Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
ELÇİN HÜSEYNBƏYLİ
QATARDA
(“Sevgi oyunları” silsiləsindən hekayə)
...Qatarla səyahət etməyi sevirəm.
Ən sevdiyim fəsil payız olduğuna görə bu dəfə də payızda yola çıxmışdım. Çiskinləyirdi. Axşamüstü dağlardan qopan külək payız yarpaqlarını perronun yanına, relslərin arasına gətirib yığmışdı...
SV, yəni iki nəfərlik kupeyə bilet götürmüşdüm. Yanımda adam olmasın deyə ikisinin də pulunu ödəmişdim. Yanımda adam olanda yata bilmirəm. Bəlkə elə ona görə də evlənmirdim.
Vaqon bələdçisinə də öncədən demişdim ki, məni narahat eləməsin, nəsə lazım olsa, özüm çağıracam.
Vaqon bələdçilərini tanımırsınız? Bir az mənə oxşayırlar, danışdırmasalar da özüm danışıram, çağırmasalar da özüm haya gedirəm, başqası üçün narahat oluram. Bu dəfə də belə oldu. Kupem bələdçinin otağına yaxın olduğundan birinci onun haray-həşirini eşitdim. Kiminsə üstünə qaşqırır, vaqondan düşməsini tələb edirdi. Məcbur olub çölə çıxdım.
Bələdçi küncdə dayanmış miniatür qamətli, gözəl bir xanımdan vaqonu tərk etməyi tələb edirdi.
-Bu saat tərk edin vaqonu!
Qadın ovçudan (vəhşidən) qorxub küncə qısılan dovşan kimi dayanmışdı, amma əsib eləmirdi. Bu anda mən onu zərif göyərçinə də bənzədə bilərdim.
-Nə olub? - deyə bələdçidən soruşdum.
-Nə olacaq? Vaqona bezbilet (biletsiz) minib, öz yerimi təklif edirəm, razılaşmır, deyir ki, mən elə burda, ya da tamburda duracam. Elə bil bunu yeyəcəm. Hayasızlığa bax da.
Qadın ürkək-ürkək və nəzakətlə: -Danışığınıza fikir verin! - dedi.
-Nəyə fikir verim, necə fikir verim!? Düş vaqondan! Qatarın rəisi gəlsə, ona nə cavab verəcəm!? İndi vəziyyət əvvəlki kimi deyil e! Hər şey kantroldadır!
Yadımda deyil, qadına yazığım gəldi, yoxsa gözəlliyinə heyranlıqdan idi, ya nəydi, bəlkə də ilğım idi, yuxuydu, taleyin oyunu idi. Anidən: -Onun bileti var, - dedim.
Bələdçi nə dediyimi anladı, çünki məsələdən hali idi, biletləri ona vermişdim, qadın isə çaşdı.
-O, mənim kupemdə qalacaq, - dedim.
Qadın: -Sizin? - deyə təəccüblə üzümə baxdı.
-Narahat olmayın, - dedim, - mən öncədən iki bilet almışam. Biri sizin olsun!
Vaqon bələdçisi: -Məllim, birdən yoxlama olsa, nə cavab verəcəm, -soruşdu.
-Sən yox, mən cavab verəcəm, - ötkəmliklə dedim, - buyurun kupeyə, - qadına işarə elədim.
O, yerindən tərpənmədi. Bir mənə, bir də vaqon bələdçisinə baxdı. Sanki bizdən yox, özü-özündən şübhələnirdi:
-Qorxmayın, gəlin, - dedim.
O, çantasını sallaya-sallaya kupeyə tərəf gəldi, yenə də duruxdu. Mən kənara çəkildim və o, içəri keçdi, əl çantasını stolun üstünə qoydu, yağmurluğunu soyunmadan ətrafı seyr elədi. Mələfəni, yastığı əllədi, iylədi, sanki zifaf gecəsinə hazırlaşırdı. Mən də sakitcə tamaşa edirdim.
Sonra yatacağa oturdu. Onun yumşaqlığını, bərkliyini yoxlamaq üçün yerində yırğalandı.
O, yerini rahatlayandan sonra: -Mənim borcum nə qədərdir? - deyə üzümə baxıb soruşdu.
Gözlərinin dərinliyində itmək olardı. Qara bəbəkləri gözlərinin ağında çalxalanırdı.
-Sizin mənə borcunuz yoxdur, - dedim.
-Mən biletin pulunu nəzərdə tuturam.
-Onun pulu ödənilib.
-Yəqin yoldaşınızın yeridir hə. Bəs o özü hanı?
-Mən evli deyiləm, - dedim.
-Amma...
-Narahat olmayın, - deyə onun sözünü yarımçıq kəsdim.
Qadın oturduğu yerdə şıltaq qızlar kimi ayaqlarını yelləməyə başladı.
Mən yerimə uzanıb kitab oxumağa davam elədim, amma fikrim qadının yanındaydı, daha doğrusu toppuş ayaqlarındaydı və oğrun-oğrun onlara baxırdım. Üzünə baxmağa cəsarət eləmirdim. Bəlkə çox gözəl idi ona görə, bəlkə vurulmaqdan qorxurdum. O, sanki nağıllardan düşüb gəlmişdi, bəlkə su pərisiydi, sudan indicə çıxmışdı? Gözlərimi yumdum. Sanki yuxu görürdüm...
Mənə görə onun 28-30 yaşı ancaq olardı. Çünki gözlərinin altı və əlləri mərmər kimi sığallıydı. Boyu 155-160 sm olardı, çəkisi də ona uyğun.
Qadın çantasından güzgü çıxarıb baxdı, dodaqlarını yaladı, üzünü o tərəf-bu tərəfə çevirdi və güzgünü qaytarıb yerinə qoydu.
-Deyəsən, siz də mənim kimi kitab oxumağı xoşlayırsınız? - üzümə baxmadan, etinasız halda soruşdu və pəncərədən çölə baxdı.
-Hə, - qısaca cavab verdim.
-Heyf ki, mən kitab götürməmişəm. Çünki çemodanımı evdə unutmuşam və düzünü bilmək istəyirsinizsə, mən qatara da təsadüfən minmişəm.
-Növbə ilə oxuyarıq, - gülümsünərək dedim.
-Bilmək olar, oxuduğunuz nədir?
-Öz kitabımdır, -dedim.
-Deməli, yazıçısınız?
-Belə də.
-Birinci dəfədir, öz kitabını oxuyan yazıçı görürəm.
-Çox yazıçı tanıyırsınız ki? - dedim və güldüm. O da mənə baxıb güldü.
-Yox, sözgəlişi dedim, elə bilə. Yəni yazıçılar da öz kitablarını oxuyur?
-Kitablarımı ona görə oxuyuram ki, necə pis yazmamağı öyrənim.
O, daha heç bir sual vermədi. Amma mən ondan gözümü çəkmədim. O da hərdən mənə baxır, nəsə fikirləşirdi. Yəqin məni təftiş edirdi.
-38 yaşım var, - dedim.
-Mən sizdən yaşınızı soruşmadım axı.
-Əzəl-axır soruşacaqdınız, - dedim və yenə də gülümsündüm. -İstəyirsiniz sizin yaşınızı da, peşənizi də deyim.
-Yaşımı çətin tapasınız.
-Əslində onu tapmışam, amma məlum səbəbdən demirəm...
-Yox, mənim elə bir kompleksim yoxdur. Özüm də deyə bilərəm.
-Vacib deyil. Həkimsiniz.
-Tapmadınız, - deyə güldü.
Fikir verdim ki, gözlərindən gülür, ovurdları da çalalanır.
-Müəlliməyəm, - dedi, - ədəbiyyat müəlliməsi. Sizi də tanıdım. Mən sizi tədris edirəm.
Onun bu etirafı xoşuma gəldi. Ona görə də dikəlib oturdum.
-Hə, mənə də dedlər ki, orta məktəbdə tədris olunuram, - bir az yekəxanalandım.
Susduq. Handan-hana o: -Bəlkə bir qədər hündürdən oxuyasınız, - dedi.
-Hündürdən oxumağı sevmirəm. Özü də öz mətnimi başqasına oxuya bilmərəm.
-Onda verin, mən də bir az oxuyum.
Təəccüblə ona baxdım.
-Özünüz demişdiniz axı, növbə ilə oxuyarıq, - dedi və güldü.
Gülüşü cingiltili və əfsunediciydi. Düzü, hələ indiyə kimi məni cəlb edən belə bir qadın olmamışdı. Bəlkə bu yuxuydu, ilğım idi, ya taleyin oyunuydu... Bəlkə vurduğu ətrin rayihəsiydi...
Kitabı ona uzatdım. O, zərif, göyərçin əlləriylə kitabı ehtiyatla məndən aldı, sanki güzgü götürürdü və yerə salmaqdan ehtiyat edirdi.
Mən yenidən yerimə uzandım.
O, kitabı oxuyur və haldan-hala düşürdü. Gah, gülümsünür, gah da qəmlənirdi.
Başını qaldırıb mənə baxdı və: -Yaxşı yazırsınız, - dedi. - Xüsusən də bir fikriniz xoşuma gəldi.
-Nə fikirdi elə? - yenə də dikəldim.
O, cavab vermədi. Yəni cavab verməyə imkanı olmadı. Qapı döyüldü. Durub açdım. Bələdçiydi, yanında da paqonlu, kepkalı biri vardı. Qatar rəisi olduğunu dərhal anladım.
Qatar rəisi: -Mənə dedilər ki, sizin kupedə biletsiz sərnişin var, -dedi.
-Bizim kupedə biletsiz sərnişin yoxdur, - dedim, - biletlər bələdçidədir.
-Amma biletlərin hər ikisində sizin adınız yazılıb.
-Düzdür, biletləri mən almışam.
-Amma onun adı olmalıdır, - deyə qadını göstərdi.
-O, mənim arvadımdır, - anidən dedim.
-Kəbin kağızınız var?
-Yox, biz kəbini qatardan düşəndə kəsdirəcəyik.
Qatar rəsi ağzını açıb nəsə demək istəyirdi ki, özümü təqdim eləməyə məcbur oldum. O, qınayıcı nəzərlə bələdçiyə baxdı və sağollaşıb-eləmədən getdi. Mən də qapını bağladım. Onların, yəni qatar rəisinin səsi aydınca eşidilirdi:
-Axmağın biri axmaq, əvvəlcə öyrən, sonra mənə de də!
Bələdçi də özünə bəraət qzandırırdı:
-Rəis, mən hardan bilim e.
-Canına azardan!
Onların səsi kəsiləndən sonra qadın: -Siz niyə elə dediniz? - deyə təəccüblə üzümə baxdı. Mənə elə gəldi ki, onun gözləri yaşarıb.
-Nə bilim. Nəsə özümdən uydurmalıydım da.
-Amma mənim xoşuma gəldi, - dedi və gülümsündü.
-Doğrudan?! - deyə qəhqəhə çəkdim, - zarafat edirdim də.
Deyəsən kədərləndi. Çiynini çəkdi. Kitabı qatlayıb özümə qaytardı və yenidən pəncərədən çölə baxdı.
-Bilrisiniz, mən belə zarafatları xoşlayıram. Bəlkə də bu, heç zarafat deyil...
O, üzünü mənə tərəf çevirdi və güldü...
Kefim durulmuşdu. Özümdən asılı olmayaraq dil qəfəsə qoymadan danışırdım. Heç o da məndən geri qalmırdı...
Yatmaq vaxtı gələndə çölə çıxdım. O, yerini rahatlayandan sona qapını döyüb içəri girdim.
Gənc xanım mənm də yerimi açmış və öz yerinə girmişdi.
-Nə əziyyət çəkirdiniz? - dedim.
Gülümsündü. Bəlkə də bayaqkı ər-arvad sözümə işarə vururdu...
Səhər yuxudan oyandıq, daha doğrusu o oyandı. Mən yatmamışdım ki. Səhərə kimi ona baxmışdım. O da səksəkəliydi. O tərəf-bu tərəfə çevrilir, hərdən ədyal üstündən sürüşür, bədəninin bir hissəsi açıq qalır və çöldən düşən işıqların haləsində cəzbedici görünürdü. Düzü, bunu qəsdən edirdi, ya yox, bilmədim...
Birinci o çölə çıxdı, əl-üzünü yuyub qayıtdı. Makiyajsız da gözəl idi. Mən də ayaqyoluna gedib qayıtdım. Mən gələnə qədər özünə sığal vermişdi və qapıya tərəf baxırdı, sanki məni gözləyirdi, üzü gülür, gözləri parıldayırdı.
Qəfildən: -Növbəti dayanacaq mənimdir, - dedi.
Təəccübləndim və nə edəcəyimi bilmədim.
-Elə bilirdim ki, siz də mənim kimi sona qədər gedəcəksiniz, - təəssüflə dedim.
-Mən də elə bilirdim, amma düşməliyəm. Sevgilim hardasa buralarda məni gözləməlidir, - sevinclə dedi.
“Sevgili” sözünü eşidəndə çaşdım. Beynimdə o qədər xəyallar qurmuşdum ki.
-Niyə fikrə getdiniz? - yenə də gülümsündü.
-Sevgilinizi qısqandım, - mən də özümü o yerə qoymayıb gülümsündüm. Amma gülüşlərimiz fərqliydi: onunku dürüst, mənimki istehzalıydı, yəni taleyin ironiyası...
O, heç nə demədən, gülümsünə-gülümsünə sağollaşdı, çantasını əlinə alıb qatardan düşdü və sanki özüylə ruhumu apardı...
Səfər ərzində bircə dəqiqə də onu unutmadım. Onun gülüşü, qara gözləri, alaqaranlıqda parlayan dərisi yadımdan çıxmırdı. Bu bir yuxuydu, ilğım idi, ya taleyin oyunuydu, bilmədim?
Səfərim başa çatdı və geri döndüm. Yenə də çiskinləyirdi. Yenə də külək payız yarpaqlarını ətrafa səpələmişdi...
...Birdən onu gördüm. Yağışın altında dayanıb mənə baxırdı. Çətirsiz-filansız. Üst-başı əməllicə islanmışdı. Bir-birimizi aralıdan tanıdıq. O, mənə tərəf yüyürdü və qarşımda dayanıb gülümsündü. Saçlarından yağış damırdı...
-Bu siziniz? - deyə təəccüblə soruşdum. O da gülə-gülə başı ilə təsdiqlədi. - Sevgilinizi qarşılamağa gəlmisiniz?
-Hə!
-Bəs sevgiliniz hanı?
-O, mənim qarşımdadır, - dedi.
Çaşdım.
-Bəs...
-Mən onu axtarmağa çıxmışdım. Tapandan sonra qatardan düşdüm. Necə yazmışdınız? “İnsanlar xoşbəxtliyini vağzallarda tapır, vağzallarda da itirir...”
-Bu nədir, taledir? - deyə məşhur pritçanın sözlərini pıçıldadım.
O da eyni pritçadakı cavabı verdi:
-Yox, bu sevgidir, - dedi.
Mən onun qara gözlərinə uzun-uzadı baxdım, sonra qucaqlayıb dodaqlarından doyunca öpdüm: ilğım kimi, yuxu kimi, taleyin oyunu kimi...
“Ədəbiyyat və incəsənət”
(06.09.2024)