Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Fotonun müəlliflik hüququ \\ AP, Jonny Walfisz
Venesiya Film Festivalı başa çatdı, amma kuluar çəkişmələri davam etməkdədir.
Rejissor Anastasiya Trofimova Venesiya Film Festivalının müsabiqədənkənar filmər kateqoriyası üzrə nümayiş olunmuş “Ruslar müharibədə” filmini müharibə əleyhinə hesab edir, Ukraynada isə bunu "rus təbliğatının parlaq nümunəsi" və "müharibəyə haqq qazandırmaq cəhdi"adlandırırlar.
Əlbəttəki, Venesiyada olmadığımız üçün filmi görə bilməmişik, amma rəsmi saytda baxdığımız hissə bizlərdə ikili təəssürat yaradıb. Sanki bir gözünlə baxanda antimüharibə ovqatı görürsən, yad torpaqlarda döyüşüb yorulmuş rus əsgərləri ev üçün darıxır, evə istəyirlər, müharibə od-alovu içində lətifə söyləyir, xatirə danışırlar.
Amma o biri gözünlə baxanda isə Rusiyanın Ukraynaya silahlı təcavüzünə haqq qazandırıldığını duyursan. Təcavüzkar ordunun əsgərlərinin qəhrəman kimi təqdim edilməsinə başqa nə ad vermək olar ki?
Euronews Venesiya Film Festivalında Rusiya və Kanada vətəndaşlığına malik rus rejissoru Anastasiya Trofimovanın yeni filminin Ukraynadakı müharibədə rus əsgərlərinin simpatik təsvirinə görə mübahisələrə səbəb olduğunu iddia edir.
Mənsə bunu onunla izah edərdim ki, Venesiya festivalında müsabiqədən kənar filmlər kateqoriyasında premyerası olan "Ruslar müharibədə" filmini yaratmaq üçün Trofimova nə az, nə çox, düz yeddi ay rus hərbçiləri ilə cəbhədə keçirib. Rejissor hesab edir ki, onun işi Qərbdə rus əsgərləri haqqında yaranmış stereotipləri dəyişdirəcək.
"Rusiyada onlar heç vaxt ölməyəcək qəhrəmanlardır. Qərbdə isə müharibə cinayətkarlarıdırlar" - Trofimova filminin premyerasından əvvəl jurnalistlərə məhz bu sözləri söyləyib.
"Mənim üçün ən böyük şok onların nə qədər adi olduqlarını görmək idi. Tamamilə adi uşaqlar, ailə tərbiyəsi ilə, yumor hissi ilə, bu müharibədə nələrin baş verdiyini öz anlayışları ilə" deyir Trofimova.
"Ruslar müharibədə" filminin əvvəlində Trofimova Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə heç bir razılaşma olmadan filmin yaradılması üzərində çalışdığını iddia edir.
İlk kadrlarda pərdə arxasından rejissor deyir: "Mən öz riskimə filmi çəkməyə gedirəm. Müdafiə Nazirliyinin icazəsi olmadan. Onlardan bir az gizlin edirəm bu işi".
Filmdə Qırmızı Liman altındakı döyüşlərdən yorulmuş bir batalyondakı rus hərbçilərinin həyatı göstərilir, qəhrəmanlar müharibədə iştirak etmək motivlərindən danışırlar.
Bir çox əsgər pul uğrunda döyüşməyə gəldiklərini etiraf edir, digərləri yoldaşlıq hissi ilə, təəssübkeşlik hissi ilə idarə olunduqlarını iddia edirlər. Film, həmçinin əsgər və zabitləri xilas edən, ölənlərin cəsədlərini döyüş meydanından çıxaran bir qrup rus həkimindən bəhs edir.
Euronews və onun kimi digər aparıcı Qərb mediası festival təşkilatçılarını belə bir filmi müsabiqəyə buraxmaqda qınayaraq qeyd edirlər:
“Film, həqiqi döyüş əməliyyatları haqqında az məlumat verdiyinə və rus qoşunlarının Ukraynaya vurduğu dağıntıları göstərmədiyinə görə qınanır, amma bu da hamısı deyil. Kameraya danışan rus hərbi qulluqçularından biri Rusiya ordusunun qonşu ölkənin ərazisində müharibə cinayətləri törətdiyinə dair ittihamları rədd edi.
Təbii ki, rus əsgər ya vətənpərvərıiyinə, ya da satqınlıq ittihamından qorxduğuna görə belə də etməlidir. Bəs bunu milyonlara çatdıran rejissor? Bəs bunu məşhur festivalın proqramına salan festival təşkilatçıları?
Bu arada onu da deyim ki, filmdə ən qıcıqlandırıcı səhnə milliyyətcə ukraynlı olan bir rus ordusu əsgərinin öz xalqı haqqında pis danışmasıdır. Bu cür hallar antiinsani hallardır, onlar əsla təbliğat vasitəsi ola bilməzlər.
Mən məsələ ilə bağlı Ukrayna tərəfin mövqeyi ilə də tanış oldum. Məsələn, strana.ua saytında Ukrayna Prezidenti Ofisininin rəhbəri Andrey Ermakin aşağıdakı fikirləri yer alıb:
“Maraqlıdır ki, "Ruslar müharibədə" adlı qatı təbliğat filmi Venesiya Film Festivalında niyə ümumiyyətlə nümayiş olundu? Və niyə rejissor Anastasiya Trofimova, eləcə də rus mədəniyyətinin bəzi digər xadimləri – ukraynalıları, uşaqlarımızı gündəlik öldürən bir ölkə, ümumiyyətlə, sivil dünyada fəaliyyət göstərə bilər? Bu ayıbdır”.
Onun müşaviri Daria Zarivnaya isə filmi belə şərh edir: "Venesiya Film Festivalında “Müharibədəki ruslar " filminin nümayişi Ukrayna xalqına qarşı cinayətlərin birbaşa icraçısı olan rus hərbçilərinə haqq qazandırmağa çalışan biabırçı təbliğat aktıdır. Rejissor, gündəlik etdikləri vəhşiliklər haqqında həqiqəti ortaya qoymaq əvəzinə, onları "yumor hissi olan adi uşaqlar" kimi təqdim etməyə çalışır. Bu, müharibə cinayətlərinin açıq şəkildə susması və qurban və təcavüzkar arasındakı sərhədi bulandırmaq cəhdidir”.
Bəli, film ciddi ajiotaj doğurub.
Mənsə heç istəmərəm ki, Azərbaycanın bəzi ruspərəst TV-ləri bu filmi efirə daşısınlar. Daşısalar, sanki ermənilərin Azərbaycana 1993-94-cü illərdəki təcavüzünə haqq qazandırmış olacaqlar.
Şəkillərdə: Filmdən kadr (qapaq fotosu), Venesiya Film Festivalının aurası, rejissor Anastasiya Trofimova
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)