidilmiş skamyada oturdu.
-Məni niyə bura çağırmısan? Başqa yer tapmadın görüşməyə?-dəri gödəkçəli adam səsinin titrədiyini gizlətməyə çalışıb soruşdu.
-Sakit ol. Bura ən təhlükəsiz yerdir. Gecə vaxtı qəbiristanlıqda kim olacaq ki?-qara geyimli adam asta səslə cavab verib davam etdi:
-Sənə çatacaq bir əmanət var. Əvvəlcə onu götür, sonra nə etməli olduğunu deyəcəm.
Adam maraqla soruşdu:
-O nədir elə?
-Hələ əvvəlcə bir buna bax,-deyən qara geyimli adam əlini cibinə apardı.
Dəri gödəkçəli qaranlıqda cibindən nə çıxaracağını görmək üçün yaxınlaşıb bir qədər ona tərəf əyildi. Elə bu vaxt qara geyimli adam cibindən çıxardığı iri bıçağı sol böyründən düz onun ürəyinə sapladı. Zərbədən geri səndirləyən adamın ayağı qəbirin qırağına ilişdi, arxası üstə yerə yıxılıb çapalamağa başladı. Bıçaq sapına qədər ürəyinə işləmişdi. Qara geyimli heç nə olmamış kimi oturduğu yerdən qalxmadan onun canının çıxmasını gözlədi. Sonra qalxıb, əvvəlcə, cib telefonunu götürdü, ardınca bıçağı sancdığı yerdən çıxarıb qanını sildi və cibinə qoymadan bayaq gəldiyi istiqamətdə gedib qəbirlərin arasında gözdən itdi.
* * *
Gec yatsam da, adətim üzrə tezdən oyanmışdım. Duş qəbul edib yenidən qovluqdakı sənədlərin üzərində işləməyə davam etmişdim. Saat 11 idi. Telefonuma zəng gəldi. Zəng edən Gülanə idi. Dəstəyi qaldırdım.
-Cənab detektiv, əminəm ki, səhərdən dilinizə heç nə dəyməyib. Bu gün işdən icazə almışam. Qəşəng səhər yeməyi hazırlamışam. Gözləyim?
Gülünün danışmağıma imkan verməyib birnəfəsə dediyi bu sözlərdən sonra qısa cavab verdim:
-Gözləyin, xanım.
Əslində yaxşı bir səhər yeməyi yeməyim yerinə düşərdi. Bəzi planlarım var idi və ola bilərdi ki, bu gün bir də nəsə yeməyə imkan tapmayım. Həm də Gülüyə Stepanın gəlişi ilə yeni bir tapşırığa cəlb olunduğumu deməmişdim. Bunu üzbəüz söhbətdə ona eşitdirsəm, daha yaxşı olardı. Elə demədiyimə görə də zəng vurub yeməyə çağırmışdı məni. Yoxsa belə günlərdə o heç vaxt zəng etmir, nə qədər narahatçılıq keçirsə də, səbirlə mənim nə vaxt zəng edəcəyimi gözləyirdi.
Ayağa qalxıb əvvəlcə sənədlər olan qovluğu gizlətdim. Sonra pencəyimi geyinib evdən çıxdım. Təxminən iyirmi dəqiqədən sonra Gülünün mənzilinin zəngini basırdım. Qapını açan Gülünün əhvalı əla idi.
-Aha, belə gələrsən aaaa, hamınızın qəlbinə yol elə mədənizdən keçir.
-Bu mənə aid deyil. Mənim qəlbimin bir yolu var. O da sənin qəlbindən keçir.
Zarafatla dediklərinə komplimentlə cavab verməyim Gülünün onsuz da əla olan əhvalını daha da açdı.
İçəri keçib ayaqqabılarımı çıxartdım. Pencəyimi alan Gülü,-əllərini yu, mən də yeməyi gətirim,-deyib mətbəxə keçdi. Otağa keçib hazır süfrəyə oturanda Gülü mətbəxdən səsləndi. Ancaq orada işləyən televizorun səsindən nə dediyini başa düşmədim. Bir azdan əlindəki cızıldayan tavada gətirdiyi pomidor-yumurtanı süfrənin ortasına qoyub soruşdu:
-Çayını deyirdim, indi gətirim, ya sonra?
-Sonra gətirərsən. Yemək qaynardı, yavaş-yavaş yeyəcəm.
Qablarımıza yemək çəkib yeməyə başladıq. Necə acdığımı indi hiss etdim. Az qala saat 12 idi. Mənimsə, dünənki qonaqlıqdan sonra dilimə heç nə dəyməmişdi. Böyük iştahla yediyim yeməyin axırına çıxıb qabı kənara itələdim.
-Hə, doğrudan da, çox dadlı idi. İndi o qəşəng çayından da gətir içək.
Gülü bulaşıq boşqabları götürüb mətbəxə keçdi. Avtomatik olaraq saata baxdım. Düz 12 idi. Elə bu vaxt mətbəxdən yerə düşüb cingilti ilə sınan qabların səsi gəldi. Ardınca yaranmış sükutdan nəsə baş verdiyini başa düşdüm. Cəld mətbəxə qaçdım. Ətrafında boşqab qırıqları səpələnmiş Gülü mətbəxin ortasında dayanıb donmuşdu. Nə baş verdiyini başa düşə bilmirdim. Yaxınlaşıb çiyinlərindən tutub onu silkələdim.
-Sənə nə oldu Gülü, nədənsə qorxdun, cavab ver?!
Dili zorla söz tutan Gülü əlini televizora tərəf uzadıb, pıçıltı ilə dedi:
-Müharibə başladı, Bəxtiyar, müharibə başladı.
Bayaq onu eşitmədiyimi başa düşən Gülü mətbəxdəki kiçik televizorun səsini azaltmışdı. Cəld çevrilib televizorun səsini bir qədər artırdım. İctimai televiziyada günorta xəbərləri verilirdi. Aparıcı Jalə Həsənli həyəcanlı şəkildə bu gün səhər saatlarında düşmənin böyük qüvvə ilə hücuma keçdiyi, cəbhənin bütün istqamətləri boyunca şiddətli döyüşlər getdiyi barədə məlumat verirdi.
Cəbhənin bütün istiqamətlərində…
Bu indiyənədək düşmən tərəfindən ara-sıra atəşkəsin pozulması barədə verilən məlumat deyildi. Hətta Gülü də vəziyyəti doğru qiymətləndirmişdi. Aparıcının dedikləri, həqiqətən də müharibənin başlandığına dəlalət edirdi.
Yaxınlaşıb Gülünün qolundan tutub ona oturmağa kömək etdim. Uzatdığım suyu içdikdən sonra üzümə baxıb sakitcə soruşdu:
-İndi necə olacaq, Bəxtiyar? Axı müharibə qurbansız olmur. Cavanlarımız necə olacaq?
Həyəcanla mənə baxıb bu sualları verən Gülanəyə nə deyəcəyimi bilmirdim. Fikirlərim qarışmışdı. Bir yandan müharibə xəbəri, digər tərəfdən hazırlanan terror aktının ermənilərin bu müharibə planının tərkib hissəsi olduğu barədə ağlıma gələn fikirlər beynimdə sürətlə bir-birini əvəz edirdi. Deməli, məqsəd bu imiş. Düşmən müharibəyə başlayacağını bilirmiş. Əvvəlcədən buraya yerləşdirdikləri terrorçular da arxa cəbhədə çaxnaşma yaratmaq, əhali arasında panika salmaq məqsədi güdür.
Deməli, həm də vaxt yetişib. Hər an hər şey baş verə bilər. Bizsə faktiki olaraq nə terrorçunun yeri, nə ona kömək edənlər, nə də niyyətini həyata keçirəcək vaxt və yer barədə heç bir məlumata malik deyilik. Tələsmək lazımdır. Əlimi Gülanənin çiyninə qoydum.
-Möhkəm ol. Hər şey yaxşı olacaq. Əslində bu günü çox gözləmişik. Mən təcili çıxmalıyam. Neçə gün olmayacam, bilmirəm. Zəngimi gözlə,-dedim.
Son sözlər həmişə yeni əməliyyata başlayarkən dediyim sözlər idi. Gülü onları yaxşı bilirdi və indi də hər şeyi başa düşdü. Sakitcə üzümə baxıb sonra başını aşağı dikdi. Çıxıb arxamca qapını örtdüm. Birgə yaşadığımız illərdə ilk dəfə idi ki, Gülü məni qapıya qədər ötürmədi. Hələ də müharibə xəbərinin təsiri altında idi…
* * *
Daxili İşlər Nazirliyinin Mərkəzi aparatında təcili müşavirə çağırılmışdı. Səhər saatlarında alınmış müharibə xəbəri təxirəsalınmaz addımlar atmağı tələb edirdi. Respublika ərazisində, xüsusilə paytaxtda və cəbhəyanı rayonların ərazilərində təhlükəsizlik tədbirləri son dərəcə gücləndirilməli, müharibə vəziyyətinin tələb etdiyi xüsusi zəruri addımlar atılmalı idi.
Ağsaçlı general da müşavirədə iştiak edirdi. Onun müşavirədə iştirakı sırf paytaxtla bağlı veriləcək qərarlar, görüləcək tədbirlər barədə məlumatlı olması ilə əlaqədar idi. Hələ müşavirədən əvvəl rəhbərlik generalın son aldığı tapşırığı yerinə yetirməkdə davam edəcəyi, digər məsələlərlə məşğul olmayacağı barədə qərar vermişdi və bu barədə onu məlumatlandırmışdılar.
Düşmənin səhər saatlarında böyük canlı qüvvə və texnika ilə bütün cəbhə xətti boyu hücuma keçməsi çox şeydən xəbər verirdi. Alınan müharibə xəbəri ilə düşmən tərəfin paytaxtda terror aktı törətmək niyyətinin arxasında nə dayandığı məlum olmuşdu-Azərbaycanın döyünən ürəyi olan Bakı şəhərində əhali arasında vahimə yaratmaqla, arxa cəbhədə normal həyat ritmini pozmaq. Bu, generala və onun qrupunun üzvlərinə verilmiş son tapşırığın nə dərəcədə ciddi tapşırıq olduğunu bir daha təsdiqləyirdi.
General aparılan müzakirələrə qarışmasa da, müşavirədə səslənən hər bir fikri diqqətlə dinləyib yadında saxlayır, bəzən əlindəki qara cildli bloknota hansısa qeydlər edirdi. O, polkovnik Vəliyevə müşavirədən dərhal sonra qrupun üzvlərini toplamağı tapşırmışdı. Vəziyyət son dərəcə gərginləşdiyindən onlara veriləcək yeni tapşırıqlar ortaya çıxmışdı…
“Ədəbiyyat və incəsənət”
(23.02.2024)
“Mən sənsiz sınığam, param-parçayam...” - Əhməd Qəşəmoğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.
Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.
O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.
Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək) kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.
Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.
Azərbaycanım
...od səndən başlayır,
həyat səndən başlayır,
ruhumda ruhu olanım,
qəlbimdə odu olanım,
doğma Azərbaycanım.
...ilk səndən başlayır,
türk səndən başlayır,
tarixim tarixlərə
tarix olanım, işıq salanım,
doğma Azərbaycanım...
yer üzü kainatda
bir ulu varlıq, canlı,
sən onun qəlbi, ürəyi,
haqdan ilham alanım,
doğma Azərbaycanım.
barın-bəhrən, sərvətin,
təbiətin, niyyətin
nurdan gələn bir paydı,
dünyaya nur yayanım,
doğma Azərbaycanım.
Təbrizin qönçələri
Yağış yağır qızılgülün üstünə,
Torpaq ətri qəmli tarix danışır...
Damlalar içində yaşıl yarpaqlar
Sirlə dolu qönçələrə qarışır...
Təbəssümü Təbrizimə bənzəyən,
Ərklə baxan o qönçələr doğmadı,
Şirin-şirin nəğmə dediyi yerdə,
Kövrələn qönçələr qəfil ağladı...
...sular sellənər gedər,
sevdalar olmaz hədər,
üzün gülsün, Təbrizim,
daha bəsdi qəm, kədər.
bu yağan hansı qardı?
sədası gələn yardı...
gah yaxın, gah uzaqsan,
qəlbim qubar-qubardı...
Çox qarışıb bu yer üzü, Təbrizim,
Dar günümdə sən arxam ol, əhdim ol.
Mən sənsiz sınığam, param-parçayam,
Müqəddəs bir yoldu, sənə gələn yol.
həyat
nədən axı, nədən,
qəfil ölüm
aparır insanı birdən,
of demədən
soruşdum özümdən,
kədərləndim...
...qəmli-qəmli,
heç özüm də bilmədən
əl atıb qırdım
bir çinar yarpağını,
sıxdım əlimdə...
birdən, səs gəldi yarpaqdan,
ürək göynədən:
-nədən axı, nədən
qırdın məni,
of demədən?
Göyçə əsir qala bilməz!
Tanrıya üz tutdu türklər,
Ucalara göy dedilər,
Tanrı göydə, qüdrət göydə
Göyçə - göyə tay dedilər.
Göyçənin gülləri ayrı,
Göyçənin gölləri ayrı,
Göyçənin elləri ayrı,
O yerləri öy dedilər.
Göyçə əsir qala bilməz!
Dünya belə ola bilməz,
Ürək qəmli, gülə bilməz
Göz yaşına çay dedilər.
Türk eli boy verər, qalxar,
İldırım tək parlar, caxar,
Yağı diksinər, qarıxar,
Qəlblərində: – vay! dedilər.
Gükrəyir haqqın dənizi,
Göycəyə dayaq göy üzü,
Hər övladı - oğlu, qızı:
-Rədd ol, murdar hay! dedilər.
Dolanır Ələsgər ruhu,
Aləmi tutubdu ahı,
Yer-göy görür bu günahı,
O Allahdan pay dedilər.
Göyçə əsir qala bilməz!
Göyçə əsir qala bilməz!
Göyçə əsir qala bilməz!
Ta ayları say dedilər.
Kəlağayı
Gömgöy göy üzündə ağ lələk bulud,
Əlvan, titrək, ürkək, çox kövrək bulud,
Bizim kəlağayı sənə bənzəyir
Sanki yer üzündə gül, çiçək, bulud.
Doğma elin qız-gəlini, gözəli,
Hər biri göy üzü, gözün süzəli,
Bəlkə kəlağayı qeybdən, göylərdən
Bir bəlgə gəlibdi, eşqin əzəli?...
Qəlbi gözəllərə nur, yaraşıqdı,
Onları vəsv edən sirli işıqdı,
Ulu tarxlərdən bizə yadigar,
Yurdumun qüdrəti ona aşiqdi.
Dahi Ələsgər də tərif eylədi,
İlham aldı, məclislərdə söylədi,
Başında kəlağay olan hər gözəl,
Sanki məlakədi, sözsüz, öylədi.
Vardır bu örpəyin öz fəlsəfəsi -
Onda müqəddəslik, saflıq nəfəsi,
Qəşəmoğlu, xalqımın sabahının
Uğurlu yolunun müqəddiməsi.
Peşiman şeirlərim
Niyə dolanırlar başıma axı,
Mən ki, çağırmadım bu şeirləri.
Axı görürlər ki, kölgəyəm sanki,
Elə hey dindirir məni hər biri.
Onlar bir məlakə cilvəsindədi,
Sevimli bir gözəl işvəsindədi,
Görürlər bu aləm sevmir onları,
Hamısı kədərli, dərd içindədi.
Deyirlər dövranı bürüyüb bəla,
Bizi dindir, bəlkə bir əlac ola.
Vallah xeyri yoxdur deyirəm, onlar
Göz yaşı tökürlər baş yola-yola.
Elə dolanırlar mənim başıma,
Xəcalət çıxırlar lal tək qarşıma.
Görürəm hərəsi bir sətir yazır
Kədərlə ağlayan qəbir daşıma.
Allah, məni xilas eylə
Sən qurduğun
bir gözəl yer üzü vardı Allah...
qədrini bilmədi insanlar...
alimini, müdrikini qırdılar,
yoxsuluna, kasıbına
zülm içində işlədib,
var-yoxunu soydular.
qanını sordular...
yer üzünün
ahəngini pozdular,
zalım insanlar, tamahkar adamlar
bu aləmi
yaman günə qoydular!
qan içində çabalayan
bir yer üzü qurdular...
ha çalışdım kömək edim,
biləyimdən, iliyimdən vurdular...
Allahım! yer üzündə
yolu
sənin yolunda olan
yer qalıbsa,
məni ora apar,
qalmayıbsa, yaxamı
yer üzündən qurtar...
“Ədəbiyyat və incəsənət”
(23.02.2024)
“Bizim üçün darıxmışam...” - Günel Ağayevanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Şeir saatıdır, Günel Ağayeva şeirlərini təqdim edir.
TƏNHA
Mən heç kimin ən sevdiyi deyiləm,
Anam idi bircə sevən, o da yoxdur...
O da gedib...
Sonuncu kəz lap, lap çoxdan
Anam məni əzizləyib.
Mən heç kimin ən sevdiyi deyiləm.
Nə atamın balasıyam,
Nə balamın anasıyam,
Nə yarım var naz çəkən,
Nə də məndən ayrı düşən, həsrət çəkən
Sevgilimin ürəyinin yarasıyam.
Mən heç kimin ən sevdiyi deyiləm,
Bəlkə, elə bircə bundan yarımışam;
Pərvazlanıb ruhum uçsa uzaqlara,
Arxamca yananım yoxdur...
Nə anam var ki, yandıram,
Nə də yetim qalan balam,
Yoxdur...
Mən heç kimin ən sevdiyi deyiləm!
BİZİM ÜÇÜN DARIXMIŞAM
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
Sənə elə möhtacam ki bu aralar...
Duysan, görsən, dönərsənmi?
Elə yorub həyat məni,
Bilirsən ki, ağlamaqdan utananam.
Utanmaqdan keçib daha,
Hönkür-hönkür ağlayıram,
Göz yaşımı silərsənmi?
Hamı məndən üz çevirib,
Doğmalarım düşmən olub.
Qəlb sirdaşım, ürək dostum,
Bilsən, necə təklənmişəm,
Gəlib mənə ürək-dirək verərsənmi?
Baş götürüb getməyə də yerim yoxdur,
Satılmışam, dağılmışam, ruhum ölüb...
Mən savaşdan sonra qalan
Xaraba bir yurd olmuşam,
Mənə həyat verərsənmi?
Gənc deyiləm, daha canda can qalmayıb,
Oxşadığın saçlarımı görməyəli çox ağarıb.
Bir zamanlar mənə dərman təkcə səndin,
İndi hər yeməkdən əvvəl, sonra dərman...
Eşitsən ki, bir xəstən var,
Gəlib ona dəyərsənmi?
Hər gün qonaqsan yuxuma,
Ruhum gecə olan kimi sənə gəlir.
Nə olar ki, sən gerçəkdə mənə gəlsən,
Qucaqlasan, mən də sussam,
Qayğılardan uzaqlaşsam, səndə qalsam,
Yenə məni əvvəlkitək sevərsənmi?
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?!
İLAHİ, BU NƏ SEVGİDİR?!
Sən ağlıma gələndə
Ağlım başımdan gedir.
Heç özüm də bilmirəm,
Bu nədir, nə baş verir.
Nə çörəyim səndəndir,
Nə suyum səndən gəlir.
Bəs niyə acdır ruhum,
Bəs məndən nə istəyir?
Allah, bu nə sevgidir?
Özümü unutmuşam.
Bu adamı görəndən
Özümə yad olmuşam.
Bir insana bu qədər
Bağlı olmaq olarmı?
Ruh bədəndən ayrılıb
Başqa cismə dolarmı?
Ürəyim qan yerinə
Səni daşıyıb durur.
Ürəyim qan yerinə
Səni damardan sorur.
Adını zikr edirəm,
Dilim məni çaşdırır.
Başqa kimə səslənsəm,
Adını qarışdırır.
Mənim üçün adaşdır,
Hamı sənlə eynidir.
Ayrı-ayrı simalar
Gözlərimdə eynidir.
Elə sevimlisən ki,
İzini qısqanıram.
Ötüb keçdiyin yoldan,
Səni soraqlayıram.
Qoxunu rüzgar alır,
Yarpaq kimi əsirəm.
Qəzəbimdən küləyin
Nəfəsini kəsirəm.
Mənimdir o, qoxlama,
Mənim havam, suyumdur.
Addım atdığın hər yol
Mənim ömür yolumdur.
O yolun hər bucağı
Sevgi qoxur, eşq qoxur.
Gözüm yollarda qalır,
Baxır, ürək darıxır...
Tanrım, bu nə sevgidir?
Özümü unutmuşam...
Sənə qədər kim idim, –
Mən indi kim olmuşam?!
“Ədəbiyyat və incəsənət”
(23.02.2024)
UĞUR QAZANDIRAN KİTABLAR – Stiven Kovi, “Yüksək effektli insanların yeddi vərdişi”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək:
Stiven Kovi. Yüksək effektli insanların yeddi vərdişi
16 il öncə çıxan bu kitabın dünya üzrə 15 milyondan artıq nüsxəsi satılmışdır. On illərdir ki, bu superbestseller dəbdən düşmək bilmir.
Motivasiya ədəbiyyatı yazan bir çox digər müəlliflərdən fərqli olaraq Stiven Kevi uğura gedən yolun qısa olduğunu iddia etmir, o, özünüinkişafın, həyatı dəyişmənin hətta bütöv bir ömür qədər çəkə biləcəyini söyləyir.
Stiven Kovi uğur qazanmağı arzulayan insanlara nəyi tövsiyə edir?
- Bilib eləməmək bilməməyə bərabərdir. Bacarıb eləməmək isə bacarmamağa.
- Hadisələrin bizə necə təsir etdiyini biz özümüz müəyyənləşdiririk.
- Effektiv adam problemləri ilə deyil, imkanları ilə düşünür.
- İnsana başqasının öz əzablarına son qoyub şəraitə qalib gəlməsini dərk etmək qədər güclü heç nə təsir edə bilməz.
- Yalnız yerinə yetirilməyən istək motivasiya edə bilər.
- Öz gücünü özünə investisiya qoymağa sərf elə.
- Problem – mahiyyətcə biz onu gördüyümüz kimidir.
- İnsanlar dünyanı olduğu kimi görürlər.
- Qızıl qaydalara görə, başqalarına qarşı elə hərəkət edin ki, onların da sizə qarşı o cür hərəkət etmələrini arzulayasınız.
Bu kitabı «Fortune 500» reytinqində yer alan əksər kompaniya rəhbərləri oxumaq üçün öz işçilərinə tövsiyə edirlər, bəzi kompaniyalarda isə işçilər üçün bu kitabı oxumaq məcburidir.
Stiven Kovinin kitabında olduqca faydalanacağınız aforizmlərə, ayrı-ayrı pritça və əhvalatlara da rast gəlmək mümkündür. Məsələn, onun Abraxam Masloudan gətirdiyi bu aforizmi çox bəyənirəm: «Əlində çəkic tutan ətrafın yalnız mismarlardan ibarət olmasını düşünməyə meyillidir».
Bu isə gözübağlı, uğursuz insanlara xitab edilən xırda bir ibrətamiz dialoqdur:
- Siz nə iş görürsünüz?
- Beş saatdır ki, bu ağacı mişarlayıram.
- Bəs niyə əl saxlayıb mişarınızı itiləmirsiniz?
- Vaxtım nə gəzir! Tez mişarlayıb qurtarmalıyam.
Sonda bir vacib detalı da deyim. Bu kitab, hətta Stiven Forbs, Larri Kinq, Bill Klinton kimi dünyaşöhrətlilərinin də həyatlarını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(23.02.2024)
Üç gün dalbadal Rus Dram Teatrında möhtəşəm tamaşalar oynanılacaq
Könül, “Ədəbiyyat və incəsənət”
Cümə, şənbə və bazar. Ardıcıl 3 gözəl gün. Nə edək? Bəlkə teatra gedək? Bu dəfə də Rus Dram Teatrına.
Afişaya baxaq.
23 fevral – “Kapitan qızı”
Dərhal yada bu adda məşhur əsər yazmış rus şairi A.S.Puşkin düşür.
Elə düz də düşür. A.S.Puşkinin eyniadlı povesti əsasında səhnəyə qoyulan tamaşa imperatriça Yekaterinanın hökmranlığı dövründə Yemelyan Puqaçovun üsyan hadisələrini əks etdirir, zabit Pyotr Qrinev ilə qalanın komendantının qızı Maşa Mironovanın zərif sevgisindən söhbət açır.
Tamaşanın premyerası 2023-cü il iyunun 9-da olub və dahi rus yazıçısı A.S.Puşkinin anadan olmasının 225 illiyinə həsr edilib. Quruluşçu rejissor İqor Konyayevdir (Rusiya).
24 fevral – “Qürur və qərəz”
Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanı 2013-cü il aprelin 14-də tamaşaçılara təqdim olunub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır.
25 fevral – “Artistin taleyi”
Azərbaycan dramaturqu Elçinin pyesi əsasında hazırlanan tamaşanın premyerası 2016-cı il mayın 20-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti İranə Tağızadədir.
Azərbaycan teatr sənəti tarixinə adı qızıl hərflərlə yazılan aktyor Ərəblinskinin faciəli və sirli taleyi dramaturq və rejissor İranə Tağızadə tərəfindən ətraflı tədqiq olunur. Onun müəmmalı şəraitdə ölümünün səbəblərinin üstü hələ də açılmayıb. Lakin bununla bağlı şayiələr, əfsanələr, variantlar çoxdur.
Çox maraqlıdır!
Buyurun, gəlin, tamaşa edin!
Sizlərə xoş izləmələr!
“Ədəbiyyat və incəsənət”
(23.02.2024)