“Ədəbiyyat və incəsənət” portalı gənc qəzəl həvəskarı İslam İslamovun iki qəzəlini sizlərə təqdim edir.
1.
Qəbul edirəm ki, gözəlim, mahliqasan,
Ancaq mənə yox özgəyə sərrafi-vəfasan...
Mən canımı eşqində fəda qıldım əzəldən,
Ey vah' ki, əğyarə bütünlüklə fədasan...
Həm sənsiz alınmır yaşamaq, həm də səninlə,
Zalım qızı zalım, de görüm, sən nə bəlasan?!...
Hicrində cigərgahıma od düşsə, də dözdüm,
Bir qeyrisi dözməz buna çünki deyil asan...
Sevda mənə mən ömr elədikcən uca hissdi,
Sən nəfsə uyub, eşq' kimi hissi həva san...
Yəqin səni səhv eylədim, öz ömrümə aldım,
Yəqin ki, sən ömrümdəki ən adi xətasan...
İslamə deyən yoxdumu israfı-söz etmə?!...
Dünyavi şeir yazma ki, Allaha gədasan...
2.
Gözüm qamaşdı o yarın üzün görər-görməz,
Günəşlə göz-gözə gəlsən gözün görər, görməz?!...
Nə xoş ki, halıma röyamı dilbərim bəzədi,
Oturdu köksümə dərin hüzün, görər-görməz...
Əyildi qəddim ədəbdən xəyali-yar edəli,
Qədəmlərindən öpərdim özün görər-görməz...
Nigarı görməsən ümmidi-vəslin öldürmə,
Behiştə yol tapar aşiq izin görər-görməz...
Məni cəhənnəmə bənzətsələr əcəb sanma,
Qaçar bu sinəmin hər kim közün görər-görməz...
Rəhi-məhəbbəti getdim dizin-dizin, əcəba,
Tanır bu aşiqi dilbər dizin görər-görməz!?...
De ki, o dilbərə, İslamə bir nəzər qılsın,
Sığallasın məni hərdən həzin görər görməz...
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)