Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Mütləq bu bölmədə ümumən reklam işindən də danışmağımız məqbul olar. Nəzərdən qaçırmayın ki, hər hansı sahədə uğur qazanmaqçün mütləq yaxşı reklam olunmaq lazımdır. İri kompaniyalar hər il imic reklamına milyonları hədər yerə xərcləmirlər ki. İri kompaniyaları bir kənara qoyaq. Hər bir sahədə çalışan sənətkarın, istər dərzi, modelyer olsun, istər aşpaz, qənnadıçı olsun, istər bənna, dülgər olsun, fərqi yoxdur, müştəri qazanmaqçün reklama ehtiyac var. Daha çox pasiyent arzulayan həkim, daha çox öyrənci axtaran repetitor-müəllim, daha çox kitab satmaq istəyən yazıçı, daha çox populyarlıq əldə etməyə can atan müğənni, daha güclü kluba keçmək istəyən futbolçu, seçkilərdə qalib gəlmək istəyən siyasətçi, bir sözlə, hamı-hamı yaxşı reklam olunmaqda maraqlıdır.
Reklam sözü «rechama» latın feilindən yaranıb, qışqırmaq kimi tərcümə olunur. Doğrudan da, sənin reklamın sənin barəndə qışqırmalı, diqqətləri cəlb etməlidir. Reklama ümumiləşdirilmiş bir tərif versək isə belə bir cümlə alarıq: Reklam – informasiyanın yayılmasına xidmət edən bir marketinq – kommunikasiya istiqamətidir.
Reklamın ən geniş yayılmış növləri aşağıdakılardır:
- istehlak reklamı;
(məhsulun, brendin istehlakçı üçün dəqiq obrazını yaratmağa xidmət edir)
- ünvan-məlumat reklamı;
(istehlakçı hansısa məhsulu haradan almağı, hansısa xidmətlərin harada göstərildiyini öyrənir)
- imic reklamı;
(ictimaiyyətin daim diqqətində olmaq, cəmiyyət tərəfindən tam tanınmaq)
- ictimai reklam;
(hər hansı aparıcı, pozitiv cəhətin reklamına yönəlmiş mesaj)
- biznes reklam;
(istehlakçıya deyil, distribüterlərə, sənaye alıcılarına, peşəkarlara yönəlmiş, bazarın bütün iştirakçılarının maksimum məlumatlandırılmasına xidmət edən mesaj)
- siyasi reklam;
(bu və ya digər siyasi cərəyana səs vermək üçün elektoratın cəlb edilməsi).
Hər hansı sahədə uğur qazanmaqçün reklama müraciət edən şəxs mütləq reklamın əlifbasını bilməlidir ki, həm az xərci çıxsın, həm də çox fayda qazansın.
Hazırda dünyada ən geniş yayılmış reklam növü kütləvi infonrmasiya vasitələrində reklamdır.
- Televiziya reklamı (bura hər hansı proqram zamanı reklam fasiləsində gedən reklam blokuna daxil edilmiş videoçarx, gəzən sətir reklamı, eləcə də aparıcının şifahi söylədiyi mətn aiddir)
- Radio reklamı (bura həm audioçarxlar, həm də aparıcının şifahi söylədiyi mətn aiddir)
- Çap reklamı (bura mətbuatda gedən reklam materialları, müxtəlif broşürlar, vərəqələr, vizitkalar və s. aiddir)
İnternet-reklam (sayt və bloq reklamları, sosial-şəbəkə reklamları, videoreklamlar, bannerlər, piksel reklamı və s. aiddir).
Digər reklam növləri bayır (autdoor-reklam) və iç (indoor-reklam) reklamlarıdır ki, bunlardan da birinciyə açıq havada yerləşdirilmiş daimi, yaxud stasionar konstruksiyalardakı, binaların, nəqliyyat vasitələrinin üzərindəki reklamlar, ikinciyə isə qapalı yerdə, xüsusən ticarət mərkəzlərində, biznes mərkəzlərdə və vağzallarda, mədəniyyət, idman müəssisələrində yerləşdirilmiş reklam lövhələri aiddir.
Mogna Global kompaniyasının Avropanın reklam bazarının 2016-cı il reytinqinə diqqət etsək, bu sahədə astronomik həddə pulların dolaşdığından xəbər tutarıq.
5. İspaniya 6,03 milyard dollar
4. İtaliya 8,74 milyard dollar
3. Fransa 11,82 milyard dollar
2. Almaniya 22,29 milyard dollar
1. B.Britaniya 23,66 milyarjd dollar
Dünya üzrə isə liderlər aşağıdakı ölkələrdir:
3. Yaponiya 37,68 milyard dollar
2. Çin 80,24 milyard dollar
1. ABŞ 190,83 milyard dollar
Ümumən dünya reklam bazarının hazırkı həcmi təqribən 600 milyard dollara bərabərdir. Razılaşın ki, bu, olduqca böyük rəqəmdir.
Əgər siz öz fəaliyyətinizi reklam etdirməyə ehtiyac duyursunuzsa, onda mütləq nəzərdən qaçırmayın ki, dünya İnformasiya Telekommunikasiya Texnologiyalarının inkişafı xəttinə yönəlib, odur ki, brendlə, məhsulla, xidmətlə istehlakçı arasında hazırda əsas innovasiya drayveri rəqəmsal (digital) hesab olunur. Bu sahə, artıq əsas media sahəsi olaraq reklam investisiyasının həcminə görə televiziyanı üstələməkdədir. Saytlar, sosial şəbəkələr, bütün onlayn-video daşıyıcıları – bunlar sizin reklamınız üçün ən ideal vasitələrdir.
Unutmayın, reklama xərclənən hər bir manatınız sizə azı iki manat xeyir gətirməlidir.
Reklamın uğur gətirməsi dərəcəsini 3 faktor müəyyənləşdirir:
- nəzərdə tutulan auditoriya;
- reklam mətninin özü;
- reklam kanalı.
Siz biznesiniz üçün lazım olan auditoriyanı düzgün seçməli, reklam mətnini qüsursuz hazırlamalı, ən nəhayət, ən effektiv reklam növü seçməlisiniz.
İlk baxışda, lazımi auditoriyanı seçə biləcəyinə hər kəs özündə bir əminlik hiss edir. Amma, məsələ düşünülən qədər asan deyil. Sizə bir sual verim. Tutalım, avtomobil almaq istəyirsiniz, özü də məlum bir kompaniyanın avtomobilini. Sizə hansı məlumat-reklam guşəsi cəlbedici gələcək: bütün avtomobillərin satılmasından bəhs edən, yoxsa konkret siz arzuladığınız kompaniyanın avtomobillərindən bəhs edən? Əlbəttə sizi ikinci cəlb edəcək.
Hər hansı xəstəlikdən, məsələn, ostraxondrozdan əziyyət çəkən xəstə ümumi terapevt həkimin reklamını görub onun yanına təşrif buyurar, yoxsa məhz ostraxondroz üzrə mütəxəssisin? Təbii ki, ikincinin.
Unutmayın. Reklamda maksimal effekt əldə etmək üçün çalışın onu konkret auditoriyaya ünvanlayasınız. Auditoriya kiçildikcə reklam effektivliyi artacaq. Hətta siz, maksimum effekt qazanmaq üçün reklam ünvanladığınız auditoriyanı süni şəkildə kiçildə də bilərsiniz. Məlum bir şirkət istehsal etdiyi kondisionerə «Yalnız VİP müştərilər üçün!» yarlığını yapışdırıb kifayət qədər uğur qazanırsa, yaxud bir başqa şirkət avtomobillərinə «İndi hətta yoxsullar da avtomobil sürəcək» tipli reklam kampaniyası apararaq inanılmaz satış həcmi əldə edirsə, demək, bu dediyimiz müddəa sınanılmış müddəadır.
Reklam mətnini hazırlayanda da bir neçə vacib şərtə əməl etməyiniz zəruridir. İstehlakçı sizin təklif etdiyiniz məhsulla razılaşanda, unutmayın ki, özü-özünə suallar verir. Bax reklam mətninizdə o, bu suallara
cavab tapmalıdır.
1. Sual: Mən niyə bu məhsulu almalıyam?
Cavab: Çünki bu məhsul münasib qiymətədir, daha keyfiyyətlidir və s.
2. Sual: Mən niyə bu şirkətin məhsulunu almalıyam?
Cavab: Bu şirkət illərdir ki, bazardadır, müsbət imici, mükafatları var və s.
3. Sual: Mən niyə bu məhsulu məhz indi almalıyam?
Cavab: Endirim kampaniyası keçirilir, stimullaşdırıcı lotereya keçirilir, indi alsanız bir il pulsuz servis təklif olunur, məhsullar məhdud saydadır və s.
Reklam mətnində şəklin effekti çox böyükdür. İllüstrasiyalar daha çox diqqət cəlb edir və reklama inamı daha çox artırır. Maraqlı bir fakt deyim. Sosial şəbəkələrdə yazılan adi statusla şəkilaltı statusun oxunma sayı arasında azı 3-4 dəfə fərq var, bilirsinizmi?
Və ən nəhayət, potensial istehlakçını cəlb etməkçün yazılı reklamın başlığı uğurlu olmalıdır. Başlıq çox şeyi həll edir. Bir neçə variant düşünüb onun ən yaxşısını seçməlisiniz. Eləsini seçməlisiniz ki, istehlakçının yaxasından yapışıb onu özünə çəksin.
Video reklamda isə başlanğıc uğurlu olmalıdır. Elə bir başlanğıc düşünməlisiniz ki, cəmi 3-4 saniyəyə diqqəti cəlb etməyi bacarsın.
Və ən nəhayət, «hansı reklam növünə üstünlük verim» sualı ilə baş-başa qalarkən də ötəri qərar verməməlisiniz, xeyli düşünməli, saf-çürük etməlisiniz. Sizin potensial müştərilər daha çox hansı saatda asudə vaxt əldə edə bilir? Onlar nəyə baxır, nəyi dinləyir, nəyi oxuyurlar? Hansı portallara, sosial şəbəkələrə daha çox vaxt ayırırlar? Bu sualların hər birinin cavabı sizin reklam kampaniyanızı daha da uğurlu məcraya yönəldəcək.
Bəs hansı reklam növü məhz sizin profil üçün daha effektlidir? Küçə reklamımı, televiziyamı, internetmi?
Məsələn, «Hamıya yaxşı şərtlərlə kredit verilir» reklamını verib heç bir fayda əldə edə bilməyən bir tanıdığım bank yayda məzuniyyətə getmək istəyənlərə, payızda toy etmək istəyənlərə, qışda ev əşyaları almaq istəyənlərə , yazda evini təmir etmək istəyənlərə ayrıca kredit təklifi verməklə dördqat fayda ala bildi.
Kitab satışı ilə məşğul olan şəbəkə «ən yaxşı kitablar bizdə» formasında reklam kampaniyası aparsa, sizcə nəyəsə nail ola bilərmi? Amma, tutalım, sevgi romanı arzulayanlara ayrıca Nikolas Sparksı, Frederik Beqbederi, yaxud Mark Levini, detektivsevənlərə Fillis Doroti Ceymsi, Keyt Atkinsonu, yaxud Çingiz Abdullayevi təklif etsələr faydasını dərhal hiss edərlər.
İndi isə düzgün reklam taktikası qurmağın və effektiv nəticə əldə etməyin qabaqcıl təcrübəyə əsaslanmış yollarına diqqət yetirin:
- çalışın reklamınızda cəmi bir aspektə diqqət yönəltməyin, reklam olunan tam obraz kimi auditoriyanın qarşısında dayansın;
- reklam ideyanız çox sadə və asan anlaşılan olsun;
- istehlakçının etibarını qazanmaq üçün mütləq öz reklam etdiyiniz məhsulun, xidmətin rəqiblərin təklif etdikləri məhsul və xidmətdən üstünlüyünü göstərməyi bacarmalısınız.
Sizə uğurlar!
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)