Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Nemət Tahir görüşür.

 

Çəkilməyən, dözülməyən,

Dediyiniz, o dərd mənəm.

Qova-qova namərd edib,

Söydüyünüz o mərd mənəm.

 

Özümə də bir az yadam.

Bir az suyam, bir az odam.

Həm küləyəm, həm torpağam.

Bildiyiniz, o dörd mənəm.

 

Dostu yoxdur, düşməni çox,

Qarnı acdır, gözləri tox,

Kölgəsinə güvəni yox,

Yalquzağam, bozqurd mənəm.

 

Qan qoxuyur çiçəkləri,

Kəfənsizdir şəhidləri,

Kimsəsiz “ruhlar şəhəri”,

-Gördüyünüz o yurd mənəm. 

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2023)

Cümə axşamı, 07 Dekabr 2023 11:00

Beşinci fəsil - nəymiş bu?

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Hardan başlayım, necə başlayım bilmirəm. Bəlkə, heç başlamamalıyam, bəlkə də, çoxdan  qələmi əlimə almalıydım.

Günlərdir beynimin içində kimsə beşinci fəsil deyə pıçıldayırdı. Düşünür, düşünür, elə heey düşünürdüm..

Bilmirəm niyə gecənin üçündə oturub cızma-qara etmək istəyirəm.

Sadəcə söhbətə ehtiyacım var..

Danışa bilmədiyim hər şeyi yazmağa o qədər öyrəşmişəm ki, artıq nəinki insanlarla, özümlə belə söhbət edə, danışa bilmirəm.

Beynimdə quraşdırılan dayanmaq bilməyən sual maşını gah qəlbimi yerindən çıxacaqmışcasına sinəmdə çırpındırır, gah da ki, heç yoxmuş kimi varlığını hiss etdirmədən döyündürür. Görəsən niyə məhz 5-ci fəsil?

Təsadüfdür ya təvafüq, ayıra bilmirəm düzü. Sanki avqustun isti çağında gecənin qaranlığında yağan yağış və havaya qarışan torpaq qoxusu kiçicik bir ipucu verirdi.

Nə idi beşinci fəsil?

Bəlkə heç vaxt yaşanmayacaq olan,  lakin əsla xəyal qurmaqdan bizi məhrum etməyən, yaşanması mümkün olmaz ikən belə, yaşandığını hiss etdiyin o qarmaqarışıq duyğular idi.

Bəlkə gülərkən içimizə axıtdığımız göz yaşları..

Bəlkə yağışdan sonra çıxan göyqurşağı..

Bəlkə səhraya yağan yağış.

Bəlkə qış günəşi, bəlkə payız vaxtı xəzəl yarpaqlara düşən şeh damcıları.

Kim bilir bəlkə illərini verib canına can bildiyin dostunun heç uğrunda səndən vaz keçişi idi o beşinci fəsil. Ya da, sevginin qarşılığında bir əlvidaya sığan sonsuz maviliklər arasında itib-batan xəyal qırıqlıqları idi həmən o fəsil.

Həmən fəsil ki, heç vaxt onun varlığından tam əmin olmayıb yoxluğundan ümidimizi üzmədik.

Həmən o fəsil ki, bir anda istəsə bütün xoşbəxtçiliyimizi bircə fırtınada yerlə bir edə biləcək qədər gücə sahib idi.

 

Beşinci fəsil~bəyazın içindəki siyah, siyahın içindəki bəyaz, gecənin zülmətindən doğan günəş, qürubun ardından çökən qaranlıq, bəzən yaz yağışı, bəzən dekabrın buludsuz masmavi səması, bəzən donan Xəzər dənizi, bəzən avqust qasırğası, bəzən isə sadəcə ağlamaqdan quruyan göz yaşlarımızın yerinə dərdlərimizi gülərək danışanda axıtdığımız söz yaşlarımız idi.

İçində bütün paradoksları 4 fəsil gizlədən beşinci fəsil qəlblərimizin ən dərinliklərində gizlənən, sadəcə rəbbimizə aşkar olan duyğuların təcəssümü, xeyirin şərə, şərin xeyirə qardaş olduğunu görməyib qəlbimizdə hiss etdiyimiz sonsuz axan şəlalə idi bəlkə də.

Ya da 1 günlük ömrünün son çırpınışları olduğundan bixəbər kəpənəyin insan qəlbinə qondurduğu xoşbəxtlik idi.

Kəpənəyin ölümü ilə intihar edən xoşbəxtlik...

Hardan bilərdim ki, qucaqlasam sıxılıb ölər deyə qorxduğum kəpənəyim sonuncu çırpınışında xoşbəxtliyimin intiharına səbəb olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2023)

Şahbaz Xuduoğlu yazır

 

 

 

“Təkərli kitab” bu dəfə Cəlilabada getdi. Astara şosesindən sağa çıxanda yol səni məşhur "Armudu stəkan" abidəsinin yanından mərkəzi meydana aparır. Yeri gəlmişkən, o çayxananın dağınıq vəziyyətdə olması təəssüf hissi doğurur.

 

Yollar səliqəlidir, ətrafına çiçəklər əkilib. 

Mərkəzdə "5 mərtəbə" deyilən ərazidə yerli ziyalılar ilə görüşdük:  Bilal Alarlı, Namiq Ağa, Əlövsət Tahirli, Ramil Əmənov, Mahir Hidayətov, İman Abdulla, Mikayıl İncəçaylı, Həmid Babaşov,  Dadaş Bayramov, Azər Quluzadə və s.

Cəlilabad yazarlarının nəşr etdiyimiz kitablarından onlara hədiyyə etdik. 

 

Hava çox istidir, meydanda qalmaq olmur. Həm də plana əsasən kəndlərə getməliyik.

 

....Nəhayət uzun prospektdən, narahat bir döngədən sağa ayrılırıq, getdikcə seyrələn tikililər geridə qalır. Qarşıda şumlanmış, xışlanmış, bəzi yerləri əkilmiş sahələr görünür. 

 

Cəlilabad zibilliyində traktor işləyir. Külək bacardıqca sellofan paketlərini ətrafa yayıb. 

 

Yolda üç yol polisindən başqa bir kimsə yox, onlar, sanki Almaniyada zavoddan yeni çıxmış Volswagenin yanında dayanıblar. "Təkərli kitab"ı hələ təpədən aşan kimi gördülər və dərhal hər üçü özünü maşının qabağına atdı. Yalnız kənd adamlarının hərəkət etdiyi bu yol, həqiqətən, onlar üçün çox darıxdırıcıdır. 

 

Yolboyu Namiq müəllimlə söhbət edirik.

Kimya müəllimidir. Gəncədə oxuyub. Bir neçə il Yardımlının Yolacaq kəndində işləyib, sonra doğma Babalıya qayıdıb. Hələ Gəncədə oxuyanda auditoriyada tələbə qızlar tələbə oğlanlardan daha çox olub. Bu ona qəribə gəlib, çünki Cəlilabadda hər ailə qızları məktəbə buraxmır. "Mən düşündüm ki, əgər övladlarımıza təhsil vermək istəyiriksə, ilk növbədə qadınlara təhsil verməliyik, çünki kişilər işdə-gücdə olur, uşağı böyüdən qadındır. Qadın savadsız olanda uşağın təhsilinə kömək edə bilmir". 

 

Kəndə qayıdandan sonra bir neçə qız şagirdi, çətinliklə də olsa,  peşə məktəblərinə göndərmək üçün valideynlərini  razı sala bilib.

 

Yolboyu kəndlərdən keçirik, bu kəndlərin heç birində qızlar təhsil almır. "Qızların təhsilinə, əsasən, valideynlər mane olur".

Uzaqdan Salam Sarvanın kəndini göstərir, orda da heç bir qızın təhsil almasına icazə verilmir. 

 

Qarayar kəndi, Şiləvəngə, Abışabad, Şabanlı, Təklə kəndindən keçirik. 

Bəzi  kəndlərdə möhtəşəm evlər tikilib. Hamısı Rusiyada işləyənlərindir, deyir.

Babanlı kəndi Namiq müəllimin kəndidir. 

 

Sonrakı Cəlayir kəndində maşına yanacaq doldurduq. 

 

Kənd kişiləri yaxınlıqda kom halda yığışıblar. Deyəsən, domino oynayırlar. Onlara yaxınlaşıram. Deyirəm: "Sizə kitablar maraqlı olsaydı, maşınımızı burda saxlayardıq".

Nəhəng bir adam dəstədən ayrılıb mənə tərəf bir-iki addım atdı. Bəlkə də cəngavər cüssəli biri olmasaydı, heç bu cümləni yazmazdım. Dedi, məktəbə gedin, burdakılar kitab nədir bilməzlər. 

 

Şənbə günü olsa da onun sözünü yerə salmadım. Əslində, başqa seçimim də yox idi. 

 

Yolüstü heyvanlarını otaran kişi ilə də kəlmə kəsdim. Dedi, Vallah günümüz belədir, heyvanlar otlayır, biz də onlara tamaşa edirik. İşimizin adı budur. 

Çəmənli, Xanəgah. 

Xənəgah - bu adda kənd az qala Azərbaycanın bütün rayonlarında var.

Ardınca Pərdi, Zəhmətabad, Əsədli gəlir. 

 

Yolda Nigara deyirəm, elə bil gecədir, hamı evinə çəkilib. Bağında, bağçasında işləyən yoxdur. Ümumiyyətlə, hərəkət yoxdur. Yaxşı ki, yamacda qoyun sürüsü otlayır, bir uşaq da yerə uzanıb. Buralarda torpaq əraziləri genişdir, adda-budda dərələr, yarğanlarda heyvanlar da gözə dəyir, amma nəsə dərin bir sükut var, havasızlıq, bezginlik və yorğunluq hiss olunur.

 

Şair Ülvi Aydın zəng edir. Zevin kəndində gözləyir. Profilində "Ya Hüseyn" yazılıb.

 

Namiq müəllimin "qızlar məktəbə buraxılmır" deməsi bizi çarəsiz bir duruma salmışdı. Yəni, necə ola bilər? Bəs bizim bu "təkərli kitab"ın mənası nədir? Övladını təhsil almağa qoymayan kitabı silahla qarşılar. Domino komundan ayrılıb mənə sarı addımlayan cəngavər kişi ağlıma gəldi. Adama elə gəlir ki, bizdə daha "qız mənimdir, məktəbə qoymuram" düşüncəsi qalmayıb, sən demə yolu, suyu, işığı olan abad kəndlərimizdə hələ də cəhalət yaşayır. 

“Bir ələm olsa hamı qoşulub gedər dalınca". Nigar soruşur, nə dedin. "Heç nə, öz-özümə danışıram". 

 

Ləkin kəndində bir qadın şəhid bulağının ətrafındakı çiçəkləri alaq edirdi.  Ürəyim açıldı. O güllü donda, kəlağayıda olan qadın, sarı çiçəklərlə dolu  şəkər kimi bağça. Dərhal ağlımdan keçdi, bəlkə də şəhid anasıdır. Bu bulaq oğlunun adınadır.

 

Və elə orda da dayandıq. Şəhid bulağı ilə üzbəüz yaşıl meydançada gənclər top oynayırdılar. Yaxınlaşıb "Təkərli kitab"a dəvət etdim. Tərəddüdlə də olsa gəldilər.

Dərhal kitabları çıxarıb maşının qarşısına düzdük. "Pulsuzdur, götürün! Zarafat etmirəm. Amma mütləq oxuyun!" 

Onda istəmirəm, gənclərdən biri deyir. Sonra kitab qapaqlarını bir-birinə göstərib gülüşdülər. 

 

Şəhid bulağının bağçasını alaq edən qadına yaxınlaşıb onu da dəvət edirəm. "Balaca uşaqlar varsa, onları da gətirin, onlar üçün kitab hədiyyələrimiz var". 

Bir anda sükut pozulur, domino komu dağılır, evlərin üstündən zülmət çəkilib gedir, qanadlı mələk kimi gözəl-göyçək uşaqlar başımızın  üstünü alırlar.

 

Qonşular da gəldi, kənddə xəbər işıqdan daha sürətlidir. Heç kəs kitabın gəldiyinə inanmır. Çəpər üstündən bir-birlərinə səslənirlər. "Kəndə kitab gəlib!" "Kəndə kitab gəlib!"

Bu layihə işə düşəndən həyəcanla gözlədiyim cümlə. 

 

Tikinti materialları satan dükançı "dükan açıqdır, mən qaçdım", deyir. Başqa birisi "kitab götür, pulsuzdur". "Yox istəmirəm, nə edəcəm onu". 

Ətrafdan hind toyuğunun səsi eşidilir. Burda, deyəsən, hər evdə hinduşka saxlayırlar. 

 

Günəş sınıb. Biz yığışırıq. Şatırlı,

Buravar kəndləri nisbətən yamacda yerləşir. Çətinliklə serpantin yollarla irəliləyib, qamışlı dərədən keçib Telavar yüksəkliyinə tərəf  qalxırıq. Maşınımız tez-tez sönür. Benzinnasosda problem yaranıb. "Bu sizi yolda qoyacaq", kəndlərin birində maşına baxan bir nəfər dedi. Bu söz ağlımdan çıxmır. 

 

Zevin kəndi  şəhidlər üçün abidə ucaldıb, qarşısında şair Ülvi Aydın gözləyir. Bəlkə də yeganə kənddir ki, beş igid şəhid verib.  Burda hava soyuyub. Onun əyni tənikdir. Yaxşı ki, bu abidə var, yoxsa bu yüksəklikdə onu soyuq vurardı. 

Biz hələ Çəmənlidən gələndə gözləyirdi.

"Daha gec oldu, Zevinə bir başqa vaxt gələrik". Kitabını nəşr etməyi vəd etdim.

 

Heyvan evə dönən vaxtdır. Hava qaralıb. 

Telavar yüksəkliyindən Abidərya ocağına, Ləzran kəndinə enirik. Ərsilə, Mirimli   kəndlərində yolumuza qoyun sürüləri çıxır. Üzü enişə Yardımlı-Masallı yoluna, Sırıq kəndinə çatırıq.

Daha maşının bizi yarı yolda qoymaq qorxusu yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2023)

.

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Bizə görə, doğulan hər bir insan qəhrəmandır. Deyirlər ki, heç kim qəhrəman doğulmur. Hamı qəhrəman ola bilməz. Əgər el arasındaki bu deyimə birmənalı yanaşsaq, bu, insan doğularkən beyninin ağ kağız və ya boş lövhə kimi olması anlamını verir. Halbuki, təcrübədə sübut olunub ki, yeni doğulmuş uşaq ilk öncə anasının səsini tanıyır, ata-ananın səsinə reaksiya verir. Sonra isə ətrafda baş verənlərə münasibət göstərir. Bu halın epigenetik irsiyyət məsələsi ilə bağlı olduğunu da unutmaq olmaz. Bundan əlavə, məlumdur ki, bətndaxili inkişafın müvafiq mərhələsindən sonra uşağın hissiyat aparatı və yaddaşı təşəkkül tapmağa başlayır. Buradan aydın olur ki, insan dünyaya göz açmamışdan xeyli öncə bəzi vərdişlərə hazırlanır. Yeni doğulan körpə hansısa bir şeyə etirazetmə, müqavimət göstərmə, nəyəsə reaksiya vermə qabiliyyəti aşılanmış şəkildə dünyaya ayaq basır. Bir sözlə, insan yaşam üçün özünüqoruma, müdafiəolunma instikti ilə birgə doğulur. Deməli yeni doğulmuş insanın ruhu doğulana qədər təbii və azaddır. O, məkanından asılı olmayaraq, pərvəriş tapdığı andan azadlığı üçün mövcudluğunun varlığı uğrunda mübarizə aparır. Mübarizəni, müqaviməti qəhrəmanlığın ilkin əsas şərti kimi dəyərləndirsək, yuxarıda söylənilənlər ilk anlamda ilahi yaradılışdan insana verilmiş instiktiv qəhrəmanlıqdır. Daha doğrusu, qəhrəmanlığın rüşeymi, ilk işaran cücərtiləridir. Bunu qəhrəmanlığın təməli, prosesin başlanğıcı adlandırsaq səhv etmərik.

Bundan sonra qəhrəmanlığın digər mərhələsi, yəni uşaqlığın ikinci dövrü başlanır. Uşaqlar üçün mühitin əsası sayılan ailə mühiti gəlir. Bu zaman uşaq düşdüyü mühitin qaydaları ilə böyüməyə məhkum olur, onun hüdudlarından kənara çıxa bilmir. Düşdüyü mühitin tərkib hissəsi olan ailənin tələblərinə tabe edilir. Yeni mühitə düşənə qədər o ruhda tərbiyə almağa davam olunur. Məxsus olduğu ailənin təlim-tərbiyəsi təsiri altına düşür. Lakin nə qədər təsir altında olsa da, azadlığı naminə bəzi şeylərə qarşı etiraz edərək müqavimət göstərir. Hamıya tanış olan, hamımızın rastlaşdığımız belə bir hala diqqət etsək, görərik ki, balaca uşaqları məcburi geyindirdikdə, yedirdikdə müəyyən müqavimət göstərirlər. Onların əlindən bir şeyi almaq istədikdə “mənimdir” deyərək etiraz əlaməti olaraq ağlamağa başlayırlar. Bu, insana yaradılışdan- doğuşdan öncə verilmiş məcburiyyətlə barışmayan sərbəstlik, müəyyən mənada asudəlik, toxunulmazlıq ruhunun, qəhrəmanlıq hissinin mübarizə gücünün intişarı, davamlı inkişaf prosesidir. 

XVII əsrdə yaşamış ispan yazarı Baltasar Qratsian “Ağıllı yaşama sənəti” əsərində göstərir ki: “İnsanın hayatı insani kötülüklere karşı savaşmaktan ibarettir. Sağduyu stratejik plan değişiklikleri aracılığıyla mücadele eder.”

Qəhrəmanlığın üçüncü mərhələsi uşaqların böyüyərək həddi-buluğa, yetkinlik yaşına çatdığı, şüurunun formalaşaraq sərbəst qərar qəbul etdiyi, hissiyyat aparatının təkmilləşərək düşdüyü cəmiyyətin tələblərinə uyğunlaşmağa başladığı, malik olduğu müəyyən xarakterin üzə çıxdığı dövrə təsadüf edir. Təbiidir ki, insanın xarakteri ilə birgə onun içindəki qəhrəmanlıq- mübarizlik hissi də bu zaman inkişaf edərək qol-budaq atıb möhkəmlənir. Cəmiyyətlər özəllikləri ilə seçildiyinə görə insan psixikasındakı bu şaxələnmə də müvafiq qanunauyğunluğa əsasən müxtəlif cür olur. Onu da nəzərə alaq ki, insandakı hissiyyat aparatının bu mərhələsi kütləvi xarakter daşıyır. Bir çox oxunaqlı əsər müəllifi Alman yazıçısı Erix Maria Remark  “Qərb cəbhəsində təbəddülat yoxdur” əsərində insan düşüncəsindən və iradəsindən kənar özünümüdafiə inistiktinin, bir duyğu hissinin olduğunu obrazın dili ilə aşağıdaki kimi xarakterizə edir: “Getdiyin yerdə heç bir şey düşünmədən birdən çuxura uzanırsan və bu anda üzərindən top gülləsinin parçaları aşılayır. Lakin insan top gülləsinin yaxınlaşdığını və sadəcə, uzanmaq fikrinin necə gəldiyini heç cür təsəvvür edə bilmir. Əgər biz yalnız öz düşüncəmizlə hərəkət etsəydik, çoxdan parçalanmış ət yığımına dönmüş olardıq. O, tamamilə başqa bir şeydir, o, hər şeyi aydıncasına görən bir duyğudur ki, bizi sövq edir və biz nə olduğunu belə anlamadan o üz verməkdə olan təhlükələrdən qurtarır. Bu hiss olmasaydı, Flandriyadan Folgezə qədər artıq çoxdan bir adam da sağ qalmazdı.” Buradan da aydın olur ki, insanın instiktiv özünümüdafiə hissi hər yaş dövründə- ana bətninə düşdüyü andan ölümünə qədər ətraf aləmin təsirindən asılı olmayaraq sadədən mürəkkəbə doğru onunla birgə addımlayır.

İnsanlara cəmiyyətlərin mənəvi və əxlaqi dəyərləri əsasən mövcud mühitin- yuxarıda deyildiyi kimi, əvvəlcə ailənin, sonrasa düşdüyü kollektivinn- mühitin tərbiyəsi ilə diqtə olunur. Bu isə sonradan qazanılmış hislərdir. Cəmiyyətdə seçilənlər orada fərqlənənlərdir- qəhrəmanlıq hissinin kütləvilik mərhələsini adlayanlardır. Bu fərqlənən şəxslərsə ən yüksək hissiyyata, fitri istedada malik olub, geniş mənada millətlərin və hətta bütün insanlığın tarixini yaradanlar, ruhən və xaraktercə güclü olanlar, zəka və yetkil ağıl sahibi olanlardır, yəni qəhrəmanlardır. Bu qəhrəmanlar geniş bir səhraya dağılmış olan günəş işığını bir yerə toplamaq bacarığına sahib insanlardır ki, onların içindəki bu qəhrəmanlıq hissi aşağıdan yuxarıya tədrici hərəkət edərək zirvə nöqtəsinə çatır. Zirvədəki yığılmış enerjinin təsiriylə milyonlarca günəş şüasının bir yerə toplanmasından parlaq və yandırıcı bir nöqtə yaranır. Bu güclü enerji qəhrəmanı atacağı addıma sövq edir, onu laqeyd qalmağa qoymur. İnsandakı hissiyyat aparatının inkişafı zəif və ləng olduqda isə o qış günəşini xatırladır, parlaqlığı olsa da, hərarəti ətrafı isidəcək gücündə olmur. Bütün cəmiyyətlərdə əksər üzvlər belə olur. Bu da təbiidir. Böyük rus mütəfəkkiri Lev Nikolayeviç Tolstoy qəhrəman və qəhrəmanlıqdan danışarkən millət və cəmiyyəti dəniz sularına, qəhrəmanı isə gəmiyə bənzədərək belə söyləyir: “Dənizlərdə böyük amma çox böyük bir gəminin, transatlantikin yol aldığını düşününüz. Hərəkət əsnasında gəminin önündən sular bir kütlə halında qaçır. Bu su kütləsinin gəmini sürüklədiyini kim iddia edə bilər? Aydındır ki, bu su axımını gəminin özü yaradır, qabağına qatıb önündə qovalayır. Əsil güc gəminin özündədir. Axan su isə bunun səbəbi və nəticəsidir sadəcə…” 

Bizə görəsə, gəmini idarə edənlər içindəki seçilənlərdir.

Hər bir insan ömrü hündürlüyü və davamlılığı insana məlum olmayan möhkəm özül üzərində ucaldılmış çoxmərtəbəli binadır. Bizə bəxş olunmuş ömrün ölçüsü olan insan həyatı isə həmin binanın daxilidir. O binanın daxili zənginliyi, binadaki qatların kosmetik işləri fərdin gözü və könlünü oxşayıb oxşamaması öz həyat tərzini şəxsin bir mənada necə qurmağından, düşdüyü mühitin fərdə hansı təsiri göstərməsindən, fərdin ona necə reaksiyasından və onu nə cür tərənnüm etməsindən, bu hissin özünü necə biruzə verməyindən asılıdır.

Göründüyü kimi, insana doğuşdan əvvəl verilmiş instiktiv qəhrəmanlıq hissinin inkişaf prosesi mürəkkəbdir. Bu baxımdan qəhrəmanlıq hissinin özünü büruzəvermə məqamları da müxtəlif qatlardan, mərhələlərdən ibarətdir.

Qəhrəmanlıq sözü mücərrəd olduğu üçün insan həyatının hər anında mövcuddur. Bu söz o zaman gerçəkləşir ki, müəyyən qədər semantik yükü baxımından məna dəyişikliyinə uğrayaraq bugünkü fədakarlıq, igidlik sözünün mənasını verir. Yəni baş vermiş hadisənin konteksində kimsənin gözləmədiyi bir vaxtda üzə çıxan mövcud hərəkət- fədakarlıq cəsurluq, igidlik səviyyəsinə yüksələrək, ictimai dəyər qazanaraq ictimaiyyət tərəfindən qəbul olunur. Bu isə qəhrəmanlığın bizə görə dördüncü mərhələsi- son mərhələsidir. Bu hal hamıya xas olmadığından, fərdi və şəxsi xarakter daşıdığından həm də mənəviyyat, vicdan məsələsidir. Bu anda insanda baş verən oyanış onun iç dünyasındaki görünməz olan imkanların dərk və kəşf edilərək bu imkanların cəsarətli şəkildə gerçək həyatda reallaşmasına səbəb olur. Həmin an iç dünyanın ən dərin qatlarında barınan gizlin imkanların coşub çağlayaraq üzə çıxmaqla vulkan kimi qəfil fontan vurmasıdır. Bu o andır ki, təhlükə cəmiyyətin millətin, xalqın həyatının içinə nüfuz etdiyi zaman fərdin iç dünyasında uzun müddətdi gizlin və görünməz qalan imkanların hər cür qınaqları, təhdid və qorxuları gözaltına alaraq sürətli şəkildə səfərbər olub zahirə  püskürür. Hər kəsə xas olmayan bu cəsarət özünü insanın müxtəlif yaş dövründə göstərə bilər- məktəb şagirdi olan Cəbrayıl rayon sakini əsgərlər arasında Toqana çağırılan Samir Əliyevin qeyri-adi cəsarəti və onu uşaq olmasına baxmayaraq buna sövq edən hisdən doğan şücaəti kimi, heç bir əmr gözləmədən döyüşə atılaraq onlarla düşməni məhv edən Biləsüvar torpağının yetirməsi olan Mübariz İbrahimovun göstərdiyi igidlik kimi… 

Qəhrəmanlıq ölümün və əbədi həyatın mövcudluğudur. Bu, ölümün və daimi yaşamanın mövcudluğu yoludur. Bunu dərk etmədən qəhrəman olmaq olmaz. Bu, qurban verməyi bacarmaq məqamı anıdır. Qəhrəmanlığın bu mərhələsində insanilik, hamıdan fərqli yüksək duyğusallıq, vicdan, mənəviyyat məsələsi önə çıxaraq mühüm rol oynadığı, vacib şərt olduğu üçün belə addım ixtiyari (düşünülmüş), yaxud qeyri-ixtiyari (düşünülməmiş) də ola bilər. Bu zaman ölüm halı da istisna deyil. Bu mərhələdə qəhrəmanın fiziki ölümü də onun cismən və mənən qələbəsidir. Bu da, təbiidir. 

Sonda onu da qeyd edək ki, bu cür qələbələrin həyatiliyi, yaşarlılığını ortaya çıxaran, onu səciyyələndirən digər mühüm faktor haqqında burada söz açmadığımız millət və xalqdır. Xalqı qollu-budaqlı bir ağaç zənn etsək, budaqlardan ən çox bar gətirəni, meyvəsi lap çox olan budaq xalq içindən çıxan qəhrəman, ağacın gövdəsi isə cəmiyyətlərdən ibarət kütlədir. Ağac növləri müxtəlif məziyyətlərə- özünəməxsus xüsusiyyətlərə malik olduğu kimi millət və xalqlar da spessfik xarakterə məxsusdurlar. Xalq qəhrəmanlarının az və çox olmasısa gövdənin nə cür qidalanmasından, ona necə qulluq göstərilməsindən asılıdır. 

“Bəyaz zambaqlar ölkəsində” əsərinin müəllifi rus yazıçısı Qriqori Petrov xalq, millət və qəhrəmanlıq barədə bəhs edərkən qəhrəmanlığı ildırımla müqayisə edərək yazır: “qəhrəmanlığı- ildırımı meydana gətirən millətin özüdür. Nə zaman bulud kütləsi elektrik yaradırsa, ildırım da öz-özündən yaranır. Əgər buludlar elektriklə yüklü deyilsə, heçbir zaman şimşək və ya ildırım çaxmaz, yalnızca bulud nəmli bir buxar halında qalır. Millətlər də belədir. Əgər bir millət böyüklük və qəhrəmanlıq xüsusiyyətlərini daşıyırsa, ondan ildırımlar doğar, qəhrəmanlar çıxar. Əgər xalq kütləsi nəmli bir buxar yığınından ibarətsə, heçbir güc ondan ildırım çıxara bilməz.” 

Bu deyilənlərdən də göründüyü kimi, millət və xalq qəhrəmanlığı həm də milli epigenetik irsiyyət məsələsidir. Bu, geniş mövzu olduğu üçün ona ötəri toxunmaqla Q.Petrovun qənaəti ilə kifayətlənməyi düşündük.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Formula 1” yarışları ilə adını dünya avtomobil idmanının yol xəritəsinə yazdıran Azərbaycan növbəti addımını atıb. Belə ki, Bakımızın füsünkar Heydər Əliyev Mərkəzi dekabrın 5-dən 8-dək Azərbaycan Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində 2023-cü ilin yekununun ən mötəbər tədbirlərindən olan FIA Mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) ev sahibliyi edir.

Və bununla bağlı olaraq Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olundu. 

 

 

128 ölkədən nümayəndələr, o cümlədən FIA prezidenti Mohammed Ben Sulayem

FIA rəsmiləri paytaxtımıza gəlib.

 

 

FIA həftəsi qonaqlarının qarşılanma tədbirində çıxış edən Azərbaycan Avtomobil Federasiyasının prezidenti, Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətindən bəhs etdi.

“FIA və Azərbaycan Avtomobil Federasiyası komandası olaraq qonaqların hər birinin Bakıda özünü evdəki kimi hiss etməsi üçün çalışdıq və əminik ki, mötəbər qonaqlar ölkəmizdən müsbət təəssüratlarla ayrılacaqlar”

  

Çıxış üçün söz alan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son illər ölkəmizdə avtomobil idmanının sürətlə inkişaf etdiyini,  cəmiyyətdə bu idman növünə marağın artdığını söylədi, Azərbaycan Avtomobil Federasiyasının rəhbərliyinə görülən işlərə görə minnətdarlığını bildirdi.

 

 

 

Təbii ki, hamı səbirsizliklə FIA prezidenti Mohammed Ben Sulayemin çıxışını gözləyirdi. 2021-ci ilin dekabrından Federasiyanın rəhbərliyini qəbul etmiş, milliyyətcə ərəb olan FİA prezidenti Azərbaycan Avtomobil Federasiyasına, şəxsən Anar Ələkbərova, Azərbaycan hökumətinə bu tədbirə evsahibliyi etdiyi üçün təşəkkür etdi, bütün dünyaya ölkə mədəniyyətini “Formula 1” kimi tədbirlərlə göstərməklə Azərbaycanın daha gözəl nəticələr əldə edəcəyinə əminlik bildirdi.

 

 

Qeyd edim ki, Bakıda ilk dəfə təşkil olunan FIA Baş Assambleyasının iclası ilə yanaşı, FIA Fondu və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyalarının iclasları da keçiriləcək. Həmçinin mükafatlandırma mərasimi çərçivəsində FIA pilotları da Bakıya səfər edəcək.

Xatırladım ki, FIA Baş Assambleyalarının iclasları və FIA Mükafatlandırma mərasiminin paytaxtımızda keçirilməsi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunub. Avtomobil idmanı sahəsində belə miqyaslı beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparıb. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.

İndi isə bir qədər proqram barədə. Heydər Əliyev Mərkəzi FIA tədbirlərinin əsas məkanı olacaq. 

Heydər Əliyev Mərkəzinin foyesində tədbir boyu Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə cəlbedici xarici görünüşü və unikal texniki göstəriciləri ilə fərqlənən klassik və idman avtomobilləri sərgilənəcək. Bunlar “Lamborghini Huracan Sterrato”, “Legends Car” (Ford Coupe 34), “Ferrari SF90 Stradale”, “The Model T Ford Snowmobile”, “Auburn Speedster 866”, “Cadillac Model M”, “Packard 645 Dual Cowl Phaeton” avtomobilləridir.

 

 

2023-cü ildə avtomobil idmanı üzrə müxtəlif çempionatların qalib avtomobillərinin sərgisi isə dekabrın 6-da məhz Heydər Əliyev Mərkəzində təşkil ediləcək.

FIA Baş Assambleyasının yekun iclası dekabrın 8-də keçiriləcək. 

Elə həmin gün Bakı Konqres Mərkəzində FIA Mükakatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək və bu mərasimdə avtomobil idmanı sahəsində müxtəlif nominasiyalarda mükafatlar təqdim ediləcək.

Bəli, Bakı möhtəşəm tədbirə evsahibliyi edir və paytaxtımızın qonaqları da çox xoşbəxtdirlər.

 

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Yaxın günlərdə Milli Məclisdə yeni çəkilən filmlərin büdcə xərclərinin Əlavə Dəyər Vergisindən azad olunması ilə bağlı dinləmə keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı parlamentin Mədəniyyət komitəsinə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa fikir səsləndirib. 

Fazil Mustafa bildirib ki, yaxın günkərdə Milli Məclisin Mədəniyyət komitəsində kino sənayesi, filmlərin çəkilişi və kinoların ƏDV-dən azad olunması ilə bağlı dinləmə keçiriləcək və dinləməyə rejissorlar, prodüserlər, ümumən, kino cameəsi dəvət olunacaq.

Xatırladaq ki, hazırda kino  mədəniyyətin prioritet sahəsi hesab edilir və hökumət əsas diqqətini məhz bu sahəyə yönəldib. 

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

 

Akademik Nizami Cəfərov yazır

 

Xalq yazıçısı Anarın "Əcəl" povestinin ideya-məzmun (və quruluş-kompozisiya) qaynağı otuz ildən də çox bundan əvvəl - 1991-ci ildə qələmə aldığı "Qırmızı limuzin" hekayəsindən gəlir. 

 

Həmin hekayə haqqında mən bir vaxtlar yazmışdım ki, "Qırmızı limuzin"də yazıçının tədqiqat obyekti ictimai-əxlaqi harmoniyası pozulmuş şəhər (dünya!) və həmin şəhərin (dünyanın!) xaosunda itmiş insan (insanlar)dır;  o insan (insanlar) ki vaxtilə "nizamlanmış" həyat yaşayırdılar (bu da bir cür bədbəxtlik idi və Anarın qəhrəmanları bir vaxtlar buna etiraz edirdilər - "Ağ liman"da, "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə və s.), indi isə "O. da bu şəhərin başqa köhnə sakinləri kimi öz şəhərlərini elə bil tanımırdılar, elə bil yadırğamışdılar, elə bil şəhəri tamam başqa bir əhali doldurmuşdu... Əvvəllər idarəsi, ya evi həndəvərində beş-on addım atanda beş-on tanışla rastlaşan O. indi saatlarla küçələri dolaşa bilərdi və tanıdığı bircə nəfərlə də qarşılaşmazdı". O. birdən-birə əhatə olunduğu disharmoniyada sövqi-təbii ilə ölüm vahiməsi duyub ondan qaçmaq üçün həyat kitabının oxunmuş vərəqlərini çevirir ki, itmiş harmoniyanı bərpa etsin: "...Qolunu katibənin boynuna  dolamaq istədi, katibə ehmallıca, amma  qətiyyətlə geri çəkildi. - Lazım deyil, - dedi.  - Heç nəyi qaytarmaq mümkün deyil. Axır vaxtlar səni az xatırlayırdım..."

"Ölüm isə qırmızı limuzin  şəklində və bütün vahiməsi ilə gəlir". 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Anarı düşündürən sosial-mənəvi problemlər yalnız "Qırmızı limuzin"lə bitmirdi. Və mən yazıçının həm "Vahimə" hekayəsini, həm də "Otel otağı" povestini "Qırmızı limuzin"lə müqayisə etmişdim:

"Anar insanın intim dünyası ilə sosial dünyası, necə deyərlər, ictimai fəaliyyəti arasında nə isə bir kontakt, harmoniya axtarır... Çünki belə bir kontakt, ya harmoniya yoxdursa, istər-istəməz beyin psixozu başlayır və insan irreal dünya ilə real dünya arasında vurnuxur,  nə orada, nə burada qərar tuta bilir. "Qırmızı limuzin" hekayəsinin qəhrəmanı kimi "Vahimə" hekayəsinin qəhrəmanı da, nə qədər ayrı adam olursa-olsun, ictimai reallığın hər bir insana  vurduğu başgicəlləndirici psixoloji zərbələrə dözə bilmir. Onun ("Vahimə"nin qəhrəmanının) düşüncələrini  təkzib etmək çətindir. "Ümumən bu son illərin hadisələri hamımızın beyinlərini az və ya çox dərəcədə çaşdırmayıbmı, məhvərindən çıxarmayıbmı?.."

Və sözügedən əsərlər məni belə bir nəticəyə gətirmişdi ki, "insan ancaq intim dünyasına sığınıb, geniş dünyadan təcrid olunub yaşaya bilməz - cəmiyyətdə baş verən təlatümlər, tökülən qanlar, ictimai psixoz insanın yalnız dünyayla münasibətini deyil, daxili harmoniyasını da pozur. "Otel otağı" povestində olduğu kimi.

Birinci hekayədə qırmızı limuzin, ikinci hekayədə Mərdəkandakı bağ nədirsə,  haqqında  söhbət gedən povestdə  İstanbuldakı otel otağı da odur - hər üç halda mənəvi-ruhi proporsionallığı pozulmuş insanlar özlərindən asılı olmayan təhtəlşüur, sövqi-təbii "istəklə" (və əsaslı bir müqavimət göstərmədən!) ölümün ağuşuna atılırlar".

Əlbəttə, "Qırmızı limuzin"in, eləcə də "Vahimə"nin, "Otel otağı"nın... ədəbi hadisə olaraq uğuru ondadır ki, bu əsərlərin müəllifi Azərbaycan insanının (və xalqının) həyatında, daha doğrusu, daxili aləmində, mənəviyyatında baş verən çox mühüm dəyişiklikləri vaxtında görmüş, özünəməxsus ustalıqla əks etdirmiş, Azərbaycan ədəbiyyatı tarixinin  təkzibedilməz faktına  çevirmişdir.

"Qırmızı limuzin"dən təxminən on beş il sonra Anar onun əsasında "Təqib" kinossenarisini, "Təqib"dən on beş il sonra isə "Əcəl" povestini yazdı.

Yazıçının yaradıcılığının ən istedadlı araşdırıcılarından olan Pərvin göstərir ki, "Anarın bir neçə filminin ssenarisinin  mövzusu, süjeti nəsr əsərlərindən gəlir... "Təqib" filmi də yazıçının daha əvvəllər qələmə aldığı "Qırmızı limuzin" hekayəsini əks etdirir. Lakin...  Anar yaradıcılığının maraqlı, istər ədəbi tənqidçilər, istərsə də  kinoşünaslar üçün düşündürücü məqamlarından biri də prozanın ekrana, filmə necə "keçməsi", "çevrilməsi"dir".

Bu sətirlərin müəllifiylə, əlbəttə razılaşmaq lazım gəlir ki, hekayə ilə müqayisədə kinossenarinin ideya-məzmunu daha ictimaidir:

"Hekayənin qəhrəmanı O.nun problemi özünün dərdi, öz qorxuları, ölüm haqqında düşüncələri idisə, filmdəki Osmanın problemi millətin dərdi, çağdaş zamanın qüsurlarıdır.

...Hər zaman milli-mənəvi dəyərlərin qoruyucusu olan Anarı meyarların itməsi, gerçək sənətin zamanın, müasirliyin,  texnika əsrinin güdazına getməsi narahat etməyə bilməz. Və elə bu narahatlığı da bu dəfə "Təqib" qəhrəmanının ağrısına, belə demək olarsa,  faciəsinə çevrilib. Hekayədə "qırmızı limuzin", sadəcə, ölüm simvoludursa, filmdə Osmanın hər an onu izləyən keçmişidi, ürəyini sızıldadan  ağrılarıdı, dəyərlərin itdiyi bir zamanda çarəsizliyidi, acizliyidi, həm də tənhalığıdı... Və yenə də bütün bunlardan çıxış yolu ölümdür".

Ancaq Pərvin ssenaridəki ictimai kədəri onun qəhrəmanının - Osmanın ölümündə son şərt hesab eləmir. Onun fikrincə, son şərt, necə deyərlər, əsas məsələ yenə də ictimai səviyyəyə yüksəlməyən intim hisslərdir:

"Bu şəhərdə son dayanacağını ? bir vaxt eşq, tutqu yaşadığı katibənin evini, son tutacağını - katibənin gizli sevgisini də itirəndən sonra onu daha bu dünyaya bağlayan heç nə qalmamışdı. Və ən böyük faciə elə bu idi ki, əslində, katibənin evinin də, onun üçün isti yuva, münasibətinin də, sevgisinin də onu qoruyan, dünyaya bağlayan nəsnə olmasını Osman bütün bunları itirəndən sonra başa düşür, "sən belə imişsən..." deyib gedir".

Əlbəttə, bu mülahizə ilə qeydsiz-şərtsiz razılaşmaq hər şeydən əvvəl ona görə çətindir ki, Osman kimi  ictimai dəyərlərə bağlı (unutmaq olmaz ki, o həm də jurnalistdir, peşəkar fəaliyyəti onu cəmiyyətin bilavasitə ümumi maraqları ilə yaşamağa təhrik edir) bir adam, ola bilməz ki, illərlə görüşdüyü (aralarındakı münasibətin artıq soyuduğunu hər ikisinin etiraf etdiyi) katibəni özünün  həyatla əlaqəsinin son ümidgahı bilsin. Əgər söhbət "Təqib"dən gedirsə, məncə, Osman iş adamı Mehmanın, yaxud işlədiyi qəzetin rəhbərliyinin qeyri-insani hərəkətlərini özü üçün daha böyük faciə hesab edir, nəinki katibənin ondan imtina etməsini... İş adamı Mehman onu dədə-babasına, nəslinə-kökünə bağlayan, get-gedə ailənin əlindən alınaraq "bölüşdürülmüş" geniş mənzilin son otağından da məhrum etmək istəyir, işlədiyi qəzetin rəhbərliyi isə tələb edir ki, qaçqınlar, Xocalı, Qarabağ faciələri barədə yox, "Elladanın pişiyi tipli" materiallar hazırlasın ki, camaat qəzeti alıb oxusun... Osmanı daxilən, ruhən incidən bu təkliflərin heç biri onun intim istək və ya maraqlarından irəli gəlmir, hər ikisi ictimai məzmun daşıyır. Və əslində, katibənin Azərbaycanı tərk edib Amerikaya köçməsi də elə Osmanın öz vətənində yada - yabançıya çevrilməsi kimi bir şeydir. Odur ki, katibə Osman kimi son dərəcə dərin ideya-estetik semantikaya malik bir obraz üçün təyinedici əlamət funksiyasında çıxış edə bilməz - onlar əsərdə paralel hadisələrdir.

Pərvinin "müəllif Osmanın timsalında mətbuatın şou-biznes meydanına  çevrilməsinə, sənət nümunələrinin pulluların "malaları" altında qalmasına,  kitabların dəyərdən düşməsinə, satılmasına, küçələrə atılmasına yanan ziyalı obrazı yaradıb. Bütün bunlar  qarşısında aciz qalan, heç nəyi düzəldə, dəyişə bilməyən insanın çıxış yolu kimi ölümü göstərib" tezisi heç bir mübahisə doğurmasa da, bunun ardınca gələn "amma çıxış yolu var axı! Bütün bunlara gülmək... Gözündə yaş, üzündə kədər... Gülmək və gülə-gülə diqqəti çəkmək..." tipli emosional  müddəaları ən azı "Qırmızı limuzin" - "Təqib"  kontekstində, prinsip etibarilə, ona görə xaric səslənir ki,  nəinki Osman ilə katibənin, yaxud iş adamı Mehman ilə qəzet rəhbərliyinin, hətta "əzvay" sözünün mənasını bilməyən, "mütəfəkkir"ə  "mutakafkir" deyən, "qandın?" sualının tərkibindəki "qand"ı "qənd" kimi başa düşən Tolikin hərəkətləri,  danışıqları da elə bir gülüş doğurmur. Və yazıçının bütün bunlara - hərəkətlərə, danışıqlara, təkliflərə, etirazlara olduqca ciddi mövqedən münasibət göstərməsi, onları  konkret (və tipik) epizodlarla təqdim eləməsi hər cür gülüşü istisna edir. Əgər belə olmasaydı, Osmanın faciəsi bu dərəcədə düşündürücü, təsirli (və ədəbi yaradıcılıq baxımından uğurlu) olmazdı.

Pərvin "Qırmızı limuzin" hekayəsinin "Təqib" ssenarisinə "çevrilərkən" hansı ideya-məzmun məziyyətləri  qazandığı barədə bəhs edərkən burada geniş yayılmış bir ənənənin mövcudluğuna işarə edir. Və doğrudan da, nəsrin kinossenariyə, filmə "çevrilməsi"nə yüzlərlə nümunə göstərmək olar... Ancaq Anar sonra  o qədər də yayılmamış bir təcrübəyə müraciət etdi ki, o da ssenarini povestə "çevirmək"dən ibarətdir.

Mətnlərin müqayisəsi göstərir ki,  "Təqib" ssenarisi "Qırmızı limuzin"  hekayəsindən həm məzmun, həm də formaca çox fərqləndiyi halda, "Əcəl" povesti "Təqib"in,  demək olar ki, fərqli janrdakı variantıdır. Və belə bir varianta ona görə ehtiyac vardı ki, O.nun fərdi yaşantılarının Osmanın ictimai yaşantıları ilə  "zənginləşdirilməsi" öz əksini incəsənət janrı (filmin ssenarisi) ilə yanaşı, bilavasitə ədəbi janrda da tapsın...  Bununla  belə əsərlərin fərqli adlar daşıması hər halda təsadüfi deyil. Hekayədə, fikrimizcə, təqib edənin, ssenari və povestdə isə təqib olunanın obrazı daha qabarıq  verilmişdir.

"Əcəl" povesti süjet-kompozisiyası etibarilə bütün mətni ehtiva edən mistik fondan əlavə üç real epizoddan ibarətdir. Yuxulu, qarabasmalı, uğultulu mistik fon bu təfərrüatlarla başlayır:

"Qəfildən dayandı. Ətrafa boylandı. Buralar ona həm tanış gəlirdi, həm də bu dar küçələri sanki ilk dəfə görürdü. Bir ya iki mərtəbəli  evlər, səliqəsiz həyətlərin qarışıq qoxuları, sal divara dirənən kor dalan. Hər yan çox uzaqlarda qalmış ilğım kimi,  süzülüb nazilmiş xatirələr kimi, bulanıq xəyal kimi qeyri-müəyyən bir aləmi andırırdı".

Bu məşum xəyallar, yuxu ilə oyaqlıq arasındakı bu üzücü qarabasmalar arasında Osmanın diqqətini nə Bakı, nə də İçərişəhər üçün səciyyəvi olmayan qırmızı limuzin cəlb edir... "Onu təqib edən qırmızı limuzini görürdü.  Qırmızı limuzin İçərişəhərin dar küçələrində gümüşü ay işığında Osmanın dalınca qarabaqara irəliləyirdi".

Bir tərəfdən ürəyinin döyüntüsü, ikinci tərəfdən dişovan elektrocihazın uğultusu, üçüncü tərəfdən də avtomobilin gurultusu Osmanı haldan salmışdı. Və ən təəccüblüsü də o idi ki, "hərəkət edən maşının sükanı arxasında heç kəs yoxdu, maşının içi də bom-boşdu, adamsızdı". Osman oyananda uğultunun mənbəyini müəyyən eləsə də (yeni qonşu evlərini təmir etdirirdi, səs də  drelin səsiydi), maşın məsələsi aydınlaşmamış qalır... Evdən çıxıb işə gedəndə qəflətən görür ki, yeni qonşunun "Mersedes"inin dalında sürücüsüz, sərnişinsiz başqa bir avtomobil dayanıb, eynilə onun yuxuda gördüyü qırmızı limuzin". Osman gecə yuxusuna girmiş limuzin əhvalatını tamamilə təsadüfi saysa da, gedib-gəldiyi yol boyu həmin maşına bir neçə dəfə rast gəlməsi onu haldan çıxarır. Və təbii  ki, başıpozuq mühakimələr, dolaşıq, əvvəli-sonu olmayan mülahizələr qarşısında qoyur...  "Əgər bu oyunu, doğrudan da, onunla nə məqsədləsə - məqsəd hələ aydın deyil - oynayırdılarsa, əlbəttə, Osmanın gəliş-gediş yollarını dəqiq bilirdilər. Bu nə çətin işdi bəyəm - izləyiblər, güdüblər, müəyyənləşdiriblər. Deməli, bu kozırı onların - kimlərin? - hər kimdisə onların - təqibçilərin əlindədir. Onların oyununu pozmaq isə mənim əlimdədir. İndi İçərişəhərdən çıxıb elə gözlənilməz yollarla keçəcəm, yolumu elə küçələrdən salacam ki, onları - kim olurlar-olsunlar  -  azdıra bilim"...  Osman təqibçiləri öz aləmində bir müddət "aldada" bilir... "Hər dəfə yeni bir küçəyə çıxıb həndəvərdə heç bir qırmızı maşın görməyəndə öz  fəndgirliyinə afərin deyir, təqibçiləri aldada bildiyinə sevinirdi".

Ancaq Osman bilmir ki, onu təqib edən Əcəldir. Və Əcəli aldatmaq mümkün deyil... "Küçənin o tayına keçmək üçün səkidən düşdü və elə bu an  döngədən sürətlə fırlayıb çıxan qırmızı limuzin onu yıxıb altına aldı,  xırp dayananacan xeyli sürüdü".

Mahiyyət, ümumən, eyni olsa da, hər üç əsərdə - hekayadə, ssenaridə və povestdə  finallar bir-birindən fərqlənir. Zahirən realist təsir bağışlamağına baxmayaraq  hekayədə final daxilən mistikdir - O. yarıyuxulu-yarıoyaq ovqatla könüllü  olaraq intihara gedir, əgər belə demək mümkünsə, əcəldən qaçmağın mənasızlığını anlayır. Ssenaridə də müəyyən tərəddüddən sonra Osman limuzinin sükanı arxasına keçərkən  maşın özü hərəkət eləməyə başlayır, yük maşını ilə toqquşub yoxa çıxır, Osmanın meyiti isə asfaltın üstündə qalır. Göründüyü kimi, burada da hadisələrin  kifayət qədər realist təsviri arxasında xəfif  bir mistika hökm sürür.

Povestdə isə mistika  simvolikaya qədər yumşaldılır.

Hərdən mənə elə gəlir ki, "Qırmızı limuzin" - "Təqib" - "Əcəl" əsəri  hər bir təzahür üçün 15 il tələb olunmaqla yazıçının yaradıcılığının 45 ilini əhatə edir. və keçən əsrin 70-ci illərinin ortalarından başlayan bu 45 illik yaradıcılıq  axtarışları üçün strateji təmayül, görünür, realizmin müxtəlif modern metodlar hesabına  zənginləşdirilməsindən ibarətdir. Xüsusilə o baxımdan ki, "Qırmızı limuzin" hekayəsindəki (və ümumiyyətlə, Anar yaradıcılığının 70-ci,  80-ci illərə düşən dövründəki) sürrealist gərilmələr yeni əsrin əvvəllərində ("Təqib" dövründə) zəifləyir, bir qədər sonra isə Anarın təcrübəsində,  demək olar ki, bütün modernist axtarışları  açıq-açığına realizmin xidmətində görürük.

"Əcəl" povestinin hər üç epizodu "Təqib" ssenarisində də var, "Qırmızı limuzin" hekayəsi isə bu baxımdan ona görə daha yığcam idi ki, burada yeni qonşu əhvalatı yoxdur, redaksiyadakı əhvalat ötəri, katibənin evindəki isə müxtəsər verilmişdi.

Birinci epizod, əslində, ayrıca maraqlı, xeyli dərəcədə aktual bir hekayədir.

Yeni qonşu, iş adamı Mehman Osmanın onsuz da alt-üst olmuş mühitinə drel uğultusu ilə daxil olur, sonra özü görünür. Və get-gedə daha kəskin şəkildə ortaya çıxır ki, yeni qonşunun şəxsində Osmanı qərar tutduğu son kiçik məkandan da məhrum etmək istəyən bir qüvvə peyda olmuşdur. Özünün qılıqlı  münasibəti ilə yanaşı, hökmü, iddiaları və əhatəsi - miqyası ilə təzahür etmiş bu qüvvə fəaliyyətə keçmişin "redaktə"sindən başlayır:

"- Yaxşı, deyin görüm, o girişdəki  şəkilləri niyə malalatdırdınız?

- Abırlı evə belə şəkillər yaraşmaz, arvad var, uşaq var, dedim sizə, iki qızım var, niyə onlar evə gəlib-gedəndə bu parnoqrafiyanı görsünlər?

- Bu, parnoqrafiya deyil. Renessans dövrü  Avropa rəssamlarının tabloları mövzusunda bu əsrin əvvəllərində çəkilmiş şəkillərdir".

Osmanın etirazları müqabilində  Mehman öz "milli mövqe"yini kəskin şəkildə ortaya qoyur:

"- Siz heç narahat olmayın, Osman müəllim! Avropa rəssamları Avropada çəksin. Mən burada bizim öz rəssamlarımıza, tutalım Səttar Bəhlulzadə kimi rəssamlarımıza sifariş verəcəm, öz vətənimizin ən qəşəng mənzərələrini çəksinlər: Göygöl, Şahdağ, Beşbarmaq..."

Mehman təklif edəndə ki,  birotaqlı mənzilini satsın, Osman deyir:

"Bura mənim ata-babalarıma aid son xatirə yeridir. Binada babam yaşayıb, atamı buradan sürgünə aparıblar... Mən də burada öləcəm. Məndən sonra bu otağa da sahib olarsız".

Osmanın ironiyasını dərk etməkdən çox-çox uzaq olan Mehman israrından əl çəkmir:

"- Mən sizi tələsdirmirəm. Demirəm ki, dərhal cavab verəsiniz. Bir yaxşı-yaxşı fikirləşin, götür-qoy edin..."

Oxucuda belə bir inam yaranmaya bilməz ki, Mehman əvvəl-axır öz məqsədinə nail olacaq, aldığı mənzilin sonuncu otağını da ələ keçirəcəkdir. Çünki onun iddiaları, hökmü Osman kimi yalnız bir fərdə məxsus hadisə deyil, dövrün, zamanın iradəsini əks etdirir. İkinci epizod ideya-məzmunca birinci ilə o baxımdan səsləşir ki, burada da yeni dövr, zaman yeni eybəcərlikləri ilə özünü göstərir. Cəmiyyətdə baş vermiş mənəvi-ruhi kataklizmlərin tipik məhsulu olan bir qəzet redaksiyası təsvir edilir. Əməkdaşların bir-biri ilə şit zarafatlarla gün keçirdiyi bu redaksiyada belə bir prinsip hökm sürməkdədir ki, "yazılarla və fotolarla Qarabağı qaytarmaq olmaz. Oxucu da bu dəhşətləri eşitməkdən, görməkdən bezib. Camaat başını qatmaq, əylənmək istəyir. Onsuz da hərənin öz qayğıları, dərdi-səri yetərincədir".

Osman bu məsuliyyətsiz (və şərəfsiz) liberalizmə etiraz etmək cəhdi göstərəndə sərt olduğu qədər də vulqar bir gerçəkliklə qarşılaşır:

"Yaxşı, yaxşı, qoy oturmuşuq, mənə əxlaq dərsi vermə. Amma, haqq aşığı, onu da unutma ki, sənin də, mənim də yüksək maaşlarımız, qonorarlarımız qəzetin tirajından asılıdır. Odur ki, istədin-istəmədin, bizə çörək verənlərin istəklərinə əməl etməliyik".

Osmana belə bir "kompromis" variant təklif olunanda ki "haqqında yalan-palan uydurulub şok xəbər kimi birinci səhifəyə çıxarılan" "konkret şəxs olmasın, təşkilat olsun. Bilirsən ki, Yazıçılar Birliyinin əleyhinə yalan-doğru bir şey yazanda bunu xüsusi ləzzətlə oxuyurlar", o, əvvəlki epizoddakı ironiyasını işə salır:

"Bu işi Şamilə tapşırsan yaxşı olar. Onu bir il əvvəl Yazıçılar Birliyindən çıxarıblar, hələ də hirsi soyumayıb, əllərindən zəncir çeynəyir. Nə desən yazar".

Və epizod onunla yekunlaşır ki, "əsəbləri pozulmuş" Osman "daha sakit iş axtarmaq" qərarına gəlib redaksiyanı tərk edir.

Katibə ilə bağlı epizod bilavasitə "Qırmızı limuzin"dən gəlir. Və əgər belə demək mümkünsə, hekayə - ssenari - povestin müəyyən mənada bir bütöv təşkil edən əsərin ilk variantının süjetidir... Redaksiyada bir yerdə işlədikləri katibə Alla ilə üç il davam edən münasibətlərindən sonra Osmanla onun arasında soyuqluq yaranır, münasibətləri, demək olar ki, kəsilir... "Bu ayrılıq Osmanı nə incidir, nə ağrıdırdı. Ömrü boyu tək yaşamış adam kimi yalqızlığa alışmışdı. Təkliyi onu sıxmırdı. Ara-sıra darıxanda - elə günlər də olurdu, - kiməsə köhnə qadınlardan birinə telefon edirdi, ya onun evində, ya öz mənzilində bir-iki saatlıq görüşüb ayrılırdılar, sonra aylarla bir-birini itirib axtarmırdılar. Və belə əlaqə hər iki tərəfi qane edirdi".

Limuzinin vahiməsindən qaçan Osmanı ayaqları hansısa hissin təsiri altında katibənin evinə gətirib çıxarır. Qapını açan Alla təəccüblənsə də onu içəri dəvət edir. Və Osman təhtəlşüur bir istəklə güman edir ki, qırmızı limuzin şəklində onu təqib edən əcəldən yalnız Allanın mənzilində gizlənə bilər... "İlk dəfə görürdü hamının katibə adlandırdığı qadını, ilk dəfə görürdü Allanı. İlk dəfə onun kim olduğunu kəşf etmişdi.

- Sən beləsənmiş - dedi. Bəs niyə bütün bunları (söhbət, əsasən, Allanın evdəki kitablar barədəki təəssüratlarından gedir - N.C.) mənə əvvəllər danışmamışdın?

- Macal verirdin ki... İçəri girən kimi atılırdın üstümə... Sonra da... 

...Ayağa durub qolunu Allanın boynuna dolamaq istədi. Alla ehmallıca, amma qətiyyətlə geri çəkildi.

...Artıq bu boşalmış, səsləri, hənirləri susmuş otaqda keçirdiyi hər dəqiqə Osmançün işgəncə idi".

Bununla yanaşı, Osmanın içində zəif bir ümid közərir, "yaxşı yol" deyib bayıra çıxandan sonra da təzədən qayıdıb "bu şəhərdə, bəlkə, yeganə və son həyanı" olan Alla ilə "bütün təlaşlarını, qayğılarını" bölüşmək keçir ürəyindən... "Amma mümkün deyildi bu, özü də bilirdi. Hər şey bitib həll olunmuşdu. Heç nəyi dəyişmək mümkün deyildi. Qədərdən qaçmaq olmaz".

"Əcəl"in "Təqib"i də, "Qırmızı limuzin"i də ehtiva edən ideya-məzmun strukturu barədə bəhs edərkən hər nə qədər diqqət mərkəzinə çəkməyə çalışsaq da, görünür, bir sual hələ də sonacan cavablandırılmamış kimi görünür ki, Osmanın faciəsi nə dərəcədə fərdi və ya nə dərəcədə ictimaidir?.. Əlbəttə, həqiqətə daha uyğun cavaba bizi ən azı iki amili vəhdətdə almaq yaxınlaşdırardı ki, onlardan biri Anarın böyük bir yazıçı-mütəfəkkir olaraq bütün yaradıcılığı boyu üzərində düşündüyü insan konsepsiyası, ikincisi isə ümumən ədəbiyyatın, xüsusən Azərbaycan ədəbiyyatının bütün tarixi boyu apardığı ictimai ideal axtarışlarıdır ki, hər dövrün, zamanın özünəməxsusluqlarını əks etdirir. "Əcəl"in qəhrəmanının bir obraz-konsept olaraq ideya-estetik dəyəri (və müəllifin yaradıcılıq hünəri!) ədəbiyyatın ictimai idealları mövqeyində dayanıb mövcud mənəvi-ruhi kataklizmlərin formalaşdırdığı "insan subyekti"ni, fərdi psixoloji yaşantıları, hərəkət və tərəddüdləri cəsarətlə mühakimə predmetinə çevirməsindədir. Və həmin mühakimələrində  getdikcə daha davamlı şəkildə fərdi "kor dalan"a sıxışdırmaqda olan yeni sosial-iqtisadi münasibətləri ittiham etməklə Anar məhz fərdin (İnsanın!) müdafiəsində dayanır ki, bu, heç şübhəsiz, böyük ədəbiyyatın (və əsl yazıçının)  missiyasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

 

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Yaradıcılıq həftəsi” (Creative Hub) çərçivəsində keçirilən Azərbaycan Moda Həftəsi (Azerbaijan Fashion Week) moda nümayişi ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, iyirmi iştirakçı-dizayner təkcə klassik formatlara deyil, həm də innovativ təkliflərə müraciət edərək, öz müəllif yanaşmalarının və moda trendlərinə baxışının müxtəlif təcəssümünü nümayiş etdirib. Ən gənc modellərin ənənəvi moda nümayişi də tamaşaçıların marağına səbəb olub.

 

Möhtəşəm moda bayramı üç hissədən ibarət olub. Birinci hissədə “Kazakhstan Fashion Week” nümayəndələri çıxış ediblər. İkinci nümayiş hissəsinin iştirakçıları beynəlxalq modelyerlər qrupunun (International Fashion Designers) dizaynerləri idi. Üçüncü hissə tamamilə Azərbaycan dizaynerlərinin ixtiyarına verilib.

 

Tədbir moda sahəsində çalışan dizaynerlər, yerli və xarici media nümayəndələri, incəsənət adamları, rəssamlar, biznes nümayəndələri, eləcə də moda ilə maraqlanan hər kəsi bir araya gətirib.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Çərşənbə, 06 Dekabr 2023 12:15

Ölümə məhkumluq - ESSE

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Daha faciəli ölümə məhkum olanlar kimlərdir, onlar, yoxsa biz? Məzarlıqda uyuyan əbədiyyət qonaqlarının ziyarətinə gələn qonaqlar hər gün dəfələrlə ölümə məhkum olmurmu?  Burada uyuyanlar bir dəfə, ziyarətçiləri isə bir gündə min dəfə ölür.  Bu dünyadan bir parçanı yola salanda insanın, sanki bir ayağı o parça ilə birgə bir quyuda ilişir və yarı canı bu dünyadan aralı düşür. Bəs başqa cür ölümlər yoxmudur? Yaşaya-yaşaya ölümə məhkum ömürlər var ki, onların taleyi və ölümü daha faciəlidir.  Bəzən insan kiminsə gözünün bəbəklərində itirər özünü, o bəbəklərin baxışına tuş gələndə özünü ölümün ağuşunda hiss edər.   Bəzən də etdiyi əməllərin nəticəsində özünü kimlərinsə gözündə nəinki itirit, heç tapa da bilmir. Çünki çox gözlərdə yoxluğa çevrilir. Digər adla desək, bir İblisə çevrilir. 

Bu dəfə bir təzad yarandı. Axı İblis hamımızın içində olan pis xüsusiyyətlərimizdir. Elə insanları birləşdirən də budur. İçimizdəki yaxşılıqlar həmişə eyni olmasa da pisliklər çox vaxt üst-üstə düşər. Deməli, yox kimi hiss etdiyimiz insanlar elə gözümüzdə həm də varlığını daha çox hiss etdiyimiz insanlardır, bizi birləşdirən pis xüsusiyyətlər nəticəsində özü də. Bu yerdə Hüseyn Cavidin sitatı köməyimə çatacaq . 

İblis nədir?

-Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

-İblis!

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Dekabrın 5-də Milli Xalça Muzeyində ilk dəfə olaraq “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı sərgi açılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTaC-a istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil edilən sərgi Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlib.

Sərgidə Milli İncəsənət Muzeyinin direktoru, sərginin layihə rəhbəri Şirin Məlikova, "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərginin açılış mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Qərbi Azərbaycan xalçaçılığından danışıb, onun Azərbaycan xalçaçılığının ayrılmaz tərkib hissəsi kimi dəyərləndirib. Qadınlar Şurasının sədri Qərbi azərbaycanlıların doğma yurdlarından deportasiya olunması ilə bu bölgənin xalçaçılığına da böyük zərbə vurulduğunu diqqətə çatdırıb. Deputat qeyd edib ki, uzun illər Ermənistan tərəfindən bu xalçaların mənimsənilməsi və erməni xalçaları kimi təqdim edilməsi bu sənətə ciddi ziyan vurub. O, sovet dövründə Azərbaycan xalçaçılıq sənətinin təbliğ olunmasına qarşı çıxıldığını da vurğulayıb. Bildirib ki, bütün maneələrə baxmayaraq, Qərbi azərbaycanlılar hər zaman ata-babalarından miras qalmış sənəti qoruyub saxlayıblar.

Qeyd edək ki, Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid rayon və kəndlərdə müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı sərgidə nümayiş olunur.

Sərgidə nümayiş olunan xalçalar doğma yurdlarından məcburi deportasiya edilmiş soydaşlarımızın özləri ilə gətirdikləri, əziz, müqəddəs əşya kimi qoruduqları “Qasımuşağı”, “Ləmpə”, “Muğan”, “Qubadlı”, “Gəncə” və s. xalçalarıdır. Qadınlarımız Qərbi Azərbaycanda məşhur kompozisiyalar əsasında toxuduqları bu nümunələrdə klassik ənənələrə söykənərək zəngin naxış və kolorit həllindən bəhrələniblər. Eyni zamanda, toxuduqları xalçalara öz duyğu və hisslərini qatmaqla, həmçinin fərqli kolorit və məlumat xarakterli detalları ustalıqla verməklə onları özünəməxsus etməyi bacarıblar.

Sərgidə maraqlı kompozisiya quruluşu ilə seçilən xovsuz xalça şəddə və məişətdə geniş istifadə edilən xalça məmulatı xurcun da nümayiş olunacaq.

Sərgidə nümayiş olunan xalçalarla bağlı Azərbaycan və ingilis dillərində kataloq da çap olunub.

Sərgi yanvarın 5-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.