AKADEMİK NİZAMİ CƏFƏROV
“Ədəbiyyat və incəsənət” portalı Akademik Nizami Cəfərovun 70 illiyini qeyd edən şair Rafail İncəyurdun “Bu da belə” kitabı haqqında qeydlərini təqdim edir.
İşıq üzü görən ilk kitablarından indikinə qədər, az qala, bütün yaradıcılığı ilə kifayət qədər dərindən tanış olduğuma görə heç bir tərəddüd etmədən deyə bilərəm ki, Rəfail İncəyurdun son beş ildə qələmə aldığı şeirlərdən ibarət bu kitabı həm ideya-məzmun, həm də ifadə-üslub axtarışları baxımından Azərbaycan poeziyasının bugünkü imkanlarını nümayiş etdirmək iqtidarındadır. Əlbəttə, söhbət ondan getmir ki, "Bu da belə..."nin müəllifi bilavasitə mövcud olmaqdan daha çox, sadəlövh nəzəri iddialarla özünü təsdiq eləməyə son dərəcə emosional cəhdlər göstərən, özündən (mətnindən) daha çox adı olan poetik təmayüllərin əksəriyyətini yaradıcılığında ehtiva edir, ilk növbədə, ondan gedir ki, şairin əbədi mövzulara həsr olunmuş, formaca ən tarixi-etnoqrafik koloritli şeirləri belə, günümüzün insanının xarakterini, ovqatını əks etdirmək mənasında olduqca müasir səslənir. Və Rəfail İncəyurdun şeirlərində ən azı dörd ideya-estetik istiqamətin bir-biri ilə qarşılıqlı əlaqədə təzahürünü müşahidə etməmək mümkün deyil ki, onlardan birincisi, əgər belə adlandırmaq olarsa, neosufizmdir. Şair özünü dədələrin, ərənlərin, piranların bilavasitə varisi sayır və bu yarımistik duyğu ona ruh verir, onu ilhamlandırır, arxasında çox zəngin bir irsin dayandığını düşünüb sözünü daha inamla, daha cəsarətlə (və ərklə!) deyir:
Qibləgahım, ulum, ucam,
Əmanətdi yollar, Xocam!
Yox körpü, yox addamacam,
Hər kəs məndən keçə bilməz.
Varam Olum həvəsində,
Ruhum İmrə nəfəsində,
Yol gedir can qəfəsində,
Gündüz bilməz, gecə bilməz.
Qadir Allah, o Bir Allah,
Bölənləri bölür Allah...
İncəyurdu bilir Allah -
Aşiqləri necə bilməz?!
Heç şübhəsiz, sufizm özünün müxtəlif üslub təzahürlərində Azərbaycan poeziyası üçün çoxdan keçilmiş mərhələdir, ancaq mənbəyini xalq-aşıq şeirindən alan neosufizmin bir istiqamət, hətta ədəbi cərəyan kimi müasirliyi göz qabağındadır. Və onun bir üstünlüyü də odur ki, sovet dövründə ideoloji təzyiqlə etnik-mədəni yaddaşdan silinmiş zəngin tarixi irsi - Yasəviləri, Yunus Əmrələri zərrə-zərrə xalqa qaytarır. Doğrudur, bəzilərinin düşündüyünün əksinə olaraq, burada hər hansı mükəmməl (və perspektivli) bir nəzəri-fəlsəfi sistem axtarışından danışmaq üçün elə bir əsas yoxdur, ancaq sufizmin etik-estetik imkanlarının tamamilə tükəndiyini (və neosufizmin ədəbiyyatda yalnız "quru bir səs" olduğunu) düşünmək də həqiqətdən uzaqdır...
Rəfail İncəyurdun şeirlərində ikinci ideya-estetik istiqamət etnoqrafizmdir: dünyaya gəldiyi Kəmərli kəndindən, İncə dərəsindən başlayan bu etnoqrafizm sadəcə, yurd, el-oba təəssüratlarıyla yekunlaşmayıb, çox geniş bir coğrafi miqyas alır. Ancaq çıxış (və istinad) nöqtəsi yenə də İncə dərəsidir:
O dağın döşündə, gömgöy talada,
ala kölgəsində yemşan kolunun
kimdi dirsəklənib yola boylanan?
Deyəsən, onu da yorub kərənti,
Deyəsən, gecikir kimsə arannan.
...Bu nə şayırrama, nə gurhagurdu?
Elə bil beyqafıl dolan buludun
dəhnəsi qırılıb şaqqanax çəkir.
Sanki onnar üçün carranır leysan,
İlahi, ağaclar nə gözəl çimir!
...Vəsfinə çatmasa sözün qüdrəti -
O hüsnü bu qəlbə yığmaqdan ötrü, -
səni görəsiyəm, səni görəsi!
Bu, yaz tablosudu sənsizliklərin, -
Necəsən, gözəlim İncə dərəsi?!
İncə dərəsi yalnız dağ-daş, çayır-çəmən, bağ-bağat, bulaq-çay deyil; İncə dərəsi qədim bir yurd yeri, mədəni-mənəvi məkan, dədə-babaların müqəddəs ruhlarının heç vaxt tərk etmədiyi səcdəgahdı. Və Rəfail İncəyurdun yurda bağlılığının ən həssas məqamlarından biri də özünü daim İncəli söz adamlarının əhatəsində, "mühit"ində hiss (və dərk!) eləməsidir ki, bu stixiya onun etnoqrafizmini daha da canlandırır, şəxsləndirir, hətta intellektuallaşdırır:
Aslan torpaq sevgisinə soyrulub,
Ağamalı qınından tez sıyrılıb,
Məmməd İlqar yaddaşından ayrılıb,
Akif gedib, Məmməd gedib... Öndə - sən,
Can, ay şair, nə halda, nə gündəsən?!
Qoy qazaxlı saf qəlbinə qul olsun,
Mahmud, Avdı, Mübariz... düz yol olsun,
İbrahimin haqq ödülü bol olsun...
Bəs niyə sən onlardan gendəsən?
Can, ay şair, nə halda, nə gündəsən?!
...Verəmmədi saf könüllər burda boy,
Gəl əlinin arxasını yerə qoy.
Olammazsan bu şəhərdə "delavoy", -
Bir kümə qur, baş götür qaç kəndə sən,
Can, ay şair, nə halda, nə gündəsən?!
Özünü İncə dərəsi "mühiti"nin, cəmiyyətinin mütəvazö bir üzvü saymaqla fəxr eləsə də, şeirdən göründüyü kimi, şairin qüruru, iddiası elə də kiçik deyil. Və bu, Rəfail İncəyurdun sadəcə, subyektiv istəklərindən, yaşantılarından irəli gəlmir, həm də mənsub olduğu etnoqrafik-intellektual (yaradıcı!) mühitin xarakterinin ifadəsidir... Bir kümə qurub kəndə qayıtmaq məsələsinə gəldikdə isə, bizə elə gəlir ki, bu, ciddi söhbət deyil, etnoqrafik həssaslığı olan şairin başındakı "kənd havası"dır ki, hərdən gəlib-gedir. Və əgər belə demək mümkünsə, bir növ, təskinlik, daha doğrusu, təskinliyin özünəməxsus obrazıdır ki, onun poetik təhkiyəsinə xəfif bir idilliya (və ya estetik sərinlik!) gətirir.
İllərlə yaşadığı, uğurları, yüksəlişi üçün minnətdar olduğu şəhəri bəzən atıb üzünü kəndə tutmaq istəsə də, şeirlərinin ümumi ideya-məzmunu bütün aydınlığı ilə diqtə edir ki, onu artıq kənddə də gözləmirlər, yaxud başqa sözlə, onun qoyub gəldiyi kənd də artıq o kənd deyil... Bununla belə, Kəmərlinin, İncə dərəsinin etnoqrafik ab-havası, yəqin ki, Rəfail İncəyurdun ruhundan, yaddaşından (və poeziyasından) heç vaxt çıxmayacaq, o, zaman-zaman bu şirin "kəndə qayıtmaq" illüziyasından ləzzət alacaq.
Şairin şeirlərində etnoqrafizmin ifadə-üslub baxımından ən mühüm göstəricilərindən biri ekzotik və ya məhəlli leksikadır ki, buraya aşağıdakılar daxildir: süyüşmək, zinrik, itik, çığnamaq, düymək, dişəmək (kərəntini), yığval, irdələmək, uralanmaq, döşürmək, höləki, addamac, şırvanmaq, tüyünmək, hürsümək, yanımaq, öləş, kümə, oysanmaq, sıxvarılmaq, görənək, höyüş, şitəngi, carradan, dönəlgə, bələnmək, idim, çəkərək və s.
Məsələ təkcə onda deyil ki, şair bu sözləri bol-bol şeirə gətirir, maraqlı (və mühüm) olan odur ki, həmin leksikon hansısa "dialektoloji praktika"da yığılmayıb, onlar şairin etnolinqvistik təfəkkürünün üzvi tərkib hissələridir, şeirlərinə də məhz buradan gəldiyinə görə çox elastik işlənmə maneraları ilə yanaşı, təsirli məna çalarlarına malikdir.
Rəfail İncəyurdun şeirlərində üçüncü ideya-məzmun istiqaməti türkçülük - turançılıqdır ki, keçən əsrin sonlarından etibarən Azərbaycan ictimai fikrində nəinki öz layiqli yerini tutmuş, eyni zamanda xüsusilə ədəbiyyatın sayəsində bir xeyli dərəcədə romantik vüsət qazanmışdır. Əlbəttə, bir mənbədən törəmiş türk xalqları, ədəbiyyatları, dilləri arasındakı əlaqələrin müəyyən imperialist-müstəmləkəçi məqsədlərlə son dərəcə məhdudlaşması milli bir fəlakət idi. Artıq neçə illərdir ki, bu məhrumiyyət aradan qalxmış, müstəqilliyini əldə edən əsas türk xalqları arasında ardıcıl, hərtərəfli inteqrasiya prosesləri sürət almışdır. Lakin təəssüf ki, hər cür eyforiyada olduğu kimi, türklük-turanlıq eyforiyası da ictimai düşüncədə müəyyən əqli-zehni ziddiyyətlərə gətirib çıxarır... Türk-Turan inteqrasiyasına münasibətindəki səmimilik heç bir şübhə doğurmayan Rəfail İncəyurd şeirlərindən birində deyir:
Dərdi dərin olur eşqi ucanın,
Əsarət altında ötürdük dili.
Etnosa "can" deyən Azərbaycanın
Dili Türk dilidi - qədim Türk dili!
...Doğudan Batıya ayrı düşsə də,
Qədim Türküstanın özü buradı.
Sərhəddi kiçilib çox dəyişsə də,
Türkün saf yerinin gözü buradı.
...Aslan da uduzar tənhasa, təksə,
Niyə təklənirsən, nədi məqsədin?
Əgər "iki dövlət, bir millət"iksə,
Dili də bir olsun eyni millətin!
Əvvəla, "bir millət, iki dövlət" (artıq "bir millət, beş dövlət"!) ifadəsi siyasi bir metaforadır. Və burada söhbət millətdən və dövlətdən gedir, dildən yox... İkincisi, ən geci orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən müxtəlif türk dilləri mövcuddur ki, onların biri bizim şairimizin də yazdığı Azərbaycan dilidir. Və belə bir dilin mövcudluğu nə türk (Türkiyə türkcəsi), nə türkmən, nə də digər türk dillərinin müstəqilliyinə kölgə salmır... Üçüncüsü isə, Azərbaycan şairi hissə qapılıb öz dilini "qədim Türk dili", öz yurdunu "qədim Türküstan", "türkün saf yeri" adlandırmamışdan əvvəl düşünməlidir ki, bu, türk həmrəyliyinin xeyrinədir, ya ziyanına... Türkçülük-turançılıq ideyasının məqsədi türk xalqlarının dil birliyi yox, çoxdan gözlənilən mədəni-mənəvi, iqtisadi və siyasi dilbirliyidir...
Rəfail İncəyurdun şeirlərində (və ümumən yaradıcılığında) neosufizm, etnoqrafizm və türklük-turançılıqla yanaşı, sözün geniş mənasında, bir publisistik ruh var ki, onu əvvəlki ideya-estetik istiqamətlərin "metafizika"sından qoruyur. Və hərdən mənə elə gəlir ki, bu sonuncu istiqamət xüsusi bir mahiyyət halını alaraq şairin düşüncə (və hissiyyatlarının) yönəldiyi müxtəlif istiqamətləri idarə edən son dərəcə real, təmkinli, mühafizəkar (və strateji!) sosial-ədəbi hadisədir. Burada uşaqlığın unudulmaz xatirələri, gəncliyin xəyalları, ailə-məişət qayğıları, ata-anaya hörmət - ehtiram, övladlara qayğı - kömək motivləri, heç şübhəsiz, birinci yerdədir. Sonra qocalıq gəlir. Və yetmiş yaşına yenicə çatsa da, Rəfail İncəyurd qocalıqdan elə danışır ki, buna xalq dilində "qabaqdangəlmişlik" deyirlər.
Hər nə qədər hər şeyi subyektiv, ailə-məişət qayğıları zəminində hiss (və dərk!) etməyə meyilli olsa da, şairin, məsələn, pandemiyaya, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə (və tarixi Zəfərə!) həsr olunmuş şeirləri ürəkdən (və həqiqi bir şair istedadı ilə!) qələmə alınmışdır. Məsələn, adının Şuşa səfərinə gedən yazıçıların siyahısına salınmaması, Vaqifin ziyarətinə gedə bilməməsi barədə bəhs edən şeirləri o qədər təsirli, şairin Vaqif (və Şuşa) məhəbbətini əks etdirmək baxımından o qədər səciyyəvidir ki, bəlkə də, haqlı olaraq qəzəbləndiyi həmin siyahıya salınsaydı, belə gözəl əsərlər yaranmazdı.
Rəfail İncəyurdun dövrdən, zəmanədən şikayətləri klassik sələflərinin əsr-əsr təqdim etdikləri standartların (və stereotiplərin) səciyyəvi davamıdır. Və bu halda da onun gücü mövqeyini, ilk növbədə, sözdə təzahür edən "mənalar mənzərəsi"nə müraciət eləməkdə tapır. Dilin etnoqrafik köklərindən boy atıb öz poetik leksikonunun əsaslarını formalaşdıran şair eyni həssaslıq, publisistik realistliklə ideya-estetik baxımdan fərqli bir leksik layı da şeirə gətirir: "pas", limit, qlobal, mandat, milyon, milyoner, bumeranq, sayt, virus, tunel, labirint, pandemiya, karona, estafet, "kruq", mer, ofis, eskalator, jest, "putka", biznes, diktor, komandan, sürpriz, rejim, masqa, virtual, robotlaşma, akt, kapital, bankir, "delavoy" və s.
Kim bu sözlərə şairin dilinin adi üslub əlaməti kimi baxırsa, çox böyük səhv eləyir - bu, dilin yox, şairin bədii təfəkkürünün üslubudur, onun ətrafında baş verən sosial proseslərə reaksiyası kristallaşmış şəkildə məhz bu sözlərdə, bəlkə də, daha çox cəmiyyətimizin həmin sözlərə verdiyi məna nüanslarının çeşidlənərək şeirə gətirilməsində əks olunur.
Demək olar ki, bütün incəli şairlərin poetik yaradıcılığında ideya-məzmunla ifadə-üslub arasında ikincisinin xeyrinə elə bir təbii əlaqə var ki, bir çox hallarda ideya-məzmun öz funksiyasını məhz formaya güzəştə gedir. Fonetik, leksik və qrammatik təkrarların bütöv bir sistemini özündə cəmləyən Rəfail İncəyurd şeirinin dili xalq dilinin müasir poeziyaya təsir gücünün heç vaxt azalmayacağına ən etibarlı sübutlardan biridir: Köylünün də köy öyü var... Mən də Kəmərliyəm, sən də Kəmərli; Yarı o tayda, yarı bu tayda... Dünya evimizdi, ay ev yiyəsi, Ev-eşik bu qədər zay olarmı heç?.. Bu dünyanın gedişatı bilinmir, Heç bilmirəm kiməm, kimdən qorxuram... Çox can atır, çöl adamı çöllüyə... Hər şeyi Allahın boynuna qoyan öləşi əyənlər düz əydi, dostum... Əzəl başdan kəsməyə baş axtarır Baş sındıran baş ofisi dünyanın... Büründükcə düz donuna əyrilər Düz də düşür adamların gözündən... Yağmalı yağışlar hələ ki yağmır... Baş verənlər başa gəlsə, baş sındırma, boş ver, getsin... Kimiydi? Kim olasıydı? Kim elədin, zalım fələk...
Şairin poetik təkrarlarının ifadə-üslub hüdudlarını aşıb, bilavasitə məzmun-mündərəcəyə təsir göstərməsinin bir faktı da bu və ya digər ovqatı bu yolla təlqin etməsidir:
Ya bürküdə, ya boranda,
Yorğun-yorğun yol yoranda,
Dırnaq ilə ev quranda
Zülümdü, ancaq gözəldi.
Nazlı xanım, igid ərən,
Piran olub zaman görən,
Nəfəsi süd ətri verən
Bələkli uşaq gözəldi.
Ay İncəyurd, sınma, düzəl,
Əzəl sondu, hər son əzəl.
Yenə həyat eşqi gözəl,
Yenə yaşamaq gözəldi.
...Gözəldi, vallah, gözəldi!
Rəfail İncəyurdun maraqlı janr eksperimentləri barədə danışmamaq olmaz. Və bu eksperimentlərin meydanı, əslində, xeyli genişdir. Xüsusilə cinas (təcnis) yaratmaq məharəti diqqəti cəlb etsə də, bunun üzərində ona görə dayanmaq istəmirəm ki, incəli şairlərin əksəriyyəti üçün səciyyəvidir. Ancaq onun yaratdığı şeirli-nəsrli mətnlər (məsələn, "Essevari ağır şeir", Səməd Vurğunun ruhunu incidənlərə müraciətən deyilmiş "Yetər!" şeiri, "Sərbəst (sərməst)" şeiri və s.) bu qəbildəndir. Həmin mətnlərdə müəllif poetik dilin yeni laylarını açmağın uğurlu cəhdlərini nümayiş etdirir... Bütün yumoristik tərəflərilə yanaşı, bütövlükdə də maraq doğuran daha bir eksperiment isə Şair Moşunun "xoşbaxtlıq" sözünə axtardığı qafiyəni (əslində, qafiyələri) tapmasıdır:
Kim nə deyir, desin, neynək, deyir də,
Hamı gərək Qıratını səyirdə?
Şair Moşu, öz hökmü var, şeiridə
Hər şairin bir sultanlıq, bir taxtlıq.
... Bir incəli dərin fikrə qapıldı,
Kim deyir ki, söz açılmır, qıfıldı?
Gözün aydın qafiyəsi tapıldı -
Qismət oldu bu qoşmaya "xoşbaxtlıq".
Görürsənmi, gəlib çıxdı bir yiyən,
"Millət", "narod" sözlərinə söz deyən.
İndi gərək təsdiqlənə mən deyən -
İşimiz var bir yığnaqlıq, bir aktlıq.
Rəfail İncəyurdun əvvəlki kitabları da onun poetik istedadının imkanlarını göstərirdi, barəsində söhbət açdığımız hazırkı kitabı isə şairin yaradıcılığının keyfiyyətcə yeni dövrə daxil olduğunu təsdiq edir.
“Ədəbiyyat və incəsənət”
(02.07.2024)