“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdim etməkdədir.
Şəhid Hüseynli Əkbər
2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olub. Əkbər Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil alıb. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib.
Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb.
27 sentyabr 2020-ci ildə "Böyük Vətən Müharibəsi" başlamışdır. Döyüşün ilk günlərində Murov istiqamətində gedən döyüşlərdə iştirak edib.
Döyüş zamanı qolundan yaralanmış, əsgər yoldaşlarının təkidinə baxmayaraq, döyüşə davam etmişdir.
27-29 sentyabr tarixlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş yoldaşları ilə xeyli irəliəyərək düşmənin çoxlu sayda hərbi qulluqçusunu məhv edib. Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Təltifləri:
“Vətən uğrunda” medalı (24.06.2021)
“Suqovuşanın azad olunmasına görə” medalı (24.06.2021)
Mən səni tanıyıram,
Zəfər, qələbə şəhid.
Mən səni tanıyıram,
Salam, tələbə şəhid.
Soyadın Hüseynli,
Adın da Əkbər sənin,
Vətən məhəbbətindən
Qiymətin zəfər sənin.
Diplom alan tələbə
Çoxdu, neçə nəfərdi?
Sənin diplomun isə,
Şuşadı, Kəlbəcərdi.
Tanrı bütün dağların
Taleyini tən yazıb.
Ayaq izin Murovda,
Qar üstə "vətən" yazıb.
Yazıb itkin dedilər,
Gizlədi zaman səni.
Bircə günə bir ömür,
Gözlədi anan səni.
Mən səni tanıyıram,
Cənnətin güllərindən.
Mən səni tanıyıram,
Kərbəla çöllərindən.
Tanıyıram, əbədi
Yadda qalan birisən.
Birdən-birə böyüyüb
Vətən olan birisən.
Mən səni tanıyıram,
Torpağın canındasan.
Atanın yuxusunda,
Tanrının yanındasan.
“Ədəbiyyat və incəsənət”
(02.07.2024)