TURAN ATI – Orxan Fikrətoğludan uzun filminin qısa xülasəsi Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

 

TURAN ATI

 

Alaqaranlıq fonda tikan arakəsmələrin içinə qatılmış yüzlərlə atın quyruğunu kəsən rus əsgərləri görünür. At kişnərtilərindən qulaq tutulur. Kəsilmiş at quyruqlarını kolxozçular üst-üstə yığır. Fonda mahud parça üzərinə yazılmış “Yoldaş kolxozçu, pantürkistlər sənin düşmənindir” şüarı oxunur. Bir at əsgərlərin əlindən çıxıb səddi aşır. Əsgərlər atın arxasınca atəş açırlar. At kəndin son daxmasının yerləşdiyi uçurumun kənarında dayanmalı olur. Ona çatan atlı əsgərlər əllərindəki tüfəngləri atəş açmaq üçün yuxarı qaldıranda kim isə dəlicəsinə. “Yox!”, – deyə bağırır. Və biz köhnə sərdabada gecələyən onbaşı İzzətin “Yox!” bağıraraq yuxudan qəfil oyandığını görürük. O, ayağa qalxıb hövlnak eşiyə qaçır. Biz onun gözüylə Ay işığı altında dayanmış atı görürük. Bu at bayaq onbaşı İzzətin yuxuda gördüyü atdır. Onbaşı İzzət ata yaxınlaşıb boynunu qucaqlayır. At şahə qalxıb kişnəyir. Gecədən, qəbiristanlıqda yerləşən sərdabanın qaramatlığından, hərəkətsizlikdən bezib, döyüş üçün dartınır. Atın şahanəliyindən döyüş atı olduğu bəlli olur. Onbaşı İzzət ətrafa boylanıb reallığı anlamağa çalışır. Uzaqdan eşidilən güllə səslərindən heyifsilənən onbaşı dikəlib atın gözlərini əlləri ilə tutur. At təmasdan sakitləşir. İzzətə elə gəlir ki, at da onun kimi yuxu görür. Atın dinc fınxırması üstündə filmin ilk titrləri görünür...

 

“TURAN ATI”

 

“Mondros” sülh zazişinə rəğmən Bakını zorən tərk etmiş Nuru paşa XI Qırmızı ordunun 1920-ci ildə Bakını işğal etməsindən sonra Dağıstandan keçərək yenidən savaşla Şuşa şəhərinə qayıdır. Onun özüylə Türkiyədən gətirdiyi on min əsgər Qarabağda qətliamlar törətmiş bolşeviklərə qalib gəlib torpaqları yenidən milliləşdirir. Filmin ilk savaş kadrları Qafqaz İslam Ordusunun bu dönəmini bizə təqdim edir. Döyüşdən sonra kiçik zaman kəsiyində Ərzuruma qayıtmalı olan Nuru paşa qatara minməli olur. Kiçik əsgəri kupedə yer olmadığı üçün o, atını yaxın ətrafından olan onbaşı İzzət adlı bir əsgərinə əmanət edir. Onbaşı İzzət Naxçıvandan çıxmağa macal tapana qədər Sovet İttifaqının sərhədləri müəyyən edilir. Və filmin qəhrəmanı olan onbaşı İzzət Nuru paşanın atı ilə birlikdə düşmən sərhədləri içində qalır. Bu kadrlar film boyu bizə onbaşı İzzətin fləşbək xatirələrindən aydın olur. Filmdə baş verən hadisə 1918-ci ildən 1923-cü ilə qədər Azərbaycanda və Türkiyədə baş verən mürəkkəb tarixi proseslər içində əsgəri ləyaqətinə və kökünə bağlı bir insanın həyat dramıdır. O, paşasına verdiyi sözə görə, ona tapşırılmış əmrə rəğmən bir türk əsgəri olaraq atı Türkiyəyə çatdırmaq əzmindədir. Ona bunu etmək çətindir. Sovetlər birliyi kollektivləşmə siyasəti keçirir. Kəndlilərin əllərində olan ev heyvanlarını zorla yığıb kolxoza qatırlar. Atların quyruğunu kəsib yançaqlarına sovet ştampı vururlar. At türkçülüyün rəmzidir. At quyruqlarının kəsilməsi milli ləyaqətin təhqir olunmasıdır. Bütün bunları görərək şaşıran onbaşı İzzət bir müddət daldada gizlənməli olur. Sadə insanların köməyi ilə xarabalıqlarda gecələyib səhərlər Türkiyəyə keçməyə yollar axtaran İzzət, nəhayət, bir səyyar sirkə qoşulur. O zamanlar sirkin ravisi, yəni baş verənləri insanlara sadə dillə anladan konfranyesi olarmış. Bu səyyar sirkin ravisi keçmiş müsavat əsgəri olur.Və o, İzzətin əsgəri davranışından onu bəlirləyib kömək etmək qərarına gəlir. Özünü, xüsusilə də atını gizli saxlayan İzzət ravinin ona təklif etdiyi işi qəbul etməli olur. Onbaşı İzzət sirklə birgə Türkiyə sərhədlərinə yaxınlaşmaqan ötrü “Turan atı” adlı bir sirk nömrəsi düşünür. Nömrədə o, səhnəyə çıxıb Nuru paşanın “Turan atı”nı qamçıyla döyməklə Azərbaycanın Müsavat keçmişinə və türk millətçiliyinə qarşı olduğunu nümayiş etdirməli olur. Film boyu onbaşı İzzətin fləşbəkləri bizi müxtəlif tarixi faktlarla tanış edir. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını təsdiq edən sənədin imzalanma törəni. Zəngəzur, Şamaxı, Göyçay və Qarabağda erməni-daşnak-bolşevik biləşmələrinin törətdiyi qətliamlar. 4 iyun 1918-ci ildə imzalanmış Azərbaycan–Türkiyə anlaşması. Trablusqərbdə Misratla cəbhəsi komandanı olan Nuru paşanın İstanbula çağırılması. Sultan V.M.Rəşadın fərmanıyla Qafqaz İslam Ordusunun yaradılması. Və paşalara vəkalətlərin verilməsi.  25 may 1928-ci ildə Nuru paşanın Gəncəyə girməsi. Avqustda Göyçay ətrafındakı tarixi qələbə. 15 iyulda Nuru paşanın Bakıya girməsindən daşnakların qaçması. Bakıda törədilmiş vəhşiliklər. Filarmoniyada Tağıyevin düzənlədiyi təntənəli qəbul. Dövlət quruculuğu, Milli Ordunun və “Difai” təşkilatının yaradılması. Turançılığın artıq bir siyasi deyil, milli birlik reallığına çevrilməsi. Orta Asiya türklərinin də bu prosesə qatılması. Qfqaz İslam Ordusunun Qarabağa yürüşü. 1918-ci ildə Qarabağın azad edilməsi. İngilis, fransız və amerikan birliklərinin Bakıya girdikləri kimi, Türkiyə sərhədlərini də keçməsi. Nuru paşanın tutulması. Və Batum qalasına salınması. Onun üzünə oxunan ittiham. Erməniləri öldürdüyünə görə onun üzünə ölüm hökmünün oxunması. Bu acı xəbərin Bakıya çatması. Bu xəbərlə bağlı hökumətin toplantı keçirməsi. Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəylinin Nağı bey Şeyxzamanlıya “Nuru paşanı azad et” əmrinin verilməsi. 1919-cu ildə Nuru paşanın Batum qalasından azərbaycanlı əsgərlər tərəfindən qurtulması. Və digər xatirələr onbaşı İzzətin görüntüləri kimi tamaşaçılara da film boyu çatdırılacaq. Beləcə, səyyar sirklə Türkiyə sınırına yaxınlaşan İzzət ən son anda sərhədi keçmək istrəkən rus əsgərləri tərəfindən öldürüləcək. Nuru paşanın atı isə sərhədi aşıb vətənə dönəcək. Və bununla da türk ruhunun ölməz olduğu rəmziliyinə çevriləcək.


 “Ədəbiyyat və incəsənət”

(01.07.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.