Super User
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
Afrikada - Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Qeyd edək ki, Reprezentativ Siyahıya təqdim edilmiş nominasiyalar arasında Azərbaycanın Türkiyə ilə birgə təqdim etdiyi "Balaban sənətkarlığı və ifaçılıq sənəti" habelə ölkəmizin iştirakı ilə hazırlanan "Təzhib sənəti"(Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan), "İftar və onunla bağlı sosial-mədəni ənənələr" (Azərbaycan, İran, Türkiyə və Özbəkistan) və "Sədəf sənətkarlığı" (Azərbaycan və Türkiyə) çoxmillətli faylları vardır.
UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya fayllarına dair qərar 6 dekabrda elan edilib.
Sessiyada çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni dəyər nümunələrini dəstəklədiklərinə görə təşəkkür edib. Daimi nümayəndə eyni zamanda faylların hazərlanmasında iştirak edən ölkələrə də öz minnətdarlığını bildirdi.
Qeyd edək ki, adıçəkilən nominasiya faylları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə AR Milli Komissiyası eləcə də qeyd olunan xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıqda ərsəyə gətirilmişdir.
Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 23-ə çatdı.
Şəkildə: Balabanın dünya miqyasında tanıdılmasında görkəmli balaban ifaçısı Əlixan Səmədovun böyük rolu vardır.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
Elmira Rəhimova: “Bəlkə, həyasızlıq edib ad alanlar haqlıdırlar?...”
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış müğənni Elmira Rəhimovadır. Ondan müsahibə1998-ci ilin avqustunda götürülüb.
TOZ İÇİNDƏ ÇİÇƏK
Qadınların çiçəyə bənzədilməsi o qədər də orijinal təşbeh deyil. Lakin sevimli müğənnimiz Elmira Rəhimova haqqındakı yazıya başlıq seçəndə bundan çox yerinə düşən bənzətmə ağlıma glmədi. Ona görə yox ki, Elmira xanımın həyat və fəaliyyəti çiçək və ilahi məhəbbət ölkəsi olan Hindistanla, böyük hind xalqı ilə bu və ya, digər dərəcədə bağlıdır. Ona görə yox ki, dünya kinosunda həqiqi məhəbbətin sarsılmaz qüdrətini əks etdirən ən məşhur hind filmlərindən biri “Toz içində çiçək” adlanır. Ona görə yox ki, Elmira xanımın repertuarında uzun illər boyu hind mahnıları mühüm yer tutub. Həm də ona görə ki, onun bütün həyatı, qeyri-adi sənəti etinasızlıq, laqeyidlik tozu içərisində öz təravətini heç vaxt itirməyən bir çiçəyi xatırladır.
-Elmira xanım, sizin son vaxtlar yenidən mətbuatda müsahibələrlə çıxış etməyiniz pərəstişkarlarınız üçün xoş bir sürpriz oldu...
-Bilirsiniz, mətbuata yaxın durmamağımın səbəbi odur ki, müsahibə heç nəyi həll etmir. Qəzetlərə verdiyim müsahibələrə də məni institutda birgə işlədiyim müəllimlər razı salıblar.
-Sonuncu dəfə fəxri adlar veriləndə məsul vəzifəli şəxslərin yadına düşmədiyinizə görə incimisiniz. Və bu incikliyinizdə haqlısınız. Amma pərəstişkarlarınızın bu işdə nə günahı var?
-Mən öz xalqıma çox minnətdaram. Hamıdan küsə bilərəm, təkcə xalqımdan yox. Yalnız indi, mənə fəxri ad verilməyəndə bütün dərinliyi ilə başa düşdüm ki, xalq məni nə qədər çox sevir, hələ ölməmişəm, bir müğənni kimi unudulmamışam. Bir dəfə küçə ilə gedirdim. Birdən iki nəfər qarşımda durub, gülümsəyə-gülümsəyə dedilər: “Elmira xanım, elə biz indicə sizdən danışırdıq. Təəccüb edirik ki, nə əcəb sizə fəxri ad vermədilər. Bu barədə qəzetdə də yazıblar”. Onlar əllərindəki “Ədalət” qəzetini mənə verdilər. Bu, mənim üçün ən böyük fəxri ad idi. Mən jurnalistlərdən çox razıyam. Sağ olsunlar ki, onlar bizi unutmurlar.
-Siz Əməkdar artist adını 1967-ci ildə almısınız. O vaxtdan otuz il keçib. Bu otuz ildə, doğrudanmı, sizin kimi məşhur müğənninin adını bir dəfə də olsun fəxri ad alanların siyahısına salmayıblar?
-Əməkdar artist adı mənim üçün çox əzidir. Bir dəfə Lüdmila Qurçenkodan soruşublar ki, o fəxri ad qalmayıb ki, almayasınız, bu adlardan hansı sizin üçün daha əzizdir. O cavab verib ki, Əməkdar artist adı. Çünki burada “əmək” sözü var. Mən Əməkdar artist adını Zeynəb xanımla birlikdə almışam. Biz bunun üçün əmək sərf etmişdik. İndi görürsən ki, kimsə bir dəfə Daşkəndə gedir, qayıdıb Əməkdar artist adı alır. Biri oturur evdə, iki-üç mahnı yazdırır, olur Əməkdar artist. Mənim adımı Xalq artisti alanların siyahısına bu otuz ildə dəfələrlə salıblar, amma hər dəfə adı başqasına veriblər.
-Özünüzə qarşı belə münasibəti nə ilə izah edə bilərsiniz?
-Bilmirəm, mən sənətdə olduğum bu qırx ildə bir dəfə də olsun heç bur qapı döyməmişəm. Heç kimdən, heç nə tələb etməmişəm. Gözləmişəm ki, nə vaxt məni görəcəklər. Fikirləşmişəm ki, mən onsuz da işimlə məşğul oluram. Özümü gözə soxmağın nə mənası var? Mən başa düşməmişəm və hələ də başa düşə bilmirəm ki, Xalq artisti adı almaq üçün daha nə lazımdır? Bütün ömrüm qatar relsləri, araba çarxları üstündə keçib. Yayın istisində, qışın şaxtasında o kolxoz qalmayıb ki, orada çıxış etməyim. Bəzən bir gündə üç kolxozda konsert verəndən sonra axşam da rayon mərkəzində çıxış etmişəm. Əllidən çox xarici ölkədə qastrolda olmuşam. Hamısında da solo-konsertlərlə. Bəlkə, səhv etmişəm? Bəlkə, hədsiz qürurum mənə layiq olduğum bu adı almağa imkan verməyib? Bəlkə, bu mənim nöqsanımdır? Bəlkə, həyasızlıq edib ad alanlar haqlıdırlar? Bu yaşımda həyatda tutduğum mövqeyə qarşı məndə bir şübhə yaranıb. Mən öz şəxsiyyətimi, qürurumu ayaqlar altına atmamışam. Təmiz adı hər cür fəxri addan üstün tutmuşam.
-Elmira xanım, tale sizə verdiyi şansları yaşıdlarınız olan müğənnilərin heç birisinə verməyib. Necə fikirləşirsiniz, bu şanslardan lazımınca istifadə etməməyin günahı öz üzərinizə düşmürmü?
-(ani sükut) Yəqin ki, düşür. Mənim ümumiyyətlə sənətə gəlişim bir az mübahisəli olub. Evdən müğənni olmağıma razı deyildilər. Dayım işə qarışandan sonra atamı zorla razı sala bildi. Səhnəyə çıxanda on dörd yaşım vardı. Müğənnilik edənə qədər bütün qiymətlərim əla olsa da, başım sənətə elə qarışdı ki, qiymətlərim aşağı düşdü.
-Hindistana dəvət almağınız necə olub?
-Mən uşaqlıqdan hind filmlərini çox sevirdim: “Avara”, “Cənab 420”, “Toz içində çiçək”, “Ana Hindistan”… Hind filmləri mənə sehrli nağıllar aləmini xatırladır, günlər, aylarla o nağıllar dünyasında yaşayırdım. Konsertlərdən birində oxuduğum hind mahnısını eşidən Hindistanın səfiri ifamı bəyənmişdi. Bir də gördüm ki, məni Hindistana dəvət edirlər. Müqavilə üzrə dörd il Robindranat Taqor Akademiyasının incəsənət fakültəsində təhsil almalı idim. Müsəlmançılıq üstün gəldi. Dörd il əvəzinə iki il oxudum. Vətən üçün, anam üçün darıxdım. Qayıtdım Azərbaycana.
-Deyilənlərə görə, hind valisinin oğlu sizə elçi düşüb.
-O iyirmi dörd yaşlı, çox gözəl, mədəni, alicənab bir oğlan idi. Öz fikrini mənə Hindistandakı Sovet səfiri vasitəsilə bildirmişdi. Bu izdivac o vaxtlar yeni yaranan Sovet-Hindistan dostluğunun güclənməsi işinə xidmət etməli idi. Səfir bunu mənə deyəndə, dedim, sizin qızınız var? Dedi hə, var, Moskvadadı, necə bəyəm? Dedim, gətir onu ver valinin oğluna.
-İndi buna peşman olmamısınız ki?
-Siz olsaydınız, peşman olmazdınız?
-Sonra hansı şansları əldən buraxmısınız?
-Mən Kəşmirdə istirahət edəndə Rac Kapur ora gəldi və mənim haqqımda film çəkmək istədiyini bildirdi. Film hind və Sovet kinemotoqrafçılarının birgə istehsalı olmalı idi. Yayda gəlmişdim Bakıya. Film çəkilişi ilə bağlı Moskvadan sifariş gəldi. Film “Mən mahnı oxuyacağam” adlanmalı idi. Kinostudiyanın işçilərindən bəziləri başladılar məni öyrətməyə ki, sənin haqqında biz özümüz film çəkərik, Moskva niyə çəksin ki? Mən də küyə getdim. Mənim haqqımda nəzərdə tutulmuş filmi məşhur rəqqas Mahmud Esenbayev haqqında çəkdilər. Bu, “Mən rəqs edəcəyəm” filmi idi.
-Toylara getmisinizmi?
-Heç vaxt! Bunu öz qüruruma sığışdırmamışam.
-İndiki şəraitdə müğənni üçün toya getmədən yaşamaq çətindir...
-Həyat yoldaşım müəllimdir. Oğlum Anand pedaqoji Universitetin coğrafiya fakültəsini bitirib. Hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaq istəyir. Özüm iki ildir ki, xarici Dillər Universitetində ingilis dili dərsi deyirəm. Allaha şükür, heç nədən qaragünlüyümüz yoxdur, dolanırıq birtəhər.
-Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?
-Əgər anam sağ olsaydı, anamı. İndi isə muğamlarımızı və oğlumu götürərdim.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
Russkoyazıçnı Poeziya boxçası
Sərtyel, “Ədəbiyyat və incəsənət”
“Gülüş klubu”nda çalışmışıq ki, bu gün də “Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur” şüarımıza sadiq qalaq.
Poeziya boxçası
(Bəziləri rus dilinə o qədər vurğundurlar ki, poeziyamızı bu cür əcaib-qəraib hala salırlar, inanın).
Yaxşı ki, qurtardı korona,
Ağaca qonubdur vorona.
Qarşına çıxsa da lev
Sən həyatı sev.
Qazanda qaynasın kartoşka,
Qapıda miyoldasın koşka.
Çox dadlıdır tabaka,
Qoy hürsün sobaka.
Əsas odur, mətləbləri qan.
Aldatmasın səni obezyan.
Yazdı heyvanlara dair.
Ruskoyazıçnı şair.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
Bizə Bütöv Azərbaycan ruhu yaşadıldı
Yusif Nəğməkar yazır
Çingiz Mehdupurun rəhbərlik etdiyi "Dalğa" musiqi qrupunun H. Əliyev adına sarayda "Təbrizin səsi" adlı geniş proqramlı konsertində o taylı-butaylı Azərbaycan aşıqlarının və müğənnilərinin birgə iştirakı baş tutdu.
Sənətkarların çıxışları və ansamblın repertuarındakı yeniliklər tamaşaçı alqışları ilə qarşılanırdı.
Gözləyirdik ki, Aşıqlar adına düzənlənən məclis ənənəvi olaraq "Ustadnamə" ilə açılsın, özü də Dədə Ələsgərin ustadnamələri əsasında. Amma, nədənsə belə olmadı...
Təbii ki, belə bir klassik və modern ansamblın yaradılmasında Çingiz Mehdipurun əməyi böyükdür.
Arzu edərdik ki, Çingiz bəy "Yanıq Kərəmi"nin əvvəlində uzun-uzadı mahnı gəzişmələrinə yol vermədən (solo), həm də havanı oturulu yox, ayaq üstə ifa edəydi...
(Bu xırda qeydlərimiz qoy tədbirin ümumi gözəlliyinə xələl gətirməsin)
Alqışlarla keçən konsert proqramının sonunda bütün iştirakçılara "Dədə Ələsgər ocağı" İctimai Birliyinin mükafatları təqdim olundu.
Bir gecə möhlətində bizə Bütöv Azərbaycan ruhu yaşadanlar var olsun!
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
6-cı hissə
Salam, Bakı
Ülkər buraxılış imtahanlarına səylə hazırlaşdı, Bakıya getmək, bu istibdaddan qurtulmaq indi onun yeganəamacı idi. Sanırdı ki, qəfəsdəki bir quşdur, Bakı -- əngin səmalar azadlıq idi onunçün. Üstəlik, Bakıda Rüfəti görə bilmək də mümkün idi, sanırdı ki, sevdiyi ilə hansısa küçədə mütləq üz-üzə gələcək. Hətta lap bərkə düşsə, oxuduğu universitetə də gedə bilərdi onu görmək üçün.
Bu arada Rüfətgilin elçiləri gəlmiş, əliboş qayıtmışdılar. Rüfət Ülkərə ismarıc göndərmişdi ki, niyə belə vəfasız çıxdın. Ülkər Rüfətə həqiqəti başa salmaq, atasının onunla bir əşya kimi rəftar etdiyini dilə gətirmək istəyirdi. Ən əsası da, Rüfəti görmək üçün ürəyinin başı dağlanırdı.
İmtahanda lap çox bal toplaya bilmədi, 285-də ilişib qaldı, bununla belə, Pedaqoji Universitetə daxil oldu. Sevincinin həddi-hüdudu yox idi. Bakıdakı mənzillərində qardaşı ilə qalacaqdı, təbii ki, qardaşı ona istədiyi azadlığı əsla verən deyildi, bununla belə, onun səadətinə qənim kəsilmiş atasından qurtulmaq, ona məzar kimi gələn mənzillərindən qaçmaq o vaxt əsl xilası idi.
Anası və bacısı ilə qucaqlaşdılar, hamısı xeyli kövrəldi, atası isə yenə barmağını silkələyib qadağalarını dilə gətirdi.
Zoğalı rəngli əl çamadanını atasının sürücüsü baqaja qoydu, beləcə Bakıya yol aldılar. Üç saatın tamamında artıq Gənclikdəki mənzilin qapısını açıb içəri daxil oldu. Qardaşı evdə yox idi. İkiotaqlı mənzil xeli rahat, komfortla təmin edilmiş mənzil idi, beşmərtəbəli “xruşşovka”ydı, önündə bina olsa da, yan tərəfdən baş küçəyə mənzərə açılırdı. Şütüyən avtomobillər, ora-bura tələsən insanlar rayondakı sükunətli, darıxdırıcı həyatdan qopmasına, xeyli şən və maraqlı həyata qədəm qoymasına dəlalət edirdi.
Qardaşı yataq otağında məskunlaşmışdı deyə, o da qonaq otağında özünə guşə düzəltdi. Divana gətirdiyi örtüyü saldı, paltarlarını şkafa yığdı, anasının qoyduğu azuqələri soyuducuya doldurdu.
Ev səliqəsiz və çirkli idi, tozsoran maşını qoşdu, otaqları və mətbəxi təmizləyib, əşyaların tozunu da əsgiylə silib vanna otağına keçdi, ora da əl gəzdirdi. Özündə bir yüngüllük hiss edirdi, sonradan, bax, həmin o günü ömrünün ən xoşbəxt günləri sırasında xatırlayacaqdı həmişə. Televizoru açdı, kanalları dəyişdi. Bəh-bəh. Bugündən rahatca seriallara baxa biləcəkdi.
Özünə çay dəmlədi, eyvana çıxıb çay içə-içə küçəyə boylandı. Keçən hər gənc oğlanı Rüfətinə də oxşatdı həmin məqamda. Ürəyinə bir qüssə də doldu ki, elçiləri əliboş qayıtdıqdan sonra, yəqin, Rüfət onu unudub, bir şəhərli qızına uyub.
Düzdür, gecəyarı gəlib çıxan qardaşı Xəyal qanını qaraltdı, ona qoyacağı qadağaları sadalamaqla “sənə göz verib, işıq verməyəcəyəm” mesajını çatdırdı, bununla belə, Ülkər çox xoşbəxt idi.
Səhərisi gün də bu xoşbəxtliyin içində universitetə dərsə getdi.Sonra da universitetli günlər bir-birini təqib etməyə davam etdi.
Atası qardaşının altına maşın alıb qoymuşdu, 2003-cü ildi, Koreya maşınları dəbə minmişdi, qara “Hunday Aksent”i qardaşı bütün günü elədən-elə, belədən-belə çapırdı, Ülkəri universitetə aparıb-gətirmək də ona həvalə olunmuşdu, necə ki rayonda, burada da Xəyal ona göz verib, işıq vermirdi. Elə geyinmə, belə geyin. Orda oturma, burda otur.
Anası gündə iki-üç dəfə zəng edirdi, öyüd-nəsihətlər sıralanırdı. Birdən o gədəni (yəni Rüfəti) oralarda görərsən, sənə yaxınlaşar, aləm dəyər bir-birinə, qardaşın dəliqanlıdır, əlini qana bulayar, qurban sənə, ağıllı ol, başını aşağı sal, dərsə get, ordan evə gəl, küçə-bayıra çıxma…
Amma dərslərarası boş vaxtı olurdu, qızlarla Sahil bağına, Dənizkənarı bulvara düşürdülər, kitabxanaya qalxır, alış-veriş məkanlarına gedirdilər. Nəhəng şəhər Ülkəri sevindirir, ruhunu oxşayırdı. Ülkər tərzini, ədalarını, danışığını dəyişir, şəhərə tam uyğunlaşırdı. Küçədə oğlanların marıtlayıb baxmaları, söz atmaları, universitetdə tələbələrin ona söz göndərmələri, eşq elan eləmələri daim diqqət mərkəzində olmaq istəyən, gözəlliyi ilə, bədən mütənasibliyi ilə öyünən Ülkərə zövq verirdi.
-- Gözəl qız, sizinlə tanış olmaq olar?
-- Niyə məhz mənlə?
-- Çünki siz gözəllər gözəlisiz.
-- Doğrudan?
-- Əlbəttə.
-- Tanış olsaq nə olasıdı ki?
-- Sizə sevgimi izhar edərəm. Sizinçün göydən ulduz dərərəm.
-- Lap bu qədər?
-- Hətta bundan da o yana.
-- Yəni?
-- Sizi dünya varına bürüyərəm, xoşbəxtlərin xoşbəxti edərəm.
-- Lap təsirləndirdiz məni.
-- Nə deyirsiz? Nömrənizi verirsiz?
-- Təəssüf ki, yox.
-- Niyə?
-- Çünki mən deyikliyəm.
-- Nə dəxli? Ondan imtina elə, məni seç.
-- Nə danışırsız, atam başımı kəsər.
-- Heyif.
Bəzən tanışlıq istəyən oğlanlarla söhbəti uzadır, komplimentlərdən bir məmnunluq duyur, qrup yoldaşları dartıb aparmayınca oğlanlarla söhbətdən qopa bilmirdi.
Qızlarla gəzməyə çıxanda əl çantasında gödək ətək götürürdü, rəfiqəlik etdiyi Sevilgildə əynindəki uzun ətəyi çıxarıb onu geyinirdi. Şümal ayaqları gödək paltarda ona xüsusi yaraşıq verirdi. Bir dəfə saçlarını da kəsdirdi, Xəyal qırğın salanda, onu aldatdı ki, başıma sirkə düşüb, ona görə kəsmişəm. O da inandı.
Həyatının yeni dönəmi başlamışdı. Arzularını atası məhv etmişdi, amma ümidlər ki ölmür, hər şey ola bilərdi. Rüfətlə qarşılaşaçağına inamı get-gedə artırdı, hara gedirdisə, gözləri sevdiyini axtarırdı. Üstəlik, elə Madar özü, tutalım, ondan imtina edə bilərdi. Həyatdı da. Kiminləsə rastlaşardı, sevərdi, ata-anasına da deyərdi ki, mən öz sevdiyimi alacam.
Möcüzəyə inana-inana Ülkər həyatını dayanan yerdən davam etdirməyə başlamışdı.
Hiss edirdi ki, onda sərgüzəştli həyata marağın işartıları var… Baxdığı teleserialların, uşaqlıqda evdə qapalı həyat yaşamağın (qadağan olunan meyvə daha şirin olar), öz xarici görünüşünə aludə olmanın -- hər birinin Ülkərdə formalaşan buxovları qırmaq, çərçivədən çıxmaq istəyində öz rolu var idi.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
Uğur üçün 15 keyfiyyət - Öz xarakterini idarə etmək.
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
10. Öz xarakterini idarə etmək.
Uğur qazanmaq istəyən şəxs öz eqosunun fövqündə dayana bilən, onu istədiyi səmtə yönəldə bilən şəxs olmalıdır. Sən uğur marafonuna çıxmısan, amma tənbəlsən. Zəhmət çək, tənbəlliyin daşını at. Qətiyyətsizsən? Özünü dəyiş. Utancaqsan? Xilas ol bu xüsusiyyətdən. Qorxaqsan? Özündə güc aşıla.
İnsan xarakteri bir qatardır ki, bu qatar da ayrı-ayrı xüsusiyyət vaqonlarından ibarətdir. Son məntəqəyə getdiyin yolda hansı vaqon sənin sürətini azaldır, sənə hərəkətində maneçilik törədirsə ondan qurtulmalısan. Əks halda, mənzil başına yetişməyin mümkünsüz olacaq.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
6). Yaxşı əhatə dairəsinə malik olma.
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.
Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.
Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.
Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.
8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.
İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.
Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
9) Peşəkarlıq.
Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.
Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.
Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.
Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
Tək adam - Ənvər Məmmədxanlı
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə ədəbiyyatşünas Dilarə Adilgilin görkəmli nasir Ənvər Məmmədxanlının 110 illiyinə həsr etdiyi “Tək adam” məqaləsini təqdim edirik.
ƏNVƏR MƏMMƏDXANLI – 110
Dilarə ADİLGİL
TƏK ADAM
Yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində anadan olmuşdur. 77 il ömür yaşayan Ə.Məmmədxanlı bütün şüurlu həyatını Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafına həsr etmiş, bu yolda sona qədər yorulmadan çalışmışdır. Fəaliyyəti dövründə müxtəlif idarələrdə, fərqli vəzifələrdə işləyən yazıçı “Azərbaycan nəsrində lirikanın görkəmli nümunələrini yaratmışdır”. Yaradıcılığının ilk qüvvətli nümunələrindən olan “Bakı gecələri” povestini 22 yaşında yazmışdı. Bu əsəri Ə.Məmmədxanlı yaradıcılığının bünövrəsi hesab etmək olar ki, üzərində neçə hekayətlər, dramlar, tarixi əsərlər dayanır. Elə ilk qələm təcrübəsindən ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, heç kimə bənzəməyən yolu, üslubu olduğunu təsdiq etmişdir. Ə.Məmmədxanlı nəsrimizdə lirik yazıçı kimi tanınmış, daha dəqiq desək, lirik-psixoloji-emosional nəsrin banisi adını qazanmışdır.
Bizə şair xalq deyirlər. Daha doğrusu, özümüz özümüzə deyirik. Haqqımız da var. Sözün peyğəmbəri Füzulidən “şair yox, şeir olmaq istəyən” Vaqif Səmədoğluna qədər poeziyamız uzun, zəngin və keşməkeşli yol keçib. Bizdə həmişə ürək “öndə” olub. Nəsrin tarixi isə cavandır. XVIII əsr Avropa və rus ədəbiyyatında inkişaf edib qəbul ediləndən sonra dalğa “tənbəl” Şərqə də keçdi. Biz də onun ilk öncüllərindən olduq. XlX əsrdən başlayaraq isə proza bizim ədəbiyyatın da liderinə çevrildi.
Nəsr ədəbiyyatda özünə yer edib təşəkkül tapdıqca poeziyanı arxada qoyur, qarşısında yeni dizaynları olan janr formaları əmələ gətirirdi ki, lirik proza da onlardan biri idi. Azərbaycan oxucusunun yaxşı tanıdığı A. de Sent-Ekzüperi, K.Paustovski, İ.Bunin, bəlkə də, heç tanımadığı, müasirimiz A. Makin lirik janrın nüfuzlu nümayəndələrindəndirlər. Rəsul Həmzətovun “Mənim Dağıstanım” povesti əsl lirik nəsr nümunəsidir. Lirizm 1960-cı illər ədəbiyyatında qol-qanad açmağa başladı, lirik nəsr təyini də başlanğıcını elə o zamanlardan götürdü. Bütün əsərlərdə lirika prozaya eyni dərəcədə daxil olmur. Bəzən təhkiyəni yüngülcə bəzəyir, bəzən isə bütün janrın spesifikasını dəyişir. Azərbaycan ədəbiyyatında isə lirik nəsrin yaradıcıları deyəndə ilk növbədə göz önünə xalq yazıçıları Ə.Məmmədxanlı və İ.Əfəndiyev gəlir. Eşidəndə nəsr və nəzm uzaq qütblər kimi düşünülsə də, əslində, biri digəri olmadan keçinə bilməz. Hələ A.S.Puşkin deyirdi: “Onlar bir nöqtədə tapışdılar. Daş və su kimi. Buz və alovtək. Və… şeirlə nəsr kimi”. Rus şeirinin nasirlərindən olan K.Paustovski yazırdı ki, nəsrin ritmi yazıçının şeiri absolyut qavramasından asılıdır. Coğrafiyasından, milliyyətindən asılı olmayaraq bu janrın nümayəndələrini birləşdirən xüsusiyyətlər – müəllif monoloqu (etirafnamə), qəhrəmanın əhval-ruhiyyəsi, “konfliktin əks cəbhələrdə surətlərin arasında deyil, daha çox surətin özünün özü ilə mübarizəsi”dir.
Orta çağın liriklərindən olan İ.Bunin yazırdı ki, rədd olsun süjet. Onu düşünməyə vaxt sərf etmə. Gördüyünü, sənə xoş gələni qələmə al.
“Bakı gecələri” povesti Ə.Məmmədxanlı qələminə xas romantik üslubun bir nümunəsidir. Bakı, xüsusən onun gecələri bizim ədəbiyyatın əbədi mövzusudur. Tək ədəbiyyatın yox, elə musiqinin, təsviri incəsənətin də. Bakı gecələrinin əsrarəngiz gözəlliyinə ilk diqqəti çəkən böyük proletar yazıçısı M.Qorki olmuşdu: “Gecə mən Bakıya dağ üzərindən baxırdım. Şəhərdə və Bibiheybət mədənlərində işıqlardan əmələ gələn gözəlliyə heyrət etdim. Bakı Neapol körfəzindən daha çox və daha sıx işıqlıdır”. Belə bir retrospeksiyadan sonra demək istəyirsən ki, sən gəl Bakını bir də indi gör. Hər gün gözəlliyinə gözəllik əlavə olunur, hər gecəsi dünənkindən işıqlı olur.
Sinən üstə hər addımım bir məhəbbət nəğməsi,
Qulağımda yollarının fısıltısı, hikkəsi,
Hər qarışın sevda dolu ürəklərin qibləsi,
Gözəl Bakım, gözəl Bakım!
Mən bu parçanı muğamatdan götürmüşəm, ona görə müəllifini bilmirəm. Bakı haqqında deyilmiş saysız-hesabsız sözdən seçdiyim bu…
Ə.Məmmədxanlının vəsf etdiyi “neft qoxulu, xəzrili-gilavarlı” şəhər 1935-ci ilin Bakısı olsa da, “günçıxan tərəf Qaraşəhər, ondan o yana Ağşəhər, düz qənşərindəki İçərişəhər, bu yandakı Bayıl təpələri” yerindədir. Amma necə? Daha abad, daha təmiz, çox modern. Əsərdə lirik “mən” öz vəzifəsini yerinə yetirərək hadisələri lirik atmosferdə təsvir edir. Qəhrəmanın təhkiyəsi hardasa bir etirafdır. Povestdə əsas aksent hiss və duyğulara edilir, təhkiyəçinin həyəcan və intonasiyası əsərin dilini, tərzini müəyyən edir. “Bakı gecələri” uzaq dağ kəndindən paytaxta oxumağa gələn yüzlərlə gəncdən birinin müşahidələrinə, yeni mühitə adaptasiyasına, yaşadıqlarına, “daxili katarsisi”nə həsr edilmiş, yazıçının özəl təqdimatında oxucuya çatdırılmışdır.
Əsər şeir kimi oxunur. “Elə haman gecənin hansı aləmindəsə, saatların diksinərək dayandıqları o sirli zamansızlıq anlarının birində, yuxu ilə oyanıqlıq arasındakı o titrək sərhəddə birdən qulağıma səs gəlmişdi”. Və ya – “O axşam Abşeronun ən gözəl axşamlarından biri idi, uzaqda payız dənizi gömgöy bir süfrə kimi açılmışdı”. Bundan gözəl şeir?
Ə.Məmmədxanlı bənzərsiz hekayə ustasıdır. Onun uğurlu janrı hekayədir. “Ayrıldılar”, “Ananın ölümü”, “Ay işığında”, “Karvan dayandı”, “Qızıl qönçələr”, “Baş xiyabanda” və s. hekayələri bu kiçik janrın klassik nümunələridir. Onun “Buz heykəl”i ilk oxuduğumuz hekayələrdən olub. Bu əsəri yazıçı 1944-cü ildə, müharibənin sonuna yaxın yazmış olsa da, təsvir edilən hadisə qanlı savaşın ilk qışında cərəyan edirdi. “Elə bil canlı, cansız – ətrafda nə varsa, donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır. Və indi ağappaq bir zülmət içində, gün çıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir”. Bu, körpəsini sinəsinə sıxıb düşmən təcavüzündən başını götürüb qaçan gənc anadır. Nəhayətsiz gecə. Arxada qana susayan yırtıcı düşmən, irəlidə ondan geri qalmayan qan donduran, qılınc kimi kəsən şaxta. Seçim yoxdur. Ana özünü düşünmür, təki balası xilas ola bilsin. Cəmi 3 səhifədən ibarət olan kiçik hekayə ana məhəbbətinə qələmlə qoyulmuş möhtəşəm heykəldir. Əslində, bu bir miniatürdür. Az sözlə çox şey demək, oxucuda hiss-həyəcan oyatmaq yazıçıdan həm dilin incəliklərinə bələd olmaq, həm də böyük ustalıq tələb edirdi. “Buz heykəl” 10 dəqiqəyə oxunan əsərlər siyahısındadır. Heç onun elə bir süjeti də yoxdur, necə deyərlər, “şəkil dəyişmir”. Ə.Məmmədxanlı bu hekayəsi ilə bir daha sübut etdi ki, oxucunun qəlbini tərpətmək üçün səhifələrin çoxluğu nə şərtdir, nə vacib. “Buz heykəl” bütün zamanların ana abidəsidir. Xalqımız üçün məşum 90-cı illərdə, daha yəqini, Xocalının işğalı günü bizim qadınların hərəsi balası qucağında bir buz heykələ çevrilmişdi. Düşmənin qovduğu xocalıların zəif nicat qapısını bəyaz stixiya da bir tərəfdən kəsəndə, aldığımız nəfəs ciyərlərimizi yandıranda şəxsən mən “Buz heykəl”i düşünürdüm. Hətta belə ağır əsər də dərin lirizmi ilə heyran edir. Bu artıq ruhla bağlı bir məsələdir. Ə.Məmmədxanlının nəsrini Səməd Vurğunun şeiriyyəti ilə müqayisə etmək olar. Ümumiyyətlə, Ə.Məmmədxanlı yaradıcılığında realizm və romantizm üzvi şəkildə birləşir. Elə şəxsi həyatında da. Hekayələrinin, demək olar, hamısı minor sonluqla bitir.
Nasirin yaradıcılığının əhəmiyyətli hissəsi Cənub mövzusuna həsr edilmişdir. II Dünya müharibəsi zamanı o, digər yazıçılarımız kimi Sovet ordusu sıralarında İranda olmuş, o tayda baş verənləri əsərlərinə köçürmüşdür. Müdriklərdən biri deyib ki, insan həyatı epopeya, ömrün illəri hərəsi bir hekayədir. Və əgər bu adam, üstəlik, əli qələmlidirsə, yaşadıqları duyğu və düşüncələrə geniş üfüqlər açır. Arazın o biri sahili Şimali Azərbaycan şair və yazıçıları üçün həmişə həssas mövzu olmuş, “sarı sim”ə toxunmayan, gərək ki, qalmamışdır. “Od içində” pyesi 1941-46-cı illərdə Cənubi Azərbaycanda gedən azadlıq hərəkatına, onun 1945-46-cı illər dövrünə, məğlubiyyətinə və acı dərslərinə həsr olunmuşdur. Əsərdəki detallı təsvirləri oxuduqca düşünürsən ki, bir xalqı zülm, istibdadla nə qədər sınamaq olar? Bir xalqın başına necə bəlalar gətirmək, bölmək, terror etmək olar? “Təbriz yenə qan içində çalxalanır, od içində yanırdı”, “Azərbaycandakı anarşıya son qoyulmuş, milli ruznamələr, məktəblər bağlanmışdır. Amma azəri dilindəki kitablar nə qədər yanırsa, qurtarmır…” “Od içində” həm adından, həm bütöv Vətən, onun azadlığı ideyası baxımından Y.V.Çəmənzəminlinin “Qan içində” və ya “İki od arasında” romanı ilə səsləşir. Hər iki əsərdə Azərbaycanın iki qonşu dövlətin əlində qalmağından, düçar olduğu fəlakətlərdən danışılır.
Yazıçı 1940-50-ci illərdə bir-birinin ardınca “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” kimi ona şöhrət gətirən dram əsərləri yazmaqla özünü dramaturq kimi də təsdiq edir. Bu səhnə əsərləri illərlə teatrların repertuarlarını bəzəyir. Ə.Məmmədxanlı pyeslərində quruluşun ideyalarını təbliğ etsə də, podtekst, ikinci dib, gizli dialoqlar vasitəsilə Azərbaycan həqiqətlərini auditoriyasına çatdıra bilmişdir. Necə deyərlər, məna haqqında düşün, sözlər özü gələcək, sahibi də götürəcək. Nazim Hikmətin “Şirvan gözəli” haqqında dedikləri bu düşüncənin davamı və təsdıqidir: “Əsl məqsədinizi dolayı yolla deyə bilmisiniz”. Satıcı kimdir, alıcı da odur.
“Şərqin səhəri”ndəki hadisələr 1919-20-ci illərdə Bakıda cərəyan edir və tariximizin mühüm dövrünün geniş mənzərəsini əks etdirir. “Abşeronda Avropa Asiyanı sıxışdırırdı. Xarici neft firmaları yerli neft sahibkarlarına göz verirdi, işıq vermirdi”. Pyesdə bənzətmələr iki, əslində, üç dünyanın müqayisəsidir. Yoxsullar, ağalar və qırmızılar… Bir tərəfdə “qapqara buruqlar arasında bir boşqab səməniyə bənzəyən bapbalaca bağça”, bir tərəfdə “o bir əlcə yerə” göz dikən xozeyin… “Qapqara cəhənnəm kimi neft mədənlərində ağ atlar qoşulmuş faytonda ağ paltar geyinmiş qız”… Mazutlu göldən əsgi ilə neft yığan uşaqlar. Bir tərəfdə qara, bir tərəfdə ağ, bir tərəfdə “qırmızı”. Az yaşayan Cümhuriyyət dövrünə ədəbiyyatımızda çox müraciət edilmiş, dövrün diktəsindən qırmızı irtıca süddən çıxmış ağ qaşıq kimi göstərilmiş, həqiqət onun arxasında qalmışdır. Lakin bunun özü də bir bədii priyomdur. Unudulmağa qoymamaq! Sovet dövrü klassiklərimizdən birinin dediyi kimi, “Rəsulzadə adını eşidən gələcəyin oxucusu maraqlanacaq, açıb-araşdıracaq”. Məqsəd çox halda buna hesablanmışdı. O dövrdə başqa cür mümkün deyildi, sözünü deyən ən yaxşı halda Sibirə göndərilirdi. Susanın da yolu ora idi, tərifləyənin də. Bəxtəbəxt idi. 1947-ci ildə yazılmış bu əsərə bir də bu gündən baxaq. Əsərdə Bəhruzla Dilarənin məhəbbətinin fonunda dramlar yaşanır, şəxsi və milli faciələrin şahidi oluruq. Hamı qaçanda Ağalarov deyir: “Siz gedin, mən qalıram. Mən bu torpaqdan ayrıla bilmirəm. Sinnim altmışı keçib, amma bir dəfə də olsun, bu başıbəlalı şəhərdən qırağa ayaq basmamışam. Sizin kimilər xoşbəxtdir, nə malınız var, oğru apara, nə imanınız var, şeytan apara”. Əlavə də olunur: “Onun dövr-aləm səyahəti həmişə Mərdəkan bağlarında qurtarırdı”. Etiraf edək ki, inqilabın düşməni üçün bu mövqe yumşaqdır, nifrət yerinə simpatiya yaradır, “gün gələr, qayıdarıq” da gələcəyə bir mesaj kimi görünür. Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” SSRİ Dövlət mükafatına layiq görülmüşdü.
Ə.Məmmədxanlının ən gözəl və yaddaqalan əsərlərindən biri də “Şirvan gözəli” lirik komediyasıdır. Bu ha tərəfdən baxsan, tipik sovet əsəridir. Pyes elmdə ehkamçılığa, dayaz düşüncənin tənqidinə həsr edilmişdir. Meşşanlığın gülüş hədəfinə çevrilməsi, professorlar – Vahidovlar və Zakirovlar ailələrinin elm və məişət zəminində gedən ixtilafları və onların övladlarının sevgisinin təntənəsi əsərin sadə süjet xəttini təşkil edir. “Şirvan gözəli” onun yaradıcılığında yeni bir abzasdır, komediyaya müraciət edən yazıçı təkrar bu janra dönməmişdir. Bu sintezdən ilk dəfə A.P.Çexov öz dram əsərlərində istifadə etmişdi. Lirik komediyanın xarakterik xüsusiyyətlərindən birincisi personajların sərt şəkildə mənfi və müsbətə bölünməməsidir. “Şirvan gözəli” haqqında akademik Bəkir Nəbiyev yazırdı: “Onun komik vəziyyətlər yaratmaq, komik konfliktin açılmasında lirik çalara ölçü duyğusu ilə yer vermək, idealın bərqərar olması üçün gülüşdən incə bir vasitə kimi faydalanmaq bacarığı bu əsərin mahiyyətini müəyyən edir”.
Ə.Məmmədxanlı ömrünün son 20 ilini görkəmli sərkərdə və siyasi xadim, qəhrəmanlıq simvolumuz Babəkin xalq azadlığı uğrunda apardığı mübarizəsinə həsr etdiyi mövzu üzərində çalışmışdır. Yazıçı sözün birbaşa mənasında Babək dünyasına qərq olmuş, “tarixi hadisələri, Babəkin şəxsiyyətini, dövrün siyasi, fəlsəfi, dini çərəyanlarını dərindən öyrənmiş”, tarixi həqiqətə yaxınlaşmışdır. Onun iş otağı, yazı masası 20 il izi itmiş tarixlə nəfəs almış, döyüş meydanına çevrilmiş, burada 225 mindən artıq ərəb əsgəri və sərkərdəsi “məhv edilmişdir”. “Babək” romanının orijinal təhkiyə üslubunu yazıçının bütün tədqiqatçıları qeyd edir. Elə qələm adamları var ki, sözlə çox gözəl “oynayırlar”, lakin qurduqları süjet banal, darıxdırıcıdır. Ə.Məmmədxanlının əsərlərində poetik istedadla mövzu, məzmun bir-birini tamamlayır. Onun ssenarisi əsasında rejissor Eldar Quliyev 1979-cu ildə tammetrajlı, 2 seriyadan ibarət “Babək” bədii filmini çəkmişdir. Ssenari yazmaq əsl sənətdir, əsərdən fərqli olaraq, kinonun formatına uyğunlaşmaq var. Özü də belə mürəkkəb mövzunu. Kim isə deyib ki, əsərin ekranlaşdırılması fili çamadana yerləşdirməyə bənzəyir. Lakin yazıçı bu işin öhdəsindən məharətlə gəlmiş, ən əhəmiyyətli, təsirli səhnələri ssenariyə daxil edə bilmişdir. Afşinin böyük Babəkə ittifaq təklif etməsi filmin ən uğurlu epizodlarındandır. Afşin “İran mənim olsun, Azərbaycan sənin” – deyir. Dünyada yeni müharibələr, torpaq davaları, qardaş qırğınları başlayanda həmin dialoq yada düşür. Bəşəriyyət –üstündən əsrlər keçməsinə baxmayaraq, hələ də dünyanı bölüb qurtara bilməyib. 838-ci ildə qalıb. Filmin Naxçıvanda gedən çəkilişləri üzüm yığımına təsadüf etdiyi üçün əhali kütləvi səhnələrdə iştirak edə bilmirdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman olduğu kimi, bu dəfə də məsələni operativ şəkildə filmin xeyrinə həll edir: “Eybi yox, Naxçıvan bu il üzümü az yığsa da, olar”, – deyərək, massovkanın təminatının təşkili üçün tapşırıq verir. “Babək”ə üzdəniraq qonşularımız tərəfindən hücumlar, təzyiqlər olsa da, tarixçilərimiz, elə müəllifin özü onları susdura bilmiş, sərkərdənin erməni millətindən olan Səhl ibn Sumbatın satqınlığı nəticəsində ələ keçdiyi tarixi faktlarla sübuta yetirilmişdir. Əslində, erməni xəyanətkarlığının kökləri və ənənələri daha qədim zamanlara gedib çıxır, necə deyərlər, şeytan hər zaman oyaqdır. Bu gün də “Google”da “Spartakı kim satıb?” axtarışı versək, kilikiyalı pirat tərəfindən aldadılıb məhv edildiyi faktı aşkarlanacaq. Əlavə də olunacaq ki, kilikiyalılar müasir ermənilərin babalarıdır. Bu qədər bəsit. Hətta bizim olmayan belə yuxuyozma da var ki, əgər yuxuda erməni görmüsünüzsə, çox ehtiyatlı olun. Sizi ya aldadacaqlar, ya da xəyanət edəcəklər. Film böyük müvəffəqiyyət qazanmış, 60 ölkə tərəfindən alınmışdır. Azərbaycan SSR-in ən bahalı filmidir. “Babək”dən heç cür ayrıla bilməyən Ə.Məmmədxanlı 1975-ci ildə “Xürrəmilərin ağ şahini” dramını yazır. Bununla da ürəyi soyumur, mövzu üzərində işi “Babək” romanı ilə davam etdirir. Beləliklə də, “milli ədəbiyyatımız qiymətli, dolğun məzmunlu və orijinal keyfiyyətli tarixi bir romanla zənginləşdi”. Roman yazıçının ölümündən sonra işıq üzü görmüşdür. Deyirlər, qəhrəmanlar ölmür, onların ömrü xalqının ömrü qədər olur. Hər il Babəkin rəmzi doğum günü – 26 iyun tarixində Güneydəki azərbaycanlılar Babəkin ruhuna ehtiram olaraq Bəzz qalasına yürüş keçirirlər.
Bundan başqa, Ə.Məmmədxanlı “Fətəli xan”, “Leyli və Məcnun” filmlərinin, “Bəxtiyar” kino-novellasının ssenari müəllifidir.
Yaxşı əsər qəhrəmanını sevdirir, alababat əsər müəllifdən bezdirir. Ə.Məmmədxanlı vergili yazıçı idi. Onun vergisi tarixə dərindən bələdliyində, vətənpərvərliyində, humanizmində, bənzərsiz üslubunda, ədəbiyyata şair təbində, nasir qələmli gəlməsində idi. Onun haqqında deyirdilər: “Böyüklüyü az yazmasında və gözəl yazmasındadı”. İkinci hissənin adı üstündədir. Fikrin birinci tərəfinə gəldikdə isə, heç də az yazmadığını düşünürəm. Mətbuatda az çıxış etməsi, çox müsahibə verməməsi belə qənaətə gəlməyə əsas vermir. Ə.Məmmədxanlı ciddi yazıçıdır, nüsxədir, kəmiyyət arxasınca qaçmır, söz ştamplamır, lakin məhsuldarlığı da yetərincədir. Səsini deyil, sözünü yüksəldir.
Və əlbəttə ki, Ə.Məmmədxanlının yaradıcılığından danışarkən onun tərcümələrinə toxunmadan keçmək olmaz. Yazıçı bu barədə belə deyirdi: “Yazmaq sağ qolumdursa, tərcümə sol qolumdur. Ömrü boyu qara çörəyim tərcümədən çıxıb”. Tərcümə sənəti əsl yaradıcılıq olsa da, qədribilinməz bir işdir, elə bir gəlir gətirmir, tərcüməçi də kölgədə qalır. Ə.Məmmədxanlının Avropa və rus klassiklərindən etdiyi tərcümələr əsl peşəkarlıq nümunələri, özünün “avtoportreti”dir. Azərbaycan dilinin zəngin imkanlarından ustalıqla istifadə edib U.Şekspirin, Q.Floberin, T.Drayzerin, A.S.Puşkinin, M.Qorkinin əsərlərini dilimizə tərcümə etmişdir. Tərcümədə tək hər iki dili bilmək kifayət etmir, ilham və entuziazm da bəs deyil. Sən istəyən nəticə üçün ilk növbədə əsərin ruhunu çevirmək, çatdırmaq lazımdır ki, bunu yazıçı yüksək səviyyədə bacara bilmişdir.
Ə.Məmmədxanlı uzun və çətin həyat yolu keçmişdi. Mənfur 37-nin ağrı-acısını bir başqa cür çəkmişdi. Sibirdə yox, varlığında, öz evinin içində. “Nəsrimizin xan çinarı” 37-dən bu tərəfə “həyatı ağrıya-ağrıya”, ancaq ayaq üstə, dimdik yaşamışdı. Bu da bir növ işğal idi. Qəlbin, ruhun, hisslərin, düşüncənin işğalı. Yazıçı özü bu barədə deyirdi ki, elə dövr gəlmiş, faciənin miqyası o həddə çatmışdı ki, həyatda oynanılan dramları qələmə almaq üçün yeni bir Şekspir lazım idi. “Stalin şineli rəngdə boz bir həyat qoyub getdi bizə”.Yazıçı Kamal Abdullanın təbirincə desək, Ə.Məmmədxanlı dövrünün son magikanlarından, fikir və söz zadəganlarından idi. Son dərəcə həssas insan olan Ə.Məmmədxanlı yeri gələndə sərt də ola bilir, sözünü deyir, yazıçı, ziyalı mövqeyini müdafiə edirdi. Mövlud Süleymanlının “Dəyirman” povesti sovet quruluşunun tələblərinə cavab vermədiyi üçün məhşər ayağına çəkiləndə onun müdafiəsinə qalxan birincilərdən olmuşdu. Əsəri yüksək qiymətləndirmiş, müəllifi belə qiymətli əsərə görə alqışlamışdı.
Tənhalıq onun həyat tərzi idi, ondan asılıydı. Deyərdim, qədəri yox, tərcihi idi. Onun tənhalığı darıxdırıcı yox, yaradıcı idi. Dörd bir yanı qələbəlik olan bu tənhalıq ona güc verirdi. Kitablar həmxanəsi, ailəsi idi. Ə.Məmmədxanlının ömür karvanı 1990-cı il soyuq bir qış günü əbədi dayandı. Lakin ədəbiyyat karvanı hələ də yol gedir və nə qədər ki zövqlü, qədirbilən oxucu var, oxunur, dayanmayacağına da əminlik yaradır.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
“Bütün sənətlərin ali məramı – həqiqəti araşdırmaqdan ibarətdir” - SİSERON
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
7 dekabr həm də adı dillər əzbəri olan Roma filosofu Mark Tulliy Siseronun dünyadan köçdüyü gündür. Eramızın 43-cü ilində işıqlı dünyaya əlvida deyən Siseronun bu gün bir neçə qiymətli kəlamını xatırlamaq yerinə düşər:
“Silahlar guruldayanda qanunlar susur”,
“Gizli düşmənçilik açıq düşmənçilikdən daha təhlükəlidir”,
“Sülhə razılığa gəlməklə yox, qələbəylə nail olunmalıdır”,
“Tamahkarlıq – başqa bir adamın sənə qarşı törətdiyi cinayətdir”,
“Bütün sənətlərin ali məramı – həqiqəti araşdırmaqdan ibarətdir”,
“Hətta şöhrətin əleyhinə traktatlar yazan filosoflar da kitabın üstündə öz adlarını qeyd etməyi unutmurlar”,
“Qorxduğun və səndən qorxan adamı sevmək mümkün deyil”,
“Adama qarşı iki yolla ədalətsizlik etmək olar – zorla və aldatmaqla”,
“Heç kimin almaq istəmədiyi adamın satılmamağı elə də böyük qəhrəmanlıq deyil”.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
Bu gün bizim qürur günümüzdür!
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Tarixdə elə günlər olur ki, bir xalqın qürur rəmzinə çevrilərək min illərlə yaddaşlarda qalır.
1918-ci ilin 7 dekabrında Azərbaycan Demokratik Respublikasının parlamentinin ilk iclası keçirilib. Saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.
Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçiliblər. Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik edib. Parlament yeni hökumətin təşkil olunmasını Fətəli xan Xoyskiyə tapşırıb. O Fətəli xan Xoyskiyə ki, həmin 7 dekabr günündə 43 yaşı tamam olurdu. Nuxada (indiki Şəki) dünyaya göz açan, bütün şüurlu həyatını Azərbaycanın azadlığına, inkişafına və demokratiyasına həsr edən bu böyük insan Məmməd Əmin Rəsulzadənin əsas çiyindaşı və silahdaşı sayılırdı.
İndi bu gündən 105 il əvvələ baxanda insan anlayır ki, tarixdə bizim də xalq olaraq qürurlana biləcəyimiz anlar az olmayıb.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)
SSRİ-nin dağılması, Spitak zəlzələsi və Kovent-Qarden teatrı
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq:
Beynəlxalq Mülki Aviasiya günü
6 il əvvəl - 2017-ci ildə aviakompaniyalar 37 milyon reys həyata keçirmiş, 4,1 milyard insan daşımışlar. Bu, rekord göstəricidir. Və bu göstərici aviasiyanın həyatdakı rolunun bariz nümunəsidir. Bu gün dünyada diqqət aviasiyada çalışan zəhmətkeş insanlara yönəldiləcək, eyni zamanda təhlükəsiz uçuşların təmin edilməsi təşviqatı aparılacaq. Pilotlar, stüardessalar diqqət mərkəzində dayanacaq.
“Mimino” filmindən tanıdığımız gürcü pilot, “kukuruznik” sürən, rəhmətlik Vaxtanq Kikabidzenin yaratdığı qəhrəmanı da xatırlamaq olar. Aviasiya gününün 7 dekabrda keçirilməsinə səbəb isə 1944-cü ilin bu günündə Çikaqoda Beynəlxalq Mülki Aviasiya barədə Konvensiyanın imzalanmasıdır.
Bu günü Azərbaycanda da qeyd edəcəklər. Və məhz bu gün azərbaycanlıların AZAL konsernindən bir sula cavab istəməyə haqqı olacaq: niyə Azərbaycanda aviabiletlər bunca bahadır?
Spitak zəlzələsinin ildönümü
Bu gün üzdəniraq qonşularımız Spitak faciəsinin ildönümünü qeyd edəcəklər. Əlbəttə, biz 1988-ci ilin bu günündəki zəlzələ nəticəsində 25 min insanın ölməsini, düşmən olsalar belə, alqışlamaq fikrində deyilik, bu, insanlığa ziddir, amma bir xatırlamanı da zəruri olaraq qeyd edirik ki, həmin dönəmdə biz insanlıq və humanizm qaydalarına əməl edərək İl-76 təyyarəsi ilə 69 nəfərdən ibarət canlı qüvvə göndərdik, onlara yardım etmək istədik, amma onlar bunun müqabilində təyyarəmizi qəzaya uğratdılar, 69 sərnişindən yalnız biri - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qaldı, 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terrorun qurbanı oldu. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edildi. Bu terror aktı o dönəmdə qəza hadisəsi kimi cəmiyyətə sırındı. Erməni mürdarlığının növbəti bariz nümunəsi: Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən erməni həkimlər onu müalicə etməkdən boyun qaçırdılar.
Kovent-Qarden teatrı, Lorenso Bernini
Ukraynalıların təşəbbüsü ilə təqvimə salınmış Ümumdünya Ukrayna yaylığı günü. Çox maraqlı gündür. Qıraqlarında xırda gülləri olan ağ yaylıq dünyada gözəlliyin və sülhün simvolu kimi dolaşacaq – xüsusən də Rusiya təcavüzü insan canlarını apardığı bir dönəmdə; Qvatemalada Şeytanın yanması günüdür. Şeytanın müqəvvasını düzəldib yandıraraq şərlə mübarizəyə çağırış edəcək insanlar; Kolumbiyada xırda şamlar günüdür, bu gecə hər bir kolumbiyalı evində xırda şam yandırıb arzu-diləyini ona söyləyəcək. O ki qaldı amerikalılara, mətbəxsevər amerikalılar bu gün Milli şəkər pambığı gününü qeyd edəcəklər.
1991-ci ilin bu günündə Belorusiya, Ukrayna və Rusiya prezidentlərinin görüşündə SSRİ ləğv edilib. 1982-ci ilin bu günündə dünyada ilk dəfə öldürücü dozalı iynə ilə ölüm hökmü icra edilib, Texasda özü də. 1877-ci ildə Tomas Edison qrammofonu nümayiş etdirib. Gənc nəsil bilməz, yumru val adlanan nəsnələr vardı, həmin o qrmmafonun sələfi olan patefonlar o valları səsləndirərdi, musiqi o cür dinlənilərdi bizim uşaqlığımızda; 1870-ci ildə Ukraynanın böyük bəstəkarı, himninin müəllifi Mixail Verbitski dünyadan köçüb. 1863-cü ildə Pyetro Maskanyi – İtaliyanın məşhur opera bəstəkarı, verizm cərəyanının parlaq nümayəndəsi doğulub. 1822-ci ildə dünya elminin ən görkəmli nümayəndələrindən olan fransız kimyaçısı və bioloqu, mikrobiologiyanın banisi Lui Paster dünyaya gəlib. 1732-ci ildə Londonda Kovent-Qarden teatrı açılıb, London kral operası və London kral baleti öz tamaşalarını orada nümayiş etdirib. 1598-ci ildə “memarlıq dahisi”, “Prozerpinanın oğurlanması” şedevrinin yaradıcısı, Roma papasından Cəngavər xaçı almış Lorenso Bernini anadan olub.
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)