Ağdam Dövlət Dram Teatrı və ya Qafqazın Xirosimasının yaralı məbədi Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

Ağdam Dövlət Dram Teatrı Azərbaycanda teatr sənətinin inkişafında mühüm yer tutan, Qarabağ mədəniyyətinin dəyərli nümumələrindən biridir. Əbdürrəhim bəy Haqverdiyevin adına olan bu teatr təkcə bədii yaradıcılığı ilə deyil, həm də çətin tarixi keçmişi ilə yadda qalan bir mədəniyyət ocağıdır.

 

Teatrın tarixi 1902-ci ildə yerli ziyalıların və Ə.Haqverdiyevin köməkliyi ilə Ağdamda yaradılan ilk teatr ilə başlayır. Bu teatrın əsas məqsədi Qarabağda milli teatr mədəniyyətinin inkişafına dəstək vermək və Azərbaycan ədəbiyyatının tanınmış əsərlərini səhnələşdirmək idi. 1904-cü ildə M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərinin tamaşaları ilə açılan bu teatr zamanla Qarabağ mədəniyyətinin ən dəyərli incilərindən birinə çevrildi.

 

1923-cü ildə Ağdam teatrına dövlət statusu verildi və 1937-ci ildən etibarən Ə. Haqverdiyevin adı ilə tanındı. Bu dövrdən etibarən teatrın repertuarında Azərbaycan klassikləri ilə yanaşı, rus, belarus və gürcü dramaturqlarının əsərləri də yer aldı. Bununla belə, müharibə dövründən sonrakı illərdə digər rayon teatrlarında olduğu kimi, Ağdam Dövlət Dram Teatrının da yaradıcılıq səviyyəsi müəyyən enişlər yaşadı. 1949-cu ildə dövlətin qərarı ilə teatrın fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.

 

Teatrın yeni həyat mərhələsi isə 1968-ci ildə başladı. Nazirlər Kabinetinin qərarı ilə Ağdam Dram Teatrı yenidən fəaliyyətə başladı və qısa müddət ərzində müxtəlif milli və beynəlxalq əsərləri səhnəyə qoyaraq, ölkənin mədəni həyatında yenidən aktiv rol oynamağa başladı. Bu dövrdə səhnələşdirilən tamaşalar arasında 

S. Vurğunun "Vaqif", M.F. Axundovun "Hekayəti-molla İbrahim kimyagər" və J.-B. Molyerin "Zorən təbib" kimi əsərlər xüsusi yer tuturdu. 

 

1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğalından sonra teatrın fəaliyyəti çətin şəraitdə davam etdi. İşğaldan sonra teatr əvvəlcə Bərdə şəhərində, 2004-cü ildən isə Ağdam rayonu Quzanlı kəndində fəaliyyətini bərpa etdi. Teatrın Ağdamdakı binası isə erməni işğalı zamanı dağıdıldı. 2011-ci ildə Quzanlı mədəniyyət evi əsaslı təmir edilərək teatrın istifadəsinə verildi. Ağdamın işğaldan azad olunmasından sonra isə teatrın direktoru Məhəmməd Hüseynov yeni bina inşa olunacağı ilə bağlı məlumat verdi. 

Ağdam Dövlət Dram Teatrı Qarabağ münaqişəsinin çətinliklərinə baxmayaraq, milli teatr ənənələrini qorumağı və inkişaf etdirməyi bacardı. Teatrın keçmişi Qarabağ mədəniyyətinin zənginliyinin və bu mədəniyyətin qorunub saxlanması üçün göstərilən səylərin simvoludur. İndi - Qarabağın azad edilməsindən sonra teatrın gələcək inkişafı üçün yeni perspektivlər açılır və o, yenidən mədəniyyətimizin mərkəzində öz layiqli yerini tutmağa hazırdır.

Bu gün Ağdam Dövlət Dram Teatrı təkcə bir teatr deyil, həm də Azərbaycan mədəniyyətinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının simvoludur. Onun tarixi və mövcud fəaliyyəti, Qarabağ mədəniyyətinin yaşaması üçün göstərilən böyük səylərin və xalqımızın mədəni irsinə sadiqliyinin bir təcəssümüdür.

Keçən il 100 illiyini qeyd edən teatr üçün yubiley ili çox məhsuldar və uğurlu keçibdir, belə ki başqa şəhərlərimizdə və Türkiyədə  səfərdə olan teatr kollektivi müxtəlif nominasiyalarda mükafata layiq görülübdür. Yeni mövsümə ciddi hazırlaşan Ağdam teatrı 17 sentyabr 2024-cü il tarixdə "Mübariz" tamaşası ilə tamaşaçılarının görüşünə gələcəkdir.

 

Şəkildə:

Ağdam Dövlət Dram Teatrının işgaldan dərhal sonrakı vəziyyəti. Öndə olan lövhə

binanın işğaldan əvvəlkii vəziyyətini

göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.