Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
ADSIZ HEKAYƏ
Qız toxum kimi böyüyürdü. Arvadı onu kənddən gətirib “Mətbəx işlərində mənə kömək edəcək” deyəndə pöhrə budaq kimiydi. İndi gözləri adam yeyirdi. Boylanıb kartof soyan qıza baxdı. Köynəyinin düymələrini bilə-bilə açıq qoymuşdu ki, döşləri yaxşı görünsün. Arvadının vanna otağından eşidilən kirli səsindən diksindi.
– Gəl kürəyimi kisələ!
Arvadı vanna otağının qapısını açıq qoymuşdu. Kisə söhbəti də araya çökmüş şübhəli sükutu dəbərtmək üçün idi.
Qız köynəyinin düymələrini bağlayıb qızılgül kimi soldu. Soyduğu kartofları istisi bədəninə tən gələn qaynar qazana atıb otağına çəkildi. Yerişi qazandakı su kimi “qaynayırdı”.
Vanna otağına girib kisəni əlinə keçirtdi. Arvadının bədəni qupquru idi.
– Bu tamaşa kimə lazımdır? – soruşdu.
– Sənə! – arvadı çiləyin puçunu burub suyun altına girdi. Boğuq səslə: – Səhər o qəhbəni evdən qovacam, – qışqırdı.
– Özün bilərsən, – deyib kisəni döşəməyə atdı.
Dəhlizdəki ev telefonu səsləndi. Vanna otağından çıxıb dəstəyi qaldırdı. Bacısı idi. Atasının onlara gəlib-gəlməməyi ilə maraqlanırdı.
“Yox”, – deyib dəstəyi yerinə qoyanda dəhlizdə dayanıb yazılı gözlərini ona zilləmiş qızı gördü. Qız istəyindən utanıb-eləmirdi. Xalatının yaxası da açıq idi. Arvadının səsi yenə istəyini otağa doğru itələdi.
– Kim idi?
Səksən səkkiz yaşlı atasının yadında üç-dörd ünvan qalmışdı. Bacısı bu ünvanların hamısına zəng vurmuşdu. Kişi yox idi. Həyəcanlandı. Əli titrəyə-titrəyə dəstəyi qaldırıb bacısının nömrəsini yığdı.
“Tapılmadı?”
“Yox”, – bacısı ağlamsındı.
“İndi gəlirəm, narahat olma”.
Dolabdan pul götürüb yüngül kürkünü əyninə geyindi. Arvadı harasa getdiyini bilib hamamdan: – Gecə vaxtı hara gedirsən? –qışqırdı.
– Kişi harasa gedib!
Arvadı dəhlizə çıxıb sallaq bədənini əsdirə-əsdirə: – Nə olacaq sənin atana? O yekəlikdə kişi itməyəcək ki... Denən, yenə qəhbə yanına gedirəm də, – qışqırdı.
Atası tez tapıldı. Daşlı bağın hasarına söykənib dayanmışdı. Həyəcandan əsən əlləri ilə atasının ağ saçlarını tumarlayıb bumbuz olmuş üzündən öpdü. Qucağına alıb maşına oturtdu. Şalvarının tozunu çırpıb qapını örtdü.
– Hardaydın, ay pa?
– Elə-belə, özümçün gəzirdim. Nədi, olmaz?
Atası hədsiz övlad sevgisindən əsəbiləşirdi. Ara-sıra onu bu cür itməyi ilə cəzalandırırdı. Ağlı-başı üstündəydi. Hərdənbir sözünü beş-altı dəfə təkrarlamağı olmasa, ona yaşını vermək olmazdı.
– Pa, məni çox istəyirsən?
– Yox.
– Niyə?
– Elə.
Bacısı əriylə birgə qapının ağzında dayanmışdı. Ağlamaqdan gözləri görünmürdü. Bacısından çox ərinə acıdı. Qayınatasının qocalıq nazını ürəkdən çəkən bu başıaşağı adam gözgörəsi üzülürdü. Atasının qoluna girib pillələrlə yuxarı qalxdı. Bacısının uşaqları da babalarının itməsindən qorxmuşdular. Atasının ayaqqabılarını çıxarıb mətbəxə keçdi.
– Nədən küsüb?
Bacısı: – Vallah, mən ona güldən ağır söz deməmişəm! – dedi.
– Bəlkə ərin deyib?
– O yazığın heç səsi çıxır?
Atası ayaqlarını sürüyə-sürüyə mətbəxə girib: – Kürəkən evində kimdi mənə baxan? Ata oğul evində ölər də. Bu yad yerdə mənə çörək verəcəklər? – qışqırdı.
Bacısı ağlamsına-ağlamsına qazanı mizin üstünə qoydu.
Önlüyü atasının boynuna bağlayıb yanında oturdu.
– Papa, ola bilməz ki, Güllü sənə yemək verməsin, – dedi.
– Eh... ay bala. Sən nə bilirsən bu evdə nələr olur? – pıçıldadı.
– Mən yedirim səni?
– Hə.
Üç-dörd qaşıq yeyəndən sonra atası yatmaq istədi.
Atasını yatağına uzatdı. Bacısının alnından öpüb küçəyə çıxdı...
Pillələri birnəfəsə qalxdı. Qapını açarla açıb içəri keçdi. Qız dəhlizdəki qarğı kətilə uzanıb çılpaq arxasını qapıya tərəf elə çöndərmişdi ki, görünsün. Heç nə düşünmədən qıza sarı getdi. Qız pişik cəldliyi ilə səsə çevrilib gülümsündü. Gözlərində ehtirasqarışıq uşaq şıltaqlığı vardı. Pıçıltıyla qızdan: – Hökümə yatıb? – soruşdu.
Qızın çılpaq bədəni istəkdən əsirdi. Barmaqları ucunda ona sarı gələ-gələ: – Bu gecə mənimlə yat, – dedi.
– Hökümə hardadır? – yenə arvadını soruşdu.
Qız: – O, səni başa düşmür, – deyib boynuna sarıldı.
– Bəs borc?
Qızın rəngi ağappaq ağardı: – Deyirəm axı, burda nəsə var. Yoxsa sən hara, o qaraçı hara?
– Mən o borcu demirəm.
Qızı qucağına götürüb otağa keçmək istəyirdi ki, içəridən arvadının səsi eşidildi.
– Gəlib çıxdın?
Səsini çıxarmasaydı, arvadı dəhlizə gələcəkdi.
– Hə... Qayıtdım, – dedi.
– Gəl yanıma görüm, papasının balası, – arvadının səsi də yatmamışdı.
Qızın dodaqlarından öpüb döşəməyə qoydu. Yataq otağına sarı getdi.
Yatmaq üçün soyunanda qızın otağından gurultu səsi eşidildi. Elə bil nəsə yerə düşüb qırıldı. Arvadı çarpayıdan döşəməyə atılıb səsə sarı qaçdı. Qız əlinin altına keçənləri divara vurub qırırdı.
– Sabahdan itil mənim evimdən, – arvadı son sözünü deyib qızın qapısını örtdü.
– Sabahı gözləyə bilmərəm, – qız ağlaya-ağlaya nöqtəni qoydu.
Arxasını qapıya çevirdi. Yorğanı başına çəkəndə ürəyi sancdı. Sol tərəfi bircə anda qurudu. Arvadını köməyə çağırmaq istədi. Səsi çıxmadı. Sinəsi yanırdı. Ayağa qalxmaq istədi. Bacarmadı. Alnında soyuq tər puçurlanmışdı. Bir damcısı sinəsinə düşüb cızıldadı. Arvadı cızıltıya boylandı. Elə bildi qız mətbəx sobasında tavaları yandırır. Mətbəxə doğru qaçdı. Soba yanmırdı. Cızıltının haradan gəldiyini anlaya bilməyən arvadı yataq otağına qayıdıb işıqları söndürdü.
– Nədir? Səsin niyə çıxmır? Ölmüsən? – soruşdu.
Dili tutulduğundan cavab verə bilmədi. Araya sükut çökdü. Sonra arvadı nə fikirləşdisə, çarpayıdan döşəməyə atıldı. Qapını açıb dəhlizə çıxdı. Qız qapının qarşısında dayanıb səssizcə ağlayırdı.
Arvadı qızdan: – Getməyə yerin var? – soruşdu.
Qız ağlaya-ağlaya: – Yoxdur, – dedi.
– Onda keç otağına.
Qız parça zənbilini döşəmədən qaldırıb suçlu yerişlə arvadına tərəf gəldi. Arvadı da kövrəlib qızın boynuna sarıldı. Qucaqlaşıb birlikdə ağladılar.
Qız otağına keçəndə arvadından: – Ərin neynir, yatıb? – soruşdu.
Arvadı gülə-gülə: – Ölü kimi yatıb, heç səsi də çıxmır, – dedi.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)