Super User

Super User

Çərşənbə axşamı, 03 Sentyabr 2024 11:46

Düz 33 il bundan öncə məhz bu gün!

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

 Ümummilli Lider Heydər Əliyev düz 33 il bundan öncə məhz bu gün, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. 

 

Bütün Azərbaycan xalqı bilir ki, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olduğu, hakimiyyətin muxtar qurum üzərində oyunlar oynadığı bir dövrdə,   1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi. Heydər Əliyev həmin sessiyada çıxış edərək deyirdi: 

“…Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafında toplaşmış naxçıvanlıların qoyduqları vəzifənin icrasından geri çəkilsəm, bu xalqın ağır günündən qaçmaq deməkdir. Ona görə belə bir ziddiyyətli vəziyyətdəyəm və bu vəziyyətdə də qalıram… Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Bu çətin dönəmdə Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, dincliyin və əmin-amanlığın təmin olunmasına nail oldu. Onun rəhbərliyi dövründə muxtar respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. Ümummilli Liderin Sədr seçilməsi ilə Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu, əsgəri birlikləri Naxçıvan Muxtar Respublikası ərazisindən çıxarıldı. Həmçinin dahi lider milli ideoloji məsələləri önə çəkir, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında və bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi Qərarı qəbul etdi. Siyasi işlə bərabər  sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Blokada şəraitində olan muxtar respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması yönündə Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalının müraciəti əsasında Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. YAP-ın yaranması tarixi zərurət idi. Xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı qısa zamanda Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.

Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin sədrliyi ilə ötən bu müddət ərzində böyük inkişaf yolu keçib. Milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, ölkəmizi etibarlı tərəfdaşa çevirdi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, dayanıqlı inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları əsas götürür.

Ümummilli Liderin ilk dəfə Naxçıvanda Ali Məclisin Sədri olduğu dönəmdə qaldırdığı bayraq indi ərazi bütövlüyümüzün tam təmin olunduğu bütün Azərbaycan torpaqlarında dalğalandırılır. Biz də öz cəsarət və azadlığımızı ay-ulduzlu bayrağımızdan alır, ona da fəda edirik. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək! 

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Çərşənbə axşamı, 03 Sentyabr 2024 18:13

Əgər mən kişi olsaydım… - AKTUAL

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Yəqin ki hamımız ən azı bir dəfə bu sualla rastlaşmışıq. "Kişi/qadın olsan nə edərdin?”

Son zamanlara baxdıqda vəziyyətin get- gedə qaranlığa bürünməsi, əksər kişilərin kişilik sözünü tamam səhv anlaması şəxsən mənə pis təsir edir. O gün oturub dostlarımla müzakirə edərkən də məhz bu sualla üzləşdim. Həmin an ağlıma təbii ki bir neçə versiya gəldi, lakin bunlar yetərsiz və natamam cavablar idi. Bu günlərdə düşünməyə vaxtım oldu. Mən kişi olsam necə olardım?

 

Mən hər halda ki, ilk öncə kişiliyin ağırlığını daşımağı seçərdim. Hər kəsin hiss və duyğuları var. Mən kişilərin duyğularını gizləməsinə qarşıyam. İnsanı digər canlılardan ayıran hissiyyatıdır. Amma mən kişilərin xanımlara xas nazı mənimsəməsini də qəbullana bilmirəm. Mən kişi olsam könlümü aldırmaz, könül alardım. Yolda gördüyüm yaşlı bir nənənin çantalarını özümə yük bilməzdim. Kiçik uşaqları, evladımı sevməyi kiçilmək hesab etməzdim. Ağlamağı, biriylə dərdləşməyi zəiflik görməzdim. Mən kişi olsam daha məğrur olardım. Gələcəyimi, gələcək ailəmi xoşbəxt etməyə, onları şanslı hiss etdirməyə çalışmaqdan yorulmazdım, məsələn. Məsələ maddiyyat deyil. Məm kişi olsam dünyanın ən gözəl çiçəklərindən (anamdan, sevdiyimdən, qızımdam) dünyanın ən gözəl çiçəklərini əsirgəməzdim. 

 

Sizcə kişi olmaq nədir? Çox qadınla bərabər olub sonra qarşındakından sadiqlik gözləmək? Kişinin xəyanəti səbrlə, qadınınkı qəbrlə örtülər deməkdir? Yox. Məncə kişi olmaq sənə məxsus şamı sönənədək qorumaq, pərvanə tək sadəcə onun başına fırlanmaqdır. Duyğusal yanaşmıram məsələyə, amma məncə insanı heyvandan ayıran xüsusiyyət sədaqət olmalıdır. İndiki dövrdə şəhərdə meşələrdən daha çox canlı qətl edilir. Bu cəhəddən çox da fərqlənmirik heyvanlar aləmindən. Düşünürəm ki, bizi fərqləndirən qayğılarımız və seçimlərimizdir. Bir şirin 5 şirdən balası var. Bir insanın ki 5 qadından uşağı var, onu digər yırtıcıdan necə fərqləndirək ki? Demək ki bu insanın hisləri və beyni elə düşünmə qabiliyyəti olmayam, instinklərlə yaşayan, hissiyyatsız bir heyvan qədərdir də. 

Mən kişi olsam qayğım gözəl qadınlarla günümü gün etmək deyil də, məni özünə yoldaş qəbul edən qadının mənə əmanət edilən həyatını cənnətə çevirmək olardı.

Mən kişi olsam gücümü qarşımda aciz olanlara yox, acizləri incidənlərə göstərərdim. Mən kişi olsam öncə mənə verilən məsuliyyəti dərk edər, ətrafıma dərd- sər yox, qürur paylamağı seçərdim. Anam məni evdə "görən çox içib?" deyə yox, "oğlum işindən yorğun gəlir, yeməyi hazır olsun" deyərək gözləyərdi. Yoldaşım ona tərəf əlim qalxanda qorxmaz, saçlarını uzadardı. Mən kişi olsam kişiliyin nə olduğunu həm öyrənər, həm öyrədərdim. Çünki indiki dövrdə həqiqətən bu cəmiyyətin kişilik məktəblərinə çox ehtiyacı var...

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Çərşənbə axşamı, 03 Sentyabr 2024 11:17

Günün fotosu: Serbiya Rusiyadan uzaqlaşır?

Günün fotosu: Serbiya Rusiyadan uzaqlaşır? 

 

Serbiya və Fransa dövlətlərinin başçılarının razılaşması əsasında Fransanın Rafale qırıcıları ilk dəfə Serbiya hərbçilərinin xidmətində olacaq. 

Makron və Vuçiçin şəxsən imzaladıqları 2,7 milyard avroluq saziş Aİ-yə can atan Serbiyanın Rusiya silahlarından asılılığından qopmasına imkan verəcək.

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Çərşənbə axşamı, 03 Sentyabr 2024 10:16

Rəsm qalereyası: Cülyetta Aristisis, “Gül natürmortu”

Rəsm qalereyası: Cülyetta Aristisis, “Gül natürmortu”

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə İlham Qəhrəmanın şeirləri təqdim edilir. 

 

 

Yazı masam

 

Yazı masam təndir misalı,

həmişə odda saxladım.

Nə şit gördü, nə təlx gördü,

bir şirin dadda saxladım.

 

Təndirə çırpı yığan uşaq kimi,

6 il qapı-qapı gəzdim, -

Qələmə şəlləyib gətirdim,

üstündə "Laçın folkloru" yazdım.

 

14 ilə o tay-bu tay Vətəndə

topladım Sarı Aşığı,

İndi adı ölkəylə birdi, -

aləmi tutub işığı!

 

Masada dizimi yerə verdim,

qoymadım it-bat ola Aşıq Alı.

Sözləri səmtinə qoydum,

üzə çıxdı təcnisin gül camalı.

 

Bir gözümdə gülüş, o birində yaş,

Laçının "Lətifə"sini yazdım,

Şad günündə sevinə-sevinə

"Söz xəritəsi"ni cızdım.

 

Yazı masamda nə yazdımsa,

məndən irəli düşdü ürək.

Ayrı masamız olmadı -

mən üstünə söz daşıdım,

qadınım çay-çörək.

 

Yazı masamda yazıldı

essem, şeirim, bayatım...

Yazı masamdan başladı

yoxluğa bağlı məhkumluq həyatım.

 

*

Hər günümə şərik çıxdı,

Ömrü sözlə tən elədim.

Necə ki nar dənələnər,

Qələmdən söz dənələdim.

 

Yolların ağına çıxdım,

Qəmin ocağına çıxdm,

Sözün qabağına çıxdım,

Qapımı da gen elədim.

 

Payız gəlir yaydan sonra,

Uçurumdu qıydan sonra...

Xeyli götür-qoydan sonra

Sözü məndə mən elədim.

 

Mənim dərdim ayrı dərddir

 

Daşdan uzaq, gülə yaxın,

Mənim dərdim ayrı dərddir.

Dişdən uzaq, dilə yaxın,

Mənim dərdim ayrı dərddir.

 

Yara yol gedən ərinməz,

Hər ağac gülə bürünməz.

Çıraq tutalar, görünməz,

Mənim dərdim ayrı dərddir.

 

Tikan olmadım, kəsələr,

Acı demədim, küsələr.

Deyil eşq dərdi, - desələr,

Mənim dərdim ayrı dərddir.

 

Məna xovdu, söz ilmədi,

Çox sirr qaldı çözülmədi...

Yıxılmadım, əzilmədim,

Mənim dərdim ayrı dərddir.

 

İlham, telə gül taxdı yar,

Gül məmnundu, yar bəxtiyar.

Ariflər gözdən oxuyar,

Mənim dərdim ayrı dərddir.

 

Eşq sənə çəkdirər, aşıq

 

Aşıq Nəbiyə

 

Vurulsan bir salatına,

Eşq sənə çəkdirər, aşıq!

Tablamarsan təlatümə,

Eşq sənə çəkdirər, aşıq!

 

Başını sadağa qoyar,

Dilini qadağa qoyar.

Yanağı isdağa qoyar,

Eşq sənə çəkdirər, aşıq!

 

Baxmaz adın urvatına,

Qəm toxuyar bayatına.

Üzüm ayağın altına -

Eşq sənə çəkdirər, aşıq.

 

Dərd dərdi yedək eyləyər,

Od vurar, ətək eyləyər.

Dilini gödək eyləyər,

Eşq sənə çəkdirər, aşıq!

 

Evdi - girəcək görünməz,

Yoldu - duracaq görünməz,

Belə görəcək görünməz,

Eşq sənə çəkdirər, aşıq!

 

Aşıq belə zalım olmaz

 

Aşıq Afil Bəxtiyara 

 

Allah sənə insaf versin,

Aşıq belə zalım olmaz!

Barmaq simə hesab versin,

Aşıq belə zalım olmaz!

 

Ta görməzlər təzə bizi,

Sən də belə bəzə bizi.

Almadınmı gözə bizi?!

Aşıq belə zalım olmaz!

 

Körpü atmışam keçə yol,

Gedər, bölünər üçə yol...

Ölüb dirildim neçə yol,

Aşıq belə zalım olmaz!

 

Yar dolanan o dağ olam,

Yelləndiyi budaq olam.

Ha istədim toxdaq olam...

Aşıq belə zalım olmaz!

 

Ölü haqqı, diri haqqı,

Od-ocağın qoru haqqı,

Dədəmizin goru haqqı,

Aşıq belə zalım olmaz!

 

Hal-əhval

 

Ürəyimdən keçən adam,

Ürəyimi necə gördün?!

Yəqin qədim evlər kimi

Dərd-qəmi iç-içə gördün?!

 

Dağların qarı tükənər,

Heç tükənməz məlal məndən,

Yaxam qalıb öz əlimdə,

Sən bu məni gəl, al məndən.

 

Ürəyimdən keçən adam,

Başına yol qəhətdirmi?!

Utanıram soruşmağa -

Barı, yolun rahatdırmı?!

 

Hələ gedir tağa dərdim 

 

Yar üzdən telin qatlasa,

Deyərdin, Göy ayazıdı.

Məni qoyub gedən gündən

Rəngi-rufum avazıdı.

 

Günümüz onda gün idi,

Həm işıqlı, həm şen idi,

Aramızda yol gen idi,

İndi durna boğazıdı.

 

Bu bəy dərdim, ağa dərdim,

Hələ gedir tağa dərdim,

Qalxıbdı qurşağa dərdim,

Vaxt varıdı, dayazıdı.

 

*

Yaz göyərən qamış kimi,

Bir şivərək oğlan idim.

Qələm bellə, kağız bağla

Söz bağında bağban idim.

 

Cütüm nəydi, təkim nəydi,

Bu bəxt gələn hökm nəydi?!.

Dərman nəydi, həkim nəydi,

Top kimiydim, sağlam idim.

 

Ya yerdə qaçan öləcəm,

Ya göydə uçan öləcəm...

O sirdi, haçan öləcəm, -

Yazağzı doğulan idim.

 

Nədi

 

Bir gözəl görmüşəm, əhli-hal bilər -

Sinəmin çəkdiyi bu ahı nədi?!

Onu görən gündən keçən günlərin

Bilmirəm axşamı, sabahı nədi.

 

Deyib-gülən idim, bir zaman şuxdum,

Qalamın bürcünə ağ bayraq taxdım...

Kəsdirə bilmədim nə qədər baxdım -

Cəlladdı, mələkdi, ya, Ya Hu, nədi?!

 

Bilək balıq qarnı, ayaqlar mildi,

Boyu yasəməndi, dodaqlar güldü...

Demir İlham birdən yıxılıb öldü, -

Deməz bu yazığın günahı nədi.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Çərşənbə axşamı, 03 Sentyabr 2024 16:37

Halal və haram yeyənlər - İBRƏTAMİZ

Sadıq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Hər bir canlının vücudu qidasından asılıdır. Bitkilər birmənalı olaraq pakdılar, torpaq, su və havadan qidalanırlar.

Bitki yeyən heyvanlar da təmiz olurlar.

Ət yeyənlər çirklənirlər, çünki, ikinci məhsulu yeyirlər. Ət və cəsəd yeyənlər lap betər olurlar, məsələn goreşənlər.

İnsanların halal yeyənləri nurlu və təmiz mənəviyyatlı olurlar. Haram yeyənlərin ruhu və vücudu dəyişir, ətyeyən yırtıcılara bənzəyirlər.

Halalı harama qarışdıranlar lap betər olurlarlar, ən təhlükəli və yaramaz forma alırlar.

ALLAH bizləri, xalqımızın çoxunu bitkilər və halallar aləminə yaxın etsin ki, bəlkə pak, nurlu mövcudluqlardan olaq.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Çərşənbə axşamı, 03 Sentyabr 2024 13:35

Sənətkarlarımızı tanıyaq! - Sənətimizin Jazzizası

ƏZİZƏ VAQİF QIZI MUSTAFAZADƏ KİMDİR?

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət" 

 

Əzizə Mustafayeva Azərbaycan Respublikasının Xalq artisti (2018), dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. Əzizə atasının yolu ilə gedir. Atası Vaqif Mustafazadə bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artistidir (1979). Əzizənin anası Eliza Mustafazadə isə gürcü mənşəli müğənnidir. Tam bir incəsənət ailəsi!

 

“Cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadənin hələ uşaq yaşlarından musiqi duyumu var idi. Əzizə uşaq ikən Şur  muğamı ilə Rastı ayırırmış. Atası Vaqif Şur muğam ifa edəndə o ağlayır, Rastda isə oynayırmış. Hətta Əzizə anası Elizanın danışdığı bir əhvalatı səsləndirir: 

Bir dəfəsində atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan Şur muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir 'Vaqif, bir zəhmət Rasta keç. Rastı çal'. O da çalmağa başlayıb. Rast isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqs elər kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki, 'Bax, bax gör o neyləyir!? Yenə Şuru çal!' Atam Şuru çalmağa başlayanda, bu dəfə daha da bərkdən ağlamışam. Ən azından, bu onların mənə söylədiyidir. Yenidən Rast çalınanda, mən də təzədən rəqs eləməyə başlamışam." 

Demək sənətkarlıq Əzizənin qanından- canından gəlirmiş.

Jazziza(Cazziza) isə atası Vaqif Mustafazadənin  qızına uşaqkən verdiyi ləqəbdir .

Əzizənin incəsənətin bir çox sahəsinə marağı var idi, xüsusilə rəssamlıq, rəqs və ifaçılığa.

Atası Vaqif öləndən sonra Eliza xanım kariyerasını yarıda qoyub, qızının istedadını inkişafına köklənir. Fədakar ananın əziyyəti bəhrəsini görür. 17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynamışdır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçmüşdür. Əzizənin uğuru bununla bitmədi . 

Əzizə ilk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarmışdır. İkinci albomu Always albomu ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. 2007-ci ildə Contrasts II albomunu çıxardıb. Uzun fasilədən sonra 1 iyul 2020-ci ildə Generations albomunu təqdim edib. 

27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

Həqiqətən də, Əzizə xanım bu fəxri adı haqq edənlərdəndir. 

2022-ci ilin oktyabrında 14 ildən sonra Əzizə ilk dəfə Azərbaycanın paytaxtında çıxış etdi. Konsert Bakı Konqres Mərkəzində keçirildi və ona böyük alqışlar qazandırdı.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Çərşənbə axşamı, 03 Sentyabr 2024 15:38

Hər gün kitablar barədə 5 QEYRİ-ADİ FAKT

Könül, “Ədəbiyyat və incəsənət”

 

Kitablar barədə dahilər nələr deməyiblər… Mən Şərqi Avropanın və Asiyanın ən böyük ədəbiyyat platforması olan LitRes ədəbiyyat dərgisindən sizlər üçün maraqlı iqtibaslar seçmuşəm. Beləliklə, kitablar barədə maraqlı faktları sizinlə bölüşürəm.

 

1.

“Qulliverin səyahəti " kitabı astronomlardan 100 il əvvəl Ayın və Marsın peyklərinin ölçüsünü və fırlanma sürətini təsvir etmişdir.

 

2.

 Böyük Britaniyada bütün zamanların ən çox satılan kitabı "Bozun 50 çaları"dır. Qadın yazar olan E. Ceymsin bu romanı, yeri gəlmişkən erotik romandır. (Gəlin daha Avropanın yüksək mənəvi dəyərlərindən danışmayaq).

 

3.

Daniel Defonun "Robinzon Kruzo" romanı ilk ingilis romanı sayılır.

 

4.

 İlk əlyazma şəklində olan “Bibliya” (çap maşınının ixtirasına qədərki dövrdə)  12 il ərzində yazılmışdır və indi 8 milyon dollar dəyərindədir.

 

5.

“Quran-i Kərim” yeganə müqəddəs kitabdır ki, orada çoxlu sayda elmi və tarixi faktlar vardır ki, kitab yazılan dövrdə hələ heç kəsə məlum deyildi. 

 

“Əədəbiyyat və incəsənət”

(03.09.2024)

 

 

 

Orxan İsgəndərov Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə, Seymur Hüseynov isə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.

 

“Ədəbiyyat və incəsənət” Bizim.media-ya istinadən onların dosyesini təqdim edir:

O.İsgəndərov 1993-cü ildə anadan olub. Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavriat, ADA Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. O, daha əvvəl Dövlət Məşğulluq Agentliyinin İnsan resursları departamentində böyük mütəxəssis vəzifəsində çalışıb.

S.Hüseynov 1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavriat, biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. O, daha əvvəl Azərbaycan Respublikasınının Mədəniyyət Nazirliyində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Katibliyinin koordinatoru və Global Entrepreneurship Network-də (GEN) icraçı direktor vəzifələrində çalışıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Çərşənbə axşamı, 03 Sentyabr 2024 16:36

BİR SUAL, BİR CAVAB Rüstəm Behrudi ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

"Ürəkmi insana sev deyən, yoxsa, təklikmi?

Nədir sevmək: bir şama od olmaqmı, yoxsa, yanan oda toxunmaqmı?" ( Sədi Şirazi)

 

Əziz Şairimiz, bu sualımıza nədir cavabınız?

 

 CAVAB

Sevgi və sevda tamamilə fərqli anlayışlardı!

Sevgiyə ağıl qarışıb, sevda dəlilikdi!

Mən dəlilərin tərəfindəyəm!

Şam ya pərvanə ol, nə fərqi var ki?

Biri öz -özünə yanır, biri özünü yandırır!

Əsas olan yanmaqdı! Ancaq bir şey də var-sevən adam sevilən adamdan daha xoşbəxtdi!

 

Şam, ya pərvanə olmaq! Mən şam olmağın tərəfindəyəm! Qarşılıq gözləmədən sevən adam Allah kimidi!

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.