Super User

Super User

Malik Məmmədov, “Ədəbiyyat və incəsənət”

 

Noyabrda 75 illiyini qeyd edəcək Sumqayıt əhali sayına görə Bakıdan sonra Azərbaycanın ən böyük ikinci şəhəridir. Burada yarım milyona yaxın əhali yaşayır. Gənclik şəhəri kimi tanınan Sumqayıtdan bir çox tanınmış, məşhur simalar da çıxıb. Onların arasında bir çox incəsənət xadimləri də var. 

 

Azərbaycanın Xalq artisti, tetarımızın və kinomuzun parlaq siması Sabir Məmmədov Sumqayıt sakinidir. 

 

Əməkdar artist, sevilən müğənni Ədalət Şükürov Sumqayıt şəhərində anadan olub. 

1-ci məhəllədə, yaşadığı mənzildə məşhur “Ay qız keçmə bizim məhlədən” mahnısına qranit lövhə də qoyulub. 

 

Müğənni, muğamın gözəl ifaçısı Mənzurə Musayeva da şəhərimizdə yaşayan tanınmışlardandır. 

 

Əməkdar artist Nüşabə Ələsgərli də Sumqayıt sakinidir, Sumqayıt Musiqi Kollecinin yetirməsidir. 

 

Populyar müğənni Damla Sumqayıtda yaşayır. Elə məktəbi də orada bitirib. İşləri ilə bağlı Bakıda köçmək istəsə də fikrindən daşınıb. 

 

 “Maestro” ləqəbi ilə tanınan, virtuoz ifaçı, skripkaçı Ceyhun da illərdir Sumqayıtdadır.

 

Əməkdar artist, "Bu şəhərdə"nin qəhrəmanı Coşqun Rəhimov da bu şəhərin yetirməsidir. 

 

Əməkdar artist, qocaman xanəndə Təhmiraz Şirinov illərdir Sumqayıtın musiqi dünyasının əsas simasıdır. 

 

Əməkdar artist Ruhəngiz Musəvi də Sumqayıt şəhərinin yetişdirdməsidir. 

 

"Davay, do svidaniya" adlı meyxanaları ilə məşhurlaşan meyxanaçı qardaşlar İntiqam və Ehtiram da Sumqayıtın yetirmələridir. 

 

Əməkdar artist Dilarə Əliyeva da Sumqayıtda böyüyüb-başa çatıb, Bakıya gəlin gedib. 

 

Məşhur meyxanaçı Namiq Məna da Sumqayıt sakinidir. 

 

Müğənni Sevda Kazımova da sumqayıtlıdır. 

 

Və hətta ekstravaqant müğənni, həmişə adı ən müxtəlif qəribəliklərlə qoşa çəkilən Elza Seyidcahan da Sumqayıt yetirməsidir. 

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2024)

 

.

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Yaxın gəlin dostlar, bu dəfə sizə nağıl danışmaq istəyirəm. Elə bir nağıl ki, sizə Səyavuş Aslanı xatırladacaq, yadınıza o düşəcək, amma göydən alma düşməyəcək…

 

Hə, nağıllar necə başlayırdı? “Biri var idi, biri yox”-la. Bəli, bu dünyada Səyavuş Aslan adında bir aktyor var idi. 

Deyirdi ki;- “Mən teatr aləminin ən xoşbəxt aktyoru olmuşam. Gülüş ustası Lütfəli Abdullayevi həmişə özümə müəllim bilmişəm. Doğrudur, o, mənə heç zaman dərs keçməyib, amma mənəvi ustadım olub. Bu yaşıma kimi çox sayda rol oynamışam. Artıq qocaldığımı etiraf edirəm. Bu yaşdan sonra özümə ancaq cansağlığı arzulayıram. Amma görürəm ki, Türkiyəlilər qocaman sənət adamlarının sənətlərini də yüksək qiymətləndirir, onlara müəyyən rollar verirlər. Bizdə isə aktyoru çərlədib yorğan-döşəyə salırlar.”

Bir az müdrik, bir az çılğın, bir az da əhlikeyf idi. Onun teatr və kino sənətimizin ayaqda qalmasında xidmətləri, tamaşa və bədii filmlərə verdiyi öz töhfələri olub. Yaratdığı obrazlarla diqqət mərkəzində olan unudulmaz sənətkar dövrünün eybəcərliklərini ustalıqla ifşa edərək, tamaşaçının yaddaşına həkk etdirə bilib...

 

Bir vaxtlar onunla eyni kollektivdə çalışan Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov deyirdi: “Səyavuş Aslanla münasibətlərimiz çox gözəl olub, mən onu kifayət qədər çox istəyirəm. Səyavuş müəllim çox yaxın adamım olub. Sadəcə olaraq, son bir-iki ildə aramızda anlaşılmazlıq oldu. Mən həmişə onun nazı ilə oynamışam. Gördüm ki, onun nazı ilə həddindən artıq çox oynamağım artıq digər aktyorlara pis təsir edir. O da bundan çox ərköyünlük edir. Məcbur olub, Səyavuş Aslanı “Arılar arasında” tamaşasından çıxartdım. Bildiyimə görə, ondan sonra kifayət qədər çıxıb mənim haqqımda danışdı. Bu, onun öz fikirləridir. Səyavuş Aslan Azərbaycan teatrının çox mötəbər aktyorlarından biridir, amma daha böyük aktyor ola bilərdi...”

 

Səyavuş Aslan insan kimi kəskin təzadlı xarakterə malik olub. O, özü qədər sevdiyi qadın üçün göz yaşları tökməyi də, onu dəlixanaya saldırmağı da bacarırdı. Hətta bəzi brend mağazalardan bir kostyum istəməkdən belə utanmırdı, həm də cəsarət göstərib ölkə rəhbərindən özü üçün deyil, gənc aktyorlar üçün təqaüd xahiş edə də bilirdi. Şan-şöhrət, uğur, ailə xoşbəxtliyi eyni vaxtda gəldiyi kimi, bir-bir əldən çıxa da bilərmiş. Və bir gün Səyavuş Aslanın da başına bu olaylar gəldi. O, heç bir qadının fitnəsinə uymazdı, Ofeliya Aslan onun üçün bütün başqa qadınlardan üstün idi. Amma onun şöhrətinə heyran olan qadınlar vardı ki, ona rahatlıq vermirdilər. Bəlkə də onun xoşbəxtliyinə elə haqqında yayılan şayiələr son qoydu. Bu şayiələrdən usanan həyat yoldaşında psixoloji problemlər baş qaldırdı. Elədir, o da ailəsini sevirdi, amma qayğı göstərmək, bu sevgini onlara yaşatmağı bacarmırdı...

Bəli, biri var idi, biri yox. Bu dünyada Səyavuş Aslan adında bir aktyor var idi. Taleyinə yazılan ömrü son saniyəsinədək yaşayıb sonda Bərzəxə köçdü. Bu dünyada çox mükafatlar almışdı- Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Sinəsini "Şöhrət" və "Şərəf" ordenləri bəzəyirdi. Amma Allahın ona o dünyada mükafatı olacaqmı, deyə bilmərəm. Köməçkçisi olan Sədaqət xanım aktyorun ömrünün finalını bir vaxtlar belə təsvir edirdi: “İnanın, 5 aydan çoxdur ki, xalqın sevimli sənətkarı olan Siyavuş Aslanın evində çalışıram. Otaqları yığıram, yeməyini hazırlayıram, yorğan-döşəyini, paltarlarını yuyuram, iynələrini vururam, dava-dərmanlarını verirəm. Lakin bu müddət ərzində bircə dəfə də görmədim ki, hər hansı bir aktyor zəng vurub və ya gəlib Siyavuş müəllimin səhhəti ilə maraqlansın. Sənətkara qarşı bu qədər biganəlik olmaz axı. Xəstənin gözləri həmişə qapıda olur. Mən bilirəm ki, o bu saat diqqət istəyir. Adam görəndə çox sevinir. Bütün günü evdə qalır, darıxır. Heç kəs nə zəng vurub halını soruşur, nə də əllərində 1 kilo alma tutub qapısını açıb onu yoluxmağa gəlir. Heç nə lazım deyil, elə maraqlanmaqları Siyavuş müəllim üçün böyük şeydir.

Oğlu Çingiz Siyavuş müəllimə demişdi ki, yanına jurnalist gələcək, səninlə bağlı yazı hazırlayacaq. Tez ayağa qalxıb oğluna dedi ki, üzümü taraş elə. Mənə də dedi ki, saçımı dara. O, xəstə anında da insanların gözünə xəstə kimi görünmək istəmir. İstəmir ki, kiminsə ona yazığı gəlsin. Çox vaxt isə xəstəliyini tamam unudur. Elə bilir, əvvəlki kimi, yenidən teatra üz tutacaq, inanın, teatr üçün çox darıxır. Əyləşib televizor qarşısında tamaşalara baxmaq istəyir”.

 

Yaşasaydı bu gün - sentyabrın 5-də 89 yaşını qeyd edəcəkdi. Ruhu şad olsun!

…Gözləməyinə dəyməz, axı demişdim ki, göydən alma düşməyəcək...

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2024)

 

“YAŞAT” Fondunun, "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə gerçəkləşən şəhid ailə üzvlərinin Ankara səfəri başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”  Fonda istinadən xəbər verir ki, 30 Avqust - Zəfər Bayramı ərəfəsində və “Tək millət, tək ürək” şüarı ilə reallaşdırılan layihə çərçivəsində Cebeci Hərbi Şəhidliyi və Hacı Bayram Vəli məscidi ziyarət olunub.

 

İştirakçılar Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbiri ziyarət ediblər. Anıtqəbir məqbərəsi inşa olunana kimi Atatürkün nəşinin qorunduğu Ankara Etnoqrafiya Muzeyi də ziyarət olunub.

 

Ekskursiya çərçivəsində Batıkənd rayonu və Ankaranın Heydər Əliyev parkı ziyarət olunub.

 

Qonaqlar TÜİB-in Ankara ofisinə baş çəkib, ardınca rəsmi şam yeməyinə qatılıblar. Şəhid ailələri ilə görüşdə Ədalət və İnkişaf Partiyasının sədr müavini Mustafa Şen, əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın, kənd təsərrüfatı və meşə nazirinin müavini Abubekir Gizligider, Türkiyə Respublikasının Ombudsmanı Şeref Malkoç da yer alıblar.

 

Layihə iştirakçıları səfər çərçivəsində “Türkiye Harp Malulü Gaziler Şehit Dul ve Yetimleri Derneği” və Türkiye Muharip Gaziler Derneyi"nin sədri və nümayəndələri ilə də görüşüblər.

 

Layihə Azərbaycan - Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətlərinə, eləcə də Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunub.

 

Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığının bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

 

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən təsis edilən ikinci Ermitaj Mükafatının laureatı olub.

 

AzərTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Tatyana Qolikova məlumat verib.

 

Rusiya rəsmisi mətbuat konfransında deyib: “Xarici mədəniyyət xadimi kimi sizlərin də yaxşı tanıdığı, Sovet İttifaqının qızıl səsi, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiya tərəfdən isə tanınmış ad Boris Yakovleviç Eyfman ikinci Ermitaj Mükafatının laureatlarıdır”.

 

Mükafatlandırma mərasimi sentyabrın 14-də Dövlət Ermitaj Muzeyində keçiriləcək.

 

Rusiya Federasiyası Hökuməti sədrinin müavini əlavə edib: “Bu, adıçəkilən insanların həm Rusiya, həm də dünya mədəniyyətinin inkişafına verdiyi töhfələri vurğulamağa imkan verən çox əlamətdar mükafatdır”.

 

Ermitaj Mükafatı Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib. O, hər il Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə verilir.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Türkiyənin Film-San Vəqfi 2023-2024-cü il mövsümündə kino və serial sektorunun uğurlu simalarını mükafatlandıracaq. Sənətçilər vəqf tərəfindən 49 il aradan sonra ilk dəfə təntənəli mükafatlandırma mərasimində təltif ediləcəklər. Mükafata layiq görüləcək namizədlər arasında Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova da var.

 

Bununla bağlı AzərTAC-a müsahibə verən Məlahət Abbasova bu cür mükafata layiq görüləcək sənətçilər arasında adının çəkilməsinin onun üçün olduqca qürurverici və sevincli olduğunu bildirib.

 

“Xəbəri eşidəndə inanılmaz dərəcədə sevindim. Bu cür mərasimdə Azərbaycanı qardaş ölkədə təmsil edən sənətçi kimi adımın hallanması mənim üçün sənətimə verilən çox gözəl qiymətdir. Namizədlər siyahısında Türkiyənin olduqca tanınmış sənət adamları var və belə bir mükafata namizəd olmaq çox qürurvericidir. Burada seçilib-seçilməmək o qədər də mühüm deyil. Əsas odur ki, Türkiyədə efirə çıxan o qədər serial arasında ən yaxşı qadın aktrisalardan biri kimi diqqəti cəlb edə bilmişəm və bu rola görə məni namizəd seçiblər. Bu hadisə həm oynadığım serialı hazırlayan şirkət, həm də yayımlandığı kanal tərəfindən də böyük sevinclə qarşılandı”.

 

İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət İdarəsi və Beyoğlu Bələdiyyəsinin təşkilati dəstəyi ilə sentyabrın 9-da keçiriləcək Film-San mükafatlandırma mərasimi Türkiyənin sənət dünyasını bir araya gətirəcək. Tədbirdə ötən bir il ərzində Türkiyənin kino və serial sektorunda adları önə çıxan isimlər ümumilikdə 32 kateqoriya üzrə mükafata layiq görüləcək. Mərasim üçün xüsusi yaradılan münsiflər heyəti tərəfindən hər kateqoriya üzrə beş namizəd elan edilib. Məlahət Abbasova “Kanal7”də yayımlanan “Əsarət” serialında yaratdığı Afife Demirhanlı (Ana) obrazına görə mükafatçılar arasında namizəd olaraq göstərilib.

 

Qeyd edək ki, mərasimdə Türkiyənin iki ustad sənətçisi Serdar Gökhan və 1975-ci ildə qurulan Film-San Vəqfinin ilk rəhbəri olmuş Hülya Koçyiğitə "Şərəf mükafatı" təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2024)

Çərşənbə, 04 Sentyabr 2024 19:02

Qərbi Azərbaycan aşıqları

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”


Aşıq ədəbiyyatı və Qərbi Azərbaycan aşıqları Azərbaycan mədəniyyətinin dərin köklərinə malik olan zəngin irsinə söykənir. Aşıq sənəti həm şifahi xalq ədəbiyyatının, həm də musiqi irsinin ayrılmaz hissəsi olaraq, xüsusilə, Qərbi Azərbaycan bölgəsində özünəməxsus bir forma almışdır.

Aşıq Ədəbiyyatının Tərifi

Aşıq ədəbiyyatı xalqın duyğularını, düşüncələrini, sosial və mənəvi dünyasını əks etdirən şeir və musiqi ilə zəngin bir sənət növüdür. Aşıqlar saz alətinin müşayiəti ilə dastanlar, qəzəllər, qoşmalar və başqa şeir növləri ifa edərək eyni zamanda xalqın həyat tərzini, adət-ənənələrini yaşadan söz ustalarıdır. Bu sənət növü həm sevgi və qəhrəmanlıq mövzularını, həm də sosial ədalət, azadlıq və insanlıq məsələlərini özündə əks etdirir.

Qərbi Azərbaycan aşıqları

Qərbi Azərbaycan, xüsusilə də İrəvan, Göyçə və Zəngəzur bölgələri Azərbaycan aşıq sənətinin inkişafında xüsusi yer tutmuşdur. Bu bölgədə yetişən aşıqlar öz unikal ifa üslubları və dərin mənalı şeirləri ilə seçilmişlər. Onların əsərləri həm yerli xalq arasında geniş yayılmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatının ümumi xəzinəsinə böyük töhfələr vermişdir.

Məşhur Qərbi Azərbaycanlı aşıqlar

1. Aşıq Ələsgər
Göyçə mahalında doğulmuş və Azərbaycan aşıq sənətinin ən böyük nümayəndələrindən biri sayılır. Onun əsərlərində sevgi, vətənpərvərlik və insanlığa dair dərin mənalı düşüncələr yer alır.

Aşıq olub, diyar-diyar gəzənin,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqla ədəbin bilə,
Mərifət еlmində dolu gərəkdi.

 Xalqa həqiqətdən mətləb qandıra,
Şеytanı öldürə, nəfsin yandıra,
Еl içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.

 2. Aşıq Hüseyn Bozalqanlı
İrəvan bölgəsində doğulmuş olan Aşıq Hüseyn öz təsirli ifaları və yaradıcı şeirləri ilə tanınır. Onun əsərləri dövrün sosial və siyasi məsələlərinə işıq tutur və insan hüquqları, azadlıq kimi mövzuları ön plana çəkir.

Səhər-səhər çıx qarşıma,
Dur, başına dolandığım!
Oğrun gözlə, qıyqaçı bax,
Gör, başına dolandığım!

Tellərin dönüb kəməndə,
Gözəllər olub sərməndə,
Qara saçı dal gərdəndə,
Hör başına dolandığım!

Hüseyndən aldın canını,
Apardın din, imanını.
Əsirgəmə müjganını,
Vur, başına dolandığım!

3. Aşıq Kamandar
Zəngəzur mahalının məşhur aşığı olan Kamandar özündə həm klassik, həm də müasir aşıq sənətinin elementlərini birləşdirən yaradıcılığı ilə seçilir. Onun əsərləri dərin romantizm və ictimai-siyasi tənqidlə doludur.

Aşıq Sənətinin Mühafizəsi

Qərbi Azərbaycan aşıqlarının əsərləri və sənəti, həm Azərbaycan ədəbiyyatında, həm də ümumilikdə Türk dünyasında dərin izlər buraxmışdır. Bu sənətin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün müxtəlif tədbirlər və layihələr həyata keçirilir. Aşıq sənəti yalnız keçmişin deyil, həm də bugünkü Azərbaycan mədəniyyətinin bir parçası olaraq, daim inkişaf edir və dəyişir.
 Aşıq ədəbiyyatı və Qərbi Azərbaycanlı aşıqların yaradıcılığı Azərbaycan xalqının ruhunu, tarixi yaddaşını və mənəvi dünyasını yaşadan möhtəşəm bir irsdir. Bu sənət növü xalqımızın keçmişindən gələcəyə uzanan bir körpü kimi daim yenilənən və təzələnən bir sənət olaraq qalacaq.

“Ədəbiyyat və incəsənət”
(04.09.2024)

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Bura dünyanın məhvəri, Nuhun qədəm basdığı, hər küçəsi, hər tini tarix qoxan şəhərdir. 

Əsrlər boyunca keçilməz qala rolunu oynayan, təbii və memarlıq üslubu ilə gözoxşayan, bir çox fərqli mədəniyyətləri və ünsürləri birləşdirən məkandır. Bu şəhər daşlara hopub, kövrəkliyini qapı başında gizlədən naxışlar səltənətidir. Bu şəhər, şübhəsiz ki, Möminə xatına “qucaq”, Yusif  Küseyr oğluna “əbədi beşik”, Nəimiyə “hüruf”, Mirzə Cəlilə “məktəb”, Ordubadiyə “qələm”, Cavidə “ev” olan qədim türk diyarı Naxçıvandır. 

Mahiyyətin necə dərinməzmunlu, əzəmətin necə  əsrarəngiz və ecazkardır. Sən könülləri oxşadığın kimi ziyarətinə gələnlərə də məsudluq və məmnunluq bəxş edirsən. Görüşünə gələnlərin qəlbinə sirayət edir, gözlərində ucaldıqca ucalır, gözəlliyinlə hər kəsi heyran edirsən. Sən təkcə şəhər deyil, alimlərinin biliklərini əks etdirən qiymətli sənət əsəri, elmlə sənət arasında körpüsən.

İnsanın yaşadığı yerlə bu güclü bağı qırmaq, demək olar ki, mümkünsüzdür. İlk dəfə dünyaya göz açdığımız ev, küçə, şəhər həmişə xəyallarımızda kiçik bir xatirədən asılaraq təsəvvürümüzdə qalıcı izlər buraxır. Şəxsiyyətimizin, xarakterimizin formalaşmasında aldığımız tərbiyə və təhsil qədər udduğumuz hava, qədəm basdığımız torpağın da dəyəri əvəzsizdir. 

Naxçıvan bir dost, bir sevgili olduğunu hiss etdiyimiz, hər şeyin insanlarla gözəlləşəcəyini düşünüb insanları ilə sevilən şəhərdir. Bu məğlubedilməz qədim şəhərə ayna tutub, əzəmətini gələcək nəsillərin yaddaşına, qəlbinə və ruhuna əbədi köçürmək hər bir qələm əhlinin arzusudur. Sanki rəssam bahar fırçasını göy qurşağına batırıb, bu torpağın hər dağına, hər daşına sarı bülbüllər, qırmızı güllər çəkərək lalənin yanağına şəbnəm qondurub. Bu şəhərdə arılar ləçək üstə bal şehinə bənzəyir. Bura türkün diyarıdır.

Cənab Prezident demişkən: “Bizim qarşımızda üfüqlər açıqdır. Necə ki Naxçıvanın səması həmişə açıq-aydın olur, – burada heç vaxt nə tüstü, nə buludlar olur, Naxçıvanın səması həmişə çox təbii rəngdə, çox açıq olur, – eləcə də Azərbaycanın gələcəyi açıqdır, aydındır və biz bu gələcəyə doğru gedirik”.

Bir çox peyğəmbərin məskəninin Naxçıvan olduğunu deyən professor Marti Martincito Fillips “Allah yurdu Naxçıvan” məqaləsində qeyd edirdi ki, Böyük İpək Yolunun məhz Naxçıvandan keçməsi, Ordubadda ipəkçilik ənənəsinin formalaşması tarixin yaddaş salnaməsinə çevrilmiş, heç kimin və heç nəyin real tarixi gerçəkliyi inkar edə bilməyəcəyi bir məntiqi həqiqəti üzə çıxarıb. Yer kürəsinin bu balaca məkanını özünə vətən seçən Nuh Peyğəmbər bu seçimin Allah əmri olduğunu bildirmişdir. Bu torpağın hər qarışı, hər daşı Nuh əlamətlərini bu gün də qoruyub saxlayır. Çünki bu gerçəklik buranın qədim tarixində, dağlarında, gündəlik yaşam tərzində özünü dönə-dönə isbat edir. Başqa cür olsa idi, Nuh Peyğəmbər dünya mədəniyyətinə və dünyanın tarixinə Nuh möhürünü Naxçıvanda vurmazdı. Hər fəsil dəyişdikcə, duman gəldikcə, külək əsdikcə Naxçıvan daha da yeniləşir, həyat simfoniyasının çalarlılığı olan Haçadağla həzin yuxuya gedərək Gəmiqaya ilə şaxə qalxır. Nəhəcirlə zaman süzgəcindən keçərək Arpaçayla axıb Arazın göz yaşlarını yuyur. Bu şəhərə uzaqdan baxanda Allah tərəfindən çəkilən təbiət mənzərəsi hesab etdiyimiz dağlar bizə istehkamı xatırladır. Bu istehkamların qoynunda tarixin ən sirli-sehirli möcüzəsi olan Əshabi-kəhf  kök salıb. Burada kəsilən qurbanlar Tanrıya sevgi, yaşadıqları torpağa əbədi məhəbbət və müqəddəslik rəmzi kimi başa düşülür. Dünyanın yaranışından, demək olar ki, Naxçıvanda təbii dağıdıcı hadisələrin olmamasıda bu şəhərin əsrarəngiz sehrindən xəbər verir. Buna görə də Naxçıvan tarixi dünya tarixinin müqəddəslik və paklıq rəmzidir ki, Naxçıvanı Allah qoruyur. 

XVII əsrdə yaşamış Məhəmməd Mufid Mustafi Naxçıvandakı kəhrizlərdən bəhs edərək deyirdi ki, bu sular aydınlıqdır, safdır, müqəddəsdir. 

Bu torpaq Möminə xatın kimi abidənin müəllifi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin, Anadoluda Mövlanaya həkimlik edən Əkmələddin Naxçıvaninin, görkəmli filosof Baba Nemətullah Naxçıvaninin, Naxçıvanda ilk məktəb açan Məhəmməd Tağı Sidqinin, dünyaca məşhur kimyaçı alim Yusif Məmmədəliyevin vətənidir. Bu torpaq “Molla Nəsrəddin”in yaradıcısı məşhur yazıçı Cəlil Məmmədquluzadənin, “Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən dahi dramaturq Hüseyn Cavidin, tənqidçi alim Əziz Şərifin, ömrünün baharında həyata gözlərini əbədi yuman realist rəssam Bəhruz Kəngərlinin vətənidir. Bu torpaq qoynuna bomba bağlayan şəhid analarının, cəbhədən nişanlı yolu gözləyən xınalı qızların, saçı ömrünün gəncliyində ağarmış hərbçi xanımlarının və onların bir ömür sevə-sevə andığı həmin qəhrəmanların vətənidir. Və nəhayət, bu torpaq müstəqil Azərbaycan Respublikasının memarı, qurucusu, öndəri, görkəmli dövlət xadimi, dünya miqyasında tanınmış siyasətçi Ulu Öndər Heydər Əliyev kimi bir dahinin vətənidir. Ümummilli Lider Naxçıvanlılarla görüşdə deyirdi: “Mən istərdim ki, burada Sizinlə daim yaşayım. Ancaq həyat buna imkan vermədi. Mən getdim, amma ürəyim buradadır”. İllərin bu əvəzsiz yadigarı olan sözlərə insan qəlbən, nəvaziş dolu səcdələr bəxş edir. 

Bu şəhərin məğrur duruşundakı naxışlar sanki həzin musiqinin harmoniyasını təşkil edir. Bəlkə də, bu duruş illərin yığılıb qalmış muğamı, şuru, zəfər cəngidir. Əslində, sən elə musiqinin özüsən. Səmt qatarında uyuyan həzin, kövrək musiqi. Bəlkə, musiqidən də ehtişamlısan. Musiqi bir an da olsa, susur, uyuyur, itir, batır. Sənsə Günəş ziyasından qidalanıb günü-gündən gözəlləşir, ayı seyr etdikcə gecəmizə gündüz olursan. Ətrafa səpələdiyin bu təvazökarlıq közərən qövsi-qüzeh kimi cilvələnərək tarixin dolanbac  yollarına nur çiləyir. Sənə sığınanlara sirli-sehirli dünyanın möcüzəsi, gözyaşını ovcuna tökənlərə bitib-tükənməyən eşq hekayəsi, sirrini verənlərə sirdaş olmusan. Sevənlər xısın-xısın bir-birinə səni pıçıldayır.

Cavid əfəndi! Sən bir əsr əvvəl etdiyin duanın qəbul olmasının bəxtiyarlığını yaşatdın bizə. Türkiyə Cümhuriyyətinin Prezidenti, turançılıq sevdası ilə alışıb yanan Rəcəb Tayyib Ərdoğan tərəfindən uyuduğun Naxçıvan torpağında öz şeirinlə yad edildin. Bəlkə də, o şeiri sən hiss etdin deyə səsləndirdi:

        Hər bəladan əsirgə yurdumuzu,

        Kamran eylə şanlı ordumuzu.

Bu gün Azərbaycanın naxışlar səltənəti, əsrarəngsiz, valehedici şəhəri, şübhəsiz ki, Naxçıvandır. Eşqi, insanlığı, qonaqpərvərliyi, təvazökarlığı dadanlar barmaq uclarında bu şəhərə  üz tutur, sevgini doya-doya yaşayırlar. Hər bir Naxçıvansevər bu şəhərə üz tutanda özünü Ya Möminə xatın türbəsinin, ya da bütün acılarını sarıb, həsrətlə bir-birini qucaqlayan Cavidlər ailəsinin uyuduğu məqbərənin qarşısında tapır. Gələnlər məmnunluq gedənlər bir daha gəlməyin arzusu ilə yanıb tutuşur bu şəhərə. Sən necə ehtişamlı, necə füsunkarsan mahiyyəti əsrarəngiz və ecazkar naxışlar səltənəti, Naxçıvan.

Möminə xatın türbəsini, 

Haçadağın zirvəsini,

Arazı narazı görmək,

Dalğasında yazı görmək.

Ürəyindən keçsə əgər, 

Naxçıvana eylə səfər.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Çiçək Mahmudqızının  şeirləri təqdim edilir. 

 

 

Sonuncu dərvişə...

 

Yenə nə oxursan, havalı dərviş,

Oynaya-oynaya közlərin üstə.

İlahi sevdalar qoxur nəfəsin,

Bəzəkli-düzəkli sözlərin üstə.

 

Eşqin xirqəsini geyib əyninə,

Bu nə sevda ola, dolub beyninə?!

Yerləri-göyləri alıb çiyninə,

Hara uçunursan dizlərin üstə?!

 

Behin-bazarın yox dünya heçində,

Baş alıb gedirsən durna köçündə,

O nədir oynayır ovcun içində,

Öpüb oxşayırsan gözlərin üstə?..

 

Doğrumu gəlmişəm bu səsə, Ya Hu?

Mən sevən qumrular oxumur, axı...

İtən itiyimin sonuncu ahı

Yoxsa, Cicək açıb izlərin üstə?!.

 

Gözün aydın...

 

Bu sevda havalı dəli ozandı,

Nəyi itirmişdi, nəyi qazandı?

Çölüm çiçək açdı, içim xəzandı,

Düşdü aramıza qış, gözün aydın.

 

Daha könlüm - çiçək, ürəyim - arı,

Neyləyəcək mənə bu dağın qarı?!

Süzüb badələrə ayrılıqları

Mey bilib eylədim nuş, gözün aydın.

 

Bir ömür yaşadım dünya heçində,

Bihudə dolandım səhra köçündə,

Xəyallarım gedir durna köçündə,

Olub bir köçəri quş, gözün aydın...

 

Leyli pərvanələr oduma gəlmir,

Küskün xatirələr dadıma gəlmir,

Adın, rəngin, ətrin yadıma gəlmir,

Qalmayıb başımda huş, gözün aydın...

 

Görməmişdin axı, məni...

 

Görməmişdin axı, məni,

Necə sevdin, ahu, məni?

Bu dünyanın ahı məni -

Demədinmi tutar sənsiz?!

 

Demədinmi diləklərin,

Qanadında mələklərin,

Enib görər çiçəklərin,

Daşlar altda yatar sənsiz?!

 

Ac ruhuma balıydınmı,

Lalə bağra xalıydınmı?!

Heç halımdan halıydınmı,

Halım necə betər sənsiz?!

 

Qönçə üzüm gün görməmiş,

Şeh-şeh öpdün, gün görməmiş,

Heç demədin güngörməmiş,

Başın nəynən qatar sənsiz?!

 

Sevməkdisə, günahlarım

Gül könlümdə - gül ahlarım,

Harda olsan bil, ahlarım

Səni bir gün tutar, mənsiz.

 

Bənövşə yaşlar

 

Kipriklər altında büküb boynunu,

Quzey gözlərimdə bənövşə yaşlar.

Qönçə yanağımdan şeh-şeh süzülür

Bu payız könlümə yağan yağışlar.

 

Küləklər vidamdı son yarpaqlara,

Deyəsən, düşəcək son ümidim də...

Tumurcuq içində bükülü qaldı

Sevdalı çiçəyim - yaz ümidində...

 

Yarıb qayaları, çapıb daşları

Bir dərdim yol gəlir dəvə belində.

Mənim nisgilimin dilimi var ki?

Oxudur daşları kəklik dilində...

 

Son ümid, son yarpaq - bənövşə yaşlar,

Quzey gözlərimdən süzüləcəkdir.

Mənim həsrətimin bənövşə dərdi

Qayalar dibində düzüləcəkdir.

 

Xəzana dönməsə, sonuncu yarpaq,

Bənövşə ümidlər göyərəcəkdir.

Yenə çiçəklərin sevda qoxusu

Quzey könülləri bürüyəcəkdir...

 

Hardasan, könül yiyəsi?!

 

Ulduzlar sökülüb gəlir,

Buludlar bükülüb gəlir,

Ah olub, tökülüb gəlir,

Lələk-lələk durna səsi,

Hardasan, könül yiyəsi?!

 

Dan yerində can sıxılır,

Nar ürəkdə qan sıxılır,

Hər saat, hər an yıxılır

Tacı-taxtı, bünövrəsi,

Hardasan, könül yiyəsi?!

 

Sevgiyə dön, eşqə boyan,

Məcnun olmaz eşqə doyan.

Bağrımın başını oyan -

Ayrılıq - neştər tiyəsi,

Hardasan, könül yiyəsi?!

 

Ay baharım, çiçək nazım,

Zimistana döndü yazım.

Sinəmin üstündə sazım,

Kərəmin ağlar Lələsi -

Hardasan, könül yiyəsi?!

 

Könlüm nədi - dağ lalası,

Ləçəyində şeh nalası.

Yetim qalan quş balası,

Yurd-yuvasın kim tikəsi?

Hardasan, könül yiyəsi?!

 

Gülüm ləçəklərdə qaldı,

Şirəm pətəklərdə qaldı,

Əlim ətəklərdə qaldı,

İsmarıcım var, deyəsi -

Hardasan, könül yiyəsi?!

 

Darıxdım

 

Dərdlərimdən can qurtara bilmirəm,

Şirin-şirin gülmək üçün darıxdım.

Sənsiz keçən bu günü də ölmədim,

Ay üzünü görmək üçün darıxdım.

 

Dağa qalsın  öz çiskini, öz çəni,

Aya verdim bu nisgilli gecəni.

Könüldaşım, hər könlümdən keçəni

Sənin ilə bölmək üçün darıxdım.

 

Ruhum kimi Ay qərq olub qəhərə,

Ülkər arzum axıb-çıxmır səhərə.

Pıçıltıyla "can-can" deyib min kərə,

Sinən üstə ölmək üçün darıxdım.

 

Könlümün

 

Bəndi, bərəsimi vardı könlümün?!

Amanat  yuvaydı, dağıldı getdi.

Neynirsən, axtarıb gidi dünyanı?!

Bu qız da bir yuxu, nağıldı, getdi.

 

Səhranın ortası kimsiz-kimsəsiz,

Küləklər külümü sovurasıydı.

Bilirdim, bu sevda məni nə vaxtsa,

Tapıb diri-diri qovurasıydı.

 

Mənim də kəbinim dərdnən kəsilib,

Şükür ki, getməyə dərdim-sərim var.

Bağlama üzümə könül qapını,

Mənim o könüldə məzar  yerim var...

 

Allah eşqinə...

 

Tər qönçədə çiçək idim,

Açıldım sabah eşqinə,

Nə biləydim ətrim-rəngim,

Yazılır günah eşqinə.

 

Gəzdin məni yerdə, göydə,

Nə neydəydim, nə də meydə,

Könül adlı qəmli neydə

Oxurdum, bir ah eşqinə.

 

Sükutundan keçirmədin,

Bal sevdanı içirmədin,

Sən könlünə köçürmədin,

Mən öldüm, Allah eşqinə...

 

Getdi...

 

Xəbərin oldumu, ey dili-qafil,

Başına pərvanən dolandı, getdi?

Gecəni sübhəcən sənin qapında

Yandı şam ömrünə, qalandı, getdi.

 

Döndü ağ yolların qara daşına,

Bir sultan mülkünün qaravaşına

Min ümid qırıldı qəm savaşına,

Bir ürək qanına bulandı, getdi.

 

Dərdimin dərmanı - dəvalı sevda,

Deyirdin sev, sevil - səfalı sevda,

Bir perikmiş ruhla, havalı sevda,

Gördülər köç yolu talandı, getdi.

 

Deyirlər, yaz gəlir - həyat olacaq,

Qoxla Çiçəyini,  bir gün solacaq,

Onsuz da, bu sevda boyat olacaq,

Gördü nimdaş dünya yalandı, getdi...   

 

İçimdə çiçək bitir...

 

İçimdə ağlayan var

Gecənin lal səsində.

Allah, kimdi hönkürən-

Ruhumun kölgəsində?

 

Əlim əlinə yetmir,

Uçuram, çatammıram,

Hər yerdən səsi gəlir,

Heç yerdə tapammıram.

 

Beləmi olur görən,

Aşiqlərin eşq səsi?

İtiyini axtaran -

Anadilin nəğməsi?!

 

Azıb qalmışam, Allah,

Məni bu səsdən ötür.

Göz yaşını gül eylə -

İçimdə Çiçək bitir...

 

Mən sevən dünya

 

Daha mən sevən dünya

İlmə-ilmə sökülür.

Gül açdığım budaqlar

Yarpaq-yarpaq tökülür.

 

Daha doğmur ulduzlar

Gecələrin ahından.

Oxumur qumru quşlar

Ahların günahından.

 

Gümanların əlində

Sönürəm ağ şam kimi.

Səhər nəyə doğulum

Ölməyə axşam kimi?

Ölməyə axşam kimi...

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Çərşənbə, 04 Sentyabr 2024 17:03

Biz erməni yox, Qərbi Azərbaycanlıyıq! - AKTUAL

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət"

 

1948-dən 1991-ci ilə kimi Azərbaycanlı idik , sonra adımızı erməni qoydular. Axı yurdumuzu əlimizdən aldılar. Xalq yurdunun dağına, çayına, torpağına, daş-qayasına həsrət qaldı. Mənim də ata-babam bu xalqın nümayəndəsiydi . Biz 1988-ci ildə yurdumuzla məcbur sağollaşdıq. Babam dərs dediyi məktəbi geridə qoydu, nənəm qurduğu yuvasını, atam da göz açdığı evini . Ev qurmaq çətin olur, evi qoyub getmək əzab olur, hələ bu məcbur olursa.. 

Mən ata yurdumu görməmişəm. Amma nənəm-atam təsəvvürümdə doğma yurdu gəzdirib. Hətta bəzən xəritədə də evimizə baxıram. Bu yandan sevinirəm ki, evimiz dağılmayıb. Bir yandan bağımızın quruduğunu görürəm ... 

Elə bu yerdə atamın danışdığı uşaqlıq xatirələrini yada salıram: 

“Eh bala, eh, bir məhsuldar torpağımız var idi ki, gəl görəsən. Nə meyvə desən bağımızda var idi. Bir ətirli armud ağacımız var idi, o ətri bilmərsən. Amma yemək də çətin məsələ idi, baban yeməyə qoymurdu . Biz də yağış-külək yolu gözləyirdik, lap dua da edirdik ki, Ya Allah, yağış-tufan qopar, o dadlı meyvələrdən yeyək. Allah da duamızı eşidirdi. Bir dəfə yaman külək əsdi meyvələri budağından qopardı. Sevincimizdən o tufanda qaçıb yerdəki armudları yedik. Baban da dedi ki, o sizin ruzunuzdu, adam da buna sevinər? "

Biz yurdumuzun həsrətindən Bakıya gələndə “ermənisiz" damğasına tuş gəldik. Tarix bilmək bu yerdə dada çatır. Əvvəl Qərbi Azərbaycanlıyıq deməyə çəkinirdik, heç dostumuz da olmurdu buna görə. Korona virus dövründə sanki insanlar dəyişdi. Geniş pəncərədən görməyə başladılar. Elə bilirsiz hərkəs tarixi bilir? Yox, elə deyil heç. Onlar tarixi bilmirsə, bizim günahımız nədir ki? 

O yurdun tarixini bilən ancaq hörmət və xoş niyyətlə rəftar edir. Bəzi cahillər də “ay daa erməni imişsən ki sən" deyir. Mən artıq baxıb keçirəm. Onlara tarix öyrətmək, daşa ağıl vermək kimidir.

Biz türk əsilli  Azərbaycanlılarıq. Bizim torpağımız düşmən əlindədir deyə bizi ayırmaq nə qədər düzdü? Bəziləri də  “ Parçala, hökmranlıq et" fikrindədir deyəsən. Bizi Azərbaycandan ayırıb nə əldə edirlər görəsən. Hələ yurd insanlarının uğurlarına paxıllıq edənlər də var . Yurdumuzun tanınmış sənətkarları həkimləri, yazarları, müəllimləri, professorları, vəkilləri və daha nələri, nələri var.

Onlar yurdun savadlılarıdır. Öz əziyyəti ilə savadı ilə mövqe qazanmışlarıdır.

Bir də “ Yeraz" sözü arada dolanır. Ay millət, Yeraz yox, Qərbi Azərbaycanlı. Kimsə bizə ad qoyub deyə biz qəbul etməliyik ki? 

Bir mənada da, “yerini azmış" deyirlər, bəyəm tək işğalda bizim yurdumuzdur? Kim özünü belə adlandırmaq istəyər ki? Biz bir gün o torpağa İNŞALLAH ki dönəcəyik. Onda da, deyərlər yerin azmışlar yerin tapdı. 

Bir versiyada da, bizlərə

“Yerli Azərbaycanlı" deyirlər. Bu, paxıllara lap od qoyur. Amma belə də demək olmaz. Onda belə çıxır, qalan xalq yerli deyil. Bu da gülməli çıxır. Bəlkə bizə  “gəlmələr" deyəndə biz yerliyik, siz yersiz deyək? Əşi yox, biz onlar kimi cahil deyilik. Biz kiməsə ad qoyan deyilik. 

Bir versiya da “Yerəvan Azərbaycanlısı" var. Birincisi onu deyim ki, Yerəvan yox İrəvan. Bax Azərbaycan tarixində keçdiyiniz  xanlıqlar dövründə “ İrəvan xanlığı" var ha , onu deyirəm. 

Bu vaxtı belə nəticəyə gələk, Əziz Qərbi Azərbaycanlılar, sizdən o populyar sual soruşulanda ki, “bəs sən haralısan", ürəkdolusu de ki, Vedibasarlıyam, Göyçəliyəm, Ağbabalıyam, Şörəyelliyəm,  Abaranlıyam, Dərələyəzliyəm , Dərəçiçəkliyəm, Zəngəzurluyam, Gərnibasarlıyam, Qırxbulaqlıyam, Zəngibasarlıyam. 

Ay camaat, mən Qərbi Azərbaycanlıyam! 

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Çərşənbə, 04 Sentyabr 2024 16:26

Sevgi… Nifrət… Xəyanət..! - HEKAYƏ

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi


Ərhun dərsdən gəldi. Anası nə qədər xahiş etsə də, O, yeməyini otağında yeyəcəyini bildirdi. Kağız kimi ağarmış üzündə, qütbdə batan günəş kimi sönməkdə olan yaşıl gözlərində nəinki yeməyə, heç yaşamağa da həvəs yox idi. Artıq onun 13 yaşı vardı. Atasının üzünü 2-ci sinifdə oxuyanda görmüşdü. Atası ilə anası böyük sevgi yaşamış, hər cür çətinlik və maneələrə baxmayaraq öz məqsədlərinə çatıb ailə qurmuşdular. Atası dolanışığın çətinliyini görüb xarici ölkəyə işləməyə getmişdi. İlk vaxtlar yaxşı da qazanırdı: hər ay evə pul yollayır, 5-6 aydan bir isə evə gələrdi. Lakin artıq neçə il idi ki, atası evlərinə qayıtmır, ildə bir neçə dəfə zəng edərdi: İşlərinin pis getdiyini, gəlməyə imkan olmadığın söyləyirdi Ərhungilə. Atasının yoxluğunda - bu illər ərzində çox şeylər dəyişmişdi, çox  sıxıntılar çəkmişdilər. Nəhayət, son zamanlar anasının işləri düzəlmişdi. Ofisdə çalışırdı Ərhunun anası. Əvəllər isə qohumların, yaxınların hesabına dolanırdılar, çətin də olsa. 
Anası işə gedəndə Ərhunu dərsə qoyurdu, onu evə gətirməsi üçün isə məktəbdə çalışan qonşularındakı müəllimdən xahiş etmişdi. İşə girəndən sonra anasının Ərhuna diqqəti, qayğısı istər- istəməz azalmışdı. 
Dərsdən gələn Ərhun otağına keçər, öz pəncərəsindən Xəzəri, parkdakı yaşıl ağacları seyr edər, bir gözü isə anasının gəldiyi yola dikilərdi. Onu həyata bağlayan isə hər gün səhər tezdən Xəzərdən günəşin doğmasını seyr etmək və yemlədiyi sərçələr idi. Küçənin o başından anasını görən kimi tez gəlib qapını açar, anası qapıdan girən kimi boynuna sarılar, onu çoxlu öpərdi.
Anasının işə düzəldiyi bir neçə ay olardı. Bu gün də Ərhun anasını gözləyirdi. Binalarının qarşısında xarici maşın saxladı. Anası maşından düşüb, gülər üzlə içəridəkilərə nəsə deyib evə doğru gəldi...
Ərhunun nədənsə gözləri bərəldi, ürəyi əsdi, qılçları qurudu sanki. Hərgünkü kimi qapını açmaq yadından çıxdı. Qapı bir neçə dəfə döyüldükdən sonra birtəhər gəlib qapını açdı. Anasının boynunu qucaqlamaq əvəzinə sual dolu baxışla anasının gözlərinə baxırdı: 
   -Nə olub balam, niyə qapını açmamısan, nə baş verib?
  -Ana o maşın kimin idi, hə? 
  -Hər şey aydındır. Ay mənim qısqanc balam. O bizim şirkətin maşınıdır. Müdirin tapşırığı ilə indən belə məni evə gətirəcək, narahat olma, balam.
Anasına bu cür sual verdiyi üçün, ondan şübhələndiyi üçün həmin gün çox utanmışdı Ərhun.
Ancaq Ərhun yanılmamışdı. Anasını gətirən bu maşının sürücüsü bir müddətdən sonra onların evinə ayaq açdı, onun gəlişi ilə evlərindən hüzur, səmimiyyət, mehribanlıq yoxa çıxdı. Növbəti sualında anası “Məndən nə istəyirsən? Sənin yaxşı geyimin, yeməyin, yaxşı yaşamağın üçün bu qədər zəhmət çəkirəm, söz götürürəm. Sağ olsunlar məni işə götürüblər, minnətdarlığımı bildirmək üçün evə dəvət edirəm, burda nə var ki?
 Atan evdən çıxdığı neçə ildi, nə düz-əməlli zəngi var, nə də ki, evə bir şey göndərməyi, hər dəfə zəng edirəm, telefonu bir rus qadın götürür. Harada olduğunu soruşanda onun evdə olmadığını söyləyir, hər dəfə məni bir bəhanə ilə yola verir. Özü zəng eləyəndə isə qısa olaraq bizim halımızı xəbər alır, vəziyyətin hələ yaxşı olmadığını deyir, bütün suallarımı cavabsız qoyur, hələ utanmadan bizi çox sevdiyini deyir, bütün bunlar boş yalandı. Özü rus qadınlarla kef eləyir, gün keçirir, bizi çox sevsə, yanımızda olardı, qayğımıza qalardı, gedib ora yan verib yıxılmazdı” cavabını verdi. 

Bundan sonra Ərhun danışmağın mənasız olduğunu anladı, daha heç nə ilə maraqlanmadı. Onun üçün heç nəyin əhəmiyyəi yox idi. 
Ən dəhşətli anlar isə anasının işdən qayıtması, yanında açıq-saçıq geyimli rəfiqəsi və bir neçə kişi ilə evə gəlməsi idi. Evdəki sərxoş və mənasız danışıb gülüşmələr, çarpayı cırıltısı, ehtirasın və xəyanətin qatışığı olan qadın səsləri Ərhun üçün əsl cəhənnəm əzabı idi. Onlar evə gələn kimi, o, başını yastığın altında gizlədər, qulaqlarına pambıq tıxayardı, artıq onun qəlbində sabaha olan uşaq ümidləri də ölmüşdü. Bu ev, bu yaşam, bu həyat tərzi ona heç nə kəsb etmirdi. Artıq neçə vaxtdı anasına “Ana”  dediyi, onunla bir stol arxasında oturduğu yadından çıxmışdı, çəkdiyi əzablar, onun ətdən çıxmış arıq sifətində, solmuş gözlərində, susmuş dilində əks olunurdu, dərsdən gələn kimi çəkilər otağına, dərslə başını qatmağa çalışar, anasını otağa gətirdiyi çörəyin çoxunu isə pəncərəsinə qonan sərçələrəə yedizdirərdi, qalan vaxtını isə Xəzəri seyr etməklə keçirərdi.

Bir dəfə yenə anası ilə üz-üzə gəldi, bunun səbəbi isə müəlliməsinin anasına zəngi olmuşdu: Müəllimə ədəbiyyat dərsində şagirdlərə “xəyanət nədir? ” mövzusunda esse yazmağı tapşırmışdı. Ərhunun inşa dəftərində bu sözləri oxumuşdu müəllimə : “Xəyanət böyük sevgidən yaranır. Zamanla nifrətə çevrilr. Bunun nəticəsi isə mənəm. Mən ən böyük xəyanətin meyvəsiyəm...”
   -Bu nə sözdür yazmısan Ərhun? Sən məni öldürmək istəyirsən?
   - Sən niyə atama xəyanət edirsən?
   - Mən xəyanət edirəm təkcə? O mənə artıq neçə ildir xəyanət edir. Bizi burda atıb gedib, halımızdan xəbəri belə yoxdur. Gündə bir qadınla yaşayır. Axı mən də insanam. Ən əsası qadınam, hisslərim var.
    -Onun sənə xəyanət etdiyi dəqiq deyil, fakt budur ki, sən ona da, mənə də xəyanət edirsən! 
    -Dəqiq deyil? Bəs hər dəfə danışdığım o qadınlar kimdir? Bəli hamınız bir bezin qırağısız- kişisiniz.
    -Dözərdin də, səbəbini öyrənərdin, gedərdin dalınca, bəlkə, nəsə problemi var, başı dərddədir.
   -Elə bilirsən getmək istəmədim? Hər dəfə zəng edəndə “dalınca gələcəm” dedim. Nəsə problemin varsa, de, səni and verirəm, öz canıma – soruşdum. Mənə tapşırdı ki, birdən dalınca gələrsən, ondan sonra məndən incimə. Mən onu həyatımın sonuna qədər gözləyərdim. Necə ki, Qarabağ savaşında 5 il yolunu gözlədim. Valideynlərimin bütün təzyiqlərinə qarşı çıxdım. Doğmalarımla düşmən oldum ondan ötrü. Adamın üstə Allah var, o da sözündə düz çıxdı. Gəldi ailə qurduq. Ona həmişə deyirdim. Mənə yalan danışma, xəyanət etmə, sənin üçün hər şey edərəm.”
   -O sənə xəyanət etmişdi? Özünü bu qədər alçaltmayaydın, dərsdə, həyətdə uşaqların mənə “Anan pozğun, fahişədir, sən bizim yanımıza gəlmə, bizimlə oynama” deməyinə şərait yaratmayaydın. Başqa qadınlar kimi başqasıyla ailə quraydın.
  Anası Ərhuna bir şillə vurub “Yetər, yetər! Qarşımda durub başından böyük danışma, mənim üçün hər şey və hər kəs ölüb, mən nə edirəmsə, sənin üçün edirəm. Hətta özümü də səninçün satıram, eşitdin?!”, -dedi. 
  Göz yaşına boğulmuş Ərhun: “Mənim üçün hər şeyi başqa yolla da etmək olardı, əsl ana odur ki, atanın yoxluğunda övlad üçün həm ata, həm ana olsun. Ancaq sən bunu bacarmadın, səndən qəlbim o qədər sınıb ki, sənə nifrət belə edə bilmirəm, başa düşürsən?”
 Bunları deyərək otağına keçdi və bir gün çölə çıxmadı Ərhun. 

 

*

Bu cür yaşamağa davam edirdilər, buna yaşamaq demək olardısa.     
... Çantasını yerə qoyub paltarını soyuna- soyuna pəncərənin qarşısına gəldi, gözlərinə inanmadı, çox dəhşətli bir şey olmuşdu:
 Axşamdan çörəyi xırdalayıb pəncərənin ağzına qoymuşdu. O, həmişə belə edərdi, pəncərəni açıq qoyardı ki, bəslədiyi sərçə gəlib çörək qırıntılarını balalarına daşısın. Ancaq axşam hava soyuq olduğu ücün pəncərəni bağlamışdı. Çörəyi görən sərçə elə bilmişdi ki, yenə pəncərə açıqdır və özünü pəncərəyə çırparaq bərk zədələnmişdi...
Ərhun sərçəni əlinə götürdü, çox pis əzilmişdi. Ərhun ağlayır, nə edəcəyini bilmirdi. Axı onun səhvi ucbatından bir dostu məhv olacaq, bala sərçələr anasız qalacaqdı…
Sərçə son dəfə Ərhunun gözlərinə mehriban və nigaran bir baxışla baxıb canını tapşırdı...
Sanki mehribanca baxışlar Ərhuna minnətdarlıq və bu pislik dolu dünyadan canını qurtarmağın sevinci, nigarancılığı isə bu ədalətsiz dünyada yetim balalarının qalması idi.
Ölmüş sərçəni bağrına basıb, gözləri tavana tikilmiş halda səhərə kimi yatmadı Ərhun.
Tezdən evdən çıxdı...
Səhər yeməyini hazırlayan anası Ərhunu oyatmaq üçün otağa getdi, lakin Ərhun yox idi. Dəli oldu sanki..
Nə edəcəkdi? Hara gedə bilərdi? Yaxınlıqda nə yaxın qohumları, nə də tanışları var idi.
Məhlədə, məktəbdə və küçələrdə Ərhunu çox axtardı, amma gördüm deyən yox idi...
Nəhayət, Ərhunun gündəliyinin arasından tapılan məktub hər şeyə bir az da olsa, aydınlıq gətirdi: “Mənim səhvim ucbatından sevdiyim varlığın birini itirdim. Bu səhvimi heç bir bəhanəylə yoluna qoya bilməzdim. Tək çarəm onunla birgə ikinci dostumun – sirdaşımın yanına getmək idi. Səndən fərqli olaraq mən sevdiyimin ardınca getməyi bacarıram. Etdiyim səhvlərə görə səndən nə qədər niftər etsəm də, sən mənim anamsan və səni çox sevirəm...Məni axtarma.”
Bir müddət sonra Xəzər dənizindən bir uşaq meyiti tapılması xəbəri yayıldı. 
Sxılmış əlində bir sərçə, döş cibində isə valideynlərinin toy şəkli...

 

*

Küçələrdə dəli qadının kimi görürsə, yaxasından tutub “balamı görməmisən? Böyük sevgi, nifrət və xəyanət” -deməsi şəhərdə hamının təəccübünə səbəb olmuşdu...
…Bu hadisədən bir neçə il sonra Moskvada mübahisə nəticəsində bir ermənini öldürərək 14 il həbs cəzası alan bir kişi 8 il sonra   amnistiyaya düşüb vətənə qayıdırdı. Qatardan düşəndə doğma vətəninə qayıtdığı üçün, neçə vaxtdır, telefonla da olsa, səsini eşitmədiyi doğmalarına qovuşacağı üçün çox xoşbəxt idi...

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.