İnsan olmaq bunu gərəkdirir Featured

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Daxili bir əzabla çox şiddətlə vuruşduğunu hiss edirsən. İnsan mübarizə aparmalıdır bunun fərqindəsən, lakin dəhşətin yanğısı da bir tərəfdən səni cəlb edir. Dəhşət insanı axı hər zaman cəlb edər. Sükut daha vahiməlidir. Həvəsli və bir o qədər də bilinməz bir kimliyə sahib olmalısan. Ya da qısacası bir kimliyə sahib olmamalısan. Bütün sözlər əslində məcazi bir boşluq əlamətidir. Emosiyanın və mənəvi hisslərin yoxa çıxdığı və yaxud hələ tapılmağa səy göstərilmədiyi yerdə daima bir kədər tapıntısı var. Çünki insan nəfəs almağı seçdiyi qədər itirməyi də qəbullanır. Çünki insan itirməyi qəbullandığı qədər sevməyi də qəbullanır. Uçurum da şiddətlidir, lakin özünü hava axıntısına təslim etdiyin ana qədər. Bəsit və qəddar bir kölədən artığı deyilsən və olmayacaqsan da. Çəkdiyin, hiss etdiyin, məhv etdiyin hər nədirsə bu sadəcə sənin duyğularının təsirilə mümkündür. Ömür boyu müqəssirsən yaşatdığın və yaşamalı olduğun hər şeydən. Amma ömür boyu  qəbul etdiyin və seçdiyin yollar səbəbi ilə də dimdik durmağı da öyrənməlisən. Qərib bir xəyal uğruna budaqdan-budağa uçmamalı, dünyəvi bir fəlakət uğruna bıçaq ucuna yatmamalı, məhv olan duyğuların uğruna yaşamağa məcbur olduğunu öyrənməlisən. Həyat bunu gərəkdirir. İtirməlisən, tərk etməlisən, əzab verməlisən, ona görə ki yaşamaq bunu gərəkdirir. 

 

Çünki ətrafındakı hər kəs bunu edir. 

Çünki qəbul etsən də və yaxud etməsən də insan olmaq əslində bunu gərəkdirir. 

Çünki nifrət əslində hər kəsin haqqıdır...

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.