Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Həyat qısa, sənət əbədidir deyirdi Hippokrat.
Bu gün XX əsr Azərbaycan təsviri sənətinin tanınmış imzalardan biri olan rəssam-pedaqoq, əməkdar incəsənət xadimi Əyyub Hüseynovun doğum günüdür.
Əyyub Müseyib oğlu Hüseynov 2 sentyabr 1916-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xok kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və 1931-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur. 1935-ci ildə buranı bitirdikdən sonra o, təhsilini Tiflisdə Rəssamlıq Akademiyasında davam etdirmişdir.
Əyyub Hüseynov ali təhsilini başa vurduqdan sonra Naxçıvana qayıtmışdır. Əsasən dəzgah rəngkarlığı sahəsində fəaliyyət göstərən Əyyub Hüseynov mənzərə, portret, məişət kimi müxtəlif janrlarda əsərlər yaratmışdır. Rəssam həmçinin Naxçıvanda yerli teatrda quruluşçu rəssam kimi çalışmış, səhnə əsərlərinə bədii tərtibat vermişdir. Əyyub Hüseynov tanınmış fırça ustası Şamil Qazıyevlə də əməkdaşlıq edərək, bir çox tamaşaların bədii tərtibatını və geyim eskizlərini birgə hazırlayıb. Onun Naxçıvan teatrında Ə.Haqverdiyevin “Pəri-cadu”, S.Vurğunun “Fərhad və Şirin”, O.Sarıvəllinin “Babək”, A.Şaiqin “Vətən”, N.Nağıyevin “Polad”, Ə.Abbasquliyevin “Günəş doğur” və s. pyeslərinə verdiyi bədii tərtibat və çəkdiyi geyim eskizləri maraqla qarşılanıb.
Əyyub Hüseynov 1948-ci ildə Naxçıvandan Bakı şəhərinə köçüb. İllər öncə təhsil aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoq kimi fəaliyyət göstərməyə başlayıb. 1956-cı ildə məktəbin direktoru təyin edilib.
Pedaqoji fəaliyyətlə yanaşı həm də Bakıda və respublikadan kənarda təşkil olunan bir çox sərgidə iştirak edib.
Rəssam 1980-ci ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. O, 17 aprel 1998-ci ildə vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)