“Qanadsız mələk” - KİTAB BƏLƏDÇİSİNDƏ Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

“İkimizdən biri xoşbəxt olacaqdısa, qoy o olsun. Axı onu hətta özümdən də qoruyacağıma söz vermişdim...”

 

Son zamanlar kitab oxumağa nə səbrim çatmırdı, nə də istədiyim kimi axıcı bir kitab tapa bilmirdim ki oxuyum. Başladığım kitabları da ya yarıda qoyurdum, ya da heç yarıya da çatdırmırdım. Amma bu kitabda məni nə çəkdisə, 1günün sonunda baxdım ki, artıq kitabın son səhifəsini də bağladım. Kitabla bağlı internetdə rastıma çıxan alıntılar diqqətimi o qədər çəkirdi ki, kitabı oxuyarkən bu qədər içinə qapılacağımı, özümdən bir parça tapacağımı artıq hiss etmişdim. 

Məndən kitabda nəyi ən çox sevdim deyə soruşsanız buna cavabım, hər halda Muradın saf və həqiqi sevgisi olar deyəsən. Hə, Mələk bunun fərqində belə deyildi, hə, Mələk başqa sevgilərin ardınca gedirdi. Amma Murad Mələyin başqasına olan sevgisindən belə xoşbəxt idi. Çünki, Mələyinin gözləri parlayırdı…

Kitab o qədər axıcı dillə yazılıb ki, başladıqdan sonra dayanmaq çox çətindir. Bir nəfəsə oxunacaq kitab axtaranlar üçün məncə idealdır. 

Kitabın mövzusunu qısaca belə izah edə bilərəm: Mələk həyatında əsla varlığı və yoxluğunu ayırd edə bilməyəcəyi birinə aşiq olur və qapılarını dünyaya qapayır. Lakin gözünü açdıqda artıq çox şey üçün gec olur. O əsl sevgini, qanadsız mələyini bir bilinməzliyə qurban verir. Murad son nəfəsini Mələyi 3il sonra yenidən, son dəfə görməyə gedərkən, onun yolunda verir. Mələk isə özünü yenə bilinməzliyin qucağında, Ayxanın yanında tapır. O, Ayxanı bağışladımı, yoxsa artıq ağlı birdaha görməyəcəyi Muraddamı qalacaqdı, bu da oxucu üçün bilinməz qalır...

Hər kəsin həyatında, məncə, Ayxan kimi nə hislərinə sahib çıxan, nə də cəsarətini toplamağı bacaran insanlar var. Oxuduqca tanış obrazlarla rastlaşırıq kitabda. Və məncə, ən azı çoxumuz əsl sevgisini Mələk kimi vaxtsız itirmiş, qiymətini bilmədiyi üçün də sonralar peşman olmuşdur... Eybi yox, Murad demiş, bəlkə paralel diyarlarda onlara qovuşarıq.

Sonluğu daha başqa gözləyirdim, düzdür, xəyalımdakı kimi olmadı. Yarım qaldı... Həm kitab, həm də Muradla Mələyin hekayəsi. Olsun, həmişəki sözümü də deyib fikirlərimi yekinlaşdırım. Yarım qalam hər şey tamamlanmağa məhkumdur.

Uzun müddət sonra bir kitab oxumaq, fikirlərimi cəmləyə bilmək mənə də yaxşı gəldi. Deyəsən, qanadsız mələk mənə də ilham pərimi geri qaytarır və mən də yenidən Mələyin Ayxanı tapdığı kimi tapmaq istəyirəm itirdiyim qələmimi, ruhumu. Amma əmin deyiləm. Bəlkə elə mənim ruhum və qələmim Murad kimi artıq torpaq altında qalacaq? Bu da mənim bilinməzim olsun... Zamanla anlayacağım bir bilinməzlik.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.