Sentyabrın 3-4-də Sankt-Peterburqda - Aleksandrinski Teatrında Akademik Milli Dram Teatrının “İblis və..." tamaşasının premyerası keçiriləcək. Bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk səhnə əsəri olacaq.
Teatrın mətbuat xidmətindən AzərTAC-a verilən məlumata görə, tamaşanın nümayişindən əvvəl Aleksandrinski Teatrında Akademik Milli Dram Teatrının eskiz və fotolarından ibarət sərgi nümayiş olunacaq.
Sərgidə teatrın tarixi, yerləşdiyi binanın özəlliyi, məşhur rejissorları, aktyorları, teatr hadisələrinə çevrilmiş tamaşaları öz əksini tapır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır. Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən “İblis” mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib. Hüseyn Cavid İnsan, İblis, Tanrı kоnsepsiyasını özünəməхsus formada ortaya qoyur. Onun İnsan, İblis, Tanrı haqqındakı fikirləri yaradıcılığının böyük, daхili qüvvəsi və mahiyyətidir. Bu tamaşa Hüseyn Cavidin “İblis” əsəri əsasında dekonstruksiya da adlana bilər. “İblis” əsərinin motivləri əsasında “İblis və…”.
Dördpərdəli faciənin (dekonstruksiyanda 1 hissəli metadram) təyinat xətti dəyişərək yalnız Tanrı-İblis və insan xətti üzərində köklənir. Təyinat İblisə, ondan doğan faktor isə İnsana yönəlir. Qısa desək, “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti təsvir olunur. Bu isə İblisin qələbəsidir.
Tamaşada Xalq artisti Kazım Abdullayev, Əməkdar artistlər Ayşad Məmmədov, Anar Heybətov, Elnar Qarayev, Elşən Cəbrayılov, Vəfa Rzayeva, Elşən Rüstəmov, aktyorlar Ziya Ağa, Elsevər Rəhimov, Elçin Əfəndi, Lalə Süleymanova, Vüsal Mustafayev, Elçin Nurəliyev və Tural İbrahimov iştirak edirlər.
Tamaşa oktyabrın 4-5-6-da isə Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)