İntizar ədəbiyyatı - Hökumə Billuri, "Başına dolanım" Featured

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Başına dolanım, dönüm, ay Vətən, 

Necə də yormuşdur xəzan, qış səni. 

Nələr çəkməmisən bu dünyada sən, 

Alsın öz qoynuna nəvaziş səni. 

 

Bizim dağlara da gələcək bahar, 

Azadlıq, ağ günlər yan alır sənə 

Tələsir köksünə uçan durnalar, 

Alqış o ölməyən həyat eşqinə, 

 

Uzaqdan baxıram həsrət, nigaran, 

Ay çıxır axşamdan yolların üstə. 

Sənin həsrətinə, qəminə qurban, 

Sən məndən qəlbimi, ruhumu istə. 

 

İnan çəkinmədən qalan ömrümü, 

Ürəklə atardım ayaqlarına. 

Elə istəyintək talan, ömrümü, 

Sına mərd oğlunu, qızını sına. 

 

Başına dolanım, dönüm, ey Vətən, 

Sənin həsrətinlə çırpınır ürək 

Sənə od axtarıb, alov gəzmişəm, 

Ömrü oda verən Prometeytək. 

 

Ölərmi vətənə bağlanan ürək, 

Nə qədər sən varsan, demək varam mən.

Mən ki, pay almışam məhəbbətindən 

Deməli xoşbəxtəm, bəxtiyaram mən. 

 

Köksünə can atan pərvanə kimi, 

Yandır alovunda, yandır məni sən. 

Adın nə şirindir təranə kimi, 

Həyatım, varlığım, ömrüm-günümsən.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.