Super User
“Sosial şəbəkələrdə xoş günlərini paylaşanlar acı çəkənləri depressiyaya salırlar…”
QAYNAR MÜSAHİBƏDƏ PSİXOLOQ MÜJGAN MƏMMƏDOVA
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə öz yayımı ilə diqqət çəkən, sevilən, çox izlənilən “Ədəbiyyat və İncəsənət" portalının QAYNAR MÜSAHİBƏdəki qonağı CİBS təlim-psixologiya mərkəzinin psixoloqu Müjqan Məmmədovadır.
-Xoş gördük, əziz Müjqan xanım, danışılacaq o qədər mövzu var ki, lakin rubrikanı nəzərə alaraq ən qaynar mövzulara toxunacağıq.
1) Uşaqların sağlam psixologiyada böyüməsi üçün əsasən nələrə diqqət edilməlidir?
-Bu gün psixologiyaya olan maraq getdikcə artmaqdadır, yeni ana olanlar və ya uşaqlarını düzgün psixologiyada böyütməyə çalışan analar informasiya bolluğundan yanlışlar çox edirlər, ona görə də bu suala çox uzun cavablar verilə bilər. İlk öncə hər bir coğrafiyanın öz psixologiyası var. Qərbyönümlü tərbiyə metodikasında uşaq yıxılırsa, onu qaldırmırlar, özünün qalxmasını gözləyirlər. Bu gün bizim cəmiyyətdə də bunu çox görürəm, amma bizim insanlar çox duyğusaldır, emosionaldır, ailə bağlari önəmlidir. Buna görə eyni metodika bizdə tətbiq edildikdə uşaqda güvən sarsıntısı yaranir. Bu da valdeyninə güvənli yox, təşvişli bağlanma yaradır.
2) Valideynlər uşaqları ilə bağlı daha çox nəyə diqqət etməlidir?
-Ən çox onları dinləməli və izləməlidir. Uşağın valdeyninə güvəni çox önəmlidir. Bu onun dərdini deməsinə, özünü ifadəsinə öz güvəninə, cəmiyyətdə tutacağı mövqeyə təsir göstərəcək.
0-6 yaş dönəmində uşaq güvənli, yoxsa təşvişli bağlanmağı öyrənir. 7 -14 yaşında da harada olması, kimlərlə ünsiyyət qurması gələcəkdəki kimliyini, şəxsiyyətini müəyyən edir.
3) Yeniyetmələr arasında aqressiyanın çoxalma səbəbləri nələrdir?
-Bu, sosial şəbəkənin bu qədər əl çatan olmasıyla yaxından bağlıdır. Sosial şəbəkələrdəki yalnış informasiyalar, doğru olmayan təbliğatlar uşaqlarda aqressiyadan başqa fəsadlar da yaradır. Oyunlarda şiddət təbliğ olunur, evdə kompyüter başında daha çox zaman keçirirlər. İnsan insana ehtiyaclı varlıqdır. Bu gün amma görünən odur ki, insanlar sosiallıqdan uzaqlaşdırılır, robotlaşır, duyğusuzlaşır. Kök səbəb - ağıllı telefonlar mütləq uşaqların gələcəyi üçün limitli istifadə olunmalıdır. Kitab oxumanın təbliğatı çoxalmalıdır.
4) Bəs bu gün insanların bu qədər çox depressiyada olma səbəbi nədir?
-Çünki insanlar xoşbəxt ola bilmir. Digər insanların onlardan daha çox xoşbəxt olduğunu düşünür, çünki instaqrama, tik- toka baxanda bunu görür hamı ancaq parlaq həyatını paylaşır. Bu, izləyənlərdə yetərsizlik duyğusunu yaradır. Mən uğursuzam, amma onlar uğurludur düşünür, bu da insanı depressiyaya salır. Lakin heç kim düşünmür sosial şəbəkələr yalan dedektoru kimidir. Hamı yoldaşıyla sevdiyi- şəxslə filmə getdiklərini, əl- ələ şəkil çəkdirdiklərini paylaşır. Amma heç kim yol tıxac olduğu üçün yolda dalaşdıqlarını bilmir. Evdar xanım səhəri güllərlə açan bir xanımı görür və mənə niyə belə münasibət yoxdur- deyib düşünərək özünü günahlandırır, amma güllərin foto çəkdirmək üçün gül salonundan müvəqqəti götürüldüyünü bilmir. İnsanlar yediyini, gəzdiyini, sevildiyini paylaşır, amma arxa fonda baş verənlər traqikomikdir.
5) Məktəblərdə keçilməsinin önəmli olduğunu düsündüyünüz hansı mövzu var?
-Çox istərdim ki, etik qaydalar və cinsi tərbiyə mövzuları dərslik kimi keçilsin. Cinsəl mövzular bizim cəmiyyətdə uşaqla danışıla bilinməyən mövzulardır. Bu mövzu məktəblərdə danışılsa, daha düzgün olardı və uşaqlar yanlış insanlardan, yanlış mənbələrdən nələrisə öyrənməzdi, ən azı öz bədənini tanıyardı. Öz bədənini öyrənmək, tanımaq çox vacibdir.
-Müjqan xanım, suallarımıza ətraflı cavab verdiyiniz üçün Sizə minnətdarıq.
-Növbəti mövzularda görüşmək ümidi ilə.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
QƏZƏLLƏR - “Bəlkə eşq dalğalı dərya idi çoşdurdu bizi”
“Ədəbiyyat və incəsənət” portal Qəzəl saatında bu gün sizlərə gənc qəzəlxan Nicat Məmmədovun qəzəllərini təqdim edir.
Bəlkə eşq dalğalı dərya idi çoşdurdu bizi,
Tufan ilə ayırıb eşqlə barışdırdı bizi.
Bu çətin yolda vəfa yoldaşı olduq ama ki,
Ayrılıb yollarımız sonda qırışdırdı bizi.
Tale ilə barışıb bəlkə də dost olmalıyıq,
Ayrı yollarda həyat tapdı kəsişdirdi bizi.
Atıb öz meydanına bilmədən axırda, gülüm,
Eşq özü dost elədi sonra döyüşürdü bizi
Nə qədər əhd elədik axıracan sadiq olaq,
Bu zamənə özü bilməm nə dəyişdirdi bizi.
Çılğın idik yaşam eşqilə alışdıq söndük
Sönmǝyǝ doğru gedən yolda alışdırdı bizi.
Xoş xəyallar quran andan nəbiləydik ki fələk
Qatıb öz çarxına gör bir nə qarışdırdı bizi.
Cırıb öz şəklimizi ayrı yönə tulladı əl
Yenə də hansı bəla tapdı yapışdırdı bizi.
Sənə çox söylədim aldanma gəlib dinlə məni,
Qulaq asdıqların əlbət ki, küsüşdürdü bizi.
Alıb eşq cənginə qartal kimi çırpdı qayaya,
Götürüb dimdiyinə diddi didişdirdi bizi.
Bir gül idik bu həyat bir kitab idi necə ki
Oxunub bitdi və bağlandı sıxışdırdı bizi
Nicat istərsə əgər aşiq olan məsləhət et
Neçə aşiqlər axı sordu-soruşdurdu bizi.
***
Mən bu günahlar ilə yarın itirən naçaram
İstəmirəm pis iş edim bəzən olur, vadaram
Mən sənə vurğun biriyəm kamil həyat istərəm
Mənə sənə məftun biriyəm zərrənəcən oxşaram
Mən ya kor olmuş biriyəm imanım itmiş yada
Sən axı aşkarsan özün söyləmisən aşkaram
Hər dəfə hüzrundan üzüm çevrilərək getmişəm
Sən o qədər yaxşı olursan bu qədər nankoram
Qorxmuşam axırda yaxamdan tutacaq bir günü
Qorxma Nicat addımı at söyləmisən Mən varam
“Ədəbiyyat və incəsənət”
(05.09.2023)
Avqust ayında ən çox satılan kitabların adları açıqlanıb
Ölkənin kitab bazarında möhkəm yer tutmuş TEAS press yayın evi ötən avqust ayında yerli və xarici müəlliflərin ən çox satılan kitablarının adlarını açıqlamışdır.
“Ədəbiyyat və incəsənət” ilk beşlikləri təqdim edir.
ƏN ÇOX SATILAN YERLİ MÜƏLLİFLƏRİN KİTABLARI:
1.Elxan Elatlı, “Dilənçi qadının sirri”
2.Varis, “Uzaqdan gələn yağış”
3.Əkbər Kərimov, “Fitnes nədir”
4.Çingiz Abdullayev, “Oliqarxın vəsiyyətnaməsi”
5.Aysel Şıxlı, “Qanadsız mələk”
ƏN ÇOX SATILAN XARİCİ MÜƏLLİFLƏRİN KİTABLARI:
1.Daniel Kaneman, “Cəld və yavaş düşünmək”
2.Cek London, “Martin İden”
3.”Menecerin əl kitabı”
4.Corc Oruel, “1984”
5.Mayn Rid, “Başsız atlı”.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə oktyabrın 2-dən 8-dək Bakıda ilk dəfə "Baku Cinema Breeze" adlı böyük kinofestival keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, "Baku Cinema Breeze" bu günə qədər ayrı-ayrılıqda təşkil edilən Doku Baku sənədli film festivalı, BİFF Bakı Beynəlxalq Film Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı və ANIMAFILM Beynəlxalq Animasiya Festivalı kimi tanınan genişmiqyaslı layihələri bir araya gətirməklə dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayacaq.
Festival çərçivəsində kino sənayesindəki imkanlarını nümayiş etdirən Orta Şərq və Mərkəzi Asiya miqyaslı yeni kino sənayesi bazarı “OMA” kinomarketi təşkil olunacaq.
Tədbirdə iştirakçılar bir-birləri ilə əlaqələr qurmaq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək imkanı əldə edəcəklər ki, bu da regionda kino sənayesinin inkişafı üçün mühüm addım olacaq.
“Baku Cinema Breeze” festivalı əlavə olaraq ABŞ, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino sənayesi nümayəndələrini, həmçinin dünya kinematoqrafiyasının tanınmış simalarını Azərbaycanda bir məkana toplayacaq.
Festival müddətində şəhərin müxtəlif kinoteatrlarında və məkanlarında paytaxt sakinləri, şəhərimizin qonaqları və ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.
Audiovizual sənayenin inkişafına istiqamətlənən bu tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçiriləcək.
"Baku Cinema Breeze" layihəsi bu payız Bakının mədəni həyatında əsas hadisə olmağı və təkcə kino mütəxəssislərinin diqqətini deyil, həm də sənətsevərlərin marağını cəlb etməyi hədəfləyir.
, www.bakucinemabreeze.az saytına daxil olaraq festival barədə daha ətraflı məlumat əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)
Şəhidlər barədə şeirlər - Osman Cəfər
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Osman Cəfər
Osman Cəfər 1998-ci il iyunun 17-də İmişli rayonunun Otuziki kəndində anadan olub. 2005-2016-cı illərdə İmişli şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil alıb. Subay idi.
Osman Cəfər 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Osman Cəfər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Osman Cəfər noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. İmişli rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Cəfər ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Cəfər ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Cəfər ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Cəfər ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Cəfər ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Tarix boyu bu xalqın,
Başı bəlalar çəkib.
Yurdumuza düşmənlər,
Zaman-zaman göz dikib.
Min dəfə yara alıb,
Min dəfə sağalmışıq.
Əsrlərdir ilk dəfə,
Geri torpaq almışıq.
Bunu edən sizsiniz,
Azərbaycan əsgəri.
Yurdumuza gətirdiz,
Bu tarixi zəfəri.
Osman kimi igidlər,
Vətənə səs verdilər.
Savaş meydanlarında,
Düşmənə dərs verdilər.
Hamıya qismət deyil,
Vətənə qurban olmaq.
Əbədi tarix olub,
Yenidən ruh, can olmaq.
Əbədi yaşayırsan,
Zəfər tariximizdə.
Ruhun baş üstündədir,
Adın ürəyimizdə.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Yunus Oğuz, “Cığır”
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
YUNUS OĞUZ
CIĞIR
(tarixi romandan bir parça)
Müharibə isə davam edirdi.
...Neçə gündür gözünə yuxu getmirdi. Ermənilər elə bil Murovdağda onların koordinatlarını əzbər bilir, başlarını qaldıran kimi atəşə tutur, mərmilər atırdılar. Murov zirvəsində onların tutduğu mövqe çox vacib idi. Buradan Kəlbəcərə yol açılırdı. İndi bu yüksəklikdə ilişib qalmışdılar. Buludlar yol göstərənləri, daş-qayalar səngərləri olmuşdu. Başqa yerlərdən, hətta uzaqdakı qaya arxasından da hücuma keçmək istəyəndə də üstlərinə mərmilər yağırdı.
Ara bir qədər sakitləşəndə, o, qayanın dibində oturdu. Buranı nə külək tuturdu, nə güllə. Elə o dəqiqə də göz qapaqları örtüldü. Hardasa general Polad Həşimovun qəbri göründü. General həmişəki kimi gülümsəyirdi. Onun məzarının yanında üstü qara mərmərdən hörülmüş bir qəbir də vardı, amma üstündə şəhid olanın nə adı vardı, nə də şəkli. Öz-özünə sual verdi: “Bu kimin qəbridir?” Cavab tapa bilmir, gözlərini də ünvansız mərmərdən çəkə bilmirdi. Bu zaman Poladın şəkli danışmağa başladı:
-Bu qəbrin sahibinin kimliyini bilmək istəyirsən? - Onu təəccüb bürüdü. Şəkil dil açıb danışa bilərmi, bu olası iş deyil? - Əsgər, hələ tezdir.
İstər-istəməz dodaqlarının arasından sual çıxdı:
-Nə hələ tezdir, generalım?
General yenə gülərüzlə cavab verdi:
-Bu qəbrin sahibinin kim olduğunu bilmək tezdir.
-Niyə?
-Onu özün lap yaxında biləcəksən. Bilirəm Vətən müharibəsi başlayıb. Qarabağ işğaldan azad edilir. Torpaq uğrunda şəhid olanlardan birinin yeri ola bilər, bu qəbir. Ayaqyalın qaçqın düşən körpələr, bu gün Qarabağa tank üstündə, əsgər çəkmələrilə qayıdır...
Cəbrayıl güllə səsinə gözlərini açdı, ancaq generalın gülümsər sifəti gəlib durmuşdu qarşısında, çəkilib getmirdi. “Bu nə sirri-xudadır?”-öz-özünə sual verdi.
O da qaçqın idi, əslən Zəngilandan idilər, ancaq özü Sumqayıtın Corat qəsəbəsində doğulmuşdu.
Birdən elə bil beynində şimşək çaxdı.
- “Dur, dayan! -Ürəyində danışmağa başladı. - General necə dedi? Torpaq uğrunda şəhid olanlardan birinin yeri ola bilər, bu qəbir. Dayan, dayan! O qəbir niyə mənim olmasın, niyə mən şəhid olmayım?”
Ürəyinə elə bil təpər gəldi. Qərarını qəti vermək istəyəndə anasının haradansa səsini eşitdi:
-Cəbrayıl, oğlum!!!
O, istəyini qətiləşdirmişdi. İstəmədən ağzından çıxdı:
-Vətənə canım fəda olsun, məndən nigaran qalmayın!
Xüsusi təyinatlıların yüngül silahları karına gələ bilərdi. Süngü, kiçik avtomat, tapança, əl qumbaraları qəfil hücum üçün ən yaxşı vasitələr idi.
O, dostu Amili əl işarəsilə yanına çağırdı. Amil çox çətinliklə onun yanına gələ bildi. Qaya təbii səngər olduğundan Cəbrayıl uzaqdakı keçidi göstərib dedi:
-Amil, o keçidi görürsən?
Əsgər əlini qaşlarının üstünə aparıb cavab verdi:
-Hə, görürəm, nə olsun?
Cəbrayıl söhbəti uzaqdan başladı.
-Bax, qardaşım! Burada yüz əlli əsgərimiz şəhid olub. Daha heç kimin ölməsini istəmirəm. Mən o dar keçiddən düşmənin arxasına keçəcəm. Onların atəş nöqtəsini susdurmaq lazımdır və mən bunu edəcəm.
Amil:
-Bəlkə bölməni də götürəsən, - deyə soruşdu.
O, qəti etiraz etdi:
-Yox, olmaz! Əgər ermənilər buradan kiminsə atəş açmadığını görsələr, şübhələnəcəklər. Odur ki, siz burada qalın. Bir saatdan sonra atəş səsləri eşitməsəniz, bilin axırlarına çıxmışam. Hə, di gəl vidalaşaq.
Onlar qucaqlaşdılar, ancaq heç birinin ağlına gəlmirdi ki, bu, vida görüşüdür; bu, son qucaqlaşmadır. Onu sonuncu qucaqlayan isə cənazəsinə bürünəcək üç rəngli bayraq olacaq.
O, çığırla dar keçidə doğru irəlilədi. Bir saatdan sonra düşmənin atəş nöqtələrini susdurmaq, iri çaplı silahları zərərsizləşdirmək lazım idi. “F-5” iki əl qumbarasını hazır vəziyyətə gətirib bir az da yaxınlaşdı. Sonra qumbaraları növbə ilə, birini iki minamyot, birini də iki top duran tərəfə atdı. Qəfil partlayışdan ölən öldü, dağılan dağıldı. Sağ qalanlar isə həyəcanla qışqırdılar:
-Türklər gəldi, türklər gəldi!
Ermənilər hara gəldi güllə atmağa başladılar, amma hədəf kimi heç kimi görə bilmədilər. Güllələr daşa, qayaya dəyib vıyıltı səsləri çıxardırdılar. Və birdən sükut yarandı. Cəbrayıl bundan istifadə edib iki güllə darağını onların üstünə boşaltdı. Daha sonra tapançasını çıxardıb sağ olanların axırına çıxmaq istədi. Amma deyəsən düşmənin sayı çox idi. Onların da gülləsi qurtarmışdı. Qorxularından hara gəldi atıb sərf etmişdilər. Süngüsünü çıxardıb “Ya Allah!” hayqıraraq ermənilərin içinə atıldı. Elə bil dinc vaxtı sakit gəzən, özünə iş axtaran gənc bu deyildi. Ayaqları, qolları, xüsusən də süngünü tutduğu əli avtomat kimi işləyirdi. Düşməni ot kimi biçirdi. Bir də baxdı ki, istehkamın içindədir. Qarşısında iki zabit dayanıb. Deyəsən, yüksək çinli zabitlərə oxşayırdılar, amma gözləri qan çanağına dönmüş Cəbrayıl üçün fərq etməzdi. Zabitlərdən biri əlini qoburuna atıb tapançasını çıxartmaq istədi. Doğrusu, onun əliyalın görünməsi hər iki zabiti təəccübləndirdi. “Bu qədər əsgərin içindən o, necə sıyrılıb bura gəlib?” Cəbrayıl bu sualı hər ikisinin üzündən oxudu. Sərrast bıcaq atışı ilə bir zabiti elə əlini tapança qoburunun üstündə saxladı. Bıçaq düz ürəyinə girmişdi. İndi o, lap əliyalın idi. Qolunu qaldırıb o biri zabitə şapalaq vurdu. Zabit yıxılan kimi onun üstünə tullanaraq iki əlini kəlbətin kimi boğazına yapışdırdı. Çox çəkmədi zabitin ayaqlarının titrəməsi də kəsdi. Ayağa durmaq istəyəndə arxadan güllə açıldı. Cəbrayıl dönüb güllə atana baxdı. Yaralı düşmən əsgəri idi. Sən demə onlardan biri yaralı halda bura gəlib çıxa bilmişdi. Cəbrayılın köksündən dəyən güllə onu yerə çökdürdü, amma son anda hayqıra bildi.
-Ehey... generalım, gəlirəm!
Amilgilin bölməsi düşmən mövqeyinə girəndə artıq orada heç kim qalmamışdı. Hər yer erməni cəsədlərilə dolu idi. Sonradan bilinəcəkdi ki, Cəbrayıl Dövlətzadənin bıçaqla öldürdüyü zabit polkovnik, əlilə boğduğu isə general imiş...
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 10.Mütaliə növləri;11.Mütaliə mədəniyyətinin tərkibi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
10.
MÜTALİƏ NÖVLƏRİ
Mütaliənin dörd əsas növü var.
-Axtarış
-Tanışlıq
-Öyrədici
-Nəzəryetirici
Bu növlərin hər biri barədə digər bölmələrdə sizlərə məlumat verəcəyik.
11.
MÜTALİƏ MƏDƏNİYYƏTİNƏ NƏ DAXİLDİR?
Təbii ki, qarşımızda dayanan ilk sual budur: Oxucunun mütaliə mədəniyyətinə nə daxildir? Ümumiləşdirilmiş bir cavab verməyə çalışsaq, onda cavabımız belə olacaq: Mütaliə mədəniyyəti anlayışı özlüyündə mütaliənin mövzu etibarı ilə hərtərəfl, geniş və məqsədəyönəldilmiş olmasını, kitaba həm ictimai-siyasi hadisələrlə, həm peşə seçmək, karyera qurmaq məsələləri ilə, həm də mənəvi təlabatı ödəmək məqsədiylə müraciət etməyi, əsərin ideya və məzmununu ayırd edə bilmək bacarığını, kitablardan səciyyəvi cəhətləri seçməyi, oxucunun mütaliədən aldığı biliyi sistemləşdirib təcrübi işdə tətbiq etməsini ehtiva edir.
Oxucuların mütaliə mədəniyyətinə yiyələnməsi üçün onlarla aparılan işin əsasını aşağıdakı məsələlər təşkil etməlidir:
1.Kitaba bir bilik mənbəyi kimi həmişə önəm vermək;
2.Mətbu əsərlə işləmək vərdişi, şüurlu və diqqətli mütaliə etmək hissi tərbiyə etmək;
3.Nitq mədəniyyətini tərbiyə etmək üçün bədii sözün həyat həqiqətlərini əks etdirən vasitə olduğunu dərk etmək.
Növbəti:12. Mütaliə mədəniyyətinin ünsürləri
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Azərbaycan filmi Antalya Beynəlxalq Film Festivalında müsabiqə proqramına daxil edilib
Azərbaycanın Əməkdar incəsənət xadimi Elçin Musaoğlunun “Məryəm” bədii filmi bu il oktyabrın 5-dən 15-dək Antalyada keçiriləcək “Altın Portakal” Beynəlxalq Film Festivalının müsabiqə proqramında təqdim olunacaq.
Bu barədə AzərTAC nüfuzlu festivalının rəsmi saytına istinadla xəbər verir.
Film uzun illər vəfat etmiş hesab etdiyi atası ilə görüşmək məqsədilə Azərbaycana gələn qızın təsirli hekayəsindən bəhs edir. Qəhrəman həyatını kökündən dəyişdirən və həmin ana qədər bildiyi hər şeyi yenidən düşünməyə vadar edən bir həqiqətlə qarşılaşır.
Filmin istehsalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasının, Türkiyənin TRT telekanalının və “Sinema evi” studiyasının birgə əməkdaşlığı ilə həyata keçirilib.
Türkiyənin ən əhəmiyyətli və ən böyük film festivallarından biri olan “Altın Portakal” festivalı dünyanın hər yerindən kino sənətinin ən yaxşı əsərlərinə diqqət çəkir. “Məryəm” filminin bu festivalda iştirakı Azərbaycan kinosunun beynəlxalq aləmdə tanınmasını vurğulayır və ölkələr arasında mədəni mübadiləni təşviq edir.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Sumqayıtın məşhur incəsənət xadimlərindən kimləri tanıyırsınız?
Malik Məmmədov, “Ədəbiyyat və incəsənət”
Noyabrda 75 illiyini qeyd edəcək Sumqayıt əhali sayına görə Bakıdan sonra Azərbaycanın ən böyük ikinci şəhəridir. Burada yarım milyona yaxın əhali yaşayır. Gənclik şəhəri kimi tanınan Sumqayıtdan bir çox tanınmış, məşhur simalar da çıxıb. Onların arasında bir çox incəsənət xadimləri də var.
Azərbaycanın Xalq artisti, tetarımızın və kinomuzun parlaq siması Sabir Məmmədov Sumqayıt sakinidir.
Əməkdar artist, sevilən müğənni Ədalət Şükürov Sumqayıt şəhərində anadan olub.
1-ci məhəllədə, yaşadığı mənzildə məşhur “Ay qız keçmə bizim məhlədən” mahnısına qranit lövhə də qoyulub.
Müğənni, muğamın gözəl ifaçısı Mənzurə Musayeva da şəhərimizdə yaşayan tanınmışlardandır.
Əməkdar artist Nüşabə Ələsgərli də Sumqayıt sakinidir, Sumqayıt Musiqi Kollecinin yetirməsidir.
Populyar müğənni Damla Sumqayıtda yaşayır. Elə məktəbi də orada bitirib. İşləri ilə bağlı Bakıda köçmək istəsə də fikrindən daşınıb.
“Maestro” ləqəbi ilə tanınan, virtuoz ifaçı, skripkaçı Ceyhun da illərdir Sumqayıtdadır.
Əməkdar artist, "Bu şəhərdə"nin qəhrəmanı Coşqun Rəhimov da bu şəhərin yetirməsidir.
Əməkdar artist, qocaman xanəndə Təhmiraz Şirinov illərdir Sumqayıtın musiqi dünyasının əsas simasıdır.
Əməkdar artist Ruhəngiz Musəvi də Sumqayıt şəhərinin yetişdirdməsidir.
"Davay, do svidaniya" adlı meyxanaları ilə məşhurlaşan meyxanaçı qardaşlar İntiqam və Ehtiram da Sumqayıtın yetirmələridir.
Əməkdar artist Dilarə Əliyeva da Sumqayıtda böyüyüb-başa çatıb, Bakıya gəlin gedib.
Məşhur meyxanaçı Namiq Məna da Sumqayıt sakinidir.
Müğənni Sevda Kazımova da sumqayıtlıdır.
Və hətta ekstravaqant müğənni, həmişə adı ən müxtəlif qəribəliklərlə qoşa çəkilən Elza Seyidcahan da Sumqayıt yetirməsidir.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
.
Onun acı taleyi... - BU GÜN SƏYAVUŞ ASLANIN DOĞUM GÜNÜDÜR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yaxın gəlin dostlar, bu dəfə sizə nağıl danışmaq istəyirəm. Elə bir nağıl ki, sizə Səyavuş Aslanı xatırladacaq, yadınıza o düşəcək, amma göydən alma düşməyəcək…
Hə, nağıllar necə başlayırdı? “Biri var idi, biri yox”-la. Bəli, bu dünyada Səyavuş Aslan adında bir aktyor var idi.
Deyirdi ki;- “Mən teatr aləminin ən xoşbəxt aktyoru olmuşam. Gülüş ustası Lütfəli Abdullayevi həmişə özümə müəllim bilmişəm. Doğrudur, o, mənə heç zaman dərs keçməyib, amma mənəvi ustadım olub. Bu yaşıma kimi çox sayda rol oynamışam. Artıq qocaldığımı etiraf edirəm. Bu yaşdan sonra özümə ancaq cansağlığı arzulayıram. Amma görürəm ki, Türkiyəlilər qocaman sənət adamlarının sənətlərini də yüksək qiymətləndirir, onlara müəyyən rollar verirlər. Bizdə isə aktyoru çərlədib yorğan-döşəyə salırlar.”
Bir az müdrik, bir az çılğın, bir az da əhlikeyf idi. Onun teatr və kino sənətimizin ayaqda qalmasında xidmətləri, tamaşa və bədii filmlərə verdiyi öz töhfələri olub. Yaratdığı obrazlarla diqqət mərkəzində olan unudulmaz sənətkar dövrünün eybəcərliklərini ustalıqla ifşa edərək, tamaşaçının yaddaşına həkk etdirə bilib...
Bir vaxtlar onunla eyni kollektivdə çalışan Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov deyirdi: “Səyavuş Aslanla münasibətlərimiz çox gözəl olub, mən onu kifayət qədər çox istəyirəm. Səyavuş müəllim çox yaxın adamım olub. Sadəcə olaraq, son bir-iki ildə aramızda anlaşılmazlıq oldu. Mən həmişə onun nazı ilə oynamışam. Gördüm ki, onun nazı ilə həddindən artıq çox oynamağım artıq digər aktyorlara pis təsir edir. O da bundan çox ərköyünlük edir. Məcbur olub, Səyavuş Aslanı “Arılar arasında” tamaşasından çıxartdım. Bildiyimə görə, ondan sonra kifayət qədər çıxıb mənim haqqımda danışdı. Bu, onun öz fikirləridir. Səyavuş Aslan Azərbaycan teatrının çox mötəbər aktyorlarından biridir, amma daha böyük aktyor ola bilərdi...”
Səyavuş Aslan insan kimi kəskin təzadlı xarakterə malik olub. O, özü qədər sevdiyi qadın üçün göz yaşları tökməyi də, onu dəlixanaya saldırmağı da bacarırdı. Hətta bəzi brend mağazalardan bir kostyum istəməkdən belə utanmırdı, həm də cəsarət göstərib ölkə rəhbərindən özü üçün deyil, gənc aktyorlar üçün təqaüd xahiş edə də bilirdi. Şan-şöhrət, uğur, ailə xoşbəxtliyi eyni vaxtda gəldiyi kimi, bir-bir əldən çıxa da bilərmiş. Və bir gün Səyavuş Aslanın da başına bu olaylar gəldi. O, heç bir qadının fitnəsinə uymazdı, Ofeliya Aslan onun üçün bütün başqa qadınlardan üstün idi. Amma onun şöhrətinə heyran olan qadınlar vardı ki, ona rahatlıq vermirdilər. Bəlkə də onun xoşbəxtliyinə elə haqqında yayılan şayiələr son qoydu. Bu şayiələrdən usanan həyat yoldaşında psixoloji problemlər baş qaldırdı. Elədir, o da ailəsini sevirdi, amma qayğı göstərmək, bu sevgini onlara yaşatmağı bacarmırdı...
Bəli, biri var idi, biri yox. Bu dünyada Səyavuş Aslan adında bir aktyor var idi. Taleyinə yazılan ömrü son saniyəsinədək yaşayıb sonda Bərzəxə köçdü. Bu dünyada çox mükafatlar almışdı- Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Sinəsini "Şöhrət" və "Şərəf" ordenləri bəzəyirdi. Amma Allahın ona o dünyada mükafatı olacaqmı, deyə bilmərəm. Köməçkçisi olan Sədaqət xanım aktyorun ömrünün finalını bir vaxtlar belə təsvir edirdi: “İnanın, 5 aydan çoxdur ki, xalqın sevimli sənətkarı olan Siyavuş Aslanın evində çalışıram. Otaqları yığıram, yeməyini hazırlayıram, yorğan-döşəyini, paltarlarını yuyuram, iynələrini vururam, dava-dərmanlarını verirəm. Lakin bu müddət ərzində bircə dəfə də görmədim ki, hər hansı bir aktyor zəng vurub və ya gəlib Siyavuş müəllimin səhhəti ilə maraqlansın. Sənətkara qarşı bu qədər biganəlik olmaz axı. Xəstənin gözləri həmişə qapıda olur. Mən bilirəm ki, o bu saat diqqət istəyir. Adam görəndə çox sevinir. Bütün günü evdə qalır, darıxır. Heç kəs nə zəng vurub halını soruşur, nə də əllərində 1 kilo alma tutub qapısını açıb onu yoluxmağa gəlir. Heç nə lazım deyil, elə maraqlanmaqları Siyavuş müəllim üçün böyük şeydir.
Oğlu Çingiz Siyavuş müəllimə demişdi ki, yanına jurnalist gələcək, səninlə bağlı yazı hazırlayacaq. Tez ayağa qalxıb oğluna dedi ki, üzümü taraş elə. Mənə də dedi ki, saçımı dara. O, xəstə anında da insanların gözünə xəstə kimi görünmək istəmir. İstəmir ki, kiminsə ona yazığı gəlsin. Çox vaxt isə xəstəliyini tamam unudur. Elə bilir, əvvəlki kimi, yenidən teatra üz tutacaq, inanın, teatr üçün çox darıxır. Əyləşib televizor qarşısında tamaşalara baxmaq istəyir”.
Yaşasaydı bu gün - sentyabrın 5-də 89 yaşını qeyd edəcəkdi. Ruhu şad olsun!
…Gözləməyinə dəyməz, axı demişdim ki, göydən alma düşməyəcək...
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)