Super User

Super User

Bu barədə AYB katibi Səlim Babullaoğlu məlumat verib

 

“Ədəbiyyat və incəsənət” portalına  açıqlamasanda şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu deyib ki, Ana Blandianın ölkəmizə səfəri və onun ana dilimizdə nəşr olunan ilk kitabının təqdimatı olduqca vacib ədəbiyyat hadisəsidir: “Ana Blandiana XX əsrin II yarısı rumın ədəbiyyatının görkəmli nümayəndəsi, Avropa şeirinin, necə deyərlər, canlı klassikidir, adı Çeslav Miloş, Zbiqnev Herbert, Çarlz Simik, Adonis və başqa dünyaca məşhur şairlərlə birgə çəkilən ədibdir. 

Xanım Blandiananı Rumıniyanın ölkəmizdəki səfiri cənab Vasile Soraenin vasitəsilə Bakıya dəvət etdim və o da sağ olsun, dəvətimi məmnuniyyətlə qəbul etdi. 

Xanım Blandiananın səfəri ilə bağlı çox yaxşı proqram hazırlamışıq. Əvvəla ordan başlayım ki, Ana Blandiananın müxtəlif kitablarından seçilmiş 70 şeirinin daxil olduğu “İndi mən sənə ibadət edirəm” adlı şeir kitabını nəşr etdik. Şeirləri rus və ingilis dillərindən mən, rumın dilindən həmkarım  Jalə İsmayıl çevirib. Gözəl tərtibat və nəfis poliqrafiya ilə işıq üzü görən kitabı “Qanun” nəşriyyatı çap edib. Rumıniyanın ölkəmizdəki səfiri cənab Vasile Soare kitaba qısa giriş, mən isə geniş ön söz yazmışam.

Dekabrın 7-də Bakı Kitab Mərkəzində şair ilə görüş, çox yaxşı musiqili poeziya axşamı keçiriləcək, Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ifa olunacaq.

Eyni zamanda çox maraqlı rəsmi və qeyri-rəsmi görüşlər keçiriləcək.

Xanım Blandianın Azərbaycan Yazıçılar Bilriyinin çətiri altında təşkil olanan “Bakı görüşləri”nə Rumıniyanın Bakıdakı səfirliyi, Rumıniya Mədəniyyət İnstitutu, Bakı Kitab Mərkəzi dəstək veriblər.

“Reaksiya Media Group”, Səməd Vurğunun Ev Muzeyi, Vaqif Səmədoğlu Mərkəzi, Şirvan Xeyriyyə Cəmiyyəti, “Agazza” Modalar Evi, “Ədəbiyyat qəzeti”və qəzetin saytı, “525-ci qəzet" , www. mustaqil.az və www. azyb.az saytları informasiya və təşkilati dəstək göstəriblər. Dostlarım və həmkarlar çox yaxşı dəstək veriblər. Hələlik hamıya ümumi şəkildə təşəkkür edirəm. Görüşlər bitəndən sonra mətbuata daha geniş açıqlama verəcəm, sağlıq olsun...”

Ana Blandiana kimdir:

Ana Blandiana (rum. Otilia-Valeria Coman; sonradan: Rusan) – dünya şöhrətli rumın şairəsi, yazıçı, ictimai xadim, insan haqları müdafiəçisidir. 

1942-ci il martın 25-də Rumıniyanın Timişoara şəhərində anadan olub. Atası keşiş George Koman (Gheorghe Coman) 1940-cı illərdə kommunist rejimi tərəfindən repressiyaya məruz qalıb, dəfələrlə həbsxanaya salınıb, “xalq düşməni” kimi damğalanıb. 1964-cü ildə sonuncu həbsdən azad olunandan bir neçə gün sonra bədbəxt hadisə nəticəsində həlak olub.

Ana Blandiananın əsərləri kommunist diktator Nikolae Çauşesku (Nicolae Ceauşescu) rejimi tərəfindən dəfələrlə qadağan edilib, özü və yaxınları təqib olunub. “Birinci şəxsin cəmində” (1964), “Üçüncü sirr” (1969), “50 şeir” (1970), “Oktyabr, noyabr, dekabr” (1972), “İşıldaquş gözləri” (1981), “Qum saatı” (1984), “Şikar ulduzu” (1986), “Ölümdən sonrakı səhər” (1996), “Günəşdən sonra” (2000), “Mənim vətənim” (2010), “Məlum mövzuda variasiyalar” (2018) və başqa şeir kitablarının, “Güzgülü dəhlizlər” (1983), “Olmaq və görünmək” (2005), “Ədəbiyyat qorxusu” (2006), “İlin fəsilləri” (1977, 2001), “Keçmiş layihələr” (1982),  “Qorxunun təqlidi” (1995), “Fantastik hadisələr” (2016) kimi esse və hekayə kitablarının müəllifidir.

Rumın dilində 28 kitabı nəşr edilib. Əsərləri 30-dan artıq dilə çevrilib, fərqli dillərdə 60 kitabı çap olunub. Ana Blandiana dünyanın ən məşhur ədəbiyyat və poeziya festivallarında iştirak edib. Əsərləri ABŞ, Birləşmiş Krallıq, Türkiyə, Almaniya, İtaliya, İspaniya, Belçika, Avstriya, Çin, Yaponiya, İsrail, Albaniya, Fransa, Hollandiya, Polşa, Macarıstan, Bolqarıstan, Çexiya, Slovakiya, Braziliya, Kuba, Suriya, Yunanıstan və digər ölkələrdə nəşr olunan nüfuzlu ədəbi dərgilərdə, antologiyalarda yer alıb.

Yaradıcılığı boyu Rumıniya Yazıçılar İttifaqının “Poeziya” (1969), Rumıniya Akademiyasının “Poeziya”  (1970), Buxarest Yazıçılar Assosiasiyasının “Proza” (1982), Avstriyanın beynəlxalq “Qotfrid fon Herder” (1982), Rumıniyanın “Milli Şeir Mükafatı” (1997), “Opera Omnia” (2001), Sloveniyanın beynəlxalq “Vilenitsa” (2002), Polşanın beynəlxalq “Avropa Azadlıq Şairi” (2016), Kanadanın “Qriffin (2018), Makedoniya Struqa Poeziya Festivalının “Qızıl Çələng” (2019) mükafatlarına layiq görülüb.

“Yüksək ədəbi nailiyyətlərinə və milli mədəniyyətin inkişafındakı töhfələrinə görə” Rumıniyanın “Böyük xaç” ordeni ilə təltif olunub (2000), Fransanın “Fəxri Legion Ordeni”nin (2009) sahibidir.

Babeş-Bolyay Universitetinin (Rumıniya), Salamanka Universitetinin (İspaniya) və İ.L.Karacale Milli Teatr və Kinematoqrafiya Universitetinin (Rumıniya) fəxri doktoru, Rumıniya Akademiyasının müxbir üzvüdür.

1990-cı ildə Rumıniya PEN Mərkəzini yaradıb, hazırda təşkilatın fəxri sədridir. Avropa Poeziya Akademiyasının, “Stefan Mallarme” Poeziya Akademiyasının və UNESCO Dünya Şeir Akademiyasının üzvüdür.

Həyat yoldaşı, yazıçı Romulus Rusanla (1935–2016) birlikdə 1993-cü ildə Sigetu Marmatsia şəhərində yerləşən, əvvəllər siyasi həbsxana kimi tanınan yerdə Kommunizm Qurbanları və Müqavimət Memorialını yaradıb, Rumıniyada vətəndaş cəmiyyətinin formalaşmasında xüsusi rol oynamış “Vətəndaş Alyansı”nı da təsis ediblər. 

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Çərşənbə, 06 Dekabr 2023 17:00

Kitabdan uzaq insanlar var bu ölkədə

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Özüm-özümə ən çox dediyim sözlərdən biri nədir? İnsanlardan diqqət gözləmə. Çünki birindən diqqət gözləmək səni zəiflədir, o diqqəti görməyəndə isə gözləntin səni öldürür, axırına çıxır. Hər zaman özümə deyirəm, elə şeylər yazmalısan ki, oxucunun oxumaqdan nəfəsi kəsilsin, həyəcandan ürəyi tez-tez döyünsün, içinə bir hüzur dolsun, ya da oxuduqca gərginləşsin. Bəzən oxucu yaratdığın mənfi obrazları söysün, bəzən də hansısa bir obraza aşiq olub gerçək həyatda da onun kimi insanlar axtarsın. Soruşanda ki, həyatında necə biri olmağını istərdin, düşünüb "Uraqanın kitabında bir obraz var idi..." deyərək başlasın ilk cümləsinə. Bu düşüncələr bir yazıçını əsarəngiz əsərlər yazmağa ruhlandıran ən böyük səbəblərdən biridir. Yazdıqca öz-özümə deyirəm ki, "elə yazmalıyam ki, oxucu oxuduqdan sonra oxudum, bitdi" deməsin, özündən sonra paylaşmaq ehtiyacı duysun. İçində bir hiss oyansın ki, bu oxuduqlarım sadəcə mənimlə qalmasın. Onları daha çox adama çatdırmalıyam deyərək dostuna göstərsin, tanışına yollasın, yaxud,  sevdiyi adama oxuyub xəyala dalsın. 

 

Bəzən yaşamaq çətinləşir, ona görə ki, kitabdan uzaq insanlar var bu ölkədə. Onlar istəmir ki, sən oxuyub inkişaf edəsən. Çünki onlar yaxşı bilir, onlar başa düşür ki, sən bilikli olsan, öz haqqını tələb edəcəksən ilk növbədə. Gücün bir az çox olsa, başqalarının da haqqını tələb etməyə başlayacaqsan. Onlar "poz, qazan"ın hər yerdə satılmasına icazə verən beyinlərdir. Onlar istəyir ki, sən hedonizmlə idarə ediləsən. Sən asılı olasan, onların atdığı sümük parçasına. Onlar istəyir ki, sən manqurtlaşasan toza, dumana, ağlın elə gedə ki, hər zaman bir çıxış yolu axtarasan. Lakin kimə lazımdır bunlar? "Matrix"dən çıxmaq üçün dayanıb düşünə biləcəksənmi? İnsanlar inanmağı düşünməkdən üstün tuturlar, çünki düşünmək zəhmət tələb edir, beyni yorur. İnanmaq isə içini rahatladır, sonra aldadılanda isə günahı öz içində yox, başqalarında axtarıb tapmağa başlayırsan. Halbuki bir dəfə dərk etsən ki, mən zəif olduğum üçün məğlub oldum, güclənərsən. Bilsən ki, "cahilsən", o zaman bilgi sahibi ola bilərsən, çünki öyrənmək "bilirəm" yox, "mən bilmirəm"i özünə etiraf etməklə başlayır.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Bakıda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi və qala-konsert keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva və digər rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 

Öncə mərkəzdə qazax mədəniyyətini özündə əks etdirən sərginin açılışı olub. Nazir Aida Balayeva çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrdən söz açıb. Bildirib ki, dost ölkələr olaraq Azərbaycan və Qazaxıstan hər zaman bir-birinin rifahı və regionda sülhə nail olmağa çalışıb: “Bu gün qazax rəssamların tarix və mədəniyyətimizi əks etdirən sərgisi xalqımızın keçmişinə bir səyahətdir. Bəzən siyasətdən belə güclü olan mədəniyyət xalqların həyatında mühüm rol oynayır. Sərgiyə qatılan hər kəsə təşəkkür edirəm”.

Xanım nazir çıxışından sonra üzərində görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın rəsmi olan xalçanı Milli Məclisin sədri Sahibə Qafarovaya hədiyyə edib. 

Daha sonra Heydər Əliyev Mərkəzinin böyük zalında mədəniyyət günlərinin qala-konserti olub. 

Əvvəlcə səhnəyə çıxan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva deyib ki, iki ölkə arasında əlaqələr xalqlarımızın qardaşlığı ilə yanaşı, dövlət başçılarımızın dostluq münasibətləri üzərində qurulub. Bu dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. 

Qazaxıstanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin əziz tutulduğunu, adının əbədiləşdirildiyini deyən xanım nazir, eyni zamanda dahi şair Məhəmməd Füzulinin, Azərbaycanda da böyük qazax siyasi və ədəbiyyat xadimlərinin adını daşıyan küçələrin olduğunu diqqətə çatdırıb. 

Daha sonra Qazaxıstan incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib. Rəqs, vokal və milli musiqilərdən ibarət proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Bununla da ölkəmizdə keçirilən Qazaxıstan Mədəniyyəti Günləri başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

“Ədəbiyyat və incəsənət” portalı Günel Ağazadənin şeirlərini təqdim edir. 

 

 

TƏNHALIĞIN BİR ÜZÜ

 

Bir an gəlir, doğmalar da

Çox yad olur.

Sarılıram tənhalığa,

O da mənə aşiq olub

Sığal çəkir saçlarıma...

Elə sıxır sinəsinə,

Elə bil ki heç görməyib

Təklənib tənha qalanı.

Tənhalığın bir işi var:

Pıçıldayır qulağına

Zəhər kimi doğruları.

Tənhalığın bir üzü var,

Çoxlu əli...

Hardan baxsan, tənhalıqdı,

Yalan kimi guruldayan

Səsi yoxdur.

Elə bir sükutu var ki,

Batıraraq qulağını

Silkələyir varlığını...

Tənhalıq yaxşı məktəbdi,

Öyrədir ümid kəsməyi.

Ümidsizlikdə ölsək də,

Öyrətmir ümidlər edib

Ayla-illə can verməyi...

Tənhalıqda anladım ki,

Bu dünyaya qonaq gəldim.

Süfrəsində min bir təam,

Həzin rüzgar.

Bardağımda soyuyan çay,

Buludlarda gizlənən ay...

Gözlərimdə bitmiş sevda,

Roman oldum tənhalıqda.

Tənhalıqda bəziləri

Çıxıb getdi adamlıqdan,

Bəzisi qərq olub getdi

Çılğın sükut dalğasında...

Öyrəndim ki, tənhalıqda

Özünə yol verməyincə,

Getmir insan bu dünyadan...

 

 

ÖZÜMƏM DƏ...

 

Özüməm də -

Günlər keçir həzin-həzin,

Bir az dəli, bir az gərgin.

Evdə sobamız yansa da,

Üşüyürəm.

Heç bilmirəm nədi dərdim...

Özüməm də -

Özüm kimi

Yaşayıram sevincləri,

Unuduram dərdi-qəmi.

Bir az nikbin, bir az üzgün

Aynalara baxır gözüm,

Aynalar da demir düzün.

Elə bil heç böyümürsən,

Elə həmin o uşaqsan:

Dərddən-qəmdən qaça-qaça

Qaçdı-tutdu oynayırsan...

Özüməm də -

Özüm üçün

Qapamıram pəncərəni.

Tez-tez baxıram yollara,

Deyirəm – Kaş ki qar yağa.

Uşaqlar qarı çox sevir,

Düşüb qartopu oynaya...

Özüməm də -

Saçlarıma sığal çəkib,

Özümə yaxşı baxıram.

Yaxşı ki, gec-gec də olsa,

Bəzən hal-əhval tutursan.

Mən də qələmə sarılıb

Özümə şeir yazıram...

Özüməm də -

Nə deyim ki?

Bəlkə hərdən baş çəkəsən,

Özün baxıb gözlərimə

Cavabını bilə-bilə

Deyəsən – Özün necəsən?

 

 

İNSAN

 

İnsan,

Kimə vəfalısan, kimə sadiqsən?

De – Nəyə güvənib qəlbə girirsən?

De – Nəyə güvənib eşqə düşürsən?

Sən kimsən insanı seçib insandan

Özündən acizə zülm edirsən?

Bir can yaratmağa qadirsənmi heç?

Öz doğma canına sadiqsənmi heç?

İstərsən nökər ol, istərsən sultan,

Dünyanı gəz dolan, gücünə güvən.

İstərsən, ən çətin sınaqlardan keç,

İmtahan edərsə səni Yaradan...

Aciz varlığını səmaya tutub

İmdad diləyirsən təkcə Tanrıdan.

Ayağın altında bir ovuc torpaq,

Başının üstündə bir tutum bulud.

Nəyə xəyanətdən dustaqsan, insan?

Başında doğma əl, əlin yad saçda,

Sən yada doğmasan, doğmaya yadsan?

Var oldun nidayla, itdin sualla,

Sən elə adicə insansan, insan...

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Yumul, bənövşəm, yumul” şeirinin növbəsidir. 

 

Dağlara gün düşübdür,

Açıl, bənövşəm, açıl...

Xalq mahnısı

 

Hava yaman sazaqdı,

Günəş səndən uzaqdı,

Bir ac quzu mələyib

Sənə boylandı, baxdı,

Yumul, bənövşəm, yumul.

 

Çəmənlərə iz düşür,

Bir deyil ki, yüz düşür.

Niyə sənin payızın

Hər çiçəkdən tez düşür;

Yumul, bənövşəm, yumul.

 

Göydə bulud görünür,

Bulud qara bürünür.

O dağda bir duman var

Sənə tərəf sürünür;

Yumul, bənövşəm, yumul...

 

Qalarsan baxa-baxa,

Kağız gül səndən baha,

Arı yaman çoxalıb

Gülü də sancır daha;

Yumul, bənövşəm, yumul.

 

Ömrün bircə həftədir,

Ətrin min cür həbdədir,

İndi sevənlər üçün

Beş qərənfil dəbdədir;

Yumul, bənövşəm, yumul.

 

Yum gözünü, çən görmə,

Vaxtsız gələn qəm görmə,

Dünya yaman qarışıb,

Mən görəni sən görmə;

Yumul, bənövşəm, yumul!...

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Rəfail İncəyurd görüşür.

 

Başımı götürüb kəndə gedəcəm,

Beş-on duru adam tapmaqdan ötrü.

Neynim, çalışıram boz niyyətlərin

bəyaz əllərindən qopmaqdan ötrü.

 

Keçir şər qüvvələr himayəsinə,

İlahi, bu dünya nə günə düşür?

Quyuda ağ qoçu gözləyən igid

Yenə qara qoçun tərkinə düşür.

 

Şeytan yuvasına dönür get-gedə,

Yox, burda yaşamaq çətinləşibdi.

Haqqa qulluq edən beş-on nəfər də

Döyülə-döyülə çox dəyişibdi.

 

Yaxşı bildiyin də yamana dönür,

Bir də görürsən ki, əyilib ağzı.

Dağlardan ayrılan dupduru çaylar 

bu səmtlə nə qədər, hayana axsın?

 

Yox, burda yaşamaq alınmır daha:

Gözündən düşürəm, ay canım-gözüm – 

Gerçəyi deyəndə bərk gedənlərin,

Yalan danışanda özüm özümün.

 

Mədhiyyə daşıyan “iti” qələmlər

Görən, nə verəcək yazıb millətə?

Ağıl kəsə-kəsə, göz görə-görə 

gör kimlər dərs deyir yazıq millətə!

 

…Başımı götürüb kəndə gedəcəm,

Gərək nizamlayam evi-eşiyi.

Amma deyirlər ki, kənd də dəyişib-

Cırlaşıb adamı, iti-pişiyi.

 

Hərhalda yenə də ora yaxşıdı-

Ordan da o yana dağ ətəyi var.

Hardasa salamat qalan çobanın 

bayatı çağıran bir tütəyi var.

 

Odur ki, yığışıb çəkiləm gərək,

Gözləyim, bəlkə də durula zaman.

Bəlkə də dəyəri verilə Haqqın,

Bəlkə də seçilə ağı qaradan!..

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Məhəmməd Çaığının poemasını təqdim edir. 

 

 

Güney Azərbaycanın Təbriz şəhərində yaşayan Çalğın Məhəmməd adı ilə tanınmış şair Məhəmməd Rza Cəfərinin yeni yazdığı “Qarabağ” poeması onun yaradıcılığının zirvəsi oldu desək, yanılmarıq. 

 

 

QARABAĞ

 

Ey Füzuli...

Sənin qara gözlərin

Qışın ağ gözlərinin altında su kimi əsir.

 

Sənin xurmalı yanaqların...

Şirinliyindən

Adamın dodaqların kəsir.

 

Sənin zeytun gözlərin...

Gözlərin yeridikcə

Adam müsəlmanlaşır.

 

 Ey Füzuli...

Ağrılarını unut

Əllərimdən tut

Gözlərindən o qədər içmişəm-aaaşıram.

Sənin gözlərinə and olsun Füzuli!

Səni məndən uzaqladanlardan-uzaqlaşıram

Dünyanın güzgülərinin önündəsən hala.

Səni göstərə bilməyən aynaların adı şüşədir

Səni göstərə bilməyən gündüzlərin adı gecədir,

Səni səbt edə bilməyən tarix nağıldır

Və səni oxuya bilməyən şair - heç şair deyil!

 

Ey Füzuli...

Ayağa dur

Taqçalarının tozunu al.

O çörək qabındakı cəhlənmiş çörəklərini boşalt

O küzədəki boyat suyu dışarı süz.

Hələ,divardan sallanan Sayatın saralmış şəklinə baxarsanmı?

Ooooooy!!

Anan ölsün Sayat

Su boyat, çörək boyat,

Gərəkdir rəngin saralsın.

 

Ey Füzuli...

Ayağa dur

Əl-üzündə yağış təsviri qur.

Küçələrini xalça uzad

Alışdır tiribonlarını

Həmən bir şeir gecəsi qur

Təbrizdən Çalğın gəlmiş

Və Bağdaddan...

Buyursun Füzuli həzrətləri.

 

"Bu rövşəndir təbiətdə dan ulduzsuz pegah olmaz,

Roxe zibayin ey dilbər nigahilən təbah olmaz.

 

Əgər məşuqələr içrə sədaqətlən viqar olsa,

Bütün sərgəştələr içrə bu qədri nalə-ah olmaz.

 

Mərizi-eşqəm ey dilbər təbibi-dərdi mən sənsən

Təbib dərdə əlac eylər uzaqdan ki, nigah olmaz!

 

Dodağından tərəhhüm qıl mənə bir qünçə lütf eylə,

İlahi bargahında o qünçeylən günah olmaz.

 

Mənə bir busə borcun var dedin gəl al Qarabağda

Bu gün nəqd eylə ey dilbər sabah olmaz, sabah olmaz.

 

Füzuli xainidanından qalan şahzadə Çalğındır

Nasıl şahzadədir Çalğın başında heç sipah olmaz?!

 

 Ey Şuşa...

Ey dünyanın ən dəli-sov gəlini

Ey yer kürəsinin sevgiyə hamilə olan nöqtəsi.

Gecələr qoynunda yazdığımız şeirləri - sinəndəki təpələrdə gizlətdik.

Gündüzlər səsində yazdığımız romanları - göbəyindəki qayalıqlarda…

 

Ey Şuşa...

Ey xanın ərköyün qızı.

Gözlərindəki yaşıl muncuqlarını mənə verərsənmi?

Yanaqlarındakı qızıl almalarını necə?

Dodaqlarını aç şərqin havası təmizlənsin,

Saçlarındakı bəyaz qartallarını uçurt

Göylər darıxır boşluqdan.

 

Ey Şuşa...

Qollarını boynuma sal,     yalqızam.

Saçlarını çiynimə sər,       darıxıram.

Əllərimi bağrına bas          üşüyürəm.

Oooooy!     bilmədim

Bağışla Şuşa

Yaralarına əlim dəydi

"Anan ölsün Şuşa

Nə dırmaşıbsan daşa

Bacın qurban olaydı

Gözündən axan yaşa.

 

Ey Şuşa...

Ey pərişanlığın simvolu

Ey Şuşa...

Ey şeirin istresi

Ey Şuşa...

Ey şairlərin paytaxtı

Hələ şair dedim yadıma düşdü

Oturun Molla Pənah Vaqifi çağırım gəlsin.

 

"Çoxdandı həsrətəm yaşıl gözünə,

Gəl otur qarşımda göz-gözə şuşa.

Nə gözəl saatdı, möhtəşəm andı,

Mən sizə qonağam, sən bizə şuşa.

 

Boğazın bulurdan ətəyi ağ qar,

Sinəndən aslanır bir cüt qızıl nar,

Gözlərində bir cüt yaşıl zeytun var,

Dəhanın bənzəyir dənizə şuşa.

 

Əyir ağ güzəmi uzad hananı,

Sağ ala inəyi bağla dananı,

Yüklə ağ mayanı, boz arvananı,

Yolla bu qatarı təbrizə şuşa."

 

 Atam illər öncə ağlardı.

İllər sonra mən güldüm.

Qarabağ, siz görən qarabağdan çox uca boydur.

Ağdam...

Ağdamda bir gəlin ağlardı qatar səsiylə,

Gövərçinin ayağına məktub bağlayır bir gəlin

Və mən...

Qara damda otursam da

Ağdama vurulduğum gündən

Özümdən çox məmnunam…

 

Baş ağrıların toxtayandan sonar,

Yol qırağındakı çinar ağaclarına baxarsan!

Dağların ətəyindəki göz yaşlarına diqqətli ol

Sənin bulutlarla nə işin var?

Uzaqdan görünən o savadlı şəhərin adı laçındır

O dirsəyə söykənən şairin adı sücaət!

 

"Fotoçu şəklini çək,

Hörüyünün saçının.

Şəkildə gözəl düşür,

Qəmi, dərdi laçının.

 

Ayazlı bir axşamda,

O qəlbidə yastam da,

Anam o uçuq damda,

Saçın hördü laçının.

 

Gözlərimdə yuxular,

Süzülür xumar-xumar,

Nağılda üç alma var,

Onun dördü laçının."

 

Əlimi alnıma qoyub kəlbəcərin qəlbisindən baxıram

Yer kürəsinin yuvarlaq olduğunu kim söyləmişdi?

Milyonlar açılar və qollar gizləniblər kölgələrinin dərinliklərində

Və dərələr, çadır kimi qatlanmış göstərir yer kürəsini.

Əlimi alnımdan götürüb

Aşağıdakı kəndə sarı yeriyirəm hala.

Bu kənd də bir qız var, adı QIZQAYIT

Qızqayıtın sağ çiyini sol çiyinindən uca olsa da,

Yeriyəndə sol ombasını bassa da Qızqayıt,

Yerişini sevirəm.

Qızqayıtın dodaqları kənd qoxusu versə də.

Dişləri kömür rəngində olsa da Qızqayıtın,

Gülüşünü sevirəm.

Danışanda topuq vurur Qızqayıtın dili…

Çaçaçaçaçalğın sənə çaçaçaçay

Dəmləmişəm gəgəgəl iç.

Ooooooooy

Sənin şeir dadında çayını çox sevirəm

Qızqayıt!

Qızqayıtın barmağına anamın üzüyünü

Nişan taxıram

Və kəlbəcəri gələn yaza tapşırıram…

 

Cənubdan hala,

Zəngəzurun sağ döşündə uzanmışam.

Beynimdə Atillanın yaratdığı xəritə,

Böyrümdə bir sürü quzu mələşir.

Köpəklər yalğızlığımı hürüşürlər kiçik bir təpənin üstündə

Və bir çoban…

Tütəyində oxşayır:

“Anam ölsün zəngəzur

Nə yatıbsan, yatma dur?!

Qollarını aç, uzalt,

Yenidən bir Turan qur.”

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Çərşənbə, 06 Dekabr 2023 13:00

Yağışlı gündən bir not - ESSE

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Avtobusdayam və evə qayıdıram, ağlımın içində yenə milyon fikir var, gülümsəməyə, vecsiz davranmağa, yaxşı görünməyə çalışıram. Narın yağış və avtobusdakı abu-hava həzin payız axşamlarını xatırladarkən, iliklərimə qədər darıxdığımı hiss edirəm yenə. Mahnının sözləri də, bir qədər yaxın, amma bir o qədər uzaq olan keçmiş xatirələrə aparır adamı.

Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim...

Verərdim həqiqətən? Ötən günlərin xatirinə gələn günlərimi qurban verərmiydim?

Verməzdim məncə.

Yaşadığlarım da, yaşamadığlarım da, yetəri qədər incidir onsuz..

Düzdür, çox darıxıram, içim sızıldayır hər güləndə, xoş xatirələrim canlananda gözlərim dolur.

Artıq əvvəlki mən deyiləm. Nə gedənin yoxluğuna 2gündən çox pis oluram, nə gələnin varlığına həyatımı bağlayıram. Dəyişən çox şey oldu əslində, düşücələrim, davranışlarım, səmimiyyətim, həssasiyətim dəyişdi. Mən dəyişdim. Sevdiklərimi itirərək, qəlbim qırılaraq dəyişdim mən. Bir anda bu qədər buz dağı ola bilməz heç kim. Vecsiz davranışlarım da, səbəbsiz deyil. Susqunluğumun da səbəbi danışmağa bir şeyin olmamasından deyil, anlayacaq kimsənin olmamasındandır. Depresiyada deyiləm, üzgün deyiləm, xoşbəxt və şən də deyiləm. Sadəcə öz dünyam var mənim,  adına cəhənnət dediyim dünyam.

Güldüyüm qədər acı çəkdiyim, ağladığım qədər güclü qalmağa çalışdığım o dünyada, hər kəs ötəridir artıq gözümdə.

Peşman deyiləmsə belə, kaşkilərim çoxdu. Hər şeyə rəğmən vaz keçməməyə çalışıram, özümü inkişaf etdirməyə, daim araşdırmağa çalışıram. Ən yaxın dostlarım kitablardır və onlardan bağlarımı qoparmayacağıma söz verirəm özümə. Kim bilir, bəlkə mənə də, pəncərədən yağış damlalarını seyr edə-edə kitabımın son səhifələrini vərəqləyərkən, öz kitabımda sonuncu səhifəyə çatmaq nəsib olar.

Belə, dostum, reallaşdırmadığım xəyallarım, nə olursa olsun, vaz keçməyəcəyim arzularım var. Zaman-zaman yaşanmışlıqların məni dəyişdiyinin fərqində olsam da, dayanmağa niyyətim yoxdur.

Sonuncu səhifəyə kimi, qələmim qırılana kimi o kitabı yazmağdan vaz keçməyəcəyimə söz verirəm. 

Özümə sözüm olsun bu.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün də mənim Şaxtababaya məktub yazmaq növbəmdir. 

Salam, Ağsaqqallı Şaxtababa. Bu məktubu cismi və yaşı xeyli böyümüş, amma sənə hələ də inanan 2-ci sinif uşağı səmimiyyətilə yazıram və arzularımı bir-bir sıralamağa başlayıram.

İlk öncə sırf paxllığımdan, mənimlə oxuyan varlı uşaqlarına pulla silinə bilməyəcək, çoxlu kəsirlər sürpriz etməyini istəyirəm. 

Daha sonra, layiq olan insanlara sevinc gətir. Elə bir sevinc olsun ki, illərlə çəkdikləri sevinc aclığının gözü dolsun.

Keçən illərdəki kimi, virus, xəstəlik, qalmaqal, azyaşlı tiktokerlər, geyimlə müqayisə edilən "müasirlik" gətirmə. Hətta bunlar bizim sənə hədiyyəmiz olsun.

Bəzi insanlara şəxsi həyat gətir. Bolluca şəxsi həyat gətir növbəti gəlişinə qədər bəs etsin ki öz həyatlarını nümayiş etməsinlər. Həm də başqalarının həyatlarına burunlarını soxmasınlar.

İnsanlara səmimiyyət ver, amma çox olmasın, yoxsa bunun da zibilini çıxaracaqlar. Axı biz bu işi yaxşı bacarırıq. 

Allahdan, həyatdan ümidini itirənlərə uşaq gülüşü, ailə sevinci göndər. Dini fanatiklərə isə heç dəyib dolaşma, onsuz da səni sevmirlər.

"Sevgi", sevgi gətir, "romantika" gətir bu boz şəhərə.

Qar gətir özünlə. Qorxma, kasıblar da qarı sevir. Onlar qardan üşüməz, əksinə qəlbləri isinər.

“Televiziyada kömək” adı ilə oxuması, yazması olmayan insanları 

aciz, gülünc vəziyyətə qoyub özlərinə reytinq yığan bəzi aparıcılara vicdan qutusu yolla.

Davalı ölkələrə uşaqların əli ilə ağ göyərçinlər göndər.

Üstündə ad soyadım yazılan qələm və dəftəri isə gecə mən yatarkən yolkamızın altına qoymağı unutma. Dəftərimi vərəqləyəndə uğurlarımın rəsmi çəkili olsun.

Şaxtababa, ən əsası da, bir masa arxasında yığışmaq, ata, ana, dost və tanışları ziyarət etmək üçün insanlara "yeni il" tipli bayramlardan başqa fərqli səbəblər də göndər.

Məktubumu tez oxu, Şaxtababa reallaşdırılması vacib olan arzular real olmaq üçün səbirsizlənirlər... 

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

 

İndi sən də yorulmusan, indi mən də yorulmuşam. 

 

Səbəbsiz bir xəcalətin yükündən əzginləşmiş, xaraba küçələrdə kölgədə bezginləşmiş sonumuzu gözləyirik.

 

O küçədə olan qəssab bıçaqsız ət doğrayır. 

 

İndi dəmirçi əmim qəssab dükanını bağlayır. Yolu evə sarıdır. 

Pəncərəni örtərək, qapını açıq qoyur, gecəni salamlayır. 

 

Mənsə boş-boş baxaraq yol alıram sonsuza.

 

Səni arxamda qoyub üz tuturam yolunuza... 

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.