“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Şəmkirdə yaşayan İlham Zamanoğlunun şeirlərini təqdim edirik.
Kişilər
Durub əlləri qaşında
Baxdı uzağa kişilər.
Çətin yollar yoxuşunda
Düşdü qabağa kişilər.
Bir elə oğul oldular,
Döndülər nağıl oldular.
Təkcə haqqa qul oldular,
Sözünə ağa kişilər.
İnam, ümid qoymuşdular,
Hər şeyi mərd qoymuşdular,
Gedəndə yurd qoymuşdular
Biz qorumağa kişilər.
Dünyaya baxıb getdilər,
Bəlkə darıxıb getdilər.
Harasa çıxıb getdilər
Atları yorğa kişilər.
Qorxuram
Çox da Adəm ilk adamla yaşıddı,
Hər daşımla, hər qalamla yaşıddı.
Həm qədimdi, həm balamla yaşıddı,
Bu dünyanın sabahından qorxuram.
Özü boyda özü kimi böyüyür,
Böyüdükcə dərdi, qəmi böyüyür.
Öz bətnində öz qənimi böyüyür,
Bu dünyanın sabahından qorxuram.
Bağında bar, barında tam azalır,
Gözümüzdə nəsə müdam azalır.
Gedən gedir, gələn adam azalır,
Bu dünyanın sabahından qorxuram.
Özündədi öz qiyməti dünyanın,
Yox kiməsə bir minnəti dünyanın.
Yaxınlaşır qiyaməti dünyanın,
Bu dünyanın sabahından qorxuram.
Çox işləri dolaşdıqca düyündə,
Haqq aradıq min illərcə göyündə.
Gördüyümüz bu günü də bu gündə,
Bu dünyanın sabahından qorxuram.
Gedəcəyəm üzü haqqa
Taledəndi kövrək ömrü,
Belə qısa, gödək ömrü.
Kədərmiş, kəpənək ömrü
Çiçəklərin çiynindəcə.
Bir ömürdü, sürüb gedir,
Bu payızı görüb gedir.
Sarı yarpaq ölüb gedir
Küləklərin çiynindəcə.
Uçdular göyün üzünə,
Baxıb daşlı əlimizə.
Qəm töküldü üstümüzə
Lələklərin çiynindəcə.
Kimin günahıdı gəzən,
Dünəni, sabahı gəzən.
Füzuli ahıdı gəzən
Fələklərin çiynindəcə.
Hər şey bəlli özü Haqqa,
Ucatlmağa sözü Haqqa.
Gedəcəyəm üzü Haqqa
Mələklərin çiynindəcə.
Yeri
Qızım Nübara
Böyüyəndə tez çıxacaq yadından,
Sevəcəksən yıxıldığın bu yeri.
Gözümüzü yuxulara çox verib,
Yatdığımız balıncların qu yeri.
Bu odası, o sarayı bizimki,
Ötən qışı, gələn yayı bizimki.
Yaşamağa bircə payı bizimki,
Bu dünyanın dörddən üçü su yeri.
Böyüdüsə göz, baxmağı qorxulu,
Yaxınların bu uzağı qorxulu.
Böyüklərin yıxılmağı qorxulu,
Yıxılanı torpağın ağrı yeri.
Sən dünyanı tanıyınca, duyunca,
Neçə arzum böyüyəcək boyunca.
Yeriyəcək ürəyim də yanınca,
Gəl duruxma, ay dəcəlim, di yeri.
Dünya, hələ dərmə məni
Bu uzanıb göyə çatan,
Baxanda gözün qaralan.
Budaq-budaq arzulardan,
Dünya, hələ dərmə məni.
Çiçəkli nar ağacıyam,
Qalan nübar ağacıyam.
Kiməsə bar ağacıyam,
Dünya, hələ dərmə məni.
Məndən nə başın çıxacaq,
Başına işin çıxacaq.
Dişləsən dişin çıxacaq,
Dünya, hələ dərmə məni.
Dəyən bir qəmə düşəcəm,
Bilmirəm kimə düşəcəm.
Dəyib dibimə düşəcəm,
Dünya, hələ dərmə məni.
Qaldır yumruğunu
bir şeir oxu
Əli Hüseynliyə
Qaldır yumruğunu, bir şeir oxu!
Hər misra od verər, köz verər sənə.
Kimsə vermədiyi sözdən incimə.
Tarix özü meydan, söz verər sənə.
Hər sözün çəkisi, yükü böyükdü,
Bu yükü çoxunun dizi götürməz.
Çürük əqidələr elə çürükdü,
Səni çoxlarının gözü götürməz.
Elə bil döyüşə, cəngə çıxırsan,
Düylənib toppuza dönür yumruğun.
Göydə əllərini elə sıxırsan,
Nadan beyinlərə enir yumruğun.
Qatıb qabağına çox nadanları,
Uşaq hünərinlə qovdun, teylədin.
Görüb bu tökülən nahaq qanları,
Zamanın özünə üsyan eylədin.
Dünyanı haçansa vurub dişinə,
Bilərsən yaxşıdan yamanı çoxdu.
Ay qaqaş, dünyanın bu gedişinə,
Qaldır yumruğunu bir şeir oxu!
Qardaşım
Gözü dolub qəribsəyən Göyçənin,
Yağı kəsib yolunumu, qardaşım.
Dolu döyüb inildəyən Göyçənin,
Yamacını, yalanımı, qardaşım.
Yuxularda təkbaşına gedirsən,
Sən özünə, yaddaşına gedirsən.
Ocaq yeri, yurd daşına gedirsən,
Soruşmağa halınımı, qardaşım.
Qaynadımı yenə qanın içində,
Nələr çəkdin sən bu anın içində.
Axtarırsan yüz qoşmanın içində,
Ələsgəri, Alınımı, qardaşım.
Duyan kimdi ağrısını köçənin,
Bürünəndə "çuxasına" göy çənin.
"Göyçəgülü" havasında Göyçənin,
Ağrıları çalınırmı, qardaşım.
Dərdimi
Sevincimi paylamışam kim olsa,
Qıymamışam kimsə bölə dərdimi.
Kövrələndə kürəyində könlümün,
Gizləmişəm gülə-gülə dərdimi.
Səsləndirib qəfil bir səs gecəni,
Yarı ayıq, yarı sərməst gecəni.
Deyən də yox, sən də əbəs gecəni,
Yuxulamaz, yürgələmə dərdimi.
Xatirələr xatırlanır dünəndə,
Dindirəndə susan da var, dinən də.
Füzulinin təbi də yox sinəmdə,
Yazam şeirə, bir qəzələ dərdimi.
Gümanımı bir belə çaşbaş qoyub,
Kədərini sevincimə tuş qoyub.
Nə müddətdir əynimi nimdaş qoyub,
Dünya, gündə təzələmə dərdimi.
İstəyir
İstəyi yüzdü, mindimi? -
Məndən çox küsdü, incidi.
Hərdən höcət uşaq kimi
Gördüyünü hey istəyir.
Kiməsə dəyən şəri yox,
Bir qorxusu, xətəri yox.
Bu boyda yerdə yeri yox,
Daha səma, göy istəyir.
Mən bilirəm nədən, niyə,
Mənimlə yola getməyə.
Dərdini sərxoş etməyə,
Hərdən məzə, mey istəyir.
Bu qədər təlaş olanda,
Xoşa gəlmir xoş olan da.
Nəsə, cibim boş olanda
Ürəyim çox şey istəyir.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)