“Taleyin işinə qarışmaq günahdı…” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir. 

 

1.

Bapbalaca yuvamız vardı,

Pəncərəsi günəşə açılan,

Tavanı göydən asılı.

Divarlarında kölgəmiz qaçan,

Qapısında sevdamız yazılı.

Lap pəri masalı kimi.

Uçuq -sökük divarlarında gizlədirdi 

İçindəki bəxtəvərliyi.

Kimsəyə verməzdi sirrini.

Qorxusu yox idi itdən, pişikdən, oğrudan.

Bizimlə gecələyirdi,

Bizimlə oyanırdı yuxudan.

Ulduzları göy üzündən dərib 

sərirdik ömrümüzə.

Ocaq idi yuvamız, 

Qucaq idi yuvamız .

Cibimizdəki qəpiklərlə sayırdıq günlərimizi,

Xoşbəxt idik ən azı.

Bizi ağrıtmırdı dünəndə ilişib qalan xəyallar,

Bu gündən sabaha daşıyırdıq

 yalın yalavac  arzuları.

..Sonra üç əllə,

Daha sonra dörd əllə  

döydük qapımızı.

Açıldı qapılar,

Bağlandı qapılar .

Sonra daha cibimiz əlimizdən utanmadı,

Genəldi yuvamız,

Köhnəldi yuvamız.

İllər saçımızı,

Yollar ayağımızı yordu.

Biz yorulduqca

Dincəldi yuvamız.

...Daha pəri masalına inanmıram, bilirsən?

Yalanmış hamısı.

 

2.

Gecənin dörd yanı zülmətdi,

Ulduzlar zülmətə dustaqdı...

Ümid son işıqdı,

Arzular boş ümid,

Həyatsa oyuncaqdı...

Ömür olla öl arası zaman kəsiyidi,

Payız, qış həsrət yoğurur, 

Xoşbəxtlik bir baharlıq qonaqdı..

Yalanlar at oynatdıqca

Rəng verib rəng alır dünya,

Həqiqət son dayanacaqdı.

Sevdalar ayrılıqla başlayır,

Taleyin işinə qarışmaq günahdı..

Hamı Tanrıdan yapışır,

Tanrısa göydən,

Göy üzü calaqdı.

Rəngli -rəngli nağılla 

 alladır bu günü adam,  

Bir də baxırsan ki... Sabahdı...

 

3.

Bir yiyəsiz əsgər çəkməsi yol gözləyir 

bir dağın aşırımında.

Vətəndən aralı, gözdən, qulaqdan uzaq.

İpi boğazından asılı, 

üz gözü tikə-tikə,

cırmaq-cırmaq.

Başının üstündə külək əsir,

Yağış yağır..

Bir şair güzgü qabağında Vətənə

qalibiyyət şeiri deyir ,

Bir qız gecənin qaranlığında 

saçlarına ayrılıq taxır . 

Şair sözü, qız saçlarını alladır ,

Qulağı cingildəyir tarixin.

Sağ ayağı çəlik əsgər 

sol ayağıyla Vətənə çatır.

O yeridikcə yollar töyşüyür,

Torpaq qan -tərə batır.

Və..

Sözündən düşür şeir!

Özündən düşür şeir!

Gözündən düşür şeir!

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.