Bu gün Kazanda XX “Altın minbər” Beynəlxalq Film Festivalı açılır Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün kinosevərlərin diqqəti Venesiyadan azacıq yayınacaq və Rusiya Federasiyasına - Tatarıstanın paytaxtı Kazan şəhərində tuşlanacaq. Orada az sonra XX “Altın minbər” Beynəlxalq Film Festivalının açılışı olacaq.

 

Bu il festivalın müsabiqə proqramına 27 ölkədən 51 film salınıb. 

“Tammetrajlı bədii film”, “Qısametrajlı bədii film”, “Sənədli filmlər” və “Animasiya filmləri” proqramlarının hər birində 10 film, Tatarıstan istehsalı olan və Tatarıstan haqqında filmlərin salındığı “Milli müsabiqə”də isə 11 film iştirak edir. 

Festival üçün seçilmiş bütün filmlər sülhpərvərlik, dini inanclara hörmət və humanizm ideyaları daşıyan mənəvi-əxlaqi dəyərləri və mədəni ənənələri əks etdirir.

 

Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, Türkiyə kinematoqrafının təmsilçiləri festivalın ən çox gözlənilən qonaqlarıdır. Rusiyada da populyar olan “Möhtəşəm yüz il” və “Diriliş Ərtoğrul” seriallarında çəkilmiş aktyorlar Kazana gəliblər. “Diriliş Ərtoğrul” serialının quruluşçu rejissoru Mətin Günayın isə “Altın minbər” festivalında münsiflər heyətinin sədri olacaq.

“Altın minbər”ın açılışında bu gün İran rejissoru Babək Hacıpaşanın “Ağacın ağuşunda” filmi nümayiş olunacaq.

Festival çərçivəsində təşkil olunacaq işgüzar meydanda regional bazar, kino layihələrin pitçinqi, “Kinematoqrafın dünya trendləri” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Əvvəlki festivallardan fərqli olaraq, bu il festival filmlərinə bilet satılacaq. Təşkilatçılar bu fikirdədir ki, simvolik qiymətə satılan bilet tamaşaçıların hansı filmlərə tələbatı və marağı olduğunu müəyyən etməyə imkan verəcək.

Festival nümayiş coğrafiyasını da genişləndirir. Müsabiqə və müsabiqədənkənar proqramlara daxil edilmiş filmlər sonradan Tatarıstanın 43 rayonunda göstəriləcək.

Xatırladaq ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəklədiyi kino layihələri siyahısına daxil olan “Altın minbər” festivalı “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında 2005-ci ildən keçirilir. 

Sentyabrın ayının 11-dək davam edəcək festival həm də bir qardaş türk xalqı olan tatarların mədəni dirçəlməsi aktı hesab edilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.