Super User
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Varis, “Qar yağmasın”
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
VARİS
QAR YAĞMASIN...
(Hekayə)
Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.
Helen Keller
Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər içində oyanması var idi. Üstünə şığıyan nəhəng tank qabağına qatıb onu bağrı yarılınca qovduğundan, özünü salamat görəndə “şükür” deyib Allaha dua edərdi. Amma bu gecəki yuxusu daha dəhşətli alınmışdı, uğultu qoparan zirehli maşın onu haqlayıb altına almış, tikə-parça etmişdi, həmin bu tikə-parçalar havada qan axıda-axıda uçuşur, sanki rəqs edirdilər.
Ayılandan sonra daha yata bilməmişdi. Pəncərənin zülmət qaranlıq rəsmi işıq naxışlarıyla əvəz olundu nəhayət ki.
İşdən bir günlük icazə almışdı. Müdirinə demişdi, sabah rəhmətə gedənimin ildönümüdür, rayona gedib qəbrini ziyarət eləyəsiyəm. Müdir bir kəlmə “Kimdir ki” sualını verəndə “Doğmamdır” cavabını ünvanlamışdı. Müdir də daha dərinə getmədən “Get, Allah rəhmət eləsin” söyləmişdi. Amma hər halda, ardınca “Məktubları çox da nəzarətsiz qoyma” tapşırığını da vermişdi.
Məvacibi aşağı olsa da işindən razıydı, şirkətə gələn məktubları saf-çürük edər, üç yerə bölər, sonra da ən əhəmiyyətliləri barədə xülasəni müdirinə çatdırardı, müdiri də kefi düşəndən-düşənə dördqat buxağına sığal çəkə-çəkə tərif və təkliflərin bəzilərinə, öz aləmində ən tutarlılarına, cavab verərdi, şikayətlər isə üzü qara halda qara zibilqabına tullanardı. N.İ.-nin fikrincə, məktublar sözlərdən xeyli kəsərlidirlər. Sözü deyirsən, keçib gedir. Tutalım, biri səni sözlə yamanladı, bir tərs sillə kimi dəyib getdi. Məktubsa daha uzunmüddətli təsir gücünə malikdir. Ta ki məhv etməyincə dəfələrlə gözünə soxulub səni incidə bilər.
İşini çox sevir, necə də olmasa çörək ağacıdır. Müharibə qurtarandan bura düzəlib. Bir qolu olmadığından bu cür yüngül iş lap göydəndüşmədir onunçün. Yeganə narahatçılığı bir diliqurumuşdan eşitdiyi “elektron məktublar kağız məktubları sıradan çıxaracaq” kəlmələridir, “görəsən haçan” müəmması ilə baş-başa qaldıqca üzülür.
Evdən ertədən çıxmalıydı, beş yaşlı oğlunun başını tumarladı, növbəti dəfə içindən inilti qopdu. İtirirdisə, barı az işlək olan sol qolunu itirərdi. Nə etmək istəyirsə, qeyri-ixtiyari, on iki santimetrlik çıxıntıdan ibarət sağ qolu irəli atılır...
Həyat yoldaşına bir az xərclik verdi, dedi, rayona gedirəm, il mərasiminə, evə ayın-oyunu özün alarsan, ağ köynəyimi də ütülə.
Həyat yoldaşı onun əsəbi olub da bəzən boş yerdən bomba kimi partlamasına vərdiş etdiyindən, kimin yas yerinə getdiyini soruşmadı, “əlbət, iş yoldaşlarından kiminsə nəyidirsə ölən” düşünərək “sağ-salamat” söylədi. Və paltar dolabından ağ uzunqol köynəyi götürüb ona ütü çəkməyə başladı. Köynəyin sağ qoluna keçəndə qadının doluxsunması, dodağının səyriməsi N.İ.-nin gözündən yayınmadı.
Kədər bəzən insanın üzündə olur, bəzən içində. Üzdəki anidir, içdəkisə daimi.
O, əslində həyat yoldaşının xətrini istəyirdi, üstünə qışqırması da özündən asılı deyildi. Bir sinifdə oxumuşdular, elə ilk dərs günündə əsmər bənizli bu qızdan xoşu gəlmişdi. Evlənəndə Leyli və Məcnun sevgisiylə evlənmiş, müharibəyədək tək balalarını bəxtəvərlik içində böyüdərək bir-birinə can deyib can eşitmişdilər. Elə ki müharibəyə getdi, ağır yaralanıb, qolunu da itirib geri döndü, sanki tamam başqa birisi oldu. Əsəbi, səbirsiz, deyingən...
Oğlu idi, salamat qolunu dartırdı. “Mənə avtomat alarsan” deyə arzusunu dilə gətirdi. Avtomat? Elə bil, N.İ.-nin üzünü qarsıya-qarsıya bir alov keçdi. “Yox, avtomat yox, sənə maşın alacam!”, - dedi. Çox ucadan dedi. Təmirsiz divarın suvağından bir parçanın qopub düşməsi ilə telefonunun mesaj siqnalı bir-birini necə tamamladısa, öz səs tembrinə təəccüblənməyə macal tapa bilmədi.
Əmin idi, yazan həmin o əcnəbi araşdırmaçı jurmalist xanımdır, o qır-saqqızdır.
“Axı necə bir hissdir, sap-sağlam gedirsən, bir əzanı – özü də ən vacib əzanı itirib gəlirsən? Və heç şikayətlənmirsən? Bunun psixoloji şərhini açın, çox xahiş edirəm. Tutuquşu kimi təkrarlamayın amma, “vətənə borcumu verirdim” kəlmələri mənə əsla səmimi görünmür...”
Səs yolladı: “Mən tam səmimiyəm”.
Həyat yoldaşının “yenə odur” sualına başını tərpətməklə cavab verdi, qapıdan çıxhaçıxda gözü divara vurulmuş rəsmə sataşdı. Ev sahibinin dediyinə görə, rəsmi rəssam əmioğlusu çəkmişdi. Qışın bəyaz qar örtüyünün hökmranlığı altında daxma və bir neçə şam ağacı olduqca bəxtəvər görünür. Günəşin şəfəqləri qar hüdudsuzluğunda əks-səda verməkdədir... Hər kimdisə, bərəkallah, gözəl çəkmişdi.
Dərindən düşündükcə anlayırsan ki, sevdiklərindən başqa, hansısa bir canlı olmayan əşyanı, cismi də sevirsən. O da qarı sevirdi. Bəlkə də, dünyaya qarlı gündə gəldiyindən, bəlkə də bir vaxtlar qarın üzərinə uzanıb səmanın hüdudsuzluğuna baxdıqca xoşbəxtlik duyduğundan idi bu. Qar yağdımı, heç nə onu qəhvəyi rəngli meşin əlcəklərini taxaraq qarı topalayıb qar adamı düzəltməkdən, qartopu oynamaqdan saxlaya bilməzdi. Hətta müharibə zamanı da qarlı ərazidən keçid edəndə hamının təəccübünə rəğmən qarın üzərinə atılıb qar adamı düzəltdiyi, əsgər yoldaşlarına qartopu atdığı olmuşdu...
Kəsik qolu sızıldadı.
...Qarabağ səmtə gedən avtobuslar çox seyrək hərəkət edir. Avtovağzala çatıb xeyli gözlədi, sonra daha gözləyə bilməyib bədxərclik elədi: bir boş yeri qalmış yol maşınına mindi. İli xeyli köhnə olan dördgöz idi.
Gözlərini yumdu.
Ötən il birinci ildönümündə qəbristanlığa getməsini xatırladı. Onda getmək daha məşəqqətli idi. Necə çətinliklə icazə almışdı, neçə saat nəqliyyat gözləmişdi, yoxlamaları necə zülümlə adlayaraq gedib mənzil başına çatmışdı. Məzarın sinədaşı əvəzi qoyulmuş mişar daşını silib təmizləmişdi, ot-ələfi, tikanları yolub bir kənara atmışdı...
Gecə yuxusuzluğu özünü göstərirdi. Bir anlıq mürgülədi. Yenə üstünə zirehli maşın şığıyanda necə dik atıldısa yanında əyləşmiş orta yaşlı kişini də səksəndirdi.
Başını qatmaq, yolun uzunluğunu gödəltməkçün istədi yol yoldaşı ilə söhbətləşsin. Zalım oğlunun sifətindən zəhrimar yağır. Beləsiylə kəlməmi kəsmək olar? Fikrindən daşınıb gələcək haqda düşünməyə başladı. Özü heç, özü yazılıb qurtarmış, nöqtəsi qoyulmuş məktub kimidir. Oğluyla bağlı düşündü. Onu mahir bir güləşçi eləmək, çempion kürsüsündə görüb qürrələnmək ən böyük arzusuydu. Arzu çox böyük olmalıdır ki, özünə də yetməsən, barı həndəvərində daldalana biləsən.
Özü vaxtı ilə çox ümidverici güləşçi olmuşdu. İç yarışları da qazanmışdı, dış yarışlarda da uğurları az olmamışdı. Medallarını, kuboklarını, diplomlarını evin bir küncünə düzüb fəxrlə nümayiş etdirərdi. Müharibədən yarıcan qayıtdıqdan sonra hamısını dolaba basıb gizlətdi. Bədbəxt olduğu düzəngahdan xoşbəxt olduğu zirvəyə baxmaq insanı çox incidər.
“Naşükür olma. Buna da şükür de. Özündən yaxşıları görüb dərd çəkməkdənsə özündən betərləri görüb ovun. Tetraameliya deyilən bir xəstəlik var, insan anadangəlmə əllərsiz və ayaqlarısz olur...” Həyat yoldaşı bir dəfə onu zorla psixoloq yanına aparmışdı, bunları psixoloqdan eşitmişdi.
“Britaniyalı Rik Allen tək əllə mahir zərb alətləri ifaçısı, alman Klaus Ştauffenberq tək gözlə məşhur sərkərdə, rus Aleksey Meresyev hər iki ayağı olmadan as təyyarə pilotu olub. Avstraliyalı Nik Vuyçiç isə hər iki ayağı və hər iki əli olmadan xarici ölkələri gəzib, kitablar yazıb, üzüb, dünyanın ən uğurlu motivasiya kouçu olub...” Bunları da.
Üçyolda dayandılar. Sürücü elan etdi ki, kim istəyir çay içsin, kim istəyir gedib təlabatını ödəsin, amma iyirmi dəqiqəyə çıxasıyıq.
Bir tərəfi bürüşmüşdü, maşından düşdü, var-gəl elədi. Susuzlamamışdı əsla, di gəl, susatan oğlanın suyu şirin gəldi, eynən rəhmətlik qardaşına oxşatdı onu. Müharibəyə hər ikisi birlikdə, könüllü getmişdilər. Bu, yalnız müharibə qurtarhaqurtarda yaralandı, ora kimi gedib çıxa bildi. O yazıqsa on günün əsgəri oldu, səngərdən çıxarkən snayper gülləsinə tuş gəldi. Müharibənin öz qanunları var. Silah açılmağa bir an yubansa, daha əsgər əlində deyil, torpaqda - şəhid yanında atılıb qalasıdır.
Susatandan suyu alanda yenə salamat sol qolu gözünü döyüb qaldı, topal sağ qolu ondan qabaq irəli atıldı.
Bu qədər bənzərlikmi olar? Nə səbəbdənsə, qardaşıyla adaş olub-olmadığını yoxlamaq üçün susatanın adını da soruşdu. Yox, adaş deyildilər.
Qardaşı tələbəydi. Fizikanı mükəmməl bilirdi. Hətta ixtiralar da edirdi. Deyirdi, fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Deyirdi, orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.
N.İ.-nin yenə oğlu var, davamçısı var. Yazıq qardaşı heç evlənməyə belə macal tapmadı. Ailə qurmadan ölənlər tək özləri ölmür ki. Dünyaya gətirməli olduqları övladlarını da özləri ilə torpağa gömürlər. Həyat deyilən nəsnə əslində ən böyük zordur, doğulanda da sənin istəyin nəzərə alınmır, öləndə də. Hər şeyi sənin əvəzinə həll edirlər. Birini valideyinlərin, digərini əcəl.
“Siz səmimi deyilsiniz bu cavabınızla. Necə yəni, “Vətənə canım da qurbandır”? Bu pafos, bu taftalogiya nəyə lazımdır axı? İnsan canını - ən əziz mövcudiyyatını niyə versin? Əsaslandırın görək də. Bir fakt deyim. İkinci Dünya Müharibəsindən sonra Sovet şəhərləri müharibədən şikəst qayıtmışlarla doldu. Əllərini, ayaqlarını itirmiş bu insanların çoxu mövcud halları ilə daha heç kəsə lazım olmayacaqlarını sanıb evlərinə qayıtmır, bomj həyatı sürürdü. Medallarını sinələrinə düzüb küçələrdə dilənir, qənimət əldə etdikcə içkiyə verirdilər. Pulları azlıq eləyəndə vodka və samaqon əvəzinə “Troynoy” odekalon içirdilər. Onlardan kəsif tər, çirk, sidik qoxusu gəlirdi...”
Yola düzəldilər.
“...Dövlət məxvi qərarla bir gecədə bütün ölkə boyu onların hamısını yığıb pasportlarını, hərbi biletlərini, orden və medallarını əllərindən alaraq Xarkovdakı, Krımdakı, Yerevandakı, Barnauldakı, Sibirdəki internat evlərinə doldurdu... Onları həm müharibə qəhrəmanı statusundan, həm də ümumən insan statusundan məhrum etdilər. Bu cür aqibətdən qorxmursuz yəni?...”
Bir kəlmə “Xeyr, qorxmuram” səsini atdı.
Az keçmiş işğal edilmiş ərazilərə - düşmənlə təmas xəttinə çatdıqca addımbaşı postlar başladı, yoxlanışlar səngimək bilmədi. Otuz il düşmən əsarətində qalmış yurd yerlərinin çox dəhşətli və miskin görünüşləri var. Dörd tərəf xarabalıqdı, damsız, qapı-pəncərəsiz divarlar əlsiz, ayaqsız, gözsüz əsgərlərdir sankı...
Qəbristanlıq şosse yoldan azacıq aralıda yerləşir, maşından düşən kimi torpaq yolla ora səmt aldı. Tez də səbirsizlənib kol-kosun arasıyla kəsə getməyə başladı. Belə baxanda, on addım da on addımdır.
...Çatdı.
Qara qarğalar qarr deyə-deyə qırıldaşır, yerə cumub təzədən fəzada qanad çalırdılar.
Ətrafa nəzər saldı. Ondan başqa daha bir nəfər vardı, hardasa iyirmi addım aralıda, bir məzarın qarşısında əlil ağaclarına dirənib dayanmışdı.
Burda məzarlar hamısı bir-birinin ekiz qardaşıdır sanki. Burda sərdabələr, bahalı-ucuz mərmərlər, qranitlər, dekorativ hasarlar, ağaclar, gül-çiçək fərqlilik yaratmır əsla. Bütün qəbirlər bir-birinin oxşarıdır: kiçicik bir qum təpəsi, üzərində dik qoyulmuş mişar daşı. Daşın üzərinə də sahibinin cızılaraq yazılmış adı.
Bu qadın usanmadımı yazmaqdan?
“Minetik rəqabətin fəlsəfi-antropoloji kateqoriyaları arasında qurbanvermə təzahürü xüsusi çəkiyə malikdir. Ümumən, insan cəmiyyətindəki mədəni institutların genezis problemləri daim olub və olacaqdır. Zira, sakral və profan dünyalar arasındakı vasitəçi kimi təkgözlü, təkayaqlı və təkqollu əcaib və qorxunc qəhrəmanların yaradılması...”
Gerisini oxumadı. Yadına Təpəgözün nağılı düşdü.
...Ziyarət edəcəyi qəbrin yanına çatan kimi daşı öpdü, sonra diz çökdü. Qəhərli səslə xitab etdi:
-Xoş gördük. Necəsən?
-....
-Bizsiz necə yaşayırsan? Darıxmırsan ki?
-...
-Biz hamımız bir yerdəyik. Amma səni burda yalqız qoymuşuq. Vəfasızıq biz. Çox vəfasızıq.
Sol qolunun barmaqlarını sağ qolunun kəsik yerinə sürtə-sürtə, sanki o yeri ovudaraq bir xeyli dayandı. Qəhvəyi rəngli meşin əlcəyin sağ tayını cibindən çıxarıb qəbrin üstünə qoydu, “əlcəyini gətirdim, qışda üşüməyəsən deyə” söyləyəndə qəhər onu necə boğdusa, zülüm-zülüm ağlamağa başladı.
Heç keçən il gələndə bu qədər dərdlənməmiş, bu qədər göz yaşı tökməmişdi. Bəlkə keçən il ilk il idi, hələ təzəydi, isti-istiydi dərdi. Baxırsan, bəzən yaralar zaman keçdikcə sağalmaq, qaysaq bağlamaq əvəzinə daha da qövr edirlər...
Çiyninə əl toxunanda əmin oldu ki, həmin o digər ziyarətçidir. Meh onun kəsilmiş ayağının boşluğuna sarılmış şalvarının balağını yelləməkdəydi.
-Sənin qolundur, elə?
Gələn soruşdu. O başını tərpətdi. Gələn başı ilə ayağına deyil, iyirmi addım aralıdakı qəbrə işarə elədi:
-Mənim də ayağımdır.
Sonra da içini çəkib “Bilmirəm, qola-qıça rəhmət düşürmü. Allah bütün ölənlərə rəhmət eləsin” söylədi. N.İ.-dən çox şeylər soruşacaqdı, kimsən, nəçisən, haralısan, hansı döyüşdə itirmisən qolunu və sair və illaxır. Özü barədə danışacaqdı, kimdir nəçidir, haralıdır, hansı döyüşdə itirib ayağını... Ətrafdakı bəzi qəbirlər barədə də məlumatlıydı, bir-bir anladacaqdı, bu filankəsin sağ ayağının qəbridir, bu bəhmənkəsin sol qolunun... Bu, nisbətən enli qəbirdəsə filan bədbəxtin hər iki ayağı yatır...
N.İ. anidən yadına saldı, sağ qolunu bükərdi, əzələləri qabarardı, uşaqlar gəlib barmaqlarını basaraq “uy da, dəmirdir, dəmir” deyərdilər. Həyat yoldaşı də o əzələni oxşamağı çox sevərdi... Ürəyi necə qübar etdi. Əlini get-gedə hamarlanmaqda olan qəbir-təpəliyə sürtüb pıçıldayaraq soruşdu:
-Əzələn durur?
Ardınca lap qara fikir dolandı başında. Yəqin iki ilə qolunun əti də çürüyüb, tək sümüyü qalıb.
Həmdərdi danışmaqdaydı: -Sən ildə bir kərə gəlməyinə baxma, mən tez-tez gəlirəm. Nə işdisə, kəsik ayağımın yeri yay-qış buz kimi olur, təkcə bura gələndə qızınır.
Onunsa indi fikri burdan çox-çox uzaqlardaydı. Yeddincidə oxuyurdular. Həmin qış dizəcən qar yağmışdı. Həyatında gördüyü ən bol qar idi bu. Evlər həm aşağıdan, həm yuxarıdan qarla örtüldüklərindən nazik zolaq kimi görünürdülər. Qızlı-oğlanlı hamısı dərsə girməyib məktəbin həyətində qartopu oynayırdı. O, hamıdan çevikiydi, əllərini tam aralayıb qara dirəyərək bir-birinə yaxınlaşdırdıqca böyük qar topası yaradır, xışmalayıb iri-iri qartopuları düzəldir, sinif yoldaşlarını nişan alıb vururdu. Və əsmər bənizli bir qız üçün də qartopu düzəldib verməyə macal tapırdı...
Dərindən ah çəkdi. İnnən belə bir qolla qaradamımı düzəldəsiydi, qartopumu oynayasıydı?
“Hər halda mən bu sirri açmaqda acizəm. Qəhrəmanımın portretini tam yaratmaq üçün hətta sizin orta məktəbdəki sinif rəhbərinizlə də danışmışam. O xatırlayır ki, bir dəfə dərsdə söz orqan transplantasiyasından, könüllü donorlardan düşübmüş. Siz demisiniz, insanın hər bir əzası onun üçün o qədər dəyərlidir ki, nəyinsə xatirinə onlardan imtina etmək ağlasığmaz görünür. “Yüz min nədir, milyon olsun, milyard olsun, mən heç nəyimdən imtina etmərəm” demisiniz. Bəs necə oldu, cəmi bir neçə ildən sonra...”
Yanındakı şəxs yasın oxuyurdu. Oxuyub bitirdi. Bununla sağollaşıb getməyə başladı. Bir qədər getmişdi, dayandı, qəbirlərdən birinin qarşısından geriyə qanrılaraq söylədi:
-Naşükür olma. Bizə şükür. Bu bədbəxt oğlu bədbəxtin yanında mərmi necə partlayıbsa gözü pırtlayıb çıxıb. Gözünün qəbridir.
Üşəndi. Tükləri biz-biz oldu.
Növbəti mesaj özünü çox gözlətmədi:
“Cənab qəhrəman, istəyərsinizmi, sizə ən bahalı bionik protez hədiyyə edilsin? İstəyərsinizmi, bank hesabı açılıb ora pul yatırdılsın? Nəsə bir istəyiniz varmı?”
Qarğalar lap fəallaşmışdılar, cəmləşib yerdə nəyisə dimdikləyirdilər. Uşaqkən nənəsindən eşitmişdi ki, qarğalar aşağıdan uçuşanda, bir yerə toparlaşanda qış sərt gəlir.
Görən, bu qış qar yağacaqdımı...
Gözü “Nəsə bir istəyiniz varmı?” sözlərinə ilişib qaldı. Bir xeyli keçəndən sonra – artıq yavaş-yavaş çıxışa doğru getməkdəydi - cavab yazdı. Yazdı ki, “Bəli, var istəyim. Elə edin, bu qış qar yağmasın...”
Şosse yoluna çatdı. Yol maşını ilə rastlaşmaq fikriylə bir xeyli üzüaşağı piyada irəlilədi. Təpəni aşanda qarşısına ilginc bir mənzərə çıxdı. İnsanlar, texnika bir-birinə qarışmışdı. Nəhəng bir ərazidə tikinti işləri gedirdi. Xarabalıqların yerində sırayla ağappaq, üstü qırmızı damlı evlər tikilirdi.
Birdən haradansa içinə ümid axını dolmağa başladı. Sanki qanadlandı, səmanın əngilliklərinə qalxdı. Fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.
Bax ora səmt aldı.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 14.Mütaliə mədəniyyətinin inkişaf mərhələləri
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
13-1.
MÜTALİƏ MƏDƏNİYYƏTİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ
Mütaliə mədəniyyətinin inkişaf mərhələləri 3-dür.
1. BİRİNCİ MƏRHƏLƏ. Bədii əsərdə bir qism oxucu hər şeydən çox onun məzmunu, fabulası ilə maraqlanır. Digər qism hiss, həyəcan, ehtiras axtarır. Hər iki kontingent üçün asudə vaxtı səmərəli keçirmək, yaxşı əylənmək üçün mütaliə lazımdır. Bu, əyləncəli mütaliədir. Əyləncəli mütaliə Mütaliə mədəniyyətinin ən aşağı mərhələsidir. Məsələn, satılma tirajına görə dünyada ilk cərgədə qərarlaşmış kitablar “Harri Potter” seriyasıdır ki, müəllifi C.K.Roulinq olan bu romanlar macəra janrındadır, gənc sehirbaz Harri Potter və onun dostlarının sərgüzəştlərindən bəhs edir. Bu romanlar əyləncəli mütaliə üçün nəzərdə tutulubdur. Ən çox satılanlar sırasında müasir bir sıra yazarların, eləcə də klassik dönəmin Aqata Kristi, Artut Konan Doyl kimi ustaların yazdıqları detektivlər də ön sırada qərarlaşıbdır. O xümlədən bizim ölkəmizdə bu janra maraq böyükdür. Dünyaşöhrətli Xalq yazıçımız Çingiz Abdullayev, kitabları Teas-press yayın evinin satış listəsində həmişə öndə qərarlaşan Elxan Elatlı, yeni debüt etmiş Fəxrəddin Qasımoğlu azərbaycanlı detektivsevərlərə bir-birindən maraqlı yeni-yeni kitablarını ərməğan etməkdədirlər. Detektiv janrı əyləncəli mütaliənin ən geniş yayılmış və populyar növüdür.
Əyləncəli mütaliənin bir növü də erotik romanlardır. 2015-ci ildə işıq üzü görən və qısa müddət ərzində 55 ölkədə çap olunan, tirajı milyonu keçən “Bozun əlli çaları” romanının triumfunu kim xatırlamır? Britaniyanın qadın yazıçısı E.L.Ceymsin qələmindən çıxan bu roman məhz erotik romandır.
Əlbəttə ki, kitab oxumaq özlüyündə müsbət haldır, istənilən şəxs kitab oxuyursa onu alqışlamağa dəyər. Zira, əgər o, sonadək yalnız əyləncə xatirinə kitab oxuyursa, bu artıq alqışlanası hal deyil. Belə ki, əyləncəli mütaliə oxucunun zövqünü korşaldır, nəticədə həqiqi sənət əsərləri onlara darıxdırıcı, maraqsız gəlir. Qoy oxucular macəra da oxusunlar, detektiv də oxusunlar, insanları kitabı sevdirmək, mütaliəyə alışdırmaq üçün əyləncəli mütaliənin əhəmiyyəti böyükdür, amma sonradan oxucuların mütaliə mədəniyyətini inkişaf etdirmək, onları 1-ci mərhələdən 2-ci mərhələyə qaldırmaq zəruridir.
2. İKİNCİ MƏRHƏLƏ. Əgər oxucunun mütaliə mədəniyyəti 1-ci mərhələyə nisbətən yüksəkdirsə, onu 2-ci mərhələyə aid edirlər. Bunlar bədii əsərdən böyük estetik zövq və yüksək həzz alan oxuculardır. Onlar oxuduqları əsərləri dərk edirlər. Halbuki, mütaliə mədəniyyətinin 1-ci inkişaf mərhələsində olan şəxslər barədə bunları söyləmək olmaz. Məsələn, yazıçı Varis “Yeddi iyunun yazısı” essesində yazır: “Bizə Nyu-Yorkda “Bestseller yazmağın qızıl qaydaları”ni tədris edəndə 3-cü minillik insanının mobil telefondan və internetdən qopub kitaba inteqrasiyası üçün yazıçıya cəmi 3 abzas şans verildiyini bildirmiş, uzunçuluqdan, müəmma və mücərrədçilikdən, bol bədii ifadə vasitələrindən qaçmağın lüzumunu sübut eləmiş, əsas oxucu kütləsi sayılan, hədsiz sosiallaşmış Z nəslinin maraq dairəsini nəzərə almağı tövsiyyə etmişdilər. Və ən əsası, təlqin olunmuşdu ki, hər bir bədii əsər öz mesajı ilə dəyərlidir.
Bəs nə edəsən ki, əksər oxucularımız hadisə təfsilatına, təhkiyəyə uyurlar, amma mesajlara önəm vermirlər? Bakı Kitab Klubunun elan etdiyi kimi, Azərbaycanda ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanımı oxuyanlar bir uğursuz sevgi əhvalatına təəssüflə acıyırlar. Halbuki, o romanda sevgi əhvalatı yalnız butaforadır. Canlı olan isə "məqsəd vasitələri doğruldur” deyərək ən əyri, ən alçaldıcı yollarla məqsədlərinə çatanlara bu sayaq yüksəlişin sonda çöküş olacağı qanunauyğunluğunu sübut etməkdir.”
Həqiqətən də cəmiyyətin qarşısında duran ən ümdə məsələ kitab oxuyanların sayını artırmaqdır, eyni zamanda, onların mütaliə zövqünün də korşalmasına imkan verməməkdir. Bu isə, həqiqətən, çox çətin bir prosesdir və özlüyündə həm naşirləri, həm yazarları, həm kitabxana əməkdaşlarını, həm pedaqoqları, həm də ki, əlbəttə, valideyinləri külüngü eyni nöqtəyə vurmağa səfərbər edir.
3. ÜÇÜNCÜ MƏRHƏLƏ. 3-cü mərhələnin oxucusu böyük estetik mədəniyyətini, bədii yaradıcılıq xüsusiyyətini anlaması, əsəri bədii və ideya cəhətdən bütövlükdə təhlil etmək qabiliyyəti ilə fərqlənənlərdir. Əlbəttə ki, əgər oxucu Kafkanın “Qəsr”, Bulqakovun “Usta və Marqarita”, Oruelin “1984” romanlarını oxuyursa, Füzulinin qəzəllərini oxuyub rahat şəkildə qavrayırsa, demək onun mütaliə mədəniyyəti ən yüksək mərhələdədir.
Növbəti: 15.Mütaliənin hərtərəfli olması qaydası
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Quzu (qoyun) kababı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Quzu (qoyun) kababının
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Quzu əti – 237 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ soğan – 20 qr, sumaq – 3 qr, göyərti – 10 qr, nar – 15 qr, meyvə turşuları – 15 qr, lavaş – 20 qr
HAZIRLANMASI:
Quzunun bel, budunun yumşaq hissəsi, qol hissəsi 40-50 qramlıq tikələr şəklində doğranır (əgər qoyun əti olarsa, ətə duz, istiot, kəklikotu və ya mərzə, soğan vurulub basdırma hazırlanır). Manqal hazırlanır, tikələr şişlərə taxılır (sümüklü və yumşaq hissələr ayrı-ayrı) və bişirilir. Şişə taxıldıqdan sonra duz, istiot vurulur. Közə düşmüş manqalın üstünə qoyulur, tez-tez çevrilir. Süfrəyə verəndə yanında aypara şəklində doğranmış soğan, xırda doğranmış göyərti, nar dənəsi qarışığı, lavaş, sumaq, meyvə turşuları (məti) verilir. Hər paya 4-5 tikə düşür. Yanında pomidor, bibər, badımcan kababı da vermək olar. Kababın bişmə müddəti 12-15 dəqiqə təşkil edir.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak edib.
AzərTAC xəbər verir ki, səfirliklər stendləri vasitəsilə mədəniyyətlərini, milli mətbəxlərini və rəqslərini nümayiş etdiriblər.
Azərbaycanın təqdimatı festival iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Xan Şuşinksi Fondunun təşkilatçılığı ilə festivalda xalqimızın milli mənəvi sərvəti olan və 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilən muğam musiqisi təqdim olunub.
Xanəndə Nisbət Sədrayeva tarzən Rüstəm Müslümov və Əməkdar artist, kamançaçı Toğrul Əsədullayevin müşayiəti ilə bir çox muğam dəstgahlarını ifa edib. Musiqiçilərimizin ifası festival ziyarətçiləri tərəfindən alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
MƏDRƏSƏDƏN MEYSƏRİYƏDƏK - Şamaxıda Üçüncü Üzüm və Şərab Festivalı keçirildi
Şamaxı ta qədimdən Azərbaycanın üzümçülük məskəni olub. Sovet dönəmində buranın üzümündən çəkilən “Mədrəsə” şərabı çox məşhur idi. Hazırda
İsə estafet “Meysəri” şərabındadır.
Sentyabrın 7-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində Üçüncü Üzüm və Şərab Festivalının açılışı oldu.
Festivala gələnləri nəfəs alətləri orkestrı və animatorlar qarşıladılar.
Möhtəşəm festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər şəxslər iştirak edirdilər.
Açılış mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirdi ki, regionun turizm potensialı çox böyükdür. Vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həm aqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişaf edir: “Rayonumuzda aparılan çox böyük quruculuq işlərinə, həmçinin inkişafa görə Prezidentimizə bütün əhalimiz adından dərin minnətdarlığımızı bildirirəm. Bugünkü tədbir turizm sahəsinin inkişaf modelinin bir tərkib hissəsidir”.
Tahir Məmmədov qeyd etdi ki, hazırda bölgədə turizm istiqamətində ən başlıca faktor yerli və xarici turistlərin məmnunluğuna səbəb olan ümumi yeni inkişaf konsepsiyası, yeni modelin həyata keçirilməsidir: “Bu baxımdan Şamaxı şəhərinin ənənələri çox vacib yer tutur. Şamaxının poeziyası, musiqisi, xalçaçılığı, qədim tarixi abidələri, turistlərə çox yüksək səviyyədə təqdim olunmaq üçün hazırlanan bu konsert – bütün bu yeni model indi və gələn il şahidi olacağınız bir çox yeni layihələrlə sizin qarşınıza çıxacaq”.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə dedi ki, bu festival artıq turizm təqvimində öz yerini tutub: “Azərbaycanın bəlkə də ən peşəkar, ən dadlı, ən şən festivalıdır. Biz düşünürük ki, festivalın miqyası ildən-ilə genişlənəcək, bəlkə də beynəlxalq xarakter daşıyacaq. Azərbaycan şərabçılığının ənənələri çox qədim və zəngindir. Hazırda Azərbaycan şərabçılığı yeni mərhələni yaşayır. Dövlət Turizm Agentliyi olaraq şərabçılığın təbliğində hər zaman maraqlıyıq ki, həm yerli, həm də xarici turistlər Azərbaycanın rəngarəngliyini hər zaman bilsinlər.
Festivalın ilk günü üçün dörd mindən çox iştirakçı ilkin olaraq rezervasiya etdirmişdi. Əlbəttə ki, sabah festival davam edəcək və iştirakçıların sayı daha çox olacaq. Ümumiyyətlə, festival iştirakçılarının sayı ildən-ilə bu say artır”.
İki ildir ki, bu festivalda işğaldan azad edilmiş ərazilərimizin də təmsil olunduğunu qeyd edən Kənan Quluzadə Tuğ kəndi və digər yerlərdən şərablar gətirildiyini bildirdi.
“Hamınızı stendlərə, xüsusi olaraq Qarabağın autentik şərabını dadmağa dəvət edirəm. Digər 23 evin də qonağı olmalısınız.
Azərbaycanda əsas iki turizm marşrutu - şimal və qərb dəhlizi üzrə turizm şərab marşrutları yaradılıb. Azərbaycanın şərab marşrutu qonşu Gürcüstan və Rusiyanın cənub hissəsini əhatə edərək Avropanın ən uğurlu şərab marşrutlarından birinə çevrilib. Bizim uğurlarımız ildən-ilə artır. Düşünürəm ki, siz hazırda sözdən zövq almağa deyil, daha çox şərabdan zövq almağa toplaşmısınız. Odur ki, badələriniz dolu olsun”, - deyə Kənan Quluzadə vurğuladı.
Qeyd edək ki, festivalın keçirilməsinin məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, şərab məhsullarının ixrac potensialını artırmaq, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.
Festival ərazisində sərgi, əyləncə, müxtəlif master-klas zonaları və tanınmış restoranların pavilyonları quraşdırılmışdı, 23 şərab evinin iştirakı təmin olunmişdu. Həmçinin festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələr təqdim edildi.
Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını daddııar və bəyəndikləri məhsulları ala bildilər.
Festivalda şərab istehsalçıları, şərabçılıq turizmi ilə məşğul olan sənaye üzvləri, rəsmi və media nümayəndələri daxil olmaqla, şərab həvəskarları aktiv formada iştirak edirdilər.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.
Həmçinin Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.
Festivala sentyabrın 8-də yekun vuruldu.
Yazı hazırlanarkən AzərTAC-ın materiallarından istofadə edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
DİQQƏT! Formula 1 ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq edilir
Sentyabrın 13-15-də keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi ilə əlaqədar Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlanıbdır.
Hərəkət sentyabrın 17-si səhər saat 8:00-dan etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq edilir. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir.
Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış yerinə giriş icazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq bu gündən - həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
- Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
- Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə
Tel: (012) 497-35-89
- Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4
- Xəqani küçəsi 26/32
Tel: (012) 498 88 06
- Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58
- İstiqlaliyyət küçəsi 5
Tel: (012) 492 41 85
Qeyd edək ki, “Yaşayış yerinə giriş icazəsi”nin paylanması avqust 29-dan sentyabrın 13-dək davam edəcək. Hər il olduğu kimi, bu il də Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
Bizim Lütfi Zadə…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yeddi il bundan əvvəl dil-dil ötüb Lütfi Zadənin nəşinin Azərvaycana gətirilməsinə mənfi yanaşanları yəqin ki, xatırlayırsınız.
Az qalırdılar ki, dəridən-qabıqdan çıxsınlar. Nəticə nə oldu? Vətən öz ünlü oğluna yer ayırıb ağuşuna aldı, övladına simsar çıxdı. Necə deyərlər, yenə də yamanlıq qaraguruha qaldı…
Lütfi Zadə ömür boyu Azərbaycanda olmasaydı da belə, son nəfəsində etdiyi vəsiyyəti ilə böyük azərbaycanlı olduğunu sübut etdi…
Bəli, sentyabrın 6-sı Lütfəli Rəhim oğlu Ələsgərzadənin- Lütfi Zadənin vəfatından yeddi il ötdü.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
MÜTLƏQ OXUYUN! - “Miskin Abdal, Abdallı. Oğuzun Xaçmaz kəndi. Dağda faciə”
İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”, Oğuz təmsilçisi
Bir neçə gündür Miskin Abdalın həyatına aid məlumatları və əsərlərini oxuyuram. Onun həyatı ilə bağlı məlumatlar yadıma bir hadisəni saldı.
Deməli, üzun illər bundan öncə-1990-cı illərin ortalarında Bakıya gedərkən təsadüfən Oğuz rayonunun Xaçmaz kənd sakini, öz kəndlərindəki natamam orta məktəbdə direktor işləmiş mərhum Telman Nəsrullayevlə yol yoldaşı olmuşdum. Qəbələ ərazisindəki magistral yoldan Qafqaz dağlarının gözəl mənzərəsi açılırdı. Telman müəllimgilin kəndinin də bu dağların ətəyində yerləşdiyini bildiyimdən üzümü ona tutub soruşmuşdum:
- Telman müəllim, heç o dağlara, qayalıqlara çıxmısan?
Rəhmətlik gülümsəyib demişdi:
- Sən elə bilirsən, o dağlara çıxmaq asandır?! Bilirsən, oralarda, o uca dağ və
qayalarda nə qədər adam tufana düşüb, qayadan uçub ölüb?! Babam deyirdi ki, Şah İsmayılın vəziri Miskin Abdalın uşaqları da o qayalarda borana düşüb həlak olublar.
İndi peşimanam ki, niyə söhbəti ucalamadım. Bəlkə, o, Miskin Abdal barədə babasından eşitdiyi başqa məlumatları da söyləyəcəkdi. Nə isə...
Neçə gündür ki, onun dedikləri fikrimdən çıxmır. Maraq məni rahat buraxmır..
Soruşa bilərsiniz ki, Miskin Abdalı, türklər demişkən, bu qədər önəmli qılan nədir ki? Qısa söyləsəm, çox şey!
Bilməyənlər üçün də bir neçə kəlmə deyim. Tarixdə “Miskin Abdal” kimi tanınmış, əsl adı Seyid Hüseyn Məhəmməd oğlu olan bu şəxsiyyət Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Qeyb Ərəni", böyük övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Pir sahibi olub. Mistik, metafizik qüdrət və kərəmət sahibi imiş. Filologiya elmləri doktoru, professor M.Allahmanlı “Miskin Abdal-Səfəvilərin böyük ideoloqu, sufi şeyxi” adlı kitaba ön sözdə yazır ki, tarixi şəxsiyyət olan Miskin Abdal 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Atası Məhəmmədin yaxından qayğısı sayəsində kiçik yaşlarından o dövrün ədəbi və rəsmi dövlət həyatı üçün zəruri sayılan ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, cəng oyunlarını mənimsəmiş, Göyçə ozan, qopuz mühitinin sirrlərinə yaxından bələd olmuş, çox erkən yaşlarından İslam dininin, o cümlədən, «Quran»ın incəliklərini dərindən öyrənərək, «Abdallıq nəzəriyyəsi» və onun əsasında yaranmış Səfəvilərin ideya məsləki olan «Səfəviyyə» sufilik təriqətinin geniş təbliğinə başlamış, çox qısa zamanda yüksək ad-san qazanmışdır. Bütün İslam aləmində, hətta üç ənənəvi səmavi dinin müqəddəs məkanı olan tarixi Fələstin ərazisində, Qüdsdə - müsəlmanların 2-ci məscidi sayılan “Əl-Əqsa”da böyük sufi mürşidi, övliya, pirani ustad kimi tanınmışdı. Təsadüfi deyildir ki, şeirlərinin birində özü belə deyirdi: “Günbəz əl-Cizrədə, Məscid-Əqsada, Onlar da tanıyır dür usta məni”. Hüseynin ulu babası Yaqubla Ş.İ.Xətainin ulu babası Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. İsmayılın hələ uşaq olarkən düşmənləri tərəfindən təqib edildiyi illərdə, məhz Göyçədə ən çox etibar etdiyi Miskin Abdal və onun atası Məhəmməd Cəfər oğlu tərəfindən Göyçə gölündəki Ağdamar adasında yerləşən eyni adlı qalada təqiblərdən gizlədilərək mühafizə edilməsi, ilk tərbiyəsini də Miskin Abdaldan alması barədə qaynaqlar mövcuddur. Ona görə də bu münasibətlər qardaşlıq-ailə münasibətləri qədər səmimi, yaxın və etibarlı olmuşdur.
1500-ci ildə Şeyx Heydər oğlu İsmayıl «Qızılbaşlar hərəkatı» çərçivəsində Şimali Azərbaycana yürüşlər edərkən, Göyçəyə gəlib, Zərgərli (Sarıyaqub) kəndində mürşidi olmuş, bu yerlərdə ən böyük dayağı olan lələsi Seyid Hüseyni – Miskin Abdalı ziyarət etmişdi. 1501-ci ilin sentyabr ayının 24-də Təbrizdə Şeyx Heydər oğlu İsmayıl şahlıq şərbətini, məhz Seyid Hüseynin – Miskin Abdalın əlindən alıb, içmiş, onun xeyir-duası ilə qırmızı geyinib, şahlıq taxtında əyləşmişdi.
Miskin Abdal sarayda yüksək dövlət vəzifələrində, bəzi mənbələrə əsasən, həmçinin Səfəvilərdə Şahdan sonra 3-cü vəzifə sayılan vəzir vəzifəsində çalışmışdır. Bir müddət sarayda şairlər birliyinə də başçılıq etmişdir. Daha sonra diplomatik missiya ilə əlaqədar xaricə (Bağdada, Şama, o cümlədən Osmanlı Türkiyəsinə və s.) ardıcıl səfərlər etmişdir. Bir neçə dəfə Osmanlı sultanı Sultan Səlimlə görüşmüş, onu mənasız qardaş qırğınlarından çəkinməyə çağırmışdır. 1514-cü ildə Çaldıran döyüşündə sərkərdə kimi iştirak etmişdir.
1515-ci ildə Şah İsmayıl Xətai Miskin Abdal ilə bağlı fərman imzalayaraq, onun Allah tərəfindən verilmiş böyük hikmət, fəzilət, kəramət (möcüzələr göstərmək qabiliyyəti və sair) sahibi olmasını, böyük sufi mürşidi, övliya olduğunu Səfəvilər dövləti adından təsdiq etmişdir. Fərmanda deyilirdi: "Ey mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona inanın, nə mətləbiniz varsa, ondan diləyin!"
1524-cü ilə qədər Təbrizdə sarayda müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Miskin Abdal Şah İsmayılın vaxtsız vəfatından bərk sarsılır və saraydan birdəfəlik üz döndərib, doğma Göyçəsinə qayıdır. Burada məktəb açıb, maarifçilik işləri ilə məşğul olur. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində 105 yaşında vəfat edir və doğma kəndində dəfn olunur.
Miskin Abdal təkcə siyasi və diplomatik fəaliyyəti ilə kifayətlənməyib, Azərbaycan ədəbiyyatına çox dəyərli töhfələr verməklə, onu zənginləşdirmişdir. O, misilsiz bədii dəyərə malik gəraylı, qoşma, təcnis, divani, bayatı və deyişmələrin müəllifidir. "Aslan şah və İbrahim", "Yetim Hüseyn" dastanlarının yaradıcısıdır. Yaratdığı aşıq havaları Azərbaycan musiqisinə, aşıq yaradıcılığına misilsiz bəstəkarlıq töhfələri olmaqla, aşıq yaradıcılığını, musiqisini zirvələrə qaldırmışdır. Hələ sağlığında və vəfatından sonra aşıqlar tərəfindən onun həyat və fəaliyyətindən bəhs edən "Miskin Abdal və Sənubər" və "Miskin Abdal və Şah İsmayıl" dastanları yaradılmışdır.
Onun ilk həyat yoldaşı Təbrizli Mahmudun qızı Sənubər olmuş, bu evlilikdən cəmi bir neçə ay sonra Sənubər xanım vəfat etdiyindən, o 50 yaşınadək evlənməmiş, yalnız 50 yaşında İrəvandan tacir qızı Həlimə xanım adlı qadınla ailə qurmuşdur. Həlimədən 4 övladı dünyaya gəlmişdir. Oğlanlarının adı Şadman, Əli və Həsən, qızının adı Məleykə olmuşdur.
Zənnimcə, Miskin Abdal haqqında bu qədər kifayətdir. Qayıdaq söhbətimizin məğzinə. Mənə maraqlıdır: Həqiqətən, Miskin Abdal Xaçmazda olubmu? Onun uşaqları “Dağıstan dağlarında” (Qafqaz dağlarında) haradan gəlib, haraya gedirlərmiş? Hadisə harada, hansı şəraitdə və necə baş verib? Hörmətli oxucum, zənn edirəm ki, bunlar sizə də maraqlıdır.
Bir həvəskar araşdırması etmək istədim. İlk işim qədim Xaçmaz kəndinə gedib yaşlı insanlarla görüşmək oldu. Görüşdə AYB-nin Oğuz bölməsinin (Oğuz, Qəbələ və İsmayıllı rayonlarını əhatə edir) sədri Vüsal Oğuz də iştirak edirdi. Təəssüf ki, kənddə yaşlı adamların sıraları çox seyrəlib, “yeni yaşlananlar” isə ümumi sözlərdən başqa bir şey demədilər. Vüsal müəllimdən onu öyrəndim ki, vaxtı ilə Xaçmaz kəndinin şimalında, Qalaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyində Abdallı adlı kiçik kənd olub, orada çox qədim qəbirlər var. Kəndin sakinləri də burada insanların məskunlaşmasının qədim tarixə malik olduğunu bildirdilər. Onu da qeyd edim ki, Abdallı kəndi dağ keçidlərindən birinin (Xaçmaz keçidinin) qarşısında yerləşir.
Araşdırmalarımdan belə məlum oldu ki, Abdallı toponiminin mənşəyi və mənası haqqında elmi ədəbiyyatda müxtəlif mülahizələr irəli sürülüb. Sözün mənşəyi və mənası haqqında bir mülahizənin tərəfdarları toponimi qədim türk mənşəli abdal tayfasının adı ilə bağlayırlar. Abdallı sözünü "abdal tayfasına məxsus yaşayış məntəqəsi" kimi izah edirlər. Bir sıra tədqiqatçılar bu sözü Yaxın və Orta Şərqdə Abdal adı ilə məlum olan sufi-dərviş icması ilə əlaqələndirirlər. Digər bir mülahizənin tərəfdarları isə toponimi məşhur Miskin Abdalın adı ilə bağlayır, köç yeri olduğunu, sonradan kəndə dönüşdüyünü söyləyirlər. “Abdallı” toponimi barədə bir sıra başqa fikirlərin olduğunu da qeyd etməklə kifayətlənir və bu söhbəti də çox uzatmaq istəmirəm.
Böyük danışmaq kimi olmasın, araşdırmalarımı davam etdirdim. Mənbələrdən öyrənə bildim ki, Miskin Abdal sufi müridlərinin hazırlanması və Səfəvilərin şimal sərhədlərindən gözlənilən təhlükələrin qarşısının alınması üçün bir müddət Şirvanda və Dağıstanın indiki Axtı (Doqquzpara) rayonu ərazisində fəaliyyət göstərib. (Mənbə: https://goyce.az/news.php?id=1807).
Paytaxtı Axtı olan bu rayonun hazırda Azərbaycanla 62 km. sərhədi vardır. Böyük Qafqaz sıra dağlarından Axtı regionunun ərazisinə əsrlər boyu bir neçə dağ keçidi olub. Deyilənə görə, keçmişdə, o cümlədən sovet dövründə də bu keçidlərlə ora gediş-gəliş çox olarmış. Şəxsən mən həmin keçidlərdən istifadə edənlərdən bir çoxunu şəxsən tanıyırdım. Yuxarıda qeyd etdiyimiz kimi, belə keçidlərdən biri də Abdallıdan başlayan Xaçmaz keçididir. (qədim Alban keçidi)
Miskin Abdal Axtıda (Doqquzpara) Dağıstanın ləzgilər yaşayan, ərazisində yeganə şiə məzhəbində olan, oranın ən böyük yaşayış məntəqəsi Miskinçi kəndində yaşamış, çoxsaylı möcüzələr göstərmişdir. Kənd əhalisi Miskin Abdal sayəsində Sufizmin Səfəviyyə təriqətinə (mənbələrdə, həmçinin şiəliyə) keçmişlər. (Mənbə: http: //www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf)
“Miskin Abdal-Səfəvilərin böyük ideoloqu, sufi şeyxi” kitabında göstərilir ki, “Müəyyən səbəblər üzündən Miskin Abdal, 1503-cü ildə diplomatik missiyasını başa vurub, geri qayıdarkən Dağıstan (Qafqaz) dağlarında ailəsi ilə birlikdə güclü borana düşür. Boranda özü, arvadı Həlimə, böyük oğlu Şadman, qızı Məleykə xilas olsalar da, kiçik yaşlı oğlanları Həsən və Əli bu köçün qurbanı olurlar. Bu barədə o, “Dağlar”rədifli qoşma və bayatısında həmin bədbəxt hadisəni də qələmə almışdır:
Nəhs illərdən satın aldın nəhs günü,
Çağırıb dumanı, tökdün çiskini,
Gözü yaşlı qoydun Cüda Miskini,
Eylə gülə-gülə tamaşa, dağlar.
Bu dağlar zülüm dağlar,
Kəsilib yolum dağlar,
Hanı o bir cüt balam:
Həsənim, Əlim, dağlar?!
Bir başqa mənbədə göstərilir ki, hadisə həmin ildə Miskin Abdal valideynlərinin - anası Növrəstə ilə atası Məhəmməd kişinin ölüm xəbərini eşidərək Şahın icazəsi ilə Dağıstanın Miskincə kəndindən Zərgərli kəndinə, yəni Sarıyaquba geri qayıdarkən baş verib.
Deməli, mərhum Telman müəllimin babasının dedikləri düz imiş. Mənbələrdə uşaqların olüm səbəbi olaraq tufan-boran, donvurma və qayadan yıxılmaq qeyd olunur. Filologiya elmləri namizədi H.İsmayılovun 2001-ci ildə “Səda” nəşriyyatında çap olunmuş “Miskin Abdal” kitabına ön sözdə yazdığına görə, donvurmadan həlak olan uşaqlar (Həsən və Əli) həmin yerdə də dəfn olunmuşlar.
Tədiqatlarda o da qeyd olunur ki, Xaçmaz kəndində Miskin Abdalın tərəfdarlarının qəbrləri indi də durur. Professor M.Allahmanlının “Kredo” qəzetinin 04 aprel 2019-cu il tarixli sayında dərc olunmuş “Səfəvilərin böyük ideoloqu Miskin Abdal” adlı məqaləsində oxuyuruq: “Miskin Abdalın Oğuz rayonunun Xaçmaz kəndində bir müddət olması, 20-yə qədər tərəfdaşlarının qəbirlərinin də orada olmasını irəli sürənlər var”. Bu fikir şair, publisist, folklorşünas, pedaqoq və jurnalist T.Hüseynzadənin 2005-ci (təkrar 2018-ci) ildə çap olunmuş “Miskin Abdal – Qeyri Ərəni, Təsəvvüf Piri” adlı əsərində və digər mənbələrdə də təkrarlanır.
Şübhəsiz ki, Miskin Abdal kimi yüksək nüfuz sahibi səfərlərə, o cümlədən irşad fəaliyyəti göstərməyə 3-5 nəfərlə yox, xeyli tərəfdarları ilə gedirdi. Bunların arasında onun öz soyundan olanlar da az deyilmiş. Məsələn, Sarı Abdal kimiləri. (Mənbə: https://kulis.az/xeber/edebi-tenqid/-1513)
Bizcə, Miskin Abdal Dağıstana Xaçmaz (qədim Alban) keçidindən getmişdir. Tarixi Xaçmaz keçidi bu kəndin şimalından - Abdallıdan başlayaraq Fiy və Malqamud aşırımlarınadək gedir. Bu aşırımlar Dağıstanla sərhəddə, Baş Qafqaz silsiləsində, dəniz səviyyəsindən çox yüksəkdədir.
Yəqin ki, keçid çətin və təhlükəli olduğuna (Miskin Abdal özü bu barədə şeirlərinin birində belə söyləyirdi: “Bu dağlar zülüm dağlar”) görə, onun tərəfdarlarının içərisində olan çox yaşlı qocalar, xəstələr, uşaq və qadınlar yuxarıda adını çəkdiyimiz indiki Abdallı kəndinin ərazisində qalaraq, həmin yerdə köç salmışlar. Onlar burada - Xaçmaz kəndi ilə yanaşı, digər kəndlərdə öz irşad fəaliyyətlərini davam etdirmişlər. Sonralar həm özləri, həm də yerli camaat bu yeri Miskin Abdalın şərəfinə Abdallı adlandırmışlar.
Güman ki, yuxarıda qeyd etdiyimiz səbəbdən Zərgərli kəndinə, yəni Sarıyaquba yenə həmin keçiddən geri qayıdarkən Fiy və ya Malqamud yüksəklilərinin birində (bizcə, Malqamudda) məlum faciə baş vermişdir. Çətinliklə Abdallıya – köç yerinə gəlib çatan Miskin Abdal burdakı tərəfdaşlarının bir qismi ilə tələsik valideynlərinin yasına - öz kəndinə yola düşür. Tərəfdarlarının bir hissəsi isə burda – Abdallıda qalıb daimi olaraq məskunlaşır və yerli əhali ilə qaynayıb qarışırlar.
Tədqiqatçılların Səfəvillərin böyük ideoloqu Miskin Abdalın bir müddət Xaçmazda yaşaması, onun soyundan olanların və tərəfdaşlarının 20 nəfərə qədərinin qəbirlərinin hələ də həmin kənddə qalması barədəki fikirləri, burdakı Abdallı toponiminin onun adı ilə bağlı olması barədə dolaşan rəvayətlər və həmin kəndin dağ keçidlərindən birinin qarşısında yerləşməsi, Miskin Absalın 2 oğlunun dağlarda həlak olması və kərəmətləri haqqında yaşlı insanların söylədikləri, nəhayət, buradan Dağıstana – Axtıya (Doqquzparaya) ən yaxın keçidin Abdallıdan başlayan Xaçmaz keçidi (qədim Alban keçidi) olması da bu ehtimallara haqq qazandıra bilər.
Əlbəttə, bunlar bizim şəxsi fikir, düşüncə və qənaətlərimizdir. Məsələnin daha ciddi və dərindən araşdırılmasına ehtiyac vardır.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)
Sən də getdin, bax, yağdı yağışlar… - ELMAN TOVUZİN QIRX GÜNÜNƏ
Çiçək Mahmudqızı, “Ədəbiyyat və incəsənət” üçün
Bu mənim sənə bir dost, bir vəfa borcumdu, Elman Tovuz. Allahın bir qismətidi, bəlkə də. Mənim son kitabımı yığmağı sənə, sənin son kitabını yığmağı mənə nəsib etdi. Heç düşünməzdim ki, bu kitablar, bu görüşlər SON-un akkordlarıdır. Mən bunu hardasa yağan yağışlar vida notlarını vuranda bilməliydim, bilmədim...
Mənim kitabımı yığanda soruşdun:
-Kitabın adını nə qoyacaqsan?
Dedim, yığaq, ad özü gələcək. İşi bitirəndə ad özü gəldi.
--Üzü sənsizliyə...Bir şeirimdən bunu vermək istəyirəm, -dedim
--Eşitməmişəm, -dedin, - mənim üçün təzə addı, gözəldi, mən qəbul etdim.
Tələs, dedin, oynama kitabın üstdə. Mənəm sənin nazınnan oynayan, heç kim sənin kitabınla belə oynamaz, deyib, zarafatından qalmadın. Xəfif- xəfif gülürdün hər ismarıcıma (İndi anlayıram sən hara və niyə tələsirdin)
-Sən çapdan çıxart, sonra mən verəcəm yeni kitabımı nəşrə, xeyli şeirlərim yığılıb, -dedin.
Dedim, sən nə qoymusan kitabın adını? Dedin- Üşüyən duyğular...
Allahın işinə bax. Əvvəlində oturub sonumuzu yazırıq.
Mən- üzü sənsizliyə, sən- üşüyən duyğulara bükülüb də ağlayırıq göy üzü yağışlarına...
Niyə gəldim, bilirəm – Dünyanı dərk etməyə. Nəyi bildim, bilmirəm; Bu dərdi tərk etməyə, Hara sığışım – gedim. Qorxur, düşüb boğula, – Gözlərimdən öpən yox. Varam bu tənhalığa! Arxamca su səpən yox, Yağsın yağışım, gedim...
Bax, yağışlar yağır, sən yığışıb gedirsən, amma mən bilmirəm.
Özün deməli, oturub günləri sayıram ki, sağalıb bizə - dostlarına qayıdacaqsan...
Yaşamaq deyil ki... Gündü, sayıram – Bəlkə bu dünyanın təkəri dönər... İllərdi yerimdə çabalayıram... Nə bilim... bir vaxtlar bəs deyirdilər: "Axsaq önə keçər köç qayıdanda."...
Ümid kəsiləndə inam sönər, insan ölər deyirlər. Ümidlə yaşayıram ki, sən heç olmasa son durumunla qayıdacaqsan, biz də dəstə-dəstə başına yığışacağıq. Amma sən qayıtmirsan, gedirsən əbədiyyən, mən yenə bilmirəm...
Gedirəm hər nə yoldusa,
Görün nə sayaq gedirəm.
İçim tələsir elə hey,
Çölümdən qabaq gedirəm.
Ahım – göylərin çaparı,
Xəyalım – durna qatarı.
Sədamı yellər aparır,
Səsi qol-budaq gedirəm.
Sənin bu qol-budaq olan səsini, sədanı mənə əsən yellər, yağan yağışlarmı yetirdi görəsən? Aylardı, bəlkə də ildən çoxdu, görüşə bilmədiyim halda Allah mənim yönümü Cantəpəyə nəyə saldı? Bəhanə kitabıydımı? Yenə bilmirəm...
Mənim kitabım çıxınca sən xəstəxanaya düşdün, reanimasiyada can üstəsən, yenə yazırsan – kitabın nooldu? Cavabsız qoydum sualını. Ölümlə çarpışırdın. Üzüm gəlib, dilim tutub deyəmmirəm ki, birdən şeirlərin it-bata düşər, bəlkə kiməsə deyəsən, kitabın pdf-ni mənə yollaya, mən o kitabı çıxardam, Allah eşqinə, sənin arzuların ömrün kimi yarımçıq qalmaya... Kimə deyim, necə deyim? Onu da bilmirəm...
Sonu olacaqmı bu viranlığın, Görüm ağlar qalsın belə dünyanı. Axı deyirdilər, hər qaranlığın Sonunda işıqlı sabah var... Hanı?!
Nə bilim, onu da bilmirəm axı...Amma bildiyim nədi, bilirsən?
Mən elə bilirdim bu dünyada sənə yaxın olan, sənlə saatlarla dərdləşib sirrini bölən tək insan mənəm, sən gedəndən sonra bildim dünya dolu doğman var imiş, amma Sən yox...
Mən elə bilirdim bu ağlamalı dünyamızda ancaq biz ağalaya bilərik, biz ağrıya bilərik, amma Sən yox...
Mən elə bilirdim bu gidi dünyanı asmanda qoyub ancaq biz köçə bilərik, biz ölə bilərik, amma Sən yox...
Mən elə bilirdim ailə-məişət problemləri təkcə bizi danışdıra bilər, bizi gileyli-güzarlı edə bilər, amma Səni yox...
Mən elə bilirdim can ağrısını, əza- baş, göz, qol, qıç ağrılarını təkcə biz bilərik, amma Sən yox...
Sən yox... SƏN YOOOX...
Yoxluğun məni bu qədər üzəcəyini heç ağlıma gətirməzdim. Yəni sən ağrımaq, ağlamaq, ölmək nədi bilirdinmi ki, ey Allahın bütün xoşbaxtlıqlarından məhrum olan “baxtafar” bəndə. Sənin yanında bədbin olmaqmı olardı? Sənin yanında böyük bildiyin ən ağrılı dərdini danışmaqmı olardı, həmən müdrik düşüncən, kəsərli yanaşmanla elə nöqtə qoyurdın ki, dərd dediyimiz nə şey olduğunu unudardıq...
Mən sənlə danışandan ya görüşəndən sonra, “insanam” deyib yaşamağıma utanırdım.
İnsan Tanrının nə qədər dərdlərinə, sınaqlarna şükranlıqla yanaşa bilər və hamıya gülüş, yumor, sevgi, ötürə bilər? İnsan nə qədər polad iradə, içi-çölü dolu biri olar ki, ətrafında cəm olanların hamısına işıq, eşq ötürə bilər, hər gecə dərdilə təklənib qol-boyun ağladığı halda ? Onu da bilmirəm...Amma
Dərdi olmayanın yolları – əyri,
Dərdsiz olanlardır həddini aşan.
Yaşaya bilmərəm dərdimdən ayrı, –
Onun hesabına adam olmuşam...
-deyirdi, Dərdin Adamı.
Ölüm xəbərini ilk ( aşıq Şəhriyardan ) eşıdəndə ağlamağa qorxdum. Elə bildim hardansa məni görüb acıqla təpinəcək yenə. Bu nədir, yığışdır bu ağlamağını, deyəcək. Ağlamadım da...
Amma yağışlar mən əvəzdən agladı səni, qağa, özü də necə var ağladı. O nə yağış idi, indi fərqinə vardım. Sonuncu dəfə Cantəpədəki evinə gələndə dostlar (Mikayıl Bozal və Qəşəm Nəcəfzadə ziyarətə gəlmişdilər) deyib, gülüb, şeirləşib getdilər, mən axşamacan qaldım. Bir az yır-yığış etdim, bir az dərdləşdik, mənim kitabımı işlədik. Sizdən çıxanda necə yağış yağırdı. Arxamca elə nigaran baxırdın ki. Dedim içəri keç, birdən sənə soyuq olar, xəstələnərsən, qayıdım kombini yandırımmı, evin yaman soyudu, dedim. Yoox, dedin, gör bir səni görüb necə yağır. Onda yağışa da adi bir yağış kimi baxırdım. Çünki özün də onu şeirə düz- qoş edib, dediyin kimi bir “cızmaqara” da yazmışdın hələ--
Gəldin, yağışlar da gəldi,
Yanğıma bir su çiləndi...
Bax, dəniz də ləpələndi,
Bu ləpəyə xoş gəlibsən.
Bu, yuxudu, yoxsa gerçək,
Üzüm güldü səni görcək.
Nə durmusan, gəl, ay Çiçək,
Cantəpəyə xoş gəlibsən....
Gəldi Çiçək Cantəpəyə, amma bilmədi ki, bu səninlə son görüşüdü, bilmədi ki, səni bir də heç vaxt görməyəcək və dostlar arasında səninlə sonuncu ayrılan da elə Çiçək olacaqmış, bilmirdi...
Bir qərib göynərti keçdi içimdən,
Deyəsən ruhuma tanış gəlmədi...
O qədər ağrılar keçirmişəm mən,
Beləsi nə bahar, nə qış gəlmədi.
Ay Elman, qulağım darımı dəldi,
Gələn mükafatdı, yoxsa bədəldi?
Burnuma yır-yığış qoxusu gəldi,
Arxamca atmağa yağış gəlmədi...
Arxanca atmağa yağış gəlmədi, deyirsən. Sən torpağa tapşırılan gün göylərdən tökülən yağış deyilmiş yəqin, mənim kimi səni sevənlərin göz yaşıymış, Elman Tovuz. İndi bidim sizə gələndə və sizdən sonuncu dəfə çıxanda yağan o leysan nəyə işarəymiş. Bu, səndən ayrılığın sonuncu nidalarıymış ki, maşının pəncərəsindən sillə kimi çırpılırdı üzümə...
Burda da gözünü uzaqlar sağır,
O, köhnə yol idi, bu – təzə cığır.
Bu gün yağışlar da dənəvər yağır,
Elə bil üstünə çiçək tökülür...
Üstünə, yeni yurduna çiçəklər tökülsün, qağa. Yağan yağışlar da aramızda körpü olsun. Səndən mənə, məndən sənə ismarıclar aparsın.
-- Desin ki, sən torpağa tapşırılan gün mən gələmmədim...
--Desin ki, bir Çiçək burda gecə-gündüz sənin ağrılarına bükülüb elə hey ağlayır...
--Desin ki...
Elə bir haldayam, bu boz yağışlar,
Pərişan halıma baxıb ağlayır.
Küsgün ağacları yuyur göz yaşım,
Yarpaqlar qarışıq axıb ağlayır.
Desin ki, göylərdə ara əksini,
Qoşul yağışlara, dara əksini.
Ölüm qara geyib, qara əksini,
Sinəsi üstünə taxıb ağlayır.
Bu tale, bu qismət, bu dərd nə gerçək,
Tab gətir ürəyim, bu dərdi gör, çək,
Bir yanda yağışa bükülüb Çiçək,
Dəli şimşək kimi çaxıb ağlayır...
Səndən sonra bilirsənmi nə oldu, qağa? Getdim illərdi tamarzı qaldığın ata-baba yurdun Tovuza, baxdım uyuduğun torpağa. Çox uzaqdan, dağın dibindən. Gördüm əl çatmayan, ün yetməyən elə ucalıqda, elə zirvədə yurd-yuva salmısan ki, o ucalığa ancaq qartal qanad sala bilər. Elə duruşunla, məğrurluğunla, əzamətinlə, əyilməzliyinlə bir qartalıydın özün də. Dağ Qartalı. Gendən baxıb dərindən bir köks ötürdüm. Və bir də xəlvətcənə göz yaşımı yağışlara büküb yolladım sənə...
Üstünə çiçəklər töküldümü, qağa ?!!!
Son sözüm bilirsənmi nədi sənə? Rahat uyu, qurban olduğum, mən sənin son vəsiyyətini yerinə yetirə bldim. “Üşüyən duygular”na Sən həssaslıqla sığal çəkib yollayıram. İşığa çıxan bu kimsəsiz duyğuların yeni yurduna nur aparsın, Elman Tovuz!!!
Özündən sonra əmanət qalan bircə Sözünüydü, onu da cəmləyib göndərirəm- Ü Z Ü S Ə N S İ Z L İ Y Ə ...
Bir ömür ehtiramımla, tər-təzə dərdlərinin köhnə dostu – Çiçək Mahmudqızı.
Gəncə--2024.
“Ədəbiyyat və incəaənət”
(09.09.2024)
Milli Xalça Muzeyinin Şuşa filialı iki yeni sənətkarlıq nümunəsi ilə zənginləşib
Şuşa sakini Sahib Həsənov nənəsi ilə anasının 1959-cu ildə birgə toxuduğu “Bağçada güllər” xalçasını və XIX əsrin ortalarına aid məfrəşi filiala hədiyyə edib.
AzərTAC xəbər verir ki, S.Həsənov Birinci Qarabağ müharibəsindən əvvəl bu xalçanın Şuşada onların evlərinin divarını bəzədiyini deyib: “Şəhər işğal olunanda ailəmiz üçün ən əziz əşya kimi onu da Bakıya apardıq. Xalçanın üzərində nənəmin və anamın adlarının baş hərfləri “Ə” (Əzət) və “S” (Səltənət) yazılıb. Xoşbəxtik ki, uzun illər sonra doğmalarımdan yadigar qalan bu xalça da bizimlə bərabər öz yurduna qayıtdı. Düşünürəm ki, ən doğru addım onu muzeyə bağışlamaqdır. Qoy bura gələn turistlər görsünlər ki, Azərbaycan qadınları nələr yaradıb”.
Təqdim olunan Qarabağ xalçasının mərkəzində qızıl gül təsvirləri yer alır.
S.Həsənovun muzeyə bağışladığı digər əşya yüzdən artıq yaşı olan məfrəşdir. O, xalça məmulatından yaylaqdan qışlağa, qışlaqdan isə yaylağa köçərkən sandıq kimi istifadə etdiklərini deyib.
“Ədəbiyyat və incəsənət”
(09.09.2024)