Super User
Komediyamızın "Everest" zirvəsi...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Azərbaycanda aktyorluq peşəsinin ən uca zirvəsinə yüksələ bilən sənətkarlar çox olub. Düşünürəm ki, kino və teatr sənətinin komediya janrında onun fəth etdiyi zirvəyə hələ də heç kim yüksələ bilməyib. Necə deyərlər, o, bu sənətin “Everest”i idi...
Bir başqa aləm idi Yaşar Nuri. Bəzən uşaq kimi kövrəlir, bəzən də sərt olurdu. Hətta adamdan inciyib küsməyi də vardı. Heç vaxt heç kimin haqqına girməzdi və belə insanlara nifrət edirdi. Hikmətli sözləri çox idi. Həmişə aktyorlara deyirdi ki, 50 yaşına qədər adınıza işləyin, 50-dən sonra adınız sizə işləyəcək. Çox siqaret çəkirdi. Tərgitmək istəsə də, özüylə bacarmırdı. Hobbisi də, əyləncəsi də, həyatı da sənəti idi. Obrazları o qədər cani-dildən oynayırdı ki, köynəyini sıxanda su tökülürdü. Səliqəli geyinməyi xoşlayırdı və həmişə də “brend” paltarlar alırdı. Məclislərdə ürəyi açılırdı və özünü rahat hiss edirdi...
Həyatda da baməzə insan idi. O vaxtlar "Kinoklub" adlı veriliş vardı. Bir gün çəkilişə gedərkən, yolda həmkarı Firəngiz Mütəllimova ilə rastlaşır. Haraya getdiyini soruşur. Öyrənir ki, “Kinoklub”da çəkilişə dəvət olunub. “Nə var e, orda, nəyə gedirsən?”- deyə sual verir. Firəngiz xanım cavabında- “Niyə də getməyim, 80 manat pul verirlər.”- söyləyir. “Mən sənə 100 manat verirəm, getmə.” Razılaşırlar. Firəngiz xanım 100 manatı götürüb, evə qayıdır. Sən demə, onu yola salandan sonra özü həmin çəkilişə gedib, iştirak edir. Bunu bilən Firəngiz xanım ondan soruşur ki, niyə özün getdin, məni qoymadın? “Getdim ki, görüm, məni aldadıb, ora gəlməmisən ki?..”
Yaşar Nuri həm də böyük bir məktəb idi, obrazla yaşamağı bacarırdı. "Səni axtarıram" tamaşasının çəkilişi zamanı tərəf müqabili ağlamalıydı. Orada bir yer var, Elçin (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) saçını oxşayıb deyir: "Sən yaxşı qıszan, Gülnar". Rejissor nə illah eləyirsə, Gülnar ona baxıb ağlaya bilmir. Bir də onda görürlər ki, Yaşarın gözlərindən yaş axır. Gülnarın əvəzinə Elçin ağlayır...
Möhtəşəm aktyorluq istedadıyla bərabər, onun gözəl, şıdrığı rəqs etmək qabiliyyəti də var idi. Ən çox “Qoçəli” rəqsini oynayardı. Bütün toylarda xüsusi olaraq onun üçün ifa edib, onu rəqsə dəvət edərdilər…
Yaşar Nuri yalnız sənəti ilə deyil, savadı ilə də fərqlənirdi. Peşəkar jurnalistlər ondan müsahibə götürəndə çalışırdılar ki, istədikləri cavabları alsınlar, çətin suallar verirdilər ki, bəlkə çaşıb nəyisə deyər. Amma o, sualları elə ustalıqla cavablandırırdı ki, heyran qalmamaq mümkün deyildi. Çox güclü yaddaşı var idi, sanki canlı arxiv idi...
Ömür-gün yoldaşı Rəhimə xanım deyir ki,- “Uzun sürən xəstəliyinə baxmayaraq, fikri-zikri səhnədəydi. Ömrünün son günlərində çox böyük bir arzusunu dilə gətirdi. Dedi ki, “Rəhimə, elə istəyirəm ki, səhnədə tək çıxış edim, monoloq söyləyim. Amma bilmirəm əlil arabasında səhnəyə çıxmağım düzgün olarmı?””
Yaşasaydı 3 gün öncə - sentyabrın 3-də 73 yaşı tamam olacaqdı. Heyf ki, milli komediyamızın “Everest”i bu gün aramızda yoxdur. Amma nə qəm, nə qədər ki, Azərbaycan var, Yaşar Nurinin əziz xatirəsi ehtiramla yad olunacaq...
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.09.2024)
HƏTTA! Yatarkən dinlədiyiniz mahnıların beyninizə zərərləri var
Könül, “Ədəbiyyat və incəsənət”
Musiqi dinləməklə daha rahat yata biləcəyinizi düşünürsünüzsə, yanılırsınız. Bunu “Ədəbiyyat və incəsənət” portal bütün məsuliyyəti ilə deyir. “Psychological Science” jurnalında dərc olunan yeni araşdırmaya görə, yatarkən dinlədiyiniz mahnılar beyninizi “yaddaşına ilişir” və yuxunun keyfiyyəti kəskin şəkildə aşağı düşür. İnsan beyninin dincəldiyi bir an olmur. Müasir həyatın streslərinə müqavimət göstərmək, yorğun zehnimizi və bədənimizi dincəltmək üçün yatmalıyıq. Çox zaman bunun üçün yalnız bir yoldan istifadə edirik, musiqi dinləyirik.
Yatmaq üçün hazırlanmış mahnı siyahısını açıb telefonu yatağınıza qoymaq əslində yalnız stresli fikirlərdən uzaqlaşmağa, qaçmağa imkan verir. igər tərəfdən, beyniniz dinlədiyiniz musiqini emal etməyə və onu beyninizə həkk etməyə başlayır. Bir sözlə, sizi rahatlaşdırdığını düşündüyünüz bu davranış zamanı beyniniz daha çox yorulur və yuxu keyfiyyətiniz azalır.
ABŞ-ın Texas ştatındakı Baylor Universitetinin Yuxu Laboratoriyasında aparılan araşdırmada orta yaş həddi 35,9 olan, yəni Y nəslinin nümayəndəsi olan 199 nəfər iştirak edib. Onlar təcrübələri əsasında anket doldururlar. Yatarkən məşhur mahnıları dinləyən bu iştirakçıların 33 faizi ecə və ya səhər oyanarkən dinlədikləri mahnıların dillərində dolaşmış (qulaq qurdu) olduğunu bildiriblər. Gündəlik həyatda digərlərinə nisbətən daha çox musiqi dinləyən iştirakçıların daha çox “qulaq qurdu” yaşadıqları və yuxu keyfiyyətinin aşağı olduğu da ifadə edilir.
İkinci mərhələdə bu dəfə orta yaş həddi 21,2 olan, yəni Z nəslinin üzvü olan 50 iştirakçı laboratoriya şəraitində müşahidə edilib. 3 məşhur mahnının qeyri-verbal, yəni instrumental variantı səsləndirilib. Bu arada, bütün subyektlərin qan oksigen səviyyələri, beyin dalğaları, tənəffüs formaları, ürək döyüntüləri, gecə boyu göz və bədən hərəkətləri izlənilib. Lakin nəticə daha da pis olub. Onların daha gec yuxuya getdiyi və yuxunun səmərəliliyi və keyfiyyətinin aşağı düşdüyü aşkar edilib.
Tədqiqatın aparıcı müəllifi, psixoloq Maykl K. Skullin bildirib ki, vəziyyət populyar musiqi sənayesində “təkrarlanan melodiyalar və cazibədar mahnılar” istehsal etmək meyli ilə bağlıdır. Çünki bu tip melodiyalar zehnində asanlıqla yer tapır. Daha çox belə mahnılara qulaq asan insanların yuxu keyfiyyəti daha çox düşə bilir.
Qısası, yatmamışdan əvvəl hər yerdə eşidilən məşhur və tanış mahnıları dinləmək beynimizin işləməsinə və yuxu keyfiyyətimizin azalmasına səbəb olur.
“Ədəbiyyat və incəsənət”
(06.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Quzu ətindən döymə lülə
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Quzu ətindən döymə lülənin
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Quzu əti – 237 qr
§ Quyruq – 20 qr
§ Soğan – 17 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ soğan – 20 qr, göyərti – 10 qr, sumaq – 5 qr
HAZIRLANMASI
Quzu əti və quyruq doğranır, duz, istiot vurularaq kötüyün üstündə qiyməkeşlə döyülür. Sonra xırda doğranmış baş soğan əlavə edilir və bir yer- də döyülür. Qiymə şəklində olduqda yaxşıca qarışdırılır, yenidən əllə dö- yülür. Özünü tutması üçün sərin yer- də saxlanılır. Manqal hazırlanır. Köz olduqda hər şişə 200 qr döymə qiymə yığılır, 2 və ya 4 yerə bölünür, közün üzərinə qoyulur. Bir neçə dəfə çevrilir, içi bişdikdən sonra manqaldan götürülür. Boşqaba lavaş qoyulur, üzərinə lülələr yığılır və ya lülələr lavaşa bükülür. Yanında doğranmış soğan, göyərti qarışığı qoyulur, üzərinə su- maq səpilir və süfrəyə verilir. Bişmə müddəti 12-15 dəqiqədir.
“Ədəbiyyat və incəsənət”
(06.09.2024)
“Sonradan şair...” - Qəşəm İsabəylinin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Qəşəm İsabəylinin hekayəsi təqdim edilir.
Fasiləyə yaxın otağımın qapısı bərk-bərk döyüldü.
Mən "buyurun" deyincə, ətli bir şey girdi içədi. Baxdım ki, burundu. Dalıyca daz... gördüm - başdı. Sonra da iri sağanaqlı nimdaş eynək, suya düşüb islanmış pambıq parça kimi qırış-qırış olmuş boz sifət, dalıyca şən əhval-ruhiyyə... - ha-ha-ha-la başlayan şaqqıltı-qaqqıltı...
Əlüstü tanıdım. Anamın uzaq qohumlarından idi. 23 il əvvəl gördüyüm ətli-canlı kişidən bostan oyuğu boyda bir şey qalmışdı. Amma gülüşü həmən-həmənkiydi. Düzdü, tələbəlik vaxtımda məni sayıb eləməzdi. Demirəm ki, başımı tumarlayıb, cibimə pul qoyaydı, quru dillə dindirməyə nə vardı?! Keçmişdə özünü dartmağından acığım gəlsə də, indi o hərəkətimi özümə əskiklik bildim. Dik qalxdım yerimdən:
- Xoş gəlmisiniz! - Qabağına yeridim.
Hələ də şaqqıldayıb-qaqqıldayırdı. Axır ki, sakit oldu. Stulu çəkib, əlimlə "əyləşin" işarəsi verdim. Şappadan özünü çırpdı stulun oturacağına. Qoltuğundakı qovluğu atdı stolun üstünə:
- Təqaüdə çıxandan sonra gördüm bərk darıxıram. Cavan deyildim, birini alım caynağıma, gün keçirdim. Gün onsuz da özü-özünə keçirdi. Neyləyim-neyləyim... dedim, faydalı işlə məşğul olsam yaxşıdı. Nə?! Fikir məni götürdü. Bir gecə qapının cırıltısına başımı çevirdim - üzü nurlu bir kişi otağa girdi. Sağa-sola diqqətlə baxıb, gəlib dayandı yanımda:
- Neyləyirsən?
- Darıxıram.
- Niyə darıxırsan?
- Təkəm.
- Niyə təksən?!
- Allah da təkdi, - dedim.
- Allah yaradandı, onun cütlüyə ehtiyacı yoxdu.
- Neyləyim?!
- Allaha oxşa!
- Nəüzibillah - Allah göstərməsin!
- Niyə?!
- Mən kiməm ki, Allaha oxşayım?!
- Yaradan ol!
Mat-mat üzünə baxdığımı görüb, gülümsədi:
- Allah ilkin olaraq nəyi yaradıb?
- Ağlım o yerəcən işləməz.
- Sözü!
- Sööözüüü?!
Səksənib yuxudan oyandım. Bu nə idi görürdüm, İlahi?! Birdən kitablarda oxuduqlarım yadıma düşdü. Axı Allah "Ol!" deməklə yeri-göyü xəlq eləmişdi. Deməli, Allahın ilk yaratdığı söz olub. Üzü nurlu kişi də məni yazmağa dəvət eləyir. Elə o günü gedib Vahidin "Qəzəllər" kitabını aldım. Ömürboyu rəqəmlərlə gizlən-paç oynamışdım - mühasib işləmişdim. İndi də başladım sözlə oturub-durmağa. Bir fransız yazıçısı varmış, "10-12 kitabı oxusan, müdrik olarsan", deyibmiş. 10-12 kitaba səbrim çatmazdı. Amma "Qəzəllər"i diqqətlə oxuyub, şeirin qayda-qanununu öyrənməyə başladım. Bir gün də gördüm, dilim-ağzım sevgidən-məhəbbətdən deyir. Vahid olmasam da... - üzümə baxıb, yenidən şaqqıldadı, - hələ ki, Vahid yazandan yazıram. O günü baxıram ki, bir kitablıq qəzəlim var. Durub getdim Bakı Dövlət Universitetinə. Vaxtilə, sizin oxuduğunuz dövrdə BDU-nun "Lenin tərbiyəsi uğrunda" qəzetinin redaktoru olmuş Ağamusa Zeynalovu axtarıb tapdım. Ərkim var, deyə dəftərləri atdım qabağına:
- Necə kitab eləyə bilərəm bunları?
- Mənim yanıma niyə gəlmisən?!
- Demədiiim?!
- Mən naşir deyiləm, naşir sənin qohumundu.
- Qohumum kimdi? - Səni nişan verdi. - Düzü, elə bilirdim rayonda ilişib qalmısan. Atalar deyib, bir balığın başı kəndə, quyruğu şəhərə düşsə, başından quyruğu şərafətli olar. Yaxşı eləyib gəlmisən!
- 1975-in yayından Bakıya köçmüşəm, - dedim. - Necə dolanırsan?
- Təqaüd alıram, ildə bir dəfə də, sağ olsun rektoru, Universitetin xəttiylə sanatoriyaya yollayır məni.
- Nə yaxşı?!
- Atasıyla bir yerdə işləmişdik vaxtilə. O, fəhlə idi, mən mühasib. Amma dostluğumuz tuturdu.
- Kommunal xərclərə çatır təqaüdün?
- Kommunal xərc deyəndə, qaza pul vermirəm.
- Nə münasibətlə?!
- Yaşadığım Ramana qəsəbəsinin yaxınlığında küknar ağacları var, yaxşı da qozaları olur. Yayda yükümü tuturam - kisə-kisə yığıb doldururam dam-daşı. Qozalar, bilirsən, necə yanır ocaqda?! Hətta kabab da bişirirəm hərdən közünə. İstəsən, bir kisə də verərəm sənə. Kömür əvəzinə işlədərsən.
- Çox sağ ol, kababla aram yoxdu.
- Qış uzunu dəmir sobada bu qozalar şaqqaşaq yanıb, istiliyi canıma keçir, səs-küyü də həmsöhbətim olur.
- Tək qalırsan?
- Rayondan gələndən sonra bir bakılı xanımla evlənmişdim.
- Görmüşdüm onu, yaman mehriban idiniz!
- Nədən bilirsən?!
- Bütün universitet sizdən danışırdı - elə qol-qola girib gedirlər, elə bil dünyanın axırıdı, bir də bir-birini görməyəcəklər!
Əlini-əlinə vurub, şaqqıldadı:
- Pah atonnan... gözə gətirdilər bizi!
- Həkim idi gərək ki...
- Bəli.
- Niyə ayrıldınız?!
- Zalım qızı lap sənin Quba nənən kimi sofuydu. O gecə ki, bir yerdə yatırdıq, səhər açılan kimi balışüzünü, mələfəni tullayırdı paltaryuyan maşına. Düz 10 gün məni qoymurdu yanına. Büzüşüb divanda yatırdım Mirzə Cəlilin Usta Zeynalı kimi. Elə bil it dəyibmiş, iyrənirdi məndən. Ayrıldıq. Amma rəhmətə gedəndə son borcumu yerinə yetirdim - getdim yasına.
- Xalamın taxsırı nə idi bəs?
- Əlli ilin də kini olar ürəkdə?!
- Nə mənada?!
- Xalanı boşamışam deyə, intiqamını almaq istəyirsən məndən?!
- Səndən niyə intiqam alıram ki?! Sən şair olmusan, istəyirsən kitabın çıxsın, mən də naşirəm, kitabını çap etməliyəm. Əgər xalamı boşamasaydın, kitabın havayı başa gələcəkdi sənə. İndi ki, gələcəyi görməyib, boşamısan, Məşədi İlyas kişi demişkən, çək cəzandı, olmusan məndən ötrü adi adamların biri. Yəni pulunu alıb, kitabını çap edəcəm. Əslində qazancım olacaq!
- Nə hardan biləydim ki, ömrün belə günləri də varmış!
- "Keçənə güzəşt" deyərlər. Xalamdan danış!
- Vallah, eşitdiyimə görə, xalanın bir xoruzu var, quqqultusundan kəndin o başında oturmaq olmur. - Elə ki, əllidən-yüzdən vurur, başlayır gürcücə oxumağa. Özü mənə danışırdı ki, Gürcüstanda sürgündə olub.
- Danışırdı?! Sənəəə?!
- Bəli.
- Xalamın indiki əri?!
- Bəli.
- Görmüşdün onu bəyəm?
- Bir dəfə Kürdəmirə getmişdim, yeməkxanaya girdim. Stulu çəkib, bir parç pivə, bir boşqab da bozartma sifariş verdim. Əlüstü gətirib qoydular qabağıma. Bir-iki qurtum pivədən içib, bir-iki tikə xörəkdən yemişdim ki, yeməkxananın o tərəfindən əlində yemək boşqabı bir nəfər gəlib icazəsiz-filansız əyləşdi mənimlə üz-üzə. Başladı sorğu-suala. Demə, tanıyıbmış məni. Söhbətimiz təzəcə tutmağa başlamışdı ki, qayıdıb nə desə, yaxşıdı - sənin xəbərin var ki, arvadın indi mənim ocağımın başındadı. Necə çaşdımsa, tikə az qaldı nəfəs yoluma düşsün:
- Nə arvadım?!
- Qocalı qızı!
Elə bil başıma güllə vurdular. Yeməyi yarımçıq, pivəni də üzüsuyuna qoyub, durub çıxdım eşiyə.
- Eşitmişəm bu əhvalatı.
- Hardan?
- Kənddə bizə gələndə danışmışdı.
- Həyasız adamdı.
- Düz danışdığına görə?!
- Bəs o nə söz idi?!
- Başa düşməmisən.
- Nə başa düşməklik var orda?!
- Sənə demək istəyirdi ki, belə gözəl qadın çıxıbmış bəxtinə, ay biçarə, niyə boşadın onu?!
Şair diqqətlə üzümə baxıb, bir xeyli dinmədi.
- Doğrudan, xalamı niyə boşadın, şair?
- Xalan məni boşadı.
- Qoy oturmuşuq.
- Hansı əjdaha kişi qadını boşaya bilər, əgər qadın boşanmaq istəməsə.
- Bura Avropa deyil, Amerika deyil, deyəsən arvadın razılığı olmasa, kişi onu boşaya bilməz.
- Əzizim, istər Avropada olsun, istər Amerikada, istərsə də bizim balaca Azərbaycanda, qadının gücünə güc çatmaz.
- Haqlı danış.
- Niyə?
- Xalamın sənə gücü çatmazdı!
- Yadında saxla ki, kişi arvadını boşayırsa, deməli, günah arvaddadı.
- Xalamın nə günahı?
- Xalan Fironluq eləyirdi.
- Sənin kimi əjdahanın qabağında?!
- Ərə gedincəndi qadınınki. İllah da ki, birini doğdu, daş düşdü kişinin başına!
Dinmədiyimi görüb, sözünü kəsmədi:
- Bir il idi ailə qurmuşduq. Bir qızımız da olmuşdu. Nə dedimsə bir dəfə, xalan mənə bir çımxırmaq çımxırdı... Mat qaldım. Kənd qadını olasan, ərdən çəkinməyəsən, ağlıma sığışdıra bilmirdim. Dedim, bunu qorxuzam gərək. Necə?! Hədələdim: "Elə eləmə ki, səni bu damın altında atıb gedim, ha!"
- Hara gedəcəksən!
- Bakıya!
- Niyə Bakıya?! - soruşdu.
- İşə girib, təzə arvad alacağam!
- Nə danışırsan?!
Sinəmi qabartdım:
- Şübhən var?!
- Həəə?!
Bir az da cəsarətləndim:
- Görərsən!
- Ağladı xalam?!
- Ağladıya bax, ey.
- Bəs?!
- Bir əlini aparıb qoydu güngörməzinin üstünə, bir əlini də uzatdı mənə: "Amanın günüdü getmə... getsən, bunun başı ayaza qalacaq!".
- "Ayaza"?
- Yəni şaxta vuracaq, donacaq!
- İnana bilmərəm!
- Anamın üz qoyduğu torpaq haqqı, düz sözümdü! Mən abırlı dedim, xalan hələ adıyla demişdi.
- Sən neylədin bəs?
- Papağımı qoydum başıma, pencəyimi də çiynimə atıb, çıxdım evdən.
- Xalamın dalından dəydin, bakılı qızıyla ayrıldın... indi də qalmısan tək.
- Xalandan ayrılsam da, sonralar istədim yaxşılıq eləyim ona! Qızımız böyüyən kimi gətirdim yanıma ki, oxutdurum, ərə verim. Heç 3 ay keçməmişdi, bir də gördüm, dalıyca kələ hərlənir. Saldım sıxma-boğmaya, məlum oldu ki, oğlan kənddəndi, bir-birini sevirlər. O günü qızı qovdum evdən!
- Yaxşı iş görməmisən!
- Niyə?
- Axır-əvvəl birinə gedəcəkdi ki, bu yazıq qız!
- Qızın birinci əri oxumaqdı.
- Sonra barışmadın?!
- Düşmənlə barışmaq olar?!
- Övladdan düşmən?!
- 15 il sonra evdə oturmuşdum, gördüm qapım qorxa-qorxa döyülür. Açdım. 3 oğlan uşağı durmuşdu boyun-boyuna. "Kimsiniz?" Dedilər, "sənin nəvələrinik!" "Həəə... gəlmisiniz ki, mən öləndə bu ev sizə qalsın. Rədd olun burdan, köpəy uşağı! Yoxsa, polisi çağıraram, gəlib atanızı yandırar!" O qovan onları da qovdum.
- Tək qalıb, hövüllənmirsən evdə gecələr?
- Niyə hövüllənirəm ki?!
- Qulaq yoldaşın olsaydı, gənə də dərd yarıydı.
- Yaşamaq üçün mənim öz düsturum var.
- O nə düsturdu?
- Gülüş.
- Anlamadım.
- Arvad yox, uşaq yox. Kimin boyuna baxıb fərəh eləyəcəm?! Odur ki, qanım qaralan kimi keçirəm güzgünün qabağına. Elə bilirsən, güzgüyə baxanda özümü görürəm?! Əsla! Fikirləşirəm ki, qohumdu-qonşudu. Əvvəlcə öz-özümə göz vururam. Güzgüdəki "mən" də göz vuran kimi bir şaqqıldayıram, bir qaqqıldayıram...
Sonra da həyətə düşüb, gülə baxıb - gülürəm, ağaca baxıb - gülürəm. O mahnıda deyilir ey... gül bir az... Bax, mən elə oyam. Dünyanın qəmi-qüssəsi mənə qalmayıb ki!
20 ildir şəkil də çəkdirmirəm. Nəyimi göstərəcəm?! Pasport şəklidi, onu da görən yoxdu. - əlini salıb, qovluğun içindən bir foto-şəklini çıxartdı. - Telli-toqqalı günlərimin yadigarıdı. Birini də evdə divardan asmışam. Gündə 100 dəfə salavat çevirib baxıram özümə. Sevinirəm, gülürəm. Ürəyim həvəsə gəlir. "Belə günlərim də olub", deyirəm. Allahın mənə verdiyi ömrü yaşamışam.
Qardaşıma vəsiyyət eləmişəm ki, mən səndən qabaq ölsəm, başdaşıma bu şəklimi vurdurarsan. Qoy görən görsün ki, xoşbəxt olmuşam. Həm də adımın qabağına "şair" yazdırarsan, demişəm. Görənlər fikirləşməsin ki, bu dünyaya gəlib, papağımı günə yandırmışam.
“Ədəbiyyat və incəsənət”
(06.09.2024)
Şəhidlər barədə şeirlər - Ramil Babayev
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Ramil Babayev
Ramil Babayev 1991-ci il dekabrın 12-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. O, ilk təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxcıvanski adına Hərbi Liseyində təhsil alıb. Daha sonra təhsilini Ali Hərbi Akademiyada dava etdirərək oranı bitirib və zabit rütbəsi alıb. İlk xidmətə Goranboy rayonunda başlayıb və xidməti boyunca vətənə layiqli xidmət edib və dəfələrlə komandirləri tərəfindən mükafatlara layiq görülüb. Ailədə üç uşağın ən kiçiyi olan Ramil həmişə yaşadığı rayonda da igid, cəsur, vətənpərvər oğul kimi tanınıb.
Ramil Babayev ailəli idi, onun bir oğul və bir qız övladı var. Yeni doğulan oğlunun anadan olmasından xəbərsiz şəhid oldu. Ailəsi isə yeni doğulan körpəyə şəhid atasının adını qoyub.
Azərbaycan Ordusunun baş leytenantı olan Ramil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Babayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 31-də Kürdəmir rayonunda dəfn olunub.
Otuz ildir bu xalqa,
“Məğlub xalq” deyirdilər.
Hamının düşüncəsin,
Sənin kimi oğullar,
Kökündən dəyişdilər.
Dəyişdilər zamanın,
Geri dönən çarxını,
Götürdülər bu xalqın,
Üzündəki qorxunu.
Azərbaycan xalqının,
İgidlik, qorxmazlığın,
Dünyaya sübut edib,
Torpaqları aldılar,
Yeni bir tarix yazıb,
Şanlı zəfər çaldılar.
Yenə də o millətik,
Yenə də o əsgərik.
Nə qədər ki biz varıq,
Sizləri unutmarıq.
“Ədəbiyyat və incəsənət”
(06.09.2024)
Ordan-burdan silsiləsindən felyeton - YUNUS OĞUZ
“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazar Yunus Oğuzun yeni felyetonunu təqdim edir. Bəs bu dəfə onun hədəfində kimlərdir? Oxuyub görəcəksiniz.
Yadda saxlayın, atanların ən böyük silahı Yalandır. Özü də bu Yalanı elə inamla yanındakına yedizdirməlisən ki, onun söhbətə şəkki-şübhəsi qalmasın. Yalan doğrunun başından elə basmalıdır ki, özü daima üzdə qalsın, axı p...x batmır.
İndi cəmiyyət o qədər yalan danışmağa başlayıb ki, heç düz danışana da inanmırlar. Yalan doğrunun dizini qatlayıb, çökdürüb. O atalar misalı var e, "Yalan ayaq tutaq, yeriməz", hə onu deyirəm, indi yalan ayaq tutub daha yerimir, qaçır. Doğru da diz çökdüyündən heç ayağa dura bilmir, nəinki onun dalınca getmək, çatmaq. Bax, belə cəmiyyətdə yaşayırıq. Ər arvadı aldadır, arvad ərini, uşaqlar da hər ikisini. Çünki körpə gözünü açandan ata-ana uşağı aldatmağa başlayır. Uşaq ağlı kəsən kimi ona deyirlər ki, səni hacıleylək gətirib, ya da kələmin içindən tapmışıq. Bazara bağlı olan valideynlər "səni bazardan almışıq" cümləsini işlədirlər. Uşaq da sevincək buna inanır, yəni aldanır. Əsas odur ki, yalana könüllü inananlar var və bunu normal qəbul edirlər. Cəmiyyət atanlar və atılanlara bölünüb. Qəribəsi də odur ki, bir müddət keçir, atılanlar özləri atanlara çevirilirlər. Beləcə illərin fəsilləri dəyişdiyi kimi bunlar da tez-tez yerlərini dəyişirlər, bununla da cəmiyyətin dinamikliyini saxlayırlar. Bax, lap elə bu yaxınlarda deputatxanaya seçki keçirilməsi üçün təbliğat başladı, nə başladı. Yalanın qiyməti yeddi il bundan öncəsi manatın dəyərdən düşməsinə bənzədi, nə bənzədi. Biri dedi, yol çəkəcəm, o biri dedi, qaz gələcək. O namizəd, bəlkə ürəyində tutub ki, buralarda bir qaz ferması açsam, yaxşı qazanaram, axı gecə-gündüz qabırğasına döşədiyimiz Fransada qazın pörtdənəyi üz yüz avrodur. Bah, qaz vurub, qazan dolduracaq. Xalqa da üç barmağının konfiqurasiyasını göstərəcək. Üçüncüsü deyirdi ki, nə dərdiniz var, mənnikdir. Qapılarım üzünüzə həmişə açıqdır. Belə vədlər o qədər olur ki, (nə bilim pensiya verdirəcəm, uşağını instituta düzəldəcəm və sairə) atılanlar, yəni seciçilər buna gözüyumulu inanırlar, hə burada atılanların işləri başlayır göyərməyə. Atılan, yəni seciçi gəlib durur namizədin yanında, bir-iki selfi çəkdirir, sonra düşür rayonun canına. Əgər namizəd deputatxanaya üzv olarsa, atılanın çiçəyi çırtlayır. Atılandan çevrilir atana. Ona - buna iş düzəltməyə söz verir, amma qiymətini deyir. Ayə, ay camaat, bu namizəd yol, qaz çəkəndir, su verəndir? İndi ən çox daş-başı elə bu sahələrdən qazanırlar. Bunun imkanı vardısa, namizədlikdə nə iti azmışdı? Bəs görmədin, keçən dəfə neçə deputat vəzifənin yaxasından tutub gecə-gündüz yatmadı. Aldığın alan aldı, ala bilməyən isə bu dəfəki seçkiyə qayıtdı, yəni deputatxanaya. Bə, nə bilmişdiniz, deputatlıq tramplindən suya, yəni vəzifəyə kəllə vurmaq kimi bir şeydir. Ta, orasını deyə bilmərəm ki, kimisi suya başı üstə, kimisi ayağı üstə, kimisi də böyrü üstə düşür.
Qoy bir Molla Nəsrəddindən də deyim. Mollanın qarnı quruldaya-quruldaya girir bazara. Aclıqdan başı hərlənir, gözlərinə tor gəlir, amma pulu olmadığından ona heç kim heç nə vermir. Molla hirslənir, deyir ki, gör başınıza nə oyun açacam. Çıxır bir daşın üstünə qışqırır:
-Ey cümlə, filan yerdə ehsan verirlər.
Əhali himə bəndmiş kimi iş-gücünü atıb gedir, molla göstərən ünvana. Molla görür ki, bazar boşaldı. Axırıncı gedəni saxlayıb soruşur ki, hara gedirsən? O da cavab verir ki, ehsana. Molla da fikirləşir ki, bəlkə doğrudan ehsan verirlər, düşür yolun ağına.
Bah, yalan bu boyda olar, e.., özü uydurduğu yalana, özü də inanır.
Hə, indi keçək, müasir yalana oxşayan lətifəyə. Gülməyin, hər lətifənin kökündə bir həqiqət var. Bir bərkgedən vəzifədə olanda o qədər yalan danışırmış ki, elədiyi hərəkətlərə həmişə haqq qazandırırmış. Burda bir yalan, orda bir yalan, bir sözlə, yalanın başı ərşə dayanıbmış. Atana atıb, alana satıb. Yuxarıdan da buna təpinəndə deyirmiş ki, gedib Rəhbərin qəbri önündə özümü yandıracam. Nə isə bunu birtəhər bişim-bişimlə işdən çıxarırlar. Bu da gedib topdağıtmaz varını xırda-xırda xərcləyir. Amma, bir gün hiss edir ki, vaxt-vədə yetişib, vəsiyyət etmək lazımdır. Son anda super bir gediş etmək istəyir. Qohum-əqrabanı başına yığıb, üzünə ölü rəngi verərək vəsiyyət edir:
-Son vəsiyyətimi sizə edirəm. Məni rəhbərimin ayaqları altında basdırın, nə qədər pul lazımdır, "uf demədən" xərcləyin, amma bir şərtim var, yanıma bir kanistr benzin, bir dənə də alışqan qoyun.
Bunun bir baməzə bacanağı varmış. Soruşur:
-A, qıvlasız, kanistri neynirsən?
Eks məmurun dodaqlarının ucu qaçır.
-Əgər rəhbərin ayaqları altında dəfn edilməyimə icazə verməsələr, özümü yandıracam.
Bacanaq yenə atmacasından qalmır:
-Bə, alışqanı neyləyirsən? O qədər yalan danışmısan, atmısan ki, onsuz da cəhənnəmə düşəcəksən, ta orda sənə benzin, alışqan lazım olmayacaq. Bunlarsız da tüstün ərşə dayanacaq.
Eks məmur bacanağının düz gözlərinin içinə ciddi-ciddi baxıb cavab verir:
-Səy-səy danışma, məgər şiələrin cəhənnəmi var? Onlar hamısı cənnətə düşürlər. Mən dediyim kimi vəsiyyətimi həyata keçirin. Bax, özünün uydurduğu yalanlara özü də belə inanırmış.
İndi də keçək cəmiyyətdə baş alıb gedən ənənəvi yalanlara, yaxud atanşiklərə. Bunlar çoxdur, ancaq mən ən məşhurlarını sadalayacam.
1.Mənə filan qədər pul lazımdır, uzağı on günə qaytaracam. - Ta deynən qaytarmayacam da.
2. O gəlinim yox, qızımdır. - Yalan deyir, gəlinindən zindi zəhləsi gedir.
3. Yaxşı olmadı, gərək evə keçəydin. - Ürəyində deyir ki, ə, çıx get də.
4. Qız: Çox yerdən istəyirdilər, özüm getmədim. - Qiymətini qaldırır.
5. Beş dəqiqəyə çatıram. - Hələ evdən, ya da iş yerindən çıxmayıb, yaxud hardasa yeyib içir.
6. Bu yaxşılığını heç vaxt unutmayacağam. - Artıq unudub.
7. Taksi sürdüyümə baxma, iki diplomum var. - Heç attestatı da yoxdur.
8. Sən qardaşsan. - Ay, hay, qardaşa bax.
9. Filan nazirin evində malyar işini mən görmüşəm. - Deməli sən suvaqçı (malyar) deyilsən. Usta körpünün altında dayanıb iş axtarmaz.
10. Sovet dağılanda bankda üç evin pulu batdı. - Heç nəyi yox idi. Sovet vaxtında üç evin pulu bankda olsun, səni də qulaqlayıb aparmasınlar. Kimə deyirsən, ə...
11. O da sənə salam deyir. - Adam salam göndərəni bir ildir görmür.
12. Gedək qonağımız ol. - Nə qonaq, əşi?
13. Qardaşın nə qulluq eləsin? - Cibində bir manat da yoxdur, amma basıb bağlayır.
14. Gərək dünən deyəydin, indi pulum yoxdur. - Mənası odur ki, vermirəm, əkil başımdan.
15. Bir pis xasiyyətim var ki, hamıya inanıram. - Heç kimə inanmır.
16. Səndən söhbət düşmüşdü, səni o qədər təriflədim ki... - Sözsüz.
Ta, yoruldum, arxasını da siz düzüb-qoşun. Elə bilirsiz ki, dünyada atan, atılanlar yoxdur? Ən böyük Atan ABŞ-dir. Bütün dövlətlərə atır. İran, Ermənistan, Rusiya və... öz xalqlarına atırlar.
İndi gördünüz bütün bunların ən böyük silahı Yalandır. Yalansız insanları idarə etmək olmaz! Elə mənim özümü də...
05.09.2024
“Ədəbiyyat və incəsənət”
(06.09.2024)
“Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı audiodiskin təqdimatı olub
Sentyabrın 5-də Azərbaycan Aşıqlar Birliyində (AAB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Birliyin həyata keçirdiyi “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olub.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri açaraq layihənin həyata keçirilməsinin əhəmiyyətindən söz açıb, hazırlanmış audiodiskin aşıq sənətinin tədqiqatçıları və gənc aşıqlar üçün dəyərli bir vəsait olduğunu qeyd edib, Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsinə və təbliğinə bundan sonra da böyük diqqət yetiriləcəyini vurğulayıb. Layihənin həyata keçirilməsində göstərdikləri maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə rəhbərlik etdiyi qurumun adından minnətdarlıq edib.
AAB-ın katibi, layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu qeyd edib ki, layihədə əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra respublikamızın müxtəlif guşələrində məskunlaşmış aşıqlarımızın musiqi repertuarına diqqət yetirilib, onların ifalarından ibarət audiodisk hazırlanıb. Bu zaman Qərbi Azərbaycanda yaradılmış və bu bölgənin aşıq mühitləri ilə bağlı olan havalara, mətn seçimində isə Vətən və vətənpərvərlik, Qərbi Azərbaycandakı yer-yurd yerlərimizlə bağlı şeirlərə üstünlük verilib, Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzər, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi bütün aşıq mühitlərinin əhatə olunmasına xüsusi diqqət yetirilib: “Audiodiskdə 24 müxtəlif aşıq havası yer alıb ki, bunları da əslən Qərbi Azərbaycandan olan Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musaoğlu, Xanlar Xəlilov, İmran Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı, Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmralı Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadlı aşıqlar ifa ediblər”.
Qeyd olunub ki, hazırlanmış audiodisklər əsasən aşıq sənətinin tədris olunduğu universitet və kolleclərə pulsuz olaraq veriləcək ki, bu da sənətə yeni gələn yeniyetmə və gənclərin Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarına daha yaxından bələd olmalarına imkan yaradacaq. Layihədən eləcə də aşıq sənətinin tədqiqatçıları və musiqişünaslar da bəhrələnə biləcəklər.
Moskvada yaşayıb fəaliyyət göstərən professor, əslən Göyçədən olan Şakir Səmədoğlu, ADMİU-nun dosenti, ustad aşıq Altay Məmmədli və Göyçədən olan digər ziyalı Yusif Ağbulaqlı bu layihənin Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsində və bu mühitlərin sənət ənənəsinin qorunub yaşadılmasında müstəsna rol oynayacağını vurğulayıblar.
Sonra aşıqlardan İmran Xəlilov (“Göyçəgülü”), Toğrul Ataxallı (“Qədim Naxçıvanı”), Urmiyadan qonaq gəlmiş Qurban Əliyar (“İrəvan çuxuru”) və onun oğlu Səhənd Əliyar (“Meydan divanisi”), Ləman Mirzəyeva (“Hüseyni”), Xanlar Alqayıt (“Kərəm gözəlləməsi”), Faxfur İsgəndəroğlu (“Köşəbaşı”), Sumqayıt şəhərindəki Bülbül adına 2 saylı Uşaq incəsənət məktəbinin şagirdləri Nuran Məhərrəmov və Röyal Məmmədov (“Dubeyti”) və Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında (“Gəraylı” və “Cumagülü”) müxtəlif aşıq havaları səsləndirlib.
Sonda iştirakçılara “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı audiodisk hədiyyə olunub.
“Ədəbiyyat və incəsənət”
(06.09.2024)
Baytar Maarifin əhvalatı
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Qarabağ bölgəsində folklor janrının bir qolu olan lətifə geniş yayılıb, xüsusən Ağdamın Abdal-Gülablı kəndi öz baməzə, zarafatcıl və hazırcavab adamları ilə həmişə seçilib. İndi sizə nəql edəcəyim əhvalat bəlkə də olmuş əhvalatdır, bəlkə də uydurma. Amma maraqlıdır, oxumağa dəyər.
Deməli, kəndlərin birində Maarif adlı iki həkim var. Biri baytar, digəri pediatrdır.
Bir dəfə uşaq həkiminin yanına xəstə gətirirmişlər, kəndin girəcəyində soruşurlar ki, bəs Maarif həkimin evi hansıdır?
Soruşulan adam da baytar Maarif həkimin evini göstərir.
Xəstə sahibləri qapını döyüb çağırırlar:
-Maarif həkim, ay Maarif həkim.
Həkim hay verir:
-Bəli, buyurun, kimdir?
Deyirlər:
-Həkim, xəstə gətirmişik.
Həkim də dərhal cavablandırır:
-Bala, keçirin içəri, o tut ağacına bağlayın, gəlirəm.
“Ədəbiyyat və incəsənət”
(06.09.2024)
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ötən gün qırğız yazıçısı Beqijon Ahmedovun “Dərviş” kitabının təqdimatında bildirib.
Fondun prezidenti qeyd edib ki, Sentyabrın 23-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Tədbirin təşkilində əsas məqsəd türk xalqlarının mədəniyyətlərini birləşdirməkdən ibarətdir.
“Ədəbiyyat və incəsənət”
(06.09.2024)
ICESCO-nun 5 min dollar mükafat fondu olan peziya müsabiqəsinə necə qoşulmaq olar?
Xəbər verdiyimiz kimi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) bu il “İslam dünyasında mədəniyyət paytaxtları” proqramının bir hissəsi olan üç şəhəri - Azərbaycan Respublikasında Şuşa, habelə Mərakeş Krallığında Marrakeş və Liviya Dövlətində Benqazini əhatə edən “İslam Dünyasında Mədəniyyət Paytaxtları” proqramının bir hissəsi olaraq, “Poeziya şəhərləri” illik mükafatı üçün müsabiqənin başlandığını elan edib.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, müsabiqə təşkilatçıları öz xoşməramlı niyyətlərini poeziyanın inkişafına və islam mədəniyyətinin təşəkkülünə yönəldiblər, ona görə də daha geniş arealda iştirakçıların müsabiqəyə qoşulması onların prioritetidir.
Beləliklə, hər bir kəs müsabiqədə iştitrak edə bilər. Müsabiqədə iştirak edən şeirlər İslam dünyasında mədəniyyət paytaxtı kimi qeyd olunan hər bir şəhərdən üç qalibi seçmək üçün ICESCO-nun ixtisaslaşmış komitəsi və görkəmli şairlər tərəfindən qiymətləndiriləcək.
Təkrar edirik ki, birinci yerin qalibi 2000 ABŞ dolları, ikinci yerin qalibi 1500 ABŞ dolları, üçüncü yerin qalibi isə təşəkkür sertifikatları ilə yanaşı, 1000 ABŞ dolları alacaq.
Bundan başqa, ICESCO müsabiqədə iştirak edən qaliblərin şeirlər toplusunu nəşr etdirəcək.
Mükafat üçün namizədlərin şeirləri klassik ərəb və ya Azərbaycan dilində olmalıdır. Ərəbcə şeir sərbəst və ya qafiyəli poetik ölçüyə, Azərbaycan dilində yazılmış şeir isə tələffüz və ya prosodik ölçüyə uyğun olmalıdır. Şair şeirin mövzusunu təşkil edən dəyərlərdən, estetikadan, tarixdən, coğrafiyadan, şəhərin tarixindən ilham almalıdır.
ICESCO bütün yaş qruplarından olan şairləri 2024-cü il dekabrın 31-dən gec olmayaraq https://icesco.org/9k90 linki vasitəsilə öz təkliflərini göndərməklə müsabiqədə iştirak etməyə dəvət edir.
Bu müsabiqə bir çox şairləri ölməz poeziya toplusu yaratmağa ruhlandıran qədim şeir ənənələri ilə müasir poeziya arasında əlaqəni canlandırmaq və gücləndirmək məqsədi daşıyır. O, həmçinin şəhərlərin tarixini və coğrafiyasını poetik və estetik cəhətdən sənədləşdirmək, şeir vasitəsilə İslam dünyasının mədəniyyət paytaxtlarını tərənnüm edən simvolları və sivilizasiyaları daha geniş məkanda tanıtdırmaq, İslam dünyasındakı poetik korpusu zənginləşdirmək və ədəbiyyata töhfə vermək məqsədi daşıyır.
Əziz şeir xiridarlarımız, buyurun, qoşulun, qalib gəlin!
“Ədəbiyyat və incəsənət”
(06.09.2024)