TƏK – Orxan Fikrətoğlunun filminin sinopsisi Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

 

TƏK

 

 

Çəkiləcək film qəddar kaleydoskopik reallıq içində təklənmiş bir gəncin həyat dramıdır. Düşmənə əsir düşməsin deyə atasının təkidi ilə anasını öldürmüş bu gənc gözünü açandan ölüm görür. Həyatı dərk etməmiş ölümü tanıyır. Tarix müəllimi olan “ideoloji” atasının pafoslu atmosferindən anasını öldürməklə çıxan “qəhrəman” səhra qumsallığı üstündə yaşayan kimidir. Addımını atdıqca daha da dərinə batır. O, təkdir və təkgöz doğulub. Doğulduğu kənd işğal olunub. Kəndi tərk edərkən doğmalarını da itirib. Onu ölülərin içində anasının qolları arasında sağ tapmış çoban uşaq evinə təhvil verir. Uşaq evinin yerləşdiyi Ağdam şəhəri də sonradan işğal olunur. Bunu anlayan qəhrəman uşaq evində ac-yalavac qalmış qızcığazları xilas etmək məqsədilə kəndə qayıtmaq fikrinə düşür. Və səhvən İran sərhədini keçir. İrana onunla birgə keçən qızı zorlayandan sonra sərbazlar onu azərbaycanlı iş adamına satırlar. Və filmin qəhrəmanı yenidən uşaq evinə düşür. Bu dəfə Bakıda yerləşən uşaq evində yaşamalı olan qəhrəman şəhərin basırıq reallığından daha da təklənir. O, maşın şüşələrini yumaqla böyüyür. Və bir gün bir varlı ailənin oğlu onu evinə gətirir. Bu evdə o, bir balaca rahat nəfəs alır. Və get-gedə ailənin yeganə qızına vurulur. Qız qəhrəmanın onu sevdiyini başa düşür. Və onu qısqandırmağa çalışır. Belə “oyun”ların birində qəhrəman özünü saxlaya bilməyib qızla birlikdə oxuyan şagird dostunu bərk döyür. Və evdən qaçır. Olanları başqa cür eşidən qızın qardaşı qəhrəmanı tapıb bıçaqlayır. Sağalandan sonra isə qızın atası onu qatı dindarların mədrəsəsinə təhvil verir. Mədrəsə ilk baxışdan dini məktəb kimi görünsə də, burada Yaxın Şərqdə terror aktlarını həyata keçirməkdən ötrü “ölüm mələkləri” hazırlayırlar. Bir zaman şəhid olacağını anlayan qəhrəman ilk vaxtlar psixoloji təbəddülat keçirsə də, sonradan ölümüylə barışır. Onu ölümə hazırlayan “usta dindarlar” öz işlərini yaxşı bildiklərindən qəhrəman beş-altı ilə “ölüm mələyi”nə çevrilir. Çünki onun uşaqlıqdan gördüyü və tanıdığı ən böyük ədalət elə ölümdür. Əvvəlcə mədrəsənin şeyxi ona sevdiyi qızı öldürməyi tapşırır. Qəhrəman o qızı öldürməklə içində cücərməyə başlayan sevgisini də öldürür. Və lap təklənir.

Sonra o, Əfqanıstan, İraq və Suriyada günahsız insanları öldürə-öldürə “ölüm maşını”na çevrilir. Və bir gün amerikalıların həbsxanasına düşür. Burada o, bir ingilis jurnalisti ilə tanış olur. Və gözü açılır. İslam təlimi adı altında aparılan siyasətin gerçək mahiyyətini başa düşür. Di gəl, onu həbsxanadan çıxaran mədrəsə şeyxinin əmri ilə ingilis jurnalistini öldürür. Və səhərisi gün bir əfqan qızla İstanbulda terror aktı keçirməkdən ötrü səfərə çıxır. Əfqan qızla o, ər-arvad kimi bir mənzildə yaşamalı olur. Və get-gedə bu yaxınlıq sevgiyə çevrilir. Qəhrəman qıza tapındığı kimi, ömrü ölümlə keçən qızın özü də qəhrəmana bağlanır. Və onlar “oyun qaydaları”nı pozub terror aktı zamanı böyük oyundan çıxırlar. Onlara bir türk milyonçusu sahib çıxır. Və bu əsl Allah adamı qəhrəmana gerçək ədalətin nə olduğunu anladır. Filmin qəhrəmanı ancaq o zaman ölümün deyil, sevginin və həyatın önəmli olduğunu anlayır. Və hamı kimi sadəcə yaşamağa çalışır. Türk milyonçusu onlara toy edir. İş verir. Onların bir oğlu da olur. Amma taledən qaçmaq da asan deyil. Çox keçmir, terrorçular qəhrəmanı və onun qadını Əminəni tapırlar. İlk öncə oğlunun əlinə tapança verib anasını öldürməkdə təkid edirlər. Amma qəhrəmanın oğlu, atasından fərqli olaraq, anasını deyil, düşməni öldürür. Bunu görən terrorçular qəhrəmanı sağ saxlayıb oğlunu “ölüm mələyi” etmək üçün aparırlar. Və onun gözünün qarşısında arvadını öldürürlər. Qəhrəman oğlunun da ölümə hazırlandığını anlayır. Səhərisi gün “Əl-cəzirə” kanalı qəhrəmanın oğlunun ölüm xəbərini verir. O uşaq əlindəki oyuncaq ayı ilə onlarla insanı qətlə yetirməkdə təqsirləndirilir. Beləliklə, toxunduğuna və yaşatmaq istədiyinə ölüm gətirdiyini anlayan qəhrəman onu bu yola gətirmiş mədrəsə şeyxi olan Əmir Tariki öldürmək qərarına gəlir. Və nəhayətdə onu Serbiyada tapıb belinə bağladığı şəhid kəmərini işə salır. Sonda Əmir Tarik kimi, o da öldüyünə sevinir. Və onu bu boyda həyatda yaşamağa qoymayan bu adamın əslində ölümdən qorxduğunu anlayıb sarsılır. Son anda səhv bir ömür yaşadığını da anlayan qəhrəman tək olmağın faciəsini, nəhayət ki, başa düşür. Və ölüm anında anasını öldürəndən sonra əslində yaşamadığını dərk edir. Və xatırlayır ki, atası anası ilə birlikdə ona özünü də öldürməyi tapşırmışdı. Və o, ömrü boyu başqalarını öldürməklə əslində dəfələrlə özünü öldürürmüş.

Film auditoriyaya gerçək İslam dəyərlərini, gerçək sevgini və insan dəyərlərini aşılamaq məqsədi güdür. Qarabağ, Suriya və digər savaşlar savaş deyil, dəyərsiz oyun əxlaqında olduğundan insana çıxış yolu qoymur. Bu sallaqxanada ya qəssab olmalısan, ya qoyun, yeni əxlaq insana başqa seçim yolu qoymayıb... Filmin qəhrəmanı bunu ancaq sonda anlayır... Və tamaşaçıya filmin mesajı da budur...


 “Ədəbiyyat və incəsənət”

(02.07.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.