Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Elnaz İslamvəndin şeirlərini təqdim edir.

 

 

Elnaz İslamvənd

Təbriz

 

 

QIVRILAN YOL

 

Mən yoruldum, gözün aydın,

Bu sən, bu verdiyin ürək.

Artıq tanrının əlindən,

Heç iş belə gəlməyəcək.

 

Kim deyir ki, ömür boyu,

Yora bilməz yollar məni!

Fəsillər aldadır bizi,

Təqvimlər oynadır səni.

 

Birisi köçürtdü səni,

O fəsildən bu fəsilə.

Yuxu da görməzdim belə,

Ayağım səndən kəsilə.

 

Mən yoruldum, gözün aydın,

Dönürəm, bu imza, bu qol.

Sonunda zəhrini tökdü,

İlan kimi qıvrılan yol…

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR                                                           

 

ELÇİN HÜSEYNBƏYLİ

 

QATARDA

(“Sevgi oyunları”  silsiləsindən hekayə)

 

...Qatarla səyahət etməyi sevirəm.

Ən sevdiyim fəsil payız olduğuna görə bu dəfə də payızda yola çıxmışdım. Çiskinləyirdi. Axşamüstü dağlardan qopan külək payız yarpaqlarını perronun yanına,  relslərin arasına gətirib yığmışdı...

SV, yəni iki nəfərlik kupeyə bilet götürmüşdüm. Yanımda adam olmasın deyə  ikisinin də pulunu ödəmişdim. Yanımda adam olanda yata bilmirəm. Bəlkə elə ona görə də evlənmirdim.

Vaqon bələdçisinə də öncədən demişdim ki, məni narahat eləməsin, nəsə lazım olsa, özüm çağıracam.

Vaqon bələdçilərini tanımırsınız? Bir az mənə oxşayırlar, danışdırmasalar da özüm danışıram, çağırmasalar da özüm haya gedirəm, başqası üçün narahat oluram. Bu dəfə də belə oldu. Kupem bələdçinin otağına yaxın olduğundan birinci onun haray-həşirini eşitdim. Kiminsə üstünə qaşqırır, vaqondan düşməsini tələb edirdi. Məcbur olub çölə çıxdım.

Bələdçi küncdə dayanmış miniatür qamətli,  gözəl  bir xanımdan vaqonu tərk etməyi tələb edirdi.

-Bu saat tərk edin vaqonu!

Qadın ovçudan (vəhşidən) qorxub küncə qısılan dovşan kimi dayanmışdı, amma əsib eləmirdi. Bu anda mən onu zərif göyərçinə də bənzədə bilərdim.

-Nə olub? - deyə bələdçidən soruşdum.

-Nə olacaq? Vaqona bezbilet (biletsiz) minib, öz yerimi təklif edirəm, razılaşmır, deyir ki, mən elə burda, ya da tamburda duracam. Elə bil bunu yeyəcəm. Hayasızlığa bax da.

Qadın ürkək-ürkək və nəzakətlə: -Danışığınıza fikir verin! - dedi.

-Nəyə fikir verim, necə fikir verim!? Düş vaqondan! Qatarın rəisi gəlsə, ona nə cavab verəcəm!? İndi vəziyyət əvvəlki kimi deyil e! Hər şey kantroldadır!

Yadımda deyil, qadına yazığım gəldi, yoxsa gözəlliyinə heyranlıqdan idi, ya nəydi, bəlkə də ilğım idi, yuxuydu, taleyin oyunu idi. Anidən: -Onun bileti var, - dedim.

Bələdçi nə dediyimi anladı, çünki məsələdən hali idi, biletləri ona vermişdim, qadın isə çaşdı.

-O, mənim kupemdə qalacaq, - dedim.

Qadın: -Sizin? - deyə təəccüblə üzümə baxdı.

-Narahat olmayın, - dedim, - mən öncədən iki bilet almışam. Biri sizin olsun!

Vaqon bələdçisi: -Məllim, birdən yoxlama olsa, nə cavab verəcəm, -soruşdu.

-Sən yox, mən cavab verəcəm, - ötkəmliklə dedim, - buyurun kupeyə, - qadına işarə elədim.

O, yerindən tərpənmədi. Bir mənə, bir də vaqon bələdçisinə baxdı. Sanki bizdən yox, özü-özündən şübhələnirdi:

-Qorxmayın, gəlin, - dedim.

O, çantasını sallaya-sallaya kupeyə tərəf gəldi, yenə də duruxdu. Mən kənara çəkildim və o, içəri keçdi, əl çantasını stolun üstünə qoydu, yağmurluğunu soyunmadan ətrafı seyr elədi. Mələfəni, yastığı əllədi, iylədi, sanki zifaf gecəsinə hazırlaşırdı. Mən də sakitcə tamaşa edirdim. 

Sonra yatacağa oturdu. Onun yumşaqlığını, bərkliyini yoxlamaq üçün yerində yırğalandı.

O, yerini rahatlayandan sonra: -Mənim borcum nə qədərdir? - deyə üzümə baxıb soruşdu.

Gözlərinin dərinliyində itmək olardı. Qara bəbəkləri gözlərinin ağında çalxalanırdı.

-Sizin mənə borcunuz yoxdur, - dedim.

-Mən biletin pulunu nəzərdə tuturam.

-Onun pulu ödənilib.

-Yəqin yoldaşınızın yeridir hə. Bəs o özü hanı?

-Mən evli deyiləm, - dedim.

-Amma...

-Narahat olmayın, - deyə onun sözünü yarımçıq kəsdim.

Qadın oturduğu yerdə şıltaq qızlar kimi ayaqlarını yelləməyə başladı.

Mən yerimə uzanıb kitab oxumağa davam elədim, amma fikrim  qadının yanındaydı, daha doğrusu toppuş ayaqlarındaydı və oğrun-oğrun onlara baxırdım. Üzünə baxmağa cəsarət eləmirdim. Bəlkə çox gözəl idi ona görə, bəlkə vurulmaqdan qorxurdum. O, sanki nağıllardan düşüb gəlmişdi, bəlkə su pərisiydi, sudan  indicə çıxmışdı? Gözlərimi yumdum. Sanki yuxu görürdüm...

Mənə görə onun 28-30 yaşı ancaq olardı. Çünki gözlərinin altı  və əlləri mərmər kimi sığallıydı. Boyu 155-160 sm olardı, çəkisi də ona uyğun.

Qadın çantasından güzgü çıxarıb baxdı, dodaqlarını yaladı, üzünü o tərəf-bu tərəfə çevirdi və güzgünü qaytarıb yerinə qoydu. 

-Deyəsən, siz də mənim kimi kitab oxumağı xoşlayırsınız? - üzümə baxmadan, etinasız halda soruşdu və pəncərədən çölə baxdı.

-Hə, - qısaca cavab verdim.

-Heyf ki, mən kitab götürməmişəm. Çünki çemodanımı evdə unutmuşam və düzünü bilmək istəyirsinizsə, mən qatara da təsadüfən minmişəm.

-Növbə ilə oxuyarıq, - gülümsünərək dedim.

-Bilmək olar, oxuduğunuz nədir?

-Öz kitabımdır, -dedim.

-Deməli, yazıçısınız?

-Belə də.

-Birinci dəfədir, öz kitabını oxuyan yazıçı görürəm.

-Çox yazıçı tanıyırsınız ki? - dedim və güldüm. O da mənə baxıb güldü.

-Yox, sözgəlişi dedim, elə bilə. Yəni yazıçılar da öz kitablarını oxuyur?

-Kitablarımı ona görə oxuyuram ki, necə pis yazmamağı öyrənim.

O, daha heç bir sual vermədi. Amma mən ondan gözümü çəkmədim. O da hərdən mənə baxır, nəsə fikirləşirdi. Yəqin məni təftiş edirdi.

-38 yaşım var, - dedim.

-Mən sizdən yaşınızı soruşmadım axı.

-Əzəl-axır soruşacaqdınız, - dedim və yenə də gülümsündüm. -İstəyirsiniz sizin yaşınızı da, peşənizi də deyim.

-Yaşımı çətin tapasınız.

-Əslində onu tapmışam, amma məlum səbəbdən demirəm...

-Yox, mənim elə bir kompleksim yoxdur. Özüm də deyə bilərəm.

-Vacib deyil. Həkimsiniz.

-Tapmadınız, - deyə güldü.

Fikir verdim ki, gözlərindən gülür, ovurdları da çalalanır.

-Müəlliməyəm, - dedi, - ədəbiyyat müəlliməsi. Sizi də tanıdım. Mən sizi tədris edirəm.

Onun bu etirafı xoşuma gəldi. Ona görə də dikəlib oturdum.

-Hə, mənə də dedlər ki, orta məktəbdə tədris olunuram, - bir az yekəxanalandım.

Susduq. Handan-hana o: -Bəlkə bir qədər hündürdən oxuyasınız, - dedi.

-Hündürdən oxumağı sevmirəm. Özü də öz mətnimi başqasına oxuya bilmərəm.

-Onda verin, mən də bir az oxuyum.

Təəccüblə ona baxdım.

-Özünüz demişdiniz axı, növbə ilə oxuyarıq, - dedi və güldü.

Gülüşü cingiltili və əfsunediciydi. Düzü, hələ indiyə kimi məni cəlb edən belə bir qadın olmamışdı. Bəlkə bu yuxuydu, ilğım idi, ya taleyin oyunuydu... Bəlkə vurduğu ətrin rayihəsiydi...

Kitabı ona uzatdım. O, zərif, göyərçin əlləriylə kitabı ehtiyatla məndən aldı, sanki güzgü götürürdü və yerə salmaqdan ehtiyat edirdi.

Mən yenidən yerimə uzandım.

O, kitabı oxuyur və haldan-hala düşürdü. Gah, gülümsünür, gah da qəmlənirdi.

Başını qaldırıb mənə baxdı və: -Yaxşı yazırsınız, - dedi. - Xüsusən də bir fikriniz xoşuma gəldi.

-Nə fikirdi elə? - yenə də dikəldim.

O, cavab vermədi. Yəni cavab verməyə imkanı olmadı. Qapı  döyüldü. Durub açdım. Bələdçiydi, yanında da paqonlu, kepkalı biri vardı. Qatar rəisi olduğunu dərhal anladım.

Qatar rəisi: -Mənə dedilər ki, sizin kupedə biletsiz sərnişin var, -dedi.

-Bizim kupedə biletsiz sərnişin yoxdur, - dedim, - biletlər bələdçidədir.

-Amma biletlərin hər ikisində sizin adınız yazılıb.

-Düzdür, biletləri mən almışam.

-Amma onun adı olmalıdır, - deyə qadını göstərdi.

-O, mənim arvadımdır, - anidən dedim.

-Kəbin kağızınız var?

-Yox, biz kəbini qatardan düşəndə kəsdirəcəyik.

Qatar rəsi ağzını açıb nəsə demək istəyirdi ki, özümü təqdim eləməyə məcbur oldum. O, qınayıcı nəzərlə bələdçiyə baxdı və sağollaşıb-eləmədən getdi. Mən də qapını bağladım. Onların, yəni qatar rəisinin səsi aydınca eşidilirdi:

-Axmağın biri axmaq, əvvəlcə öyrən, sonra mənə de də!

Bələdçi də özünə bəraət qzandırırdı:

-Rəis, mən hardan bilim e.

-Canına azardan!

Onların səsi kəsiləndən sonra qadın: -Siz niyə elə dediniz? - deyə təəccüblə üzümə baxdı. Mənə elə gəldi ki, onun  gözləri yaşarıb.

-Nə bilim. Nəsə özümdən uydurmalıydım da.

-Amma mənim xoşuma gəldi, - dedi və gülümsündü.

-Doğrudan?! - deyə qəhqəhə çəkdim, - zarafat edirdim də.

Deyəsən kədərləndi. Çiynini çəkdi. Kitabı qatlayıb özümə qaytardı və yenidən pəncərədən çölə baxdı.

-Bilrisiniz, mən belə zarafatları xoşlayıram. Bəlkə də bu, heç zarafat deyil...

O, üzünü mənə tərəf çevirdi və güldü...

Kefim durulmuşdu. Özümdən asılı olmayaraq dil qəfəsə qoymadan danışırdım. Heç o da məndən geri qalmırdı...

Yatmaq vaxtı gələndə çölə çıxdım. O, yerini rahatlayandan sona qapını döyüb içəri girdim.

Gənc xanım mənm də yerimi açmış və öz yerinə girmişdi.

-Nə əziyyət çəkirdiniz? - dedim.

Gülümsündü. Bəlkə də bayaqkı ər-arvad sözümə işarə vururdu...

Səhər yuxudan oyandıq, daha doğrusu o oyandı. Mən yatmamışdım ki. Səhərə kimi ona baxmışdım. O da səksəkəliydi. O tərəf-bu tərəfə çevrilir, hərdən ədyal üstündən sürüşür, bədəninin bir hissəsi açıq qalır və çöldən düşən işıqların haləsində cəzbedici görünürdü. Düzü, bunu qəsdən edirdi, ya yox, bilmədim...

Birinci o çölə çıxdı, əl-üzünü yuyub qayıtdı. Makiyajsız da gözəl idi. Mən də ayaqyoluna gedib qayıtdım. Mən gələnə qədər özünə sığal vermişdi və qapıya tərəf baxırdı, sanki məni gözləyirdi, üzü gülür, gözləri parıldayırdı.

Qəfildən: -Növbəti dayanacaq mənimdir, - dedi.

Təəccübləndim və nə edəcəyimi bilmədim.

-Elə bilirdim ki, siz də mənim kimi sona qədər gedəcəksiniz, - təəssüflə dedim.

-Mən də elə bilirdim, amma düşməliyəm. Sevgilim hardasa buralarda məni gözləməlidir, - sevinclə dedi.

“Sevgili” sözünü eşidəndə çaşdım. Beynimdə o qədər xəyallar qurmuşdum ki.

-Niyə fikrə getdiniz? - yenə də gülümsündü.

-Sevgilinizi qısqandım, - mən də özümü o yerə qoymayıb gülümsündüm. Amma gülüşlərimiz fərqliydi: onunku dürüst, mənimki istehzalıydı, yəni taleyin ironiyası...

O, heç nə demədən, gülümsünə-gülümsünə sağollaşdı, çantasını əlinə alıb qatardan düşdü və sanki özüylə ruhumu apardı...

Səfər ərzində bircə dəqiqə də onu unutmadım. Onun gülüşü, qara gözləri, alaqaranlıqda parlayan dərisi yadımdan çıxmırdı. Bu bir yuxuydu, ilğım idi, ya taleyin oyunuydu, bilmədim?

Səfərim başa çatdı və geri döndüm. Yenə də çiskinləyirdi. Yenə də külək payız yarpaqlarını ətrafa səpələmişdi...

...Birdən onu gördüm. Yağışın altında dayanıb mənə baxırdı. Çətirsiz-filansız. Üst-başı əməllicə islanmışdı. Bir-birimizi aralıdan tanıdıq. O, mənə tərəf yüyürdü və qarşımda dayanıb gülümsündü. Saçlarından yağış damırdı...

-Bu siziniz? - deyə təəccüblə soruşdum. O da gülə-gülə başı ilə təsdiqlədi. - Sevgilinizi qarşılamağa gəlmisiniz?

-Hə!

-Bəs sevgiliniz hanı?

-O, mənim qarşımdadır, - dedi.

Çaşdım.

-Bəs...

-Mən onu axtarmağa çıxmışdım. Tapandan sonra qatardan düşdüm. Necə yazmışdınız? “İnsanlar xoşbəxtliyini vağzallarda tapır, vağzallarda da itirir...”

-Bu nədir, taledir? - deyə məşhur pritçanın sözlərini pıçıldadım.

O da eyni pritçadakı cavabı verdi:

-Yox, bu sevgidir, - dedi.

Mən onun qara gözlərinə uzun-uzadı baxdım, sonra qucaqlayıb dodaqlarından doyunca öpdüm: ilğım kimi, yuxu kimi, taleyin oyunu kimi...

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

12.

MÜTALİƏ MƏDƏNİYYƏTİNİN ÜNSÜRLƏRİ

 

Mütaliə mədəniyyətinə kitab seçməklə başlanılır. Bu, mütaliə mədəniyyətinin 1-ci ünsürüdür. Mütaliə üçün kitab çoxdur, minlərlədir. Necə edəcən ki, səhv seçim etməyəsən? Biblioqrafiya göstəricisindən, tənqidi yazılardan, kitabxanalardan, kitabxanaçılardan, kitabqurdlarından (mütaliəni hobbiyə çevirən insanlardan – red.), nəşriyyat kataloqlarından, radio, TV və qəzet məlumatlarından istifadə etməklə düzgün seçim etmək mümkündür.

Düzgün kitab seçməklə bağlı tövsiyyələrimizi sizlərə əlbəttə ki təqdim edəcəyik. Hələliksə, mütaliə mədəniyyətinin digər ünüsürləri ilə tanışlığı davam etdiririk.

Kitabın müəllifini tanımaq, müqəddəməsi ilə tanışlıq mütaliə mədəniyyətinin 2-ci ünsürünü təşkil edir. Kitabın adı da bəzən məzmunu barədə çox şey deyir.

Məlum olmayan hər bir sözün mənasını öyrənmək üçün məlumat kitablarından, lüğətlərdən istifadə etmək, söz ehtiyatını, lüğət tərkibini zənginləşdirmək və nitq mədəniyyətini inkişaf etdirmək mütaliə mədəniyyətinin 3-cü ünsürüdür.

Mütaliə mədəniyyətində bədii əsəri dərk etmək meyar sayılır.

Mütaliə mədəniyyəti oxucunun bədii əsəri anlaması, onun tərbiyəvi cəhətlərini mənimsəməsi, ideyasını dərk etməsi deməkdir.

Bəs mütaliə mədəniyyətini uşaqlarda, yeniyetmə və gənclərdə kim və necə formalaşdırmalıdır? Necə formalaşdırmaq elə bizim ana mövzumuz olduğundan, kitab boyu bu barədə bilgilənəcəksiniz. Kim formalaşdırmalıdır sualına gəlincə isə,  sualın ən yaxşı cavabını bu sahənin Azərbaycanda ən əsas tədqiqatçılarından olmuş professor A.A. Xələfov verib: “El arasında belə bir kəlam var: Uşaqlar bizim gələcəyimizdir. Sual olunur: bu gələcəyə erkən yaşda kim təhsil və tərbiyə verməlidir? Kim onu cəmiyyətə layiq bir insan kimi formalaşdırmalıdır? Əlbəttə, bu şərəfli vəzifə yaşlı nəslin – ata, ana, baba, nənə, müəllim, kitabxanaçıların, bütün ziyalıların öhtəsinə düşür. Əgər bu gün yaşlı nəsil mütaliə etməzsə, kitabın gücünə bütün biliklərin mənbəyi, mənəviyyatın daşıyıcısı olmasına inanmazsa, özü mütaliə etməzsə gənc nəslin tərbiyəsində şübhəsiz ki, yaxından iştirak edə bilməyəcəkdir. Beləliklə, mütaliədən uzaqlaşmağa can atan nəsil yetişməyə başlayacaq ki, bu da millətin faciəsidir.”

 

Növbəti:13.Mütaliə mədəniyyətinin inkişaf mərhələləri

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

2004-cü ildə "Billi öldürməli" filminin təqdimatı üçün Moskvaya gələn dünyaşöhrətli rejissor Kventin Tarantino təyyarə hava limanına enəndə deyib: 

-Cənablar, gedəcəyim ilk yer Pasternakın məzarı olacaq. 

 

Az adam onun sözlərinə diqqət yetirib, düzü, ciddiyə də almayıblar, amma nahardan sonra, güclü yağışa baxmayaraq, Tarantinonu Peredelkinodakı qəbiristanlıq yolu ilə addımlayan görəndə hamı çaşıb qalıb. 

Operatordan onu çəkməməsini xahiş edərək, Tarantino abidəyə söykənərək uzun müddət yerə oturmuş halda qalıb. 

Və sonra Moskvaya yalnız bunun üçün gəldiyini söyləyib. 

Amma kameraman hər halda onu lentə alıb. 

Tarantino ertəsi gün jurnalistlərə açıqlama verməli olub: 

-Mənə bu qədər təsir edən bir insana bir az yaxınlaşmaq istədim. Uşaqlıqdan bəri bütün şeirlərini oxumuşam, çoxunu əzbər bilirəm.

Peredelkinodan ayrılan Tarantino "istedad həmişə yeni olan yeganə xəbərdir" rəmzi olaraq qəbrin ətrafında bitən papatyadan - çobanyastığı çiçəyindən birini dərib özü ilə aparıb.

Baxın, ədəbiyyatın gücü budur. Dünyanın ən şöhrətli rejissopunun bir şairi tərcümədə oxuyub ona bu qədər vurulması, razılaşın ki, sıradan bir şey deyil.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

Rəsm qalereyası: Klod Mone, “Yelkənli qayıq”

Cümə, 06 Sentyabr 2024 10:12

Sofi dö Kue Bakıda konsert verəcək

İsveçrəli müğənni Sofi dö Kue sentyabrın 18-i Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, sentyabrın 19-da isə “Events Hall”da konsert proqramı ilə çıxış edəcək.

 

AzərTAC xəbər verir ki, “İsveçrə ilə Azərbaycan arasında körpülərin qurulması – dünya turu” çərçivəsində reallaşacaq tədbirdə müğənni maraqlı ifalar səsləndirəcək.

Sofi dö Kue eyni səhnəni multiinstrumental ifaçı kimi istedadına görə “ahtapot adam” ləqəbi ilə tanınan Simon Jaccard ilə bölüşəcək. 

Müğənni, həmçinin sentyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında seminar keçirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

Rusiyanın paytaxtında təşkil olunan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisi sentyabrın 4-dən öz işinə başlayıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.

 

“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sərgidə nazirliyinin nümayəndələri və uşaq yazıçısı Solmaz Amanova iştirak edirlər. Nazirliyin nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb. 

Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti və kitab sənəti barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir. 

Sərgi çərçivəsində sentyabrın 6-da yazıçı Solmaz Amanovanın “Kitab sənəti” müsabiqəsində 2 nominasiya üzrə ( Qran-Pri mükafatı və 1-ci yer) mükafatlandırma mərasimi keçiriləcək.

Belarus Respublikasının fəxri qonaq ölkə olduğu Moskva Beynəlxalq Kitab Sərgisi sentyabrın 8-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün kinosevərlərin diqqəti Venesiyadan azacıq yayınacaq və Rusiya Federasiyasına - Tatarıstanın paytaxtı Kazan şəhərində tuşlanacaq. Orada az sonra XX “Altın minbər” Beynəlxalq Film Festivalının açılışı olacaq.

 

Bu il festivalın müsabiqə proqramına 27 ölkədən 51 film salınıb. 

“Tammetrajlı bədii film”, “Qısametrajlı bədii film”, “Sənədli filmlər” və “Animasiya filmləri” proqramlarının hər birində 10 film, Tatarıstan istehsalı olan və Tatarıstan haqqında filmlərin salındığı “Milli müsabiqə”də isə 11 film iştirak edir. 

Festival üçün seçilmiş bütün filmlər sülhpərvərlik, dini inanclara hörmət və humanizm ideyaları daşıyan mənəvi-əxlaqi dəyərləri və mədəni ənənələri əks etdirir.

 

Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, Türkiyə kinematoqrafının təmsilçiləri festivalın ən çox gözlənilən qonaqlarıdır. Rusiyada da populyar olan “Möhtəşəm yüz il” və “Diriliş Ərtoğrul” seriallarında çəkilmiş aktyorlar Kazana gəliblər. “Diriliş Ərtoğrul” serialının quruluşçu rejissoru Mətin Günayın isə “Altın minbər” festivalında münsiflər heyətinin sədri olacaq.

“Altın minbər”ın açılışında bu gün İran rejissoru Babək Hacıpaşanın “Ağacın ağuşunda” filmi nümayiş olunacaq.

Festival çərçivəsində təşkil olunacaq işgüzar meydanda regional bazar, kino layihələrin pitçinqi, “Kinematoqrafın dünya trendləri” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Əvvəlki festivallardan fərqli olaraq, bu il festival filmlərinə bilet satılacaq. Təşkilatçılar bu fikirdədir ki, simvolik qiymətə satılan bilet tamaşaçıların hansı filmlərə tələbatı və marağı olduğunu müəyyən etməyə imkan verəcək.

Festival nümayiş coğrafiyasını da genişləndirir. Müsabiqə və müsabiqədənkənar proqramlara daxil edilmiş filmlər sonradan Tatarıstanın 43 rayonunda göstəriləcək.

Xatırladaq ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəklədiyi kino layihələri siyahısına daxil olan “Altın minbər” festivalı “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında 2005-ci ildən keçirilir. 

Sentyabrın ayının 11-dək davam edəcək festival həm də bir qardaş türk xalqı olan tatarların mədəni dirçəlməsi aktı hesab edilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

 

 

​“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” layihəsinə start verilib.

​“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, Bilik Gününə həsr olunan sosial təşəbbüs həssas qrupdan olan uşaqlara sevinc bəxş etmək, yeni tədris ilinə onları daha da həvəsləndirmək məqsədilə gerçəkləşir.

​Layihənin açılış mərasimində 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən 6-14 yaş kateqoriyasındakı 100 uşağa hədiyyələr təqdim olunub.

​Həmçinin iştirakçılar üçün “SİMART” Sağlam İnkişaf Platforması tərəfindən film saatı, “Start IT” şirkəti tərəfindən M-bot futbol, “Bilim Bakı” mərkəzi tərəfindən təbiət mövzusunda laboratoriya və müxtəlif ustad dərsləri təşkil olunub.

 ​ “Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgəsində 600-dən çox uşağa məktəb çantası, ləvazimətları, kitablar və digər hədiyyələr təqdim olunacaq.

 Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 10000-dən çox uşağın arzusu reallaşdırılıb. 

 Sponsorlar: “Azərikard” MMC, “Qala Sığorta” ASC;

Dəstəkçilər: Bakı Konqres Mərkəzi, “İnnovasiyalar Mərkəzi”, “SİMART” Sağlam İnkişaf Platforması, “Start IT”, “Bilim Bakı” mərkəzi. 

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2024)

Cümə axşamı, 05 Sentyabr 2024 17:02

Yapon haykusu yazan yeganə qadın şairimiz

 

Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin, Respublika Qadınlar və Dünya  Türk Qadınları Cəmiyyətinin üzvü, şair-publisist Güləmail Muradın ad günüdür. 

 

GÜLƏMAİL  MURAD (İsayeva  Güləmayıl  Novruzəli  qızı) 1950-ci ildə Qazax rayonunun Sadıqlı kəndində dünyaya göz açıb. Böyük Kəsik kənd məktəbini 1968-ci ildə fərqlənmə attestatı ilə bitirib və həmin ildə Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) neft-mədən fakultəsinə daxil olub. Nümunəvi tələbə kimi Tələbə Elmi Cəmiyyətinə üzv seçilib.

Bədii yaradıcılığa orta məktəb illərindən başlasa da, ilk mətbu şeiri  1969-cu ilin sonlarında Neft-Kimya İnstitutunun “Neft kadrı uğrunda” qəzetində dərc edilib. İlk elmi məqaləsi də  həmin  qəzetdə  dərc olunub.  O məqaləyə görə mükafata layiq görülüb. İlk qonararı da ordan alıb. 1973-cü  ildə ali təhsilini tamamlayıb və əmək fəaliyyətinə başlayıb.  Ali dərəcəli mühəndis-müəllimdir.  

Uzun müddət Gürcüstan Respublikası Qardabani rayonunun  47N-li SPTU-də öz ixtisası üzrə işləyib (1974-1991).  Sonra Bakıya köçüb və müxtəlif elmi müəssisələrdə Ali dərəcəli mühəndis-müəllim kimi fəaliyyət göstərib. Və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdindəki Neft-Energetika Kollecində ixtisas fənnindən dərs demişdir.

Güləmail Murad ədəbi ictimaiyyətin maraqla qarşıladığı “Güldüm  göynəyə-göynəyə” (2002),  “Sənli-sənsiz” (2006),  “Gecələr  ulduzlar  üstümə  tökülür” (2007), “Qarabağ  harayı” (2009),  “Anasızlıq  fəryadı”  (2010), “Qələmim  əlimdə  lələkdən  idi”  (2010),   “Yazmadıqlarım  qapımı  döyür”  (2012),  “Vətən  sağ  olsun!” (2012), “Balaca  müdrik” (2013),  “Dağlarda  şəhid  səsi”  (2014),  “Günəş qürub edəndə” (2015), “Bir damla yaş” (2016), “Ruhumun qanadları” (2016),  “Qayıdış” (2017), “Aprel döyüşləri” (2018), “Yaddaşlardan gələn səslər” (2018), “Qəhrəmanlıq yüksəkliyi” (2018), “Aprel döyüşləri” -  trilogiya  (2018), “Günnüt zəfəri“ (2019), “Canını vətənə sərhəd elədi...”  (2019), “Zəka çırağı” (2019), “Mən bulud gözlü, sən yağış “ (hayku və vakalar, 2019), “Döyüş yolları” (2020),  “”Akula” ləqəbli kəşfiyyatçı” (2021), “Tovuz döyüşləri” (2021), “Zəfərnamə” (2021), “Vətən uğrunda” (2021),” Boyevıye doroqi” (2022), “Qürur dastanı”(2022), “Nuru Paşa dastanı” (2022), “Cənnətim Şuşa” (2022), “Kadirlidə 4 gün” (2022), “Dədə Anar dastanı” (2023),  “Sən Azərbaycansan”, ”Ağdam kəndi-Qəhrəmanlar diyarı” (2023), “Teymurun səsi” (2023) və “Beş  ulduz” kitablarının müəllifidir. 

Şeirləri  bir neçə xarici dilə tərcümə edilib və kitab şəkilində çap olunub.  “Qarabağ fəryadı” (türkcə, 2010), “Sevgi  dastanı”(fransızca, 2013),  “Dostluq  körpüsü” (ingiliscə və ərəbcə), 2013) və “Döyüş yolları” rus dilində, 2022), “Nuru Paşa dastanı” dörd dilə tərcümə edilb,2023)”, həmçinin”Sən Azərbaycansan” kitabı da 4 dilə, “Kadirlidə 4 gün kitabı Özbək dilinə tərcümə edilib...  Sözlərinə  mahnılar, hərbi marşlar bəstələnib. 

Ən böyük uğurlarından biri  hayku və vakalardan ibarət “Mən - bulud gözlü, sən - yağış” kitabıdır. Azərbaycan  ədəbiyyatında ilk xanım yazardır ki,  yapon janrı olan haykuda -  3 misra və 17 hecada  on bəndlik şeirdə söylənə biləcək  sözünü deyə bilir. Vakaları, tankaları da eynilə...

Azərbaycan  Yazıçılar  və  Jurnalistlər  Birliklərinin,  Respublika  Qadınlar  və  Dünya  Türk  Qadınları  Cəmiyyətinin  üzvüdür.  Dünya  Azərbaycanlılarının  Mədəniyyət  Mərkəzinin  İdarə  Heyətinə  üzv  və  həmin  Mərkəzin Qadınlar  Şurasına  sədr  müavini  seçilib (2007).

Avrasiya Sanat Kültür Edebiyat ve Bilim Federasyonunun, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvüdür.

İran İslam Respublikası Beynəlxalq  şeir  festivalının laureatı olub. Fəxri diplom və ödüllərlə təltif olunub. 2006-cı  ildə  “Sənli-sənsiz”  şeir  kitabı  “İlin  lirika  kitabı”  fəxri  diplomuna, “Oskar-Ozan”  Mükafatı  Fəxri  Diplomuna (2009), Eskişehir Şairlər  Dərnəyinin “Onur  Belgesi” diplomuna (2010),  “Dostluq körpüsü” kitabına görə Misir  Mədəniyyət  Mərkəzi tərəfindən Fəxri  fərmana (2010) və Təşəkkürnaməyə (2012), Gürcüstanın  Qardabani  şəhər  3  saylı   məktəbinin  Fəxri  fərmanına (2011)  və Ağstafa  rayon  Mədəniyyət  və  Turizm  şöbəsinin Fəxri  Fərmanına (2012) layiq görülüb.

17 oktyabr 2012-ci ildə Azərbaycan Sərhəd Mühafizəsinin 93-cü ildönümünə həsr olunmuş müsabiqənin ədəbiyyat nominasiyası üzrə Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədovun xatirəsinə yazılmış «Qəhrəmanlıq dərsi” hekayəsi 2-ci yeri tutub, Güləmail Murad mükafat və Fəxri Diplomla təltif edilib. 

Vətənpərvər şeir müsabiqəsinin qalibi, ADSO Xidmətinin keçirdiyi müsabiqənin Az.TV-nin keçirdiyi Vətənpərvərlik mövzusunda ilin ən yaxşı şeiri müsabiqəsinin lauratı olub.

Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanova həsr edilmiş «Vətən sağ olsun» kitabına görə H.B.Zərdabi diplomuna layiq görülüb. Həmin kitab əsasında çəkilmiş sənədli filmə görə 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən  «General Əliağa Şıxlinski» yubiley medalı ilə təltif olunmuşdur. “Vətənpərvərlik işində xidmətlərinə görə” medala  (2018),  Ordunun yaranmasının 100 illiyi münasibətilə təsis edilmiş “Milli  Ordu-100”  medalına və “Faşizm üzərində qələbəmizin 75 illiyi” medalına layiq görülüb.

Xocalı soyqırımının təbliğ edilməsində və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunub (2017).

Aprel döyüşlərinə həsr olunmuş «Qayıdış» kitabına görə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Fəxri fərmana layiq görülüb (2017).

ASKEF-Avrasiya Sanat Kültür Edebiyat və Bilim Federsyonunun üzvü, eyni zamanda,  Fəxri diplomçusudur.

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Vətənpərvərlik təbliğatında fəal iştirakına görə Fəxri Fərmanla (2022) təltif olunub.   Uluslararası Kadirli Türk Dünyası Kültür ve Sanat Festivalı  KATILMA BELGESİ  (2022), Kaya Haber Ajansı Okurlarına Görə Yılın “Edebiyat Oskarı” mükafatına layiq görülüb.

Dövri mətbuatda xüsusi olaraq  fərqləndiyinə görə «Qafqaz-Media» İctimai Birliyi və ASKEF-in Milli Mətbuat günü münasibəti ilə «Ustad Qələm Sahibi» diplomu ilə (2017), Dünya Ozanlar, Şairler və Yazarlar Derneyinin  (Bursa) “Onur Belgesi”  (2022) ilə təltif olunub.

 BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü, Sülh Səfiridir (2017).

Yaradıcılıq uğurlarına görə “Xarıbülbül” poeziya diplomu ilə təltif olunub. Türkmen Edebiyatçı və Yazarlar Birliyinin üzvü,  İLESAM (Türkiye İlim və Edebiyat Eseri Sahipleri Meslek birliyinin), “İrak Türkmen Edebiyatçılar Örgütünün üzvüdür.

Beynəlxalq  “Rəsul  Rza”  ədəbi  mükafatına layiq  görülüb (2013).

İstanbulda “Şiir Fırtınası”nın  iştirakçısı olub və “Türk kültürünə, Türk  Edebiyatına vermiş olduğu xidmətlərinə görə” fəxri diplomu ilə  mükafatlandırılıb (2014). Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə “Zəfər yürüşlü sərhədçilər” mövzusunda  keçirilən müsabiqədə  ədəbiyyat nominasiyası üzrə birinci yeri tutmuş və I dərəcəli Diplomla təltif olunmuşdur.

27 avqust 2023- cü ildə Qala gecəsində ilin peşəkar yazarı nominasiyalarında ödül mükafatı və Trend Of The Year” 2023 layihəsində peşakar TREND yazar adı verildi.

Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi (Ankara) tərəfindən Altın Yıldız Madalyası ilə mükafatlandırılıb.

AYB Hərbi-Vətənpərvərlik Komissiyasının üzvüdür (2022).

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Prezident təqaüdçüsüdür. Hazırda Azərbaycan Yazıçılar Birliyinin əməkdaşıdır. Ailəlidir. Üç övladı, 6 nəvəsi var.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.