Super User
ASAN könüllüləri “Bilik Karvanı” layihəsini reallaşdırırlar
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” layihəsinə start verilib.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, Bilik Gününə həsr olunan sosial təşəbbüs həssas qrupdan olan uşaqlara sevinc bəxş etmək, yeni tədris ilinə onları daha da həvəsləndirmək məqsədilə gerçəkləşir.
Layihənin açılış mərasimində 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən 6-14 yaş kateqoriyasındakı 100 uşağa hədiyyələr təqdim olunub.
Həmçinin iştirakçılar üçün “SİMART” Sağlam İnkişaf Platforması tərəfindən film saatı, “Start IT” şirkəti tərəfindən M-bot futbol, “Bilim Bakı” mərkəzi tərəfindən təbiət mövzusunda laboratoriya və müxtəlif ustad dərsləri təşkil olunub.
“Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgəsində 600-dən çox uşağa məktəb çantası, ləvazimətları, kitablar və digər hədiyyələr təqdim olunacaq.
Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 10000-dən çox uşağın arzusu reallaşdırılıb.
Sponsorlar: “Azərikard” MMC, “Qala Sığorta” ASC;
Dəstəkçilər: Bakı Konqres Mərkəzi, “İnnovasiyalar Mərkəzi”, “SİMART” Sağlam İnkişaf Platforması, “Start IT”, “Bilim Bakı” mərkəzi.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Yapon haykusu yazan yeganə qadın şairimiz
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvü, şair-publisist Güləmail Muradın ad günüdür.
GÜLƏMAİL MURAD (İsayeva Güləmayıl Novruzəli qızı) 1950-ci ildə Qazax rayonunun Sadıqlı kəndində dünyaya göz açıb. Böyük Kəsik kənd məktəbini 1968-ci ildə fərqlənmə attestatı ilə bitirib və həmin ildə Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) neft-mədən fakultəsinə daxil olub. Nümunəvi tələbə kimi Tələbə Elmi Cəmiyyətinə üzv seçilib.
Bədii yaradıcılığa orta məktəb illərindən başlasa da, ilk mətbu şeiri 1969-cu ilin sonlarında Neft-Kimya İnstitutunun “Neft kadrı uğrunda” qəzetində dərc edilib. İlk elmi məqaləsi də həmin qəzetdə dərc olunub. O məqaləyə görə mükafata layiq görülüb. İlk qonararı da ordan alıb. 1973-cü ildə ali təhsilini tamamlayıb və əmək fəaliyyətinə başlayıb. Ali dərəcəli mühəndis-müəllimdir.
Uzun müddət Gürcüstan Respublikası Qardabani rayonunun 47N-li SPTU-də öz ixtisası üzrə işləyib (1974-1991). Sonra Bakıya köçüb və müxtəlif elmi müəssisələrdə Ali dərəcəli mühəndis-müəllim kimi fəaliyyət göstərib. Və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdindəki Neft-Energetika Kollecində ixtisas fənnindən dərs demişdir.
Güləmail Murad ədəbi ictimaiyyətin maraqla qarşıladığı “Güldüm göynəyə-göynəyə” (2002), “Sənli-sənsiz” (2006), “Gecələr ulduzlar üstümə tökülür” (2007), “Qarabağ harayı” (2009), “Anasızlıq fəryadı” (2010), “Qələmim əlimdə lələkdən idi” (2010), “Yazmadıqlarım qapımı döyür” (2012), “Vətən sağ olsun!” (2012), “Balaca müdrik” (2013), “Dağlarda şəhid səsi” (2014), “Günəş qürub edəndə” (2015), “Bir damla yaş” (2016), “Ruhumun qanadları” (2016), “Qayıdış” (2017), “Aprel döyüşləri” (2018), “Yaddaşlardan gələn səslər” (2018), “Qəhrəmanlıq yüksəkliyi” (2018), “Aprel döyüşləri” - trilogiya (2018), “Günnüt zəfəri“ (2019), “Canını vətənə sərhəd elədi...” (2019), “Zəka çırağı” (2019), “Mən bulud gözlü, sən yağış “ (hayku və vakalar, 2019), “Döyüş yolları” (2020), “”Akula” ləqəbli kəşfiyyatçı” (2021), “Tovuz döyüşləri” (2021), “Zəfərnamə” (2021), “Vətən uğrunda” (2021),” Boyevıye doroqi” (2022), “Qürur dastanı”(2022), “Nuru Paşa dastanı” (2022), “Cənnətim Şuşa” (2022), “Kadirlidə 4 gün” (2022), “Dədə Anar dastanı” (2023), “Sən Azərbaycansan”, ”Ağdam kəndi-Qəhrəmanlar diyarı” (2023), “Teymurun səsi” (2023) və “Beş ulduz” kitablarının müəllifidir.
Şeirləri bir neçə xarici dilə tərcümə edilib və kitab şəkilində çap olunub. “Qarabağ fəryadı” (türkcə, 2010), “Sevgi dastanı”(fransızca, 2013), “Dostluq körpüsü” (ingiliscə və ərəbcə), 2013) və “Döyüş yolları” rus dilində, 2022), “Nuru Paşa dastanı” dörd dilə tərcümə edilb,2023)”, həmçinin”Sən Azərbaycansan” kitabı da 4 dilə, “Kadirlidə 4 gün kitabı Özbək dilinə tərcümə edilib... Sözlərinə mahnılar, hərbi marşlar bəstələnib.
Ən böyük uğurlarından biri hayku və vakalardan ibarət “Mən - bulud gözlü, sən - yağış” kitabıdır. Azərbaycan ədəbiyyatında ilk xanım yazardır ki, yapon janrı olan haykuda - 3 misra və 17 hecada on bəndlik şeirdə söylənə biləcək sözünü deyə bilir. Vakaları, tankaları da eynilə...
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınları Cəmiyyətinin üzvüdür. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İdarə Heyətinə üzv və həmin Mərkəzin Qadınlar Şurasına sədr müavini seçilib (2007).
Avrasiya Sanat Kültür Edebiyat ve Bilim Federasyonunun, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvüdür.
İran İslam Respublikası Beynəlxalq şeir festivalının laureatı olub. Fəxri diplom və ödüllərlə təltif olunub. 2006-cı ildə “Sənli-sənsiz” şeir kitabı “İlin lirika kitabı” fəxri diplomuna, “Oskar-Ozan” Mükafatı Fəxri Diplomuna (2009), Eskişehir Şairlər Dərnəyinin “Onur Belgesi” diplomuna (2010), “Dostluq körpüsü” kitabına görə Misir Mədəniyyət Mərkəzi tərəfindən Fəxri fərmana (2010) və Təşəkkürnaməyə (2012), Gürcüstanın Qardabani şəhər 3 saylı məktəbinin Fəxri fərmanına (2011) və Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin Fəxri Fərmanına (2012) layiq görülüb.
17 oktyabr 2012-ci ildə Azərbaycan Sərhəd Mühafizəsinin 93-cü ildönümünə həsr olunmuş müsabiqənin ədəbiyyat nominasiyası üzrə Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədovun xatirəsinə yazılmış «Qəhrəmanlıq dərsi” hekayəsi 2-ci yeri tutub, Güləmail Murad mükafat və Fəxri Diplomla təltif edilib.
Vətənpərvər şeir müsabiqəsinin qalibi, ADSO Xidmətinin keçirdiyi müsabiqənin Az.TV-nin keçirdiyi Vətənpərvərlik mövzusunda ilin ən yaxşı şeiri müsabiqəsinin lauratı olub.
Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanova həsr edilmiş «Vətən sağ olsun» kitabına görə H.B.Zərdabi diplomuna layiq görülüb. Həmin kitab əsasında çəkilmiş sənədli filmə görə 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən «General Əliağa Şıxlinski» yubiley medalı ilə təltif olunmuşdur. “Vətənpərvərlik işində xidmətlərinə görə” medala (2018), Ordunun yaranmasının 100 illiyi münasibətilə təsis edilmiş “Milli Ordu-100” medalına və “Faşizm üzərində qələbəmizin 75 illiyi” medalına layiq görülüb.
Xocalı soyqırımının təbliğ edilməsində və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunub (2017).
Aprel döyüşlərinə həsr olunmuş «Qayıdış» kitabına görə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Fəxri fərmana layiq görülüb (2017).
ASKEF-Avrasiya Sanat Kültür Edebiyat və Bilim Federsyonunun üzvü, eyni zamanda, Fəxri diplomçusudur.
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Vətənpərvərlik təbliğatında fəal iştirakına görə Fəxri Fərmanla (2022) təltif olunub. Uluslararası Kadirli Türk Dünyası Kültür ve Sanat Festivalı KATILMA BELGESİ (2022), Kaya Haber Ajansı Okurlarına Görə Yılın “Edebiyat Oskarı” mükafatına layiq görülüb.
Dövri mətbuatda xüsusi olaraq fərqləndiyinə görə «Qafqaz-Media» İctimai Birliyi və ASKEF-in Milli Mətbuat günü münasibəti ilə «Ustad Qələm Sahibi» diplomu ilə (2017), Dünya Ozanlar, Şairler və Yazarlar Derneyinin (Bursa) “Onur Belgesi” (2022) ilə təltif olunub.
BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü, Sülh Səfiridir (2017).
Yaradıcılıq uğurlarına görə “Xarıbülbül” poeziya diplomu ilə təltif olunub. Türkmen Edebiyatçı və Yazarlar Birliyinin üzvü, İLESAM (Türkiye İlim və Edebiyat Eseri Sahipleri Meslek birliyinin), “İrak Türkmen Edebiyatçılar Örgütünün üzvüdür.
Beynəlxalq “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb (2013).
İstanbulda “Şiir Fırtınası”nın iştirakçısı olub və “Türk kültürünə, Türk Edebiyatına vermiş olduğu xidmətlərinə görə” fəxri diplomu ilə mükafatlandırılıb (2014). Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqədə ədəbiyyat nominasiyası üzrə birinci yeri tutmuş və I dərəcəli Diplomla təltif olunmuşdur.
27 avqust 2023- cü ildə Qala gecəsində ilin peşəkar yazarı nominasiyalarında ödül mükafatı və Trend Of The Year” 2023 layihəsində peşakar TREND yazar adı verildi.
Türk Dünyası Araşdırmaları Uluslararası İlimler Akademisi (Ankara) tərəfindən Altın Yıldız Madalyası ilə mükafatlandırılıb.
AYB Hərbi-Vətənpərvərlik Komissiyasının üzvüdür (2022).
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Prezident təqaüdçüsüdür. Hazırda Azərbaycan Yazıçılar Birliyinin əməkdaşıdır. Ailəlidir. Üç övladı, 6 nəvəsi var.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Qırğız yazıçısının Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimatı olub
Sentyabrın 5-də Bakıda Türk Mədəniyyəti və İrsi Fondunda qırğız yazıçısı Beqijon Ahmedovun Azərbaycan dilinə tərcümə edilmiş “Dərviş” (“Sərgərdan”) kitabının təqdimat mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi strukturun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının dəstəyi ilə yaradıldığını diqqətə çatdırıb. O əlavə edib ki, Fondun nizamnaməsi Türk Şurasının 2012-ci il avqustun 23-də Bişkekdə keçirilən sammitində qəbul edilib.
A.Raimkulova qeyd edib ki, yazıçı-pedaqoq, tarixçi, ictimai xadim, o cümlədən təsəvvüf təriqətinin tədqiqatçısı, milli təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri üzrə ekspert, analitik, ehtiyatda olan polkovnik Beqijon Ahmedov türk tarixi irsinin qorunub saxlanmasına öz töhfələrini verir. Müəllif 10-dan çox kitabın və 300-dən artıq məqalənin müəllifi, Qırğızıstan və Özbəkistan Yazıçılar Birliyinin üzvü, Babur adına Dövlət Universitetinin fəxri professorudur.
“2020-ci ilin ən yaxşı kitabı” nominasiyasının qalibi olmuş “Dərviş” kitabının tərcüməçisi Munisə İsmayılovadır.
Kitabın Bakıda təqdimatının Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Bişkekdəki nümayəndəliyi və Qırğızıstan Yazıçılar Birliyinin dəstəyi ilə keçirildiyini qeyd edən Aktotı Raimkulova deyib: “Son illər bu fond Qırğızıstanla çox sıx və fəal əməkdaşlıq edir”. Qırğızıstan xalqını bu yaxınlarda qeyd olunan Qırğız Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edən Raimkulova ötən il fondun görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb. Belə ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Çingiz Aytmatovun “Ana tarla” kitabının nəşrinə dəstək verib, həmçinin onun Bakıda və Bişkekdə təqdimatını təşkil edib.
Sonra Aktotı Raimkulova “Ana tarla” kitabını Qırğızıstan Yazıçılar Birliyinin sədri, ölkənin keçmiş təhsil və elm naziri Kanıbek İmanaliyevə hədiyyə edib.
O, həmçinin bildirib ki, gələn ilin noyabrında qırğız şairi, dramaturq, tərcüməçi Alıkul Osmanovun kitabının da təqdimatı olacaq: “Bunu bütün türk ölkələrində təbliğ etmək bizim üçün vacibdir”.
Fondun rəhbərinin sözlərinə görə, “Divan Lüğət ət-Türk”ün 950 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq. Bununla əlaqədar olaraq Fond bu ilin dekabrında Parisdə əsərin təqdimatını keçirməyi planlaşdırır.
“Dərviş”in Azərbaycan dilinə tərcüməçisi Munisə İsmayılova qeyd edib ki, kitabda iqlim dəyişikliyi məsələlərinə toxunulur, eyni zamanda, bütün türk dünyasının tarixini, adət-ənənələrini ehtiva edir.
Qırğızıstan Yazıçılar Birliyinin sədri Kanıbek İmanaliyev kitabın nəşri münasibətilə müəllifi təbrik edib. O, Beqijon Ahmedovun “Dərviş” əsərinin Rusiyada da böyük maraqla qarşılandığını vurğulayıb. Kitabın redaktoruna və Azərbaycan dilinə tərcüməçisinə də təşəkkür edən K.İmanaliyev qeyd edib ki, Bakıya gələnlər şəhərin necə gözəlləşdiyinin şahidi olurlar.
Tədbirin sonunda “Dərviş” kitabının müəllifi Beqijon Ahmedov deyib: “Qonaqpərvər və təmiz Bakını sevməmək mümkün deyil. Mən bir çox qitələrdə olmuşam, amma belə gözəl şəhər görməmişəm. İstər Azərbaycan, istərsə də bütün dünya oxucuları qarşısında böyük məsuliyyət hiss edirəm”.
Tədbirin sonunda tərcüməçi Munisə İsmayılova fəxri fərmanla təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında anlaşma memorandumu imzalanıb
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında “Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova imzalayıblar.
Nazirlikdən AzərTAC-a bildirilib ki, anlaşma memorandumunun imzalanması ölkəmizin ərazisində yerləşən və dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, bərpa və konservasiyası, müvafiq istiqamətdə təlimlərin təşkili, eləcə də mədəni irs sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədini daşıyır.
Sözügedən sənəd əsasında ilk olaraq Füzuli rayonunun işğaldan azad olunmuş Qoçəhmədli kəndində yerləşən məscidin bərpasına dəstək göstərilməsi planlaşdırılır.
İmzalanma mərasimində qardaş türk respublikaları ilə bütün sahələrdə münasibətlərin inkişafı, xüsusilə də mədəni əlaqələrin möhkəmlənməsinin sevindirici hal olduğu vurğulanıb. Qeyd olunub ki, Türk Mədəniyyəti və İrsi Fondu da bu istiqamətdə fəal rol alaraq, türk xalqlarının mədəniyyətinin və mədəni irsinin qorunması, təbliği və tanıdılması sahəsinə töhfələr verməkdədir. Azərbaycanın da bu sahəyə xüsusi dəstək göstərdiyi vurğulanaraq, qarşıdakı illərdə əməkdaşlığın daha da dərinləşəcəyinə inam ifadə olunub.
Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
ICESCO 5 min dollar mükafat fondu olan peziya müsabiqəsi elan edib
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) bu il “İslam dünyasında mədəniyyət paytaxtları” proqramının bir hissəsi olan üç şəhəri - Azərbaycan Respublikasında Şuşa, habelə Mərakeş Krallığında Marrakeş və Liviya Dövlətində Benqazini əhatə edən “İslam Dünyasında Mədəniyyət Paytaxtları” proqramının bir hissəsi olaraq, “Poeziya şəhərləri” illik mükafatı üçün müsabiqənin başlandığını elan edib.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verən Azər TAC bildirir: müsabiqə bir çox şairləri ölməz poeziya toplusu yaratmağa ruhlandıran qədim şeir ənənələri ilə müasir poeziya arasında əlaqəni canlandırmaq və gücləndirmək məqsədi daşıyır. O, həmçinin şəhərlərin tarixini və coğrafiyasını poetik və estetik cəhətdən sənədləşdirmək, şeir vasitəsilə İslam dünyasının mədəniyyət paytaxtlarını tərənnüm edən simvolları və sivilizasiyaları daha geniş məkanda tanıtdırmaq, İslam dünyasındakı poetik korpusu zənginləşdirmək və ədəbiyyata töhfə vermək məqsədi daşıyır.
Müsabiqədə iştirak edən şeirlər İslam dünyasında mədəniyyət paytaxtı kimi qeyd olunan hər bir şəhərdən üç qalibi seçmək üçün ICESCO-nun ixtisaslaşmış komitəsi və görkəmli şairlər tərəfindən qiymətləndiriləcək.
Birinci yerin qalibi 2000 ABŞ dolları, ikinci yerin qalibi 1500 ABŞ dolları, üçüncü yerin qalibi isə təşəkkür sertifikatları ilə yanaşı, 1000 ABŞ dolları alacaq.
Bundan başqa, ICESCO müsabiqədə iştirak edən qaliblərin şeirlər toplusunu nəşr etdirəcək.
Mükafat üçün namizədlərin şeirləri klassik ərəb və ya Azərbaycan dilində olmalıdır. Ərəbcə şeir sərbəst və ya qafiyəli poetik ölçüyə, Azərbaycan dilində yazılmış şeir isə tələffüz və ya prosodik ölçüyə uyğun olmalıdır. Şair şeirin mövzusunu təşkil edən dəyərlərdən, estetikadan, tarixdən, coğrafiyadan, şəhərin tarixindən ilham almalıdır.
ICESCO bütün yaş qruplarından olan şairləri 2024-cü il dekabrın 31-dən gec olmayaraq https://icesco.org/9k90 linki vasitəsilə öz təkliflərini göndərməklə müsabiqədə iştirak etməyə dəvət edib.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
Yerli bəstəkarların son dövrlərdə yazdığı əsərlər 2024-2025-ci dərs ilindən başlayaraq musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək. Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri arasında keçirilmiş görüşdə bununla bağlı müzakirə aparılıb.
“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu prosesin vaxtaşırı davam etdirilməsi, yeni bəstələrin müvafiq təhlillər aparıldıqdan sonra proqramlara əlavə edilməsi ilə əlaqədar razılığa gəlinib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən hazırlanacaq not nümunələri sistemli şəkildə həm elektron daşıyıcılarda, həm də kağız formatında sözügedən məktəblərə təqdim olunacaq.
Proqrama salınacaq nümunələr arasında Firəngiz Əlizadənin "Zəfər marşı", Elnarə Dadaşovanın fortepiano üçün pyesləri, Adilə Yusifovanın fortepiano üçün pyesləri və "Yaz nağılı" kantatası, həmçinin Sərdar Fərəcov, Faiq Nağıyev, Mehriban Əhmədova, Zabitə Məmmədova, Cahangir Zülfüqarov, Pikə Axundova, İlahə Qismət və digər bəstəkarların uşaqlar üçün əsərləri yer alır.
Bu təşəbbüsün əsas məqsədi yeni nəsil musiqiçilərin milli və müasir musiqi üslublarını mənimsəməsini təmin etmək, eyni zamanda müasir dövr bəstəkarların yaradıcılığının təbliğinə dəstək olmaqdır.
Yenilənmiş tədris proqramı sayəsində musiqi və incəsənət məktəblərinin şagirdləri rəngarəng repertuarla tanış olaraq bu sahədə bilik və bacarıqlarını daha da inkişaf etdirəcəklər.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Fazil Mustafa Hidayət Orucovu təbrik edib
VI çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Əməkdar incəsənət xadimi, görkəmli şair-dramaturq Hidayət Orucovu 80 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Hidayət müəllim,
Sizi - tanınmış ədəbiyyat, incəsənət və dövlət xadimini 80 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm can sağlığı diləyirəm!
Siz 80 il bundan öncə Qərbi Azərbaycanın Meğri elinin Maralzəmi kəndində dünyaya göz açmış, bütün yaradıcılığınız boyu, doğma el-obanın, ümumən Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın duyğu-düşüncələrini, yaşantı və həqiqətlərini bütövlükdə Azərbaycana, dünya azərbaycanlılarına və sonra Türk dünyasına daşımısınız.
Siz 1968-ci ilin iyul ayında C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq 16 il bu sənət ocağına başçılıq etmisiniz.
1984-cü ildə Bakıya köçərək, o dönəmlər öz nüfuz ilə seçilən “Gənclik” nəşriyyatında çalışmış, nəşriyyatın baş redaktor müavini (1984-86), sonra baş redaktoru (1986-1992) vəzifəsində işləmisiniz. Sizin başçılığınız dönəmində “Gənclik”də, böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən Azərbaycan klassik ədəbi irsi, folkloru və s. peşəkarlıqla hazırlanıb, nəşr edilib. Baş redaktor olduğunuz vaxt, “Gənclik” nəşriyyatında 50 cildlik “Dünya Uşaq Ədəbiyyatı Kitabxanası”nın nəşri respublikamızın kitab mədəniyyəti tarixində önəmli hadisə olub. Sizin təşəbbüsünüz, rəhbərliyinizlə 15 cildlik “Azərbaycan folkloru”, 25 cildlik “Macəra və fantastika” və b. çoxcildliklərin, bir sıra önəmli seriyaların nəşrinə başlanılıb.
Siz ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası bağlar, din, milli-mənəvi dəyərlər haqqında, habelə tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırlarımına, çağımızın qayğılarına həsr olunmuş onlarla irihəcmli məqalə ilə çıxış etmisiniz. Sizin “Heydər Əliyev və Azərbaycanda milli siyasət” monoqrafiyanız ingilis, rus, gürcü, ərəb dillərində, qardaş türkcələrdə də yayınlanıb.
Pyesləriniz Azərbaycanda, eləcə də, ölkədışında ünlü teatrların səhnəsində uğurla oynanılır.
Onlarla poeziya, nəsr, publisistika, tərcümə və b. kitablarınız, o cümlədən əsərlərinizin səkkiz cildliyi gün üzü görüb.
Əsərləriniz 30-dan çox dilə çevrilərək, yayınlanıb.
Tərcüməçilik fəaliyyəti Sizin yaradıcılığınızda özəl yer tutur; ingilis, island, rus, şotland, gürcü və b. xalqların, o cümlədən qardaş xalqların ədəbiyyatından çevirdiyiniz poeziya, nəsr, dram örnəkləri dövri mətbuatda, toplularda və ayrıca kitab şəklində gün üzü görüb, böyük maraq doğurub.
Siz Azərbaycan Respublikası Prezidentinin Millətlərarası münasibətlər üzrə müşaviri (01.08.1992–1993), Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993–2005), Milli azlıqlarla və Dini qurumlarla İş üzrə Dövlət müşaviri (2005–2006), Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (25.07.2006–31.05.2012), Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və səlahiyyətli səfiri (27.12.2012–06.10.2021) kimi önəmli vəzifələr daşımısınız.
Dövlətimiz Sizin uzunmüddətli, səmərəli yaradıcı, ictimai və dövləti xidmətlərinizi yüksək qiymətləndirib; Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu, “Şöhrət” ordeni, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bir sıra digər mükafatlarla, habelə Gürcüstanın “Ləyaqət” ordeni ilə təltif olunmusunuz.
Sizi yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Antalya Kitabxanasında funksional Azərbaycan guşəsi açılacaq
Antalya Mərkəzi Kitabxanasının Azərbaycan kitabxanaları ilə əməkdaşlığı müzakirə edilib, kitabxanaya Azərbaycana dair nəşrlər hədiyyə edilib.
Türkiyənin müstəqilliyinin 100-ci ildönümü münasibəti ilə inşa edilən və 2023-cü ildə açılışı reallaşdırılan Antalya Kitabxanası regionunun ən böyük kitabxanasıdır. 1 milyon kitab fonduna və eyni anda 2500 nəfərə xidmət göstərmək imkanlarına malik Antalya Kitabxanası şəhərin tələbə kontingentinin daha çox məskunlaşdığı Akdeniz Universitetinin yaxınlığında yerləşir və müasir kitabxana-informasiya konseptinə uyğun qurulub.
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində bölgənin ən böyük elm, informasiya mərkəzi olan Antalya Kitabxanasını ziyarət edərək, kitabxananın direktoru Oğuzhan Ceylanla görüşüb.
Mərkəzdən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, Antalya Böyükşəhər Bələdiyyə başkanı müavini Evrim Yalçın, şəhərdəki Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin müdiri Azər İsmayıl və Azərbaycan nümayəndə heyətinin digər üzvlərinin də iştirak etdiyi görüşdə Azərbaycan kitabxanaları ilə əlaqələrin qurulması, iki tərəf arasında “qardaşlaşmış kitabxanalar” layihəsinin reallaşdırılması, qarşılıqlı səfərlərinin təşkili, birgə layihələrin həyata keçirilməsi, Antalya kitabxanasında “Azərbaycan fondu”nun, “Türk dünyası guşəsi”nin yaradılması, Azərbaycan mədəniyyətinin tanıdılması məqsədi ilə ilin bir gününün Azərbaycana həsr olunması və kitabxanada “Azərbaycan günü”nün keçirilməsi, Azərbaycan yazarları ilə görüşlərin və onların əsərlərinin təqdimatlarının təşkili və b. məsələrə dair müzakirələr aparılıb, razılıqlar əldə olunub.
Görüşdə məlumat verilib ki, Antalya şəhərində Kəpəz Bələdiyyəsi sisteminə aid edilən kitabxanada əhalinin bütün təbəqələri, həmçinin fiziki qüsurlu insanlara da xidmət göstərilir. Qeyd edək ki, Antalya kitabxanası ilin 365 günü, günün isə 24 saatını sürüşkən qrafiklə fasiləsiz çalışır.
Sonda Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti və ədəbiyyatına dair Azərbaycan və Türk dillərində nəşrlər Antalya Kitabxanasına hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
SƏNƏTKARLARIMIZI TANIDAQ - Firəngiz Mütəllimova kimdir?
Zəhra Allahverdiyeva, “ Ədəbiyyat və İncəsənət"
Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonu, Üzeyirli kəndində anadan olub, əslən isə Şuşalıdır.
Firəngiz Mütəllimova 1986-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2002-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub, Prezidentin fərdi təqaüdçüsüdür.
2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.
1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb.
1980-ci ildə universiteti bitirir Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb.
Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq kinolara çəkilib, televiziya tamaşalarında iştirak edib.
Üçillik fasilədən sonra aktrisa 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb. Gözəl ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Qumral ("Əliqulu evlənir", Sabit Rəhman), Bəyim ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Aynur ("Büllur sarayda", İlyas Əfəndiyev), Mələk ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Gülnaz ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Gülruh ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Gülnaz ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Azadə xanım ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Sonya ("Sizi deyib gəlmişəm", Anar), Firəngiz ("Təhminə və Zaur", Anar), Anna ("Həyatın dibində", Maksim Qorki), Reya ("Böyük Romul", F. Dürrenmatt), Tereza ("Biganələr hoteli", Rüstəm İbrahimbəyov), Əsmər ("Günah", R. Əlizadə), Nisə xanım ("Lənkəran xanın vəziri", Mirzə Fətəli Axundzadə), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Nədidə ("Qanlı Nigar", Sadıq Şəndil), Aysulu ("Sokratı anma gecəsi", Çingiz Aytmatov və M. Şahanov), Arvad ("Mənim ərim dəlidir" ("Diaqnoz D"), Gülzar ("Poçt şöbəsində xəyal", Elçin), Sevər ("Bu dünyanın adamları", Hidayət Orucov), Həvva ("Varlı qadın", Əli Əmirli), Raisa ("Mesenat", Əli Əmirli), Nigar ("Qanlı Nigar", Sadıq Şəndil), Kərbəlayi Fatmanisə ("Almaz", Cəfər Cabbarlı) və s.
Rollar bir-birindən fərqli idi, lakin Firəngiz xanım obrazlarını böyük ustalıqla canlandırırdı. Elə buna görə da fəxri adı haqq edənlərdəndir.
Azərbaycan Xalq artisti Firəngiz Mütəllimova bir dəfə ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran Firəngiz Mütəllimova bu evliliyə öz istəyi ilə son qoyub.
Firəngiz xanım müsahibələrin birində belə deyir: “Sənətkar, məncə, sənəti ilə gündəmdə olmalıdır. Tamaşaçılar bizdən yaxşı bilirlər ki, kim efirdən necə istifadə edir. Bəzən də elə sosial şəbəkələrdən. Mən çalışıram ki, öz adıma layiq səviyyəmi qoruyum. Bacılarıma, onların övladlarına da həmişə tövsiyə edirəm ki, öncə səviyyənizi qoruyun. Səviyyə olanda şəxsiyyət olursan, yox, səviyyəni qorumadınsa, şəxsiyyətdən kənardasan. Özün elə bilərsən ki, səni hamı sevir, amma sevmir. Tamaşaçı sevgisi tamaşa bitən vaxt alqış səslərindən bilinir. O ki qaldı mülkümüzə, bunun tamaşaçıya nə aidiyyatı var? Avtomobil idarə edə bilməsək də, sürücümüz var. Hara istəsək, bizi aparıb-gətirir."
Bu deyilənlərdən də görürük ki, Firəngiz xanım həm sosial mediyada, həm də real həyatda əsl Azərbaycan xanımıdır.
Firəngiz xanımın əsli olan Şuşa həsrəti də diqqətləri çəkir: “Şuşalı, analı-atalı günlərimin həsrətini çəkirəm. Mən Şuşada 4 fəslin dördünü də normal yaşayırdım. Elə dolu yağırdı ki, onu mən hələ heç yerdə görməmişəm. Təsəvvür edin, orada may ayında qar ərimirdi. Amma Bakıda bəzən nəfəsim sıxılır. Çünki mən oraları görmüşəm. Görünür, Şuşa da bizsiz nəfəs ala bilmir."
“Ən böyük arzum budur ki, Şuşam işğaldan azad olunsun...”, “Ən böyük arzum odur ki, Şuşanın “yeddi dolama”sını piyada gedim, itburnu yığım. Hətta razıyam ki, Şuşanın içinə girməyim, amma kənardan görüm ki, Şuşam işğaldan azad olunub..."
Şükür ki, artıq Şuşamız azaddır, həsrətimiz bitib.
Firəngiz xanım Şuşaya gedərkən belə deyir:
"Şuşada səhər tezdən sənə dua edərkən ürəyimdən keçən hər şey tək bir sənə agah idi. Mərhəmətli, gözəl rəbbim, hər şeyə görə... Sənə təşəkkürümü və şükürlərimi bildirirəm".
Şuşa işğaldan azad olunandan sonra ora dəfələrlə səfər edib: "Görməyi çox arzuladığım Şuşa şəhərinə dəfələrlə getmişəm. Buna görə Allahıma şükürlər edirəm. Orada insanlarla görüşmüşük, söhbət etmişik. Hamı sevinc içindədir".
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Ovutmaz ruhumu heç bir təsəlli - Aysel Nəsirzadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Aysel Nəsirzadənin şeirləri təqdim edilir.
*
Daşçatladan ayazdı
Dilindəki əlvida.
Elə unut ki məni,
Düşməyim bir də yada.
Qıfıl vur, xatirələr
Birdən yolundan edər.
Bütün vaxtsız gedənlər
Solundan çıxıb gedər.
Kaş heç vaxt olmayaydı
Eşqin vida tərəfi.
"Sən məndən yaxşısına
layiqsən" sözü olur
Gedənlərin "tərifi."
Tərifini söylədin,
Gərək yox təsəlliyə.
Bəhanəylə gedənlər
Dönməz bir də geriyə.
*
Bir çatdaquş tamıdı uşaqlığım,
Bir xınadaşı qoxusu,
Bir "hökumətağacı" qorxusu.
Çardaqdan ulduzlara boylanan
qayğısız baxışlar,
Məktəbli çantasında işlənməmiş,
bəzəkli say çubuqlar,
Müəllimdən gizlədilmiş qırmızı qələm,
Bir də
Biləyimdə zamanı donduran "diş saatım",
Bununla bitir uşaqlıq əhvalatım.
Sonra
Boz dumanlı havada qaçaqaç,
Boğulmaqdan qurtulduğumuz Araz,
Arazın bu tayı dərd-ələm.
Və...
Uşaqlığını yaşamadan böyüməyə
məhkum edilmiş mən.
Yoxdur başqa bir xatirəm.
*
Qanadın açmasın deyə,
Qəlbin sinə qəfəsi var.
Sevmək yetmir tək insana,
Sevilməyə həvəsi var.
Yarım qalan yara həmdəm,
Tapan tapar ruha vətən.
Yer üzünün sərinlədən
Günəşin Ay kölgəsi var.
Eşqə ümidlənib gələr,
Sevgini müqəddəs bilər.
Sevdimi, ömürlük sevər -
Hər ürəyin öz kəsi var.
Özü yıxılan kəsin
Özü yıxılan kəsin
Gözündə yaşı olmaz.
Darıxmağın vədəsi,
"Bəlkə"si, "kaş"ı olmaz.
Xoşbəxtlik ilıq mehtək
Toxunar, qəlbə keçər.
Tale ölçü götürər,
Həsrəti ömrə biçər.
Keçər ömür qatarı,
Arzuları aparar.
Xatirələr qoynunda,
Xəyallardan qoparar.
Gündüzün fikirləri,
Gecənin dərd, ələmi.
Görən, xoşbəxt olaram
Yerə qoysam qələmi?
Həsrət yolu
Sənsiz bu şəhərə
Nə gecənin qaranlığını yaran
Ay mavisi boylanır,
Nə gündüzünü aydınladan şəfəq sarısı.
Alatoranlıqdı xəyallar,
Ümidsizdi arzular.
Hər şey kəm-kəsir
Ürəyim qəfəsdə susqun, əsir.
Darıxmaq var, darıxmaq,
Ağlamaq var - gözü dolu.
Saxsıdakı çiçəkləri
Göz yaşıyla sulayaraq
Pəncərə önündən başlayır həsrət yolu.
Vardır betərin betəri
Baş söykəyib ağ vərəqə
Şeir-şeir ağlayıram.
Misralardan köz götürüb
Ürəyimi dağlayıram.
Bəm görünən dərdlər zildir,
Gizli-gizli qəlbi didir.
Gecənin biri bir ildir,
Zülm ilə sabahlayıram.
Sənsiz ömrüm, günüm talan,
Nə düşündü ayrı salan?!
Darağının üstə qalan
Bir telini qoxlayıram.
Dünya beşgünlük, ötəri,
Hər döngədə bir xətəri.
"Vardı betərin betəri", -
Deyib bir az toxtayıram.
Nöqtə hünəri çatmır
Nöqtəsi qoyulmayıb sənə yazılan şeirlərin,
Ara-sıra boy göstərir misraların arasından
Boynubükük suallar.
Nəticələr səbəb tapmır.
"Bəlkə"li, "kaş"lı bəndlərin önünə
Bir "ehh"li sətir keçir, nidası özündən böyük,
"Son olsun!" deməyə
Nöqtə hünəri çatmır.
*
Qərənfil qoxusuna bürünər
Xatirəsi qızılgüllü xəyallar.
Arzular ümidinə gecikər,
Xəzəllərə sarılar payız ayrılıqları,
Qürbət ürəkdən həsrət yol çəkər.
Eşqlə doğmalaşar insan insana,
Ürək döyüntüsün sevgidən alar.
Eşq olmadan ürəklər də yadlaşar,
Yadelliyə dönər vətən olanlar.
Ovutmaz ruhumu
heç bir təsəlli
Yatar ürəyinə söhbətim-sözüm,
Çətin bildiklərin görünər asan.
Möhürlə yolunu səssizliyimə,
Mənim sükutuma qapılmayasan.
Dolanbac ömrümün yolu tikanlı,
Qara kölgələr var hər ağlığında.
Ən yaxşı məsafə durduğun yerdi,
Mən daha yaxşıyam uzaqlığında.
Dalma ürəyimin dərinliyinə,
Səni kədər boğar, qəm qaçaq salar.
Məndən duyduqların şeirə sığar,
Dastanlara sığmaz ağrılarım var.
Ovutmaz ruhumu heç bir təsəlli,
Dilə tutulası dərd deyil dərdim.
Həyat əzəlindən sınaq meydanı,
Mən də sınaqlardan keçməyə gəldim.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)