Super User

Super User

Sentyabrın 3-4-də Sankt-Peterburqda - Aleksandrinski Teatrında Akademik Milli Dram Teatrının “İblis və..." tamaşasının premyerası keçiriləcək. Bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk səhnə əsəri olacaq. 

 

Teatrın mətbuat xidmətindən AzərTAC-a verilən məlumata görə, tamaşanın nümayişindən əvvəl Aleksandrinski Teatrında Akademik Milli Dram Teatrının eskiz və fotolarından ibarət sərgi nümayiş olunacaq.

Sərgidə teatrın tarixi, yerləşdiyi binanın özəlliyi, məşhur rejissorları, aktyorları, teatr hadisələrinə çevrilmiş tamaşaları öz əksini tapır.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.

Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır. Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən “İblis” mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib. Hüseyn Cavid İnsan, İblis, Tanrı kоnsepsiyasını özünəməхsus formada ortaya qoyur. Onun İnsan, İblis, Tanrı haqqındakı fikirləri yaradıcılığının böyük, daхili qüvvəsi və mahiyyətidir. Bu tamaşa Hüseyn Cavidin “İblis” əsəri əsasında dekonstruksiya da adlana bilər. “İblis” əsərinin motivləri əsasında “İblis və…”.

Dördpərdəli faciənin (dekonstruksiyanda 1 hissəli metadram) təyinat xətti dəyişərək yalnız Tanrı-İblis və insan xətti üzərində köklənir. Təyinat İblisə, ondan doğan faktor isə İnsana yönəlir. Qısa desək, “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti təsvir olunur. Bu isə İblisin qələbəsidir.

Tamaşada Xalq artisti Kazım Abdullayev, Əməkdar artistlər Ayşad Məmmədov, Anar Heybətov, Elnar Qarayev, Elşən Cəbrayılov, Vəfa Rzayeva, Elşən Rüstəmov, aktyorlar Ziya Ağa, Elsevər Rəhimov, Elçin Əfəndi, Lalə Süleymanova, Vüsal Mustafayev, Elçin Nurəliyev və Tural İbrahimov iştirak edirlər. 

Tamaşa oktyabrın 4-5-6-da isə Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

Bazar ertəsi, 02 Sentyabr 2024 10:17

Şəhidlər barədə şeirlər - Fikrət Zeynalov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Fikrət Zeynalov

 

Fikrət Hikmət oğlu Zeynalov 1995-ci il dekabrın 17-də Hacıqabul rayonunun Rəncbər kəndində anadan olub. 2013-2017-ci illərdə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində ali təhsil alıb.

Fikrət Zeynalov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Fikrət Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fikrət Zeynalov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fikrət Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Xüsusi təyinatlı,

Dəmir adam, daş adam.

Zəfər tariximizdə,

Əbədi yaddaş adam.

 

İndi bizi görürsən,

Biz də səni duyuruq.

Vətən adı gələndə,

Səni xatırlayırıq.

 

Xatırlayırıq indi,

Necə igid olmusan.

Doxsan üç düşmən vurub,

Qisasını almısan.

 

Almısan torpağına,

Göz dikənin canını.

Tarixi yurdumuzu,

Vətən gülüstanını.

 

Sən elə bir igidsən,

Mərdliklə yoğrulmusan.

Bir dəfə şəhid olub,

Min dəfə doğulmusan.

 

Günəş kimi nur saçıb,

Yayılırsan hər yana,

İgidliyin bəllidir,

Bütün Azərbaycana.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

NƏSR                                                            

 

 

ELMİRA AXUNDOVA,

Xalq yazıçısı

 

 

SEVMƏK HAQQI

 

(“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabından parça)

İki gəncin tanışlıq tarixi mənə təfərrüatı ilə bəlli deyil. Ancaq düşünürəm ki, bu ya 1951-ci ilin sonunda, ya da 1952-ci ilin əvvəlində, hər ikisi 29 yaşında olan vaxt baş verib.[1] Yaşıdlarının çoxunun bu yaşda artıq məktəbə gedən övladları vardı. Niyə nə Zərifə, nə də Heydər həmin vaxta qədər özlərinə sonrakı həyatlarını birgə yaşayacaqları ömür-gün yoldaşı tapmamışdı?

Yəqin ki, o vaxta qədər ikisinin də sevgi tarixçəsi olmuşdu. Heydərin yeniyetməlik illərində Sona adlı bir qıza məhəbbəti məlumdur. Bu barədə müəllifin “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildlik romanının birinci kitabında ətraflı söz açılıb. Zərifə ilə maraqlananlar da, təbii ki, az olmamışdı. Açıq danışaq: atası elmi və dövlət idarəçiliyi dairələrində nüfuzlu adam idi. Şəhərin tanınmış ailələrinin bir çoxu Əziz Əliyevin ailəsi ilə qohum olmaq istəyərdi. Zəhra xanım söhbətlərinin birində demişdi: “Zərifənin xeyli pərəstişkarı vardı. Onunla ailə qurmaq istəyənlər həddən çox idi”.

Amma, çox güman ki, gənc qızın gələcək həyat yoldaşına tələbləri çox yüksək imiş. Görünür, müəyyən vaxta qədər ürəyi də sevgi çağırışlarına cavab verməyibmiş. Bu səbəbdən də anasının və bacılarının Zərifənin həddən çox seçim etməsi və belə getsə, axırda evdə qalacağı ilə bağlı şikayət və narahatlıqlarına baxmayaraq, o bütün namizədləri qapıdan qaytarırdı. Zərifə xanım isə, bir daha təkrar edirəm ki, öz seçimində və qərarlarında tam sərbəst idi. Həm də gənc qızların hamısı kimi, o da bütün varlığı ilə sevəcəyi və taleyini əsla tərəddüd etmədən tapşıracağı yeganə insanı axtarırdı.

Həmin adam Heydər Əliyev oldu. Boyu az qala iki metrə çatan mavigözlü, yaraşıqlı gənc bir dəfə onların mənzilinin astanasında görünəndən sonra qısa müddətdə özünü bütün ailə üzvlərinə sevdirə bildi. Xüsusi xidmət orqanlarında çalışan cavan oğlan zahirən yaraşıqlı olması ilə yanaşı, yüksək intellekt, erudisiya, ətrafındakıları maqnit kimi özünə cəlb etmək kimi xüsusiyyətlərə malik idi. Gənclər bir-birinə doğru addım atdılar və təbii ki, Zərifənin əvvəlki inadkarlığı birdəfəlik yoxa çıxdı.

Əziz Əliyevin ailəsini yaxından tanıyan məlumatlı həmsöhbətlərimin ayrı-ayrı replikalarına əsasən güman etmək olar ki, qızının seçimi ilk vaxtlar atanı o qədər də sevindirməmişdi. Ona görə yox ki Heydər Əliyevə qarşı hər hansı bir narazılığı, yaxud iddiası vardı. Yox. Sadəcə, gəncin işlədiyi qurum həmin sərt illərdə o qədər də yaxşı reputasiyaya malik deyildi. Əziz müəllim özü də XDTK-dan və onun uydurma donoslarından az əziyyət çəkməmişdi.

Doğrusu, bilmirəm ata qızını fikrindən daşındırmağa çalışmışdımı, Heydərin təklifinə cavab verməmişdən əvvəl düşünməyi, yaxud hələ bir müddət gözləməyi məsləhət görmüşdümü... Yəqin ki, bu ziyalı ailədə yaxınlarına “təsir göstərmək” ənənəsi mövcud deyildi. Xüsusən də şəxsi münasibətlər, necə deyərlər, “ürək işləri” məsələsində...

Qızını ürəkdən sevən ata başa düşürdü ki, Zərifə bir qədər gecikmiş də olsa, tam düşünülmüş qərar qəbul edib və onu fikrindən daşındırmaq mümkün olmayacaq. Həm də, zənnimcə, qayınatanın gələcək kürəkəninə etimadının əsasında Heydər Əliyevin həmin dövrdə Zərifəyə və Əziz Əliyev ailəsinə münasibətdə çəkinmədən ən yaxşı keyfiyyətlərini ortaya qoyması dayanırdı. Yada salaq ki, 1950-ci illərin əvvəllərində Əziz müəllim Mircəfər Bağırovun həsəd və paxıllığı ucbatından gözdən salınmışdı. Çoxları, hətta sınanmış dostları da ondan üz çevirmişdilər. Heydər isə bu çətin, mürəkkəb vəziyyətə baxmayaraq, nə olursa olsun, Zərifə ilə talelərini birləşdirəcəklərinə bir saniyə də şübhə etmirdi.

Zahiri görünüşü ilə Hollivud aktyorlarını xatırladan Heydər, təbii ki, o vaxta qədərki həyatını rahib kimi yaşamamışdı. Amma ciddi münasibətlər qurmaq fikrini də uzun müddət yaxına buraxmamışdı. Əvvəl buna, sadəcə, imkan yox idi – müharibə, atasının ölümü, yeniyetmə yaşlarında çiyninə düşən böyük ailə yükü... Sonra da uzun müddət ruhunu ələ alıb ürəyinə hakim kəsiləcək bir kimsə ilə rastlaşmamışdı.

Müharibə başa çatandan sonra dostları bir-birinin ardınca ailə qurmağa başlayacaqdılar. 1948-ci ildə Heydərlə sevimli dayısı oğlu Rzaqulu İbrahim İsmayılova toy məclisi keçirməkdə kömək edəcək, sağdış-soldışı olacaqdılar. İbrahim dəfələrlə dostunun, nəhayət, subaylığın daşını atıb ailə qurması ilə bağlı söz açmışdı. Amma Heydər bu söhbəti hər dəfə zarafata çevirirdi. Bir dəfə isə ciddi şəkildə demişdi: “Hələ həyatda öz yerimi tapmayana, ali təhsil almayana, ailəmi normal təmin edəcəyimə arxayın olmayana, müstəqil yaşayacağıma inanmayana qədər evlənməyəcəyəm”. Yəqin ki, bütün bu səbəblər üzündən subaylığın daşını nisbətən gec – 31 yaşında atacaqdı. Həyatının sonunda isə qızı Sevilə etiraf etmişdi ki, əgər övladlarının anası ilə – Zərifə xanımla rastlaşmasaydı, yəqin ki, ömrünün sonuna qədər subay qalacaqdı...

 

***

 

... Heydər Əliyev gələcək həyat yoldaşı və onun ailəsi ilə tanışlığı barəsində dəfələrlə danışıb.

Heydərlə Zərifənin məhəbbət tarixçəsində Stalin epoxasının dramatik gerçəklikləri qəribə şəkildə çulğalaşmışdı. Bu elə bir dövr idi ki, yalnız xidməti karyera deyil, şəxsi həyat, insanın ən munis hiss və duyğuları da əllərində böyük güc toplamış hakimiyyət boslarının iradəsi ilə istənilən anda amansızcasına ayaqlar altına atıla, tapdana bilərdi. Tale sanki qəhrəmanımın dözüm və iradəsini yoxlamaq üçün ona bir-birinin ardınca sınaqlar göndərirdi. Heydər Zərifə ilə qarşılaşandan və onunla ailə qurmağa qərar verəndən sonra sevdiyi qızın yanında olmaq üçün yenidən tale ilə döyüşə girməli olmuşdu.

 

Akademik Cəmil Əliyevlə söhbətdən:

“– Bacınız Heydər Əliyevlə necə tanış olmuşdu?

– Qardaşım Tamerlan Əzizoviç Kislovodska, sanatoriyaya getmişdi. O zaman mehmanxana otaqlarında tək qalmaq mümkün deyildi. İş elə gətirmişdi ki, Heydər Əliyeviçi də qardaşımın yaşadığı nömrəyə göndərmişdilər. Beləliklə, onlar tanış olmuşdular. Tanışlıq qısa müddətdə dostluğa çevrilmişdi. Bakıya qayıdandan sonra isə Tamerlan Heydəri evimizə dəvət etmişdi. Onda hamımız bir yerdə Zevin küçəsində yaşayırdıq. Heydər bizə tez-tez gəlirdi. Belə gəlişlərin birində Zərifəni görmüşdü. Gənclər ilk baxışdan bir-birilərini bəyənmişdilər və tezliklə aralarında ciddi münasibətlər yaranmışdı.

– Valideynləriniz Heydər Əliyevi kürəkən kimi dərhal qəbul etdilər? Hər halda, o, xüsusi xidmət orqanlarında çalışırdı. Bu orqanlara münasibət isə ziyalılar arasında birmənalı deyildi.

– Yox, ona hər hansı bir qərəzli münasibət haqda söhbət gedə bilməz. Geniş erudisiyası, danışığı, rəftarı ilə ilk gündən atamın çox xoşuna gəldi. Hələ gənc yaşlarından Heydər Əliyeviçin güclü xarizması və qeyri-adi dərəcədə cazibədar, insanı özünə çəkən aurası vardı. Atam onu tərəddüdsüz sevdi. Sonralar atamın ölümünə qədər dostluq elədilər. Heydər Əliyeviç atama sonsuz hörmət hissi ilə yanaşır, xətrini çox əziz tutur, hətta deyərdim ki, ilahiləşdirirdi...”

 

***

 

Beləcə, Əziz Əliyevin ailəsi üçün çox da münasib olmayan bir vaxtda Heydərlə Zərifə arasında münasibətlər sürətlə inkişaf etməyə başladı. Vəziyyətin maraqlı xarakteri özünü bir də onda göstərirdi ki, gənc zabit gələcək qayınatası ilə bağlı kompromatları araşdıran idarədə çalışırdı.

Situasiyanın mürəkkəbliyi Zərifəni də narahat edirdi – qız fikirləşirdi ki, birdən özü də bilmədən sevdiyi insanın xidməti karyerasına mane ola bilər. Odur ki növbəti görüş zamanı Heydərə demişdi: “Bilirsən, biz daha görüşə bilmərik. Çünki atamı işdən çıxarıblar. Ona qarşı müxtəlif ittihamlar irəli sürürlər. Sən də dövlət təhlükəsizlik orqanlarında işləyirsən. Bundan işinə ziyan dəyə bilər. Görünür, bir yerdə olmaq taleyimizə yazılmayıb”.

Bu söhbətdən az sonra dövlət təhlükəsizlik naziri Yemelyanov Heydər Əliyevi yanına çağırmışdı. Aralarında xoşagəlməz söhbət olmuşdu. General faktiki şəkildə ona Əziz Əliyevin ailəsi ilə bütün əlaqələri kəsməyi əmr etmiş, əks-təqdirdə onu xüsusi xidmət orqanlarından uzaqlaşdırmalı olacağını bildirmişdi. Gənc zabitin Əziz Əliyevin partiya və xalq qarşısında hansı günah işlədiyi barəsində ehtiyatlı suallarına açıq cavab verilmişdi: “Sən hələ gəncsən. Çox məsələlərdən xəbərdar deyilsən. Yoldaş Mircəfər Bağırovun tapşırığı var, bizim də borcumuz icra etməkdir”.

Əslində, Yemelyanovun əmri ona heç bir seçim imkanı qoymurdu. Ya gələcək mənsəb, ya da sevdiyin qız! Bu, Heydər Əliyevin verməli olduğu ciddi mənəvi yetkinlik imtahanı idi. Həmin mürəkkəb dövrdə partiya və hökumətin gözündən düşən, siyasi təqibə məruz qalan adamdan uzaq gəzib-dolaşmağı ən yaxşı çıxış yolu sayan qohumlar, dostlar az idimi? Mənsəb hərisliyi, yaxud qorxaqlıq ucbatından kişilər illərlə bir yastığa baş qoyduqları arvadlarını atırdılar, “partiyanın iradəsi ilə” gənclər sevgililərindən üz çevirir, nişanlarını qaytarırdılar.

Xoşbəxtlikdən, Heydər Əliyev bir an da olsun tərəddüdə yol verməmişdi. Zərifə zəngin daxili dünyası, qeyri-adi nəcibliyi və ziyalılığı ilə onu elə əfsunlamışdı ki, həyatını bu qızdan kənarda təsəvvürə gətirə bilmirdi.

“Heydər Əliyev atamın gözdən salındığı dövrdə ailəmizlə ünsiyyətini kəsməyən azsaylı adamlardan idi, – deyə akademik Cəmil Əliyev xatırlayır. – O, bacıma bəslədiyi hisslərin səmimiliyini və yüksək əxlaqi keyfiyyətlərini atdığı addımlarla əyani sübut etdi. Nəzərə alın ki, bu zaman bütün gələcək karyerası, xüsusi xidmət orqanlarında işləməsi təhlükə altında idi. Düşünürəm ki, hər adam belə çətin sınaqdan şərəflə, üzüağ çıxmağı bacarmazdı. Heydər Əliyev isə hər şeyin fövqündə dayana bildi”.

 

Heydər Əliyev özü həyatının o qədər də asan olmayan həmin dövrünü belə xatırlayırdı:

“Bilirsiniz, hətta belə fikirlər vardı: mən DTK-da işlədiyimdən onun atasının ətrafında nə baş verdiyindən xəbər tutmuşdum, onu necə izlədiklərini bilirdim. Eşitmişdim ki, onları ailəlikcə Qazaxıstana sürgün etmək istəyirlər. Düşünürdüm ki, həqiqətən, belə olsa, mən də dallarınca ora gedəcəyəm. Yəqin ki, Qazaxıstanda özümə bir iş tapmaq buradakından daha asan olardı...”[2]

 

Cəlal Əliyevin xatirələrindən:

“Evdəki söhbətlərdən başa düşürdüm ki, əgər ona deyiblərsə, yaxud desələr ki, belə etmə, bu ailənin, bu adamın qızı ilə evlənmə – qardaşım heç vaxt qulaq asmayacaq. Ona görə də ailə daxilində heç bir müzakirə getmirdi. Anam, sadəcə, demişdi: “Necə lazım bilirsən, elə də hərəkət elə!”...”

 

Heydər Əliyevin dediklərindən:

“Qərarımı dəyişdirmədim, Zərifə ilə münasibətlərimi kəsmədim. İşimə də davam edirdim. O zamanlar Bakı küçələri belə parlaq işıqlandırılmırdı. Şəhərdə çoxlu xəlvət yerlər vardı. Şəhərdə mənimlə Zərifəni asanlıqla görməyin mümkün olmadığı bir neçə belə yer bələdlədim. Bizim evdən bir az aralıda, indiki Azadlıq prospektində park var idi. Sonralar orada Caparidzenin heykəlini qoydular. Qarşı tərəfdə tramvay dayanacağı vardı. Ətraf isə qaranlıq idi. Görüş yerlərimizdən biri həmin o tramvay dayanacağının yaxınlığında idi.

Ancaq bir məsələ var ki, mən kişiyəm. Heç kimdən qorxmuram. Özüm də zabitəm, üstümdə silah olur. Zərifə isə gənc, yaraşıqlı qızdır. Belə qızlar həmişə diqqəti çəkirlər. Odur ki onu düz dayanacaqda gözləyirdim. Zərifə vaqondan enirdi, onu qarşılayırdım, sonra isə parka gedirdik.

Yemelyanov məni yenidən yanına çağırıb:

– Sənə xəbərdarlıq etmişdim, – dedi.

– Bəli, xəbərdarlıq etmişdiniz, – deyə cavab verdim.

– Bəs onda tapşırığımı niyə yerinə yetirmədin?

Aramızda tək rütbə deyil, yaş fərqi də böyük idi. 1952-ci ildə hələ mənim 30 yaşım tamam olmamışdı. O isə artıq 50-ni geridə qoymuşdu. Amma özümü topladım və etirazımı bildirdim.

– İş işdir, şəxsi həyat isə şəxsi həyatdır, – dedim. – Öz işimi sevirəm. Bilirəm ki, siz də əməkdaş kimi məni qiymətləndirirsiniz. İşimdə elə bir qüsur yoxdur. Amma həyatımın ikinci, daha mühüm tərəfi mənim gələcək ailəmdir, şəxsi hisslərimdir, məhəbbətimdir. Mən o qızı sevirəm. O da məni sevir. Ondan necə ayrıla bilərəm? Nə deyərəm, özümə necə bəraət qazandıraram? Ayrılacağımızı demək mənə olduqca çətindir. Axı bir səbəb göstərməliyəm. Ya deməliyəm ki, onu daha sevmirəm, ya deməliyəm ki, hansısa qüsuru, eybi var və bu səbəbdən də ondan uzaqlaşıram. Axı deyə bilmərəm ki, dövlət təhlükəsizlik orqanlarında işimi itirməmək üçün ondan ayrılmaq istəyirəm.

Yemelyanov ağıllı adam idi. Məni dinləyib:

– Haqlısan, – dedi.

– Bəs indi nə edim?

– Özün qərar ver. Amma onu da bil ki, orqanlarda qalıb işləməyin böyük sual altındadır...”[3]

 

***

 

Həyat qəribə şeydir! Ortaya bəzən ən istedadlı detektiv müəlliflərinin də ağlına gəlməyən süjetlər çıxarır. Kim fikirləşə bilərdi ki, Yemelyanov çox tezliklə Mircəfər Bağırovla birlikdə müttəhimlər kürsüsündə oturacaq, təhlükəsizlik zabiti Heydər Əliyev isə prosesin mühafizəsinə rəhbərlik edəcək? Kimin ağlına gələrdi ki, keçmiş təhlükəsizlik naziri 25 illik həbs müddətini başa vurandan sonra Bakıya qayıdacaq və keçmiş əməkdaşından kömək istəyəcək? O da əsla tərəddüd etmədən düşərgə həyatının üzüb əldən saldığı zəlil qocaya yardım əli uzadacaq?! Yəqin ki, rəhmdilliklə bir sırada Heydər Əliyevin Yemelyanova münasibətdə özünəməxsus minnətdarlıq hissi də vardı. O zaman dövlət təhlükəsizlik nazirinin əlində hədəsini gerçəkləşdirmək və gənc zabiti orqanlardan xaric etmək də daxil olmaqla ən sərt şəkildə cəzalandırmaq su içmək kimi bir şey idi. Amma belə etməmişdi. Hətta, çox güman ki, əməkdaşının Əziz Əliyevin qızı ilə görüşməyə davam etməsi barəsində yuxarıya məlumat da verməmişdi.

Amma hər şeyə rəğmən Zərifə ilə Heydərin dramatik şəraitdə başlanan sevgi romanı xoşbəxt sonluqla nəticələnmişdi. Stalinin ölümündən sonra Yemelyanovla Bağırov gənc sevgililərlə məşğul olmaq hayında deyildilər. Onlar açıq şəkildə görüşmək və gələcək üçün planlar qurmaq imkanı qazanmışdılar.

Bu xoşbəxt sonluqla bağlı “ehtiyat sandığım”da iki məzəli epizod da var. Onların birini gülüşünü güclə boğan akademik Cəmil Əliyev danışıb:

“Zərifə Heydərlə gəzməyə, yaxud kinoya gedəndə həmişə məni də özü ilə aparırdı. O zamanlar həddən artıq kök idim. Heydər zarafatla bacıma deyirdi: “Görüşə gələndə nisbətən arıq bir uşaq gətirə bilməzsən? Bir-birimizi yaxşı görə də bilmirik. Çünki Cəmil öz bədəni ilə hər tərəfi tutur”.

Ailəmizdə hamı, necə deyərlər, ətli-canlı idi. Zərifə də bu mənada bizdən fərqlənmirdi. Sonralar, aradan illər keçdikcə arıqladı, adı kimi zərif, incə bir xanım oldu”.

 

Bu da Zəhra Quliyevanın xatirəsi:

“Birlikdə işləməyə başlayanda Zərifə xanım artıq Heydər Əliyevlə görüşürdü. Yadımdadır ki, boyu çox da uca olmayan Zərifə hündürdaban ayaqqabı geyir və çətinliklə yeriyirdi. Özünü belə əziyyətə salmağının yeganə səbəbi sevdiyi insanın xoşuna gəlmək idi. Deyirdi bu gün görüşüm var, istəyirəm yaxşı görünüm...”

 

1954-cü ilin noyabrında onlar evlənməyə qərar verdilər. Bir müddət öncə Dövlət Təhlükəsizlik Nazirliyindən Heydər Əliyevə verilmiş mənzildə sadə bir toy məclisi keçirdilər. Toyun tamadası təzəbəyin gənclik dostu İbrahim İsmayılov idi.

 

İbrahim müəllim həmin günləri belə xatırlayır:

“Cidd-cəhdlə toya hazırlaşırdıq. Çətin vaxtlar idi, pul tapılmırdı. Ona görə də bacardığımız qədər Heydərə kömək edirdik. Əsasən, ərzaq, yəni ət, toyuq və s. gətirirdik. Masanı anası İzzət xala hazırlayırdı. Qızları da kömək edirdilər.

Toy məclisi Heydərin mənzilində, 6 saylı məktəbin yaxınlığında, keçmiş İrəvan döngəsində (indiki Vaqif küçəsi – red.) keçirilirdi. Oradakı binaların birində ona ikiotaqlı mənzil vermişdilər. Otaqların biri böyük, digəri isə nisbətən kiçik idi. Təsəvvür edin ki, toy məclisinə də bura yığışmışdıq. Yeni evlənənlərlə qonaqlar VVAQ bürosundan birbaşa Heydərin mənzilinə gəlmişdilər. Əsasən, yaxın qohum və dostlardan ibarət dəvətlilər cəmisi on beş nəfər idi. Musiqiçilər dəstəsi çağırılmamışdı. Ümumiyyətlə, artıq heç nə yox idi.

Hamı masa arxasında oturandan sonra Əziz müəllim dedi:

– Gərək elə adamı tamada seçək ki, hər iki ailəyə eyni dərəcədə yaxın olsun. Aramızda yeganə belə şəxs İbrahimdir. Təklif edirəm onu seçək.

Hamı razılaşdı. Hər iki ailəyə yaxınlıq məsələsi isə belə idi ki, Əziz müəllim əmim oğlu Əsgər İsmayılovla çox yaxın idi. Eyni vaxtda Tibb İnstitutunda oxumuşdular, dostluq edirdilər. Əmim oğlu vasitəsilə mənim də bu ailəyə get-gəlim yaranmışdı. Heydərin toyu sadə keçdi. Əslində, ona toy demək də çətin idi. Sadəcə, kəbin kəsdirib hadisəni kiçik bir məclisdə qeyd elədilər.

Qonaqların arasında akademik Murtuza Nağıyev, Həsən Əliyev, Əziz Məmmədoviç, əmim oğlu Əsgər, Heydərin qohumları – səhv etmirəmsə, yeznəsi İsmayıl, dayısı oğlu Rzaqulu vardı. Məclisin musiqi hissəsini gəlinin bacısı Gülarə xanım öz üzərinə götürmüşdü. Sonra Zərifə xanım da ona qoşuldu, dörd əllə mahnılar ifa etdilər. Toydan sonra gənclər İrəvan döngəsindəki mənzildə yaşamağa başladılar...”

 

(Rus dilindən tərcümə Vilayət Quliyevindir)

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

 



[1] Heydər Əliyev görkəmli partiya və dövlət xadimi, səhiyyə təşkilatçısı Əziz Əliyevin 100 illiyi ilə bağlı təntənəli yubiley gecəsində Zərifə xanımla 1948-ci ildə tanış olduğunu bildirmişdi – tərc.

[2] Oksana Puşkinanın “Yuxuya bənzər məhəbbət” adlı televiziya verilişindən

[3] V.Mustafayevin “Əsl məhəbbət haqqında” filmindən

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

 

7.

UĞURLU OLMAQ ÜÇÜN OXUMALISAN !

Müasir dövrdəuğurlu olmaq üçün oxumaq nə dərəcədə önəmlidir? Bunu anlamaq üçün mütaliə prosesini bir qədər incələyək.

Mütaliə özündə “kitaba sevgi”, “oxuya maraq”, “oxuduğunu qavramaq və anlamaq” və “yaradıcı oxu” kimi anlayışları birləşdirir. Kitab və mütaliənin təbliği – günümüzdə hər bir ziyalının, mədəniyyət, ədədbiyyat, kitabxana işçisinin  fəaliyyətinin əsas istiqamətidir. Kitab və mütaliənin təbliği üzrə proqram əhalinin bütün kateqoriyalarının kitabxanalara cəlb edilməsi ilə həyata keçirilir, lakin əsas diqqət uşaq, yeniyetmə və gənclərin mütaliəsinə yönəldilir. Yeniyetmə və gənc kadrların  mütaliə xarakteri isə hər gün dəyişir. Onlar üçün kitabı müstəqil seçmək heç də həmişə asan olmur. Yeni başlayan oxucu çox vaxt özü də nə istədiyini, nə oxuyacağını bilmir. Demək, bizlərin daim təbliğat işləri aparmasına böyük ehtiyac vardır.

Mütaliə üçün vaxt məsələsi əsas əhəmiyyət kəsb edən amildir. Nədənsə asudə vaxtının demək olar ki, çoxunu mənasız şeylərə sərf edən insan həmin vaxtın hər gün bir saatını mütaliəyə ayırmır. İşdən evə dönərkən evdə olan boş zamanı adətən televiziya verilişlərinə baxmaqla keçirənlər bu vaxtlarının heç olmasa bir saatını kitab oxumağa ayırsalar, bir çox müsbət keyfiyyətlər qazanmaqla yanaşı, vaxtlarını dəyərləndirmiş olarlar. Ya da internet klublarda, kompüter arxasında, kafelərdə, əyləncə məkanlarında və başqa yerlərdə vaxtlarını keçirən gənclər bu vaxtlarının üçdə birini kitabxanalarda keçirsələr və kitab oxumağa ayrısalar, cəmiyyətin ümumi düşüncə səviyyəsi yüksələr və geri qalan cəmiyyətlər sırasında olmaqdan qurtulmuş olar.

Növbəti: 8. Müatliə nədir?

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

 

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat vəincəsənət” 

 

 

Dünyada və ölkəmizdə doğru qəbul edilən, əksinə yanlış səslənən sözlər, deyimlər, atalar sözləri, hətta faktlar vardır. 

Bu məqalədə mümkün qədər nümunələrlə sizi məlumatlandıracam.

 

1) “Gözələ baxmaq səvabdır” atalar sözü və ya deyimini hər kəs bir dəfə də olsa eşidib. Lakin bu deyimin düzgün versiyası belə deyil . Düzgün versiyası belədir– “Gözəl baxmaq səvabdır”.

Bəs aradakı fərq nədir? 

Peyğəmbərimizin dediyi kimi, pis şeylərə belə yaxşı baxacağıq; “Sizə tikan atanlara gül atın”. Gözəl baxmaq budur. 

 

O ki qaldı, gözələ baxmağa, bir qadına bir dəfədən artıq naməhrəm gözlə baxmaq günahdır. “Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.” (Nur surəsi 30-cu ayəsi) bu deyim üçün əsas mənbə ola bilər.

 

2) “Göz var nizam var” atalar sözünün əsl versiyası isə “Göz var izan var”dır. İzan anlayış, anlama qabiliyyəti mənasını verir. Atalar sözünün ümumi mənası isə belədir: insan bir işi görərkən diqqətli olmalı, onu araşdıraraq səhvə yol verməməlidir. İnsan gördüyü işdə gözündən, ağlından, məntiqindən ehtiyatla istifadə etməlidir.

 

3) “Kəpənəyin ömrü 1 gündü” deyimi də yanlışdır. Kəpənəyin ömrü 1-2 aya qədər uzanır. Kəpənəklər ayılar kimi qış yuxusuna da gedir, hətta quşlar kimi isti yerlərə köç də edirlər.

 

4) “Çox şəkər yeyən adam şəkər xəstəsi olur” deyimi də yanlışdır. Şəkər yeməklə diabet xəstəsi olmaq arasında yoluxma riski yoxdur. Diabet xəstəsi olan adamlar şəkər qəbul edəndə şəkər faizləri artır. Şəkər xəstəliyi obez dərəcəsində kök adamlarda və travmatik qorxan adamlarda daha çox aşkarlanır.

 

5) “Yarasalar kordur” deyimi də səhvdir. Yarasalar kor deyil, onlar həm görür, həmdə səslərindən yaranan əks-səslə yollarını da tapa bilirlər.

 

6) “Yerə çəngəl, qaşıq, yaxud bıçaq düşəndə qonaq gəlir” ifadəsi var, çəngəl düşəndə kişi, qaşıq düşəndə isə qadın gəlir ifadəsi var, bunlar da yanlışdır. Hətta Əziz Yaqubzadənin beləbir şeiri var:

 

Bilirsən, heç nə qədər

“Qayıt” yazıb pozuram?

Yerə çəngəl də düşsə

Gəlməyinə yozuram.

 

7) “İtlər ağ-qara rəngləri görür” deyimi də yanlışdır . İtlər mavi, sarı və yaşıl rəngləri də görür.

 

8) “Soyuq su içmək adamı xəstələndirir” fikri də yanlışdır. Xəstəliyə səbəb olan şey bakteriya, mikrob və infeksiyadır.

 

9) “Asqıranda ürək döyüntüsü saniyəlik dayanır” - bu da doğru fakt deyildir. Asqırma beynin göndərdiyi reaksiyadır. Bununmm ürəylə əlaqəsi yoxdur.

Peyğəmbər (s) bir hədisdə buyurub:«Xəstənin asqırmağı, onun üçün salamatlıq nişanəsi, bədən üçün xeyir və rahatlıqdır.»

Elə buna görə də, bu nəticəyə gəlmək olar ki , hər deyilən düz, hər eşidilən doğru deyil.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Hüseyn Cavid XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının ən görkəmli şair və dramaturqlarından biri kimi tanınır. Onun əsərləri, xüsusən də faciələri, dərin fəlsəfi məzmunu və insana dair suallarla zəngindir. Cavidin ən məşhur əsərlərindən biri olan "İblis" faciəsi də bu mövzuda mühüm yer tutur. Bu əsər iblisin insan həyatına təsirini və onunla mübarizənin mənəvi cəhətlərini araşdırır.

 

"İblis" faciəsi 1918-ci ildə yazılıb və ilk dəfə 1920-ci ildə səhnəyə qoyulub. Bu əsərdə Hüseyn Cavid iblisi simvolik bir obraz kimi təqdim edir və onun vasitəsilə insanın daxili ziddiyyətlərini, şüurunun qaranlıq tərəflərini üzə çıxarır. Əsərdə İblis sadəcə bir şeytan deyil, o, insanın içində olan pislikləri və mənəvi zəiflikləri təmsil edən bir varlıqdır. Cavid bu əsərdə insanın iblisə olan meylini və onun qarşısında nə qədər aciz olduğunu göstərir. İblisin təsiri altında insanlar öz dəyərlərindən uzaqlaşır, mənəvi boşluğa düşür və nəticədə fəlakətə sürüklənirlər.

Əsərin baş qəhrəmanları olan Arif və Zöhrə insanın daxili dünyasındakı mübarizəni simvolizə edir. Arifin iblisin təlqinlərinə qarşı mübarizəsi və Zöhrənin bu mübarizədəki rolu əsərin əsas xəttini təşkil edir. Cavidin fikrincə, insanın öz mənəvi gücü və iradəsi ilə iblisə qarşı dayanması mümkündür, lakin bu, çox çətin bir yoldur. İblis insanın zəif nöqtələrindən istifadə edir və onu öz tələsinə salmağa çalışır.

Hüseyn Cavidin "İblis" faciəsi Azərbaycan ədəbiyyatında unikal bir əsər olaraq qalır və bu gün də oxucuları düşündürməyə davam edir. Əsər insan təbiətinin mürəkkəbliyini və mənəvi dəyərlərin əhəmiyyətini göstərməklə yanaşı, iblisin insan həyatına necə təsir edə biləcəyini də açıq şəkildə göstərir.

 

Yer Üzündə Əsl İblis Kimdir?

Cavidin "İblis" əsərindən ilhamlanaraq, yer üzündə əsl iblisin kim olduğunu düşündükdə bu sualın cavabı çox subyektiv ola bilər. Lakin əsl iblis insanın içindəki nifrət, paxıllıq, zalımlıq və mənəvi zəifliklərdir. Bu mənfi duyğular və düşüncələr insanın hərəkətlərini idarə etdikdə o zaman insan öz içindəki iblisə təslim olur. Həyatın çətinlikləri və imtahanları qarşısında öz mənəviyyatını qoruyub saxlaya bilməyən insanlar iblisin qurbanı olur və bu mənada yer üzündəki əsl iblis insanın öz içində daşıdığı mənfi xüsusiyyətlərdir.

Yəni, əsl iblis kənarda olan bir varlıq deyil, bizim içimizdə olan və daim bizi yoldan çıxartmağa çalışan mənfi güclərdir. Əgər bu güclərə qarşı mübarizə aparmazsaq, onlar bizi idarə etməyə başlayar və nəticədə insanlıq və mənəviyyatımız itər. Hüseyn Cavid də əsərində məhz bu mesajı verməyə çalışır: “İblis insanın öz içindədir və onunla mübarizə aparmaq insanın ən çətin vəzifəsidir”.

Hüseyn Cavidin "İblis" faciəsi insanın mənəvi mübarizəsini və iblisin insan həyatına təsirini göstərən dərin fəlsəfi əsərlərdən biridir. Əsərdən gətirilən nümunələr bu mövzuları daha yaxşı başa düşməyə kömək edəcək.

 

İblisin insanları azdırması:

 Əsərdə İblis insanları yoldan çıxartmaq üçün hiylələrə əl atır. Onun fikrincə, insanlar asanlıqla öz zəif nöqtələrinə təslim olurlar. İblis insanın zəif cəhətlərini vurğulayır və ondan istifadə edir:

 İblis:

  "Mən hər kəsin arzu və istəklərini bilirəm. İnsanlar çox zəifdir, mənim tələmə düşmək üçün heç vaxt tərəddüd etmirlər. Hər birinin öz içində gizlədiyi bir iblis var."

 Bu sözlərdən göründüyü kimi İblis insanların daxili zəifliklərini öz məqsədləri üçün istifadə edir.

Arifin İblislə Qarşılaşması:

  Əsərin əsas qəhrəmanı Arif İblislə qarşılaşır və onunla mübarizə aparmağa çalışır. Arifin daxili mübarizəsi, insanın mənəvi cəhətdən güclü olmasının nə qədər vacib olduğunu göstərir:

   Arif:  

  "Mən özümü itirmişəm, İblis! Nə üçün mənə yaxınlaşırsan? Mən səni dəf etmək istəyirəm, lakin sənin səsin mənim içimdə dərin yaralar açır. Mənə yol göstərən işığı itirmişəm."

 Arifin bu sözləri onun daxili ziddiyyətlərini və iblisin təsiri altında qaldığını göstərir. O, iblisin tələsinə düşməmək üçün mübarizə aparır, lakin bunun nə qədər çətin olduğunu anlayır.

Zöhrənin Səsi: 

 Zöhrə Arifin sevgilisi və mənəvi dəstəkçisidir. O, Arifə iblislə mübarizədə yardım etməyə çalışır və onu doğru yola yönləndirməyə çalışır.

 Zöhrə:

  "Arif, qəlbindəki işığı itirmə! İblis səni aldatmağa çalışır, lakin sən güclü olmalısan. Biz bir yerdə bu qaranlıqdan çıxmalıyıq."

Zöhrənin bu sözləri insanın mənəvi dəstəyə və sevginin gücünə ehtiyacı olduğunu göstərir. O, Arifin içindəki işığı yenidən tapmasına kömək etmək istəyir.

 İblisin Qələbəsi:

 Əsərin sonunda İblis insanın mənəvi zəiflikləri qarşısında qələbə çalır. Bu, insanın öz iblisi ilə mübarizədə məğlub olmasının simvolik ifadəsidir:

 İblis: 

 "Mən yenidən qələbə çaldım. İnsanlar öz zəiflikləri qarşısında hər zaman məğlub olurlar. Onlar heç vaxt məndən qurtula bilməyəcəklər."

 İblisin bu sözləri, insanın öz içindəki iblisə təslim olmasının nəticələrini göstərir. Bu, Cavidin əsərdə verdiyi əsas mesajlardan biridir: insan öz zəif cəhətlərinə təslim olarsa, iblisə qalib gəlmək mümkün olmaz.

 Bu nümunələr əsərin fəlsəfi məzmununu və Hüseyn Cavidin insan təbiəti ilə bağlı suallarını dərinləşdirir. "İblis" faciəsi insanların içindəki iblislə mübarizəsini və bu mübarizənin nə qədər çətin və vacib olduğunu göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

Bazar ertəsi, 02 Sentyabr 2024 10:36

İnsan olmaq bunu gərəkdirir

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Daxili bir əzabla çox şiddətlə vuruşduğunu hiss edirsən. İnsan mübarizə aparmalıdır bunun fərqindəsən, lakin dəhşətin yanğısı da bir tərəfdən səni cəlb edir. Dəhşət insanı axı hər zaman cəlb edər. Sükut daha vahiməlidir. Həvəsli və bir o qədər də bilinməz bir kimliyə sahib olmalısan. Ya da qısacası bir kimliyə sahib olmamalısan. Bütün sözlər əslində məcazi bir boşluq əlamətidir. Emosiyanın və mənəvi hisslərin yoxa çıxdığı və yaxud hələ tapılmağa səy göstərilmədiyi yerdə daima bir kədər tapıntısı var. Çünki insan nəfəs almağı seçdiyi qədər itirməyi də qəbullanır. Çünki insan itirməyi qəbullandığı qədər sevməyi də qəbullanır. Uçurum da şiddətlidir, lakin özünü hava axıntısına təslim etdiyin ana qədər. Bəsit və qəddar bir kölədən artığı deyilsən və olmayacaqsan da. Çəkdiyin, hiss etdiyin, məhv etdiyin hər nədirsə bu sadəcə sənin duyğularının təsirilə mümkündür. Ömür boyu müqəssirsən yaşatdığın və yaşamalı olduğun hər şeydən. Amma ömür boyu  qəbul etdiyin və seçdiyin yollar səbəbi ilə də dimdik durmağı da öyrənməlisən. Qərib bir xəyal uğruna budaqdan-budağa uçmamalı, dünyəvi bir fəlakət uğruna bıçaq ucuna yatmamalı, məhv olan duyğuların uğruna yaşamağa məcbur olduğunu öyrənməlisən. Həyat bunu gərəkdirir. İtirməlisən, tərk etməlisən, əzab verməlisən, ona görə ki yaşamaq bunu gərəkdirir. 

 

Çünki ətrafındakı hər kəs bunu edir. 

Çünki qəbul etsən də və yaxud etməsən də insan olmaq əslində bunu gərəkdirir. 

Çünki nifrət əslində hər kəsin haqqıdır...

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

Bazar ertəsi, 02 Sentyabr 2024 09:33

Tanınmış fırça ustasının doğum günüdür

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Həyat qısa, sənət əbədidir deyirdi Hippokrat.

Bu gün XX əsr Azərbaycan təsviri sənətinin tanınmış imzalardan biri olan rəssam-pedaqoq, əməkdar incəsənət xadimi Əyyub Hüseynovun doğum günüdür.   

 

Əyyub Müseyib oğlu Hüseynov 2 sentyabr 1916-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xok kəndində anadan  olmuşdur.

Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və 1931-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur. 1935-ci ildə buranı bitirdikdən sonra o, təhsilini Tiflisdə Rəssamlıq Akademiyasında davam etdirmişdir. 

Əyyub Hüseynov ali təhsilini başa vurduqdan sonra Naxçıvana qayıtmışdır. Əsasən dəzgah rəngkarlığı sahəsində fəaliyyət göstərən Əyyub Hüseynov mənzərə, portret, məişət kimi müxtəlif janrlarda əsərlər yaratmışdır. Rəssam həmçinin Naxçıvanda  yerli teatrda quruluşçu rəssam kimi çalışmış, səhnə əsərlərinə bədii tərtibat vermişdir. Əyyub Hüseynov tanınmış fırça ustası Şamil Qazıyevlə  də əməkdaşlıq  edərək,  bir  çox tamaşaların  bədii tərtibatını və geyim eskizlərini birgə hazırlayıb. Onun Naxçıvan teatrında Ə.Haqverdiyevin “Pəri-cadu”,  S.Vurğunun “Fərhad və Şirin”, O.Sarıvəllinin “Babək”, A.Şaiqin “Vətən”, N.Nağıyevin “Polad”, Ə.Abbasquliyevin “Günəş doğur” və s. pyeslərinə verdiyi bədii tərtibat və çəkdiyi geyim eskizləri maraqla qarşılanıb.

Əyyub Hüseynov 1948-ci ildə Naxçıvandan Bakı şəhərinə köçüb. İllər öncə təhsil aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoq kimi fəaliyyət göstərməyə başlayıb. 1956-cı ildə məktəbin direktoru təyin edilib.

Pedaqoji fəaliyyətlə yanaşı həm də Bakıda və respublikadan kənarda təşkil olunan bir çox sərgidə iştirak edib.

Rəssam 1980-ci ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. O, 17 aprel 1998-ci ildə  vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

Bazar ertəsi, 02 Sentyabr 2024 11:05

BİR SUAL, BİR CAVAB Musa Ələkbərli ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Susdurmayaq haqq söz deyən dilləri 

Görən gözə çəkdirməyək milləri. 

Vaxtlı – vaxsız soldurmayaq gülləri 

Bir gül kimi sola bilər bu dünya. 

 

Güclüləri gücsüzləri döyməsə, 

O əyilməz, tərəzisi əyməsə. 

Xain gözü, düşmən əli dəyməsə 

Qayasını qala bilər bu dünya.

(M.Ələkbərli) 

 

 Dəyərli şairimiz, niyə bu dünya düzəlmir ki, düzəlmir? 

 

 CAVAB

Dünya haqqında Azərbaycan poeziyasında Səməd Vurğundan üzübəri kifayət qədər təsirli, cəmiyyət içində populyar nümunələr var: 

Bir də görürsən ki, açılan solur,  

Düşünən bir beyin, bir torpaq olur.  

Bir yandan boşalır, bir yandan dolur,  

Sirrini verməyir sirdaşa dünya… 

 

M.Arazın “Dünya sənin dünya mənim, dünya heç kimin”,  yaxud “Dünya düzəlmir ki, düzəlmir, baba”, H.Arifin “Bu dünya düzəlsə atama lənət” kimi bir çox deyimləri dünyanın etibarsızlığı, insanların arzularına, ümidlərinə çox zaman adekvat olmaması şairlərimizin dünya haqqında “Dünya düzələn deyil” kimi kəskin ittihamına rəvac verir. Molla Pənah Vaqifin “Mən cahan mülkündə mütləq doğru halət görmədim” misrası ilə başlayan müxəmməsi də dünyanın puçluğuna, insanların gəldi-gedərliyinə, vəfasızlığına daxili bir üsyanla, ciddi psixoloji sarsıntı ilə qələmə alınmışdır. Dahilər, filosoflar zaman-zaman dünya haqqında düşünmüş, insan zəkasının, insan kamalının qalib gələcəyi vaxta, zamana ümid bəsləmişlər. S.Vurğunun “İnsan” pyesində filosof Şahbazın bir obraz olaraq dəyəri, mahiyyəti verdiyi bu sualla ölçülür. Dünyada baş verən bütün haqsızlıqların, müharibələrin, fəlakətlərin, insanları sarsıdan, ağrıdan bütün olayların günahı dünyanın boynuna yüklənir. Dünya dinmir, susur. Dünya demir ki, məni kimlərəsə dar eləyən, kimlərəsə cənnətə, kimlərəsə cəhənnəmə döndərən mən deyiləm. Qoynumda yer verdiyim, qucağımda bəslədiyim, minlərin, milyonların payını əlindən alan, acgöz, doyumsuz, qudurğan, insanlıq adına ləkə gətirən varlıqlardır. Müharibələr də, saysız insan qırğınları da onların ucbatından olur. Mən gənclik illərimdə “Qurd ağzı bağlayan Səlmi qarıya məktub” adlı bir şeir yazmışdım. O şeirdə belə sətirlər vardı: 

 

Elə bir dua охu, a  Səlmi qarı,

Çoxalır  dünyada «qan-qan» deyənlər. 

Аrtır  öz payından artıq  yeyənlər,

Dünya  çəkə  bilmir bu əzabları. 

Canilər canbirdi qanlı qudurub,

Çaşanı udmaqdı fikri, niyyəti,

Ölkə var ölkənin qəsdinə durub,

Ölkə var talayır bəşəriyyəti.

 

Bilirdim görübsən övlad dağını

Beş oğul itirdin ötən davada. 

Çiçəklər тökdülər gül yarpağını

Мatəmə batdılar quşlar yuvada...  

Elə bir dua охu, а Səlmi qarı

Susdur «qan, qan» deyən о bayquşları, 

Dənizdə, havada, yerdə təzədən, 

Bu qoca dünyanı  bir də  təzədən

«Bölüm» deyənlərin аğzını  bağla, 

«Ölüm» deyənlərin аğzını  bağla!

 

Bu qədər uzun ricətdən sonra sualınızın kəsə cavabına qayıdıram. Dünya düzələcək, mütləq düzələcək. Dünyadakı bütün insanların kamilləşəcəyi, dünyanı öz doğma evi sanacağı illərdə. Dünyanın yaradıcısı qadir Allahımızın gözümüzə görünəcəyi möcüzəli tarixdə!.. 

 

Allahın bizə görünəcəyi  

gün, 

Yer üzündəki bütün insanların  

əlindədir. 

Günlərin bir günü  

eyni saatda, eyni anda 

Eyni duayla, 

Eyni sayğıyla 

bu əllər Allaha 

doğru uzansa, 

Bu əllər əl tutmağa 

öyrəşsə, 

Əl kəsməkdən usansa. 

Bu əllər “yaxşılıq” 

adlı altıncı 

barmağı bitirsə, 

Bütün pislikləri, 

yamanlıqları 

Silib-süpürsə, 

Yer üzündən birdəfəlik 

itirsə, 

Bu əllər sərhədləri, 

Yerin bağrına çəkilən  

çəpərləri, sədləri 

Yara bilsə, sökə bilsə, 

Bu əllər qanlı cinayətləri 

özündə gizləyən 

viranlıqların, 

qaranlıqların 

Boğazına çökə bilsə, 

Eyni gündə, eyni saatda, 

eyni anda, 

Kainatın bütün  

sirli qapıları 

Taybatay açılardı  

üzümüzə, 

İşıq düşərdi bütün 

qaranlıqlara, 

Allahın bizə görünəcəyi  

günün müjdəçisi  

olardım mən də! 

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

Avqustun 30-da Bakıda Bəhreyndə fəaliyyət göstərən RAK İncəsənət Fondunun rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.

Sərginin açılışında çıxış edən RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xalifa bəhreynli rəssamların tükənməz istedadlarını Azərbaycandakı sənətsevərlərlə bölüşmələrindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlığı və qarşılıqlı anlaşmanı təşviq edir.

Raşid Al Xalifa bildirib ki, əməkdaşlıqda məqsəd bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir.

Sonra çıxış edən “Azərxalça” ASC-nin sədri Emin Məmmədov deyib ki, rəssam Raşid Al Xalifa və RAK İncəsənət Fondu ilə əməkdaşlıq incəsənətin, beynəlxalq dostluğun və mədəni anlaşmanın daha geniş təşəkkül tapdığını əks etdirir. 

“Bəhreynin müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılmasından məmnunluq duyuram. İnanıram ki, bu, ölkələrimiz arasında tərəfdaşlıq imkanlarının daha da genişlənməsinə gətirib çıxaracaq”. 

Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Mərkəzində Raşid Al Xalifanın bir neçə sərgisi təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.