Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvü, şair-publisist Güləmail Muradın ad günüdür.
GÜLƏMAİL MURAD (İsayeva Güləmayıl Novruzəli qızı) 1950-ci ildə Qazax rayonunun Sadıqlı kəndində dünyaya göz açıb. Böyük Kəsik kənd məktəbini 1968-ci ildə fərqlənmə attestatı ilə bitirib və həmin ildə Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) neft-mədən fakultəsinə daxil olub. Nümunəvi tələbə kimi Tələbə Elmi Cəmiyyətinə üzv seçilib.
Bədii yaradıcılığa orta məktəb illərindən başlasa da, ilk mətbu şeiri 1969-cu ilin sonlarında Neft-Kimya İnstitutunun “Neft kadrı uğrunda” qəzetində dərc edilib. İlk elmi məqaləsi də həmin qəzetdə dərc olunub. O məqaləyə görə mükafata layiq görülüb. İlk qonararı da ordan alıb. 1973-cü ildə ali təhsilini tamamlayıb və əmək fəaliyyətinə başlayıb. Ali dərəcəli mühəndis-müəllimdir.
Uzun müddət Gürcüstan Respublikası Qardabani rayonunun 47N-li SPTU-də öz ixtisası üzrə işləyib (1974-1991). Sonra Bakıya köçüb və müxtəlif elmi müəssisələrdə Ali dərəcəli mühəndis-müəllim kimi fəaliyyət göstərib. Və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdindəki Neft-Energetika Kollecində ixtisas fənnindən dərs demişdir.
Güləmail Murad ədəbi ictimaiyyətin maraqla qarşıladığı “Güldüm göynəyə-göynəyə” (2002), “Sənli-sənsiz” (2006), “Gecələr ulduzlar üstümə tökülür” (2007), “Qarabağ harayı” (2009), “Anasızlıq fəryadı” (2010), “Qələmim əlimdə lələkdən idi” (2010), “Yazmadıqlarım qapımı döyür” (2012), “Vətən sağ olsun!” (2012), “Balaca müdrik” (2013), “Dağlarda şəhid səsi” (2014), “Günəş qürub edəndə” (2015), “Bir damla yaş” (2016), “Ruhumun qanadları” (2016), “Qayıdış” (2017), “Aprel döyüşləri” (2018), “Yaddaşlardan gələn səslər” (2018), “Qəhrəmanlıq yüksəkliyi” (2018), “Aprel döyüşləri” - trilogiya (2018), “Günnüt zəfəri“ (2019), “Canını vətənə sərhəd elədi...” (2019), “Zəka çırağı” (2019), “Mən bulud gözlü, sən yağış “ (hayku və vakalar, 2019), “Döyüş yolları” (2020), “”Akula” ləqəbli kəşfiyyatçı” (2021), “Tovuz döyüşləri” (2021), “Zəfərnamə” (2021), “Vətən uğrunda” (2021),” Boyevıye doroqi” (2022), “Qürur dastanı”(2022), “Nuru Paşa dastanı” (2022), “Cənnətim Şuşa” (2022), “Kadirlidə 4 gün” (2022), “Dədə Anar dastanı” (2023), “Sən Azərbaycansan”, ”Ağdam kəndi-Qəhrəmanlar diyarı” (2023), “Teymurun səsi” (2023) və “Beş ulduz” kitablarının müəllifidir.
Şeirləri bir neçə xarici dilə tərcümə edilib və kitab şəkilində çap olunub. “Qarabağ fəryadı” (türkcə, 2010), “Sevgi dastanı”(fransızca, 2013), “Dostluq körpüsü” (ingiliscə və ərəbcə), 2013) və “Döyüş yolları” rus dilində, 2022), “Nuru Paşa dastanı” dörd dilə tərcümə edilb,2023)”, həmçinin”Sən Azərbaycansan” kitabı da 4 dilə, “Kadirlidə 4 gün kitabı Özbək dilinə tərcümə edilib... Sözlərinə mahnılar, hərbi marşlar bəstələnib.
Ən böyük uğurlarından biri hayku və vakalardan ibarət “Mən - bulud gözlü, sən - yağış” kitabıdır. Azərbaycan ədəbiyyatında ilk xanım yazardır ki, yapon janrı olan haykuda - 3 misra və 17 hecada on bəndlik şeirdə söylənə biləcək sözünü deyə bilir. Vakaları, tankaları da eynilə...
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvüdür. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İdarə Heyətinə üzv və həmin Mərkəzin Qadınlar Şurasına sədr müavini seçilib (2007).
Avrasiya Sanat Kültür Edebiyat ve Bilim Federasyonunun, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvüdür.
İran İslam Respublikası Beynəlxalq şeir festivalının laureatı olub. Fəxri diplom və ödüllərlə təltif olunub. 2006-cı ildə “Sənli-sənsiz” şeir kitabı “İlin lirika kitabı” fəxri diplomuna, “Oskar-Ozan” Mükafatı Fəxri Diplomuna (2009), Eskişehir Şairlər Dərnəyinin “Onur Belgesi” diplomuna (2010), “Dostluq körpüsü” kitabına görə Misir Mədəniyyət Mərkəzi tərəfindən Fəxri fərmana (2010) və Təşəkkürnaməyə (2012), Gürcüstanın Qardabani şəhər 3 saylı məktəbinin Fəxri fərmanına (2011) və Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin Fəxri Fərmanına (2012) layiq görülüb.
17 oktyabr 2012-ci ildə Azərbaycan Sərhəd Mühafizəsinin 93-cü ildönümünə həsr olunmuş müsabiqənin ədəbiyyat nominasiyası üzrə Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədovun xatirəsinə yazılmış «Qəhrəmanlıq dərsi” hekayəsi 2-ci yeri tutub, Güləmail Murad mükafat və Fəxri Diplomla təltif edilib.
Vətənpərvər şeir müsabiqəsinin qalibi, ADSO Xidmətinin keçirdiyi müsabiqənin Az.TV-nin keçirdiyi Vətənpərvərlik mövzusunda ilin ən yaxşı şeiri müsabiqəsinin lauratı olub.
Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanova həsr edilmiş «Vətən sağ olsun» kitabına görə H.B.Zərdabi diplomuna layiq görülüb. Həmin kitab əsasında çəkilmiş sənədli filmə görə 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən «General Əliağa Şıxlinski» yubiley medalı ilə təltif olunmuşdur. “Vətənpərvərlik işində xidmətlərinə görə” medala (2018), Ordunun yaranmasının 100 illiyi münasibətilə təsis edilmiş “Milli Ordu-100” medalına və “Faşizm üzərində qələbəmizin 75 illiyi” medalına layiq görülüb.
Xocalı soyqırımının təbliğ edilməsində və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunub (2017).
Aprel döyüşlərinə həsr olunmuş «Qayıdış» kitabına görə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Fəxri fərmana layiq görülüb (2017).
ASKEF-Avrasiya Sanat Kültür Edebiyat və Bilim Federsyonunun üzvü, eyni zamanda, Fəxri diplomçusudur.
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Vətənpərvərlik təbliğatında fəal iştirakına görə Fəxri Fərmanla (2022) təltif olunub. Uluslararası Kadirli Türk Dünyası Kültür ve Sanat Festivalı KATILMA BELGESİ (2022), Kaya Haber Ajansı Okurlarına Görə Yılın “Edebiyat Oskarı” mükafatına layiq görülüb.
Dövri mətbuatda xüsusi olaraq fərqləndiyinə görə «Qafqaz-Media» İctimai Birliyi və ASKEF-in Milli Mətbuat günü münasibəti ilə «Ustad Qələm Sahibi» diplomu ilə (2017), Dünya Ozanlar, Şairler və Yazarlar Derneyinin (Bursa) “Onur Belgesi” (2022) ilə təltif olunub.
BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü, Sülh Səfiridir (2017).
Yaradıcılıq uğurlarına görə “Xarıbülbül” poeziya diplomu ilə təltif olunub. Türkmen Edebiyatçı və Yazarlar Birliyinin üzvü, İLESAM (Türkiye İlim və Edebiyat Eseri Sahipleri Meslek birliyinin), “İrak Türkmen Edebiyatçılar Örgütünün üzvüdür.
Beynəlxalq “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb (2013).
İstanbulda “Şiir Fırtınası”nın iştirakçısı olub və “Türk kültürünə, Türk Edebiyatına vermiş olduğu xidmətlərinə görə” fəxri diplomu ilə mükafatlandırılıb (2014). Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqədə ədəbiyyat nominasiyası üzrə birinci yeri tutmuş və I dərəcəli Diplomla təltif olunmuşdur.
27 avqust 2023- cü ildə Qala gecəsində ilin peşəkar yazarı nominasiyalarında ödül mükafatı və Trend Of The Year” 2023 layihəsində peşakar TREND yazar adı verildi.
Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi (Ankara) tərəfindən Altın Yıldız Madalyası ilə mükafatlandırılıb.
AYB Hərbi-Vətənpərvərlik Komissiyasının üzvüdür (2022).
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Prezident təqaüdçüsüdür. Hazırda Azərbaycan Yazıçılar Birliyinin əməkdaşıdır. Ailəlidir. Üç övladı, 6 nəvəsi var.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)