Super User
Müasir bəstəkarların yaradıcılığında Beyləqan mövzusu - ARAŞDIRMA
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi
Əgər musiqi və ədəbiyyat xəzinəmizə bir nəzər salsaq, orada da Beyləqan mövzusunu görmüş olacağıq. Beyləqana aid yazılan şeirlərin, mahnıların təkcə beyləqanlıların özünə məxsus deyil, həm də ədəbiyyatımızın parlaq nümayəndələri olan Mirvarid Dilbazi (1912–2001), Nəbi Xəzri (1924–2007), Hüseyn Arif (1924–1992), Yusif Nəğməkar və başqaları kimi görkəmli ədiblərimizə də aid olduğunu görəcəyik. Əməksevər beyəqanlılar bütün sahələrdə olduğu kimi, əmək sahəsində də daim irəlidə olmuş, uğur, nailiyyətlər əldə etmişlər. Əməyinə görə fərqlənən insanlar hər zaman qiymətləndirilmişdir. Eyni zamanda onların şəninə şeirlər yazılmış, mahnılar bəstələnmiş, filmlər çəkilmişdir. Araşdırmalarımız zamanı bir neçə mahnı nümunəsinə rast gəldik. Onlardan bir nümunəni diqqətinizə çatdırırıq. İslam Səfərlinin (1923–1974) “Sərdar” şeiri bu qəbildəndir. Qeyd edək ki, həmin şeirə mahnı da bəstələnmişdir.
Gün gülür göy üzündə,
Büsat var Mil düzündə,
“Ağ qızıl” dənizində
Mavi bir yelkən axır.
Nəqərat:
Halal zəhmətinə məhəbbətin var,
Sən ey Mil düzünün Sərdarı Sərdar!
Araşdırmalarımız zamanı şəninə mahnı yazılmış şəxsin Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıqçı, elə “Ağ qızıl”ın vətənindən olan Sərdar İmrəliyev olması məlum olmuşdur. Bu haqda ətaflı məlumatı qəhrəmanın qız övladından öyrəndik. Qeyd edək ki, Sərdar İmrəliyevə aid bioqrafik, qısametrajlı sənədli film də çəkilmişdir. Mahnı haqqında isə daha ətraflı məlumat vermək mümkündür. Musiqisi Nəriman Məmədova (1927–2015), sözləri İslam Səfərliyə aid olan bu mahnını Əhsən Dadaşovun (1924–1976) rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı müşayiət etmişdir. Mahnını müğənni, Azərbaycan Respublikasının Xalq artisti Elmira Rəhimova ifa etmişdir. Ailə üzvlərinin verdiyi məlumata əsasən deyə bilərik ki, mahnı Təranə Vəlizadənin də repertuarında yer almışdır. Musiqi nümunəsi şən, şaqrağ, xoş ab-hava yaradaraq dinləyicini ruhlandırır. 4 dəqiqə 50 saniyə təşkil edən mahnıda muğam parçası da ifa olunmuşdur.
Daha bir musiqi nümunəsi isə “Beyləqanım yaşadı” və ya “Beyləqanım” adlanan mahnıdır. Sözləri əslən Beyləqandan olan Yusif Nəğməkara, musiqisi isə Bəxtiyar Kərimova məxsus olan bu mahnının tarixcəsi haqqında məlumat almaq üçün mətnin müəllifi ilə əlaqə saxladıq. Yusif müəllim mahnının 1985–1989-cu illərdə yazıldığını xüsusilə vurğuladı. Bildiyimiz kimi adı əvvəlcə Jdanov kimi bilinən şəhərin adını dəyişdirələrək əzəli adı ilə Beyləqan adlandırılması həmin illərə təsadüf etmişdir. Bu mövzuda yazılan ilk mahnıdır. “Beyləqanım” mahnısını müğənni, Azərbaycanın əməktar artisti Yaqut Abdullayeva ifa etmişdir. Dövlət simfonik orkestrinin müşayiətilə səsyazma studiyasında yazılan mahnı Azərbaycan radiosunun daimi fondunda saxlanılır. Mahnının notlarını əldə edə bilməsək də səs yazısını dinləyərək özümüz notlaşdırdıq.
Tədqiqatlar zamanı başqa bir mahnı nümunəsinə də rast gəldik. Bu mahnı da “Beyləqan” adlanır. Diyarımız haqqında yazılan mahnının sözləri beyləqanlı Arif Mədətova, musiqisi isə bəstəkar Tahir Əkbərə (1946–2018) məxsusdur. Mahnını xanəndə Cabir Abdullayev ifa etmişdir. Mahnı ilə bağlı ətraflı bilgiləri əldə etmək üçün bəstəkarın ailə üzvləri ilə əlaqə saxladıq. Həyat yoldaşı Aybəniz xanım bəstəkarın bütün əlyazmalarının dövlət fonduna keçirdiyini bildirdiyi üçün istər musiqi nümunəsini, istərsə də notlarını əldə edə bilmədik. Musiqi nümunəsinin müğənnidə olması ehtimalını nəzərə alaraq Cabir Abdullayevə də müraciət etdik, ancaq musiqi nümunəsinin lent yazısının və ya notlarının xanəndədə olmadığını, mahnının az oxunduğunu öyrəndik. Aybəniz xanımın dediyinə əsasən mahnıya Beyləqanda klip də çəkilib. Qeyd edək ki, ekran işində Beyləqanın həm təbiətindən, həm də Beyləqan tərəkəmələrinin həyatından bəhs edilir. Təəssüflər olsun ki, lent yazısını əldə edə bilmədiyimiz üçün not nümunəsini təqdim edə bilmirik.
Beləliklə, bu araşdırmalarımız nəticəsində tarixi şəhərin adının mahnılarda yaşadığının şahidi olduq. Düşünürük ki, belə musiqi nümunələri yalnız adlarını qeyd etdiyimiz mahnılarla kifayətlənməyib, gələcək bəstəkarların yaradıcılığında təkrar yer alacaq mövzulardan olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Elnaz İslamvəndin “Qadın” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Elnaz İslamvəndin şeirlərini təqdim edir.
Elnaz İslamvənd
Təbriz
QADIN
Harada quyulanarsa;
Oyaq gözlərlə baxar qadın!
Üfürər tanrı, gözlərindəki torpağı,
Gömülməz!
Yeddi can var köksündə
Çıxmaz,
Canı can doğurar, bitməz!
Mətbəxdəki duz qabında mumyaya dönər
Tablolarında gül pənbə rəngi görünər
Getməz!
Yaşarmış gözlərində,
Cavanlaşar şəhər.
Süpürər yanağını
Quyulanar, quyulanar.
Doldurar ancaq
Erkəklərin çanağını
Gözlərindən
Göyərçinlər uçar öföqə sarı.
Qartal qanadlarını gizlədərək “dikdabanlarında”
Sərçələri qonaqlamağa çırmalanar dik-dik
Atlanar… Atlanar…
Sığalsızkən saçları
Dördnala çapar əzik-əzik
Yol!
Özündə başlayıb, özündə bitər
İki ayaq yeriyər onda, görməzsən!
İki ayaq uzaqlaşar səndə, bilməzsən!
Sevgi,
Malikanəsidir qadının!
Səsi qapı səsi,
Gülüşü pəncərə
Hazır ol!
İşkilləməsin dodağını qadın!...
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
Aysel Nəsirzadənin sevdiyi şeir Fərqanə Mehdiyevadandır
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə rubrikasının qonağı:
Yüklənmiş beyin-
Beyindən didərgin ağıl.
Gerçək həyat,
Gerisi nağıl- söyləyən Aysel xanım Nəsirzadədir.
-Xoş gördük, Aysel xanım. Ədəbiyyatın- poeziyanın Sizin ruhunuza təsirini şeirlərinizdən duyuruq. Poeziya odunda qızınan qəlbiniz qələminizə də öz təsirini göstərir. Aysel Nəsirzadəyə söyləsək ki, elə bu anın ruhu üçün: “Sevdiyin şeiri gəl mənə söylə”, o bizə hansı şeiri söyləyər?
-Dəvətə görə çox təşəkkür edirəm, əziz Ülviyyə xanım. Bir xanım olaraq bu rubirkaya məni dəvət etməklə əslində bir qadın yazarın digər qadın yazara dəstəyini nümayiş etdirmiş olursunuz. Çox təşəkkür edirəm sizə. Mən də istəyərdim fürsətdən istifadə edib söyləyəcəyim şeirlə həmişə xanım yazarlara dəstək olan, dünyasını dəyişmiş dəyərli şairəmiz Fərqanə xanımı Mehdiyevanı xatırlayaq, ruhu şad olsun.
QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA
Sevin, sevginizi kəsir qoymayın,
Ürəyi nanə tək əsir, qoymayın,
Ömrünü misradan asır, qoymayın,
Qızları qoymayın şeir yazmağa.
Yazırsa.. Tanrıdan söz alıb, nədi,
Soyuq bir baxışdan sozalıb, nədi,
Sevdi qismətləri azalıb nədi,
Qızları qoymayın şeir yazmağa.
Qoymayın yüyürsün həsrətə tərəf,
Arazdan baş alıb qarışır Kürə,
Bir misra yazırsa ölür min kərə,
Qızları qoymayın şeir yazmağa.
Qızlar bu dünyanın gülü olublar,
Qızlar bir ocağın külü olublar,
Divanə olublar, dəli olublar,
Qızları qoymayın şeir yazmağa.
Bacarın dərdini, odunu alın,
Yaralı soyunu adını alın,
Dağılmış yerini, yurdunu alın,
Qızları qoymayın şeir yazmağa.
Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.
Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
ANASTASİYA, NEYNƏDİYİNDİR? - “Ruslar müharibədə" sənədli filmi Venesiyada qalmaqala səbəb oldu
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Fotonun müəlliflik hüququ \\ AP, Jonny Walfisz
Venesiya Film Festivalı başa çatdı, amma kuluar çəkişmələri davam etməkdədir.
Rejissor Anastasiya Trofimova Venesiya Film Festivalının müsabiqədənkənar filmər kateqoriyası üzrə nümayiş olunmuş “Ruslar müharibədə” filmini müharibə əleyhinə hesab edir, Ukraynada isə bunu "rus təbliğatının parlaq nümunəsi" və "müharibəyə haqq qazandırmaq cəhdi"adlandırırlar.
Əlbəttəki, Venesiyada olmadığımız üçün filmi görə bilməmişik, amma rəsmi saytda baxdığımız hissə bizlərdə ikili təəssürat yaradıb. Sanki bir gözünlə baxanda antimüharibə ovqatı görürsən, yad torpaqlarda döyüşüb yorulmuş rus əsgərləri ev üçün darıxır, evə istəyirlər, müharibə od-alovu içində lətifə söyləyir, xatirə danışırlar.
Amma o biri gözünlə baxanda isə Rusiyanın Ukraynaya silahlı təcavüzünə haqq qazandırıldığını duyursan. Təcavüzkar ordunun əsgərlərinin qəhrəman kimi təqdim edilməsinə başqa nə ad vermək olar ki?
Euronews Venesiya Film Festivalında Rusiya və Kanada vətəndaşlığına malik rus rejissoru Anastasiya Trofimovanın yeni filminin Ukraynadakı müharibədə rus əsgərlərinin simpatik təsvirinə görə mübahisələrə səbəb olduğunu iddia edir.
Mənsə bunu onunla izah edərdim ki, Venesiya festivalında müsabiqədən kənar filmlər kateqoriyasında premyerası olan "Ruslar müharibədə" filmini yaratmaq üçün Trofimova nə az, nə çox, düz yeddi ay rus hərbçiləri ilə cəbhədə keçirib. Rejissor hesab edir ki, onun işi Qərbdə rus əsgərləri haqqında yaranmış stereotipləri dəyişdirəcək.
"Rusiyada onlar heç vaxt ölməyəcək qəhrəmanlardır. Qərbdə isə müharibə cinayətkarlarıdırlar" - Trofimova filminin premyerasından əvvəl jurnalistlərə məhz bu sözləri söyləyib.
"Mənim üçün ən böyük şok onların nə qədər adi olduqlarını görmək idi. Tamamilə adi uşaqlar, ailə tərbiyəsi ilə, yumor hissi ilə, bu müharibədə nələrin baş verdiyini öz anlayışları ilə" deyir Trofimova.
"Ruslar müharibədə" filminin əvvəlində Trofimova Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə heç bir razılaşma olmadan filmin yaradılması üzərində çalışdığını iddia edir.
İlk kadrlarda pərdə arxasından rejissor deyir: "Mən öz riskimə filmi çəkməyə gedirəm. Müdafiə Nazirliyinin icazəsi olmadan. Onlardan bir az gizlin edirəm bu işi".
Filmdə Qırmızı Liman altındakı döyüşlərdən yorulmuş bir batalyondakı rus hərbçilərinin həyatı göstərilir, qəhrəmanlar müharibədə iştirak etmək motivlərindən danışırlar.
Bir çox əsgər pul uğrunda döyüşməyə gəldiklərini etiraf edir, digərləri yoldaşlıq hissi ilə, təəssübkeşlik hissi ilə idarə olunduqlarını iddia edirlər. Film, həmçinin əsgər və zabitləri xilas edən, ölənlərin cəsədlərini döyüş meydanından çıxaran bir qrup rus həkimindən bəhs edir.
Euronews və onun kimi digər aparıcı Qərb mediası festival təşkilatçılarını belə bir filmi müsabiqəyə buraxmaqda qınayaraq qeyd edirlər:
“Film, həqiqi döyüş əməliyyatları haqqında az məlumat verdiyinə və rus qoşunlarının Ukraynaya vurduğu dağıntıları göstərmədiyinə görə qınanır, amma bu da hamısı deyil. Kameraya danışan rus hərbi qulluqçularından biri Rusiya ordusunun qonşu ölkənin ərazisində müharibə cinayətləri törətdiyinə dair ittihamları rədd edi.
Təbii ki, rus əsgər ya vətənpərvərıiyinə, ya da satqınlıq ittihamından qorxduğuna görə belə də etməlidir. Bəs bunu milyonlara çatdıran rejissor? Bəs bunu məşhur festivalın proqramına salan festival təşkilatçıları?
Bu arada onu da deyim ki, filmdə ən qıcıqlandırıcı səhnə milliyyətcə ukraynlı olan bir rus ordusu əsgərinin öz xalqı haqqında pis danışmasıdır. Bu cür hallar antiinsani hallardır, onlar əsla təbliğat vasitəsi ola bilməzlər.
Mən məsələ ilə bağlı Ukrayna tərəfin mövqeyi ilə də tanış oldum. Məsələn, strana.ua saytında Ukrayna Prezidenti Ofisininin rəhbəri Andrey Ermakin aşağıdakı fikirləri yer alıb:
“Maraqlıdır ki, "Ruslar müharibədə" adlı qatı təbliğat filmi Venesiya Film Festivalında niyə ümumiyyətlə nümayiş olundu? Və niyə rejissor Anastasiya Trofimova, eləcə də rus mədəniyyətinin bəzi digər xadimləri – ukraynalıları, uşaqlarımızı gündəlik öldürən bir ölkə, ümumiyyətlə, sivil dünyada fəaliyyət göstərə bilər? Bu ayıbdır”.
Onun müşaviri Daria Zarivnaya isə filmi belə şərh edir: "Venesiya Film Festivalında “Müharibədəki ruslar " filminin nümayişi Ukrayna xalqına qarşı cinayətlərin birbaşa icraçısı olan rus hərbçilərinə haqq qazandırmağa çalışan biabırçı təbliğat aktıdır. Rejissor, gündəlik etdikləri vəhşiliklər haqqında həqiqəti ortaya qoymaq əvəzinə, onları "yumor hissi olan adi uşaqlar" kimi təqdim etməyə çalışır. Bu, müharibə cinayətlərinin açıq şəkildə susması və qurban və təcavüzkar arasındakı sərhədi bulandırmaq cəhdidir”.
Bəli, film ciddi ajiotaj doğurub.
Mənsə heç istəmərəm ki, Azərbaycanın bəzi ruspərəst TV-ləri bu filmi efirə daşısınlar. Daşısalar, sanki ermənilərin Azərbaycana 1993-94-cü illərdəki təcavüzünə haqq qazandırmış olacaqlar.
Şəkillərdə: Filmdən kadr (qapaq fotosu), Venesiya Film Festivalının aurası, rejissor Anastasiya Trofimova
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
Poetik ruhu olan şəhər
Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri, “Ədəbiyyat və incəsənət” üçün
İnsanların kimlikləri onların göstəricilərini özündə əks etdirir, şəhərlərin kimlikləri isə onu qurub-yaradan insanları, tarixi şəxsiyyətləri, siyasi xadimləri, elm adamları, onun tarixini, ədəbiyyatını və sənətini əsərlərində əbədiyyətə qovuşduran insanları ilə bəllənir.
Sumqayıtın yaranması, adı, yeri və tarixi haqqında o qədər əfsanələr dolaşmaqdadır ki... Amma bunlar təkcə əfsanə olaraq yaranmayıb. Bu əfsanələr şəhərin yaranması haqqında bəzi həqiqətləri də özündə ehtifa edir. Tarix çox vaxt əfsanələr yaratsa da, özü də bəzən əfsanələrdən yaranır.
75 yaşlı Sumqayıt tarixin xeyli sınaqlarından çıxıb, böhtanla-şərlə üzləşib, azadlığın, müstəqilliyin yolu da ilk dəfə bu şəhərdən keçib. Bu şəhər çox nəsnələrə şahidlik edib. Azərbaycanın azadlığı, torpaqlarının bütövlüyü uğrunda yüzlərlə şəhid verib.Amma öz ruhunu, qürurunu həmişə qoruyub, diri saxlayıb. Elindən-obasından qovulan yurddaşlarına qucaq açıb, onların ağrılarına təsəlli, yaralarına məlhəm olmağa çalışıb.
Sovet hökumətinin zəiflədiyi, ermənilərin yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış elədiyi bir vaxtda, 1988-ci ildə başlanan Qarabağ savaşının ilk zərbəsi də elə Sumqayıta dəydi. Bu şəhərdə çoxsaylı, çoxmillətli insanların yaşadığını bilən, bundan öz çirkin niyyətlərini həyata keçirmək üçün ustalıqla istifadə edən erməni terroristləri təxribat törətməklə Sumqayıtı və sumqayıtlıları dünyaya vəhşi kimi tanıtmaq missiyasını qarşılarına məqsəd qoyaraq, onu məhz Sumqayıtda həyata keçirməyi pıanlaşdırdılar. Bir müddət törətdikləri cinayəti sumqayıtlıların ünvanına yazaraq, dünyaya bəyan etsələr də, bu şəhərin ayıq-sayıq insanlarının, qələm adamlarının səyi nəticəsində əsl həqiqətlər araşdırılıb üzə çıxarıldı və şəhərimizə vurulan ləkə onun üzərindən təmizləndi. Hadisələrlə bağlı faktların araşdırılıb ortaya çıxarılmasında, onların qələmə alınmasında və sənədli filmlərin çəkilib nümayiş etdirilməsində yazıçı-publisist, Əməkdar jurnalist, Eyruz Məmmədovun əməyi danılmazdır.
Sumqayıt öz ənənəsi olan şəhərdir. Burada Azərbaycanın o kəndi, qəsəbəsi, rayonu yoxdur ki, oradan insanlar Sumqayıta üz tutub bu şəhərdə məskunlaşıb, özünə yurd – yuva qurmasın.
Vaxtilə gənclik şəhəri idi Sumqayıt. Axın-axın gənclər orta məktəbi bitirib buraya işləməyə, təhsil almağa gəlirdilər. Üç il, beş il qalıb işləyib, təhsil alıb öz doğma elinə, obasına qayıtmaq ümidilə gələn o qədər gəncləri bu şəhər öz qoynuna çəkib, arzularına qovuşdurub, ev-eşik sahibi edib, çoxlarını adlı-sanlı əmək qəhrəmanı, elm xadimi, siyasi xadim, mühəndis, alim, şair, yazıçı kimi yetişdirib.
Vaxt var idi Sumqayıt az sayda məhəllə və mikrorayonlardan ibarət idi. Bu gün isə şəhərimizartıq öz geniş inkişafı və abadlıq-quruculuq işləri ilə paytaxt Bakıyla yanaşı addımlayır.
Şəhərimiz təkcə elm adamları, tarixi şəxsiyyətləri, siyasi xadimləri, əmək qəhrəmanları ilə deyil, həm də ədəbiyyatı, mədəniyyəti, təhsili, idmanı, sənəti və sənətkarları ilə seçilir.
Uzun müddət respublika ədəbi mühitinə rəhbərlik etmiş Vaqif İbrahimin Sumqayıtda yaşaması, yazıb-yaratması, orijinal şair Əli Kərimin bu şəhərə bağlılığı, Xalq şairi Rəsul Rzanın xüsusi diqqəti burada güclü ədəbi potensialın olduğundan xəbər verirdi.
Ədəbi mühitin yaranmasında, formalaşmasında və inkişafında bir neçə qələm adamının böyük zəhməti və mühüm rolu vardır. İlk olaraq bu ənənənin yaradıcısı mərhum şairimiz Xasay Cahangirov olsa da, sonradan Vaqif İbrahim, Əşrəf Veysəlli və Feyzi Mustafayevin də əvəzsiz xidmətləri olmuşdur. Bu gün imzası Azərbaycanda tanınan Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Feyzi Mustafayev, Məmməd Aslan, Ağəddin Mansurzadə, Zirəddin Qafarlı, Sabir Sarvan, şeirləri dərsliklərə salınmış Məmməd Namaz, Mir Sabir, Tofiq Məmməd və başqaları məhz bu şəhərdən ilhamlanaraq yazıb-yaratmışlar.
Sumqayıtda ölkə səviyyəsində tanınan çoxsaylı imzaların olması və müəlliflərin bu şəhərdə yaşaması,yaradıcılıqla məşğul olması burada Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin yaranması zərurətini ortaya qoyurdu. Buna dəfələrlə cəhdlər edilsə də qurumun burada yaratmaq cəhdi elə cəhd olaraq da qalırdı.
1996-cı ildə dövrümüzün qaranquşu sayılan "Gənclik" jurnalında uzun müddət müxtəlif vəzifələrdə çalışmış istedadlı şair Sabir Sarvanın təşəbbüsü və səyi nəticəsində Sumqayıtda AYB-nin şöbəsi yaradıldı. Həmin vaxt bölmənin cəmi səkkiz üzvü olsa da, bu gün artıq doxsana yaxın üzvü vardır.
Bu şəhər həmişə adlı-sanlı sənətkarları, qələm adamlarını öz qoynuna çəkib. Burada onların görüşləri təşkil olunub və bu görüşlər şəhərin tarixi yaddaşına həkk olunub. Sumqayıtı, zəhmətkeş adamlarını vəsf edən o qədər şairlər olub ki, şəhər zaman-zaman onların ruhunda şeirləşib, nəğməyə çevrilib.
Bir zamanlar sənaye, kimyaçılar şəhəri kimi tanınan Sumqayıt bu gün artıq öz ənənəsi, sənətkarları ilə yanaşı, göylərə meydan oxuyan göydələnləri, parkları, yaraşıqlı bulvarı ilə öyünür. Sumqayıta uzaq kənd və rayonlardan axın- axın gələn insanlar zaman-zaman bir-birilə burada qohumlaşıb, qaynayıb- qarışıb, qardaşlaşıblar. Bu gün isə bu şəhərdə yaşayan hər kəs özünü Sumqayıtlı sayır, bu şəhərin təəssübünü çəkir, inkişafı üçün əlindən gələn töhfəni verməyə çalışır və bu şəhərin sakini olması ilə qürur duyur.
Burada qələm adamlarına istər dövlət səviyyəsində, istərsə də şəhər səviyyəsində həmişə yüksək diqqət və qayğı göstərilib. 2016-cı ildə şəhərdə gedən irimiqyaslı abadlıq-quruculuq işlərinin getdiyi bir vaxtda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qələm adamları ilə görüşü, Poeziya Evinin onların ixtiyarına verilməsi, şəhərin 70 illik yubileyi münasibətilə bu şəhərdə yazıb-yaratmış insanların bir qrupuna müxtəlif fəxri ad və mükafatların təqdim olunması bunun bariz nümunəsidir.
Bu il Sumqayıtın 75 yaşı tamam olur. Bu münasibətlə şəhərdəki müəssisə və təşkilatlarda davamlı olaraq müxtəlif yüksək səviyyəli tədbirlər keçirilir. Şəhərimizin inkişafında xidmətləri olan insanlar xatırlanır, yad edilir və onların həyat yolu, təcrübəsi gənclərə örnək olaraq göstərilir. Biz də, AYB Sumqayıt bölməsi olaraq, ədəbiyyatımızda imzası, sözü və yeri olan şair və yazıçılarımızıxatırlatmaq missiyasını həyata keçirmək üçün bir sıra layihələr planlaşdırmışıq.
Bölmə yaranandan şəhərdəki müxtəlif təşkilatlarla işbirliyi qurulmuş və bir sıra tədbirlər həyata keçirilmişdir. Təhsil şöbəsində Aşıq Ələsgərin yubileyi təşkil olunmuş, sumqayıtlı məktəblilər arasında M.Müşfiqin, R.Rzanın, Ə.Kərimin şeirləri əsasında bədii - qiraət müsabiqəsi keçirilmişdir. Bundan başqa, dərslik müəlliflərindən T.Hacıyevin, N.Cəfərovun, Z.Əsgərlinin iştirak etdikləri “Müasir ədəbiyyat və onun tədrisi problemləri" mövzusunda söhbət -diskussiya olmuşdur, Xalq yazıçıları Anar, Ç.Abdullayev, Xalq şairləri F.Qoca, V.Əziz tanınmış şairlərdən M.Araz, C.Novruz, F.Sadıq, Q.İsabəyli, P.Qəlbinur, M.Aslan, F.Məmmədli, R.Məcid, S.Aruz, Ə.Cahangir, "Abbasqulu bəy Şadlinski" kitabının müəllifi Əziz Ələkbərli, alman şairi E.Kirxhofla, "Ədəbiyyat" qəzetinin əməkdaşları və digərləri ilə çoxsaylı görüşlər olub.
Bundan əlavə, bir sıra tədbirlərimiz telelayihələr şəklində də reallaşdırılmışdır. Belə ki, ictimai televiziya ilə yayımlanan "Öncə Vətən", yerli Dünya TV ilə S.Vurğunun və S.Rüstəmin 100 illik yubileyləri ilə bağlı dörd ay davam edən bədii-qiraət müsabiqələri buna misaldır. Sumqayıt Dövlət Universitetində, kitabxanalarda, elm və təhsil ocaqlarında, digər yerli yazarlarla görüşlər, onların kitablarının təqdimatı keçirilmiş və bu ənənə mütəmadi olaraq davam etdirilir.
Bölmə "Deməyə sözü olanlar", "Gəlin, şeirdən danışaq", "Yad et məni", "Xəzərdən Kəpəzə", "Ver sözə ehya ki", "Sumqayıtın söz adamları", "Xatırlasaz, xatırlansam" adlı maraqlı layihələr də gerçəkləşmişdir.
Bütün bunlar ədəbiyyatımızın inkişafına, dövlətçilik ideyalarının, respublikanın söz adamlarının, onların əsərlərinin təbliğinə, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsinə yönəlmişdir.
Eyni zamanda, AYB Sumqayıt bölməsi respublikanın, Sumqayıtın qələm adamlarını, onların əsərlərini ölkəmizdən kənarda tanıtmaq məqsədilə də xeyli iş görmüşdür. "Sözün gücü" (Türkiyənin Mersin şəkərindəki "Kanal 2000" televiziya kanalının "Damla- damla şiir" proqramı ilə), "Şeir rüzgarları" (Kayseri şəhərinin "Kaysedar" ədəbi mühiti ilə), "İki könül bir olsa" (Türkiyənin Mersin şəhəhərinin Mersin şairlər, yazarlar dərnəyi ilə ortaq layihə), "Tanıyaq, tanıdaq" (TVA - Türkiyə-Azərbaycan Sanatçılar Platformu ilə), "Hər şey Vətən üçün" (Türkiyənin Mersin şəhərində çıxan "Anamur Sedr" dərgisi ilə) ortaq layihələr bu qəbildəndir.
Şəhərimizdə AYB Sumqayıt bölməsi ilə yanaşı, Poeziya Evi də ədəbi əlaqələrin qurulmasında və möhkəmlənməsində xeyli səmərəli işlər görmüş və ölkələrarası ədəbi əlaqələrə söykənən bir sıra ədəbi-mədəni tədbirlərə ev sahibliyi etmişdir. Dünya şöhrətli qazax şairi və alimi Oljas Süleymanov, Tatarıstanın xalq şairi Razil Valiyev, Türk Ədəbiyyatı Vaqfının başqanı şair Serhat Kabaklı, Tatarıstanın sabiq Yazıçılar Birliyinin sədri və yazıçı-dramaturuq Salixov Danil Xabibraxmanoviç, Özbəkistanın millət vəkili şair Gülbahar Sayidqani, Başqırdıstanın millət vəkili və Yazıçılar Birliyinin sədri Aygiz Baymuxammedov və başqa tanınmış ədəbiyyat nümayəndələri ilə görüşləri qeyd etmək olar.
Bölmə həmçinin şəhərin əsas mətbu orqanı sayılan “Sumqayıt” qəzeti ilə də sıx əməkdaşlıq edir. Redaksiya heyəti AYB-nin Sumqayıtda yaşayan üzvlərinə qəzetin səhifələrində daim geniş yer verir, onların yaradıcılığına istinad edir.
Bəli, AYB-nin Sumqayıt bölməsi bu gün də milli-mənəvi dəyərlərimizi, şəhərimizin poetik ruhunu, gənclik şövqünü qoruyub saxlamağa, yaxşı nə varsa, gələcək nəsillərə ötürməyə çalışır.
Sonda vətənpərvər şair, Sumqayıtı canı qədər əziz bilən mərhum Sabir Sarvanın misralarına istinad edərək fikrimi tamamlayıram:
Sumqayıt! Əbədi yaşa,
Ay ömrü mənalı şəhər.
Yaranandan tikən-quran,
Bənnalı-binalı şəhər.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
Ağdam Dövlət Dram Teatrı və ya Qafqazın Xirosimasının yaralı məbədi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Ağdam Dövlət Dram Teatrı Azərbaycanda teatr sənətinin inkişafında mühüm yer tutan, Qarabağ mədəniyyətinin dəyərli nümumələrindən biridir. Əbdürrəhim bəy Haqverdiyevin adına olan bu teatr təkcə bədii yaradıcılığı ilə deyil, həm də çətin tarixi keçmişi ilə yadda qalan bir mədəniyyət ocağıdır.
Teatrın tarixi 1902-ci ildə yerli ziyalıların və Ə.Haqverdiyevin köməkliyi ilə Ağdamda yaradılan ilk teatr ilə başlayır. Bu teatrın əsas məqsədi Qarabağda milli teatr mədəniyyətinin inkişafına dəstək vermək və Azərbaycan ədəbiyyatının tanınmış əsərlərini səhnələşdirmək idi. 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə açılan bu teatr zamanla Qarabağ mədəniyyətinin ən dəyərli incilərindən birinə çevrildi.
1923-cü ildə Ağdam teatrına dövlət statusu verildi və 1937-ci ildən etibarən Ə. Haqverdiyevin adı ilə tanındı. Bu dövrdən etibarən teatrın repertuarında Azərbaycan klassikləri ilə yanaşı, rus, belarus və gürcü dramaturqlarının əsərləri də yer aldı. Bununla belə, müharibə dövründən sonrakı illərdə digər rayon teatrlarında olduğu kimi, Ağdam Dövlət Dram Teatrının da yaradıcılıq səviyyəsi müəyyən enişlər yaşadı. 1949-cu ildə dövlətin qərarı ilə teatrın fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
Teatrın yeni həyat mərhələsi isə 1968-ci ildə başladı. Nazirlər Kabinetinin qərarı ilə Ağdam Dram Teatrı yenidən fəaliyyətə başladı və qısa müddət ərzində müxtəlif milli və beynəlxalq əsərləri səhnəyə qoyaraq, ölkənin mədəni həyatında yenidən aktiv rol oynamağa başladı. Bu dövrdə səhnələşdirilən tamaşalar arasında
S. Vurğunun "Vaqif", M.F. Axundovun "Hekayəti-molla İbrahim kimyagər" və J.-B. Molyerin "Zorən təbib" kimi əsərlər xüsusi yer tuturdu.
1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğalından sonra teatrın fəaliyyəti çətin şəraitdə davam etdi. İşğaldan sonra teatr əvvəlcə Bərdə şəhərində, 2004-cü ildən isə Ağdam rayonu Quzanlı kəndində fəaliyyətini bərpa etdi. Teatrın Ağdamdakı binası isə erməni işğalı zamanı dağıdıldı. 2011-ci ildə Quzanlı mədəniyyət evi əsaslı təmir edilərək teatrın istifadəsinə verildi. Ağdamın işğaldan azad olunmasından sonra isə teatrın direktoru Məhəmməd Hüseynov yeni bina inşa olunacağı ilə bağlı məlumat verdi.
Ağdam Dövlət Dram Teatrı Qarabağ münaqişəsinin çətinliklərinə baxmayaraq, milli teatr ənənələrini qorumağı və inkişaf etdirməyi bacardı. Teatrın keçmişi Qarabağ mədəniyyətinin zənginliyinin və bu mədəniyyətin qorunub saxlanması üçün göstərilən səylərin simvoludur. İndi - Qarabağın azad edilməsindən sonra teatrın gələcək inkişafı üçün yeni perspektivlər açılır və o, yenidən mədəniyyətimizin mərkəzində öz layiqli yerini tutmağa hazırdır.
Bu gün Ağdam Dövlət Dram Teatrı təkcə bir teatr deyil, həm də Azərbaycan mədəniyyətinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının simvoludur. Onun tarixi və mövcud fəaliyyəti, Qarabağ mədəniyyətinin yaşaması üçün göstərilən böyük səylərin və xalqımızın mədəni irsinə sadiqliyinin bir təcəssümüdür.
Keçən il 100 illiyini qeyd edən teatr üçün yubiley ili çox məhsuldar və uğurlu keçibdir, belə ki başqa şəhərlərimizdə və Türkiyədə səfərdə olan teatr kollektivi müxtəlif nominasiyalarda mükafata layiq görülübdür. Yeni mövsümə ciddi hazırlaşan Ağdam teatrı 17 sentyabr 2024-cü il tarixdə "Mübariz" tamaşası ilə tamaşaçılarının görüşünə gələcəkdir.
Şəkildə:
Ağdam Dövlət Dram Teatrının işgaldan dərhal sonrakı vəziyyəti. Öndə olan lövhə
binanın işğaldan əvvəlkii vəziyyətini
göstərir.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
Lənkəranda “Cənub inciləri” təqdim olundu
Qafar Cəfərli, AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq. “Ədəbiyyat və incəsənət” üçün
7 sentyabr 2024-cü il tarixdə AYB Lənkəran Bölməsində yeni çapdan çıxan "Cənub inciləri" antologiyasının təqdimatı keçirildi.
Təqdimatda Cəlilabad, Masallı, Yardımlı, Astara, Lerik və Lənkərandan olan yazarlar, ziyalılar, oxucular iştirak etdi.
Tədbiri giriş sözü ilə bölmənin sədri, yazıçı, dramaturq Qafar Cəfərli açdı. O, tədbir iştirakçılarını salamladı, kitabda çap olunan bütün müəllifləri, bölgənin ədəbi mühitini, ziyalıları və oxucuları təbrik etdi. Bildirdi ki, fəaliyyətdə olduğu 46 il ərzində Bölmədə 2004 və 2015-ciillərdə “Ömür yarpaqları” adl iki antologiya nəşr olunmuş, təxminən on illik fasilədən sonra “Cənub inciləri” işıq üzü görmüşdür. Antologiyada əsasən bölgənin altı rayonunda yaşayan qələm adamlarının, daha çox isə gənclərin əsərləri yer almışdir.
Qafar Cəfərli çıxışında 87 müəllifin yer aldığı, bütün ədəbi növləri əhatə edən antologiyada əsərlərin əlifba sırası ilə düzüldüyünü, yazıların peşəkar korrektə və redaktə olunduqdan sonra kitaba daxil edildiyini, bəzi xırda qusurlarına baxmayaraq antologiyanın nəşrinin bütün hallarda bölgənin ədəbi həyatında bir uğur və hadisə olduyğunu xüsusilə vurğuladı.
Məclisi idarə edən Qafar Cəfərli sözü tədbir iştirakçılarına verdi. Yardımlı rayonundan şair İqbal Nəhmət, Cəlilabad rayonunundan filologiya elmləri üzrə fəlsəfə doktoru, şair və yazıçı Bilal Alarlı, Masallı rayonundan şairlər Allahverdi Bayrami və Camal Lələzuə, Astara rayonundan şairlər Firəngiz Ümid və Nəriman Azəri, Qaradağ rayonundan gəlmiş şair Qorxmaz Kadusi, Lənkəran yazarlarından: "Aşkarlıq" qəzetinin baş redaktoru, yazıçı Hacı Etibar Əhədov, yazıçı-publisist Səyavuş Süleymanlı, "Zərban"TV-nin təsisçisi və baş redaktoru, yazıçı Hafiz Mirzə, həkim-yazıçı Eldar Tahirov, şairlərdən Bəxtyar Əliyar, Tofiq Həsənli və Əyyub Türkay, bölmənin sabiq sədri, mərhum şair İltifat Salehin qızı Afaq İltifatqızı və başqaları çıxış edərək antalogiyanın nəşri münasibətilə müəllifləri təbrik etdilər. Hazırlanmasında birbaşa təşəbbüsçü və bütün ağırlığını boynuna götürən, nəticədə son dərəcə nəfis tərtibatda, gözəl dizaynda nəşr olunan kitaba görə bölmə sədri, kitabın tərtibçisi və baş redaktoru Qafar Cəfərliyə, kitabın redaktorlarına və bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər.
İqbal Nəhmətin, Bəxtiyar Əliyarın və Nəriman Azərinin məclisdə oxuduğu şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sonda Qafar Cəfərli çıxış edərək söylənilən irad və təkliflərə münasibət bildirdi, tədbir iştirakçılarını maraqlandıran bütün məsələlərə aydınlıq gətirdi. O, tədbir iştirakçılarına, çıxış edənlərə söylənən xoş sözlərə görə, xüsusən kitaba ön söz yazan AMEA-nın ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yisifliyə, kitabı nəfis şəkildə çap edən “Bakı mətbəəsi” ASC-nin rəhbəri, Azərbaycan və Rusiya Yazıçılar Birliklərinin üzvü, yazıçı, tanınmış alim və naşir Şəddat Cəfərova və tədbiri kameranın yaddaşına köçürən “Zərban” TV-nin təsisçisi Hafiz Mirzəyə öz adından və bölgə yazarları adından minnətdarlığını bildirərək tədbiri yekunlaşdırdı.
Sonda xatirə şəkilləri çəkildi.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
“Bir uşaq gülərsə dünyamız gülər" - “Təbəssüm yarat” layihəsi barədə danışaq
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Əziz Nesin deyirdi ki: "Uşaqlara daha yaxşı bir dünya qoymaq yerinə, dünyaya daha yaxşı uşaqlar qoysanız, problem öz-özlüyündən həllini tapacaq əslində."
Bu gün sizləri "Bir uşaq gülərsə dünyamız gülər" devizi ilə fəaliyyət göstərən “Təbəssüm yarat” ictimai layihəsi ilə tanış etmək istəyirəm.
Müsahibimiz - layhənin rəhbəri İbrahim Əmirov həmsöhbət olduğumuz müddət ərzində bizə layihə haqqında ətraflı məlumat verdi.
- İbrahim bəy, “Təbəssüm yarat” layihəsi neçə ildir fəaliyyət göstərir, bizə bir qədər layihənin yaranma tarixi haqqında məlumat verə bilərsinizmi?
- "Təbəssüm yarat" könüllü qrupu ucqar kənd məktəblərinə yardım kampaniyası məqsədilə ilk dəfə 2017-ci ilin aprel ayında futbol azərkeşləri, əsasən də "Beşiktaş" futbol klubunun azərkeşləri tərəfindən yaradılıb.
Layihə üçün ilk dəfə maliyyənin yığılmasında da "Beşiktaş" azərkeşlərinin böyük rolu olub. Bu işdə digər azərkeş qrupları da hər zaman bizə dəstək olublar.
Layihə çərçivəsində İlk səfərimiz Daşkəsən rayonuna olub. Layihəmiz artıq 8-ci ildir ki, fəaliyyətdədir. Və bu 8 il ərzində biz 18 rayon, 39 kənddə olmuşuq, təqribən 11000-dən artıq uşaq seviindirmişik. Hazırda da bu yardım kampaniyası ilə uşaqları sevindirməyə davam edirik.
- Layihənin əsas məqsədi və fəaliyyət istiqamətləri nələrdir?
-Layihənin əsas məqsədi ucqar dağ kəndlərində yerləşən məktəblərdə təhsil alan uşaqların tədris həyatına dəstək olmaq, uşaqları sevindirmək, uşaqlarda təhsilə maraq yaratmaqdır.
İllərdir "Təbəssüm Yarat" komandası olaraq biz xeyirsevər insanlar tərəfindən gələn ianələr hesabına Azərbaycanın ən ucqar kəndlərinə gedirik, orada təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək məqsədilə məktəb ləvazimatları, ayaqqabı və geyimləri olmadığı üçün məktəbə gedə bilməyən uşaqlarımıza dəstək olmağa çalışırıq.
Əsasən ucqar yerlərdə, dağ kəndlərində bəzən uşaqların məktləbli çantası, ayaqqabıları olmur, buna görə də təhsildən kənarda qalırlar. Biz də bacardığımız qədər onlara məktəb ləvazimatları, çanta, ayaqqabı, qış geyimləri, oyun və idman alətləri və s. hədiyyə etməklə bu səbəbləri aradan qaldırmağa, uşaqlarda təhsilə həvəs yaratmağa çalışırıq.
Bu yolda bizimlə addımlayan, uşaqların üzündə təbəssüm yaratmağa can atan minlərlə dəstəkçimiz var. Biz, bu komandanın fərqli peşələrdən, fərqli bölgələrdən bir araya toplanan 30-dan çox könüllüsü ilə birgə təmənnasız olaraq uşaqların üzlərində sevinc yaradırıq. Gecə-gündüz çalışmaqda tək məqsədimiz bir balacanın üzündə təbəssüm yaratmaq, bir uşağın daha xəyallarını gerçəkləşdirməkdir. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirik. Biz sizinlə daha minlərlə uşağın gözlərində xoşbəxtlik yaradacağımıza əminik.
Bu günə qədər layihə çərçivəsində kənd məktəblərinə yardım kampaniyası Azərbaycanın müxtəlif ucqar rayonlarında (Daşkəsən, Ağdam, Ağcabədi, Astara, Quba, Lerik, Şəki, Tovuz, Lənkəran, Masallı, Gədəbəy, Siyəzən, İsmayıllı ) həyata keçirilib.
Məktəblərdən əlavə yardım kampaniyamız uşaq evlərində də - Sahil qəsbəsi (bərpa sosioloji Mərkəz), Şəki Şəhəri (İnteqrasiya tipli Gimnaziya), Binə qəsəbəsi (Ümüd Yeri uşaq Sığınacaği), Ramana qəsəbəsi (Nur Uşaq evi) baş tutub.
Həmçinin Şəhid övladları üçün bayram şənliyi keçirilib.
Bunlardan başqa layihə tərəfindən fərdi ailələrə də ərzaq, geyim və başqa yardımlar edilir. Bu günə qədər 1000 dən artıq ailənin ərzaq, qışlıq və adi geyim, uşaqlarının məktəbli forması, məktəbli çanta və ləvazimatları və s. kimi ehtiyacı təmin edilib, dərman xərcləri qarşılanıb. 3 uşağın əməliyyat xərcləri layihəmiz tərəfindən qarşılanıb.
30-a yaxın az təminatlı ailə var ki, layihə yarandığı gündən biz hər il onların uşaqlarını məktəbə gedə bilmələri üçün məktəbli ləvazimatları və geyimlə təmin edirik.
2020- ci ildə Dünyanı bürüyən Covid19 virusu ölkəmızdən də yan keçmədi. Bu dönəmdə biz də Təbəssü myarat komandasi olaraq Bakı ətraflı Kəndlərdə 1000-dən artıq ailəyə ərzaq yardımı etdik.
"44 günlük" vətən müharibəsi dövründə cəbhə bölgəsinə də səfərlərim olub.. Yardımsevər insanlardan yığdığımız vəsait hesabına əsgərlərimizə dəstək olmağa çalışmışam. Bu təşəbbüsə görə "Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi" tərəfindən fəxri fərmana layiq də görülmüşəm.
- Səfərlər zamanı sizi ən çox təsirləndirən və ya ən çox sevindirən məqamlar nələr olub?
- Biz səfərə kimi çox yorğun oluruq, bəzən gecə saat ikidə-üçdə səfərə çıxırıq və bir də 15-16 saatdan sonra qayıdırıq. Çalışırıq bu səfərimizi bir günə başa çatdıraq. Çünki hamımızın əlavə işlərimiz var. Amma uşaqların o sevincini görəndə həqiqətən də bütün yorğunluğumuz çıxır. Uşaqlarla kerçirdiyimiz həmin bir saat, saat yarımlıq müddət ərzində çox sevinirik. Təsirləndirən məqamlar əslində çox olur. Biz getdiyimz yerlər çox ucqar yerlər olduğu üçün orda adi bir dəftərə sevinən uşaqlar var. Uşaqlar adətən məsəlçün şirniyyata, oyuncağa sevinərlər, amma orda dəftərə, qələmə sevinən uşaqlar olur. Və bu bizi həqiqətən çox təsirləndirir. Adətən getdiyimiz yerlərdə mağaza olmur. Mağaza bəzən 10, 15, 20 bəzən 30 km məsafəsinə olur həmin kəndlərin. Belə yerlərdə bəzən öz komandamızın üzvlərinə deyirəm ki, biz bəzən adicə bir su alanda belə seçim qarşısında qalırıq ki, hansı daha gözəldisə onu alaq, amma burda bir uşağa bir manat çıxarıb versək o, uşaq həmin bir manatı xərcləməyə yer tapa bilməyəcək. Buna görə də apardığımız ən xırda, ən kiçik hədiyyələr belə onlar üçün xüsusi əhəmiyyət daşıyır, böyük sevinclərinə səbəb olur.
- Uşaqlarla sıx ünsiyyətdə olan biri kimi necə düşünürsüz, sizcə günümüzdə uşaqların ən çox nəyə ehtiyacı var?
- Məncə günümüzün uşaqlarının ən çox təhsilə ehtiyacı var. İnsan həyatında təhsil çox vacibdir və biz də təhsilin vacibliyinin mahiyyətini düşünüb bu işləri görməyə çalışırıq. Mən özüm də sadəcə 5-ci sinifə qədər təhsil ala bilmişəm, imkansızlıq səbəbindən təhsilimi başa çatdıra bilməmişəm.
Və bir növ bu işlərdə məqsədimiz də odur ki, uşaqlarımız imkansızlıq səbəbindən təhsillərini yarıda qoymaq məcburiyyətində qalmasınlar.
- Layihəyə dəstək olmaq istəyənlər nə etməlidir, biz layihəyə necə dəstək ola bilərik?
-Layihəmizə dəstək olmaq istəyənlər sosial media hesablarımızdan bizimlə əlaqə saxlaya bilərlər:
( Wa.me/0554668008
www.tebessumyarat.org
instagram.com/tebessumyarat
Facebook.com/TəbəssümYarat )
Biz sadəcə maddi ianələr yığmırıq, istəsələr uşaqlara geyim də ala bilərlər, məktəbli çantası da, dəftər, qələm də ala bilərlər. Yəni nə istəsələr alıb verə bilərlər, biz də bu hədiyyələrin həmin uşaqlara çatırılmasında bir növ vasitəçi rolunu oynayarıq.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
“Cəhənnəm qorxusudu, cənnəti doya-doya yaşamamaq” - Anar Seyidağanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Anar Seyidağanın şeirləri təqdim edilir.
Qorxu
Tənhalıq yanında
kiminsə olmaması deyil,
Tənhalıq yanında heç kimi
hiss edə bilməməyindi.
Ümidsiz sevməkdi əzab verən.
Səhra yağışıdı gülüşlərin.
Qeyri-səlis məntiqdi qovuşmağımız.
5-10 adamın içini
yandırmaq fəlsəfəsidi şeirlər.
Unutmaq deyilən bir şey varsa xəstəlikdi.
Nağıllardı ağlımızda
doğruluğun kimsəyə
lazım olmayan izləri.
Və
Cəhənnəm qorxusudu
Cənnəti doya-doya yaşamamaq.
Adam
Bir salam söylə də açılsın dilim
Yoluna yalandan çıxdığım adam.
Səni necə xoşbəxt edəm, nə bilim,
Yüz kərə qaldırıb yıxdığım adam.
Körpə sevgimizi tutub bələdim,
Əlimdən nə gəldi onu elədim.
Sən buz parçasısan demə, belədi,
Qarşına keçincə axdığım adam.
Çox qırdın, çox yordun istəmədən sən,
Başladıq yenidən, bitdi yenidən.
Elə bilmə sənsiz sıxılmıram mən
Uzaq durmağımla sıxdığım adam.
Yol deyil, bilirəm, mənim seçdiyim,
Canından keçərsən candan keçdiyim. -
Dirisini boğmaq fikirləşdiyim
Ölməsindən amma qorxduğum adam.
Cəza
Bu qədər məlum içindən
Nədən sən məchulu seçdim?
Həsrətin yüz cür həlli var,
Ən çətin üsulu seçdim.
Deməzdim, deməzdim amma
Tənə etməsəydi çoxu.
Xaraba qoyduğun qəlbin
Bəyquşu özünsən axı.
Səni itirmək yoxdursa,
Qorxu nəyimə gərəkdir?
Yatıb səni görmərəmsə,
Yuxu nəyimə gərəkdir?
Yanımda ol, səni sevmək
Qoy yazılmasın qəzama.
Tanrım, mən razı deyiləm
Ömürlük sevmək cəzama.
Məndən nə yazıb Allah?
Gözlərimə bax bəzən -
güzgünü neyləyirsən?
Qoy ölüm həsrətindən -
özgəni neyləyirsən?
Misra-misra oxunma,
qoşum, dastan eyləyim.
Məhəbbətə himn yazım
səni bəstəm eyləyim.
Əllərim fırça olsun
sinən rəsm varağım.
Yanağından oxunsun
mənim möhür dodağım.
Saçını uçuran yel
dəli nəfəsim olsun.
Qollarının arası -
olsun, qəfəsim olsun.
...Hey səni arzuladım,
Yalvardım - susub Allah.
Görən alın yazında
məndən nə yazıb Allah?
Xoşbəxt ol
Mənə bir toy havası çal
Qaval daşı ilə -
Tarixin yaddaşına oynayım.
Dindirin xarı bülbülü -
Vətən yazdım son kərə -
Şahiddi.
O gəlinin xınası havalıdı -
sevgilisi şəhiddi...
Bitməz bu müharibə
Son şəhid
qızına
Divardakı şəklindən -
Xoşbəxt ol!
deyənədək.
Qladiator
Zəfərinə tamaşatək
Baxılan qladiator kimiyəm.
Bu sevgilərdən ayrılantək
Düşüncələrimin əsiri
olduğumu anlayıram.
İndi mənə əl çalanlar
Züy də tutar, bilirəm.
Ölmək üçün bir az tezdi -
yavaş-yavaş ölürəm.
İlahi, ilahi!
Eşidirsən məni?
Baxırsan,
Eyni adamlardı,
Eyni dualar,
Eyni arzularla
Yoruruq səni?
İlahi!
Bir şey istədiyim yox,
Sadəcə səni görmək istədim.
İstəyirəm
Sənə oruc olmaq nədi,
doya bilmək istəyirəm.
Alnımı alnına qoyub
namaz qılmaq istəyirəm.
Gəl deyirəm, gəlirsən ki,
Nə düşündün deyirsən ki.
Yasaq meyvəm deyilsən ki,
bir diş almaq istəyirəm.
Sevgi hanı, inam hanı,
De, inanım - Atam canı.
Qırım töküm papatyanı? -
əmin olmaq istəyirəm.
Səninləmi qoşa düşdüm?
Başdan etmə - başa düşdüm.
Düşünürsən işə düşdüm -
İşə salmaq istəyirəm.
Çıxır
Niyə əyilməyən ruhum
qabağına dustaq çıxır.
Səndən sonra ürəyimə
kim gəlirsə qonaq çıxır.
Gedəməm, nə qədər vursan,
Nə olar, yanımda dursan.
Allah haqqı! İnanmırsan?
Sənsiz hər şey yamaq çıxır.
Ölümmü mərd olum sənə?
İtimmi dərd olum sənə?
Deyirəm sərt olum sənə -
İçimdən bir uşaq çıxır.
Sevmə, oxuma nəzmimi,
Qıra bilməzsən əzmimi.
Özün çək sevgi rəsmini
Mən çəkirəm çılpaq çıxır.
İçində
Başqa aləmdəyik - nə kürə, nə yer,
Odla oynayırıq təndir içində.
Hərə bir tənliyin məchulundadır -
Necə tam çıxasan kəsir içində?!
Hansı yana gedək, vardı bir tuzaq,
Hər iki tərəfdə it hürür ancaq.
Div bilir, kim yatar, kim qalar oyaq,
Kimə su aparsın xəlbir içində.
Bu dar ağacıdı, baxma ucuna,
Sən yellən, küləklər dönsün saçına.
Ürək nə düşünür kimin vecinə
Boğaz xoşbəxtdirsə kəndir içində.
Günahdı, yasaqdı əyləncə, tar, saz,
Nə gözəllik gördük dedilər olmaz!..
Sən də qəbirqazan, bir az enli qaz,
Adam sıxılmasın qəbir içində.
Nədi?
Məni öldürməyə bir cümlə bəsdi,
Bu atəş, bu vulkan, top-tüfəng nədi?
Gözündən süzülən tək damla bəsdi -
Üzümə dəyişən yeddi rəng nədi?
Bilməyib qırmaq var, bilib qırmaq var,
Sevməyib xoş tutmaq, sevib yormaq var.
Öpüb oxşamaq var, gəlib görmək var,
Qısa mesaj nədi, soyuq zəng nədi?
Mən meydən qaçıram, içir ruhumu,
Dünya dərd yeridi, qaçır ruhumu.
Çox uzaq tutursan, uçur ruhumu -
İpin doladığın çərpələng nədi?
Nə misallar gördüm, mənə nə tərci?
Yorma özünü də, gəl tutaq mərci.
Ay zalım, sevirəm, nə il, nə bürcü -
Ha əkizlər nədi, ha xərçəng nədi?
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
Şəhidlər barədə şeirlər - Nicat Mənəfov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Nicat Mənəfov
Nicat Mənəfov 2000-ci ilin 18 yanvarında Qax rayonunun Qaradolaq kəndində anadan olub. 2007-ci ildə Qaradolaq kənd orta məktəbində təhsil almağa başlamışdır. 2016-ci ildə 9-cu sinfi bitirib, Qax Peşə Liseyinə qəbul olmuş. Peşə Liseyini “Meliorasiya” ixtisası üzrə bitirdikdən sonra 8 may 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətə yollanmışdır. Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 4 noyabr 2020-ci ildə Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Mənəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Şuşa alınmaz qala,
Şuşa qəhrəman şəhər.
Şəhidlərin canıyla,
Cana gələn can şəhər.
Ey qəhrəman şəhidim,
Sən Şuşanı almısan,
Bu xalqın tarixində,
İgid kimi qalmısan.
Qalmısan ürəklərdə,
Daş üstə yazı kimi.
Koroğlunun nərəsi,
Qorqudun sazı kimi.
Sən on doqquz yaşında,
Belə qəhrəman oldun,
Bu vətənin canından,
Ayrılmayan can oldun.
Hələ yaran göynəyir,
Hələ ovutmamışıq.
Tarix səni unutmaz,
Biz də unutmamışıq.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)